Xəbərlər

Soylu Atalı. Yanlışlıqmı, Xəyanətmi?!

İllər öncə biz yazı yazmışdım: “Yanlışlıqmı, xəyanətmi?” başlığı altında. İndi bu yazımın adını da elə qoyuram. Dövlət başında duranların, onlara bağlı adamların yanlışlıqları ola bilər. Ancaq bilə-bilə dövlətin, millətin çıxarlarını kölgələmək, vətənin varlığını sarsıdacaq addımlar atmaq yanlışlıq sayıla bilməz.
Son günlərin ən aktual qonularından biri, bəlkə də birincisi Azərbaycanın, genel olaraq Qafqazın din yönətim başçısı Paşazadənin İranın din öndərliyinə sayğı sunması (əslində yalmanması) oldu. Haqlı olaraq, bu davranışa qarşı sosial şəbəkələrdə, basın yayınlarında təpkilər sərgiləndi. Ancaq bu təpkiləri kimlərin sərgiləməsinin, necə dilə gətirməsinin daha düşündürücü olması bilincindəyik. Azərbaycandan Paşazadəyə təpki göstərənlər, başlıca olaraq, toplumun Vətən məsələsində həssas yanaşan kəsimi oldu. Türkiyədən isə, yenə haqlı olaraq, dövlət düzeyində təpki sərgiləndi.

Biz, Azərbaycan toplumu olaraq, illərdir bir prosesə tanıqlıq (şahidlik) edirik: Azərbaycanın istənilən bir rəsmi adamının qonşu dövlətlərin, ya da beynəlxalq qurumların (Azərbaycanın dövlət siyasəti ilə bağlı) davranışlarına yönəlik danışması həmişə icazəli baş verir. Paşazadənin də bu yarınma, yalmanma təşəkkürünün icazəsiz olmadığını sanırıq. Belə olmasaydı, Azərbaycanın dövlət başçısı, ya da ən azından onun buyruğu ilə başqa dövlət rəsmiləri Paşazadənin sözünə kəskin təpki göstərərdilər. Hər şey açıq ortadadır. Paşazadə Qafqazda (öz vətəni Azərbaycan başda olmaqla) Rusiyanın, eləcə də İranın din siyasətinə qulluq göstərir. Buna Azərbaycan hakimiyyəti səsini çıxarmır, tərsinə, bunun belə olmasını təmin edir. Bu nədir – dövləti qoruma siyasətidirmi?! Yəni “İranı yola ver, Rusiyanı yola ver, öz siyasi istəklərini gerçəkləşdir” məntiqidirmi?! – Deyil! Bu məntiqi o vaxt doğru saymaq olardı, Azərbaycanın Rusiyadan da, İrandan da kiçik olmasına baxmayaraq, xalqla dövlət arasında bağlılıq, Birlik olaydı.

Nə Rusiya, nə də İran Azərbaycan hakimiyyətinin cırtdan oyunları qarşısında “çörəyi qulağının ardına yeyəcək” qədər axmaq deyillər. Azərbaycanın dövlət yönətimində Rusiyanın da, İranın da özəl kadrları var. Paşazadəni də bu iki dövlətin ortaq kadrı saymaq olar. Daha doğrusu, belə də var. Azərbaycanın hakimiyyəti nə Rusiyanın, nə də İranın kadrlarına toxuna bilmir. Əgər dindirsən, deyər – bu kadrlara toxunsaq, nə dövləti yaşadarlar, nə də hakimiyyəti. Biz bu deyilişə qarşı deyilik. Onsuz da Güney Qafqazda Azərbaycan Türk dövlətinin olmasını adları çəkilən dövlətlər dünəndən istəmirlər. Ancaq Azərbaycan hakimiyyətinin bizim dövlətimizi sarsıdan istənilən davranışlara (həmlələrə) göz yumması heç bir səbəbə haqq vermir. Heç kim də mövcud duruma görə Azərbaycan hakimiyyətinə haqq verə bilməz. Azərbaycan hakimiyyətinin çağaşırı çıxılmazlıqlara girməsinin nədənləri yetərincə açıqdır, göz qabağındadır. İllərdir öz xalqını talaması, əzməsi, sosial sorunlara, qanunsuzluqlara soxub sarsıtması – bəlli ki, onun (hakimiyyətin) beynəlxalq ortamda gücsüzlüyünü yetirməliydi. Öz xalqına qarşı acımasız davranmaların sonucudur, Rusiya Azərbaycan toplumunun bəlli bir kəsimini sosial-siyasi açıdan işğal edib, İran isə toplumumuzun bəlli bir kəsimini ruhani-psixoloji açıdan.

Qarabağ savaşlarında İranın Ermənistana hər cür yardımlarını, illərdir hər yöndən deyildiyi üçün, burada vurğulamaq istəmirik. Eləcə də Rusiyanın Ermənistan araçılığı ilə vətənimizi parçalaması, torpaqlarımızı işğal eləməsi yetərincə açıqdır, ortadadır. Ancaq Azərbaycan hakimiyyəti tez-tez bəyan edir: hər şey kontrolumuzdadır, hər şey istəyimizcədir. Biz isə hesab edirik, bütöv anlamda, xalqımızın yaşamının pozulub sıradan çıxmasından başqa heç nə bu hakimiyyətin kontrolunda deyil.

İndi ərk edib üzümüzü Türkiyə öndərliyinə tutub soruşuruq: İllərdir bu hakimiyyətin Azərbaycan xalqına qarşı davranışı, kimlərin yanında durması gözünüzün qabağında ola-ola, nədən onların seçkidən seçkiyə hakimiyyəti mənimsəməsinə, yaşamasına göz yumub dəstək verirdiniz?!…

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

30 Od Ayı, 43-cü il. Saray-Soylu.

(iyul, 2021).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir