Xəbərlər

Soylu Atalı. Yaşamaq – Özünü dərkdədir

İnsan özündə egonu formalaşdıran keyfiyyətlərlə iç-içə olursa, bütün varlığı gün-güzarana, kefə, əyləncəyə bağlı olur. İnsan İçində ruhani keyfiyyətlərlə ünsiyyətdə olarsa, onu içdən ruhanilik formalaşdırar. Yəni insan öz içində nə ilə ünsiyyətdədirsə, nə ilə söhbət edirsə, onun varlığını ünsiyyətdə olduğu keyfiyyətlər formalaşdırır. Bunu da insanın özü bilməlidir, tanımalıdır. Özünü tanımalıdır ki, nə ilə ünsiyyətdədir, nəyə boy verir, meydan verir, içində nəyi söylədir, nəyi dindirir.
Tutaq ki, sən içində kinlə təmasda olur, onu dindirirsən. O anda sən acıqla, qəddarlıqla da təmasa gedirsən. Sənin içində halın, varlığın bütünlüklə təmasda olduqlarından ibarət olur, təmasda olduqların olursan. Başqalarına münasibəti də o formalaşdırır, o yaradır. Sən içində təması dəyişsən, ünsiyyəti dəyişsən, ünsiyyətin yerini dəyişsən onda uğurlu münasibət, insani münasibət, doğma münasibət formalaşacaq.
Yəni əslində münasibəti yaradan içdəki qarşıdurmadır. İçində daim qarşıdurma səviyyəsində olursan. Qarşıdurmadan çıxmaq üçün özüylədöyüş, özündəki üstünlükləri, içindəki məni aşkarlamaq gərəkdir.
Dinlərin sorunu insanda bu məsələni yoluna qoya bilməməkdir. Başqa sözlə, bu məsələni yoluna qoya bilən ideya verə bilməməkdir.
…Qədim yunanlar deyirdi, hər yerdə Allah var. Təkallahlı dinlər də deyir, Allah hər yerdə var. Hər yerdə Allah varsa bu, çoxallahlılıqdır. Təkallahlı dinlərdə isə Allah birdir, ancaq hər yerdədir. Bəs hər yerdədir deyəndə nə başa düşülməlidir?! Məsələn, hürufilər deyirdilər, Həqq məndədir. Hər yerdə varsa məndə də var. Yunus İmrənin dediyində də bu hikmət var:

 “Məni məndə demə, məndə deyiləm,
Bir mən vardır məndə məndən içəri”.

Məndə məndən içəridə olan var, o Allahdır, mən onu aşkarlamalıyam. Ancaq İnsan o Allahı mənasız edir, onu görünməz edir, onun aşkarlanmasına ortam yaratmır. Səndə səndən içəri olan var, onu aşkarlamalısan. Allah odur, sən onunla ünsiyyətdə olmalısan, onunla “Birlik”də (vəhdətdə) olmalısan, sən O olmalısan. Sən O olmursan, sən özünü səndə səndən içəridə olana bərabər götürmürsən, cisminə – ölümlüyə, ötəriyə bərabər götürürsən. Ona görə sənin hər şeyə münasibətin bütünlüklə bu günə bərabər olur, sənin üçün həyat da fəlakətli olur, ölüm də fəlakətli olur (ölümdən ona görə qorxursan). Həyatda problem yaranır, çünkü sənin varlığın yoxdur, yəni yaşamırsan, yoxsan.
İnsanda ondan içəridə mən var, din o məni insanın içindən çıxardır, transsendental edir, insanı cismə – ölümlüyə bərabər götürür. İnsana qədər uydurulur, öləndən sonra vədlər verilir. İnsanın Dünyaya münasibəti umacaqlı ibadətdən uzağa getmir, düşüncəsi onun üçün qəlibləşdirilmiş qaydalara, rituallara bağlıdır. Onun içsəl (daxili) məni ordan uzağa getmir. Öləndən sonra da ruh gedir Allahın dərgahına, orda da Allahla “birlik”də (vəhdətdə) olmur, Allahın dərgahına gedir, qırağa gedir, vəhdətə getmir.
Yəni istənilən halda insan-Allah Birliyi pozulur. Din insan-Allah birliyini qırır. Səndə səndən içəri olanı ayırır səndən. Sən qalırsan onsuz, heç olursan, kamilləşə bilmirsən, gücün, qüdrətin yaranmır…
İndi gərək bir yol tapıb Asif Atanın fəlsəfəsinin dərinliklərinə girə biləsən. Onda insanı tanıyacaqsan, özünü biləcəksən. Hər şey ondan sonra başlayır. Bu, olduqca ciddi məsələdir. Elə bil ağzını, gözünü yumub suyun dərinliyinə gedirsən. Nə qədər qala bilərsən orda, oksigen olmasa?! Sənin oksigenin nədir, – içində yaratdığındır. Sən yaratdıqlarınla o dərinliyə baş vura bilərsən, baş vurduqca gedərsən. Sanki dənizin üzündəsən, dənizin üzündə dalğaları görürsən, coşqunu görürsən, dənizin dibindəki sakitliyi görmürsən. Sirr ordadır, o dərinlikdədir. Hamı üzdəkini görür, coşqunu görür, ləpələri görür, dalğaları görür. O dalğaya baxıb münasibət bildirir. Elə deyil, əslində nə varsa dərinlikdədir, dərinliklərə də girmək üçün yol tapmalısan. Asan deyil ora girmək. Dərk odur, – içinə girə bilməkdir. Biri var izləmək (müşahidə eləmək), bu zaman sadəcə görürsən, bilirsən. Qiymətləndirəndə də gördüklərini sadalayırsan. Ancaq sirr izlədiklərinin içindədir, dərk etmək bunun içinə girməkdir. Hər kəs qıraqdan baxır gördüklərini sadalayır, gördüklərini ifadə edir. Qıraqdan baxmaqla da dərk edirəm deyir. Necə dərk edirsən?!…
 İnsanlar dərk edirəm sözünü o qədər asan deyirlər ki. Bəs dərk edirsənsə, niyə yaşamırsan?! Həm dərk edirsən, həm də zamandan, çevrəndəkilərdən heç bir fərqin yoxdur, bu necə dərkdir?! Özünü aldadırsan. Özünü aldadan yaşamır, dolanır, ömrünü, yola verməklə, başa vurur…

Qar Ayı, 46-cı il.
(yanvar, 2024).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir