Bu gün dünyanın baxışı ABD başqanı Trampla Ukraynanın dövlət başçısı Zelenskinin davranışlarına, münasibətlərinə yönəlib.Ancaq bütün görüntülər, araşdırmalar, dəyərləndirmələr, məncə, ikinci dərəcəli məsələlərə bağlıdır. Elə görsənir ki, Tramp Ukraynanın sərvətlərinə, minerallarına əl qoymaq istəyir. Eyni halda, o özünü savaş durdurucusu, qurtuluşçu kimi tarixə keçirməyə çalışır. Bir başqa versiya isə onun öncələrdən Rusiyanın kadrı olması ilə bağlı vurğulanır. Bu, ya buna bənzər dəyərləndirmələr çoxdur, bundan sonra da olacaqdır. Ancaq ABD dünyanın super gücü sayılır axı. Həm də o tək super güc deyil. Yanında Böyük Britaniya, İsrail cütlüyü də var. Əgər ABD-nin durumu indiki kimi üzdə görünən məsələlərlə dəyərləndirilsəydi, o, super güc olmasını qoruyub saxlaya bilərdimi?! – Məncə yox. Super güclər üzdə başqa oyunlar qururlar ki, dərin qatlardakı niyyətləri görünməsin.
Tarix araşdırılsa bəlli olar, son yüzillərdə heç bir dövlətin siyasi məqsədi, hədəfi dəyişməyib (Böyük Britaniya, ABD, Rusiya, Fransa, Almaniya…). Tək hədəfi, məqsədi dəyişənlər (dəyişdirilənlər) Türkiyə ilə Azərbaycan olub. Gürcü, (yüz ildi yaradılan) erməni dövləti kimi balaca dövlətlərin belə, durumları dəyişsə də, hədəfləri dəyişməyib. Türkiyə ilə Azərbaycanın hədəflərinin dəyişməsini iki anlamda dəyərləndirmək olar: Birinci, Atatürkün, M.Ə. Rəsulzadənin çağında İnsanlıq, hüzur, barış istəməkdən dolayı hədəflərin dəyişməsi (əslində gəlişməsi), ikinci, türk kimliyini yox etmək üçün onun dövlətinin başına hədəfləri olmayanların, ya da başqalarının hədəflərinə qulluq edənlərin dövlət başına gətirilmələri…
Hər kəsə bəllidir, yeni dünya düzəni formalaşdırırlar. Bu düzəndə hər kəs yerini, çəkisini yaratmağa çalışır. Super güclər isə hər kəsin yerini onların istədikləri kimi deyil, özləri istədikləri kimi bəlirləmək planlarını işlədirlər. Qarşıda isə onların planlarını pozmağa çalışan, daha doğrusu, öz planlarını da paralel həyata keçirmək istəyən güclər də var, – Avropa Birliyi, Çin, Rusiya, İran, Türkiyə kimi. Elə buna görə də, Trampın davranışlarına sadəcə bir şıltaqlıq, biznesmen hərisliyi kimi yanaşılarsa, olaylara yetkin qiymət vermək özünü doğrultmaz. Dediyimiz kimi, ABD super güc sayılır. Bu dövlətin illərlə işlənib ortaya gətirilmiş strateji planları var. Bu planların doğru uyğulanmasına nəzarət edən prezident adminstrasiyası, təhlükəsizlik qurumları, aşağı-yuxarı palatalı senatı, konqresi var. Bu dövlət, planının hansı maddələrini gerçəkləşdirmək istəyirsə, bu istəyinə uyğun xarakterləri hakimiyyətə gətirir. Bayden, ABD-nin çıxarlarına uyğun olaraq, savaşı başladı. ABD xilaskarlıq görüntüsünü itirməməli, Trampın timsalında savaşı durduran funksiyasını ortaya qoymalıdır. Üstəlik maddi itkilərinin yerini doldurmaq üçün gələcək qarant oluşdurmalıdır. Bunlar işin bir cəhətidir.
ABD bir çox addımlarını Avropa Birliyi ilə uzlaşdırılmış şəkildə atsa da, Avropa ilə çıxarlarının toqquşduğu siyasi çalarlar da az deyil. Bu toqquşmalarda öz üstünlüyünü qorumaq üçün Avropa Birliyinə hədələyici mesajlar ötürməyə çalışır. Bu hədələrdən biri Rusiya faktorudur. ABD Ukraynanın Rusiyanı öz torpaqlarından axıra qədər qovmasını istəmir. Bu savaşda Ukrayna tam qalib olarsa Avropanın əli güclənər, bir sıra Avropa dövlətləri öz çıxarlarını ABD-nin çıxarları qarşısında küçümsəməz. Beləliklə, ABD-nin Avropaya etki olanaqları azalar. Ona görə ABD Avropanı Rusiya qorxusu qarşısında özündən asılı durumda saxlamağa çalışır. Bəlli ki, Rusiya Ukraynanı işğal eləsə, Avropanın sınırlərı üçün qorxunc bir aşama başlayar. Ona görə də ABD Avropanı Rusiya ilə, Rusiyanı Avropa ilə üz-üzə saxlayıb özü üçün siyasi balans yaratmağa çalışır. Yoxsa, “Zelenski niyə kostyum geyinmir, Ukrayna ABD-nin yardımları qarşısında onu öz sərvətlərinin içinə buraxmalıdır” kimi məsələlər ikinci dərəcəli görsənişlərdir.
Dünyaya daim yeni gündəm yaradırlar, bu gündəmi hələ ki, Orta Doğuda gedən proseslərlə, bir də Rusiya-Ukrayna savaşı ilə körükləyirlər. Bəllidir ki, Orta Doğuda gedən proseslər, başlıca olaraq, İsrailin genişlənməsi planlarına qulluq edir. Rusiya-Ukrayna savaşının əsas planını da yuxarıda vurğuladıq. Proseslər bir yerə qədər sürəndə yeni dəyişiklik əmələ gəlməlidir. Dəyişiklik əmələ gələndə, onu (prosesləri) yönətənlər, dünyanın baxışını ikinci prosesin üstünə çəkirlər. Beləcə, nələrin baş verdiyi, hər yöndən, anındaca anlaşılmasın deyə, gündəmə oyunlar seriyası axıdırlar. Bir prosesin mahiyyətini o birisinin hesabına gizləməklə addım-addım qabağa gedirlər. Bölgə dövlətləri də iş-işdən keçəndə ayılıb çığır-bağır salırlar. Ancaq çox şeylərin qarşısını almaq artıq gec olur.
Ya da özlərini ayılan göstərib iç siyasətə yönəlik çığır-bağır salmaqla uğraşırlar. Beləcə, bölgə toplumları ölkələrinin başında duranların satqınlığı üzündən dincliyini, hüzurunu itirib faciəli durma düşürlər…
2 Günəş Ayı, 47-ci il. Atakənd.