Xəbərlər

Soylu Atalı. Xatirələrin İşığında

Amaldaşım Nurtəkinin tikinti sorunu ilə bağlı, bu işə sorumlu olan, rayon yönətisinə getmişdim. Bir orta oxul yoldaşım zəng elədi, 1983-cü il “Buraxılışı”nın 35 illiyi ilə bağlı toplantıya çağırırdı. Həyəcanlı bir sevinc bürüdü içimi – 35 il ayrılıqdan sonra oxul yoldaşları ilə bir araya gəlmək hansı duyğuları yaşadacaq mənə?! Doğrusu, onların bəziləri ilə nə vaxtsa, haralardasa qarşılaşmışam, ancaq heç biri ilə üz-üzə oturub duyğularımızı bölüşməmiş, bir-birinin ürək dünyasına qonaq olmamışıq. Onların çoxu çağaşırı bir-biri ilə görüşür, bəlkə də bir-birilərinin yaşam işlərinə yarayırlar da. Mənim taleyim fərqli oldu, özüm üçün yaşamadım, Vətən övladı olmağa çalışdım. Ağlım, düşüncəm – milli kimliyin qorunması, milli dəyərlərin yaşadılması yükü ilə doldu. Özümlə oldum, içimi öyrənməyə, arındırmağa, qurmağa ayırdım ömrümü. Azərbaycanı qarış-qarış gəzdim, ağrılarını ürəyimə yığdım, “Ağrı Yolu”na düşdüm. Bu yolda ədaləti tanıdım, xeyirxahlığı öyrəndim, özündənkeçmənin qutsallığını dərk elədim. Dostum, yaxınım, qohumum Azərbaycan oldu. Hər kəs Azərbaycanı mənə qısqandı, ancaq heç kəsi mən Azərbaycana qısqanmadım. İnsanlar da, ailə də, qohum-qardaş da, mənim üçün, Vətənə, millətə bağlı olduğu dərəcədə var. Mən Yurduma, onun insanlarına bir bütöv kimi baxıram. Bütövlükdən qopanla, qopa bilənlə ilgilənməyə inamımda, sevincimdə, sevgimdə tələb yox…

Axşam saat 7-yə işləmiş “Xan qızı” restoranının həyətinə girdim. Yoldaşların harada toplaşdığını, yaxınlaşıb birindən soruşdum. Öncə bu adamın özüylə tanış oldum. Çox dəyişilib, bizdən bir il qabaq qurtarıb oxulu. Tanışlıq verdi – Usuflu Hamlet bəy. Yanıma düşüb bizimkilərin oturduğu yeri göstərdi. Yaxınlaşdım. Bir-bir öpüşüb görüşdük. Bəzilərini güclə tanıdım, heç tanıya bilmədiyim də oldu. Hələ az idilər – 7-8 adam gəlmişdi. Baxışımı ilk çəkən Bayramov Şakirin şən davranışı oldu. Eynən oxul illərində gördüyüm kimi. Gülərüz, deyə-gülə zarafatlaşan. Asəf Ayvazov duzlu, məzəli zarafatlarıyla dil-boğaza qoymurdu. Yaqubov Hümbət – necə sakit, gülümsəyən baxışları vardısa, eləcə də qalıb. Güləhmədov Kamandar sakitcə oturub izləyir, aradabir söz (replika) atır, o da dəyişməyib. Göyüşov Ramiz sakit baxır, sakit danışır, qıraqdan sözünə qarışmalar olanda, susub yüngülcə gülümsəyirdi. Oturduğumuz yer onun yeri idi. Çox böyük xərc çəkmişdi. O, bunu umacaqsız eləmişdi. Onu da mən oxul illərində elə görmüşdüm – geniş ürəkli. Sonayev Teymur – gah ciddiləşir, gah susub eyhamla baxır, gah zarafatlaşırdı. Bədəlov Eldar dinmir, danışmır, sadəcə danışanları dinləyir, olanları izləyirdi. Çox az danışır, nəsə soruşanda qısa söz deyirdi. Çobanov Elxan – üzündə sevinc gülüşü, oturub olanları izləyir, arada söz deyirdi. Heç yerə tələsməyən etkisi bağışlayır, sanki elə oturduğu yerdə boya-başa çatıb. Məmmədov Fərman – gülümsəyir, danışır, öz aləmində, aradabir danışana qulaq asmaq üçün yanındakını sakitləşdirirdi. Acalov Vaqif – çox zarafatlar edir, aşırı ərkləri var. Deyəsən bu toplantını da o təşkil edib…

Bu yoldaşların, demək olar, xarakterləri dəyişməyib. Bu yaxşıdırmı, pisdirmi?! – Bunu açmaq istəmirəm. Ancaq görünən odur, sırf həyatla uğraşıblar, hər kəs sadəcə öz həyatını yaşayıb. İndi bir araya gəlmişik, süfrə başına toplaşmışıq. Bir-birinin ünvanına xoş sözlər, sağlıqlar deməkdən uzağa gedilmədi. 35 illik yaşam nə demək olub, hansı duyğular gəlişib, düşüncələr necə, nə yöndə dəyişib, dünyagörüşlər necə formalaşıb – bu, açılmadı, bilinmədi. Bəlkə yemək-içmək məclisinə deyil, söz məclisinə toplaşsaydıq, daha mənalı olardı. Hər halda, bu mənim diləklərimdir. Bu insanların həyata, dünyaya, Vətənə baxışları mənim üçün çox önəmlidir. Biz, illər sonra, bir-birimizi iç dünyamızla tanıya bilərik. Yaxınlığımız, uzaqlığımız da iç dünyamızın yönünə görə bəlli olar.

7 xanım-qızımız da bizimlə bir arada idilər. Doğrusu, onları güclə xatırlayırdım. Sakit, mərifətli oturuşları, baxışları vardı. Onlardan Acalova Kifayət adlı xanım məni heyrətləndirdi. “Buraxılış” ilində xatirə sözləri yazdırdığı önlüyü bu çağa kimi saxlayırmış. Çıxarıb bizə verdi, plamasterlə ürək sözlərimizi onun üstünə yazdırdı. Çox az bilinən xarakterdi.

Beləcə, 5 saatdan artıq bir arada olduq, 35 il öncə yaşantılarımızı sevincimizə, xatirələrimizə qaytardıq. Bu xatirələri mənə yaşatdıqları üçün hər birinə sayğılarımı sunuram.

 

26 İşıq Ayı, 40-cı il. Saray-S.

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir