Xəbərlər

Türkel Atalı. “Ulufərəh” Ailəsinin mərasimində hesabat

“Ata Günü” mərasimi haqqında düşündüklərim: Konkret olaraq bəhrələndiyimi və götürdüyümü demək istəyirəm. Ulusəs Atalının çıxışından sonra fikirləşdim ki, müəyyən məqamları tənqid eləmək, araşdırmaq gərəklidir. Ancaq gərək olanda. Mənə xoş təsir eləyər ki, hansısa tədbirdə hansısa amaldaşımdan qüsurumu eşidim, bilmədiyimi bilim. Söz yox tədbirdə. Başqa məqamda istər-istəməz mövzuya çevrilirsən və uzun söhbətdən heç nə ortaya çıxmır, heç nə aydın olmur. Tənqidi inanaraq deyəndə qarşındakının özünü özünə göstərə bilirsən.

Ocaq Yükümlüsü mərasimdə nişanə verir, söz deyir. Söz deyəndə qabartmır ki, hansısa bir Ocaqçının ay ərzində elə də ciddi ömrü, əməli olmayıb. Biri var kiminsə ay ərzində əməlsizliyini, zəif çalarlarını qabardıb deyəsən bu cür hal səni bitirər, belə yaşamla qabağa gedə bilməzsən. Bir də deyəsən ki, sənə inanıram, müəyyən çatışmazlığın var, ancaq onu yenəcəyinə böyük ümidim var. Və təbii ki, əsaslandırasan. Əslində bu İnam, bu ümid sayəsində qarşındakını özünə tanıdırsan.

İnsanlar bir-birinə bu günün məntiqi ilə münasibət bəsləyirlər. Ona görə də insani hal, insani mühit yaranmır. Nə isə burda dərinə gedə bilmirəm. Fikirlərim özümə aydındır. Ancaq zəif idraklı olduğuma görə yazıda düşündüklərimi tam aydınlaşdıra bilmirəm. Zəif idraklıyam deməklə də iş bitmir. Bəlkə özümü sığortalayıram, əziyyətdən qaçıram. Belə məqamlar adətən şüuraltı məsələlərdir. Bəlkə bir az səy göstərib dərindən düşünsəm, özümə daha çox şey aydınlaşdıra bilərəm.

Ay ərzində təhsil aldığım ali məktəbdə bezikməmək üçün “1001 gecə”, “Çingiz xan” kitabları ilə maraqlanmışam. Oxumuşam demirəm. Çünki oxuduğumdan nəticə çıxartmamışam. Sonra, Ocaq Yükümlüsünün gündəliklərindən birini oxudum. Bu gündəlikdə Qara babamın əməliyyat dönəmindəki yaşantılar qeyd olunub. Gündəliyi oxuduqca onun gərəkliyini hiss eləyirsən ilk növbədə. Burda təkcə yaşanan an yazılmır. Yaşadığına münasibət bildirməklə, onu təhlil etməyinlə, insan münasibətlərini düşünməyinlə örnək olursan, yaşadığın günlərə dəyər verirsən. Ocağın ömürləri bu dərəcədə nizamlaması, ömürdə yön yaratması insanın yerə-göyə sığmayan qələbəsidir. “Gündəlik” səni həm özünə, həm də başqasına tanıdır. Gündəliyi yazmasan, yaşadığın zənginliyin sabahlaşmasını bada verirsən.

Dünən axşam saat 7-yə yaxın olardı Üstün mənə zəng elədi. “Ailə Günü”nün vaxtını ayın 30-u- İnam gününə salmağın məqsədəuyğun olduğunu dedi. Soruşdu “necəsən?” “Yaxşıyam” dedim. Hərçənd mənim yaxşı olan vaxtım çox azdır. Bəlli sıxıntılarımdan içim yenə dolu olsa da, diqqətimi düşüncələrimdən ayırmıram. Çünki hərənin öz dünyası var. O da mənə məxsusdur. Heç kəs heç kəsin əvəzinə yaşaya bilməz axı. “Mən öz sıxıntımı daim gözə soxum ki, kimsə mənim yerimə o sıxıntını yaşasın mən azad olum”…

Mən də Üstündən “necəsən?” deyə soruşdum. O da mənə “belə də” deyə cavab verdi. Bu “belə də” nə yaxşı olmaqdır, nə pis olmaq. Səbəbini bilmədiyimə görə bir söz demədim. İndi fikrimi Ocaq Yükümlüsünə yönəltmək istəyirəm. Onun əhvalının dəyişməzliyi məncə hamıya məlumdur. Gerçəklik və onun qayğıları Ocaq Yükümlüsünün ruhani halını pozmur. O, heç vaxt  “halım pisdir” deyib ağzını sürümür. Gündəliyində də bu əhvala rast gəlmədim. O, həmişə qarşısındakına içinin, ruhunun əhvalını bildirir. Bilir ki, gerçəkliyin qayğıları həmişə var, qaçılmazdır. Ona görə gerçəkliyin qayğısını ruhuna yük eləmir. Gərəkəndə o qayğını yoluna qoyur. Başqasının halını, diqqətini özünün qayğıları ilə məşğul eləmir.

Gerçəkliyi beynində yük eləyib pis ola-ola yaxşı olduğunu demək də olmur. Soruşarlar ki, niyə yaxşısan? – Qalarsan sözsüz. Hər kəsin içində pis olmağın səbəbləri yetərincədir. Ona görə hər kəsə balaca bir diqqət ayıran kimi, başlayır giley-güzara. Hər kəs bir-birinə yük olmaqdan ləzzət alır. Mən Günev əmiylə o qədər də ünsiyyətdə olmamışam. Tanıdığım qədər onun da üzündə sönüklük, şikayət əhvalı görməmişəm. Mənə elə gəlir, onda da bu cəhət öz təsdiqini tapıb. Daim içi qaynayır. Ona qığılcım lazım gəlmir ki, alışsın. İçinin odu, Ocaqla nəfəs almağı gözlərindəki işıqdan, üzündəki yenilməzliyindən, ortaya qoyduğu, təsdiq elədiyi ömründən görünür. Ürəyində əbədi Günəş var. O Günəş ki, onu sığmaz eləyir.

Atamız var olsun!

Yağış Ayı, 33-il.
Saray-Soylu.

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir