Xəbərlər

Soylu Atalının anası Cahan xanıma Yas Törəni keçirildi

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

 Soylu Atalının anası Cahan xanıma Yas Törəni keçirildi

Ocaq Günsırası ilə 4 Yağış Ayı, 40-cı ildə (noyabr, 2018) Mütləqə İnam Ocağı ayrı-ayrı aydınlarla, Ocaq dostları ilə Soylu Atalının anası Cahan xanıma Yas törəni keçirdi. Törənin gedişini Soylu Atalı nizamladı: Sayğılı dostlarım, amaldaşlarım, hər birinizə gəlişinizə görə sayğılarımı bildirirəm. Öncə bu törənin həyata keçirilməsi ilə bağlı qısaca aydınlaşdırıcı söz demək istəyirəm. Ulusumuzun keçirdiyi gələnəksəl törənlər var – ərəb, islam qaydasıyla. Kənddə Anam da həmin qaydada ağırlanıb. Ancaq mən özəl haqqımı da ödədim. Yəni anamı onun dilində, türk ulusunun sevgili dilində söz deməklə ortadan qaldırdım. Bu bizim haqqımızdır, bu bizim ləyaqət yönümüzdür. Bu bizim ulusal borcumuzdur. Hər bir soydaşımızın ulusal borcudur, harda olanaq düşdü, addım atmaq, öz dilində davranmaq gərəkdir. Başqa cür davranmalar bizə qarşı aşağılayıcı bir gedişdir. Bu aşağılayıcı gedişə dirəniş göstərməyi bacarmaq gərəkdir. Biz qəbul eləmirik bu cümədir, bu filandır, ancaq amaldaşlarımızla düşündük, bunu özəl bir ünvanda cümə-filan eləməyək. Ancaq, elan etmədən, yaxın dostlarımız üçün belə bir törənin həyata keçirilməsini gərəkli bildik. Bu Törənlə özümlüyümüzü ifadə eləyək. Yenə deyirəm, bu bizim ulusal haqqımızdır. Dediyim kimi, burada biz ölənimizin törəninə, cümə axşamı-filan adını qoyub, molla çağıra bilmərik. Mənim evimə, mollanın gəlməsi olası deyil. Ancaq ölügötürmə məsələsində hələ bunu bütöv həyata keçirə bilmirik. Hər şey mənim iradəmdən asılı deyil. El-oba var, birdən-birə böyük bir elin-elatın qarşısında o cür addım atmağı tez hesab elədim. Mənim tərəfimdən kobudluq olardı. Belə deyə bilərdim, molla, gəlmə, hər şeyi mən özüm edəcəm. Buna mənim iradəm çatır. Buna mənim gücüm çatır. Ancaq bu aşamalarla olan işdir. Gərək hələlik yanaşı edək (paralelləşdirək). Həm gələnəksəl qaydalar olsun, həm də biz öz sözümüzü deyək.

Yasdan sonra axşam saatlarında, o biri gün ciddi söhbətlər apardım. Ulusal dəyərlərimiz, kimliyimiz, içərimizdəki yadlıqların taleyimizə göstərdiyi etkilər, assimilyasiyaedici etkilər, bunların hamısını insanlarla bölüşürdüm. Onlar bunları təsdiq edirlər. Bir az da onların öz dilində, anlaşılan dildə deyirdim. Ərəbin dilində nələr oxunur, nələr deyilir, bunları mən bilirəm, onlar isə bilmir. Bunu da mən onlara aydınlaşdırırdım. Mən “Quran”ın genel məğzini bilirəm.

Bu, bizim bu gün, başlanğıc üçün aydınlaşdırmaq istədiyimiz bir giriş idi. İndi isə Asif Atanın Dünyabaxışının tələblərindən doğan ulusal yas quralımızı gerçəkləşdirək. Ölünü ağırlama, ortadan qaldırma, gömmə törənləri yazılıb, kitablaşdırırlıb, çap olunub. Zaman-zaman dostlarımıza, ayrı-ayrı insanlara, ayrı-ayrı soydaşlarımıza, ərkimiz çatan insanlarımıza çağırış edirik. Evinizdə, yaxınlarınızın evində, ərkiniz çatan yerlərdə Asif Atanın yaratdığı quralları ifadə eləməyə çalışın. Əgər ifadə eləməyəcəksinizsə, onda yadlıqlar bizim yurdumuzdan getməyəcək. Sadəcə sözlə etirazlar sistemli bir dünyabaxışı dışlama gücündə deyil. Gərək sistemin qarşısına sistem çıxarasan. Gərək sözün qarşısına söz çıxarasan. Onda millət öz kimliyinə doğru dönüş aşamasına ayaq basacaq. Hələlik, heç olmazsa, ölünü yerdən qaldırmaq üçün ölünün öz dilində ağırlama sözü demək gərəkdir. Bunu bacarmalıyıq. Addım-addım paralelləşdirmə, sonucda paralelliyin çəkisini ulusallığa yönəltmək. O biri də sıradan çıxmalıdır. Ərəbin bizə gətirdiyi taleyi burda hər biriniz bilirsiniz. Ona görə də cəsarət göstərmək, qeyrət göstərmək zamanıdır. Bizim amaldaşlarımız ayrı-ayrı yerlərdə bacardıqlarını eləyirlər, eləməyə çalışırlar. Onların da səsinə səs vermək, onlara dayaq olmaq gərəkdir.

Biz düşündük, daşındıq, öləni ortadan necə qaldıraq. Bilirsiniz, insanlığın varlığında ruhaniyat faktının çox böyük etkisi var. İnsan hara gedir getsin, elm hara qalxır qalxsın, texnologiya nə qədər gəlişir gəlişsin, insanın insana münasibətini, insanın doğaya münasibətini, insanın dövlətə münasibətini, insanın millətə münasibətini, bəşərə, vətənə münasibətini şəkilləndirən, onu ölçüləndirən ruhaniyat məsələsidir. Ruhaniyatdan qıraqda insanlığın varlığı bilinməz, sürülməz. Ona görə də ruhaniyat məsələsinin özünə aydınlıq gəlməlidir. Ruhaniyat məsələsinin özülündə, özəyində kainatın içsəl qüdrətinə, mənasına münasibət dayanır. Bu münasibəti bəşər tarixində ayrı-ayrı dünyabaxış yaradıcıları ayrı-ayrı çalarlarla işlədi. Özünəxas işlədi, öz milli düşüncələrindən irəli gələn anlamlarla işlədi, anlayşlarla işlədi. Allah dedilər, Tanrı dedi türklər, başqası nəsə dedi. Hər birində o məna pozuntuya uğradıldı. Oyuncağa çevrildi. Əgər insanların şüurunda Tanrısal məsələ oyuncağa çevrilirsə, əyilirsə, pozuntuya uğrayırsa, İnsanlığın yaşaması haqqında düşünmək çətindir. İnsanların bir-birinə münasibəti haqqında düşünmək çətindir. Gərək Tanrısal sistemi qurtarasan (xilas eləyəsən). Asif Ata Tanrısal məsələni, Tanrısal sistemi qurtardı. O, Tanrı anlamına, Mütləq olana, Əzəli, Əbədi olana özü anlam verdi, özü aydınlıq gətirdi, onun haqqında düşüncələrini bəlirlədi. Ortaya bir düşüncə sistemi qoydu. Tanrı məsələsi nədir? Hər bir xalqın içində bir ölçü var. İnsanlar ölçü tapmayanda, vicdanı tapmayanda, böyük dəyərləri tapmayanda düşünüblər, yəqin bunlar məndən qıraqdadır. Qıraqda onu Allah məzmununda tapıblar. Ölçü kimi, etalon kimi. Bütün ədalət, dəyərlər, insanların birgəyaşayışına gərək olan ölçülər, demək olar, o anlamdadır. İnsanlar o anlama üz tutduqca, o anlama öz dilində, öz düşüncəsində ibadət elədikcə, özündən, öz milliliyindən, kimliyindən verdiyi, qatqı göstərdiyi dəyərlərini özünə qaytarır. Babalarımızın Tanrı anlamına verdiyi qatqılar olmalıdır. Ərəb bu qatqıda bizim yerimizi ortadan qaldırıb, özününkünü zorla bizə sunub, zorlayıb iradəmizi. Biz ərəbin Allahına qatqı verməmişik. Özümüzdən kimlik verməmişik. Orda bizim ölçümüz yoxdur ki, biz ibadət eləyəndə düşüncəmizə qayıdıb bizi tərbiyə eləsin, ürəyimizi arılasın, millətimizi bizə tanıtsın. Gələcəyimizi bizə anlatsın. Elə bir şey yoxdur. Ərəb dilində, ərəb xarakterində bir Allah sırınıb bizə. Ərəbin Allahı ərəb xarakterindədir. Amansız, qəddar, nəzarət eləyən, asan-kəsən. Bu Allaha ibadət eləyəndə İnsan var olmur. Toyuq olur, pişik olur, qorxaq olur. Ona görə Mütləq kimi qəbul elədiyinə gərək insanlığın ən dərin incə anlamlarını ölçü kimi yükləyəsən. Yükləyəsən ki, sən ibadət eləyəndə, düşünəndə, yolunu azanda, çaşanda o ibadətlərlə, üz tutmalarla, yanaşmalarla özünü tərbiyə edə biləsən. Qayıda sənin içini tərbiyə edə, qura. Bu, millətin özündə olmaldıır. Türk, Mütləq olana, Əzəli, Əbədi olana, kainatın içsəl qüdrətinə məna verməliydi ki, o məna onu, millət olaraq, ayaqda tuta bilsin. O zaman biz ona üz tutanda, millət olaraq, özümüzü dərk edə biləcəyik. Nədir biizm millətimizin qan yaddaşında, gen yaddaşında olanlar, hardadır? Kitablarda yoxdur. Kitablar aldadır, kitablar yalanla dolub. Asif Atanın kitabı isə həmin anlamdadır, ölçüdədir. Onu biz tanımalıyıq. Orada bizim milli kimliyimiz, insani kimliyimiz yatır. Qayıdır bizi tərbiyə edir. İçimizdə özümüzə xas olan keyfiyyətlərimizi, dəyərlərimizi oyadır. İnsan kimi özümüzün kimliyimizi anlayırıq. Ona görə biz düşündük, bu törəni, ilk olaraq, elə həmin mənanın ifadə olunmasından başlayaq. Nədir Asif Ata üçün Allah, Tanrı məsələsi, Mütləq olan?!

İndi törənə başlayaq. Törəni açmazdan öncə istəyirəm gələnəksəl qurallarımızı ayaq üstə yerinə yetirək.

“Təbiətdəki Mütləqlə Gündüz Təması”nı, “Ataya Günorta Ricası”nı Günev Atalı dedi.

 Soylu Atalı “Mütləq” izharını oxuyur:

 

MÜTLƏQ

Təbiətdə, Mənəviyyatda, Kainatın Ahəngində, Gözəllikdə, İd­rak­da, Ehtizazda, Vəcddə, Analıqda, Məhəbbətdə, Ruhun Ülvi Xilqətində, Bəşərin Özündən Böyük Mənasında, Ürəyin Ürəyə Qovuşmaq Arzusunda, İdeala qarşısıalınmaz Meyildə, Dost­luq­da, Həyada, İsmətdə, Dünənlə Bugünün Təmasında, Özündənkeçmədə, Qeyrətdə, Müqəddəsliyin Əfsunlu  Cazibədarlığında Əbədi, Sonsuz Mütləq yaşayır.

Mənim Allahım Odur!

Sözə sığmayan, nisbi hadisələrin daxilində yaşayan, fəqət onlardan Yüksək və Kamil olan Mütləq!

Zəkada Dahilik, Mənəviyyatda Qəhrəmanlıq, Sifətdə Ruhani Gözəlliyin İfadəsi, Hissiyyatda Sevgi, ictimai həyatda – Azadlıq!

Mövcudiyyatda  – Mütləqə qovuşmaq diləyi, Tarixdə – Xal­qın Ölməzliyi, Təbiətdə – Dağların Vüqarı, Səmanın Sehrli Ən­gin­liyi, Cəmiyyətdə – Torpağın Vətən səviyyəsinə qalxması!

Bunlar Mütləqin təzahürləridir!

Mənim Allahım Mütləqdir!

İnsan Özündənkeçmə, Fədakarlıq Yüksəkliyinə qalxır, Adili­yin­dən, Keçiciliyindən, Qorxu Duyğusundan xilas olursa, Özün­dəki Mütləqə yaxınlaşır!

Xalq sonsuz Mətanət, Əzab-Əziyyət bahasına öz bənzərsiz­liyini, Bəşəri Ləyaqətini saxlayırsa, – Özündəki Mütləqə yaxın­laşır!

Ana Övladına Məhəbbətdə Dahilik göstərirsə – Özündəki Müt­lə­qə yaxınlaşır!

Məhəbbətdə iki şəxs bir olursa, cismani qovuşma Ruhani Qovuş­maya çevrilirsə –  İnsan Özündəki Mütləqə yaxınlaşır!

Günəş Yerə, Torpağa, Canlılara, Bitkilərə öz Şəfqətini Səxa­vətlə paylayırsa – özündəki Mütləqə yaxınlaşır!

Sifətdə İnsanın Dünyaya sığmayan Mahiyyəti öz İfadəsini tapırsa, – Sifətdə Mütləq İşığı parıldayır!

Musiqinin Vəcdli, Sehrli, Sirli səsi – Mütləqin səsidir…

Şəxsiyyətin özünü yenidən yaratmaq əzmi  – Mütləqin təza­hü­rü­dür.

Peyğəmbərlərin Sözlərində, Qəhrəmanların Əməllərində Mütləq yaşayır!

Zülmə qarşı hiddətdə, eybəcərliyə qarşı Nifrətdə, Mərhəmət­də, Qüdsiyyətdə Mütləq yaşayır!

Gecə Sükutunda, Səhər Oyanmasında, Şimşək Nərəsində, Yağışda, Qarda Mütləq yaşayır!

Ruhun bədən üzərində, İnsaniliyin Heyvanilik üzərində, Müd­rik­liyin Naşılıq üzərində qələbəsində Mütləq yaşayır!

Amalın Ömrə Hakim olmasında Mütləq yaşayır!

Mənim Allahım Mütləqdir!

Mən Ona Səcdə qılıram. Onunla yaşayıram. Onun tələblərinə əməl edirəm.

Mütləq Dünyada təzahür edir, Dünyanın daxilindədir. Ancaq Dünya təkcə Mütləqdən ibarət deyil.

O, həm də şərdən, naqislikdən, çirkinlikdən, adilikdən, bəsit­lik­dən ibarətdir.

Dünya heç vaxt tam Mütləq olmur.

Mütləq Həmişə Gerçəklikdən Yüksəkdir!

Ancaq Gerçəklikdə həmişə Mütləqə can atmağa, ona yaxın­laş­mağa, onunla bir olmağa meyil var.

Dünya heç vaxt tam Mütləq olmur, ancaq Dünya həm də heç vaxt Mütləqsiz olmur.

Mütləq həmişə Dünyada özünü büruzə verir, həm də Dünya ona yaxınlaşmağa can atır.

Mənim Allahım Mütləqdir!

Mütləq İnam, Mütləq Gözəllik, Mütləq Həqiqət, Mütləq Tərəq­qi, Mütləq Ədalət, Mütləq Fədakarlıq!

Mütləq məni Qanadlandırır, Qəhrəmanlaşdırır, Dahiləşdirir, Peyğəmbərləşdirir.

Özümlə Döyüşürəm, öz üzərimdə Qələbə çalıram, Gerçək­liklə razılaşmıram, Eybəcərliklə barışmıram, daim Mütləqə doğru irəliləyirəm.

Həm Əlçatmazdır Mütləq, həm də Yaxın!

Əlçatmazdır, çünki Gerçəklikdən Kamildir, Yüksəkdir.

Yaxındır, çünki özünü Gerçəklikdə büruzə verir, əməllərdə, hadisələrdə, keyfiyyətlərdə aşkara çıxır.

Həm Sonsuzdur Mütləq, həm də Sonlu!

Sonsuzdur, çünki Mahiyyətini Gerçəklikdə heç vaxt tam ifadə etmir.

Sonludur, çünki Gözəl və Mənalı hadisələrdə təzahür edir!

Həm Görünəndir Mütləq, həm Görünməz!

Görünəndir – ayrı-ayrı İnsanlarda, Gözəlliklərdə, Məziyyət­lərdə, Təzahürlərdə!

Görünməzdir, çünki özü öz təzahürlərindən Artıqdır, Alidir, Böyükdür.

Bu səbəbdən də mən Mütləqi həm görürəm, həm də görmü­rəm!

Görürəm Ülviyyətlə, Qüdsiyyətlə görüşəndə, ona qovuşanda, onda itəndə!

Görmürəm, çünki Mütləq bu gördüklərimdən daha Kamil, daha Mənalı, daha Möhtəşəmdir!

Görünən Mütləq məni görünməyən Mütləqlə Ruhani qovuş­mağa hazırlayır, birincidə ikincinin nişanələrini görürəm.

Peyğəmbərlərdə, Müdriklərdə, Özündən Keçənlərdə, Təbiət­də mən Mütləqin təzahürləriylə görüşürəm, onlarla bir oluram, Qüdrətim hədsiz dərəcədə artır; ancaq mən dərk edirəm ki, bun­lar Günəşin Şüalarıdır, Günəş isə Şüaların cəmindən Artıq­dır.

Mütləq Dünyanı yaratmayıb.

Ancaq Dünyanın Ülvi Mənasını, Sığmazlığını, özündən kəna­ra çıxmaq, İdeala qovuşmaq Qüdrətini yaradıb.

Mütləqə Səcdə qılıram, üzümü Ona tuturam və deyirəm:

– Ey yerə-göyə sığmayan, tayı-bərabəri olmayan, Dünyada nə varsa, hamısına Ali Məna, Gözəllik, Ülvilik  verən – Mütləq!

Mənə kömək et!

Yanında cılızam, kiçiyəm, naqisəm, nöqsanlıyam, günahlı­yam, qəbahətliyəm!

Qolumdan qaldır, böyüt, artır, yüksəlt, təmizlə!

Müqəddəslik suyunda çimizdir, zəifliyimdən, keçiciliyim­dən, naqisliyimdən uzaqlaşım!

Necə varamsa, azam, cılızam,  səndən uzağam.

Yaxınlaşdır məni özünə.

Həmişə mənimlə ol.

Qəmimdə də, sevincimdə də, balacalığımda da, yetkinliyim­də də, cavanlığımda da, qocalığımda  da, ölüm saatımda da, ümid məqamımda da – məni tək qoyma!

Ömrüm boyu sənə xidmət edəcəyəm!

Dünyada, İnsanda, Dünəndə, Bugündə Gözəl, Mənalı, Mü­qəd­­dəs nə varsa, hamısını yığacam qəlbimə,  onlardan daha Kamil bir Ruhani Surət yaradacam Mənəviyyatımda və  ona səcdə qılacam.

Sən mənim Atamsan!

Doğmam, Ülvim, Müqəddəsim – Mütləqimsən!

 

Güntay Atalı “Ölümlə Görüş” yazısını oxuyur:

 

Ölümlə Görüş

 – Məni aparmağamı gəlmisən, Ölüm? Gedək. Səndən qor­xum yoxdur! Çünki sən məni öldürə bilməyəcəksən! Cismim itməyəcək. Sabahkılarda təzədən peyda olacaq. Gözüm, üzüm,  saçlarım, dodaqlarım kimdəsə təkrar olunacaq. Sən olsa-olsa mənim indiki cismani biçimimi öldürürsən. Bu, ani ölümdür!

Cismimdə nə varsa – başqasında bərpa olunacaq: gözüm birinə qismət olacaq, saçım digərinə, əllərim bir başqasına. Cismimdən heç nə itməyəcək. Kimsə dünyaya mənim gözlə­rimlə baxacaq, mənim dodaqlarımla güləcək. Sən mənimlə bacara bilməzsən, ölüm! İndi tamam, vahidəm, sabah səpilə­cəm ömürlərə, talelərə!

Ruhaniliyimə heç cür xələl gətirə bilməzsən! Heç bir ali fikrim, duyğum, vəcdim, ehtizazım ölmür! Peyğəmbərliyim, filosofluğum, şairliyim ölmür! Hərarətli misram, vəcdli ideyam  ölmür! Bir vaxt naşıydım, zəifdim; gəlişini dəhşət sanırdım, elə bilirdim gəlməyinlə heçə çevriləcəm. İndi başa düşdüm, gördüm ki, qarşımda acizsən! Müqəddəsliyim əbədidir – öldürə bilmədin! Dahiliyim, Qəhrəmanlığım əbədidir – öldürə bilmədin! Məhəbbətim əbədidir – öldürə bilmədin! Zərdüştüm də sağdır – Füzulim də, Muğamatım da sağdır – Nəsimim də, Buddam da sağdır – Platonum da. Ruhum onlarda cəmlənib, onları öldürə bilməmisən!

Sən məndə böyüklüyü öldürə bilmirsən – balacalığı öldürürsən, sonsuzluğu öldürə bilmirsən keçiciliyi öldürürsən, Mənəviliyi öldürə bilmirsən – heyvaniliyi öldürürsən. Sən mənim bugünümü əlimdən alırsan, ancaq sabaha qovuşdu­rursan! Mənə oxşayan saysız-hesabsız körpələr gələcək dünya­ya və ürəklərdə əbədi ruhanilik gəzdirəcəklər! Naşısan, ölüm! Elə bildin məni Yer üzündən siləcəksən! Səhv elədin, ölüm.

Mənə ölüm Yoxdur!

 

Soylu Atalı: İnsan ölür, torpağa basdırırıq,  torpağa qarışır. Doğadakı bitkilərə enerji kimi köçür, o bitkilərlə yenidən yaşama qayıdır. Ona görə baxış, göz, qaş, kimlərdəsə, özündən öncəkilərə oxşayır. Sadəcə bütövlük parçalanır. Mütləq yoxluq yoxdur. Biz buna dünyanın anlamına görə yanaşırıq. Asif Atanın fəlsəfəsindən doğan hal budur, kainat əzəli, əbədidir. Kainatdakılar dəyişir. Planet dağıla bilər. Ancaq bu bütöv kainatın dağılması anlamına gəlməz. İnsan ölər, yenisi doğular, ağac məhv olar, yenisi bitər. Bulaq soğular, yenisi yaranar… Doğadakı, kainatdakı dəyişikliklər onun bütöv şəkildə yoxa çıxması anlamına gəlmir. Asif Atanın fəlsəfəsindən doğan hal odur, Yoxdan Varlıq yarana bilməz. Dünya əzəlidir, əbədidir mənaca, kamildir, sonsuzdur. Burada ifadə olunan bax bu dediklərimizdir. Bu deyilənlər insana böyük bir nikbinlik verir.

Hər zaman yas yerlərində vurğu edirəm, sözü insanlara ərəbcə deyirsiniz. Guya ölüyə gedib çatır nəsə. Bu deyilən sözlər ölü üçün deyil. Deyilən söz qalan üçündür. Qalana anlatmalısan, ölüm var. Qısa ömrünü gözəl işlərə, mənalı işlərə həsr elə. İnsan kimi yaşa. Bir-birinin qədrini bil. İnsanlığın qədrini bil. Mərifətin olsun, qanacağın olsun. Ölüm var. Günlərin bir günü bu biçimin olmayacaq. Ona görə özündən sonra nələrsə saxla, qalsın.

 

Yasin bəy “Aqibət” yazısını oxuyur:

 

Aqibət

İnsanı torpağa basdırdılar. Tabutunun üzərində göz yaşı tökdülər, baş daşına ismini, doğulduğu tarixi həkk elədilər, xatirələrini yad etdilər.

Biri dedi: Gözəl ailə başçısı öldü.

O biri dedi: Səmimi dost öldü.

Biri dedi: Xeyirxah, xalqsevər öldü.

Digəri dedi: İti, parlaq zəka məhv oldu.

Biri dedi: Həssas, zərif, hərarətli ürək sahibini itirdik.

O biri dedi: İşıqlı mənəviyyat söndü.

Mərhumun vəfadarlığından, fədakarlığından, mətanətindən doyunca danışdılar. Lakin bu sözlərin hamısı bir yerdə İnsanı ifadə etmirdi. Çünki İnsan bu deyilənlərdən sonsuz dərəcə artıq idi, onlara sığmırdı. Əslində İnsanı heç kəs tanıya bilməmişdi, o, həyata naməlum gəlib, naməlum da gedirdi, heç kəs onun kim olduğunu dərk etməmişdi, o, dünyaya, adi təsəvvürlərə sığmamışdı, torpağa da sığmayacaqdı, təbiətlə birgə oyanacaq, üzlərə, saçlara, dodaqlara, əllərə, ruhani niyyətlərə, arzulara, fikrə, duyğuya çevriləcəkdi, tapmadığı dünyasını daim araya­caq, arayacaqdı.

 

Soylu Atalı: İndi isə, zəhmət olmasa, ayaq üstə qalxaq, “Matəm üstə Mütləqlə təması”deyirəm:

Matəm Üstə Mütləqlə Təmas

Ölən – Əzəlidə qalır.
Əbədidə qalır.
Sonsuzda qalır.
Kamildə qalır.
Üzlərdə qalır.
Gözlərdə qalır.
Dodaqlarda qalır.
Xalqda qalır.
Ölən – Gerçəklikdən gedir – Mənada qalır.

Bununla da, törənimizi başa çatdırırıq. Kimin ürəyində söz varsa, onu dinləyəcəyik.

Düzgün: Burada olanlar görür necə tədbir keçirilir. Milləti göstərən bir neçə şərtlər var. Axundov demişdi, dirimizlə rusca, ölümüzlə ərəbcə danışırıq. Burda artıq səmimilikdən, özünü təsdiq eləməkdən qırağa çıxırsan. Sənin dilin də yoxdur, rus dilinə möhtac qalmısan, bu gün də ingilis dili. Ölü törəni də yoxdur. Sən necə millətsən. 11 il qabaq anam öldü. Asif Atanın dəfnində anam-atam iştirak etmişdilər. Onlar vəsiyyət elədilər, bizi də o qaydayla dəfn eləyin. Onlar həmişə Atanın kitablarını oxuyublar. Düzdür, molla da oldu, onun işi ancaq “Fatihə” vermək oldu. Ancaq söhbəti mənim Ocaqçı qardaşlarım apardı. Adamların çox xoşuna gəldi. Deməli, biz də nəsə eləyə bilərik. Ölümüzü öz adətimizlə, öz dilimizdə, öz sözlərimizlə götürə bilərik. Atamın da dəfnində belə oldu. Mollasız tam eləmək olmur. Cəmiyyəti hazırlamaq gərəkdir. Bizim ölügötürmə törənlərimizdə insanlar nə qədər milliliyə yaxınlaşacaqlar. Fəxr eləyəcəklər biz də millətik, öz törənimiz var. Bizim peyğəmbərlərdən qabar dədəlik institutumuz olub. Geniş dünyagörüşlü, milləti yetirən, hazırlayan dədələrimiz olub. Dədəlik institutu sübut edir bizim kökümüz nədir.

Günev Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Soylu Atalıya başsağlığı verirəm. Mən Cahan xanımı həyatda görmüşəm. Təbii, bütün gözəl cəhətləri ilə yanaşı Mütləqçi deyildi. Ancaq onun əzizliyi Azərbaycana, bu ölkəyə, bu xalqa Soylunu vermək oldu. İstəsə də, istəməsə də. İsanın anası Məryəm adi bir qadın idi. İsanı düşdüyü “bəladan qurtarmağa” çalışırdı. İsa anasının sözünə baxmadı, İsalığında qaldı, anası Məryəmin adını öz adının yanında göylərə yazdı. İntibah dövrünün rəssamları Məryəmin şəkilləri ilə nələr edib. Eynələşdirmək istəməsəm də, bu açıdan deyirəm, Cahan xalanı hansı qatda görürəm. Soylunun Soylu olmağında Asif Atanın etkisi əsasdır, ancaq onun fiziksəl varlığı üçün Cahan xanıma özəl olaraq minnətdaram. Bu gün dostlarımızın, aydınlarımızın buraya gəlməsi məni sevindirir. İçimdə göylərə qalxıram. Belə xalq çox zəngindir. Fitrəti çox zəngindir. Tarixi zəngindir. Bir-birimizi sevməməyimizdən, arxa durmamağımızdan yad ərəblər gəldi. Turan Dursunun yazdıqlarını oxuyan oxuyub. Aldada-aldada, qıra-qıra bizə verdilər dini. Suçumuz çox oldu. Təkcə yadların üstünə atmaq olmaz ki.

Mütləqçini yenmək olası deyil. Çünkü Mütləqçi nisbilikdən çıxıb, içində gəzdirdiyi Xeyir Mütləqdir. Nisbi Xeyir özündə Şər olanağı gəzdirir, Mütləq Xeyir Şərə qarşıdır.

Cahan xala Mütləqçi deyildi. Soyluya fiziksəl ömür vermişdi. Soylu Atalı, mənim üçün, Asif Atadan sonra, bəşər ruhaniyatında uca bir şəxsiyyətdir. Bəlkə də bu gün  bu görünmür, duyulmur.

Bəşəriyyətdə ölüm dəhşət sayılıbdır. Qorxudan sarsılır insanlar, ölüm birdəfəlik sildi, süpürdü, apardı. Cahan xala anaydı. Analıq keyfiyyətləri daşıdığına görə anaydı. Ölüm onu apara bilmədi. O keyfiyyətlər qalır xalqda. Balalarında, nəvələrində.

Ətalət var. Neçə yüzilliklər gəlmiş, oturuşmuş düşüncəyə qarşı, mədəniyyət çalarlarına qarşı söz, düşüncə deyirsən, burda bəlli rahatsızlıqlar olacaq. Ancaq mən həyatımda gördüyümü deyirəm. Asif Ata mənim evimdən mollasız, toplumun qatqısı ilə götürüldü. Anamın ilini mollasız keçirdik. Bacımın məclisini mollasız keçirmişəm. Seyid, molla oturmuşdu, dedilər fatihə-filan. Dedim burda nə ərəb var, nə ərəb dilini bilən var. Burda biz varıq, türklərimiz var. Öz dilimizdə nə deyirsiniz, onu dinləyək, ya da ona yön verək. Ancaq ərəb dilində bir kəlməyə ehtiyac yoxdur. Anamın ilində mənim sunuşumdan sonra başda Soylu, Güntay qardaşımız oturmuşdu. Sonra mən ora gələnlərdən soruşurdum, sizi necə etkilədi. Çoxlarının heyrətdən gözləri yaşarmışdı. O qədər ehtiyacları var. Ata deyirdi, bu xalq sizi gözləyən görünmür, ancaq gözləyir. Ona görə toylarda, yaslarda (4 gün qabaq Ağcabədiyə yas törəninə getmişdim) xalqa söz deyirik. Nə qədər ki insan öz düşüncəsinin bir yanını qaçaraq deyir, mütləq onu qorxudacaqlar. Nə qədər ölümü sarsıntıyla qəbul eləyir, o qədər da çaşbaş olacaq, özüm o halı keçirmişəm. Soylu mənə yaxınlaşıb demişdi, Günev ölümüzü elə-belə sükutlamı yola salaq, onu bütünlüklə mollayamı tapşıraq? – Cavab vermişdim: görmürsən, aləm qan çalxalayır, burda nə eləmək olar ki? Ancaq elə o məqamda beynimə gəldi, ey qafil, mən neyniyirəm, bundan da çətin məqam olar?! Soylu haqlıdır, söz deməliyik. Dedik də!

Hər yanda deyirəm. Yoldaşım da sonərkini edib, mən də etmişəm. Qoşulanlar da var. Məni ərəb qaydasıyla yönü bir qara daşa deyil, üzü Günəşə, türkün əzəli işıqçılıq yönünə doğru basdırın. Heç bir yad sözə ehtiyac yoxdur.

Bununla qulaqlar dolur dolmağına. Bir məqam gələcək. O aşamaları mən keçmişəm addım-addım. Təklərin gözlərindəki heyrəti bütün xalqda görəcəksən. Xalq elə-belə var olmur. Yönünü özünə çevirirsən. Yaxanı özgələrin əlinə verməklə xalq olmursan, boynuna alırsan, öz mədəniyətin yoxdur. Gəl sən ərəb,  rus, ya başqası, bunu yola ver. Atamız Var olsun!

Soylu Atalı: Bizim dirənişimiz zaman-zaman xalqın içində olub, bu ağırlığı gözə almaq gərəkdir. Ayrı-ayrı dostlarımız-tanışlarımız həmişə mənə deyirlər, filan şey olası deyil, filan şey belədir, yadlıq bu xalqın içində oturuşub. Bilin, olumsuz heç bir şey yoxdur. Çətinliklər var. Ancaq yerimişik, bu gün də yeriyirik. Nurtəkinin qaynanasını, Ulusəsin bacısını biz torpağa mollasız qoymuşuq. Ulsusəsin bacısını biz Nardaranda torpağa qoyduq. Orda hazırlıq görən adam gəlib dedi, bunun qolunu belə qalıdırmaq gərəkdir-filan. Dedim gərək deyil. Hamısı olunub, sən qırağa dur, hamısını görüb gətirmişik. Millətin içində ayrı-ayrı sağlam oğullarla iradə ortaya qoymaq olumludur.

İlqar Türkoğlu: Başınız sağ olsun. Düzdür, biz Atanın irsindən, əsərlərindən söhbət açırıq. Biz xalqı da günahlandıra bilmərik. Bunu kütləvi şəkildə yaymaq üçün Atanın bayram qutlamaları var, yas törəni qaydaları var, bunları ayrı-ayrılıqda qısaca şəkildə millətin içində yaymaq gərəkdir. Hər evdə bundan olmalıdır. Necə yaymaq olar əllərinin altında bir vəsait olsun, ərəbin yaratdığından qurtarmaq gərəkdir. Nəsə bir formula gərəkdir. Ərəbdən öncə türkün xarakterinə uyğun bayramlarımız var. Bu gün Atanın yazdıqları, bir örnək olaraq, hər evin içində olmalıdır. Deyirlər Azərbaycan müsəlman ölkəsidir. Statistika aparsan heç 5% də özünü müsəlman bilməyəcək. Hamı nifrət eləyəcək bu dinə. Ona görə bu insanlar həvəslə o kitabları da oxuyacaq. Bu bilgilərə yiyə olacaqlar. Hələ insanaların içində qorxu halı var, insanları bir çox işlərə yönəltmək çətin olsa da, ürəklərində buna yaxındırlar. Əsas o işi görmək gərəkdir. Onu hər ailəyə broşura kimi yaymaq gərəkdir.

Soylu Atalı: İlqar bəyin dediklərində həqiqət var. Bizim Yas quralı kitabımız iki abedə yazılıb. Ocaq-türk abesində, latın qrafikasında. Biz bunu iki dəfə çap elədik. Günsıranı şap edib minlərlə paylamışıq. Ulusəsin bacısı Nəsibə xanım da hər yerdə yayırdı. Buraxılışlarımızı çap edib yayırıq. İki il öncə bizi polisə, “bandotdelə” çağırdılar, nə üçün?! Oxulda görüş keçirib bunları paylayırdıq. Kimsə zəng edərək deyib, filankəslər görüş keçirib, qəzet veriblər. Dövlət qurumları da bizi çağırdılar. Bu çağacan 11 dəfə məni dövlət qurumlarına çağırıblar. Onlarla döyüşmüşəm. Millətin dəyərini yayıram, Millətin dəyərini öyrədirəm, nə pis iş görürəm?!

Razıyam, daha geniş şəkildə, yenidən üzünü işləməklə, çap edib yaymaq gərəkdir. Bizim ədəbiyatlardan birini, 400 tirajla, İlqar bəy öz yatırımıyla çap edib, bəzi çaplarda bizə yardımçı olub. Belə köməklər artsa işimiz qabağa gedəcək.

Vaqif Ucatay: Sizə başsağlığı verirəm. Hər bir xeyir, ya şər məclisi elədir, insanlar toplanır bir yerə, özünü ifadə üçün çox yaxşı bir məqamdır. Hərçəndi ölülərimiz üçün keçmişik bu yolu. Hər halda, həyat davam edir. Ancaq bura düşünən insanların yığılması çox xoşdur. Burda millətimizin özünü tanımaq istəyən, tanıyan insanları var. İnsanlar öncə təpki ilə qarşılayırlar, sonra görəndə ki, nədən danışılır, özünü tanımaqdan gedir söhbət. Tofiq bəyin anasının yasında da biz bir yerdə idik Soylu bəylə. Orada da ciddi söz deyildi. Adamlar anlaşıqla qarşıladılar, doğrudan da, niyə ərəbcə olmalıdır yasımız? Ərəbin burda nə işi var? Ərəbin burda dilini bilən var, ya ərəbin nəslindən kimsə var?! Qadının baş örtüyünə qədər gəlib çatıb bura. Mən öz ixtisasımla bağlı bilirəm, nə qədər xalqı özünü özünə göstərirsən, bir o qədər ona xoşdur. Onun yası, eləcə də onun toyu, bayramı, qılınc müsəlmanı deyilən iyrənc bir söz var, zorla elətdiriblər. Burda bir məsələ var. Mən bir Soylunun timsalında gördüm axıra qədər qabağa apardılar Ocağı, onun milli döyüşünü. Biz bir vaxtda tanımışıq Asif Atanı. Mənim işim bir az başqa idi. İşimlə bağlı mən, Atayla bir yerdə sıx-sıx ola bilmirdim. Ancaq elələri var idi, dağıldılar, Atanın yolunda qala bilmədilər, çox təəssüf. Mən istəməzdim belə olsun. Kaş güclər ayrılmayaydı. Ancaq bu təpkilər, düzgün yanaşmalar son dərəcə gərəklidir, bunu Ocaq həyata keçirir. Asif Atanın zəhməti yerdə qalmır. Sizə uğurlar arzulayıram. Bir daha başınız sağ olsun.

Tofiq bəy: Asif Atanın işi çətin işdir, uzun işdir. Bu, 20, 30 ilə yayılan deyil. Uzun illər gərəkdir.

Ocağın əlifbası var. Mənim 5-ci sinifdə oxuyan nəvəm var. Bu əlifbada yazır. Bu abeni çox yerlərdə yaymaq gərəkdir. Bəlkə ticarət bağlamalarının üstündə, ya harda yaymaq gərəkdir, evlərdə olsun. Mən bilirəm Soylu bəy, Ocaqçılar çox işlər görürlər.

Aydın bəy: Soylu qardaşımızı mən əsgərlik vaxtından tanıyıram. 34 il öncə bir yerdə olmuşuq. Dünyagörüşlərimizdə fərqlər ola bilər, ancaq saatlarla, gecə səhərə qədər söhbətlərimiz olubdur. Sayğı bəslədiyim bir şəxsdir. Türklük bizim qanımızdadır. Bizim türk milləti olaraq, yas qaydamız özümüzəxas olmalıdır. Ya ərəbə, ya başqa  millətə qarşı yox, hər millətin özünün qaydaları olmalıdır. Biz də bir millət olaraq, ortaya qoymalıyıq, bizim də özümüzün gələnək­lərimiz var. Bu səpgidə olan bütün düşüncələrlə razıyam. Soylu qardaşıma bu gün başsağlığı verirəm. Biz sevdiklərimizi təkcə torpağa gömmürük, ürəyimizə gömürük. Onlar bizimlədir, bizim xatirələrimizdədir.

Sizin gördüyünüz iş böyükdür mahiyyətcə. Mənim də görə bilmədiyim işi Soylu qardaşım görür. İnsanın fiziki ya maddi gücündən getmir söhbət, insanın mənəvi gücü var. “Palaza bürün, elnən sürün” çərçivəsindən çıxıb qardaşımız. Özünün düzgün hesab etdiyi dünyagörüşü var. Toplumda elə insanlar var, sizin düşüncələrinizin 100 % i ilə olmasa da, 80-90 %-i ilə razıdırlar. Milli özümüzəməxsusluğumuzu qorumaq istəyən, milli kimliyi ortaya qoymaq istəyən hər bir adam sizin düşüncələrinizin çoxluğu ilə razıdır. Sizə uğurlar arzulayıram.

Qədim (Nadir) bəy: Başsağlığı verirəm. Bizim Ocaqçılıq həyatımızda o qədər olaylar olub, o qədər dəhşətlər olub onu həyatdakılar bilə bilməz. İstəklərimizi, əməllərimizi çətin günlərdə tamam başqa duyğularla həyata keçirirdik. Ancaq Asif Ata öləndən sonra, Soylu qarışıq, Evladlar çox böyük işlər görüblər. Bizim də umacağımız var axı. Bir dostum var, deyir neyləyirsiniz. Ona ədəbiyyatlar da vermişəm. Deyirəm, sən də bir işin qulpundan yapış. Sən deməlisən mən də varam, mən də eləyim. Biz çağında çox işlər görmüşük, ədəbiyyatlar yaymışıq. Görülməli işlər çoxdur.

Soylu Atalı: Belə söz var, çünki oldun dəyirmançı. Doğru deyirsiniz, bir işi görəndə deyirlər bunu da eləmək gərəklidir, onu da. İnsanlar bu qayğıyla uğraşmırlar, biz isə bununla uğraşırıq, ona görə də hər şeyi bizdən umurlar. Bunu da anlaşıqlı qarşılamalıyıq.

Abil bəy: Sənə başsağlığı verirəm. Toplumun mövqeyindən asılı olmayaraq, hər birey bu millətin övladıdır. Soyluyla bir yerdə, Göylü, mən Borçalıya səfərimiz zamanı Cahan xalanın qonağı olduq. Türk qadını kimi ləyaqətlə, fədakarlığıyla bizi qonaqladı, mənim üstümdə haqqı var. Bir neçə gün onlarda qaldıq.

Bizim analarımız həyata, həyat yoldaşına, övladlarına bağlı olublar. Bəlkə heç özləri də bilməyiblər kimləri tərbiyə ediblər. Bunlar sonradan gəlib kimlər ola bilərlər. Həmin o məişət qadını hesab elədiyimiz çəlimsiz, arıq, evinə, ailəsinə bağlı fədakar, zəhmətkeş anaların övladları zaman-zaman Azərbaycan xalqının iradəsini ifadə ediblər, yüzillər boyu. Bu gün həmin analardan birini itirdik. Yas məclislərində iştirak edəndə bir istəyim olubdur. Mən kəskin müdaxiləni sevmirəm, yersiz uyğun olmayan danışıqları da. Çalışmışam yas törənində ölən haqqında söz deyilsin. Əmimin yasında deyirdim, bu adam haqqında söz deyin. 90 il ömür yaşayıb. Mənim atamın 91 yaşı var. Bir qoca avşar türk kişisidir. Mənim babam Güneydən köçüb gəlib bura. Bu gün də gözü o taydadır. Ona bir şey olarsa, qardaşlarıma-bacılarıma, hazırlamışam deyəm, söhbət bu kişidən getməlidir. Gərək deyil 7 gün oturaq. Lap 2-3 saat oturaq, ata haqqında danışaq. O yerin-yurdun tarixindən danışmaq gərəkdir. Musiqisindən, mədəniyyətindən. Bizdən  qıraqda heç nə olmamaldıır. Zaman-zaman paralellik yaranmalıdır. Sonra ərəb gələnəyi sıxışdırılıb çıxarılacaq. Əməlçiliyi də ortaya qoymaq gərəkdir. Yüzillərdir oturuşub bu xalqda. Düşüncə yükü də ağırdır. Görmədikləri, bilmədikləri bir yükü yükləyə bilməzsən. Onlara fantastik gələn sözlərdir. Oturuşmuş bir düşüncəni bir gündə beyinlərdən çıxarmaq mümkün deyil. Ancaq bu yöndə iş gedir. Ocağa gəlmək bir cəsarət idi. Qardaşım Bağban da Ocaqçı idi, bilirsiniz. Ocaqdan çıxıb gedənlərin də, inanmıram Ocaq ömürlərindən tam çıxa. Həmişə ürəklərində qalır. Atanın dövründə Atalıyıq deyənlər vardı. Yüzlərlə gəldilər. Kimsə sona qədər getdi, kimsə yarıya qədər. Ancaq bu yol davam edir.

Yadigar Türkel: Soylu bəyə başsağlığı verirəm. Mən sizin toplantıdan sevindim. Sevincimdən tapammıram nə danışım, nə deyim. Sizə dövlət dəstəyi yoxdur. Bu adamı yandırır. Dövlət belə qurumlara yön verməlidir. Acınacaqlıdır. Azərbaycanda bu yoxdur. Düşüncələriniz düzdür. Türk düşüncəsidir. Mən də istəmirəm qohum-əqrəba, ya başqası, sonərk edəcəm, deyəcəm belə edin. Türkəbənzər davranış olsun. Bu yaxınlarda bir yasda oldum. Məhkəmə sistemində işləmiş bir adam idi. Məclisi apardı, belə də olmalı idi. Bayaq siz dediyiniz ayrı-ayrı detallar vardı. Mən sizə uğurlar diləyirəm.

Asif Ozan: Soylu bəy, sizin hər birinizlə olanda düşünürəm dünyada olan türk qövmləri nə qədər xoşbəxtdir. Onların sırasında tarixən Azərbaycan türkü dediyimiz, Azərbaycan adlandırdığımız bir qol var. Ona görə ki, tarixin bütün aşamalarında türkün intellektual, ruhsal yükünü daşımaq missiyasını onlar öz çiyninə götürüb. 20, 21-ci yüzildə də Azəbaycan türkləri Türk dünyasının ruhsal, intellektual yükünü daşıma missiyasını öz üzərində daşıyır. Bu da Ocaqçıların simasında görünür. Mən bütövlükdə Asif Ata fəlsəfəsindən, dünyagörüşündən gələn, o yükü daşıyan insanalrı nəzərdə tuturam. Nə yaxşı bu gün Azərbaycan türkləri ərəbin, qərbin, farsın, digər yabançı dünyagörüşlərin dəyərlərini bağrından qoparıb milliləşdirmək üçün meydandadırlar. Ancaq nə yazıqlar, bu gün Azərbaycan türklərinin böyük vətəni coğrafiyası tikə-tikə parçalanıb. O tikələrdən biri də Borçaldıır. Borçalı ümumvətənlikdən ayrılıqda qalan bir parça olsa da, milli ruhumuz digər bölgələrdən heç də zəif yaşamır. Bu gün türkün  Borçalı adlı yavrusundan Cahan xanım adlı bir xanım qopdu. O yalnız cismən köç elədi. Ruhən öz yurdunda, torpağında qalacaq. Təkrar-təkrar cücərmək üçün. Hər bir ana kimi, Cahan xanım da, torpağın bir parçasına öz ruhundan, öz hənirindən bir müqəddəslik mayası qatdı. Bu müqəddəslik mayası o torpağın bir parçasını materiyadan ocağa çevirdi. O ocaq bütöv Azərbacyan ruhuna, bütöv Azərbaycan işığına işıq qatdı, güc verdi. Bunu onda görmək olar ki, əgər o Ocağın gücü olmasaydı, çox güman ki bu gün Soylu Atalı həmin ocaqdan İnam Ocağına yüksələ bilməzdi. Əgər o ocağın işığı güclü olmasaydı, Soylu Atalı Asif Ata işığına qovuşa bilməzdi. Əgər o işıq olmasaydı, o güc olmasaydı, bu gün həmin yurdda biz yox, yabançılar olardı. Əgər həmin güc olmasaydı, Soylu bəyin ürəyindəki Borçalı sevgisi, o sevginin üzərində Azərbaycançılıq, türkçülük, bütövlükdə bəşərilik sevgisi rişələnə bilməzdi. Əks halda, bu gün Soylu bəy də Azərbaycanın cahillik və nadanlığın caynağında çabalayan sıra adamlarından biri olardı. Bu gün Soylu bəyin Soylu bəy olmasıın səbəbi ilk növbədə Cahan xanımın yaratdığı, öz ruhuyla, nəfəsiylə yaratdığı materiyanı Ocağa çevirən ruhudur. Ona görə mən əminəm ki, bu gün Cahan xanım ruhu, öz canında, öz bağrında türkçülüyü, azərbayançılığı insanlığı bir cövhər kimi daşıyan Soylu bəyin ruhunda təcəssüm edir. O, Soyluların ruhunda yaşayacaq. O, Soylu bəyin daşıdığı ideyada əbədi olaraq yaşayacaq. Ona görə mən əminəm ki, bir ananın ruhundan qopan işıq, güc onun övladlarının yox, bütün millətin ruhunda yaşayır. Başınız sağ olsun.

Həmid Ormanlı: Başınız sağ olsun. Doğrudan da, mənim üçün xatirəsi əzizdir onun. Çünkü Soylu Atalı kimi bütövləşmiş kişinin anasıdır. Mən sizi tanıyaraq onu sevmişəm, onu üz-üzə görməmişəm. Söhbət gəldi İslam dini filan münasibətlərə. İslam dini get-gedə çəkilir qırağa. Bakıda molla bilir gələndə danışmaq gərək deyil. Onun yerini dolduran aydınlar gərəkdir. O da yoxdur. Ona görə silahlanmaq gərəkdir Asif Atayla.

Biri də var Başkeçiddə. İki ay olar ordan gəlirəm. Beş-altı nənələr var, onlarla söhbət edirəm, bunlardan birinə dedim, sən niyə dillənmirsən, ay nənə. Dedi, bunlar aman vermir, ancaq mən nənən də elə-belə adam deyiləm. Dedi, bu yaxınlarda bizim baş molla  (Allahşükür Paşazadə) buraya gəlmişdi, Başkeçidə. 15 qadın seçdilər qulluğa, onun biri də mən olmuşam. Gedib ətəyindən öpdüm. Sonra sağ olsun, oturdu qalxdı, biz bir-bir o stulu öpdük.

– Dedim niyə öpürdünüz.

-Deyir qurban olduğum, Məkkəyə gedib, ordan gəlib. Sonra öz kitabından yazıb bizə verdi. Örtüb gizlətmişəm, hərdən açıb öpürəm. Balalarıma kömək olur.

Borçalının durumu faciəvi durumdur. Qaraçöpdə, başqa yerlərdə İrandan fars, ya başqası gəlib torpaq alıblar. O torpaqda da az maaşla adamları işlədirlər, əvəzində kitablar verirlər. Bizim strategiyamız, milli konsepsiyamız olmalıdır. Dövlət olaraq baxışımız olmalıdır. Hərə öz miqdarında iş görür. Mən də nə qədərəm o qədər. Soylu bəyə özəl olaraq minnətdaram. Bilmirəm havayla, suyla, nəyləsə, haraya dönmüşəm, sizə qayıtmışam. O qədər dürüstsünüz, o qədər yolunuzda düzsünüz, millətə, ruha, kökə o qədər bağlısınız, ancaq fəxr eləmək olur. Qürur duyuram sizin kimi millət oğluyla. Cahan xanım balalarında yaşasın.

Xaliq Bahadır: Soylu bəy, mən sizin Borçalıdan yazdığınızı oxudum. Həmid bəy də danışdı. Orda mən bir yer tutdum, boşluq. Azərbaycanda bu gün açıq-açığına ekspansiya gedir. Bizim nəyimiz var əlimizdən alırlar. Güclə, zorla almırlar. Boşluğa, yiyəsizliyə yiyələnirlər. Bizdə təhsil sistemində boşluqlar var. Milli ruhun yoxluğu istər-istəməz böyük boşluq yaradır. Bir yandan fars öz ideologiyasını yeridir, bir yandan ingilis vəhhabi ideologiyasını yeridir. Kim nə istəyir eləyə bilir orda. Əslində onların heç birinin suçu yoxdur. Suç bizim özümüzdədir. Bizim türklüyümüz, türkçülüyümüz yalançı xarakter daşıyır. Biz dilimizə yiyələnmirik. Mədəniy­yəti­mizə, tariximizə yiyələnmirik.  Böyük boşluq yaranır, gəlib o boşluğu tuturlar. Başlıca işimiz o boşluğu doldurmaq olmalıdır. Biliklə yanaşı milli ruhumuz olmalıdır. Bizim təhsil sistemində çox şey var, milli ruh yoxdur. Milli ruh yoxdursa, gətir sən Eynşteyni qoy, o, Eynşteyn olacaq, Azərbaycan olmayacaq. İtkilərimiz bununla bağlıdır. İtirə-itirə gedirik. Nə qədər o boşluğu özümüz doldurmamışıq, onu fars dolduracaq, ərəb dolduracaq, ingilis, amerikan dolduracaq. Bunun bir yolunu bilməliyik. Başınız sağ olsun.

Yasin Türksoy: Başınız sağ olsun! Evinizdən işıq əskilməsin! Məclisimiz üçün gərəkli sözü Günev Atalı dedi. Cahan xala Ocağa Evlad yetriən Evladın anasıdır. Özündən asılı olmasa da, bu ləyaqətə sahib oldu. Şərqdə, Azərbaycanda, Türk Dünyasında olay baş verdi. Asif Ata fəlsəfə yaratdı. Ruhaniyyat yaratdı, İnam yaratdı. Ocaq quruldu. Bu Ocağa Evladlar gəldilər. Onlardan da biri, davamçısı, dönməzi Soylu Atalı oldu. Cahan xala Ocaqçının anası oldu, Ocağa Evlad yetirən ana oldu. O şərəfə layiq oldu. Cahan xalanı burda görmüşdüm. Soylu bəy ona qulluq edirdi.

Bizim məqsədimiz milli kimliyimizi formalaşdırmaqdır. Adımız özümüzdən, evlənmə, ölügötürmə qaydamız özümüzdən olsun. Musiqimiz, memarlığımız, mədəniyyətimiz özümüzdən olsun. Bu boşluğa yabançılıq doldu. Əməyimiz, çarpışmamız bununla bağlıdır. Hamımız bu işdə bir-birimizə dəstək olmalıyıq, gücümüz yetdiyi qədər kömək edək Ocağa. Azərbaycan türklərini bir yerə yığmaq, bütöv Azərbaycanı qurmaq çox çətin iş olsa da, ümidimizi itirmirik. Çətin məsələdir Azərbaycan türklərini bir yerə yığmaq, saxlamaq. Bu gün Azərbaycan toplumu dini təriqətlərə qoşulubdur. Özgənin torpağında qutsallıq adı altında döyüşür, itirən vətən olur. İtirən bu millətin insanları olur. Bugünkü yas törənlərimiz bəllidir, orda nə iyrəncliklər var. Yeyib-içmə məclisidir. Pul yazdırma, yemək həşiri. 124 min peyğımbər göndərirlər bir topluma. 124 min peyğəmbərin yetişdirə bilmədiyi bir millətin gələnəklərini daşıyırıq. Türk toplumu üçün bu fəlakətdir.

Mənim babamın yasında molla ilə bərabər Ocaq da söz dedi. Mollaya təpinirdim sakit ol, səssizliyi pozma. Atam savadsız adamdır, Ocağın sözünü eşidirdi, ağlı kəsirdi. Görür burda ağıllı sözlər deyilir.

Bizim istəyimiz, çabamız budur evlənmə, yas qaydamız milli olsun. Hərənin əlindən nə gəlirsə, qatqı olursa, çox yaxşı.

Soylu Atalı: İki saatdır burda oturmuşuq. Törəndə içini, sözünü ifadə eləmək özü bir dəyərdir. İnsanlar öz düşündüyünü bölüşməlidir. Bizim yas yerlərimizdə milli söhbət olmur, böyükləri­mizin adı çəkilmir, bizi quran, yaradan şəxsiyyətlər anılmır, ancaq yadlıqlar, yadlıqlar. Ona görə ölənlə bir yerdə dəyərlərimizə üz tutmağımız, eləcə də şəxsiyyətlərimizi anmağımız, böyük kimliyimizin sorağını paylaşmağımız, bölüşməyimiz özü bir dəyəərdir. Hər birinizə içimdən təşəkkür edirəm. Hər biriniz sağ olun, gəlib burada bizim sözümüzə söykək oldunuz, yasımızı ifadə elədiniz. Var olun.

 

Yağış Ayı, 40-cı il.

(noyabr, 2018)  

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir