Xəbərlər

Ulusəs Atalı. Bəşərin dünəni, bugünü, sabahı

 “İnsanlaşın-İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır! “
Asif Ata

Deyirik Bəşər özünə dönməlidir! Bu o demək deyil ki, bəşər dünən bu gün olduğundan daha yaxşı olub və dünəndə olduğuna qayıtmalıdır. Xeyr, bəşər heç vaxt özü olmayıb. Özünə dönmək o mənada deyilir ki, Bəşər öz mahiyyətinə uyğun olmalıdır. Bəşəri, Dünyanı, Həyatı İnsanın mənəvi halı təyin edir. Bəşər – insani münasibətlər əsasında yaranan mənəvi birlikdir.
Bəşər – dövlətlərarası, millətlərarası insani münasibətlərin ruhani Birliyidir.
Bəşər – milli, mənəvi dəyərləri ilə zəngin olan xalqların birliyidir.
Bu gün bəşər özündən ayrılıb. Bu gün bəşər haqqında danışdıqda onun xilasından danışmaq olar ancaq. Lakin bu gün siyasi güclərin dünyaya ağalıq etməsi zəminində kəskin savaşlar gedir. Ağalıqla Bəşər xilas ola bilməz. Ağalıq yaradıcılıq, xilaskarlıq hadisəsinə qarşıdır. Ağalıq – Şərdir.
“İdrak ağalığı – Ağa idrakıdır əslində “ deyir Asif Ata. Ağa idrakı – Dünya əhalisini ram etmək, özünə tabe etmək, bütün ölkələrin maddi sərvətlərinə yiyələnmək yönündə işləyir. Milyonlarla insanların ölümünə bais olan müharibələr törətməkdən çəkinmirlər. Siyasi güclərin ağalıq əməlləri sərhəd tanımır, hədd tanımır. Onlar dünya əhalisini qul halına salmaq, hamını bir rəngdə, bir biçimdə, bir sifətdə görmək arzularını usanmadan həyata keçirirlər. İnsanlardan canlı robotlar düzəltməyi inkişaf kimi tanıdırlar. Bunun üçün Qloballaşma oyununu demokratiya adlı ideoloji sistemin köməyi ilə genişləndirirlər. Dünyaya hakim olmaq uğrunda törətdikləri qırğınların, müharibələrin, terrorların səbəbini isə millətlərarası münaqişələrdən törəndiyini bəyan edirlər. Guya millətlər bir-biri ilə yola getmirlər. Ona görə də “Qloballaşan Bəşər sərhədsiz olmalıdır” – deyirlər. Böyük millətləri parçalamaq prosesində etniklər hədəfə götürülür. “Dünya gücləri” məqsədləri naminə etnikləri zorla terrorizmə sürükləyirlər. Bu gün Demokratiyanın Qloballaşma naminə saldığı yollarda qan su yerinə axıdılır. Bu qan Demokratların, Qlobalistlərin qanı deyil, dünyada baş verən prosesləri anlamayanların qanıdır. Sadə, sülh içində yaşamaq istəyən insanların qanıdır. Burada əminliklə demək olar ki, Qloballaşmanın tələbindən insanları bütün ülvi duyğularından təcrid etmək, təkləmək, zorla, təcavüzlə üz-üzə qoymaq, aclığı, yoxsulluğu, xəstəliyi onların aqibətinə çevirmək gedişatı doğur. Təcavüz göz önündədir. Heç kəsin gözü kor deyil, amma bunu görmür. Zorakılıq qurbanlarının fəryadı ərşə qalxır. Heç kimin qulağı kar deyil, amma eşitmir. Ölkələrin sərvətləri açıq-açığına oğurlanır, talan olunur. Amma hamı susur.
Bütün törədilənlərə qarşı cəmiyyət öz əli ilə düzəltdiyi buxovlardan azad olmaq, qurtulmaq barədə düşünən görünmür. Bəs onda kim bu dəhşətə “Yox!” deyəcək; Və nə vaxt?
Asif Atanın İnamına görə insan ruhani varlıqdır. İnsanın üzərində ağalıq eləmək ruhaniliyə ziddir. Bu ziddiyyət asanlıqla aradan qalxmayacaq. İnsan dərk eləməlidir ki, Dünyanı gözəlləşdirən də insandır, onu bərbad hala salan da; Dünyada Ağa-Nökər təbəqələşməsini törədən də insandır, bu haldan çıxmaq qüdrətinə qadir olan da.
Deyilənlərdən sual ortaya çıxır: bugünümüzün xilaskarı kim olmalıdır? Kim olacaq? Bax, burda köməyimizə mənəvi dəyərlər gəlir-ruhani milli-mənəvi dəyərlər. Özümüzü araşdırıb öyrənsək, görərik ki, türkün ruhunda insanilik, İnsani məna çox güclüdür. Aydın olur ki, türk yalnız qılınc oynatmaqda məharətli olmayıb. O, yalnız Fatehliyi ilə qüdrətli deyil, türkün Möhtəşəmliyi onun ruhundadır – inamında, idrakında, mənəviyyatında, İradəsində. Fatehlik, qəhrəmanlıq, qılınc dövrü bitdi. İndi dünyanı ruhani qüdrətlə fəth etmək vaxtıdır. Bəşəri ruhani qüdrətlə doldurmaq vaxtıdır.
Bu gün türkün ruhani qüdrəti görünmür. Bunun səbəbi türkün öz dəyərləri ilə yaşamamasıdır. Türk özünə yad dəyərləri yaşatdı və özünü yadlığın içində itirdi.
Türk Ruhuna, Özümlüyünə, etnik keyfiyyətlərinə güvənərək öz inamını, öz peyğəmbərini, öz kitabını yaratmalı idi. Gücünü, qüdrətini buna sərf etməli idi. Asif Ata deyir, türk bu deyilənləri etsəydi, onda dünyanın ahəngi tamam ayrı bir səviyyədə olardı. Bir millətin yaratdığı mədəniyyəti başqası o vaxt qəbul edə bilər ki, özü bəşəri mahiyyətini ifadə edən dəyər yaratmaq imkanında olmasın. Türkün bu imkanı güclü olduğu halda, bu vaxta qədər aşkarlamadı. Ancaq bu gün boşluğu aradan qaldırırıq. Yeni Dünyabaxış yaradan Asif Ata türk millətinin daxili imkanlarından aşkarlandı. Asif Ata dünyanı xilas etmək kimi çətin missiyanı türkün gücü, Ruhaniyyatı daxilində görür.
Mən Bəşərin sabahını Bəşərə yeni Dünyabaxışın gəlməsində görürəm. Bəşər öz mahiyyətinə Mütləqə İnam Ruhaniyyatının gerçəkləşməsi ilə çata bilər. Mütləqə İnam – İnsana İnamdır, İnsanlığa inamdır. Fövqəltəbii hadisə deyil. Bu, göylər səltənətinin hökmü deyil, insanın iç hadisəsidir. “Mütləqə İnam” İnsanlıq dünyabaxışıdır, mənəviyyat təlimidir.
Fikirləşə bilərlər ki, mən türkün qüdrətini, imkanlarını çox qabardıram. Belə fikir olarsa, mən mübahisəyə girməzdim. Hətta əlavə edərdim: -“Türk dünyanı xilas edəcək”. Burada mənim türklüyümə, türk ruhumun gücünə inanmaq haqqım var. İnam özünü doğruldur. Bu İnam başqa millətlərə kölgə salmır, əksinə, qaldırır. Çünki Bəşəridir!

Atamız var olsun!

(arxiv)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir