Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin 34-cü ildə III “Ailə Günü” Mərasimi

Ata-Ocaq ilsırası ilə 20 İşıq Ayı, 34-cü ildə (may, 2012) “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ailə Günü” “Ata Ruhuna Pənah gətirmişik!” Səcdəsi ilə başladı. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya Səcdə edərək sözünə başladı. O, İşıq Ayının onun üçün xüsusi olduğunu vurğuladı. Asif Ata ilə ilk görüşünün və Ocağa gəlişinin bu ayda olmasını dedi: “16 illik ömrümü düşündüm və ömrüm bütün fərəhi, çətinliyi, məsuliyyəti –  hər bir hadisəsi ilə qarşımda durdu, onu ifadə etməkdə çətinlik çəkdiyimi gördüm.

Mən Atanı tapanda sadəcə Ocağın cəzbi, özünü insan kimi yenidən yaratmaq, zamandan, şəraitdən üstün olmaq fikirləri ilə gəlmişdim. Ocağın məramı ilə tam olaraq tanış deyildim. Atanı cismani olaraq 1 il gördüm. Onun münasibətini, davranışını sadəcə izləyirdim. Lakin illərdən sonra anladım ki, Atayla mənim vəhdətim özümü yaratmağımdan sonra başladı. Atanı bütün ruhumla, mənəviyyatımla, iradəmlə dərk elədim. Və bu, mənim öz aqibətimi qurmağımın təməli oldu. Mən öz aqibətimi qurmuşam və gələcəyimi yalnız Ocaqda görürəm”.

Özünün xalqlaşma fərəhindən də danışan Nurtəkin Atalı bu söhbətlərin onu məsuliyyətə köklədiyini, fərəhini bölüşmək imkanı olduğunu dedi. Özündən narazılığını isə işlərində nizam yaratmamasında gördü.

İndiki gedişat haqqındakı yazısında xalqın zahiri şeylərə aldanmasını sovet zamanı ilə müqayisə etdi: ““Elim gülür”, “Nə gözəldir Azərbaycan”, “Cənnət görmək istəyən Azərbaycana gəlsin” mahnılarına həqiqət qədər inanırdıq. O zamandan nə dəyişdi? Yenə də “Həyat gülür, el gülür”… Parçalanaq, paralanaq, əzilək, heysiyyətimiz təhqir olunsun, fərqi yoxdur, fərəhlənməli o qədər şeylər taparıq ki. Axı biz özümüzü tanımasaq da dünya bizi tanıyır. Axı biz Qarabağ uğrunda döyüşməsək də, dünya bu haqda düşünür. Axı Güneyi unutsaq da, fars bunu unutmayıb, zindanlarda yaşadır bizə vətən hissini. Axı Borçalıya gürcü yiyə durub, Dərbəndi rus unutdurub bizə. Axı biz sevinməliyik, sevinməməyə haqqımız yoxdur. Axı “nə gözəldir Azərbaycan!”

Fiziki şikəstliyi olan adam cəmiyyətdə özünü rahat hiss etmir, başqalarından əskik olduğunu düşünür, başqaları ilə özünün arasındakı fərqi özünə dərd edir, sıxılır, əzilir. Mənəvi şikəstliyi olanı isə heç kim görmür. Mənəvi şikəsti heç kəs görə də bilməz. Çünki cəmiyyətin özü də şikəstdir, gözü də. Çünki yalan cəmiyyətin tələbidir. Yalan danışmayan özünü cəmiyyətdə rahat hiss etmir. Axı öz mövqeyinə görə satmaq, satılmaq normaldır, Axı insani tələblər, qayğı göstərmək, fədakarlıq etmək yaddır cəmiyyətin halına. Vicdan məsxərəyə qoyulur… Ya özünü yaratmalı, içəridən qurulmalı və qorumalı, ya da cəmiyyətin tələblərində aşına-aşına şikəstliyə düçar olmalısan. Ona görə də özünə cəmiyyətin gözü ilə deyil, öz gözü ilə baxmaq, özünə cəmiyyətin tələbi ilə deyil, həqiqətin, ruhunun tələbi ilə yanaşmaq özünü də, cəmiyyəti də xilas edəcək”.

Ulusəs Atalı sözünə Nurtəkin Atalını təbriklə başladı. 16 illik Ocaq ömrünün mahiyyətində insani vəhdətin olduğunu vurğuladı. Atayla vəhdətin Amalla vəhdət olduğunu dedi: “Nurtəkinlə ünsiyyətimin, münasibətimin təməlində Amal var. Bütün söhbətlərimiz Atanın, Ocağın üzərinə çıxır. Bunun özü ruhani vəhdətdir. Nurtəkin mənim üçün Ocaqçı örnəyidir. O, səcdəli insandır. O, Yola səcdəlidir. Yola səcdə etməsən, o yolu gedə bilməzsən. Amala səcdəlidir, Ataya səcdə edir. Ataya səcdə etməsə, o böyüklüyə çata bilməyəcək. Soyluya səcdə edir. Soylunun Ataya bağlılığına səcdə edir. Nurtəkində mənim istədyim, mənim fərəhləndiyim onda gördüyüm səcdəli münasibətdir…

“Ailə Günü” mənə həmişə maraqlı gəlib, Ocağa gəlmədən də əvvəl “Ailə Günü”ndə biz hesabat veririk. Biz yaşamımızı hesabat veririk. Adi həyat və Ali həyat var. Adi həyat cəmiyyətin yaşadığı həyatdır. Öz mahiyyətinə çatmaq üçün adi həyatdan çıxıb, Ali həyata yüksəlmək gərəkdir. İnsan Ali həyat qurmalıdır. Bizim hesabatımız bunu göstərir ki, sən nə dərəcədə adi həyatdan çıxıb Ali həyata gedirsən və yaxud adi həyatı aliləşdirə bilirsən…

Bu cəmiyyətdə həqiqət, ədalət yoxdur, olsa da nisbidir, əsil deyil. Ona görə də Mütləqə İnam Dünyabaxışı yaratdı Ata. Atanı ardıcıl mütaliəmdə İnsana inamı görürəm. Həyat adamı daim sıxır. Ocaqçını da sıxır. Ocaqçı olmayan adama elə gəlir ki, həyatın qaydası elə budur. Mənsə anlayıram həyat məni niyə sıxır. Bəzilərinə rahatdır yaşamaq, düzələcək hər şey, mənə deyirlər ki, niyə narahat olursan?! Asudəçilik və məsuliyyətsizlik var. Ocaqçı başa düşür ki, həyatda şər var. Bəlkə bu asudəçilik ona görədir ki, özlərini rahat hiss etsinlər. “Azadlığın təməli məsuliyyətdir” (Asif Ata). Həyat səni qovanda sən üzünü ona qarşı çevirib başlayırsan onu düzəltməyə. Həyatın mənasız təzyiqlərinə bir balaca güzəşt edən kimi, o sənə zərbə vuracaq”.

İnamlı Atalı Ataya səcdə etdi: “Burda Atayla ünsiyyətdə oluruq, yoxsa həyatın basqısı bizi daha çox sıxar. Amaldaşımı təbrik edirəm. Elə hesab edirəm ki, Nurtəkinin cismani yaşı yox, Ocağa gəldiyi gündən, Atayla vəhdət yaratdığı gündən onun yaşı hesablanmalıdır. Çünki Nurtəkin elə o illəri yaşayıb”.

Soylu Atalı “Atagün” Ailəsinin evladı olduğu üçün burada hesabat verməyəcəyini dedi. Atagün elində Günevin məbəd tikintisindən danışdı: “İlk dəfədir ki, türk ulusu üçün İnam Məbədi tikilir. Türk xalqının məbədi olmayıb. Burda da məbəd tikəcəyik. Bu, qarşımıza qoyduğumuz məqsəd və borcumuzdur…

Bu qarışıq gedişatın fövqündə Əqidə yaranıb. Bugün hər kəs söhbət əsnasında deyir ki, mənim əqidəmə görə belədir. Hər kəs əqidəli deyil. Əqidə xüsusi məsələdir. Əqidə insanın özünə bənzəməsi, yaxud bəşəriyyəti özünə bənzətməsi üçün istənilən, seçilən aqibətdir. Bioloji istəklər, cismani həyatın tələbləri var ki, insanlar əsasən bu tələblərlə yaşayır. Cismani həyatın tələbləri ilə yaşayanda isə insan özünə bənzəmir.

Ruhani xilqət olduğuna görə, özünə oxşamaq üçün o, xilas haqqında düşünür. Bu düşüncədən yaranır əqidə. Mütləq özünə oxşamaq gərəkdir. Siyasət əqidəsizlikdir. Orda insan özündən ayrılır. Orda həqiqət yoxdur, səmimiyyət yoxdur. Əqidə yüksək insani, Ali tələbdir, o tələb əsasında insanın mübarizə etməsidir.

… İnsanın üstünlük istəyi var. İnsan biloji tələblərlə yaşadığı üçün, özünü başqaları ilə müqayisə edir. Fərd özünü başqaları ilə müqayisə edirsə, fərddə eqoizm baş qaldırır, daxili ucalıq hiss olunmur orda. Amma insan özünü başqaları ilə deyil, Mütləqlə müqayisə edirsə, o, zamandan üstün olur, cəmiyyətdən üstün olur. O, özünü fərdə qarşı qoymur. Belə olduqda mübarizə fərdlə deyil, ictimai şərə qarşı gedir.

Soylu Atalı sonra Dinin təməl ideyalarını açdı və yeni əsəri üzrə fikirlərini dedi.

Nurtəkinin Ruhani Doğum günü ilə bağlı təbrikində qeyd elədi ki: “Nurtəkinin ruhani yaşını doğrudan da bayram eləmək gərəkdir. Yubiley keçirənlərdən soruşardım, – həmişə deyirəm ki, ömrünüzü araşdırın, görün ömrünüzün iki gününü bir-birinə bağlayıb bir ülviyyət yarada bilrisinizmi? O yoxdursa, nəyi bayram edirsən? İnsan öz insani mahiyyətinə uyğun yaşaya bilər, gözəl xidmətlər göstərə bilər millətinə, insanlığa və o xidmətindən ləzzət alar və onu bayramlaşdırar. Nurtəkinin ruhani həyatı gözümün qabağında olub. Onun bütün ömrü bir xətt üzrə gəlib, ona görə də Nurtəkin xoşbəxtdir. Onun ömründə Amal tələbləri birinci yerdə olub. Onun ömründə şöhrətin dalınca qaçmaq olmayıb, maddiyyatın dalınca qaçmaq olmayıb. Onun ömründə sarsıntılar olub, ağırlıqlar olub, gərginliklər olub. Özü zərif fərd olduğu halda özünü evinə, qardaşına, cəmiyyətinə qarşı qoyub, Asif Atanın yoluna arxa çevirməyib. “Ömrüm sənindir, Ata. Onu götür, istədiyin kimi sırf elə” deyə and içib və böyük hünərlər, ləyaqətlər göstərib. Yazıya sığmayan hünərlər göstərib. Azərbaycanın rayonlarını qarış-qarış gəzib, Atanın sözünü, kitabını çatdırıb, cibindən xərcləyib, boğazından kəsib. Gecə-gündüzlər işləyib, zəhmət çəkib. Məvacibinin 60%-ni Ocağa qöyub. O, özünün taleyini yaşayır. Azərbaycan qadınlığının ləyaqət timsalıdır. Mübarizliyin ləyaqət timsalıdır. Bir dəfə olsun təmənna ummayıb. Ocaq ədəbiyyatının ərsəyə gəlməsində maddi, mənəvi əziyyət çəkib. Arxivin yaranmasında 50%  Nurtəkinin zəhməti var. Nurtəkin əqidəli, iradəli adamdı. Asif Atanın tələbləri ilə yaşayıb, onun inamı bütövdü, ona görə sadiqdi, dönməzdi. Onun Atanın ideyasını anlamaq iqtidarı, gücü var, müstəqil şəkildə özünün halını, fərəhini ifadə edə bilir, deyə bilir. Bütün dünyanın yaxşısını, yamanını, acısını içindın keçirə bilir. İnsanların qeydinə qalmağı bacarır. Onlarla daim ünsiyyətdə olmağı, onlara bacılıq, analıq etməyi bacarır. Bu boyda təhdidlər, təhqirlər, gərginliklər yaşadı, amma yıxılmadı. İdraklı olduğuna görə yıxılmadı. Əqidəli insanın nə demək olduğunu dərk elədi. Bildi ki, əqidəliyə daş atan çox olur, üstünə yeriyən çox olur. Və öz sədaqətində qaldı. Amal yaşayanda insan var olur, ulusun var olur. Bəşəriyyət ayrı-ayrı fərdlərin ləyaqətində var olur. Ayrı-ayrı fərdlərin hünərində, əməlində var olur. Nurtəkinin ömrü sabaha çatdırılasıdır. Amaldaşımı, bacımı təbrik edirəm. Ona çox güvənirəm, ona mütləq inanıram. Ona qarşı tərəddüdüm yoxdur”.

Gənc şair Elçin dəvət üçün təşəkkürünü bildirdi. Atadan o qədər də məlumatlı olmadığını dedi. Hər şeyi insan özünü dərk etməsi üçün yaratdığını vurğuladı: “Qəhrəmanlar, müsbəti, mənfini də özünü dərk etmək üçün yaradır. Mən sənət adamıyam. Hər bir sənət adamı yaradıcıdır. O Mütləq, insanın daxilindəki enerji – insanın aliləşməsinə gedən yoldur. Özünü tapmaq – Mütləqi tapmaqdır. Özümü dərk etmək üçün öz daxilimi görməliyəm. İstərdim ki, İnsanların hər biri gözəllik yaşasın – bir-birinə sayğı, diqqət. Mən millətimə bağlı adamam. Güneylə bağlı söhbət getdi tədbir başlamadan öncə. Güney məsələsi mənim də ağrılı yerimdir. Burda da millət adına, xalq adına düşünməniz mənim bəyəndiyim məqamlardan biridir. Millət haqqında, insanın kamilləşməsi haqqında söhbətlər eşitdim. Hər birinizə uğurlar arzulayıram”.

Sabir Yanardağ qeyd elədi ki: “Xoşbəxt duyğularla yaşadım. Kişi xoşbəxt olmasa da olar, qadın xoşbəxt olmağa layiqdi. Kişi yük daşımaq məsuliyyətinə sahibdi. Amma burda xoşbəxtlik mənə öz ayağı ilə gəldi…

Burdakı söhbətlər çox tutumlu və səviyyəlidir. Nurtəkini bir şəxsiyyət kimi görürəm. İnsanın ikili vəziyyətini Nurtəkin də, Soylu da lakonik, məzmunlu və səviyyəli şəkildə izah elədi. Burda bəşərin bəlkə də faciəsindən biri – insan maskaraya hədəf olursa ölmək asandı, heçə çıxmaq asandı, amma yaşaya-yaşaya sən gülüşə, istehzaya, masxaraya çevriləsən, çox cildləri dolduran faciədir, Şekspir, Şiller faciəsidir, İbsen, Cəfər Cabbarlı faciəsidir.

Natiqlik – bir var səf-səf söhbətlər, bir də var məzmunlu söhbətlər. Amma həyatı səfərbəredici natiqlik. Asif Atanın Ocağında da natiqlikdə böyük təmkin, siqlət və məna var”.

Nəsibə xanım Nurtəkini təbrik etdi: “Nurtəkini çox sevirəm. Onda o qədər insanilik var ki, onu görəndə sevinirəm. Ona indiyə qədərki Ocaq fəaliyyətinin 3 qatını arzulayıram. Onunla söhbətiniz Ocaqçılığın başlanğıcıdır. Ocaqdostu Ramin Nurtəkinə xoş arzular, uğurlar  dilədi.

Ceyran xanım tədbirdə iştirakından məmnunluğunu bildirdi. Uğurlar dilədi.

Soylu Atalı Şölə Ayında (iyun) Ocaq Mərasimlərindən danışdı. Ayın 1-i “Evlad günü” Mərasimi, ayın 5-i Ağstafa səfəri “Ata Sonevini Ziyarət Günü” mərasimi, ayın 13-ü “Xəlqilik” Bayramı tədbirləri haqqında danışdı.

 “Müqəddəs Oxuma” hissəsində Asif Atanın “İnam Fəlsəfəsi” kitabından bir hissə oxundu və şərh edildi.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” Səcdəsi ilə tədbir sona yetdi.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir