Xəbərlər

“Ulufərəh” Ailəsinin 34-cü ildə III “Ailə Günü” Mərasimi

“Ulufərəh” Ailəsinin “Ailə Günü” (22 İşıq Ayı, 34-il (22.05.2012)
“Ata Ruhuna Pənah Gətirmişik!” səcdəsi ilə tədbir başladı.
Göylü Atalı:  Mütləqim, Müqəddəsim, Ulu Peyğəmbərim Asif Ataya – İnam Ataya Ali Səcdəylə!
Bu gün “Ulufərəh” Ailəsinin 34-cü ildə III Ailə Günü keçirilir. Əvvəlki iki tədbiri “Uluyol-Hünər” Ailəsi ilə birgə keçirmişik.
Mən bir neçə dəfədir tədbirlərdə söz demirəm. Bu da halımla bağlıdır. Ocaq tədbirlərinə layiq olmaq gərəkdir. Bu layiqliyi özümdə hiss eləmək istəyirdim. Doğru yaşamadan doğruluqdan danışmaq olmur. Doğru yaşamı tapana qədər, yetənə qədər susmağa üstünlük verdim.
Mən uzun müddətdir özüylədöyüş halı yaşamıram. Özümə nəzarəti itirdiyim üçün də taleyimi hər addımda fəlakətə sürüklədim. Adi xoşbəxtlik üçün böyük qurbanlar verdim. Ataya “Ömrüm sənindir” dedim, amma bu gün görünən o oldu ki, Ocağa özümü tam vermədim, öz ömrümü də yaşamaq istədim.
İçimdəki ailə istəyən, ailəyə tabe olan qadınmı qalib gələcək, insanmı (insan – Ocaqçı burda eyni anlam daşıyır), bunu zaman göstərəcək. Təbii, zaman həll eləməyəcək, yenə mən həll eləyəcəm. Söhbət bir qərar verib də arxasında durmaqdan gedir. Bu baxımdan deyirəm ki, zaman göstərəcək arxasında qətiyyətlə dayana bilirəm, ya yox. Hər halda yönüm, inadım onadır.
Əhval-ruhiyyəm tez-tez dəyişirdi. Bir aya yaxındır ki, içimdə oturuşma gedir. Soylunun varlığı, əlimdən çox tutdu, Atanı oxumaq nəfəs kimi gəldi mənə. Məni bu hallara salan əsas səbəb əslində fərəhsizliyim idi. Çünki bu aralar mən Ocağı yaşamadım. Mənim tipim elədir ki,  bugünədək Ocağı yaşamadan, hiss etmədən yol getməmişəm. Amma son vaxtlar sadəcə icra elədim Ocaqçılığı. Hansısa əməlləri icra edib bununla yetərlənirdim. Bu da fərəh vermirdi və boğulma halları yaradırdı məndə. Qarşımda bu boyda müqəddəs məqsəd varkən gözardı eləyə bildim. Nəticədə özüm gözardı oldum, bir müddət öz gözümdən düşdüm. Bütün hallarda bir şeyin fərqinə varıram ki, məni mən eləyən Ocaqdır. Başqa halda itmək və məhv olmaq olar.
…Bir məqamı deyəcəm. Təxminən bir ay əvvəl telefonumu itirdim. Soylunun ikinci telefonunu istifadə eləyirəm. Soylu zəng səsi kimi Qədirin “Sona Bülbüllər”ini yerləşdirib. Hər zəng gələndə ətrafımdakı insanlar maraqla üzümə baxır. Kimisi gözləmir, kimisi geridəqalmış nəzərləriylə baxır. Mənsə bu durumdan ilk günlər utanırdım. Hətta başlayırdım izahat verməyə: “mənimki deyil, dostumundur, məndə müvəqqətidir”. Düzdür, ilk gündən bu günədək də dəyişmədim, ən azından qeyrətə boğuldum. Sonra bu utancın özündən utandım ki, sənin bu musiqiylə fəxr eləməyin gərəkdir, nəinki utanmağın.
Bu bəlkə də zahirən adi bir şey kimi görünür. Əslində problem daha dərindədir. Bu o deməkdir ki, Milli dəyərlərə bağlılıqda səthilik varmış. Bu gün gerçəkliyim cəmiyyətin indiki durumuna enib. İstər musiqi duyumumda, istər geyimimdə, istər yaşam tərzimdə. Bir az ondan, bir az bundan.
Facebook-da son vaxtlar təzə adamlarla tanış olmuşam. Uzun müddətdir məşğul olmurdum. Sonra gördüm ki, ayrı-ayrı tanışlar maraqlamağa başlayıblar, – nə baş verib, niyə görünmürsən? Bu susqunluğun, çəkilmənin gördüm ki, Ocağın təsiri baxımından ziyanı dəyir…
Belə bir şey yazdım, o söhbətlərin biriylə bağlı idi:
Sənin dinlə döyüşündən Mütləqə İnam zədə də götürə bilər, xeyir də. Dinlə döyüşmək Mütləqə İnamın yayılmasında ciddi zəmindir. Lakin sən dinlə elə döyüşərsən ki, Mütləqə İnam zədə götürər.
Bir nəfərlə söhbət eləmişdim, ona görə yazdım bunu. Düzdür, o adamın halı, əhvalı da o deyildi, Ruhaniyyatı, dini dərk eləmək baxımından. Amma o söhbətdə səhv əsasən mənim oldu. Çünki halımdakı aqressiya-filan mənim söhbətimə yansıdı. Pis mənada döyüşə çevrildi o. Halbuki mən başqa məntiqlə əsaslandıra bilərdim fikrimi. Düzdür, o qəbul elədi-eləmədi, hansı mövqedə dayanır, o başqa söhbətdir, amma o söhbətdə səhv məhz mənimki idi. Yəni halımdan çıxış elədim.

Türkiyəli bir nəfərlə tanış oldum. “Yeşil Yurt” adlı qəzetin baş redaktorudur. Soylunun türkçülük yönündə bir yazısını qəzetdə çap elədi, saytda da yerləşdirdi. Göndərib də, bu günlərdə gəlməlidir poçtla. Atanın “Mütləqə İnam” kitabını Türkiyə türkcəsində çap eləmək niyyətindədir. Görək, söz verib, indi nə dərəcədə arxasında duracaq. Deməyinə görə orda bir universitetdə dekanla danışıb, tələbələrə dərsdən xaric bir dərs vəsaiti kimi verəcəklər, tərcümə etməyə. Hansı uğurlu alınsa o variantı çap eləmək niyyətindədirlər…

Bu, mənim özüylədöyüş və xalqlaşma yönündə qısa hesabatım.

Hələlik demək istədiyim bu qədər.

Ulunur: Amallaşma-Kamilləşmə-Xalqlaşma hesabatım.

Amallaşmam çox da əhatəli deyil. Yəni tam deyil. Sadəcə boş vaxt tapanda bir saat kitabla məşğul oluram. Hal-hazırda Ocaq Yükümlüsü Soylu Atalının “Amalımız  – yeni bəşər halı” kitabını oxuyuram.

Ocaqçı özünə vaxt ayırmalıdır. Ocaqçının halı yüksək olmalıdır, o haldan aşağı düşməməlidir. Məsələn, hər hansı bir işi bir dəfə görürsən, iki dəfə görürsən, üç dəfə, artıq dördüncüdə başqa hal insanı tərk edir. Ocaqçının ömrü də belə. Qurduğun halı yaşamaq və yaşatmaq. Ocaqçı kamilliyə yetməlidir. Kamil yaşamayanda, heç vaxt özün olmayacaqsan. Özündən yüksəyə qalxmayacaqsan.

Ocaq Yükümlüsünün “Amalımız – yeni bəşər halı” kitabından bəzi qeydlər.

Mən keçən “Ailə Günü”ndə dəftərimi gətirməmişdim, bir-iki cümlə ilə dedim. Onu oxumaq istəyirəm.

Qeydlər: “Dində Allah dünyanın mahiyyəti kimi dərk olunmur. Dünyanın bənnası və ağası kimi qəbul olunur. Bununla da Allah Mütləqiliyini itirir. Fantastik təsəvvürlərin əks-sədası səviyyəsinə enir. Doğrudan da Allah belə təsəvvür edilməklə balacalaşdırılır, mütləqiliyi itirilir. Allahla gözlər qorxudulur. İnsan necə qorxduğuna mütləq deyir, necə səcdə edir?! Mən yalnız inandığıma, sevdiyimə mütləqdir deyərəm, onun səcdəyə layiq olduğunu bilərəm. Bir kəslə bu mövzuda söhbət edirsən, deyir elə demə, cəhənnəmə gedərsən. Bu boş-boş fikirlər insanların beynində formalaşıb artıq. Bunları fikirləşən insan necə öz yönünü dəyişə bilər, necə əqidə sahibi ola bilər?! İnsanlar düşüncədən qorxurlar, Sözdən qorxurlar. Söz sahibi olmaqdan çəkinirlər. Asif Atanın belə bir fikri var: “İnsan – dində uydurmaya uyur. İnamda – həqiqətə yetir”.

Cəmiyyətdə insanlar olduqları yerdə qalıb, tərpənmək istəmirlər. Nə mənada tərpənmək istəmirlər? Yəni öz yollarında getmirlər, başqalarının dedikləriylə yaşayırlar. Hər tərəfdən əhatələnəndə hara gedəcəyini bilmir, hansı yola üz tutacağını bilmir. Ata deyir ki, “keçmişi ötmək – keşmişi öldürmək deyil, onu təzələməkdir”. Təzələnən yaşayır. Ocaq Yükümlüsü yazır ki, “insanla höcətləşən Allah necə mütləq sayıla bilər?” Belə dünyada yaşamağın özü bir əzabdır. Yeni bir dünya yaranmalıdır. O yeni dünya İnam əsasında qurulmalıdır. Asif Ata deyir, “İnamda insan dünyaya gözüaçıq gəlir ki, özünü görsün”. Yəni İnamda insan özünü qurur, yaradır və yaşadır.

Ocaqçının yetkinləşməsi, böyüməsi Ocağın və Ocaq mühitinin təsiri ilə baş verir. Ocaqçı belə-belə özünü içdən yaradır. Əsl Ocaqçı nə deməkdir?! İlk öncə Ocaqçı Ocağın nə qədər dəyərli olduğunu, getdiyi yolun mahiyyətini dərk etməlidir. Bu yolda nə olursa-olsun, gedəcəyinə inamı olmalıdır. Əgər o bir gün bu əqidədən üz döndərsə, onun həyatı məhv olar. Ömrünü bada vermiş olar. Belə deyək ki, bu, onun öz ömrünə xəyanəti olar.

Mənim Ocaqda və həyatda ömrüm necə keçir?! Özümlə çox maraqlana bilmirəm. Vaxt ayıra bilmirəm özümə. Özümü tam şəkildə kökləyə bilmirəm tədbirlərə, mərasimlərə. Özümü suçlayıram ki, sən necə özünlə məşğul olmur, özünə vaxt ayıra bilməyəcək dərəcədə acizsən. Birdən ayılıram. Ancaq bəlkə də ayılanda gec olur. Ancaq yenə də fikirləşirəm: insana baxırsan, onunla söhbət edirsən, görürsən ki, çox mənasız söhbətlər edir. Öz heyvani keyfiyyətlərini üzə çıxarır və bununla da öyünür. Tolstoy bir əsərində deyir ki, insan nə qədər yırtıcıdır. Hər şeyi məhv edir. Yolun qırağında bir gül görüb öz-özünə deyir ki… öncə görür ki, gülün üzərindən maşın keçib. Ancaq yenə də boynunu əyməyib, dirçəlib, baş əyməyib. Əsərin sonunda da həmin kəs özünü bu gülə bənzədir. Onun qolunu kəsirlər, döyürlər, vururlar və s. ancaq yenə də yıxılmır. Nə demək istəyirəm? Bu gün cəmiyyətdə adamlar onlara verilən insani keyfiyyətləri üzə çıxarmırlar, əksinə, həm alçaldırlar, və alçaltdıqca da alçalırlar. Məxluq səviyyəsində yaşayırlar diqqətlərdə və o səviyyəylə də barışırlar.

Ocaqçıda yeni istəklər yaranmalıdır. Hər gün bir istək yaranmalıdır. İçindəki ali keyfiyyətləri aşkarlamalıdır. O keyfiyyətlərlə oyun olmaz”.

Türkel: “Bu ay Atanın qəzetdə çap olunmamış müsahibələrinin dəftər şəklində hazırlanmış variantını, “Ulufərəh”in 25 ildə keçirilən Ailə Gününü (səsdən sözə çevrilmiş şəkildə dəftərdən) və 13-cü ildə keçirilən Ailə Günlərinin dəftərini oxudum. 25-ci ildə keçirilən Ulufərəhin “Ailə Günü”ndə söz deyirəm. Ocaq Yükümlüsü mənim çıxışımla bağlı belə bir söz deyir. Hələ yaşı az olduğuna görə başqa axtarışları yoxdur. Ona görə də çox vaxt dediklərində özünü təkrarlayır. Mən bu ay bu üç dəftəri oxumaqla dərk elədim ki, oxumaq, oxuduğunu düşünmək, təhlil eləmək yoxdursa, özünü təkrarlamaq halı qaçılmazdır. Çünki dünən hansı haldaydımsa, hansı səviyyədəydimsə bu günə həmin səviyyəylə gəlirəm. Atanı oxumaq adamı insani hala kökləyir. Səni işıqlı dünyaya – ruh dünyasına qovuşdurur. Gerçəklik qaranlıqdır, çünki insanların halı çox-çox aşağıdır. Gerçəklikdə cismən yaşayıram, ancaq gerçəkliyin halı ilə yaşamıram. Öz içimlə ruh dünyasında yaşayıram. Ruh dünyasında yaşayanın gerçəklik problemi olmur, Ruhani yaşamaq tələbi olur. Doğrudur, mən burda oxuduğumdan yaranan gözəl əhvalı bölüşürəm. Ruhani yaşamaq üçün hansı səviyyəyə, hansı böyüklüyə yetmək lazımdır?.. oxuyanda sanki yetməli olduğun azadlığına qovuşursan. Çünki mənayla üz-üzə qalırsan. Aşkarlanırsan, daxilinə endikcə orda insanlıq görürsən, həqiqətlə üzləşirsən. Bu insanlıq insan kimi yaşamaq ehtiyacı yaradır. Bu ehtiyac ona görə yaranır ki, adam aşkarlananda coşur. Torpağı xeyli vaxt sulamayanda onda çat əmələ gəlir. Torpaq bir-birindən aralanır. Elə ki, onu sulayırsan, görürsən ki suyu canına necə çəkir, torpaqda canlanma gedir. Bax, indi bu coşmaq da ondan irəli gəlir. Adam sanki aşkarlanmadığına görə uzun müddət susuz qalır. Elə ki, bir addım daxilinə enirsən, nəyisə görürsən, aşkarlayırsan, bu aşkarlanmağınla yetərlənə bilmirsən. Elə bil mənəvi qidan çatışmır. Daim dərinliyə düşmək istəyirsən. O dərinlikləri doydurmaq istəyin səni coşdurur.

Qəribədir, bu ehtiyac ancaq bu məqamda yaranır. Başqa məqamlarda insanlığın, insan kimi yaşamağın gərəkliyini bilirəm, başa düşürəm. Ancaq o cür yaşamağı bütün hallarda bacarmıram. Biri var, yalnız biləsən, ancaq için gerçəkliyin halında ola, bir var onu yaşayasan, için ruhani kökdə ola. Təbii ki, bilə-bilə, dərk edərək. Mən gerçəkliyin halı ilə daha çox yaşayıram. Buna görə də insanlıq gerçəkliyin tələblərinə dəyişdirildiyi üçün mənim biliyim heç nəyi dəyişmir. Gerçək yaşam təlabatını nə ödəyirsə, ona ehtiyac yaranır. Gerçəkliyin problemi məni dəyişə bilir, əyə bilir hələ ki.

“İmtinalarımdan fərəhlənə bilirəmmi?” mövzusu Ulufərəh”in 25-ci ildə I Ailə Gününə Ocaq Yükümlüsünün xeyir-duasını oxuyandan sonra ağlıma gəldi. Ocaq Yükümlüsü imtinalar barəsində danışır. Məndə belə sual yarandı ki, imtinalarım, məhrumiyyətlərim məni əzməz ki, ondan fərəhlənə bilirəmmi? Oxuya-oxuya gəldim sualın cavabını tapdım. Ocaq Yükümlüsü deyir ki, adam imtinalarından fərəh ala bilər. Niyə imtina eləyirəm? İnandığım üçün. Mütləqə inanmasan elə-belə imtina baş tutmaz. Mütləq xeyirin, həqiqətin, ədalətin baş tutmasına inamım olmasa imtinadan qaçaram. Sən öz inamınla işıqlı dünyaya – Ruh dünyasına düşürsən. Qaranlıqda – gerçəklikdə hər şeyə xarici gözlə baxırsan. Ona görə gerçəkliyin halı ilə yaşamaq sənin üçün əsil yaşamdır. Başqa cür yaşamaq sənin üçün məhv olmaqdır. Ali həyatda yaşamaq Gerçəkliyə İdrakın gözüylə baxmaq imkanı yaradır. Buna görə də inamın Mütləq olur. İnamsız imtina fəlakət gətirər, İnamlı imtina səadət. Mütləqə necə inana bilərəm. Daxilimə endikcə, aşkarlandıqca. Çünki o Mütləq mənim daxilimdədir. Atanı oxuyanda belə bir şey başa düşdüm ki, insanın mahiyyətində Mütləq olduğu üçün o insan adlanır. Mahiyyətində başqa şey olsaydı, insan adlanmazdı. O heyvanlıq, inamsızlıq, köləlik, əsarət onun mahiyyətində yoxdur. Gerçəklikdə yaşadığı üçün daxilində gəzdirir. Daxili ondan asılıdır, Gerçəkliyin əsarətindədir. Ancaq Ocaqçı üçün azadlıq həmin o imtinadır. İçimdə gerçəkliyin problemi ilə (tələbi ilə) məşğulamsa əsarətdəyəm, asılıyam ondan. Ata deyir insanın azadlığı özündən asılılığıdır.

Sonra 13-cü ildə keçirilən Ailə Günlərini dəftərdən oxudum. Ata deyir ki, Ata Evladları hünər ərəfəsindədir. Ərəfə hünərə çevrilsin. Düzdür, bu sözü o qədər də aydınlada bilmədim. Ancaq belə bir fikir yarandı ki, imtinasız yaşayan Ocaqçının həyatı sünidir, qurudur.
Atamız var olsun!
Göylü: Bu ay Nurtəkinin Ocağa gəlişinin 16-cı ilidir. Mərasimdə sözümüzü deyərik. Sözün varsa, buyur (üzünü Nurtəkinə tutur).
Nurtəkin Ataya səcdə edib Bayrağımızı öpür: “Mən Ulufərəh Ailəsinin Ailə Gününü təbrik eləyirəm. Bir yerdə “Ailə Günü” keçiriləndə o da maraqlı idi, amma ayrı-ayrı keçiriləndə bu da maraqlıdır. Çünki hər bir Ailənin özünün halı var. Əlbəttə, bu, Ailənin fərdlərinin halından irəli gəlir. Yenə də mənə elə gəlir ki, hərdənbir bir araya toplaşarıq.

Burdakı mövzy haqqında onu deyə bilərəm ki, Ocağa gəlmək özü artıq imtinaya doğru bir addımdır. Əlbəttə, o yolun başlanğıcında bilmirsən ki, hara gəlirsən. Amma belə bir şey var –  deyək ki, mən gəldim və anladıqca, Ocağı dərk elədikcə öz yolumdan bəzi şeyləri aralamağa çalışdım ki, Ocağa tam layiq olum, Ocağa tam qovuşum. İmtinalar, o kiçik addımlar, getdikcə böyüyür. Fərəh böyüdükcə addımlar da böyüyür. Orda imtina elədikcə əvvəl çətin olurdu, döyüşlə olurdu. İndi də asan olmur. Amma əvvəllər yolun mənasına tam varmayınca tam mənada o fərəhi dərk eləmirdim. Amma indi bu fərəhi mən tam dərk eləyirəm və anlayıram ki, o imtinanı mən nə üçün eləyirəm. O imtinanı eləməyimin özü fərəhləndirir, o addımı atmağımın özü fərəhləndirir. Belə bir şey yaranır məndə, sanki ruhum gedir, mən ruhuma çata bilmirəm. Ruhum özü tələb eləyir… Atanın ideyasının təsdiqinə sevinirəm. O imtinalar Ocaq üçün çox böyük şeydir…”

 Ayaz Şıxalıoğlu: “Mən bayaqdan ona görə gülümsünürdüm ki, hamısı doğma hisslərdir, keçirdiyim hisslərdir. Bir də ki, İnsan öz ürəyini, canın sözə qoyanda söz canlı olur. Ona görə də bu adamın xoşuna gəlir. Sözün əslində ruhu var. Nəsiminin ruhunu onun qəzəlində görə bilirsən. Başqa şeylər ruhsuzdur. Ona görə başqa şeyləri oxuya bilmirsən. Sonra yaşam tərzi var hərənin,  deyirsiniz, bilirsiniz necədir? Ağlım kəsəndən bu vaxtadək mənim hadisələrə münasibətim necə olubsa, necə düşünmüşəmsə, həyata, dünyaya, insana olan baxışım necə olubsa, bu yaşda da görürəm həmin onda qalmışam. Yəni rənglər dəyişilir, dövranlar dəyişilir, vaxt gedir, ancaq görürüəm ki, mən həmişə eyni fikirdəyəm. Qarşıma min cür insanlar çıxıb. Heç vaxt da həyat haqqında, insan haqqında olan fikrim, düşüncəm pisə doğru dəyişməyib. Mən çox təbii surətdə qəbul eləyirəm bunların hamısını. Yandan baxan adam elə fikirləşər ki, bunda bir biganəlik hissi var. Amma o deyil. O biganəlik deyil. Təbii surətdə başa düşürsən, qəbul eləyirsən. Ona görə də görürsən ki, çox şey danışmırsan. Ancaq müəyyən bir mühitə düşəndə, ürək adamlarıyla olanda başlayırsan danışmağa. Burda olduğu kimi.

Sonra, bu arada Cek Londonun “Martin İden”ini oxudum. Oxudum, ancaq Qriboyedovun belə bir sözü var, deyir, teatrlarda otura bilmirəm. Ona görə ki, birinci səhnəni göstərəndə bilirəm ki, yeddinci səhnədə nə olacaq. “Martin İden”də də görürəm ki, axırda getdi qəsd elədi özünə, ancaq baxdım ki, Martin İden yazıq, cavan bir oğlan 20 yaşında, özünə qəsd eləməməli idi. Bunu Cek London özü ona qəsd elədi. Hesab elədi ki, öz canını onun əlindən qurtardı. Yəni oxuyursan, görürsən ki, qəhrəman gəlib… Dostoyevskinin qəhrəmanı tamamilə … ürəyin əsir ki, ilahi bu nə yoldur gedir. Ancaq burada qurama idi hamısı. Ona görə də özü belə bir oyun başlamışdı. Baxdı ki, bu oyundan özü canını qurtarmaq üçün Martin İdeni öldürdü. Bax, mənim fikrim budur. Böyük təsir bağışlamadı sözsüz, onun yazdığı əsər. Hardasa Tolstoyun, Dostoyevskinin əsərləriylə heç müqayisə olunmaz. Dostoyevski gözəl bir şey deyirdi. Deyirdi,  yazmaq istəyirsənsə həyatı yaz. Onda çaşmayacaqsan. Bunda uydurma idi. Bunda hətta Şərqdən gələn bir az nağılvari bir şey də vardı. Martin İden birdən-birə baxırsan ki, 2 ilin içərisində savadsız bir adam, birdən-birə, orda belə bir cümlə qeyd olunur ki, minlərlə kitab oxumuşdu. Bu heç təsəvvürə gələn şey deyil axı, iki min dənə kitab oxuyasan. İki ildə 700 gün var. İki ildə o necə min dənə kitab oxuya bilər?! Necə belə böyük yazıçıya çevrilə bilər. Bu qədər qonararlar alır və bütün insanları da xoşbəxt eləyir. Pis vəziyyətdə yaşayır, axırı da belə, həyatını belə qurtarır. Yəni boş bir şey. Çox təəssüf elədim.

Yazmağına heç bir şey yazmıram. Yaza bilmirəm. Fikirləşəndə ki, mən nəsə yazmıram, beynimə gəlir müəyyən şeylər. Fikirləşirəm, çox mənasız görünür mənə. Çünki o ruhda deyiləm. Çünki o dalğa gələndə özü aparır adamı. Gözləyirəm görək, nə vaxt özüm-özümə çatacağam. Hələ ki, doğrudan da bir ölmüş insan haqında necə fikirləşəriksə, belə bir insan vardı, mən də özüm haqqında hardasa elə fikirləşirəm ki, mən o adama hələ çatmamışam. Həsrət qalmışam və o adamın arzusundayam.

Ocaq Yükümlüsü Soylu Atalı Ailənin ruhani halını dəyərləndirdi: “Bugünkü mərasim məncə bir addım qabağadır və “Ulufərəh”in bundan öncəki tədbirlərindən məncə üstündür. Təbii ki əvvəlki tədbirlərdə də müsbət əhval var idi, qeyd eləmək olar. Bundan öncəki tədbirlərin də rolunu aşağı salmırıq. Ancaq bu gün artım var. Bayaq Ayaz çox yaxşı bir ifadə işlətdi. “İnsan ömrünü (canını deyir, mən ömrünü deyərdim) sözə qoyanda söz canlanır”. Elə çıxışlarda ömrü sözə qoyma var idi. Burada xalqlaşma zəifdir, amma fərdlərin özüylə bağlı düşüncələri, axtarışları uğurludur. Özü də yenə deyirəm, inkişaf var. Belə-belə sözlə istəyin vəhdəti yaranır. Məsələn, Ulunur yaşda bir adamın sözüylə istəyinin vəhdəti yaranırsa, o, sabah qüdrətli bir çəxs ola bilər. Yüksək keyfiyyətlər özündə yaratmış bir şəxsiyyət kimi xalqın nümayəndəsinə çevrilə bilər. Xalqın içində söz deyən, iş görən (xəlqi iş görən) bir şəxsiyyətə çevrilə bilər. Bu başlanğıcdır. Bu, elə-belə görürsən sıradan söz deyil. Yaxşı olardı ki, özünüzün də vurğuladığınız kimi, bu tədbirlərdən çıxandan sonra evdə dediklərinizlə bağlı müstəqil fikirləşəsiniz. Nə etmək haqqında düşünəsiniz. Onda görəcəksiniz ki, dediyiniz canlı sözün ahəngi qırılmır. Bax, Ulunur dedi də, gərək Ocaqçı özündə yeni keyfiyyətlər aşkarlasın, bu keyfiyyətlərlə oyun oynamasın. Bu keyfiyyətlərlə oyun oynamasın nə deməkdir. Gedirsən, evdə yenidən düşünürsən. Arxayınlaşmırsan, yenidən düşünürsən, yenidən sözə sarılırsan və əmələ sarılırsan. Bu, bir nizam yarada bilər şəxsin ömründə, yerişində.

Gərək biləsən ki, şəxsiyyət kimdir. Şəxsiyyət məsələsi nə deməkdir? Gərək bunu biləsən. Əgər bunu bilsən, onda adamın gücü bir neçə dəfə artır. Onda adam qətiyyən ətrafın onu sardığı, sarıdığı təsirləriylə hesablaşmır. Mühitə bac vermir. Çünki doğrudan da insan yaşadığı durumu deyil təkcə və yaşadığı mühitdə olduğu şəraiti deyil təkcə, o bütün zamanları, – ən azı uzaq gələcəkdə özünün bugünkü halını, onun əks-sədasını görə bilər. Niyə mən uzaq gələcək deyirəm?! Çünki yaxın gələcək belədir ki, yaxın gələcəkdə bugünkü durumun harmoniyası var və cismani ömür var. Uzaq gələcəkdə cismani ömür yoxdur. Orada sənin ərsəyə gətirdiyin söz var, ərsəyə gətirdiyin iş var, əməl var. Onu görə bilirsən. Bax, sənin bugünkü nizamlanmağın, köklənməyin səni uzaq gələcəyə aparır. Şəxsiyyət odur. Şəxsiyyət bugündə xüsusi bir narahatlıqla qalxıb-enmir. Şəxsiyyət onu düşünmür, tutalım ki, Ulunur kimi cavan bir məktəbliylə necə dünyanı dəyişmək olar? Şəxsiyyət onu düşünər? Şəxsiyyət onu düşünməz. Bugünkü tədbirin nə demək olduğunu gözəl dərk edər. Nə yaranır, nə baş verir? Nə yetişir? Gözəl bilir.

Çox əsərlər var, bu əsərlər müəyyən bir örnəkdir. Əsərlər var ki, o əsərlərdə tüfeyli həyat sürənlər əyləncəylə məşğuldur, eyş-işrətlə məşğuldur, başqa birisi isə hansısa bir hücrədə bar bəsləməklə məşğuldur, zəhmət çəkməklə məşğuldur. Bu cür örnək doğrudan da adamı çox uzağa apara bilər. Hər bir düşündüyün, gördüyün, oxuduğun, müşahidə elədiyin uğurlu şeylərdən örnək götürməyi bacarsan, doğrudan da yol getmək olar.

Mən Ocağın halını, nizamını düşündükcə belə qənaətə gəlirəm ki, zəifliklər var. Amma heç bir vaxt mən Ocaqçının üzərinə o zəifliklərlə getməmişəm. Mən Ocaqçının üstünə onun yetmədiyi, yetməli olduğu tələblərlə gedirəm. Eyni halda münasibəti o ahənglə qururam. Mən münasibətimi elə qururam. Bu münasibəti dərk eləyən adam onda o zəifliklə hesablaşmır. Münasibətə o zəifliyin motivlərindən baxmır. Münasibətə o zəifliyin motivlərindən baxarsan, deyərsən Soylu sərt adamdır, qaçaraq adamdır, filandır, belə yanaşarsan. Yəni meydanda olan zəifliyin motiviylə yanaşarsansa. O zəifliyin motiviylə yanaşmaq zəifliyi saxlamaq, qorumaq deməkdir. Hər an Ocaqçı zəiflikdən çıxmalıdır. Bir pillə yuxarı qalxmalıdır. Hər an, hər gün. Bununla bağlı düşünməlidir. Sözün qiyməti onda bəlli olur. Sözün qiyməti onda təsdiq olunur. Ata deyir ki, dünyanı öyrəndim və gördüm ki insan öz həqiqi qiymətini tapmayıb. İnsanın öz həqiqi qiymətini kim verəcək? Adama elə gəlir, Asif Ata deyir ki, bir Asif Ata lazım idi, insana həqiqi qiymətini versin. Elə deyil. “İnsan öz qiymətini tapmayıb” o deməkdir ki, mən özümlə üz-üzə oturub düşünməmişəm. Özümü dəyərləndirməmişəm, özümü tanımamışam, özümü dərk eləməmişəm. Özümü bilməmişəm və özümdən yüksəyə qalxmamışam. Ona görə onun yolunu yaratdı ki, o yolla gedəsən, özünü tanıyasan. Onda verilir insanın qiyməti… Bu cəmiyyətmi insana qiymət verəcək. Verməyəcək. İnsana qiyməti sən verirsən. Nə ilə verirsən? Həmin bu dediyimiz keyfiyyətlərlə. Yüksək ruhani əməllərlə, ruhani döyüşlə. Hər kəs özü öz yaxasını əlində saxlamalıdır. Hər kəs doğrudan da özünün kim olduğunu hər gün özünə deməyi bacarmalıdır. Özünün kim olduğunu özünə demək nə deməkdir? Sən yaradıcılıqla məşğul olursan, mütaliə ilə məşğul olursan – Ocağımızın kurallarına əməl eləməklə. Gündə üç dəfə sənə deyir rica de. Güdə üç dəfə rica demək nəyə lazım idi görəsən? Yəni insan bioloji tələblə ruhani tələb arasında vurnuxur. Bu vurnuxmada o, ən çox üzü bioloji tələbə baxır. Asif Ata gündə üç dəfə sənə rica dedirdir ki, üzünü döndərəsən ruhani tələbə. Ona baxasan. O ruhani tələbə döndərir ricalar səni. Üzünü o tərəfə döndərir. Və səni sənə tanıdır. Səni sənin yadına salır. İslamda üç dəfə, yaxud da beş dəfə namaz qılırlar. Bu səni sənə tanıtmaq deyil. Ruhaniyyata üzünü döndərmək deyil. Düzdür, o tam şəkildə məişətə doğru da saxlamır üzünü, amma üzünü bəndəyə çevirir. Allaha çevirmək bəndəyə çevirməkdir. Ritualların oxşarlığı məna-mahiyyt etibarilə heç də eyni çəkiyə, təsirə malik deyil. Bundan əvvəl də qaydalar olub. Həmişə böyük fikir adamları, böyük düşüncə sahibləri insanı özünə xatırladan, yadına salan, özüylə üz-üzə qoyan addımlar haqqında düşünüb. Yazıçı nə üçündür? Poeziya nə üçündür? Poeziyanın vəsf elədiyi var. Poeziya ali həqiqəti vəsf eləyir. Gözəlliyi vəsf eləyir. Onu kitab şəklində verir insanların əlinə. İnsanların əlinə ona görə verir ki, insanlar o poeziya ilə üz-üzə qalanda məişət təsirindən, tələbindən ayrılsın. Heyvanlaşmaqdan ayrılır. Özünün insan olduğunu hiss eləsin. Ən azından dərk eləməsə də, hiss eləyir o məqamda. İctimai həyatın müəyyən mənada ahəngi qorunur. Budur. Bundan ötrüdür. Tənqid nə deməkdir? Tənqid  də o deməkdir ki, poeziya insanın üzünü onun çıxdığı bataqlığa döndərməsin. Onu mənə göstərmə, onun içindən çıxmışam mən. Poeziya odur, tənqid odur. Ali gözəllikləri göstərir. İndi bu gün Avropanın ardınca qaçanlar, postmodernist deyilənlər əslində ali gözəlliklərə üzünü tutan poeziya ki var, klassiklər ki var ha, onları topa tuturlar. Ona görə topa tutur ki, o klasssiklərin hikmətlərində insan özünə görsənir. Tanıyır özü-özünü. İstəmir insan özünü tanısın. Heyvan olsun ki, onu idarə edə bilsin. Dünyanı yolub-yortsun.

Mifologiya nə deməkdir? Dastan nə deməkdir? Musiqi, sənət nə deməkdir? Bunların hamısı insanın özünü özünə gösətrilməsi üçün düşünülən, beyinlərdə, ürəklərdə axtarılan nəsnələrdir. Hamısı ona xidmət eləyir. Di gəl ki, məzmun həmin xidmətdən ayrılırsa, onda dinin namazı olur. Üzünü tutur Bəndəyə. Poeziya da, ədəbiyyat da, sənət də, musiqi də… əgər orda insani məzmun çalarları yoxdursa, onda o elə həmin islamın namazı kimi bir şeydir. Zərərlidir. Özü düşünülmüş bir şey kimi, yəni motiv kimi yaxşıdır, amma məzmunu ona uyğun gəlmir. İnsanı tamamilə ayrı bir tərəfə kökləyir.

Biz deyirik mütaliə eləmək. Ata 25 söz deyib. Dünyanı dərk eləmək üçün bu kitabları oxumaq bəsdir. Çünki orda ruhani xətt var, ruhani yön var. Baxmayaraq ki, böyük kitablar çoxdur. İmkanın var, vaxtın varsa, demir ki, o 25 kitabdan artıq kitab oxuma. Amma deyir ki, dünyanı dərk eləmək üçün, ruhaniyyatı bilmək üçün bu 25 kitab adamın qolundan tutur. O biri kitabları da deyir ki, get oxu, sənin əlindən tutub çərənləyən, hərcayiləşdirən kitabın yanına getmə. O kitab deyil. Kitab biçimidir o. Ora getmə. Oxu, düşün, musiqiylə məşğul ol, poeziya ilə məşğul ol, sənətlə məşğul ol, rəssamlıqla məşğul ol və s. Oxu və orada gör özünü. Gör gələcəyini, gör bəşəriyyəti. Bəşəriyyət sənin gələcəyindir. Gör xalqını. Belə bir böyük, gözəl, ali bir tələblə. Dediyim kimi, mifologiya da, əsatirlər də, dastan da, poeziya da, sənət də hamısı ona görə yaranır. Hamısının amacı birdir, insanı özünə tanıtmaq yolunda Adamın insan olmasına xidmət göstərsin. Düzdür, bunlar ayrı-ayrılqıda o siqlətə malik deyillər. Çünki bəşəriyyət elə  pozuntuya uğrayır ki, onu (bəşəriyyəti) palçığın içərisindən çıxartmaq üçün qulağının dibində saz çalmaq yetərsizdir. Orda artıq Dünyabaxış yaranır, peyğəmbər gəlir. Peyğəmbərin sözü, harayı gərək olur. Amma ziddiyyətli, təzadlı yox. Sağlam, həqiqi. Peyğəmbərlik Həqiqəti demək üçündür. Bax, görürsünüzmü, Asif Ata üçün birinci pillədə peyğəmbərlik dayanır, ikinci pillədə filosof dayanır, üçüncü pillədə şair. Peyğəmbər göstərir, böyüdür, filosof anladır, şair vəsf eləyir. Bax, buna görə də bəşəriyyətin uğurlu yönü üçün mütləq peyğəmbər yolu gərək, peyğəmbər yolu dediyim kimi, filosofla vəhdətdə. Alimlik inkar olunmayan bir şeydir. Alimlik ayrı. İnsanın insan olmasından gedir söhbət. İsanın bəşər olmasından gedir söhbət.

Ocağımızın qarşıdan gələn tədbirləri var. O tədbirlərə indidən istəyirəm ki deyəm, ciddi hazırlaşmaq lazımdır. Həm daxilən, həm də təşkilatca hazır olmaq lazımdır. Doğrudan daöyünmək lazımdır. İkicə saat oturursan burada öz içinlə, öz mühitinlə uğraşırsan, öz dünyanla çalxalanırsan, qaynayırsan, bunun heç yerdə əvəzi yoxdur. Ona görə daim bu kökdə qalmaq, bu əhvala köklənmək. Ayrı cür yaranmır. Və qayanı səbrlə deşmək gərəkdir. Bizə sürü gərək deyil. Bizə yaşının 20, yaxud 50 olmasından asılı olmayaraq, şəxsiyyət gərəkdir. Biz o şəxsiyyətin dalınca qoşmuşuq. Sizə, “Ulufərəh”Ailəsinə uğurlar diləyirəm. Atagün Elinə sizin sorağınızı aparıram.

Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!

Atamız var olsun!

Bayrağımızı öpürəm!”

 Müqəddəs oxuma: “Özümlük-Özgəlik” kitabının davamı oxundu.

 “Dünyadakı Mütləqlə Axşam Təması”nı – Türkel,

“Ataya Axşam Ricası” nı – Üstün söylədi.

 “Ata Ruhunu Ürəyimizdə Aparırıq!”,

“Atamız var olsun!” səcdəsiylə gün başa çatır.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir