Xəbərlər

Soylu Atalı. Zorakı hakimiyyətin bayram zorakılığı

soylu 1Bu gün xalqımız quruluşdan quruluşa (sosializmdən kapitalizmə) keçməsinin çətinliklərini, hətta fəlakətlərini yaşamaqdadır. Təbii ki, fəlakət quruluşun mahiyyətindədir. Üstəlik dövlətimizin başında olan hakimiyyət ötən illər ərzində bu fəlakəti daha da genişləndirmişdir. Hakimiyyətin yadlığı, özbaşınalığı Quruluşun mahiyyətindən gələn fəlakətlərlə mütləq vəhdət təşkil edir. Bu da özünü xalqın həyatında bütün çılpaqlığı ilə ifadə edir. Ölkənin gəlir imkanları aşkarlandıqca aclıq, səfalət daha da çiçəklənir. Ancaq de gəl ki, xalqın gözünə üfürmək üçün kül də yetərincədir. Ölkə başdan-başa parklar, qazon örtüklü yaşıllıqlar, körpülər, heykəllər bolluğuna düşüb. Ancaq təhsil, səhiyyə, kənd təsərrüfatı, məhkəmə-hüquq sistemi və i.a. bərbad durumdadır. Əlbəttə, məqsədimiz hər gün mətbuatın sadaladığı problemləri yenidən sadalamaq deyil. Sadəcə insanlarımızın diqqətini dövlət müstəqilliyimizi təhdid edən təhlükəli gedişləri dərk etməyin zəruriliyinə yönəltmək istəyirik.

Gözə kül üfürmə əməliyyatının bir cəhəti də il ərzində bayram günlərinin aşırı dərəcədə çox olmasında özünü göstərir. Hər kəs fərqinə vara bilər ki, bayram günlərinin çoxluğu siyasi görsənişdir. Guya əhali o qədər firavan yaşayır ki, həyatından razıdır və az qala hər həftədə bayram günü keçirir. Ac insanlara bayram elətdirmək zorakılıqdır, əxlaqa uyğun olmayan gedişdir. Bir tərəfdən işsizlik, bir tərəfdən işləyənlərə az əmək haqqının verilməsi, bu biri tərəfdən də məcburi bayramlarla işsizlik yaratmaq, başqa sözlə, iş günlərinin sayını azaltmaq. Daxili siyasət deyilən eybəcərliyin bundan betəri yoxdur.

İndi qarşıdan Novruz (Ergenekon) bayramı gəlir. İl ərzində keçirilən bayramlar içində daşıdığı məzmuna görə xalqımızın ruhuna ən yaxın və doğma olanı Novruz bayramıdır. Ancaq təəssüf ki, bu bayram da siyasiləşdirilib və ümumi “kül”ün içinə qatılıb. Hələ sovetlər dağılan ərəfədə ruhumuza doğma olan bu bayramın məzmunu xalqın şüuruna yeriməsin deyə, onu inhisara götürmək yolları axtarılırdı. Əvvəl istədilər Novruz bayramına dini (islami) don geyindirib hakimiyyətin buyruğunda fəaliyyət göstərən “Qafqaz Müsəlmanları İdarəsi”nin (QMİ) inhisarına keçirsinlər. Bu yöndə bir ara söhbətlər, təbliğatlar da aparılırdı. Ancaq sonradan deyəsən başa düşdülər ki, bu, islamın zərərinə olacaq. Belə ki, Novruz bayramı Qədim Türklərin panteizm dünyabaxışından yaranıb. İslamın formal monoteistliyi ilə panteizmi ortaqlaşdırmaq çox şübhəsiz ki, İslam dininin sonrakı taleyində mürəkkəbliklər ortaya çıxaracaqdı. Ona görə məcbur olub dedilər ki, bu, dinə bağlı deyil, milli bayramdır. Bəlkə burada İranın da təsiri oldu, –  dinin içinə türk panteizminin girməsini önləmək baxımından. Ancaq bununla belə, Novruzu müəyyən cəhətləriylə dinə bağlı saxlamağa cəhdlər oldu. Türk ruhuna yamaq olmaq, yaxud türk ruhunu yamaq etmək zaman-zaman milli şüurun aşılanmasına öz etkisini göstərmişdir. Nəhayət, son dövrlər türk ruhuna, başqa sözlə, Novruzluğa qarşı daha bir zərbə endirdilər. Onu beynəlxalq bayram elan elədilər. Bizimkilər də bunu hakimiyyətin xarici siyasətindəki uğuru kimi sundular. Əslində Milli bir Bayramı, dəyəri beynəlxalqlaşdırmaq onu təhrif etməkdir, onun milli şüura təsir gücünü azaltmaqdır. Baxmayaraq ki, Novruzu əsasən türk xalqları keçirir, onu beynəlxalqlaşdırmaq türk birliyinə qarşı düşünülmüş addımdır. Belə ki, türk etnosunun vahid etnos olmaması təsəvvürü yaradılır. Beləcə, bütün dəyərlərimiz ya başqa hadisələrin kölgəsinə salınır, ya təhrif olunur, ya da sıradan çıxarılır. Çünki  Novruz kimi milli bir dəyərin inkişaf etməsi həm islamın milli şüurumuza mənfi təsirini önləyər, həm də Batıdan gələn ideoloji özgələşdirmələri.

Novruzun milli-ruhani hadisə kimi tanınmasında Asif Atanın ciddi etkisi olmuşdur. Onun “Novruzluğumuz” yazısında bütöv milli-ruhani dəyərlərimizin vəhdəti öz əksini tapır. Novruzluğun Zərdüştçülüyə, Dədə Qorqudluğa bağlı tərəfləri vurğulanaraq Azərbaycanın işıqçılıq mahiyyəti bütün dolğunluğu ilə üzə çıxır. Ocaq qalamaq, onun dövrəsində halay vurub rəqs etmək, odun üstündən atılaraq daxili ağırlıqdan azad olmaq (qüsurları tonqalda yandırmaq) türk mahiyyətinin bayramıdır. Əslində bu, Zərdüştçülük adlı İşıqçılığımızdan irəli gəlir. Ümumilikdə isə türkün panteizm xəttidir.

Türkün panteizmi Asif Atanın yaratdığı Mütləqə İnam Dünyabaxışına daha yaxındır. Doğrudur, Asif Ata təbiəti ilahiləşdirmir, amma ruh doğmadır. Ona görə deyir ki: Novruzluqdan od almaq – İşıqlanmaq, mahiyyətinə qovuşmaq gərəkdir. Günəş Ayının 14-də (mart) həyata keçirdiyimiz “İnsanilik” bayramımız da məhz bu ruhun izharıdır. Qədimliyimizlə Sabahımızı birləşdirən müqəddəslik Gələnəyidir!

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız var olsun!

 

(arxivdən)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir