On dörd mart Babəkin qətl günüdür
Babək zamanın ideoloji baxışlarına sığmayan dəyər hadisəsidir. Son vaxtlar Babək haqqında əsərlər nəşr olunur. Bu əsərlərdə Babək təhrif olunur. Ərəb xilafəti, rus kommunist rejimi dövründə olduğu kimi. Dövrünün ziddiyyətli ideoloji basqıları altından çıxa bilməyən müəlliflər əsərlərində Babək surətini yarada bilməzlər. Onlar Babəki ən yaxşı halda cəsur qəhrəman, döyüşkən sərkərdə kimi təqdim edirlər. Babək bu deyil. Babək Azadlıq peyğəmbəridir. Onun ömrü işgəncəli ölümlə bitən məşəqqətli peyğəmbər ömrüdür.
On dörd mart Babəkin qətl günüdür
Bu gün Babək qətlə yetirildi. Onun qolları, ayaqları doğranıldı. Babək şaqqalandı, para-para edildi. Xilafət Babəki doğramaqla cismini deyil, Babək möhtəşəmliyini, Babək yenilməzliyini məhv etmək niyyətində idi. Babəki şaqqalamaqla qatillər Babəkin Atalıq qüdrətini, Sərkərdəlik məharətini öldürdüklərini zənn etdilər. Babəki para-para etməklə bədxahlar Babəkin Fərəh İnamını, Azadlıq Peyğəmbərliyini yox etdiklərini düşünürdülər. Lakin qətlin dəhşətinə baxmayaraq, Babək yaşamaqda davam edir.
Babək Qəhrəmanlıq zirvəsidir. “Babək Zərdüştçülükdə yüksələn Peyğəmbər idi, həm də peyğəmbərə qəhrəmanlıq bəxş olunmuşdu”. “Babək möhtəşəmliyi qarşısında Spartak çox cüzi hadisədir, onunla müqayisə olunmazdır”. (Asif Ata. “Uluyurd Aqibəti – Bütöv Azərbaycan”).
Müstəmləkəçilik əsarətindən azad olmaq istəyən insanlarımız bu gün də Babəkin Azadlıq ruhuna müraciət edirlər. Onlar Bəzz qalasına – Babək qalasına üz tuturlar.
Babək ordu yaradıcısıdır. Babək yox yerdə ordu yaratdı, onun sərkərdəsi oldu. Babək sərkərdəliyi Napaleon, Teymur, Çingiz, hətta İsgəndər sərkərdəliyi deyildi, onlardan üstün hadisə idi. Dövlətin başında durub onun ordusuna rəhbərlik etmək bir məsələdir, dövləti olmayan ölkədə ordu yaratmaq başqa məsələ. Özü də Babək elə ordu yaratmışdı ki, “bu ordu başı Bağdadda, ayağı Hindistanda olan Xilafət ordusu ilə pəncələşirdi”. (Asif Ata. “Uluyurd Aqibəti – Bütöv Azərbaycan”).
Babək Dövlət yaradıcıdır. Babək xalq yaratdı. Xalqın bayrağını yaratdı. Babək dövlət qurdu, onu idarə etdi. Etnikləri, tayfaları bir əqidə, bir İnam ətrafında birləşdirdi. Xalqın Ruhani Atası oldu, Atalıq Dövləti yaratdı.
Babək Hərəkat yaradıcısıdır. Babək Xürrəmilər Hərəkatını yaratdı. Hərəkat Ordu deyil. Ordu döyüş, mərdlik, qəhrəmanlıq, yenilməzlik hadisəsidir. Hərəkat qalibiyyət yoludur.
Babək Azadlıq Peyğəmbəridir. Babək İnam yaradıcısıdr. Babək Azərbaycanın dəyər yaratmaq ənənəsinə sadiq çıxdı. O, Xürrəmdinlik təlimini, Fərəh inamını yaratdı. Azadlıqdan fərəh almaq İnamını. “Yenilməzlik uğrunda döyüş İnsanı Müqəddəs Fərəhə qərq edir”. “Zora əyilməmək, Zoru yenmək, Özümlüyünü qorumaq – Müqəddəs Fərəhdir”. Bu Fərəhi yaratdı Babək insanların həyatında. Belə ləyaqətli yaşam nadirlərə nəsib olur.
İnsanları bəndə, millətləri ümmət görən Xilafət Babəkin “Fərəh” Fəlsəfəsini məhv etdi, yandırdı. Çünki “Fərəh İnamı Xilafət inamına daxilən qəti şəkildə zidd idi, onu kökündən sarsıdırdı” (Asif Ata. “Uluyurd Aqibəti – Bütöv Azərbaycan”). Xilafətin dini inancı bədəvi ərəblərin inancından köklü surətdə fərqlənmədi. Qul-ağa, yoxsul-varlı təbəqələşməsi çirkabından uzaqlaşa bilmədi. Onlar insanın fərəh duyğusunu qeyri-ruhani, antiinsani məqamlarda gördülər. Xilafət zoru eybəcərdir, keçicidir, sonludur. Ona görə Xilafət zoru insanın mənəviyyatını, həyatın mənasını sona qədər əyə bilməyəcək. Türk ruhu ərəb ruhsuzluğu ilə zorlana bilməz.
Babək türkün ölməzlik hadisəsidir. Babək zamanüstü hadisədir. Bu səbəbdən ölməzdir, əbədidir, sonsuzdur, kamildir. Öncə ərəb, sonralar fars tarixçiləri Babəkin ölməzliyindən qorxuya düşərək, Babək hadisəsini təhrif etdilər. Onun adını yalan və böhtanlarla qarışdırdılar. Babəkin müqəddəs ruhunu təhqir etdilər. Ərəb-fars düşüncəli digər tarixçilər isə “düşmənin təhqiri tərif kimi qəbul oluna bilər” – fikrindən ehtiyat edərək, Babəkdən “müsəlman”, “müsəlman-türk sərkərdəsi” düzəltməyə cəhd etdilər. Bu günün özündə də onun yolunu azmış evlad kimi təsvir edirlər. Guya Babək Xilafətə qarşı deyil, xəlifələrə qarşı vuruşub. Əslində Babəkin məqsədi Xilafəti – Xilafətçiliyi Yer üzündən silmək idi.
Babək Türkün Bənzərsizlik hadisəsidir. Babək əslində Azərbaycanın sərhədlərini, sərvətlərini deyil, türkün bənzərsizliyini qorumaq uğrunda vuruşurdu. Çünki Bənzərsizlik Var olmaq deməkdir. Babək həqiqətlərini onun müasirlərinin yazılarından damla-damla yığmaqla bütün Qərb kitabxanalarını ələk-vələk etməklə əldə etmək olar. Ya çətin, uzun sürən həqiqət axtarışı, ya da dəryalar qədər təhrif və təhqirlər, yalan və böhtanlar dolu ərəb-fars mənbələri. Babəkə türk ruhaniyyatı açımından yanaşdıqda Babək əlçatmazlığı vərəq-vərəq açılır. Ən acınacaqlı odur ki, türk tarixçiləri Babək haqqında ya susur, ya da ərəb-fars mənbələrindən qaynaqlanırlar.
Babək Azad Ağıl, Azad Ürək, Azad İradə, Azad Yurd uğrunda döyüşən İnam hadisəsidir. Bu hadisə haqqında həqiqətlərə əsaslanaraq danışmaq lazımdır. Başqa cür yanaşma Azərbaycan milli müəyyənliyinə qəsddir.
Azərbaycan Ümumbəşər siqlətli, Şərq mahiyyətli, Türk ruhlu Zərdüştçülük, Dədə Qorqudluq, Hürufilik, Füzulilik, Muğam, Saz möhtəşəmliyi verdi dünyaya. Azərbaycan unikal hadisədir. Bəşər tarixində Azərbaycan kimi zəngin dəyərlər yaratmaq ənənəsi olan ikinci ölkə yoxdur. Yaratdığı dəyərlərlə yaşamasa da.
Nəimilər, Nəsimilər, Şəms Təbrizilər və nəhayət, Asif Ata yetirən millət dünyaya mənəviyyat verməkdə ən şanslı millət sayılmalıdır. Babək hadisəsi Azərbaycanın milli dəyəridir.
Babək türk ruhundan yaranıb, türk ruhunda yaşayır. Babək ulusumuzu yaşadır.
Babək yenilməzliyi Əzəlidir, Əbədidir, Sonsuzdur.
Atamız var olsun!
(arxiv)
turk sozunu millat adi kimi qabul etmasak daha yaxwi olmazmi.balka turk sozu makani bildirir.man bela fikirlawiram.insan insandi.milata bolmak aslinda kapitalizma xidmat dryilmi
türk adı etnos müəyyənliyimizi bildirir, bu addan əl çəkmək özündən əl çəkməkdir. Biz tərəqqiyə bu ad altında getməliyik. Bu adla biz başqa toplumları inkar etmirik. Sualınıza görə təşəkkür edirik.