Hakimiyyət ziyalını yadların, yadlığa güdazına verə bilir.
İstedadlı yazıçı-publisist, xoşxasiyyətli insan, açıqsözlü ziyalı Rafiq Tağı evinin qarşısında silahlı basqına məruz qalır. Bu hal ölkədə cəsarətli sözün qədir-qiymətinin bilinməməsindən xəbər verir.
Rafiq Tağıya qarşı təşkil olunmuş zorakılıq hadisəsi onun yazıçılıq fəaliyyətinə qarşı olmaqla bərabər, həm də ictimai fikrin inkişafını əngəlləyən əməlidir.
Bu gün Azərbaycan mühitində ziyalı olmaq “başı bəlalı olmaq” anlamı daşıyır. Nə vaxta qədər cəsarətli yazarlar yad qüvvələrin ayaqları altında tapdalanacaq?!
Mən Rafiq Tağını tələbəlik illərindən tanıyıram. Onun incə qəlbə, intellektual imkanlara malik olduğunu yaxşı bilirəm. Onun özünəməxsus halı var. O, cəhalətə, geriliyə etiraz edən, köhnəliyə dayanıb inkişafa mane olanları ifşa edən yazıçıdır.
Dövlət bu cür insanlarını qoruya bilmir, qorumur. Düzdür, Dövlətimiz müstəqildir. Hakimiyyət “Azad fikir”, “Azad düşüncə” təbliğ edən kimi görünür. Hakimiyyət azad düşüncəli ziyalılara həmişə zorakılıq etməsə də, ölkəmizin içinə gətirilən yadlıqlara mühit olur. Bu hal ziyalılara münasibətdə 37-ci ildəki hadisələrlə müqayisə oluna bilər.
Bu cür zorakılıqlar qarşılığında hakimiyyətin gücsüz və qətiyyətsiz addımları onu xalqın düşüncəsində yad qüvvələrin buyuruqçusu kimi göstərir.
Azərbaycan dövləti xalqına, xalqının dəyərli insanlarına layiq Dövlət ola bilər, olmalıdır. Ziyalı dövlətin simasıdır. Onu başıqapazlı, gözükölgəli, ələbaxan duruma salmaq yox, imkanlarını xalqına vermək üçün ona şərait yaratmaq gərəkdir. Dövlətin müqəddəs vəzifələrindən biri də budur.
Bu gün ziyalılara edilən basqılar Hakimiyyətin onlara yiyə durmamasından irəli gəlir. Konkret desək, əgər 2006-cı ildə bir köşə yazısına görə İran molla rejiminin fitvasına boyun əyərək, Azərbaycan Məhkəməsi Rafiq Tağını 3 il müddətə dəmir barmaqlıqlar arxasına salmaq qərarını verməsəydi, bu haqsızlıqdan həvəslənən qüvvələr Rafiq Tağıya qarşı bugünkü qəsdini həyata keçirməyə cürət etməzdi.
Hakimiyyətin başı üstündən onun vətəndaşına, (ziyalısına) silahlı basqın etmək, dövləti və xalqı təhdid etməkdir. Belə təhdidlərə zamanında cavab verilməsə, dövlət çökə bilər. Dövlət öz insanına sahib durmalıdır ki, yaşasın, var olsun!
20 Yağış Ayı, 33-il. (noyabr, 2011)