Ocaq Günsırası ilə 29 Şölə Ayı, 35-ildə “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Mərasim “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsilə başladı. “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı və “Ataya Günorta Ricası” deyildi. Bundan sonra Ailənin Yükümlüsü Nurtəkin Atalı ruhani hesabatını verdi: “Özü üçün yaşamamaqdan başlayır mübarizə. Öz ömrünün qayğıları millətinin qayğılarından ibarət olanda başlayır ideallarla yaşamaq. İdeallar kökləyir, yetişdirir, yetkinləşdirir, odun-alovun içinə atır adamı.
Qayğıdan üstün qayğı, dərddən üstün dərd, fəlakətdən üstün fəlakət yaşayırsan. Yaşadıqca anlayırsan, köklənir, yetkinləşirsən. Ali qayğının içində əriyir kiçik qayğılar, Amalın içində əriyir həyat. Ömür burdan başlayır yazılmağa. Atanın ömrü mübarizəyə başladığı andan, Ocağı yaratdığı məqamdan yazıldı. Ocağına yazıldı, millətinə yazıldı, sabaha yazıldı. Bizim ömrümüzə yazıldı. Yol kimi, Amal kimi, ideal kimi yazıldı. Nə qədər Atanı öyrəndiksə, dərk etdiksə o qədər idela doğmalaşdıq, Amallaşdıq. Bir yolun yolçusu olmaq bu deməkdir. Ömürdən ömürə körpülər yaradan, ömürdən ömür yaradan yol.
Ata sonevini ziyarət mərasimində də bu hala köklənmişdik hər birimiz. Hər birimizin üzündə, sözündə, gülüşündə, kədərində görünür. Bu səfər bizi hər dəfə daha da doğmalaşdırır. Mən adətən yol yorğunluğunun içində düşünürəm bunları. Hər dəfə məsuliyyyətimizi, nə qədər yüklü olduğumuzu, fərəhimizin boyunu görürəm. Ona görə də bu mərasim mənim üçün çox önəmlidir. Sanki özümlə görüşə tələsirəm. Özümün təzələnib böyüyəcək halımla qarşılaşacağıma əminəm. Çünki duyğular da, düşüncələr də, məsuliyyət də təzələnmək istəyir. Hər bir Ocaqçının halındakı Amal halı məni kökləyir, inandırır, fərəhləndirir. Bu fərəhə, bu hala qarşı həsrət, inam halımı kökləyir…
Bu günlərdə mən işimi itirmək təhlükəsi ilə qarşı-qarşıya durdum. Çox kədərləndim, çox əsəbi hal keçirdim, Ailə Günü öncəsi heç cür fərəhimi, halımı kökləyə bilmədim. Heç cür düşüncələrimi yönləndirə bilmədim. O zaman özümə acığım tutdu. Mən o qədər işsiz qalmışam, o qədər çətinliklər görmüşəm. Yenidən çətinliyə düşmək niyə məni qorxutmalıdır? Niyə məni yolumda səngitməlidir, niyə özümü mərasimə kökləmədə bu qədər çətinlik çəkməliyəm?! Bunlar o deməkdir ki, hələ də ruhani halıma mütləq hakim deyiləm. Ata qədər çətin günlər görmədim, işsiz qalmadım. Ata necə yaşadı bunları? Deməli, hələ aşılası dağlar vardır…”
Ulusəs Atalı Ataya Səcdə ilə sözünə başladı. “Ailə Günü” tədbirinin onun üçün önəmli olduğunu vurğuladı. Hər bir Ocaqçının izharından hal baxımından bəhrələndiyini söylədi. Ailə Günü tədbirlərindən ruhani hal və düşüncə baxımından aldığı duyğuları bölüşdü.
Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: “Biz bir qayda yaratmışıq. Daha doğrusu Asif Ata yaradıb. Mərasim və başqa tədbirlər hər birinin ümumi məzmunu, hətta biçimi oxşardır. Amma bizim istənilən tədbirimiz cəmiyyət tədbirlərindən fərqlidir, məzmun oxşarlığı yoxdur. Bu qayda bizim qaydamızdır, bizi ifadə edir. Biz nəyə köklənmişik, nəyi vermək istəyiriksə onun qaydasıdır, onun ölçüsüdür. Burda dayanmaq, doğrusunu eləmək, doğrusunu demək olduqca ciddi məsuliyyət tələb edən bir şeydir. Həyatda hər şey dəyişilir. Dəyişilməyə meyillidir. Zaman hər şeyi dəyişir, çünki zaman əbədiliyin qırılan mərhələləridir. Ona görə hər şeyi dəyişir. Zaman hər şeyi dəyişməsə, özü yerində durar. Ancaq bir var zaman dəyişir, bir var zamanı dəyişəsən. Sovetlər dövrünün öz həyat tərzi vardı, ədəbiyyatın, sənətin standart yönü vardı. Qəhrəmanlar obrazı yaradılırdı standart. Hətta ailə mövzusu yaradıcılığın süjet xəttini təşkil edəndə də orada istehsalat qabarırdı. Bütün insanlar sanki əmək yarışına girmişdilər. Bütün insanlar varlığını hamının diqqətində olan əməkdə axtarırdı və orda ifadə edirdi, kolxozda ifadə edirdi. Beləliklə də, obrazlar qulluqçu səviyyəsinə endirilirdi. İnsan tanınmırdı, insan açılmırdı. İnsanın həsr olunduğu, xidmət elədiyi açılırdı. Və əmək, istehsalat fetişləşdirilirdi. İnsan ona xidmətdə sanki aktiv görünürdü, mahiyyət etibarilə insandan əsər-əlamət qalmırdı. Bu gün elmi-texniki tərəqqinin tələbləri əslində sovet dövrünün istehsalat tələblərindən heç nə ilə fərqlənmir. Bu gün də mövzu kompüterdi. Hər kəs ora can atır. Hər kəs orda yarışır, hər kəs orda özünü ifadə eləməyə can atır. Başqasını da qınayır orda olmadığına görə, indi texnika əsridir sən nə işlə məşğulsan deyə ittiham edir və s. Beləliklə, zaman dəyişilir, amma əslində bir çox şeylərin təkrarında dəyişilir, yeniliyə çatmır, çatdırılmır. Bəzən adamlar bir təşkilat yaradır, amma uzun müddət orda qala bilmir, başqa təşkilat yaradır. Bizim heç kimi yamsılamamağımız, heç kimə bənzəməməyimiz əslində insani tələbdən doğur, hansısa fərqlilik yaratmaq gedişi deyil bu. Bəli, Asif Atanın ömrü hər mənada vaxtaşırı öyrənilməlidir. Bu öyrənmədən bəhrələnmək, bu öyrənmə ilə dolmaq lazımdır.
Biz çox çətinliklər keçmişik, heç kim, heç nə bunu inkar edə bilməz. Bizim yetdiyimiz məsələlər var, bir də yetməli olduğumuz məsələlər var. Deməli daha çox araşdırmalı, daha çox öyrənməliyik. Yetdiyimizi izhar eləməliyik, yetməli olduğumuzu təhlil etməliyik, açmalıyıq. Onda biz fərd olaraq qurula-qurula yaşayacağıq. Biz doğrudan da düşünməliyik: Amalın bütün tələblərinə hazırıq, yoxsa müəyyən tələblərinə?! Bəzən gerçəkliyin tələbi ilə yanaşanda Amalın tələblərilə yaşamaq rüsvay yaşamaq kimi görünür. Gerçəkliyin baxımından rüsvayçılıq, insanilyin baxımından səadətdir. Necə ki, Məcnun – meşədə heyvanlarla uğraşan Məcnun öz dövründə rüsvay idi, amma indi o meyardır, idealdır. Bu gün biz Məcnuna bənzər hallar yaşaya bilərik, amma gələcəyin gözündə ölçü, meyar ola bilərik. Bu günün baxışı ilə hər şeyi ölçsək, onda hər şey bu günə bənzəyəcək. Heç nə sabaha getməyəcək, mənəvi gələcək də qurulmayacaq. Biz bugünün ölçüsü ilə deyil, gələcəyin qurulması ilə ölçürük hər şeyi. Asif Atanın əlindən tutmaq – bizə quran, yaşadan gələcək verir. Biz çox şey itirə bilərik fiziki mənada. Atanın o zaman pulu, qazancı olmurdu. Sonda da ailəsi üçün çox asan oldu Atadan ayrılmaq. Əslində Atanın hər şeyi vardı – istedadı, qələmi və s. Ailə isə ondan gerçək zənginliklər istəyirdi. Mən düşünürəm ki, Atanın durumunda ola bilərəmmi? Mən də işləyirəm, filan. Amma işim olmasa, ailə məni yalqız qoyardımı? Təbii ki, əgər quruluş sovetvari olsaydı, Atanın işini apardığım üçün məni işdən çıxarardılar. İtirmək, itirilmək gerçəkliyin baxımından var, bir də var idealın tələbində itirmək, itirilmək. İnsan nə edir?! Əqidə üstə yaşamaq elə bir tələbdir ki, istənilən halda gerçəkliyin gözündə insan rüsvayçı ömür yaşaya bilər. Rüsvayçı ömrü yaşamaq ideal baxımından rüsvay olmamaq deməkdir. Bir sözlə heç kimə bənzəməmək, təqlid etməmək. Hər şey dəyişilir, təşkilatlar dəyişilir, təşkilatların istəkləri dəyişilir. Heç kəs bir xətt götürüb yoxuşu gedə bilmir. Hərə istəyir sağdan, soldan getsin. Biz yoxuşu düz gedəcəyik… Heç bir vaxt səni içindən sındıra biləcək həyat əlaməti qalmamalıdır. Amal bunu istəyir.
İsa Mehdioğlu: “Mən düşünürəm ki, insan üçün iki müqəddəs ideal var – şəxsi və Amalı. O Amalının içərisindəki müqəddəsliyin biri də Ailədir. Asif Atanın həyatını düşünəndə görürsən ki, Ata ideal bir insan olub. İnsanlığa xas olan hikmətlər qoyub. Amma mənim aləmimdə Ata bir yerdə uduzub. İnsanın daxilində iki böyük məhəbbət var. Biri ilahi məhəbbətdir. Atanın ideala eşqini görürəm. Amma ikinci idealda o uğursuzluğa düçar olub. Ailəsi alınmayıb. Bu da insanın daxili aləminə olduqca böyük bir zərbədir”.
Soylu Atalı: “Bizim idealımız deyilənlərdən olduqca fərqlidir. Biz Ailəyə böyük hadisə kimi baxırıq. Ağşın bəyin fikri var ki, mən qorxu, narahatlıq keçirirəm öz övladlarımla bağlı. Ola bilər övlad qəzaya düşər ölər, ya da yaşaya-yaşaya ölər. Zaman onu mənəviyyatsız edər, onun yaşaması daha böyük fəlakət olar. Çünki mənə doğma deyil, mənə yaddır. Bügünkü zaman, gedişat hər mənada ideala qarşıdır. Ailə idealın bir maddəsidir, idealın əvəzi deyil. Zamanın üzü elə dəyişib ki, nələrsə alınmaya bilər. İnsanın fiziki cəhətdən nəyi isə alınmaya bilər. Asif Atanın ailəsi cəmiyyət ailəsindən fərqlənməyib. Ailə müqəddəs mənasına bərabər olmayıb, müqəddəslik üzərində yaşamayıb. Ailə sadəcə olaraq fiziki mövcud olub və onun nəfəsi, davranışı cəmiyyətçi olub, qeyri-insani olub. Ailə əslində həm var, həm də yoxdur. Asif Ata deyir ki, Atamı sevirəm, Amalı ondan çox sevirəm. Anamı sevirəm, Amalı ondan çox sevirəm. Qardaşımı, bacımı, ailəmi sevirəm, Amalı ondan çox sevirəm. Bununla da atama, anama, qardaşıma, bacıma, sevgilimə layiq oluram. İdeal – mənim Amalım hər şeyi yerinə qoyandır. Amalım yaşasa, dost dosta bənzəyəcək, sevgili sevgiliyə bənzəyəcək, ata ataya, ana anaya bənzəyəcək. Bu baxımdan insan Amal üstə yaşayanda qurbanlar çıxır qarşıya, şəxsi faciə yaşayırsan bugünün dediyi səviyyədə. Əsillik yoxdur. Bu əsillik necə yaranacaq?! Onun idealını yaşayan, yazıb ortaya qoyan, ona əməl edən və gələcəyə gedən insanlar onu həyata qaytaracaq. Həyata qaytarmaq lazımdır əsilliyi, gözəlliyi. Kim qaytaracaq? Həmin qurban verməyi bacaranlar”.
Ağşın Ağkəmərli: “Əgər diqqətlə öyrənsək, görərik ki, bu Ailə (Ocaq Ailəsi) o ailənin xidmətindədir. Siz bu Ailənin başçısı olduğunuz halda, nə qədər aktiv, nə qədər yaxşı olsanız, o ailəyə o qədər ruhani qida verərsiniz. Mən düşünürəm ki, Asif Ata ailədə də xoşbəxt idi. Bədbəxt o birisi idi. Bəzən mən dostlarla sərt danışanda deyirlər ki, belə danışmayım. Əgər mən itirəcəmsə, onda o birinə təəssüf edirəm. Çünki mən özümü yaxşı tanıyıram. Mən bir şey itirmirəm, o məni itirir, mən ona təəssüf edirəm. Əqidə də o böyük ailənin tərkib hissəsidir. Bu gün dünya istər din, istər dinsizlik, istər qloballaşma, tərəqqi adıyla gəlir gəlsin, milləti cəhalətdə saxlamaq məqsədi daşıyır. Avropanın bioloji azadlığıyla islamın qapalı biolojiliyi eyni şeydir. Çünki bunların ikisində də köləlik var. Köləliyə yönəltmə var. Azərbaycan türkünün ailəsinin qorunması əsas məsələdir. Onu kim qoruyacaq?! Bir çox dahilərin də həyatı alınmayıb. Burdakı ideyanın davamıdır ailə. Yazıq odur ki, bundan xəbəri yoxdur, buranı tapa bilmir”.
Soylu Atalı: “Asif Ata deyirdi ailə janrı alınmayıb. Cəmiyyətdə xoşbəxt ailələr yoxdur”.
Ağşın Ağkəmərli: “İndi insanların fikri-zikri bir-biri ilə rəqabətdədir. Ömrü-günü başqasından fərqlənmək, evi daha böyük olsun, maşını olsun kimi istəklərlə keçir. Öz daxili mənasıyla yaşamır. Üçmərtəbəli, beşmərtəbəli binaların birində də qala bilmir. Əqidəli yaşamaq, minimum güzaranla yaşamaq daha qiymətlidir”.
Soylu Atalı : “Tarix boyu ayrı-ayrı şəxsiyyətlərin işığı ona görə lazım olub ki, adamlar onunla özlərini dərk eləsinlər, özlərini bilsinlər, onlar ailə quranda da ailəni dərk eləsinlər. Əslində ailə onda alınacaq. İnsanlaşma olmasa ailə yaranmayacaq. Heyvanın ailəsi olmur ki.
Bu yaxınlarda toya dəvət etmişdilər, getdim. Orda ailə haqqında qətiyyən söz deyilmir. Mən söz dedim. Dedim ki, əslində xalq təzələnir, həm fiziki, həm mənəvi cəhətdən. Bu gün fiziki cəhətdən müəyyən mənada təmin olunur, mənəvi cəhətdən isə heç təmin olunmur. Bu ailəni quran qız və ya oğlan xəlqi mahiyyəti dərk eləməlidirlər ki, bunlar ailə qururlar, bunlardan övlad dünyaya gələcək, övlad nəsilə çevriləcək, xalq əmələ gələcək. Ailə həm fiziki cəhətdən xalqı formalaşdırır, onun təməlini yaradır, həm xalqın mənəvi keyfiyyətlərini özündə daşıyır. Xalq xalqa bənzəyəcək, insanlıq olacaq, gözəl mühit olacaq. Təəssüf ki, o yoxdur, gedişat ayrı şeydir. Bu mənada hər şey məhvərindən çıxıb. Asif Atanın əqidəsi əslində əsilliyin yaranmasına xidmət edir. Əqidəsinə görə şəxsi həyatında faciəvilik olsa da, indiki həyat ən çox ailəsizlik mühitidir. Şəxsi həyatının alınmamasına baxmayaraq Ata xoşbəxt idi. Çünki şəxsilikdən çox yüksəkdə yaşayırdı.
İsa Mehdioğlu: “Xoşbəxtlik nisbidir. Hər kəs nəyi iləsə özünü xoşbəxt hesab edə bilər. Kimsə dövləti ilə. Təbii ki, var-dövlətlə heç vaxt xoşbəxt ola bilməzsən. Amal ki var, insan o zaman bütündür, onun ailəsi də bütündür. Ailədə şikəstlik varsa, o dahinin ömründə də nəsə bir şikəstlik var”.
Soylu Atalı: “Həm Amalın əsil olsun, həm ailən əsil olsun mümkün deyil. Həm firavan yaşayım, həm Amalçı olum, mümkün deyil. Mən əqidə ilə məşğulam, qazanc ilə məşğul deyiləm. Əqidə ilə məşğul olanda da ailə ac qalır. Əslində böyük mənada bəşəriyyət öz yerində deyil. Təbiət insanlığın var olması üçün kifayət qədər imkana malikdir. Niyə alınmır, çünki təbiəti qamarlama var.
Bizim çatıb-çatmamağımız var, amma ideal nisbi deyil. Məsələn, xoşbəxtlik adlı ideal da var. O da nisbi deyil. Ona hər kəs tam çata bilmir. Amma həmişə insan ideala can atır. O ideala can atdığı üçün gözəlliklər yaranır. Mən işin keçici tərəfi ilə deyil, əbədi tərəfi ilə uğraşıram. Keçici tükənəcək, əbədi isə qalacaq. Mən uzağı 100 il yaşayaram, sonra öləcəm. Onda belə çıxır ki, mənim çatdığım dəyərlər ölüb qurtarır? Yəni biolojiliklə ölçmürəm məsələni. Nəsimi öz əqidəsi zəminində, ideala can atma, ona ömür vermə zəminində bu gündən baxsaq, bizim üçün idealdır. Mən onun baxışında hansısa cəhətləri qəbul etməyə bilərəm. Amma Nəsimi əqidəyə həsr olunmaq, o varlığı ifadə eləmək, ideal əsasında yaşamaq baxımından ayrı şeylərə yön verməyib. Onun ləyaqəti özü idealdır. Bu günün özündə də o cəhətdən İdeala yetmək mümkündür…
Gedişat yazısında qoyulduğu kimi, ölkəmizdə baş verən hadisələrlə bağlı fikirlərimi deyim. Biz bu yaxınlarda İnam Evində, elə İsa müəllimin də qatqısı ilə söhbət etdik. İranda olacaq seçki və seçkilərdən sonra Azərbaycana münasibət yönündə, Borçalıdakı durum haqqında, Türkiyədəki gedişat haqqında fikirlərimizi bölüşdük. O yazının mətni hazırdır, saytlara qoyulub. Dünyada baş verən məsələlər, biz bunu bilməliyik. Çünki Ocaq olaraq, biz dərviş deyilik. Bizi əhatə edən dünyada nə baş verirsə, insanları nə ağrı-acı gözləyirsə, onu qiymətləndiririk. Biz fiziki olaraq cəmiyyətdəyik, tərki-cahan deyilik. Münasibətlərimizi dilə gətirməliyik. Azərbaycanla bağlı, çox təəssüf ki, dünyanın gündəmini məşğul edən indi hazırlıq gedən seçki olub. Ümumiyyətlə daim gündəmi seçki məsələsi məşğul edir. Bələdiyyə seçkisi, parlament, prezident seçkiləri. Halbuki seçki yoxdur, bunlar görüntüdür. Görüntü olmaqdansa həqiqi təyinatlar olsun. Guya seçkidə xalq iştirak edir və s. Xalqın qatqısı yoxdur, xalqı qatışdırırlar. İndi Prezident seçkiləri ərəfəsindəyik. Çox təəssüf ki, gənclik, ziyalı sayılan zümrə hamısı seçki oyunları ilə məşğuldur. Onsuz da Azərbaycanda seçki prosesi dünyanın Azərbaycana münasibəti zəminində həyata keçir. Dünya Azərbaycanı necə görmək istəyirsə, o cür də hərəkət edir. Biz də, toplum olaraq, dünyanın böyük güclərinin verdiyi yön əsasında davranırıq, yaşayırıq. İndi Azərbaycanda böyük güclərin istəkləri öz həllini tapmaq yönündədir. Bizim marağımız deyil, onların marağı təbliğ olunur yenə. Rusiya və Amerikanın burda gözləntiləri var. Buna yönəlik də Milli Şura yarandı. O Milli Şurada Rusiyanın kadrı, İranın kadrı, Amerikanın kadrı, Almaniyanın kadrı, Ərdoğanın kadrı var, Azərbaycanın kadrı yoxdur. Milli Şurada milləti düşünən və milləti quran, millətin özünəməxsus siyasi idarəetməsi olsun və s. bunun haqqında düşünən insanlar yoxdur. Hər şey anarxiya durumundadır. İş elə gətirib ki, Milli Şura yaranandan sonra böyük güclərin narahatlıqları yaranıb ki, görəsən bu Milli Şuraya Rusiyanın böyük təsiri var, yoxsa Avropanın?! Burda kim gələcək hakimiyyətə və seçkinin növbəti mərhələsində hansı güc öz nüfuzunu, çəkisini qoruyub saxlayacaq?! Bizim siyasi elitamız da Amerikanın, ya Rusiyanın münasibətindən asılı olaraq oynayır, oynadılır. Böyük ehtimalla indiki iqtidar qalacaq. Azərbaycan yenə talanacaq, yenidən anarxiya, gözü ora-bura dikmək, yalvarmaq. Xalq da ümidsiz, kütlə, kölə. Gedişat hər bir insana ümidsizlik və çıxılmazlıq aşılayır. Amerika region-region nüfuzunu artırmağa çalışır.
Rusiya regionlardan Avropanın və Amerikanın qarşısında geri çəkilir. İndi Avrasiya birliyinə qarşı İqtisadi NATO yaradılır. Çünki burda yalnız Rusiya deyil, Şimali Koreya var, Çin var, onların iqtisadi cəhətdən imkanları var. Ona görə Qərb bunların qarşısını kəsən oyunlar aparır. Bu oyunların qabağında Rusiya öz içinə doğru çəkilir. Qərbin Rusiyanı içəridən qarışdırmaq imkanı genişdir, türk vilayətləri ilə. Ancaq Amerika da, Avropa da istəyər ki, Rusiyanın tərkibində olan ayrı-ayrı türk dövlətləri müstəqilliyə can atmasın. Belə bir şey başlasa Avropa çalışar ki, Rusiyaya kömək eləsin və s. Amma buna baxmayaraq Türk Birliyi bizim arzuladığımız şəkildə meydana gələrsə, türk dövlətləri bağımsızlığına qovuşa bilər. Bu ayrı. Faktiki çabalar ona doğrudur ki, bu baş verməsin. Məlum olur ki, bütün dünya düşmənçilik zəmini üzərində çalxanır. Bu çalxalanan dünyanın içərisində bir ovuc Ocaq işığı çox böyük bir hadisədir, ruhani potensiyadır ki, biz onu yaşadırıq. Bu Ocaq dünyanın gözünə görünməsə də, faktdır, həqiqətdir. Bəzən sağlam bir şey görünmür. Amma bilirsən ki, o toxum var, o artacaq, yayılacaq. Ocaq alaqların içindəki sağlam bitki kimidir. Biz İnsanlaşma hadisəsi ilə nəfəs alırıq, yaşayırıq. Bu bizi fərəhləndirir, yaşadır”.
Ağşın Ağkəmərli: “İndi deyə bilərlər ki, necə olur Orta Doğu projesi bəzi yerlərdə ləngiyir. Bunun bir səbəbi var ki, Amerika istəmir kontrol əlindən çıxsın. Türk Birliyinin yaranmasına və ya Güney Azərbaycanın müstəqilliyinə nail olunsun. İranda nə qədər prezident dəyişsə də, iki dövlətin razılığı olmasa heç bir nəticə olmayacaq.
Prezident də gələndən sonra cüzi dəyişikliklər olsa da, Amerikaya mesaj verib ki, biz yenə də nüvə istehsalını davam etdirəcəyik.
Təbrizdə maraqlı bir məqamı demək istəyirəm. Orda Qarabağ Qurtuluş Cəbhəsi yaradılıb. Ola bilər adını düz deməyəm, buna bənzər bir addır. İran mollaların əliylə Qarabağ Qurtuluş Cəmiyyəti yaradb. Halbuki Qarabağ, Şuşa məsələsində İranın birbaşa əli olub. Onda bu şüar nədir? Mən onun bəyannaməsini internetdə oxudum. Onlar işğal edilən yerin, eləcə də Ermənistanın adını çəkməyiblər, yönəliblər İsrail məsələsinə, Amerika məsələsinə. İran deyir biz Azərbaycana görə Ermənistana kömək edirik. Onunla münasibət qururuq ki, sabah sözümüz onun yanında keçsin. Məntiqsizliyə bax. Bunu da dəstəkləyən təşkilat Arazın bu tayında olan Şimali Azərbaycanı İran bilir”…
“Müqəddəs Oxuma”da “İnam Fəlsəfəsi” kitabından hissələr oxundu, Ocaq Yükümlüsü oxunanlara yönəlik fikirlərini bölüşdü.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsi ilə Ailə Günü başa çatdı.
Od Ayı, 35-il. Atakənd.
(iyul, 2013. Bakı.)