Xəbərlər

Soylu Atalı. Yalanlarla qidalanan toplumun gələcəyi puçdur

Bəşəriyyət çox mürəkkəb bir dönəm yaşayır. Bu dönəmdə bütün gedişlər İnsanlığı qorxu altına alır. Bir yandan elmin, texnologiyaların gəlişməsi, bir yandan da dinə qayıdış anarxiyanı artırmaqdadır. Ancaq anarxiya elmin, texnologiyanın gəlişməsi ilə dinə qayıdışın təzadından yaranmır. Əslində yaşamamızda yürüyən bu iki gəlişmə(elm, texnologiya-din) heç bir-birinin yanlışlarına qarşı mübarizə aparmırlar da. Bu iki gəlişmə bir-biriylə döyüşməklə deyil, ayrı-ayrılıqda anarxiya yaradırlar. Yəni elm, texnologiya bir yandan anarxiya yaradır, din də bir yandan. Bu anarxiyalar nədə özünü göstərir?! Elm, texnologiya İnsanlıqdan qıraqda gəlişir. Yəni insana qulluq göstərmir, ağalığa yarayır, pulçuluğa gərək olur. İşçi qüvvəyə tələbat azalır. Əməkçinin qazanmalı olduğunu elmi, texnologiyanı mənimsəyənlər qazanır. Təbəqəçilik böyüyür, varlı-yoxsul təzadı genişlənir. Varlı təbəqə maddi sərvətləri əlində toplayır, yoxsul təbəqənin dolanışığı çətin duruma düşür. Bütün bunlar dövlətin qanunları ilə tənzimlənir. Yəni qanunlar sanki varlının varlanmasını qoruyur, yoxsulun yoxsullaşmasını. Bunun adını iqtisadiyyatın tənzimlənməsi qoyurlar, biznesin təşkili, iş adamlarının hüquqları. Bu anlayışlar haqq-ədalət anlayışı ilə çelişki əmələ gətirir. Düzdür, qanun iş adamına deyir, işlətdiyin əməkçiyə əmək haqqı ver. Ancaq bu əmək haqqı, işin qarşılığında o qədər azdır ki, bunun adına nə qanun demək, nə də ədalət demək mümkün deyil. Belə ortamda verilən əmək haqqı yoxsul təbəqənin sadəcə ölməməsinə bəs edir. Onun normal insan kimi yaşamasından isə söz gedə bilməz. Bu isə özbaşınalıq deməkdir. Beləliklə, bəlli bir kəsim qanuna dayanıb öz üstünlüklərini yaradır, əksikliyə uğrayan kəsim isə qanuna dayanıb özünü qoruya bilmir. Anarxiya bu sürəcin adıdır. Anarxiya – İnsanlığın, ədalətin ortadan qalxdığı ortamdır…

Anarxiyanı yaradan başqa bir gedişin din olduğunu söylədik. Bu anarxiya ən çox Doğuda özünü göstərir, başlıcası da türk topluluqları içərisində. Sovetlər dağılandan sonra bir-birinə calaq-culaq edilmiş respublikaların iqtisadiyyatı dağınıq duruma düşdü. Hər kəs dolanışığının hayına qaldı. Millilik şüurunun etkisi ilə bağımsızlıq əldə edən respublikalar iqtisadi çətinliklərə görə Batıdan asılı duruma düşdülər. Elm, texnolgiya Batıda gəlişir, dünyaya da oradan yayılır. Texnologiyaların Çində də gəlişməsinə baxmayaraq, baxışlar heç vaxt Çinə dikilmədi. Çünki Çin qapalıdır, qorxuludur. Bütün ilişkilərini Çinlə qurmaq istəyənlər, ən qısa arada, Çindən başlayan miqrantların ayaqları altında məhv olarlar. Ancaq Batı özgürlük, demokratiya vəd edirdi. Bununla belə, bu vədlərin arxasında böyük asılılıqlar yarandı, böyük milli-mənəvi boşluqlar oluşdu. Bəs bu boşluqları nə ilə doldurmalı?! – Bu zaman din dövriyəyə girdi. Dünyanın tərs-dəyirman gedişini anlamayan insanlar çaş-baş duruma düşmüşdülər. Belə hesab elədilər ki, yaşananların hamısı Allahın yolundan sapmalara görədir. Yavaş-yavaş dinə meyillənmələr artmağa başladı. Bu insanların aktiv kəsimini siyasi diletantlar öz yanlarına çəkdilər. Onlara Allah yolunda mübarizə aparmağın gərəkliyini yeritdilər. Özlərinin siyasi məqsədləri üçün təşkilatlanıb bir qüvvə şəklində birləşdilər. Bu təşkilatlar siyasi hakimiyyətə belə iddia elədilər. Dinə meyil edənlərin bəlli bir kəsimi isə, dünyanın Allahın qəzəbinə gəldiyini, ona görə də dağılmağa getdiyini düşünərək, “Allahın mərhəmətinə” sığınmağı, özləri üçün düzgün yol saydılar. Bunlar heç nəyə qarışmadan, Allaha ibadət yoluyla Axirəti qazanacaqlarına inandılar. Onlara görə hər şey Allahın qəzəbinə görə baş verir…

Biz dinlərin bu cür əbədi yalanlarına qarşıyıq. Bizdən qıraqda da dinə qarşı olanlar var. Ancaq onlarla bizim baxışlarımız üst-üstə düşmür. Onlara görə Batıda din sərbəstdir, Doğuda isə din öz gerilikləri ilə həlledici etkiyə çevrilir. Ona görə Batıda texnologiyalar gəlişir, insanlar özgürlük, demokratiya yoluyla gedirlər, Doğuda isə gerilik özgürlüyün, demokratiyanın yolunu kəsir. Ancaq bizə görə Batının texnologiyası, özgürlük-demokratiya ideolojisi Doğuda (konkret türk toplumlarında) milli, əxlaqi şüuru darmadağın eləyir. Bu da Batının geriliyidir. Geriliklə geriliyin mübarizəsini sağlamaq olumsuzdur. Batı haqqındakı düşüncələrimiz isə dinə meyil göstərən kəsimin düşüncəsi ilə üst-üstə düşmür. Çünkü işi-gücü Allahın Axirətini düşünmək olan insanların da milli-əxlaqi şüurları sıradan çıxır. Cənnətə tamahlanan insan üçün Vətən qutsal anlam daşıya bilməz. Bizə görə nə Batının özgürlük vədləri özünü doğruldur, nə də dinin qutsallıq haqqında mistik şüarları.

Quruluşu kapitalizm olan, yəni bütün çabaları, yönü pulçuluqdan oluşan Batının vəd elədiyi özgürlük oyundan başqa bir şey deyildir. Eləcə də, ərəb xurafatından özünə qutsal hekayələr uyduran, İnsanlığı yalanlarla hədələyən toplumların inamı oyundan başqa bir şey deyildir.

Yuxarıda vurğuladıq ki, siyasi hakimiyyətə iddia edilən dini təşkilatlar formalaşdı.  Sovetlərdən açılan respublikalarda olmasa da, Türkiyədə belə bir təşkilat hakimiyyətə gəldi də. R.T.Ərdoğanın siyasi hakimiyyətin rəhbərliyinə qədər keçdiyi yollar göz qabağındadır. O, Türkiyədə siyasi mübarizə ortamına Fətullah Gülənlə birgə çıxdılar, yüksəliş yollarında birgə yürüdülər. Onlardan biri (Ərdoğan) dinin siyasi qanadını təmsil edirdi, o biri (Gülən) ruhani qanadını. Bunların hər ikisi ABD-yə bağlı adamlar idi. Onsuz da ABD-nin dəstəyi olmasa idi, bu təmayülün hakimiyyətə gəlişi alınmazdı… Bu günədək Ərdoğan-ABD münasibətlərinə fərqli yanaşmalar olmuşdur. Ərdoğansevərlər onun ABD ilə döyüşdüyünü vurğulayır, onu Türkiyənin qurtarıcısı kimi qələmə verirlər. Doğrudur, onun populist çıxışları belə bir görüntü (yəni ABD ilə döyüş görüntüsü) yaradır da. Özəllikcə, müsəlman ölkələrlə iş birliyi yaratma çabaları, itirilmiş, ya da sıradan çıxarılmış inancın topluma qaytarılması görüntüləri, guya by yolda da yaşanan çətinliklər ABD ilə döyüşün bir parçasıdır. Ancaq bizə görə, bunların hamısı planlı şəkildə hazırlanmışdır. Bir az geriyə dönüb sağlam araşdırmalar aparılsa,hansı faciələrin hazırlandığı açıq şəkildə ortaya çıxar. Dönə-dönə yazdığımız faktların bəzilərini burada xatırlatmaq dediklərimizi anlamaq üçün bəs edər. Lap başından “Balyoz”, “Ərgənəkon” əməliyyatları qondararaq, yüzlərlə hərbçini zindanlara doldurdular.

Vətəninə, millətinə bağlı generallara terrorçu təşkilat damğası vurub tutdular. İllərlə yalançı istintaq-məhkəmə prosesləri başlatdılar. Nə qədər türk millətçiləri ləkələnib göz altına alındı. Bu illər içində Ərdoğan sərbəst şəkildə Atatürkün qurduğu dövlətçilik prinsiplərini ortadan qaldırdı. Geridüşüncəli, dağıdıcı müsəlmanlardan özünə qoruma ordusu düzəltdi. Humanitar yardım adı altında milyonlarla Suriyalını İstanbula, Türkiyənin başqa bölgələrinə yerləşdirdi. Minlərlə Suriyalı ailələr, heç bir iş görmədən, Türkiyənin büdcəsindən dolandılar. Üstəlik türk insanlarının ləyaqətinə həqarət etdilər. Ayrı-ayrı vaxtlarda onlarla azyaşlı türk uşaqlarına təcavüzlər olundu. Onlarla türk mehmetciklərinin başı bədənindən qoparıldı, meydanlarda alçaldılmış şəkildə məhv edildilər. Atatürkə qarşı söyüşlər, alçaldıcı əməllər, heykəllərinin yandırılması, daha nələr… Türkiyə çox qorxunc anarxiyanın içinə itələndi. Ərdoğan hər dəfə durumdan ustalıqla yararlandı. Hakimiyyətdə oturuşandan sonra tutulan hərbçilərin çoxunu sərbəst buraxdı, özünü ədalətli, humanist kimi duru çıxardıb siyasi divident qazandı. Bütün yanlışlarının, quramalarının altından “bizi qandırdılar” deyib duruya çıxdı. Arada ABD-yə bağırdı, İsrailə bağırdı. ABD səsini çıxarmadı. “ABD Ərdoğandan qorxur” təbliğatı quruldu. Əslində isə, bizə görə, hər şey ABD-nin planları əsasında baş verdi. Türkiyəni qoruyan Atatürk sistemi, demək olar ki, dağıdıldı. Ancaq elə görüntü yaratdılar ki, guya Ərdoğan islam araçılığıyla Türkiyəni Osmanlı gücünə hazırlayır. Məgər Ərdoğan bilmir ki, çağaşırı səfərlər elədiyi ərəb dövlətləri ABD-nin, AB-nin buyruğundadırlar. Hansı ağılnan, hansı vədlərnən onları öz buyruğuna götüə bilər ki?! Ərdoğanın bütün addımları Türklüyün gəlişməsini əngəlləyən addımlar oldu. Sovetlər dağılandan sonra Türklüyə dönüş, Türklüyün gəlişməsi baş tuta bilərdi. Ancaq Türklüyə qayıdışın astanasında Türkiyəni İslam dövlətinə çevirən Ərdoğan özünəqayıdışın yönünü dəyişdi. Yalançı müsəlman birliyini (olmayan, olması olumsuz olan müsəlman birliyini) özünəqayıdış kimi təbliğ elətdirdi. Türklüyə qarşı tarixi bir dönüklük baş verdi.

İndi söhbətimizin başlanğıcına qayıdaq: “Anarxiya İnsanlığı qorxu altına alır” söyləmişdik. Özgürlük çağırışlarının qarşısında dünyada ədalətli, humanitar quruculuq getməliydi. Bunun yerinə, Türklüyü dağıtmaq, sıradan çıxarmaq sürəci həyata keçirilir. Kapitalizmin yaşaması üçün İnsanlığı sıradan çıxaranlar xalqların özgürləşmək haqqlarının yolunu kəsirlər. Bizə görə Türklük dəyəri ilə kapitalizm bir araya sığmaz. Kapitalizmin var olması ilə Türklüyün gəlişməsi arasındakı ziddiyyətin çözülməsi, bizə görə, ədalətin, humanizmin bərpa olunması anlamına gələr. Türklüyün xarakteri, dəyəri bunu deməyə əsas verir. Biz bunu öyrəndik, dərk elədik, inandıq…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

27 İşıq Ayı, 42-ci il. Saray-S.

(may 2020).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir