Ürəyinizdə Ata Günəşi olsun, sevimli Amaldaşlarım!
Bu gün bəşəriyyəti ölüm kabusu hədələməkdədir. Ancaq bu hədə bugünün əməli deyil, onilliklərin, yüzilliklərin antiinsani gedişlərinin sonucudur. Din yalanı, siyasət yalanı, münasibətlər yalanı, xalqlarası davranışların şəkilləndirdiyi etkilər yalanı, insana verilən qiymətlər yalanı, dövlətçiliyə baxış yalanı, ibadətlər yalanı insanın taleyini fəlakətlər içərisində saxlayır. Çeşidli oyunlar düşünülür. Ağalıq ehtirası yeni aşamalara keçir. Pulçuluq qorunur. Ağlasığmayan eybəcərliklərlə bu gedişlər möhkəmləndirilir. Bəşəriyyətin taleyi tükdən asılıdır kimi qorxu yaradılır. İnsan itaətə alışdırılır. Əhliləşdirilmiş ev heyvanı səviyyəsinə gətirilir. Zaman-zaman öldürücü silahların araya gətirilməsi, həyatın hərbi poliqona çevrilməsi, bir anda planeti ölümə sürükləyən nüvə silahlarının çoxaldılması azmış kimi, insanlara daha qorxunc ümidsizlik aşılayan öldürücü viruslar hədəsi genişlənməkdədir. Bilmək gərək, bütün bunların hamısı insanlığın yaşamı tərk eləməsinə görədir. Bütün bunların hamısı şərdir, şər əməlləridir.
Biz, Asif Atanın davamında yaşayan insanlar bu eybəcərliklərin nədənini dərk edərək, döyüşümüzün önəmini ciddi düşünməli, ciddi qiymətləndirməliyik. Hər kəsin ümidsizləşdiyi bir çağda insanlığın bütün bu gedişlərdən yüksəkdə durduğunu öyrətmək, vurğulamaq gərəkdir. Dünyada nə baş verir versin, Ocaq öz müqəddəs əməllərindən bir an belə ayrılmır, ayrılmayacaq. İnsanlığın bayrağını ayaqlar altına atanları Ocaq daim ifşa edib. Bundan sonra da bu əməlində ardıcıl olacaqdır. Qoy bir an da ürəklərimizdən İnsanlaşmaya olan sevgi işığı azalmasın!
Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Atamız Var olsun!