Xəbərlər

Soylu Atalı. Yadlıqlara doğmalar

Ocaq Yükümlüsü Soylu AtalıYurdumuzda qaranlıq gündən-günə qatılaşır. Qaranlığın yarasaları çoxalır. İşığı görmək istəməyən, işığa kor baxan yarasalar həyata qaranlıqdan baxırlar. Özlərinin varlığını qaranlıq həyatda dərk edirlər…
Yadlığı bayraq edənlər, milli kimliyinə arxa çevirənlər, ruhunu, mənliyini buxovlayıb, canını, cəmdəyini azad edənlər qaranlığa soxulurlar, yarasalaşırlar…
Yenə də Babək, yenə də Atatürk gündəliyin qonusuna çevrilib. Yenə söyürlər, küçümsəyirlər, üfunət püskürürlər şəxsiyyətlərimizin ünvanına. Türkiyədə Atatürkə qarşı, Azərbaycanda Babəkə, M.Ə.Rəsulzadəyə qarşı böhtanların, aşağılamaların altında nələr yatır, arxasında kimlər durur?! Aydınca görünür ki, bu məsələdə Avropa anarxiyaçılığı ilə islam qafalıların istəkləri bir araya gəlir. Qıraq Qüvvələrin buyruğunda dayanıb dəyərlərimizi küçümsəyənlər milli şüuru­muzun dirçəlməsinin qarşısını kəsməyə çalışırlar. Təbii ki, qarşılığında da nələrsə əldə edirlər.

Türkiyədəki antitürk proses ilə Azərbaycandakı antitürk proses yürüdülmə yönünə görə üzdən fərqli görünə bilər. Ancaq nə olursa olsun hədəf birdir – Türklüyü sarsıtmaq.

Avropadan “dəyərlərə yenidən baxılması” ideyası gəldi. Bu ideyaya görə çağdaşlaşmaq və inkişaf edib qabağa getmək üçün toplumun şüurunda etkisi olan Keçmişi təftiş eləmək, ələşdirmək gərəkdir. Bu isə xalqın qədimliyindəki yüksək dəyərləri qırağa qoymaq anlamına gəlir. Bizimkilər də ağıllarını belə bir boz-bulanıq meydanda sınamağa yüyürürlər. Sonucda kəkilləri sığallanır, ciblərinə əl girir.

Hələ bu çağa kimi bir dəfə də görmədik ki, onlardan bir kimsə keçmişimizdə xalqın mənəvi özülü olmuş hansısa bir dəyəri araşdırıb ortaya çıxarsın və onu layiq olduğu bir sevgi ilə öyüb xalqına sunsun. Eləcə də, görmədik ki, uca dəyərlərimizi araşdırıb üzə çıxaran və xalqımıza sunmaq istəyən kimsəni Avropa təqdir eləsin. Çünki xalqı ələbaxanlığa öyrədib idarə etməyin ən yaxşı üsulunu tapıblar: milli özül sayılan dəyərləri silmək və xalqı zəminsiz qoymaq. Keçmişini, dəyələrini itirən, “çağdaşlaşdırılan” toplum dönüb bu gününə baxır və heç nə görmür. Gördüyü bir şey olur: dağınıqlıq, başıpozuqluq, dəyərsizlik, kimsəsizlik. Keçmişini, dəyərlərini itirənlər üçün Avropaya inteqrasiya qaçılmaz görünür. Bu inteqrasiyanın altında isə bir məzmun var – kürəsəlləşmə, yəni “vahid mədəniyyət”. “Vahid mədəniyyət” ideyası da millətləşməni sıradan çıxarmağa hesablanmış bir plandır. Bəllidir ki, millət olan yerdə onun özünəməxsus mədəniyyəti də olmalıdır. Deməli, mədəniyyət “vahidləşirsə”, millət də “vahidləşməlidir”, mədəniyyətsiz millət olmaz ki. İmperiyalaşmanın özül prinsiplərindən birincisi millətləşmənin qabağını almaqdır…

O sıradan yeni xanədanlıq (imperiya) başçılığı həvəsinə düşən Ərdoğan da Türkiyədə millətləşmə prosesini sıradan çıxarmağı qarşısına məqsəd qoyubdur. Burada ən pis cəhət ondan ibarətdir ki, başqa imperiyalar basqısı altına aldığı xalqlara qarşı öz xalqının üstünlüyünü (hegemonluğunu) yaratdığı halda, Ərdoğan Türkiyədə türkün üstünlüyünü əskiltməklə uğraşır. Cümhuriyyətin dayağı Türklük olduğu halda, imperiyanın dayağı islamlaşmadır. Deməli, imperiya başçısı olmaq üçün Türklüyün sahibini – Atatürkü vurmaq qarşıya məqsəd qoyulubdur. Hələ biz demirik ki, Ərdoğanın xanədanlıq arzusu nə dərəcədə baş tuta biləcək; yoxsa bir vaxtlar (Osmanlının son mərhələsində) Atatürkün qüdrəti qarşısında Türkiyəni parçalamaq şanslarını itirən Avropa güclərinə bu şansı yenidən qazandıracaqdır?! Bəlkə də həmin güclər Ərdoğanın “İslam xanədanlığı”na göz yumacaq ki, sonradan Türkiyəni parçalamaq üçün əsaslı səbəblər olsun?! İndi soruşmaq gərəkdir: Türkiyədə Atatürkü böhtanlatdırıb millətləşmənin qabağını almaqla Ərdoğan komandası kimlərin dəyirmanına su tökür?!

Bugünkü Rusiyanın SSRİ-çilik xülyası nədirsə, Ərdoğanın Osmanlıçılıq xülyası da odur. Hələ bu bir az da pis. Çünki yeri gəlsə, Avropa Rusiyanı tamam məhv olmaqdan qoruyar, ancaq Türkiyəni qorumaz.

Qayıdaq Azərbaycan məsələsinə. M.Ə.Rəsulzadəyə qarşı paxıllıq və qısqanclıqla bağlı bəs qədər yazmışıq, mövqe sərgiləmişik. Şəxsiyyəti, qurucunu inkar eləmək heç kimə baş ucalığı gətirmir, Azərbaycanın inkarçı iqtidarına da heç gətirməyəcək. M.Ə.Rəsulzadənin qurduğu Cümhuriyyət uzunömürlü olmasa da, onun Cümhuriyyətçilik örnəkləri tarixi fakta çevrilibdir. Bunu heç kim dana bilməz.

Cümhuriyyəti öz milli keyfiyyətləri ilə yaşamağa qoymayanlar bugünkü Azərbaycan Respublikasının yaşamasına dözürlərsə, bu da onu idarə edənlərin milli ruhun daşıyıcıları olmadığına görədir. Azərbaycanı qamarlayıb talayanlara toxunmurlar, onu qurub qoruyanları isə sıradan çıxarırlar. Buna örnək bu gün də var, keçmişdə də var. Babəkə qarşı ortaya atılan addımlar bir daha bunu sübut edir.

Sovetlər dağılandan sonra türk toplumlarının yaxınlaşması zəruri tələbə çevrildiyi kimi, Güney Azərbaycanın özgürlük məsələsi də qaçılmaz mübarizə xarakteri aldı. Bu mübarizənin çağdaş ideolojisi formalaşmasa da, insanların bir araya gəlməsi üçün Babək Qalası bir tapınağa çevrildi. Hər il minlərcə insan bu Qalaya yürüş edərək özlərində özgürlük ruhunu tərbiyə edir, Babəkdən əyilməzlik keyfiyyəti mənimsəyirlər. İranın Molla Rejimi isə Quzey Azərbaycandakı əlaltılarına Babəki böhtanlamaq, onun şəxsiyyətini ləkələmək, döyüşünün məzmununu təhrif eləmək göstərişi verib. Buyuruqla hərəkət edənlər içərisində təbii ki, başqa təriqətlərə, güclərə boyun əyənlər də az deyil. Hətta bu güclər bir-birinə qarşı olsalar da, Azərbaycana münasibətdə mövqeləri üst-üstə düşür. Bu gün bu niyyət geniş şəbəkəyə çevrilməkdədir. Toplumda Babək haqqında ziddiyyətli fikirlər yaratmağa çalışırlar. Babəki savunanlar da bəzən doğru olmayan arqumentlər sərgiləməklə xeyir yerinə ziyan verirlər. Məsələn, Babəkin şəxsiyyətinə, milliliyinə qarşı olanlardan biri, Fazil Mustafa, televiziya ekranından söyləyir ki, Babək türk deyil, özü də Məzdəkilik dünyagörüşündə ümumiləşdirmə ideyasının yanlısıdır (ailə məsələsini vurğu edir-S.A.). Babəki savunanlardan biri, Sabir Rüstəmxanlı da deyir ki, Babək İslam dünyagörüşünə qarşı döyüşməyib, ərəb işğalına qarşı döyüşüb. Ümumiyyətlə, bu fikri deyənlər çoxdur.

Başqa bir kəsim isə vurğulayır ki, Babək müsəlman-şiə təriqətinin daşıyıcısı olub, adının Həsən olması da buna sübutdur.

Biz də öz növbəmizdə bu deyilənlərin hər birini heç bir məsuliyyətə dayanmayan, araşdırılmayan, düşünülməyən mövqelər hesab edirik. Fazil Mustafa milli dəyələrə qarşı bu sayaq inkarçı mövqelər sərgiləyərkən “türk” sözünü çox işlədir. Ancaq bu “türk” sözünün altında nələr olduğunu, yaxud nələrin olmalı olduğunu sanki düşünmür. “Türk” sözünün anlamına islam dünyagörüşünü yerləşdirməklə millət anlayışından uzaqlaşdığının fərqinə varmır. Başa düşmək gərəkdir ki, islam dünyagörüşünə türk, türklük, millət anlayışları gərək deyil, ümmətçilik millətçiliyin ləğvi deməkdir. İkinci, əgər Babək “ümumiləşdirmə” ideyasının yanlısı idisə, necə oldu 23 il davamlı olaraq döyüşə bildi?! Başı-ayağı bilinməyən azman Xilafət ordusunu 6 dəfə darmadağın eləyən bir başçının, qəhrəmanın içi nə qədər təmiz olmalı, ideyası nə qədər güclü olmalıdır ki, bu qalibiyyətləri yetirə bilsin. Özü də nə ilə – qol ilə, qılınc ilə, nə top vardı, nə tüfəng vardı.

Babək İslama qarşı döyüşüb. Xilafət Babəkin üzərinə İslamın qara bayraqları altında, bir əlində qılınc, bir əlində “Quran”, dilində “lailahəilləllah” kəlməsi ilə gəlirdi. Babək müsəlman-zad deyildi. Necə müsəlman idi ki, özünün dini dünyagörüşü var idi Xürrəmdinlik adında. O Xürrəmdinlik ki, onun canı fərəhçilik idi: “İnsan gərək yaşayanda da fərəhlə yaşasın, döyüşəndə də fərəhlə döyüşsün, öləndə də fərəhlə ölsün” deyirdi. Buna görə də yenilmirdi. İçində Şirvin gəzdirirdi. Şirvin Qüdrət Allahının adı idi. Bu elə Babəkdən başlayan “Ənəlhəqq” ideyası – “mənəm, məndədir Allah”. Bu ideya Zərdüştün İşıqçılıq təlimindən gəlirdi. “Təmiz fikir, təmiz duyğu, təmiz əməl” ideyası insan qəlbinin arılığını və qüdrətini yaradır.

Babəkin adının Həsən olduğunu vurğulayanlar bilməlidirlər ki, o, doğulana qədər İslam dünyagörüşü Azərbaycanda oturmuşdu. Dözülməz həyat ortamı yaratmaqla etnik mahiyyətimizə müdaxilə etmiş, milli kimliyimizi alt-üst eləmişdi. Gələnəklərimiz də, adlarımız da ərəbləşdirilmişdi. Öncə deyək ki, dünyaya gələn uşaq özünə ad qoymur, ona adı ata-anası qoyur. Belə bir ortamda, ərəb şüurunun etkisi altına alınmış atalar, analar öz övladlarına Həsən, Hüseyn, Əli, Əhməd, Məhəmməd, Mustafa… adlarını qoyurdular, o çağlarda da, bu çağlarda da. Bunu deyənlər baxsınlar öz adlarına, görsünlər hansıların valideynləri onlara türk adı qoyubdur.

Televiziya verilişində aparıcı Həmid Herisçi Babəki faciəvi qəhrəman elan edir. Nəyə görə, çünki Babək haqqında fərqli fikirlər ortaya çıxıb, hamı onu birmənalı qəhrəman kimi qəbul eləmir. Burada o, guya barışdırıcı mövqe sərgiləyir. Bununla da qəhrəman adını minnətlə Babəkə “qaytarırlar”. Bu nə deməkdir, Babəkin minnətə, minnətçiyə nə ehtiyacı var? Kimlərsə öz şüurundan Babəkin qəhrəmanlığını, böyüklüyünü silə bilər, ancaq Babək haqqındakı həqiqət heç zaman dəyişməyəcək. O, Azərbaycanın ölçüyəgəlməz qürur qaynağıdır.

Siz də, ey Babək haqqında qara danışanlar! Babəkə Xilafət sarayında yazılan qaranlıq tarixlərdən baxmayın. Düşmən dəyirmanına su tökməyin. Milli mənliyinizi qorumaq imkanınız varsa, düşünün. Hərəniz özünüzdən bir millət obrazı quraşdırmayın…

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

16 Qar Ayı, 36-cı il. Atakənd.

(yanvar, 2015. Bakı.)

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir