Xəbərlər

“Uluyol-Hünər” Ailə Günündəki çıxışlar

Ocaq Günsırası ilə 1 Ata Ayı, 41-ci ildə (sentyabr, 2019) “Uluyol-Hünər” Ailəsi “Ailə Günü” tədbirini keçirdi. Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: “Bu aykı halım ilə bağlı danışım. Ay içində Ocaq yönlü müxtəlif işlər görmüşəm, tədbir kitablaşdırmışam, saytla bağlı işlər görmüşəm. Amallaşmam ciddi olmayıb, Xalqlaşmam da ciddi olmayıb. Bu ayda əhvalımın yüksək olduğu hallar daha çox Soylu Atalının verdiyi Ocaq xəbərləri ilə, onun xalqlaşması ilə bağlı olan xəbərlərdir. Hər dəfə Soylu Atalıyla danışanda əhvalım yüksəlir. Ancaq xüsusilə də xalqlaşması ilə bağlı söhbətləri dinləyəndə harda olmalı olduğum haqqında düşünürəm.

Ailə Günündə qonu qoymuşam – “Özüylədöyüş – qutsal yolçuluq”. Ata deyir: “artmayan azalır”. Dayandınsa, hər dəfə özünü kökləməli olursan, yenidən qalxmalı olursan. Bu, vaxt itkisidir. Hər dəfə özünü kökləmək, özünə inamı qazanmaq, yenidən özünə sorumluluğun gözüylə baxmaq, hər dəfə yenidən başlamaq asan deyil. Mən hər bir tədbirimizdən, görüşümüzdən fərəh alıram. Hər dəfə görüşümüzdə köklənirəm. Hər dəfə də o halımda Ocağa gəldiyim ilkin, başlanğıc fərəhə qayıdıram. Hər dəfə onu təsdiqləyirəm. Ancaq daha da irəli getmək gərəkir, daha da ucalıqdan baxım fərəhə. Atanın belə bir düşüncəsi var: “Mütləqə İnam nisbiliyi – yolsuzluqdur. Ya yol insanı yorur, ya da insan yolu”. Yol təkcə ayaqla gedilmir, yolu aparan, yolu gedən əslində bizim içimizdəki eşqdir, Amala olan sevdamızdır.

Ayrı-ayrı düşüncələrimi yazmışam.

*** İqtisadiyyatla xalqın belini qırdılar, İslamla da gözünü, beynini kor etdilər. Xalq nə bu gününü görür, nə də sabahına inanır.

*** Son çağlarda Əlinin müdrik kəlamlarını yayırlar sosial şəbəkələrdə. Onu ağıllı adam kimi sunmaqla İslamı sevdirmək istəyirlər.

*** Dünyanın əşrəfi insandır deyirlər. Ancaq bu insanı dində, siyasətdə, gerçək həyatda alçaldırlar, aşağılayırlar, döyürlər, söyürlər, hər cür haqıszlığa məruz qoyurlar. İnsan sayılmır, mövqe, imtiyaz, zənginlik imkan sayılır.

*** Amalla birikdikcə iç dünyam da qurulur. Hara getsəm, nəylə qarşılaşsam, gücümü ondan alıram. Nə qədər qayğılar olsa da, başqa dünyaya qarışmıram, halım qalxıb-enə bilər, ancaq yenə də ona dayanıram.

*** Atanın “Həqiqətlər” kitabında belə bir düşüncəsi var: “Xalqa arxalanmaq – xalqı arxasız qoymaq deməkdir”.

(Buna Ocaq Yükümlüsünün düşüncəsini bildirməsini istəyirəm).

Atanın başqa bir düşüncəsini də bölüşmək istəyirəm.

“Tarixin kökü adamların daxilindədir. Adamlar onu xaricdə axtarırlar, tapa bilmirlər.

Adam daxilindəki Canavarı öldürə bilmir və Canavarlıq tarixi yaranır.

Adam daxilindəki Tülkünü öldürə bilmir və Tülkülük tarixi yaranır.

Adam daxilindəki İlanı öldürə bilmir və İlanlıq tarixi yaranır”.

