Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin 36-cı ildə II “Ailə Günü”ndə deyilmiş fikirlər

Asif Ata OcağıOcaq Günsırası ilə 29 Çiçək Ayı, 36-cı ildə (aprel, 2014) Asif Atanın Mütləqə İnam Ocağının “Uluyol-Hünər” Ailəsi II “Ailə Günü” mərasimini keçirdi. Hamı “Ata Ruhuna Pənah gətirmişik!”deyərək sayğı duruşunda. Ailə Günü başladı. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə ruhani hesabatını verdi: “Hesabatıma bu aydakı Ocaq əməllərinin yığcam təqdimi ilə başalamaq istəyirəm. Bu ayda Soylu Atalının İnamlı ilə səfərləri, görüş cəhdləri olub. Razılıq verənlər də olub, verməyənlər də. Ancaq hər gedişin özü ruhani inaddır, içdən güc­lənmək hünəridir. Xalqlaşma deməkdir. Bizim gənclərlə görüşümüz, Ata Amalını deməyimiz, gənclərin ağlını böyütməyimiz–xalqlaşma işimizdir.

Ocağın “Ailə Günü” tədbirləri keçirilir. Bu tədbirlərdə bizim özüylədöyüş yönündə etiraf­larımız var, özünüifadələrimiz, təsdiqlərimiz var, gələn qonaqların suallarına cavablarımız var. Bu tədbirlərin səsdən sözə çevrilib arxivləşmə əməli var. Bu əməllərin içində mənim də qatqım var. Bu əməli yerinə yetirdikcə anlayıram ki, bu, Ocaq ruhaniyyatının sistemləşməsidir. Qədimdə də hərəkatlar olub, məsələn, Hürufilik. Mənim üçün maraqlıdır ki, onlar öz aralarında necə söhbətlər ediblər, hansı mərhələləri olub. Hər Ocaq tədbiri bir mərhələdir. Orda özünü görmə, ifadə eləmə var, çağırma var. Bu, yoldur. Bu yolun inkişafı başqaları üçün maraqlıdır. Eləcə də Hürufilərin. O hərəkat haqqında düşünəndə görürük ki, bizim əlimizdə ciddi bir bilgi çox azdır. Bir yerdən başqa yerə səfər ediblər. Necə söhbət ediblər, necə qalıblar orda. Yerli insanlarla necə ünsiyyət qurublar… Biz səfərə gedəndə nə qədər çətinliklərlə qarşılaşmışıq. Həm maddi, həm şərait baxımından. Onların keçirilməsi, ordakı tədbirlərin, görüşlərin yazılması, kitablaşması, arxiv­ləşməsi bu bir sistemin, hərəkatın mərhələləridir. Bu, ruhani tarixdir. Keçən ilki tədbirlərə baxanda özümün səviyyəmi görürəm, başqa cür yanaşıram özümə. Bu, hələ özümün özümdən bəhrələndiyimdir. Bir də var ki, Ocaq ruhaniyyat sistemidir və bu sistem xalqa verilməlidir. Necə verilir? Əlbəttə ki, Ocaqçılar vasitəsilə. Ocaqçıların ömründə bu Amal bitməsə, yetişməsə, bunun xalqa verilməsi də mümkün deyil. Ona görə də bu tədbirlərin, görüşlərin arxivləşməsi, sistemləş­məsi çox mühüm məsələdir.

Bu ayda daha çox əməllərim olub. Bu əməllərin özü məsuliyyətdir, fərəhdir. Amma Atanın tələbləri baxımından Amallaşmam, özümü ifadə etməm, özüylədöyüşüm az olub.

Ocaqla bağlı yazıların mətbuatda və internet sitələrində yayılması – bu baxımdan Göylünün, son vaxtlar həm də Üstünün əməlləri xüsusidir.

Görüntülərin, şəkillərin arxivləşməsi də xüsusidir. Bu əməllər Ocağın, Ocaq sisteminin gedişlərini, artımını və təsirini göstərən əməllərdir. Ən çox da tədbirlərin, səfərlərin kitablaşdı­rılması.

 Asif Ata Ocağı

xxx. Ata deyir ki, dünyanın mənası dünyadan böyükdür. İnsanın mənası İnsandan böyükdür – Əzəlidir, Əbədidir, Kamildir, Sonsuzdur. İnsan özündə Əzəliliyi daşıyır. Bu imkanlarını özündə aşkarlayır. Aşkarladıqca insanlaşır, qəhrəmanlaşır, dostlaşır, qardaşlaşır, – bütövləşir.

xxx. Nəsimi Nəimini tapdı. Onu tapana qədər ağlına gəlmirdi ki, o, bizim bildiyimiz Nəsimi olacaq. O, sadəcə özünün aşiqliyini tapdı və diyar-diyar eşqini izhar eləməyə başladı. Mənim də ağlıma gəlmirdi ki, mən Ocaqçı olacam, söz deyəcəm, əməl yiyəsi olacam. Bu imkanlar mənim içimdə bağlı qalmışdı. Ata gözlərimi açdı, ruhumu böyütdü. Ata deyir ki, Mütləq olmayan yox­dur. Əgər mənim ömrümdə balaca yalan varsa, mən özümü həqiqətçi hesab edə bilmərəm. Mən o yalanla döyüşməliyəm. Əgər halımda, əhvalımda naqislik varsa, özümü tam ruhaniyyatçı adlan­dıra bilmərəm. Özüylədöyüşməliyəm. Bu naqisliklərdən, yalanlardan özüylədöyüş əməli ilə çıxır­­am.

Özünü anlamaq – öz içindəki yaradıcılıqdan, kəşflərdən, aşkarlamadan başlayır. İnsanilik doğmalığı, sədaqət doğmalığı, özündənkeçmə doğmalığı, imtina doğmalığı. Öz içimdən baxıram in­sanlara. Yalandan imtina etmişəmsə, başqasının doğruluğuna inanıram. Sədaqətə yetmişəmsə, səda­qətin varlığına inanıram. Bu, özümə münasibətdə və insanlararası münasibətdə çox mühüm şərtdir.

xxx. Dəyərlərin muzeyləşmək təhlükəsi var. Mədəniyyətin muzeyləşmək təhlükəsi var. Dilimizin, muğamımızın muzeyləşmək təhlükəsi var. Muzeyləşmək təhlükəsi dəyərlərin, mədəniyyətin, dilin, muğamın ömürləşməsində aradan qalxır. Ömürləşməyənin, aqibətləşməyənin sabahı yox­dur. Ömürləşmək üçünsə Amallaşmaq gərək.

xxx. Bilinməyən, görünməyən bir boşluğa gedir gənclik. Bu boşluq rəngləri ilə zəngin olsa da, boşluqdur, çünki sonu uçurumdur. Millətinə bağlanmayan, dəyərlərinə bağlanmayan gələcə­yin sonu uçurumdur. Amma bu uçurum cəzbedicidir. Onları çəkmək, çağırmaq, uçurumun uçu­rum olduğunu göstərmək zəhmət, sevgi, inad tələb edir.

xxx. Partiyalar, qurumlar, təşkilatlar insanları öz yanlarına çağırır. Say artırmaq üçün, güc toplamaq üçün. İnsanlar onlar üçün vasitədir tədbirlərində, planlarında.

xxx. Biz adamları çağırırıq ki, İnsanın daxilindəki Mütləqi göstərək, Mütləqiliyi izhar edək. İnsanlaşmaq fərəhini onlara çatdıraq. Millətin fəlakətini, dərdlərini bildirək, sabahı haqqında dü­şün­dürək. Biz İnsanda İnsanilik görürük, ona inanırıq, ona yetməyə çağırırıq.

Belə bir mövzumuz var: “Amaldaşlara sayğılı münasibət – Ocaqlaşmanın ilkin şərtidir”.

Sayğı – qarşındakı insanı tanımaq, qiymətləndirməkdir. Tanımadığın, bilmədiyin adama qarşı nəzakətli davranış var. Ömrünü, yolunu, xarakterini bildiyin insanlara isə sayğı var, sevgi var, inam var. Bu sayğı, sevgi, inam əhvalı kökdə saxlayır.

Bu ay belə bir hadisə oldu. Ocaq Yükümlüsü mənə telefonda hansısa bir Ocaq əməli ilə  bağlı söz dedi. Mənə onun əməl üstə bu həssaslığı artıq göründü. O anda içimdəki duyğunu anladım ki, həmin məqamda Ocaq əhvalında deyildim, həyat qayğılarına köklənmişdim. Öz halım haq­qında bir daha düşünməli oldum. Ocaq əhvalında olmayanda Ocaqla bağlı söz, buyruq adi gələ bilir. Amma Ocaq əhvalında olanda deyilən sözə qayğıyla və o əməlin sona qədər yerinə yetiril­məsinə məsuliyyətlə yanaşma var. Əhvalsızlıqdan adilik törəyir.

Xalqlaşmada özünü tanımanın rolu. Bu haqda tədbirlərdə dəfələrlə demişəm. Xalqlaşmada özünü qıraqdan görmə var. Özünün səviyyəsini, qorxaqlığını, özünün idrakının kallığını, ina­mının nisbiliyini görmə var. Xalqlaşmada qorxu, kallıq olanda fərəh az olur. Amma fərəhim yetkin olanda anladım ki, qorxunu ötmüşəm, kallığımı ötmüşəm. Özümə inam fərəh gətirir”.

 

Yasin Türksoy: “Bu ay yenə də halım qarışıq, durğun olub.

Köçəri Ayından Çiçək Ayına qədər yazdığım qeydlərimdən oxuyacam:

xxx. “Bu ay özümdən narazı qaldım, heç özümə bağışlamazdım” kimi fikirlər əyrini düzəltmir. Bəzən özümdən soruşuram, sən neyləyirsən?! Doğru, mənalı ömür yaşamaq üçün nələri etməli olduğumu düşünürəm. Zərdüştün “doğru düşüncə, doğru söz, doğru əməl” çağrışını Atanın “özüylədöyüş” tələbi səviyyəsində inkişaf etdirib ömrümə şamil etməyə çalışıram. Vaxt itirməmək, vaxta qənim kəsilməmək, vaxtdan səmərəli, qənaətli istifadə etmək.

xxx. Uşaq yaşlarımdan mən də yaşıdlarım kimi olmaq istəmişəm. Sevinəndə onlar kimi sevinmək, kədərlənəndə belə onlar kimi kədərlənmək istəmişəm. Ancaq onlar kimi ola bilmə­dim. Nə qədər onlar kimi olmaq istəsəm də, onlar  ola bilməmişəm. Elə hey axtarışdaydım, nara­hat idim. Hər zaman axtarılan, uzaqdaykən yaxın olan, yaxındaykən uzaq olan, yetmək istədiyim arzular mənimlə bərabər yürüyüb. İndi anlayıram, bəlkə də elə tapındığım Ocaq ideallarını axta­rırmışam. Ona qovuşmaq, ona yetmək o olmaq gərəkdir. Asif Ata Ocağında adamı ümidə yönəl­dən İnsanilik var. Doğmalıq, dostluq, ülviyyət var. Bu Ocaqda, bu mühitdə özümü tapmışam, böyü­yürəm. Başqa Ocaqlar məni isitməz.

“Ailə Günü”ndə qoyulan bir qonu da var: “Amaldaşlara sayğılı münasibət – Ocaqlaşma­nın ilkin şərtidir”.

Bu haqda bir neçə kəlmə deyim. Ocaq mühitində olan insanların bir-biri ilə ünsiyyəti, əlaqəsi, bir-birlərinə gəl-gedişi məişət səviyyəsinə əsaslanmır. Ancaq ruhani hal, doğmalıq, milli-insani yöndə söhbətlər, müzakirələr, Ocağın addımları, əməlləri, eləcə də sonrakı dönəmlərdə Ocaq tələblərini necə gerçəkləşdirmək, daha hansı addımları atmaq olar yönündə fikir bölüşmələri olur. Başqa yerlərdə bunu görmək olmur. Başqa tədbirlərdə, toplantılarda tamam fərqlidir. Mü­na­sibətlər ən çox mənfəətə hesablanır. Soylu Atalının evinə, Nurtəkingilə gedib-gəlirəm. Hər dəfə gediş-gəliş məndə yeni bir hal yaradır. Növbəti gediş üçün stimul verir, həvəs yaradır. Ocaqçılarla ünsiyyət üçün darıxıram”.

Soylu Atalı: “Mən “Ailə Günü”nün məğzini, onun tələblərini, qonularını daha geniş təhlil etməyin tərəfdarıyam. İndi isə aradan qalxmalı bir-iki məqama diqqət yönəltmək istəyirəm. Danı­şıqda Nurtəkin “belə deyək” sözünü çox işlədir. Bu o deməkdir ki, mən fikrimi ifadə edə bilmirəm. Onun doğruluğuna əmin deyiləm. Bu, fikri şərtiləşdirir. Fikir aydınlığı olmalıdır. Ailə – inam aydınlığı, inam qətiyyəti deməkdir.

Yasin deyir ki, ünsiyyət yeni hal yaradır. Nədir o yeni hal, o, açılsa yaxşı olar.

Amallaşma, Kamilləşmə, Xalqlaşma haqqında bir neçə kəlmə söz deyim: Amallaşma – Atanın meyarı, fikri, düşüncəsi, ideyası – bizim üçün söhbətimizin ana xəttidir, özülüdür. Ata bizi nəyə yönəldir və yaxud İnsanlığı necə qiymətləndirir, nəyə çağırır, bunlar yarpaq-yarpaq açılmalıdır. Asif Atanın ilkin variantda 45 Kitabı, təsnifatlaşmış şəkildə 13 Bitiyi var, bunlar hamısı həmin məzmunu, həmin məntiqi verir. Biz nə istəyirik, istəməyimizin gələcəyi varmı, yoxmu? Bunlar izahını tapmalıdır.

Xalqda ən çox diqqət üzdəki gedişlərə yönəlir. Bugün hansı addım var? Bugün o addımlara qarşı hansı addımlar atılır. Tənzimləyici, nizamlayıcı addımlar varmı? Bunu axtarırlar. Ancaq tələm-tələsik proseslərdə. Hər kəsin varlığı bioloji həyatın üzərində bərqərar olub, ondan qırağa çıxa bilmir. Nə qədər ki, bütün diqqətin bioloji həyatın üzərində bərqərardır, sən xalq ola bilmə­yəcəksən. Asif Atanın Amalı, kitabı bunları açır. Heç bir sorunun həllini Asif Atanın dediyi meyardan qıraqda tapmayacaqsan. Dövlət də problemləri əsaslı şəkildə həll eləmir. Lokal yanaşmalar var. Sonuncu yazımda bir məqama toxunmuşam, – dövlət və dövlətsizlik. Dövlətlə dövlətsizlik arasında bərabərlik işarəsi var. Dövlət həm var, həm də yoxdur. Təkcə bizim ölkəyə aid deyil, bütün dünyaya aiddir. Çünki dövlət özünün gərəkən işini görmür. Dövlət həyat uğrun­da mübarizəni həyata keçirir. Bioloji mövcudluğu, bu yöndə çabaları dövlət sürdürür. Dövlət insanı həm  uçurum qarşısına gətirir, həm də bioloji həyat uğrunda mübarizəni tənzimləyir. Axı döv­lət belə düşünülməyib. Dövlət daha böyük addımlar üçün, varlığın qorunması üçün nəzərdə tutulub. O nədir? Bir vaxtlar bəşəriyyət sürü halındaydı. Sürü halından çıxmaq üçün mərhələ-mərhələ dövlət yaratdı. Dövlət yaratdı ki, hər kəsin haqqını tanısın, insanların həyatında müəy­yən bağlılıq, müəyyən yön yaratsın. O cümlədən insanı var edən daxili imkanlarını aşkara çıxar­sın. Buna yardımçı olsun. Ata deyir ki, dövlətin ən əsas funksiyası, cəmi fərdin zorakılığından, fərdi cəmin təzyiqindən qorumaqdır. Dövlət bunu tənzimləməlidir. Dövlətlər elə bir əməl yürü­dür­lər ki, bəşəriyyət qan gölünə çevrilib. Qırğınlar, dəhşətdir. Üzdə olan məsələləri sadalamaq istə­­mirəm. Bu gün hara çıxırsınız çıxın, hamıda aqressiya görəcəksiniz. Hamı bir-birini məhv eləməyə hazırdır. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, insanın nə həyatı həyata bənzəyir, nə yediyi qida qidaya bənzəyir. Qidanın tərkibində insanı aqressivləşdirən komponentlər var. Azər­baycan gənclərinin halını nizamlamaq mümkünsüzdür. Valideyn nə tərbiyə verəcək? Vali­deynin özünə tərbiyə vermək lazımdır.

Asif Ata Ocağı

Gözün gördüyü nədir? Qapıdan çölə çıxırsan anarxiya, dağıdıcılıq. Gənclik duyğuların üzərin­də yaşayır. Həmin duyğuları aqressivləşdirirlər, vəhşiləşdirirlər ki, bu xalqın gələcəyi müdrik olma­sın. İctimai, siyasi təşkilatlar hamısı gəncliyi qabağa verir. Gəncliyin həmin emosional­lığından istifadə edib qabağa verir. Sonra da dövlət bu gənclərin qolunu bağlayıb salır içəri. Gəncliyi içəri doldurub xalqın potensiyasını məhv edirlər. Gəncliyi qabağa vermək lazım deyil. Kal, emosiyaları formalaşmamış gəncliyi qabağa vermək olmaz. Gəncliyi böyütmək, müdrik­ləşdirmək lazımdır. Gənclikdən Milli Qüvvə yaratmaq lazımdır. Gənclikdən kadr yaratmaq lazım­dır xalqın üçün, xalqın gələcəyi üçün. Gəncliyə tövsiyəm odur ki, küçələrə axışmayın. Düşünün, özünüzü hazırlayın. Bir neçə il sonraya özünüzü hazırlayın, gəlin düşüncə sahibi olaq. İllərlə mən Asif Atanı dinləmişəm…

 Kal gəncliklə iş görmək olmaz. Dövlətin özünün qurucu, qoruyucu funksiyası yoxa çıxıb. Ona görə də dövlət və dövlətsizlik arasında bərabərlik işarəsi var. Bu, zor aparatıdır, təhlükə qaynağıdır.

Son günlərdə bir kitab hazırladıq: Azadlığımız–Bütövlüyümüz–Bağımsızlığımız. Dialoq­lar­dan ibarət kitab. Ağşın Ağkəmərli, Abil Ulusoy və mənim fikirlərimizdən ibarət ideoloji bir kitabdır. Hesab edirik ki, biz, Azərbaycan olaraq, tamamilə ideoloji, mənəvi-ruhani, hətta siyasi boşluq içərisindəyik. Ona görə siyasi boşluğumuzun əsasında kadrlarımızın olmaması durur. Siyasi ideologiyamız, milli ideologiyamız yoxdur. Siyasi qüvvələrimiz hər biri xarici qüvvələrin ixtiyarında fəaliyyət göstərir. Bunlar o deməkdir ki, siyasi xadim yoxdur. Azərbaycanın hərə­katını tənzimləyəcək, sabahını ümidləndirəcək siyasi sistem yoxdur. Boşluqdur. Ən çox qurbanları gənclik verir. Ziyalı yoxdur. Ziyalı özündən keçən, umacaqsız, xalqının taleyini düşü­nən, onun uğrunda gecəsini gündüzünə qatıb çalışan, həqiqi mövqe ortaya qoyan, güzəştsiz olan, qorxaq olmayan, satılmayan, satmayan, alınmayan, alçalmayan, mənsəbsevər, şöhrətsevər olma­yan kəsdir. Elmi rütbələrə umsunmayan adama ziyalı deyirlər. Oxumuşlarımız çoxdur, ziyalımız yoxdur.

Asif Atanın “Məxluq, Adam və İnsan” fərqləndirməsi var. Bəşər övladı məxluq kimi dünyaya gəlir, adam kimi böyüyür, insan kimi yenidən doğulur. Məxluq heyvan kimidir, yeyir-içir, nəsil artırır. Adam yarı məxluq, yarı insandır. Adam vətənini sevir, amma vətəni uğrunda ölümə get­mir. Həqiqəti sevir, amma həqiqət uğrunda döyüşmür. Yəni duyğusu  var, sevgisi var, addımı yox­dur, arxasında durmur. Bizim ziyalılarımız adamlıq səviyyəsindədir. İnsan haqqında nə deyir Asif Ata?! İnsan özündən keçəndir, özünü tanıyan, özüylə döyüşən, özünü yaradan, təsdiq edən kamil fərddir. Bizim insanlarımız özüylə döyüşmür. Hamı başqasıyla döyüşür. Hamı kompramat axtarır ki, bir-birini kiçiltsin, aşağılasın. Mən dönə-dönə demişəm, demokratiyadan eybəcər ideologiya yoxdur. Demokratiya cəmiyyəti sürü halına gətirir. Sübut eləmək istəyir ki, şəxsiyyət gərək deyil, hamı bir-birinə bərabərdir. Hamı bir-birinə bərabər ola bilməz. Hamının haqqı var ayrı şeydir. Ancaq hamı öz haqqına yetmir axı. Haqsız haqlı durumdadır. Bu, demokratiyanı düşündürmür. Məmurlar eynəyinin üstündən sənə əmtəə kimi baxır, insan kimi baxmır. Çünki in­san kimi dərk eləmir. Onun içində o anlayış yoxa çıxıb. Eləcə də insana demokratiya elə baxır. Şəxsiyyətlə şəxsiyyətsizi bərabərləşdirir, ona görə də ölkənin, xalqın yiyəsi olmur. Millət öz içində şəxsiyyət yaratmalı, onun qədrini bilməlidir. Tarixi şəxsiy­yətlərdən örnək götürməlidir. Onun üzərində inkişaf qərar tapmalıdır. Buna görə də biz bu təd­birlərdə fərdin duyğularının böyüməsinə, idrakının, mənəviyyatının böyüməsinə çalışırıq. Özünü təqsdiq etməsinə çalışırıq.

Ötən iki ay ərzində 32 ünvana ayaq döymüşük, – mədəniyyət evlərinə, kitabxanalara, daha çox məktəblərə. Daha doğrusu, son 1 ay 10 gün ərzində. Bunun içərisində cəmi 5 görüş keçir­mişik. Ancaq bu, böyük söhbətdir. Təxminən 150 gənclə söhbət etmişik. Bu gəncliklə söhbəti­mizin yönü əsasən belə olub: sənin yurdunda dəyər var, bu dəyəri tanı və sahib çıx. Özünü böyüt. Söymə yurdunu. Söymə millətini, lənətləmə onu. Sənin gözündən salınan millətini söymə. Bu gün bizim söhbətimiz Babəklərin harayıdır. Onları tanı. Nəsimiləri, Babəkləri qanına qəltan elədilər. Ancaq yenə də onların yurdunda Asif Ata çıxdı ortaya. Onların sevgisini, vətəni­nə, millətinə bağlılığını qiymətləndirdi, yeni mərhələ başladı, haray çəkdi: Ya özünü yaradıb millət olmalısan, ya da bu aqibət, bu tale səni uçuruma aparır.

Şəxsiyyətlərimizi doğradılar, ancaq onların mövqeyini dəyişə bilmədilər. Bəs bu gün vətən deyib qışqıranlar necə?! Sənin qolunu burub içəri salandan sonra millətinə, vətəninə münasibətin dəyişəcəkmi? Gör ondan sonra Vətən, Millət məsələsi sənin üçün hansı müstəvidə dayanır?! İçində qəzəb, kin var. Sənə əzab verildiyi üçünmü mübarizə aparırsan məmurlarla, yoxsa həqiqi vətən sevgindir sənin rahatlığını pozan?!

Ocaqçı üçün Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı yarpaq-yarpaq içində açılan im­kan­lardır…

Asif Ata mənəvi ruhani boşluğu, ideoloji boşluğu doldurur. Asif Ata Azərbaycanda siyasi boşluğu da doldurur. Necə? Siyasi ideologiyanın əsasları üçün ciddi zəmin hazırlamaqla. Yetər ki, onu eşidəsən, bəhrələnəsən”.

Soylu Atalı Türkiyənin durumu ilə bağlı fikirlərini bölüşdükdən sonra “Siyasi dünyanın ermənisi” yazısını oxudu.

Əlisəfa bəy (ixtisasca hərbçidir. Bu sahəyə aid bir sıra kitabları nəşr olunub) Asif Ata ideyasını öz halına, ruhuna uyğun gördüyünü söylədi. Ancaq bununla belə Ocağın sabahı haqqında narahat duyğularını bildirdi. Habelə Asif Atanın davamçılarının az olmasını qeyd etdi. Tarixdə bir sıra ocaqların yaranıb qısa zamanda dayanmasını misal çəkdi. Asif Atanı da belə bir aqibətin gözləmə ehtimalını vurğuladı.

Sonra Ocaqda Ailələr haqqında, Atanın ideyasının milli, yoxsa bəşəri olduğunu soruşdu. 36 ildə uğurlarınız az deyilmi, ümumiyyətlə sabahı necə görürsünüz sualı ilə də Ocaq Yükümlüsünə müraciət etdi.

Soylu Atalı: “Hər bir hadisə ayrı-ayrı fərdlərin ağlında, düşüncəsində, qəlbində formalaşır. Hər bir hadisə fərddən, fərdlərdən başlayır. Sosialist inqilabı Leninin Razin gölü ətrafında yazdı­ğı ideoloji baxışdan törədi. Söz yox, biz Leninin inqilabi həşirini qəbul eləmirik, bu ayrı mövzu­dur. Bir fərddən başlamasını misal çəkirəm. Bu, məsələnin birinci tərəfi. İkinci, biz neyləyək ki, Azərbaycan toplumu min illərdir ki, basqı altındadır. Min illər basqı altında olan toplumu 5 gün içərisində xilas etmək mümkün­dürmü?!

Asif Atanın prinsipi İnsanlaşma, Millətləşmə, Şərqləşmə, Bəşərləşmə xətti üzərindədir. Ancaq heç bir millət Millətçilik səviyyəsini keçmədən bəşər ola bilməz. Bəşər mücərrəd deyil. Bəşər konkret olaraq ayrı-ayrı millətlərin yaratdığı dəyərlərin birliyidir. Sürü deyil. Bu gün bəşər yoxdur. Çünki siyasi dağıdıcılıq var, azğınlıq var. Xalqlararası münasibət yağılığa çevrilib. Heç bir xalq yaratdığı dəyərlə meydanda deyil, gücüylə, zoruyla, gücsüzlüyü ilə meydandadır. Millət­lər yaratdığı dəyərlərlə meydanda olmalıdırlar. O dəyərlərlə onlar bir-birindən bəhrələnə bilər, bir-birinə müsbət təsir göstərə bilərlər – xalqların bir-birindən yararlanması, bəhrələnməsi. Bu gün xalqlar dəyər yaratmır, siyasi anarxiya yaradırlar. Demokratiya bütün dünyanı bürüyüb. Demokratiya Millətçiliyin ləğv olunmasına hesablanmış ideologiyadır.

Millətçilik nə deməkdir bizim üçün?! Bu vaxta qədər bəşər tarixində 3 ideologiya olub Millətçiliyə qarşı və milləti aradan qaldırmağa girişib. Onlardan biri 7-ci yüzildə İslam ümmətçi­liyi. Ümmətdə millət yox­dur. Hamı Allahın bəndəsidir. İkinci, Kommunizmin ”vahid bəşər”, “vahid millət” ideyası. Cə­fəng, xülyəvi “vahid bəşər”. Üçüncüsü, Kürəsəlləşmə. Vahid ideologi­ya, nəticə etibarilə “vahid bə­şər” deməkdir. Bu da millətin ləğvidir. Halbuki kommunizm ideya­sı­nın başında duran Lenin mil­lətçi idi, özü də şovinist millətçi idi. Sağlam millətçi deyildi. Rus kommunizmi pis mənada, imperiya səviyyəsində millətçilik yürüdürdü axıra qədər. Ərəbçilik xətti yürüdürdü Məhəmməd. Birmənalı şəkildə dilin, danışığın, üslubun, poeziyan, şeirin, ruhun, mənliyin hamısı ərəbləşmişdi. Bu günə qədər də o ruhani işğaldan xilas olmayıb millətimiz. Bütün bəşəriyyət sənin dilində ibadət etməlidir. Həyatını sənin dilində sürməlidir və mədəniy­yətini sənin dilində inkişaf etdirməlidir. Bu məntiq də özünü doğrultmadı. Qlobalizasiya da özünü doğrultmayacaq. Niyəsini də aça bilərik. Burada da ingilisçilik baş xətdir. Ölkədə xarici şirkətlər oturuşur, iş yerləri açır. Hakimiyyət öz xalqına sahib çıxmır, özünün vətəndaşına gün ağlamır. Talançılıqla məş­ğul olur. Xarici şirkətlər də gəlib sənin ölkəndə iş yerləri açır. İşə götür­mə­yin də şərtlərinə bax: ingilis dilini bilməlisən, ingilis mədəniyyətinin əsaslarını öyrənməlisən. Birinci şərtləri budur. Bu o deməkdir ki, sən öz ölkəndə çörək qazanmaq, mövcudluğunu sürdür­mək üçün başqa xalqın mədəniyyətinin əsarətini yaşamalısan. Bundan da eybəcər gediş ola bilməz. Özününkü də bir heçdir. Qlobalizasiya bunu gətirir.

Millətçilik – hər bir millətin özünəməxsus dəyərlərinin yaranıb ortaya çıxması, hər bir millətin öz mahiyyətini aşkarlayaraq, ülvi, müqəddəs, ali, bəşəri dəyərlər yaratması, özünü ifadə etməsi və təsdiq etməsidir. Hər bir millət özünün ali dəyərləri ilə bəşər ailəsinə daxil olmalıdır. Bəşər xalqlarına özünün müsbət, mənəvi, insani təsirini göstərməlidir. Bəşərilik buradan başlayır. Mən türkəm, Asif Ata bu millətin övladıdır. Asif Ata təkcə mücərrəd ritualçılıq yaratmır. Asif Ata bütöv bir etnosun – türk etnosunun xilasını düşünür. Bu İnamı birinci növbədə bu xalqa verməliyik, bu xalqın ruhunu ayağa qaldırmalıyıq. Bu xalqın ruhunu xilas etdiyin dərəcədə bəşərləşirsən. Milliləşdikcə bəşərləşirsən. Əks halda bəşər deyilən bir şey yoxdur. Heç bir xalqın dəyərlərinə qarşı deyilik. Öz dəyərlərimizin qədrini bilirik…

Bu gün bizim harayımız Babəklərin harayıdır. Ölməyib Babək. Kim deyir ölüb? Mən burda Onun harayını çəkirəm. Bu xalqın da, başqa xalqın da içində inkişaf deyilən bir şey varsa, həmin haraylara görədir, həmin şəxsiyyətlərə görədir. Əgər Babək olmasaydı, Dədə Qorqud, Nəsimi, Zərdüşt olmasaydı, onda bu xalq erməninin durumundan aşağı olardı, heç adı bəlli olmazdı…

Bizim dövlətimiz var, amma sahib çıxmırıq, onu gərəyincə yaşatmırıq. Bu gün kürdlər Zərdüştə iddia edirlər, Ergenekon bayramı bizimdir, Koroğlu bizimdir deyirlər, Babək bizimdir, Şah İsmayıl bizimdir deyirlər. Niyə deyirlər? Bu gün dünya gücləri kürdə dövlət yaratmaq istəyir. Bu dövləti humanizm nöqteyi-nəzərindən yaratmır. Bu bölgəni qarışdırmaq, içində anar­xiya yaratmaq üçün və bölgəni idarə etmək üçün yaradır. Erməni bəs eləmir ona. Kürdün də qabağa çıxan nümayəndələri dövlət yaratmağa haqlı olduğunu sübut etməyə çalışır. Nəylə sübut edərsən dövlət yaratmağa haqqı, dövləti kim yarada bilir? O kəs yarada bilir ki, o, bəşəriyyətə böyük dəyərlər verə bilir. Böyük töhfələr verir. Dövlət nə edir? Hansı millətin nümayəndəsi olursan ol, dövlətin içində bir millət də yaşayır, bir neçə millət də yaşayır. Hər bir milləti idarə eləməlidir dövlət. Vahid bir mədəniyyət olmalıdır. Hər kəsi yönəldən, onun yönünü yaradan bir mədəniyyət olmalıdır. Bu mədəniyyəti həmin dövlətin sahibi yaradır. Bu mədəniyyətlə dövlət toplumu idarə edir. Əks halda dövlətin funksiyası yoxdur. Dövlətli olmağa o vaxt haqq edirsən. Dəyərlərimizi adlarına çıxırlar ki, ərazilərimizi qamarlamağa özlərini haqlı saysınlar. Gərək böyük dəyər, böyük mədəniyyət yaradasan, ortaya qoyasan. Onun əsasında dövlət yaranır. Bunu süni şəkildə eləmək olmur axı.

 Bizim dövlətçilik ənənəmiz var. Minillərə dayanır. 200 illik tarixdə, Qacarlar sülaləsi devri­lən­dən sonra, Güneydə toplumumuzu sıxırlar. Nəyə görə? Dövlətçilik ənənəsi yaradan dəyərlə­rimizə görə. Dünyaya verdiyimiz töhfələrə görə. Biz dünyaya söz demişik. Bunların hər biri xalqın, bəşəriyyətin həyatında rola malikdir.

Sizin o sualınız ki, çox ocaqlar yaranıb və sönüb… Bu gün bütöv şəkildə xeyir bərqərar olmayıbsa, tarixi şəxsiyyətlərin dedikləri bütöv şəkildə oturuşmayıbsa, bu o demək deyil ki, bunlar itdi-batdı, öldü getdi. Onlar böyük bir ənənə sistemidir, dəyər sistemidir, xalqların inkişafını qabağa aparır. Bizim həyatımızda Babək, Nəsimi dəyərdir, bizim bəşəriyyətə dediyi­miz sözdür. Bizim içimizdə olan Azadlığı Babək ifadə edirdi. Bu gün bizim içimizdə yenə də Azadlıq istəyi var. Azadlıq istəyi heç vaxt ölmür. O istəyi ifadə edən yeni Babəklər çıxır ortaya. Çıxacaqdır, o, qarşısıalınmaz bir prosesdir.

Asif Ata da yeni sivilizasiya başladı. Bu gün onu beş nəfər, ya beş yüz nəfər eşidir. Bunun Asif Ataya dəxli yoxdur. O, ortaya gəlib, yaradıb. Onun davamçıları da bütün varlığını buna həsr edib. Deyə bilmərəm, 50 ildən, ya 500 ildən sonra olacaq ki, Asif Ata bu xalqın içində oturuşacaq və dünyada yeni sivilizasiya yönünü təsdiq edəcək. Ancaq Asif Ata bu gün qarşısı­alınmaz bir prosesi başlayıb. Başqa Soylular da çıxacaq və Atanın işini davam edəcək. Bu xalq qısır deyil.

O başqa məsələ ki, proses bizm arzuladığımız şəkildə sürətli getmir. Mümkün də deyil. Min ildir üzüüstə yıxıblar bizi. 36 il bir siyasi partiyanın fəaliyyəti üçün çox böyük rəqəm­dir. Çünki siyasi partiyanın hədəfi hakimiyyətə gəlməkdir. Ruhaniyyatın hədəfi isə İnsanlaşdırmaqdır. Yeni bəşər halı yaratmaqdır. 36 il bu hədəf üçün 36 gün də demək deyil. Əbədi prosesdir bu. Özünün hədəflərinin həyata keçməsi üçün, prinsipləri baxımından Ruhaniyyat tarixi üçün 36 il çox azdır. İsanın ölümündən 200 il sonra xristianlıq başladı bərqərar olmağa. Asif Ata dünən başalyıb…

Elə olub ki, mən görüş keçirmişəm, zala 120 nəfər yığışıb. Asif Atanın ideyalarını demişəm, Onun harayını çəkmişəm. Heç kim səsini çıxarmayıb. Xalq öz içində sönmüş Ocağının istisinə qızınır. Xalq öz həqiqətinin harayını eşidir. Ona daxili ehtiyacı var. Bu xalqın qulağı dolmalıdır illərlə. İllərlə əzab çəkməliyik gecə və gündüz. Zəhmət çəkmək lazımdır, demək lazımdır 10 il­lər­lə. Vaxtilə Asif Atanın adını mətbuata çıxara bilmirdik. Bu gün Asif Atanın sarsılmaz sistemi, yenilməz Evladları yaranıb. Xalqının içinə çıxır, sevgiylə Onun harayını çəkır. Asif Atanın əsaslı arxivi var, sistemi var. O arxiv xalqın elə bir ictimai, ruhani sistemidir ki, o arxivi götür və xalqı əsaslı şəkildə yarat. Dəyərlər sistemidir, xalqın, bəşərin mahiyyətindən gəlir”…

 “Ata Ruhunu Ürəyimzidə aparırıq!”, “Atamız var olsun!” səcdəsilə “Ailə Günü” sona yetdi.
Tədbirdən sonra Ocaq ideyaları ilə bağlı söhbətlər uzun müddət davam etdi.

 İşıq Ayı, 36-cı il. Atakənd.

(may, 2014. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir