Xəbərlər

Soylu Atalı. Yatanlar, ayılın!

 

Heç bir toplumda bütöv mübarizə ruhu qalmayıb. Sanki zamanın axırıdır. Etirazlar özünü doğrultmur, hiddətlər iş görmür. Bəlkə bu ona görədir, etirazlar bütövləşmir, hiddətlər də nisbi xarakter daşıyır. Hər bir olaylara yanaşma bir atımlıq barıt kimidir – bir anda partlayış verib sönür. Bəşəriyyət elmin ən yüksək inkişaf aşamalarını yaşayır, texnologiyaların gəlişməsi sözə sığmayan olanaqlar üzə çıxarır. Bəs bu gəlişmələr İnsanlığa nə vəd edir?! İnsan özünü xoşbəxt sayırmı?! – Saymır! İnsan fəlakətlərdən göz aça bilmir. İnsana sağlam yaşamaq hazırlamaq yerinə xəstəliklər gətirir, ölüm hazırlayırlar. İnsanın sayını azaltmaq üçün hər bir eybəcərliyə baş vururlar. Bu gedişə qarşı çıxmaq istəyənləri susdururlar, sıradan çıxarırlar. Həm də “insan haqları”, “söz azadlığı” oluşdurduqlarını təbliğ edirlər. Alçaqlığın bundan ötəsi olmaz.
Həyat bütünlüklə çelişki içindədir. Sanki bir əl ilə qurub iki əl ilə dağıdırlar. İnsanı öldürüb quruculuq yapırlar. İnsana deyirlər: “sən istədiyin kimi yaşaya bilməzsən. İstədiyimiz vaxt səni yaşadarıq, istədiyimiz vaxt öldürərik. Könlün istədiyi vaxt etiraz edə bilməzsən. Nə vaxt, kimə qarşı etiraz edəcəyini biz bəlirləyirik. Sən heç nəyi dəyişə bilməzsən, bizim istədiyimiz, yaratdığımız dəyişikliklərə uyğunlaşmalısan”.
Kim edir bunları?! – insan!
Talanan insandır, talayan insan.
Ölən insandır, öldürən insan.
Başqa sözlə, insan adını daşıyan yaratıq.
***
Yuxarıda vurğuladıq: hər bir olaylara yanaşma bir atımlıq barıt kimidir, bir anda partlayış verib sönür. Sosial şəbəkələrdə artıq Qazaxıstan olayları da gündəmdən qıraqdadır (ətalət inersiya uyumu ilə deyilənləri çıxsaq). Söyənlər söydü, alqışlayanlar alqışladı, qırağa durdular. Qırağa durmayıb neyləyəcəklər ki?!  O üzə çevirib, bu üzə çevirib deyə-deyə, yaza-yaza durası deyillər ki. İndi hamı olayların sonrakı taleyini gözləyir. Dramatik oyunlar yeni səhnələr açarsa yenidən yazmalar, yozmalar başlayacaqdır. İndi yazmaq-yozmaq üçün yeni olaylar gərəkdir. Onsuz da dünyanın halına, oyununa alışqanlıq yaranıb. Bu alışqanlığı yaradan “inkişaf”dır. Texnologiyaların göz qamaşdıran inkişafıdır – ac qoyan, haqsızlaşdıran, ölüm saçan, bir yanda da harınlaşdıran, qarınlaşdıran “inkişaf”. İnsan acılar yaşayırsa – “inkişaf”ın tələbidir. Acılar yaşadırsa, yenə “inkişaf”ın tələbidir. Allahlaşan, alın yazısı yazan, insanlığa boz-bulanıq gələcək vəd eləyən “inkişaf”. “İnkişaf”ın istəyiylə hər şey oyuna çevrilməli, oyun kimi görünməli, oyun kimi yaşamalıdır. Çünkü oyun ilginc (maraqlı), çəkici (cazibədar) olur. Hər dəfə insanların deməyə “sözü” olur. Oyunlar olmasa, insan “söz haqqı”nı qullana bilməz. Budur, Gedişin İnsanlıq üzərində ironiyası.
***
Bəlkə buna görədir, indi ən aktual çağırış “reallıqla hesablaşmaq gərəkdir” deyimidir. Bunun başqa deyilişi, “palaza bürün, elnən sürün”dür. Eynən Türk dövlətlərimizdə olduğu, yaşandığı kimi. Hər şey dəbləşir, kağızlaşır, sənədləşir. Toplumlarımızın içində yaranan ehtiyaclara uyğun olaraq gerçəkləşmir. Birlik ehtiyacımız həşirə düşdü, elan olunmaqdan uzağa getmədi. 21 noyabr, 2008-ci ildə “Türkdilli Ölkələrin Parlament Assambleyası” yarandı. Toplaşdılar, danışdılar, dağıldılar. Ağsaqqalı, qarasaqqalı bəlirləndi. Öydülər, göyə qaldırdılar, gözə kül üfürdülər. 14 ildə Birlik yaranmadı. Nə ortaq dil yarandı, nə ortaq valyuta, nə ortaq ordu. Ərəbləşmə, ingilisləşmə, ruslaşma daha çox yayıldı, nəinki türkləşmə. Əməkdaşlıq bağlaşmaları qollandı, iqtisadi bağlaşmalar ortaya gəldi, ancaq mədəni, məişət tərbiyəmizə etki göstərən milli istehsal ortaya gəlmədi. Körpələrimizə doğum günü keçiririk – divarlarımızda, “happy, happy, Bebi” yazırıq. Gənclərimizi evləndiririk, bağışlanan nəsnələrin, suvenirlərin üzərində “love” yazılır. Hər yerdə “store”, “market”, “palace” yazılışları gözə girir. Ünvanlar bu anlayışlarla axtarılır, tapılır.
Metrolarda, avtobuslarda, parklarda çoxluq ərəb hədisləri oxuyub öyrənirlər. Analar balalarına ərəbcə uğurlamalar (xeyir-dualar) verirlər (əl boyda kitabçalarda ovsunlanma, ovsunlama duaları – yuxu laylaları).
İç siyasət özgələşdirir, dış siyasət tabeləşdirir. Ancaq bolluca türkləşməkdən, türk birliyindən yazırlar, yazdırırlar.
Yəqin kimlərə görəsə biz sürəci yaxşı görmürük, içəridə türkləşmə sürəci uğurlu gedir, biz də bunları danırıq…
Uğur nədir, uğursuzluq nə?! Görünür, bunun da aydınlaşmasına zaman gərəkdir. Ancaq görünən odur ki, ərəbləşmə, ruslaşma, ingilisləşmə gedişinin oluşdurduğu “Balıq-ördək-xərçəng” nağılını çox dinləməli olacağıq…
Yatanlar, ayılın!
Yıxılanlar, qalxın!
Əyilənlər, düzəlin!
Ölənlər, dirilin!
Amal məqamıdır! (Asif Ata).

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

13 Qar Ayı, 43-cü il. Atakənd.
(yanvar, 2022. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir