Atatürk qəhrəmanlığı – türkün ölümü yenmə qətiyyətiydi.
Atatürkün başçılıq etdiyi Çanaqqala döyüşü elə andır ki, məhz buradan türkün yenidən doğulub “var olmaq” tərcümeyi-halı başlanır. O savaşlarda göstərdiyi qəhrəmanlıq millətin özümlüyünü, yenilməzliyini bir daha təsdiqlədi. Məhz bu döyüşdə Atatürkün məşhur “Mən sizə ölmək əmri verirəm!” hökmü 200 min türkü şəhidlik zirvəsinə yüksəltməklə, ulusu ölümsüz etdi.
Onlar şəhidlik qanından boyadıqları İstiqlal Bayrağını özləri ilə birlikdə Göylərə qaldırdılar və bütün türk qövmlərinin azadlıq rəmzinə çevirdilər. Bu Bayrağın al-qan rəngi, çoxlarının zənn etdiyi kimi, qərbçilikdən yox, həmin şəhidlikdən xəbər verir.
Atatürk millətinin, yurdunun azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan əsgərin ruhunu oyadan ilahi qüvvə idi. O, hər bir şəhidlə ölür, hər bir şəhidlə şəhidlik zirvəsinə yüksəlirdi. O müqəddəs məkanda, müqəddəs zamanda müqəddəsliyə yetirdi Mustafa Kamal! Babək yenilməzliyi vardı onun bu halında.
Ordu yaratdı Atatürk viran qalmış məmləkətdə.
“Türkü yox etmək” əmri hökm sürürdü cahanda. “Türk yurdunu dağıtmaq, daşını daş üstə qoymamaq” – hökmü var idi zamanın tələbində. Belə bir şəraitdə ordu yaratmaq fövqəladə qüvvə, fövqəladə inam, fövqəladə sevgi istəyirdi yaradıcı insandan. Yalnız fövqəlləşən İnsanın gücü çata bilərdi buna.
Atatürk Xilaskarlıq Hadisəsidir.
Xilaskarlıq – ölümə məhkum olmuşu, məhv olmağa, yox olmağa məhkum olmuşu xilas etmək anlamı daşıyır. Xilaskarlıq Hadisəsi isə var etmək, var etdiyini yaşatmaq, yaşatdığını əbədiləşdirmək mahiyyətlidir.
Atatürk Atalıq Hadisəsidir.
Xalq arasında Peyğəmbərlik – həyatın hər üzünü dərk etmiş, bu səbəbdən də gələcəyi görə bilmək qabiliyyətinə malik kamil insan anlamı daşıyır. Dini anlayışda bu, tamam başqa məna kəsb edir. Türk Dünyasında Atalıq peyğəmbərlikdən üstün hadisədir – türkün ali Ruhani İdrak hadisəsidir.
Atatürk Atalıq Hadisəsi olmaqla, Osmanlı millətsizliyi içindən türkü bir millət kimi həyata gətirdi, yaşatdı, böyütdü və insanlıq deyilən əbədiyyətə qovuşdurdu.
Atatürkə Atalıq açısından baxdıqda o, həqiqətə çevrilir və ona bu ölçüylə baxmaq hər bir türkün ləyaqətidir.
Atatürk İnamçıdır.
Atatürkün inamı – “türkün var olması, millətin var olması” tutumundadır. Atatürk Mütləqçidir. Mütləqçilik ən ali İnam olmaqla, türk İnamının ruhani xəttidir. Millətindən asılı olmayaraq, hər bir fərd daxilində Mütləq gəzdirir. Mütləqçilik bəşərilik rəmzidir, bəşəriliyi təsdiq edən ölçüdür. Əslində Atatürkün mütləqçiliyi onun insançılığından irəli gəlir. Millətini hədsiz dərəcədə sevən insan – millətində fərdi görür və onda İnsanlıq deyilən Mütləqi sevir – mütləq həqiqəti sevir. Atatürk mütləq həqiqətin insanda təcəssüm etdiyinə inanır. Əks halda o, millətini heç bir ölçüyə sığmayan sevgiylə sevə bilməzdi və xarici qüvvələrin ölümsaçan azman zoruna qarşı bütün dünyanı sarsıdan bir inadla vuruşa bilməzdi.
Atatürkün Milli-azadlıq Hərəkatı Cahanşümul Hadisədir.
Burada türk xalqının öz torpaqlarını azad edib, ona yiyə durmaq deyil, təfəkkürdə də dini düşüncədən azad olub, Türk İnamlı düşüncə tərzinə yetmək hədəflənirdi. Çünki bunsuz – Millətin düşüncə tərzi dəyişmədən – azad olmuş torpaqlarda xalqı yenidən qurmaq mümkün deyildi.
Hürufilər insanı dini buxovlardan azad edir, insanı Allaha bərabər tuturlar. Türk təfəkkürü öz inkişafını mifik bir varlığa səcdə ətrafında məhdudlaşdırmır, o Türk düşüncə tərzini insanlıq, dünyalıq, həyatlıq anlamında əbədiləşdirir. Atatürk buna yetmək üçün vuruşurdu.
Atatürkün İdeologiyası.
Atatürkün hər addımı idraki əsaslara söykənən müdrik bir filosofun gedişləriydi. Atatürk yeganə düzgün yolun nədən ibarət olduğunu özü üçün aydınlaşdırmışdı. O, həqiqəti dək etmiş, türkün var olmaq inamını bu həqiqət üzərində yaratmışdı. Bu – onun yaratdığı böyük fəlsəfə idi, amma Atatürk filosof deyildi. Onun yolu – böyük ideologiya idi, amma Atatürk ideoloq deyildi. Zamanın hər anı türk üçün “olum-ölüm” qarşıdurması diktə etdiyi bir vaxta nəzəriyyəyə sərf olunmaq mümkün deyildi. Atatürk əməl adamı idi. Təfəkküründə yaratdığı ideyaları həyata keçirə bilən mübariz idi. Böyük əməllər isə həqiqəti düzgün ifadə edən ideologiyaya sahib olduqda həyata keçir.
Bugün Türk Cümhuriyyətinin varlığı buna sübutdur!
Atatürk fitri diplomatdır.
Atatürk Türkiyəni Beynəlxalq arenada Qərb biçimli bir ölkə kimi təqdim edirdi. Əslində isə o, Türk Cümhuriyyətini türk ruhaniyyatı, türk özümlüyü əsasında inkişaf edib, müasirləşən, dünyalaşan milli qurum biçimində görmək istəyirdi.
“Atatürk gerçəkliyi ötə bildi. Atatürk qərbçiliklə elə davrandı ki, millətçilik qərbçiliyə üstün gəldi” (Asif Ata “Uluyurd aqibəti – Bütöv Azərbaycan”, Adiloğlu – 2007-il. səh.24).
Dinin insan təfəkküründən silinməsi mümkünsüz göründüyü üçün o vaxt (elə indi də) heç bir ideoloq və ya siyasətçi bu məsələyə toxunmurdu. Amma o da faktdır ki, dini təfəkkürün insan idrakına, xüsusən milli idraka dağıdıcı təsirindən qurtulmayınca, heç bir milli inkişafdan söz gedə bilməz.
Atatürk məhz bu səbəbdən dini ideologiyanı türk xalqının ictimai həyatından uzaqlaşdırmaq yolunda misilsiz işlər gördü. Əlbəttə, bu məsələ çox çətin, çox incəlik tələb edən, eyni zamanda həll olunmalı məsələ idi. Atatürkün böyüklüyü də bunu bacarmasında idi. Nə edəsən ki, o vaxt türkün İnam Atası – Asif Atası – Mütləqə İnam Yaradıcısı yox idi!..
Atatürk diktatorluğu.
Cümhuriyyət elan olunmuşdu. Ancaq elan olunmaqla əsl cümhuriyyətin yaranması arasındakı fərqi “savaş qəhrəmanları” anlaya bilmirdilər. Silahlı müharibə qurtarmışdı, döyüşdə göstərdikləri şücaətin qarşılığı olaraq, dövlətdə təmsil olma və müvafiq səlahiyyətlər tələb edirdilər. Onlar ölkə başçısının səlahiyyətlərini məhdudlaşdıracaq müxalif partiya yaratmağa çalışırdılar. Müxalif cəbhənin varlığı hamıya anlatdı ki, nə qısa müddətdə cəhalətdən qurtula bilməyən xalq, nə də ölkənin düşdüyü vəziyyətdən baş açmayan millət vəkilləri demokratiyaya hazır deyillər. Müxalifətin mövcudluğu isə əldə edilmiş uğurların məhvinə gətirib çıxarardı.
Türkiyə o qədər zəifləmişdi ki, eyni vaxtda bir neçə istiqamətdə yol gedə bilməzdi. Demokratiya o ölkədə həqiqətən bərqərar ola bilər ki, onun xalqı artıq millətçilik mərhələsini keçmiş olsun, ölkə möhkəm və inkişaf etmiş olsun. Demokratiya Türkiyəyə əks təsir göstərər, xalqı daha da parçalayardı.
Belə bir vəziyyətdə qəhrəmanlıq missiyalarını bitmiş hesab edən “savaş qəhrəmanları” vicdan və ləyaqət borcu olaraq və heç bir təmənna etmədən Atatürklə birlikdə Cümhuriyyət qurmalı, ya da Atatürkə xilaskarlıq missiyasını başa vurmaqda mane olmamalıydılar.
Onlar isə… – müxalifətə keçdilər. Atatürk “türkün var olması”na əngəl saydığı müxalifətə qarşı açıq mübarizəyə başladı. Buna diktatura demək olarsa, bəli, Atatürk diktatordur.
Bir tərəfdən, Türkiyənin sınırları boyu onu parçalamağa hazır xarici düşmənlər, digər tərəfdən, daxildə ondan da təhlükəli, əsrlərlə türk xalqını millətsizləşdirən din mənsublarının mütəşəkkil ordusu…
Atatürk tələsirdi, vaxt türkün xeyrinə işləmirdi. Türk xalqının xilasına ayrılmış macalın məhdudluğu Atatürkü narahat edirdi. O, Avropanın 400 ildə keçdiyi inkişaf yolunu kiçik zaman kəsiyində keçməliydi. Tarix bunun üçün 40 il vaxt ayırmışdı, bunun da 20 ili artıq Gənc Türklərin inqilabına sərf olunmuşdu.
Cəhaləti, xurafatı öz yaşam tərzinə çevirmiş cəmiyyətdən tez bir zamanda çağdaş dünyəvi Cümhuriyyət yaratmaq Atatürkdən Peyğəmbər təfəkkürü, qəhrəman hünəri tələb edirdi. Atatürk də məhz ona görə Atatürkdür ki, bunu bacardı.
Xalqını ilahi sevgisiylə sevmək, ona həyatını təslim etmək diktatorluqdursa, o halda, bəli, Atatürk diktatordur.
Onun “Diktatorluğu” xalqına ölçüyəgəlməz sevgisinin hökmüydü. Xalqın bütün varlığı, taleyi bu hökmdə birikmişdi. Bugün 85 yaşını doldurmuş qabaqcıl ölkələr sırasındakı, BMT-nin Güvənlik qurumundakı Türkiyə Cümhuriyyəti buna danılmaz sübutdur.
Atatürk Fenomeni.
Atatürkün Xilaskarlıq Hadisəsi Qərb siyasətində Qərbə məxsus soyuqqanlılıqla “Atatürk Fenomeni” adlandırıldı. Amma dünya hadisələrini tədqiq edən çoxsaylı institutlara Atatürk şəxsiyyəti araşdırılacaq bir nömrəli hadisə kimi təqdim olundu. Qərb Atatürk üstünlüyünün iki mühüm xəttini aydınlaşdırdı. Birincisi, o vaxtın mütəfəkkir ideoloqlarından (Qərb mədəniyətini, İslam ümmətini qəbul etməkdə bulunan) fərqli olaraq, Atatürk ölkənin inkişafını ancaq türkçülükdə – mili mədəniyyətin maneəsiz inkişafına nail olmaqda görürdü, ikincisi, insanları orta əsr cəhaləti səviyyəsində saxlayan dini düşüncəni – milli təfəkkürün inkişafına mane olan cəhət kimi – arxa plana atmağa çalışırdı. Odur ki, Qərb Türkiyədə qərbçiliyi gücləndirmək, İslam dinini bərpa etmək yönündə siyasət qurma xəttini tutdu. Bu – Türkiyəni Osmanlı təfəkkürünə qayrtarmaq siyasətidir.
Bugün qərbçiliyə və dinə loyal münasibətini təsdiq etməyə çalışan çox sayda türk alimləri mövcuddur, Atatürk Mərkəzləri də əsasən bu yöndə fəaliyyət göstərir təəssüf ki!
Atatürk haqqında cild-cild kitablar çap olunur. Lakin Atatürkün Xilaskarlıq hadisəsinin, türk İnamının, Atalıq Hadisəsinin məğzini açıqlayan, inandırıcı, düşündürücü və dərk ediləcək səviyyədə yazılarla rastlaşmaq isə çətindir.
Atatürk dühası öz həqiqi araşdırıcısını axtarır ki, dünyaya həqiqət gəlsin, Atatürk Xilaskarlıq hadisəsi Türk Dünyasının inkişafına təkan versin, həqiqət bəşərləşsin, Türk İnamı, Türk Ruhani İdrakının Bəşəri çalarları Dünyanı işıqlandırsın.
(arxiv)