Əslində bu düşüncə bütün bəşər tarixinə verilən bir qiymətdir.

*** Xalqına xəyanət edən keçmişinə də xəyanət edir, gələcəyinə də xəyanət edir.

Atamız Var olsun!

 

Türkel Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Cəmiyyətdə bir-birinə münasibət, demək olar, yaxşıya yaxşı, pisə pis olmağa görə hesablanır. Getdikcə də adamların bir-birinə münasibəti tükdən asılı duruma düşür. Cüzi bir səhv hər şeyin üstündən asanlıqla xətt çəkə bilir. Belə bir ortamda cəmiyyətin Ocaqçıya münasibəti və Ocaqçılar arasındakı münasibət. Ocaqçı yaşamı imtinalara bağlıdır. Cəmiyyətdəkinin biri olmamaqdır. Cəmiyyəti eşitməməkdir. Bu səbəbdən Ocaqçının həyat tərzi cəmiyyətçi üçün qəbul olunmazdır. O vaxta qədər ki, Ocaqçı ilk addımı atır. Dəyişilməz olaraq öz halında yaşayır. Bununla da Ocaqçının bu yaşam tərzi, halı ətraf üçün müsbət anlamda adiləşir, qəbul olunur. Ocaqçı özünü təsdiq eləmiş olur. Mənim də yaşamımda bu cür addımlar olur. Bu addım həmin anda olmur, az müddət etkisi olur. Bu da ondan irəli gəlir, addımım arxasında davamlı dayanmaq üçün hələ o dərəcədə inadlı, qətiyyətli ömür yaşamıram. Bu səbəbdən hər bu cür addımlarda bir neçə tanışla münasibətdə əyilmələr, soyuqluqlar yaranır. Bunun səbəbi yenə də ona bağlıdır, ətrtafın mənə baxışı elədir ki, bizimlə bir yerdə olan, çox vaxt danışmayan və s. Cəmiyyətdə birinin Ocaq əhvalına münasibəti belə olur başlanğıcda. Bir amaldaşın başqasının hansısa cəmiyyətçilik əhvalına münasibəti necə olar, hansı təpkilərlə qarşılaşar deyə düşündüm. Şəxsən məni çaşdırarmı? Düşündüm, çaşdırmamalıdır. Çünkü Ocaqçı insana inanır. İnandığı üçün onun düşüncəsi, baxışı həmin ana bağlı deyil. Ocaqçı özüylədöyüş yolu keçir. Hərçənd hər şeyi özüylədöyüşə qurban verib gözardı eləmək səviyyəsində yox. Çünkü Ata deyir, kamilləşmə ölçü deyil. Hər şey ondan sonra başlayır. Cəmiyyət ölçüsüz yaşayır. Yaşamaq yalançı, bəsit inama bağlıdır. Mənim özüylədöyüş üstə yaşamağım hər anıma nəzarət deməkdir. Cəmiyyətin ölçüsü, davranışı səhnələşdirilmişə, planlaşdırılmışa bağlıdır. Hər şey qırağın baxışına hesablanır. Ocaqçının özüylədöyüşü isə yenilənməyə bağlıdır. Bu yenilənmə Amal ölçüsüylə yaşama bağlıdır. Amal ölçüsüylə yaşamaqla həqiqətə yetmək, bunu xalqın içərisinə çıxaraq izhar etmək gərək.

Atamız Var olsun!

Soylu Atalı (Ataya səcdə edərək Bayrağı öpür – N.A.): Dünyada hər zaman dəyişiklik istənilib. Hamı istəyir dəyişiklik. Ancaq heç kim dəyişikliyi hazırlamayıb. Ona görə dəyişiklik hazırlanmadan, yetirilmədən həyata keçirilib. Hazırlıqsız dəyişiklik dünyaya uğur gətirməyib. Biz elə bir aşamada yaşayırıq, bu aşamada da biz görürük insanlar dəyişiklik istəyir. Dəyişiklik istəyən insanlar zümrələrə bölünüb istəyirlər. Hamısı dəyişikliyə fərqli anlam verir. Hamısı dəyişiklliyi fərqli ölçülərlə qarşılamağa hazırlaşır. Yəni farsca desək, yekdil istək, yekdil ölçü yoxdur. Olmadığına görə dəyişikliyi kim aparır? Toplumun bəlli bir kəsimi hakimiyyətə gəlir, bəlli bir kəsimi onun buyruğunda ayrı-ayrı təşkilatlar, qurumlar şəklində çalışır. Onun buyruğunda, onun qulluğunda durur. Özünün yaşamını sürdürür. Özünün güzəranını gəlişdirir, toplumun yerdə qalan kəsimləri də dağınıq durumda, ac-yalavac şəkildə yaşayır. Ac-yalavac yaşayan insanların içərisində bir yön, bir qiblə yoxdur. Ancaq yenə deyirəm, bunların hamısı dəyişiklik istəyir. Bunların hamısının dəyişiklik istəyini onu əzən, onu talayan, onu yönətən qüvvələr ələ alır. Dəyişikliyi onlar həyata keçirir. Dəyişikliyi toplumun özü həyata keçirmir, onu əzənlər həyata keçirir. Onlar dəyişikliyi elə həyata keçirir ki, toplum yenidən əzilməyə, yenidən talanmağa yuvarlanır. Toplum sadəcə dəyişikliyi görür. O dəyişiklikdə ayrı-ayrı çalarlar görür, ayrı-ayrı yalançı üstünlüklər görür. Bu onun başının altına yastıq qoymaq anlamına gəlir. Çünkü dediyim kimi, toplumun birgə mövqeyi yaranmır, ölçüsü yaranmır, istədikləri dəyişikliyi aydınlaşdıra, ortaya qoya bilmirlər. Adi dillə desək, bir plan, proqram ortaya qoya bilmirlər. Nəyi dəyişək, hakimiyyəti dəyişək? Hakimiyyəti dəyişmək sənə nə vəd edir, bunun arxasınca daha nələr dəyşməlidir? Bu məsələlər olduqca qarşıq, dolaşıq durumdadır. Ona görə toplum heç vaxt uğurlar qazanmır. Zaman-zaman belə olub. Bu gün hakimiyyət görür ki… Bizim ölkədə, başqasıınn ölkəsində, bunun fərqi yoxdur. Hakimiyyət görür, onun əsarətində olan toplum dəyişiklik istəyir. O da götürüb yalançı islahatlar həyata keçirir. Bu yalançı islahatlarla bir yerə qədər toplumun gücünü, enerjisini dağıda bilir. Toplum yenidən toparlanmaq istəyəndə yenə də o gücü qoyur. Ən pis halda devrim olur. Toplumu bu gün əzənlər gedir, sonra əzənlər gəlir. Bütün bunlar hamısı nədən irəli gəlir, nədən qaynaqlanır? Bəşəriyyət ruhunun qidasını bəlirləyə bilmir. Onun ruhunu nədir sağlayan, əmələ gətirən, yaşadan? Mən illər öncə Tolstoyun “Biz nəylə yaşayırıq?” əsərini oxudum. Çox gözəl yazıb. Gözəl əsərdir. Nə baxımdan gözəldir? Sorunları ən incə nöqtələrinə qədər aydınlaşdıra bilir. Tolstoy Ataya qədər gözəl oxuldur. Tolstoyun dəyişə bilmədiyi, öyrədə bilmədiyi daha böyük bir aşama var. Bu arıtq Asif Atanın oxulunda bəlirlənir. Ona görə mən Tolstoyu Asif Atanın işinə ciddi əsaslı yol hesab edirəm.  Niyə deyirəm bunu? Bu gün dünyada çoxsaylı yazarlar olub. Mən toplumun ağrısını, acısını onun qədər dərindən incəliklərilə yaşayan birini oxumadım. O, həmişə mənim Ataya doğru səmtimə işıq tutub. O mənim əlimdən tutub, Ataya doğru yönəldib həmişə. Ancaq dediyim kimi, Tolstoya ona görə minnətdaram, məni hər addımda Ataya gətirb çatdırır. Elə bil deyir, mən səni filan oxula qovuşduracam, sən həqiqəti bütöv görəcəksən. Sanki mənə onu deyir. Sənə bütöv həqiqət verəcəm. O bütöv həqiqət Asif Atadır. Mənə onu deyir. Biz, dediyim kimi, ruhumuzun qidasını bəlirləməliyik. Toplum olaraq da, fərd olaraq da bəlirləməliyik. Çünkü bəşər olmaq üçün bizim ruhumuz sağlam olmalıdır. Bizim ruhumuzu cəhalətlə qidalandırırlar. Bizim ruhumuzu siyasətlə qidalandırırlar. Bizim ruhumuzu bolluca yalanlarla qidalandırırlar. Bizim ruhumuz yalanlar girdabına düşür. Ona görə də biz toplum olaraq özgürlüyümüzü itiririk. Ruhumuza yalanlar yeridikcə, bizi dağınıq durumda saxlamaq mümkün olur. Toplumun ruhu yalanlarla doludur. O yalanlara dayanıb toplumu əzə də bilirlər, talaya da bilirlər. Toplumun ruhu yalanlardan arınarsa, onun qarşısında heç bir talançı, basqınçı filan dayana bilməz. Asif Ata ona görə bir mənəviyyat Ocağı yaratdı. Mənəviyyat ailəsi yaratdı. Mənəviyyat ailəsini yaratdı ki, toplumun ruhunu yalanlardan təmizləsin. Ondan ötrü gecəni gündüzünüzə qatın, çalışın, öz üzərinizdə işləyin, ruhun doğru qidasını bəlirləyin, onu topluma verin. Onda toplum bütün sorunlardan uzaqlaşa bilər. Olduqca aydın məntiq var ortada. Hər kəs filan şey elə oldu, filan şey belə oldu. Axı bunu eləyəndə o alınmır, bunu eləyəndə bu alınmır. Bayaq mənimlə danışan oğlan deyir, axı mən vətən üçün mübarizə apardım, tutdular içəri saldılar. Səni tutdular, içəri saldılar, niyə sala bildilər? Sən nəylə uğraşırsan? Sən hələ elə bir şeylə uğraşırsan, obrazlı dillə danışsaq, sən körpünü yaratmamış, çayı keçmək istəyirsən. Düşüb axırsan. Sənin niyyətin yaxşıdır, ancaq sən körpünü yaratmamış çayı keçirsən. Toplumda bütün basqınlara uğrayanların hamısı tutulanlar, əzilənlər, hamısı elədir. Qoy səni körpü yaratdığına görə tutsunlar. Hələ körpü yaratdığına görə bir adamın tutulduğunu mən eşitməmişəm. Ona görə Ocaq məsələsini dərindən öyrənmək gərəkdir. Əgər dərindən öyrənməsən, onda suallar sənin içini gəmirəcək. O qədər zəhmət çəkənlər, uğraşanlar var. Deyir bununla heç nə eləmək olmaz. Həmişə belə məntiqlər ortaya gətirəcəklər. Məntiqsizliklər ortaya gətirəcəklər. Toplumun yalançı, avara, özü tamaha yüyürən, kəndirdən açsan açılandan daha bərk qaçmağa hazır olan toplumun içinə gedərsən, ilk başlanğıcda o, səni özündən sayar. Ancaq sən toplumun içinə gedəndə gərək öyrətmən kimi gedəsən. Sənin öyrətmən kimi getməyin toplumu həm çağıracaq, inandıracaq, həm də sarsıdacaq. Toplum həm sənə inanacaq, həm də səndən qaçmağa çalışacaq. Bəlli bir dövrə qədər belə ola bilər. Çünkü yalan-palan içərisində yaşayan toplumun qarşısına çıxıb həqiqətləri deyirsən. O həqiqətlər ki, o həqiqətlərin səmti, yönü, toplumun özündən ayrılmasını yaradan nəsnələr olacaq. Səbəblər göstərirsən. Toplumun yarasızlığını dolayısıyla onun qulağına pıçıldayırsan. Yararsızsan sən, gücün çatmır kiməsə, nəyəsə. Niyə gücün çatmır? Niyə yararsızsan? Çünkü yalanlar içərisində itib-batırsan. Həyatın başdan-ayağa yalandır. Hər addımda yalandır. Yalan yaşayırsan, yalan yeyirsən. Hər addımda yalan danışırsan. Bu yalanlardan çıxmağın açarını topluma vermək gərəkdir. O açar Ocağın öyrətdiyi kimi mənəviyyat ölçüsüdür. Ancaq dediyim kimi, sən toplumun içinə gedərsən, getdiyində səni həmişə güllə-çiçəklə qarşılamayacaq. Toplum yalan yaşayır. Yalan yaşadığın nədir? Din. Bunlara qarşı gedirsən. Səni gül-çiçəklə qarşılamaycaq. O elə hesab edir, onun mənəviyyatının ölçüsü dindir, sadəcə din düzgün qullanılmır, düzgün əməl olunmur dinə, ona görə dünya dağılır. O elə bilir. Bu çağa qədər yarım min ildir dünyada mənəviyyat ölçüsü yaranmr. Bizim üçün yarım min il, belə götürək axıırıncı mənəviyyat yaradıcılıarımız hürufilərdir. Düzdür, yaxın Orta Doğuda onlar genişlənmişdi, ancaq onlar dinlər kimi bəşəriyyətin müəyyən bir kəsimini qapsamadılar. Ona görə mən deyirəm Azərbaycan üçün ondan sonra mənəviyyat ailəsi yaranmır, yarana bilmir. Ata yaratdı. Biz də çox az sayda adamlar Asif Atanın mənəviyyat ailəsində təmsil olunuruq. Bütün dünyadan fərqli. Bütün dünyadan üstün. Ocaqçı bunun dərindən fərqinə varsa, o doğrudan da, bəşəriyyətin öyrətməninə çevrilə bilər. Dərindən fərqinə varsanız, sizin bəşəriyyətin öyrətməni olmağınıza heç nə əngəl ola bilməz. Doğrudan da, böyük bir fürsətdir, böyük bir şansdır, Asif Atanın mənəviyyat ailəsində, ruhaniyyat ailəsində yaşayasan, təmsil olunasan, yaşadıqca da öyrətmənə çevriləsən. Bu məsələ bizim hər gün öyrənəcəyimiz, düşünəcəyimiz məsələdir.

Mən dünən işdə yenə də bir az Tolstoydan oxudum. Qabaqlar oxuduğumla tutuşdursam, yenə də son dönəmlər ağır gedir mənim oxu məsələm. İndi lap ağır gedir. Niyə ağır gedir? Oxuduqca mənə yaxşı düşünmə ortamı verir. Başlayıram düşünməyə, oxuya bilmirəm sonra. Düşüncə ortamna girirəm, oxuya bilmirəm. Bu mənə həm yaxşıdır, həm zərərlidir. Bu məsələnin ayrı tərəfi. Ancaq demək istədiyim ayrı bir şeydir. Mən Tolstoyu oxuyuram, sonra bayıra çıxıram. Hər yerdə Tolstoyun dediklərinin sübutunu görürəm. Mən doğada hara baxıram, orda anlam görürəm, mənim düşüncələrimi götürüb aparır. Mən görürəm Tolstoyun dedikləri sübut olunur. Mən görürəm Tolstoyla Atanın arasında çox böyük bir bağ var, mən görürəm Ata doğru aşamalar bəlirləyib. Ata nə qədər incəliklə, doğruçuluğuyla onların axtara bilmədiklərini, incələyə bilmədiklərini bizə öyrədir. Mən hara baxıramsa, onun təsdiqini görürəm. Bütün oxuduqlarımla mən bu halla üzləşmişəm. Hara baxmışam, Atanın bizə doğru öyrətdiklərinin şahidi olmuşam. Aforizmlər kitabını oxusanız, orda çox şeyləri görə biləcəksiniz. Ata elmin, texnikanın təzə gəlişdiyi bir dönəmdə aramızdan getdi. Ancaq Ata texnikanın, elmin 100, bəlkə də 500 il sonra gəlişməsi dönəmində də bizə doğru açar verib gedib. Hamı həyatı, yaşamı, düşüncəni çağdaş elmin, çağdaş texnologiyanın gəlişməsinə görə hesablayır. Asif Ata ona görə hesablamır. Həyatımızda yeni texnologoyalar, yeni elmi gəlişmələr başlıca rol oynayır bu gün. Ancaq bununla belə, Ata qətiyyən ölçünü onlara dayanıb vermir. Mən düşünürəm, niyə vermir, niyə Ata daha çox fərqli bir şeylərə dayanır. Eyni halda Atanın dayandığı bu fərqli şeylər nədir? Keçmişdirmi, qədimlikdirmi? Deyil. Bu gündürmü? Deyil. Əgər keçmiş deyilsə, bu gün də deyilsə, biz ona gələcək deyə bilərik, biz ona niyə gələcək adı qoyuruq axı. Gələcək texnologiyayla bağlı gəlir. Mən ona gələcək deyirəm. Atanın ölçüsünə, Atanın öyrətdiyinə, Atanın qoyduğuna mən gələcək deyirəm. Eyni halda, yenə vurğulayıram ki, gələcək yeni texnologiyalarla ölçülür toplumda. Ancaq toplumun üz tutduğu gələcək bizim varlığımızı qoruya biləcək gələcək deyil. Bizim ləyaqətimizi yaşadacaq gələcək deyil. Demək ki, Ata ona dayanmır, demək ki, Ata daha qorxulu bir gələcəyin yolunu kəsir. Bəşəriyyətin qurtuluş yolunu hazırlayır. Bütün bunları, Atanın düşüncələrini incələdikcə, sübuta yetirə bilərik. Bu kitabları öyrənmək, düşüncələri bəlirləmək ondan ötrüdür  Atanın dediklərini incələyə bilək. İnandıra bilək toplumu. Yeni texnologiyalara aludə olan toplumu. İstedadlı toplumu. Yeni texnologiyalarla istedadlanmış toplumu. Ataya köhnə bir şey kimi baxa bilərlər. Atanı 70-80-ci illərin faktı saya bilərlər. Sayan da yox deyil yəqin ki. Həmin onların özü bizə qorxulu gələcək daşıyırlar. Bu gün biz dərk eləməliyik, Asif Atanı köhnə sayan istənilən bir adam bizə qorxulu gələcək vəd edir. Onun şüurunu, düşüncəsini darmadağın eləyə bilən ruhani öyrətmənlər gərəkdir. Mən bütün bu keşməkeşləri araşdırıb öyrəndikcə, həm də anladıqca, hesab eləməyin mən qorxub addımı dala qoyuram. Mən daha da nikbinləşirəm. Mənim nikbinləşməyimin əsasında Həqiqəti tanmağım durur. Həqiqəti tanımaq isə nə vəd edir? Sabah, o biri gün yenidən alışıb yanmaq. Sabah, o biri gün yenə də o işığın yanması. İşıq var, işıq sönməyəcək. Həqiqəti tanımaq onu vəd edir. Ona görə nikbinəm. Mən işığı görürəm, işığı tapıram, sönməz işığı tapıram. Bütün parıltıların içində sönməz, doğruçu, doğal, gərəkli insani işıq. O işığı mən gördükcə nikbinləşirəm. Bütün yalançı işıqların içində sönməz mayak. Bu da mənim üçün ölçüdür. Ona görə də yaşasın Ata. Nə qədər insanların gözünü parıltılar qamaşdırsa da, onlar Ocağı axtarır, axtaracaq. Onlar Atanı axtarır. Parıltılar ağlı işıqlandırmır, gözü qamaşdırır. Ürəyi də işıqlandırmır. Ancaq Asif Atanın işığı düşüncələrə aydınlıqdır. Ağılları, düşüncələri işıqlandırır. Mənəviyyatımızı işıqlandırır. Quruculuq da budur. Belə bir qurucu yolun peşində olduğunuzu, belə bir yolun astanasında olduğunuzu diləyirəm. Ataya səcdə eləyirəm.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 

Qutsal Oxuma hissəsində “Təzadlar”  kitabının davamı oxunur.

Ata düşüncəsi: “Sən məndən qabiliyyətsizsən, ancaq mən insanlıq xatirinə öz əməyimin bir hissəsini sənə verirəm”.

Soylu Atalı: Bunu cəmiyyətə necə izah etmək olar? Onda qabiliyyətsizlər hamısı müftə yeyən olar ki. Bunun çıxış yolu nədir? Doğru olanı nədir bəs? Sən qabiliyyətlisən, mən qabiliyyətsizəm. Sən də əməyinin bir hissəsini verdin mənə. Qabiliyyətli ilə qabiliyyətsizi tutuşdursan, toplumun böyük faizi qabiliyyətsizdir, çox az faizi qabiliyyətlidir. Necə olacaq? Ruhani cəmiyyət necə olur onda? Bu o anlama gəlmir ki, qabiliyyətsiz ayağını ayağının üstünə aşırıb oturacaq. Mən qabiliyyətliyəm, yəni ustayam. Mən bu daşı daşın üstə qoya bilirəm. Sən də o daşı mənə ver. Sən də o palçığı qarışdırıb mənə ver. Sən ayağını ayağının üstünə qoymayacaqsan axı. Mən də əməyimin bir hissəsini sənə verim, sən də müftə yeyəsən. Qabiliyyətliyəm, o demək deyil, çoxunu mən yeməliyəm, azını sən yeməlisən. Qabiliyyətliyəm o deməkdir insanlıq xatirinə, sən də zəhmət çəkirsən, mən də zəhmət çəkirəm. Mən səndən daha yaxşı şeylər bacarıram, sən də su daşı. Sənin  də tələbatın var, mənim də tələbatım var. Hər kəs təmin olunmalıdır tələbatına görə. Ancaq bu o anlama gəlmir ki, kimsə ayağını ayağının üstünə aşırsın, müftəxorluq eləsin, bir başqası zəhmət çəksin. Bu o anlama gəlmir, Ata da onu qəti nəzərdə tutmur. Birinin zehni üstünlükləri var, gəlir hakimiyyətə, məmur olur. Biri də şaxtada heyvan kimi çalışır, buna 5 manat düşür, o birinə 1500 manat düşür. Söhbət buna qarşıdır. Atanın dediyi ona qarşıdır. Sənin qabiliyyətin var, dırmaşmısan ora. Axı bu müftə yeyən deyil, ayağını ayağının üstünə aşırmır, canını qoyur, sağlamlığını qoyur, həyatını qoyur. Sən kimsən onun haqqını yeyirsən. Ata onu deyir.

Nurtəkin Atalı: Atanın bu düşüncəsini açmanı istəyirəm: Xalqa arxalanmaq – onu arxasız qoymaqdır”.

Soylu Atalı: Məsələn, sən mübarizə aparırsan. Mübarizəni nə üçün aparırsan, nə yöndə aparırsan? Toplumu qurtarmaq istəyirsən. İşin əsas qalibiyyətin yönünü topluma buraxmırsan, ona ümid olmursan. Ona arxalanmamaq o anlama gəlir ki,  sən bütünlüklə öz ağlını, düşüncəni işə salmalısan, ona dayanmalısan. Xalq mübarizə üçün aracdır, sən hara apararsan ora gedər. Ancaq sən xalqın önünə düşərsən, lokomotiv sənsən. Düşüncə, beyin səndə işləyir. Toplumun düşüncəsiylə hərəkət edə bilməzsən. Toplumun düşüncəsiylə hərəkət eləsən, toplumun gününə düşərsən. Yarı yolda qala bilərsən. Sənsən qurtarıcı. Toplum ideya yaradan deyil. Sənin ağlına baxır. Bu məsələdə topluma arxalanma, arxasız qalarsan. Toplumu çək apar. Beyin səndə işləyir.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Ailə Günü sona yetir.

 

Xəzan Ayı, 41-ci il. Atakənd.

(oktyabr, 2019. Bakı.)

 

 

 

 

 

 

 

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir