Ürəyinizdə Günəş olsun
sayğılı yurddaşlarımız!
Asif Atanın Mütləqə İnam Ocağı olanaqları içrə özünün “kitab çapı” işlərini davam etdirir. Bu dəfə Ocaq Evladı Ulusəs Atalının “Sabahlı İnamım” kitabı çapdan çıxmışdır. Kitab yaxın günlərdə kitab evlərində və kitab dükanlarında olacaqdır. Bu kitab Ocaq və Ocaq Evladları haqqında bilgi verən ədəbiyyatlardan biridir. Eyni halda ulusal özünügörmə baxımından da önəmlidir. İndi ilkin tanışlıq üçün Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalının kitaba yazdığı ön sözü oxuculara sunuruq.
Mütləqə İnam Ocağı
İlkinlik istəyi ilə yaşayan ürək
“Kimin öncəsi, kimin sonrası” deyib ulular. Bu o deməkdir ki, kiminsə ömrünün öncəsi uğurlu olur, kiminsə ömrünün sonrası. Doğal olaraq düşünmək olar ki, bu fikir fiziki-cismani yaşama bağlı deyilməyib, mənəvi-ruhani yaşama özgün (aid) deyilib. Çoxluq etibarilə insanların ömrünün sonrası ömrün öncəsindən qırağa çıxır, dəyişir, fərqlənir. Dəyişməyən ömür cismani yaşamdan başqa ölçüsü olmayanlarda ola bilər. Yəni axtarışlar əsasında ömür dəyişməli, qalxınmalı (inkişaf etməli) və yetginləşməlidir. Heç kim anadan kamil doğulmur, yaxud heç kimin ömrünün öncəsi, sonrası, dinin dediyi kimi, bəlli qəlib içinə salınmr. Hər kəs yaşamını özü qurur – əyri, ya doğru.
Bu məsələlərə aydınlıq gətirmək üçün amaldaşım Ulusəs Atalının yaşamını, seçimini örnək demək istəyirəm. Həyatın çoxsaylı tələbləri ilə 58 il yaşadıqdan sonra Ulusəs, Asif Ata ideyalarına bağlanmış, bundan sonrakı ömrünü ruhani döyüş (mübarizə) tələblərinə kökləmişdir. Bizə görə belə bir aqibətə rast gəlmək xoşbəxtlikdir. Ömrün sonrasına uğur gətirməkdir. Əslində Ulusəsin öncəki ömrünə də uğursuzdur demək olmaz. Çünki o, öncələr də bəsit yaşam sürməyib, doğru bildiyi istəklərini gerçəkləşdirmək üçün çabalar göstərib. Məsələn, Ulusəs Atalı Azərbaycan Dövlət Tibb Universitetini bitirib həkim kimi işə başladıqdan sonra işin sorumluluğuna vicdanla cavab verib. Umacaqsız və özündənkeçmə səviyyəsində çalışmalar yerinə yetirib. Daha sonralar humanitar işlərlə uğraşıb. Burada da özünü başqalarının xoşbəxtliyi üçün verməsi onun ərdəmliyinin göstəricisidir.
Umacaqsızlıq və özündənkeçmə onun fitri keyfiyyətidir. İlk dəfə Asif Ata Ocağı ilə tanış olduqdan sonra, Ulusəs, Asif Atanın “Uluyurd Hərəkatı” ideyasını gerçəkləşdirmək işinə girişdi. Keçmiş silahdaşı və dostu ilə birlikdə bu ideyanın genişlənməsi üçün hər cür olanaqlarını (imkanlarını) ortaya qoydu. O, kirayə verdiyi evindən gələn gəlirlə Hərəkatın işlərini yoluna qoyur, simgələrini (bayraq, herb, himn…) hazırlayır, çap işlərini görürdü. Bu gəliri ilə o, Asif Atanın “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” Bitiyini (kitabını) də çap etdirib yaymağa başladı…
Ancaq bu ideyanın gerçəkləşməsi təkcə özündənkeçmə (fədakarlıq) ilə başa gəlmir, gərək Asif Atanın ideya-prinsiplərinə, ölçüsünə, döyüş (mübarizə) tələblərinə yetkin səviyyədə bələd olasan. Bunun üçün aylarla, illərlə gərgin zəhmətə qatlaşmaq gərəkdir.
Uluyurd Hərəkatının işi yubandıqdan sonra Hərəkatın Yetkini (yetkilisi) Nəakət Ulusəs Ocağa Evlad olub, Ulusəs Atalı aqibətini seçdi. O, Ocaqda da fitri umacaqsızlığı və özündənkeçməsi ilə ruhani doğmalarının sayğısına layiq yaşayır.
Atanın dönəmindən Ulusəsin bu Yola qoşulduğu çağa kimi Ocaq özünün qutsal toplantılarını fərdi evlərdə keçirirdi. Ulusəs Ocağa gəldikdən sonra evinin bir hissəsini “İnam Evi”nə çevirdi. Ocağın bütün toplantıları, Ocaqla ilgilənən çoxsaylı gənclərlə, aydınlarla görüşlər burada – “İnam Evi”ndə keçirilməyə başladı. Bu yazının yazıldığı ilsırada (tarixdə) 6 il olur ki, Ocaq Ulusəsin yaratdığı İnam Evini qullanıb ruhani yararlana bilir. Bu əməl Ocaq ilsırasında ayrıca olaydır, səhifədir.
Ulusəs Ocağa gəldikdən sonra ayrı-ayrı vaxtlarda yaradıcılıq örnəkləri də araya gətirdi. Onun yazarlıq olanaqları işə düşdü. Sonucda Azərbaycanın, bir az geniş anlamda türkün dəyərlərinə yönəlik Ocaq ölçüsü ilə araşdırıcı, dəyərləndirici yazılar ortaya qoydu. Məsələn, onun “Babək – Özgürlük peyğəmbəridir”, “Dönə-dönə Atatürk”, “İnam Evi – İnsanlığın ünvanıdır” və b.k. yazıları öyrənilməli, yararlanmalı baxışlardır. Bu yazılarda ulus sevgisi, yurd sevgisi, insan sevgisi içdə yaranan halı əks etdirir.
Ulusəs Atalının Ocaqiçrə ilginc izləmələri, görümləri də var. O, Ocaq Evladlarının işlərini, ömürlərini izləyir və yazılı şəkildə öz baxışlarını sərgiləyir. Təkcə sərgiləmir, həm də fərəhlənir, umud bəsləyir. Son çağlarda Ulusəs özü bir sıra gərgin həyat qayğıları yaşadı. Ancaq o bu qayğılara yenilmədi, yıxılmadı, həmin fərəh, həmin umud, Ocağa inam onu qorudu. “Sabahlı İnamım” bitiyi də yazarın fərəhini, umudunu, inamını izhar edir.
Ulusəsi tanıtmaq (təqdim eləmək) önəmli bir məsələyə də aydınlıq gətirir. Adətən insan hansısa bir ideyaya, yola gənc yaşlarından bağlanır. Çünki gənclik duyğuları arı, sağlam, işgüzar, axtarıcı olur. İnsan öz duyğularını gənclikdə başqa yönə kökləyirsə, yaşlaşanda bu duyğuların yönünü dəyişmək çox çətin olur. Yuxarıda vurğuladımız kimi, Ulusəsin duyğuları körpə qalmayıb, onun ictimai yaşamda çeşidli çalışmaları olub. Bununla belə, yaşının ahıl çağında Atanın ruhani döyüşünə (mübarizəsinə) qoşulmaqla bəlli uğurlar yetirmək, sözün doğru anlamında, örnəkdir. Bu, həm Ata məktəbinin etkisidir, həm insanın özündə daşıdığı insanlığın gücüdür. Asif Atanın dünyabaxışı da elə bu hikməti – İnsanlığın gücünü öyrədir.
Amaldaşımız Ulusəs, “Sabahlı İnamım” bitiyi ilə, Asif Atanın bu hikmətini tanıdanlardan biridir, birincilərdəndir. Qutlu olsun.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Soylu Atalı
Mütləqə İnam Ocağının Yükümlüsü
25 Günəş Ayı, 37-ci il. Atakənd.