Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimində deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimində deyilmiş fikirlər
Ocaq Günsırası ilə 5 Qürub Ayı 36-cı ildə “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə günü” mərasiminin açılışı oldu. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı. O, ay ərzində Amallaşmasının az olduğunu dedi. Kamilləşmə yönündə özünə nəzarətinin artdığını vurğuladı. Asif Atanın “Ömrüm-Günüm” kitabındakı bir məqama diqqəti çəkərək dedi: Ata bir dostu haqqında deyir ki, mehriban idi dostum, ancaq həmişə mehriban ola bilmirdi. Elə bil ki, mehriban olmaqdan yorulurdu. Bunu başqası haqqında düşünəndə adam elə bir rahatsızlıq hissi keçirmir, ancaq özüm haqqında düşünəndə başqa cür hisslərim oyanır. Axı mən də hərdən mehriban olmaqdan yoruluram. Demək ki, həd var hardasa. Bu haqda düşünmüşəm,içimdə hansı bir zəiflikdir buna təkan verən…

 Xalqlaşmam haqqnda onu deyə bilərəm ki, hələlik əlaqələrim, ünsiyyətlərim virtual xarakter daşıyır.

İndi bəzi yazılarımı oxumaq istəyirəm:

Adamlar bir-birinə münasibətdə yadlıqdan, təmənnaçılıqdan, faydaçılıqdan, qayğısızlıqdan boğu­lur­lar, ancaq bunu zəruri nizam sayırlar, cəmiyyət qəlibindən çıxmırlar, çıxmaq istəmirlər. Ruha­niyyat adamları bu durumdan azad edə bilər, təbii ki, ruhaniyyata üz tutsalar.

xxx

Dünyanı vətənə çevirmək olmaz, ancaq vətəni öz dünyana çevirə bilərsən. Vətən dünya olanda dünyaya ağalıq etmək niyyəti ölür.

xxx

Hamı birdən susur, birdən karlaşır, korlaşır, yadlaşır. Zaman-zaman böyük zəhmətlərə alışanlar gərəkdir ki, xalqı karlıqdan, korluqdan, lallıqdan xilas eləsinlər.

Birgə susanlar şərə yarayır, birgə korlaşan, karlaşan şəri yaşadır. Şər ona görə var olur ki, karlıq, korluq, lallıq qaçılmaz yol sayılır.

Özünü təsdiq həqiqəti təsdiqdən başlayır. Həqiqəti ömründə təsdiq eləməklə insan şərə qarşı durur. Bir ömürdə təsdiq olunan həqiqət şərə qarşı böyük qüvvədir. Çünki şərin ölümünü yetirə bilir.

xxx

Kimin yalan, kimin doğru danışması danışanın cəmiyyətdəki mövqeyi ilə müəyyən olunur. Əslində bir mövqe var – həqiqətçilik.

Cəmiyyətçi mövqe insanı haqlı etmir. Həqiqətçi mövqe insanı haqqa qovuşdurur.

İkili, üçlü, dördlü siyasət var. Birüzlü siyasət yoxdur.

İkili, üçlü, dördlü məqsədi var adamın, bir məqsədi yoxdur.

İkili, üçlü, dördlü yolu var adamın, bir yolu yoxdur. Ona görə də ömür qurulmur. Yollarda, məqsədlərdə haçalanır, parçalanır. Birüzlü, birməqsədli, biryollu aqibət qurmaq gərək.

xxx

Ömür arzular, istəklər əsasında nizamlanır, qurulur. Mənim ömrümdə həyat tələbləri minimuma endikdə mənəvi istəklər maddi istəkləri üstələyir. Mənəvi istəklərim artdıqca həyatın tələbləri gözümdə kiçilir. Yaşamaq da gözəlləşir.

Həyat o zaman mürəkkəbləşir ki, maddi istəklər mənəvi istəkləri üstələyir. Ömrün azadlığını isə mənəvi istəklər yönəldir.

Maddi ehtiyacdan doğan arzular adamı həyata bağlayır, gerçəklikdən ayrılmağa qoymur. Mənəvi ehtiyacdan doğan arzuları gerçəkləşdirdikcə insan yetkinləşir, mənəviləşir. Adi həyatdan uzaqlaşır, ali həyata yaxınlaşır. Fərəhə çatır, özünə inama yetir.

 xxx

Fil dişindən, bəbir, timsah dərisindən, tovuzquşu lələyindən gözəl şeylər yaradıb evini bəzədi adam. Guya təbiəti evinə, içinə gətirdi. Əslində isə təbiətsiz qaldı. Təbiətin ahəngini pozdu, tək qaldı.

Təbiətdəki gözəlliyi görməklə, kəşf etməklə qorumaqla təbiəti öz içinə gətirmək, ona qovuş­maq olardı.

 xxx

Kimi dindirsən, birliyin, bir məqsədin olması gözəlliyindən, gərəkliyindən, vacibliyindən danışır. O qədər danışılıb ki, adiləşib. İndi birlik ideyası mümkünsüz görünür, gözdən düşür. Arzu kimi çox şey gözəldir. Lakin bu arzunun həyata keçməsi üçün mənəmliyi qırağa qoymaq, özünü ideyaya həsr eləmək, özünü yaratmaq gerçəkləşdirilməlidir. Buna isə özüylədöyüş olmadan yetmək çətindir.

 xxx

Dünyanı İnsanilik idarə etməlidir. Ancaq dünyanı zor və qorxu idarə edir. Dinlərin xofu yeni-yeni dini təşkilatların insan üzərində qorxu yaratması ilə qorunur. Adamlara hər şey dəhşətli görünür və sarsılırlar. Dünyada hər şey gözdən düşür. Yiyəsiz qalır adamalr da, dünya da.

Ürəklərə qorxu hakim olanda sevgi, qayğı, sayğı, heyrət ölür. Bunlar ölürsə, insanlıq ölür. Adamlar öz ideyalarını təsdiq etmək üçün başqalarını öldürürlər. Öz ideyasını təsdiq etmək üçün başqasına yağı kəsilmək həmin ideyanın insanlığa qarşı olduğunu göstərir. İdeya insan üçün, onu sevmək, qorumaq üçün yaranmalı, həyata keçməlidir.

 xxx

Teymurun vaxtında dünya qana qərq olmusdu. Şəhərlər dağıdılır, insanlara qarşı soyqırım torədilirdi.

Nəimi bu gedişata qarşı çıxıb “İnsan Allahdır”  dedi.

Zaman dəyişsə də halı dəyişməyib. Yenə də dünya qan havası çalır. Asif Ata  “İnsanlaşın – İnsanlaşdırın”  deyir.

Dünyanın belə qan-qadalı vaxtında bizə deyirlər indi İnsanlaşmanın yeridirmi?! – Bəli, əslində dünyanın qan-qadadan çıxması üçün insanlaşmaq gərəkdir.

Ata deyir, xalq Nəimini eşitsəydi, Azərbaycan başqa Azərbaycan olardı. Ata yolu gedilməsə, Azərbaycanın sabahı nə olacaq, bəlli deyil.

xxx

Üzdən baxanda hər şey bəlli görünür. Ancaq hər şey bəlli olsaydı, nə üçün hadisələr çıxılmazlığa dirənib? Nə üçün ümidsizlik, inamsızlıq adamları bürüyüb. Bütün bu hallar Ocağın gərəkliyini artırır. Ocaqçıların sorumluluğu və yükü artır…

Ailə günündə qoyulan mövzularla bağlı:

“Ocaq xalqın ağlına işıq salırmı, salırsa, bu, özünü nədə göstərir?”.

Ocaq ideya qoyub ortaya, ideyaları həyata keçirir. O ideyalar ilk növbədə Ocaqçıların ömründə gerçəkləşir. Həyata, hadisələrə münasibətimizlə Ocağın mövqeyi bilinir.

Vaxtilə Atanın Azərbaycan­da və dünyada baş verən hadisələrlə bağlı münasibəti vardı. Atanın kitablarından ayrı idi bu yazılar. Qəzetlərdə çıxırdı. Atanın gündəmlə bağlı münasibətinə hər zaman ehtiyac duyulurdu. Təbii ki, yalnız gündəmlə bağlı deyildi…

 Həqiqət ölçüsü ilə yanaşanda hadisələrin mahiyyətini görmək olur. O baxımdan Ocağın mövqeyi hər zaman aydındır, bilinir və işıq salır. Mən bilirəm ki, bizim tədbirlərimiz izlənilir. Son ayda ayrı-ayrı adamlar mənə yazıb ki, biz sizin fəaliyyətinizi izləyirik. Mövqeyiniz maraqlıdır.

Ata Ocağı yaradandan və, ideyalarını təqdim edəndən bəri Ocaq özünəməxsus təsiriylə yol gedir və özünü təsdiq edir.

Atanın Qarabağla bağlı yazısını dünən sayta qoyduq. Orda deyilən fikirlər, izləsəniz, görərsiniz ki, indiki çağa da aiddir.

Son günlər üçün kiçik bir hadisəni deyim. Bizim Amaldaşımız Günev Atalının anasına Ocaqçılar yas törəni keçirdilər. Üstün Atalı qadınlar məclisində söz demişdi. Ordan bir xanım sonra “Ulufərəh” Ailəsinin “Ailə Günü” mərasimində iştirak etdi. O, dedi ki, mən anamın ölümündən çox qorxurdum. Ancaq bu xanımın sözlərindən sonra sanki rahatlandım…

 Üstün orda insan, ölüm, həyat haqqında danışmışdı. Ölən insan itmir, xatirələrdə yaşayır. Atanın “Ölümlə görüş” yazısında dediyi kimi, cismən də itmir. Əli, gözləri, dodaqları, saçları kimdəsə yenidən peyda olur.

Kiçik bir söhbətlə ətrafdakı insanlar da anlayır ki, ölüm labüddür, ancaq ölümü qarşılamaq məsələsi var, necə yanaşmaq məsələsi var. Bu da xalqın ağlına işıq salmaqdır.

Bəzən söhbət edərkən deyirlər ki, yalansız yaşamaq mümkün deyil. Mən də deyirəm ki, yalansız yaşamaq mümkündür. Mən öz ömrümdən çıxış edib deyirəm. Yaxud da deyirlər ki, ideal insan olmaq mümkün deyil. Adamlar özlərini qəlibə qapayırlar. Bu mümkünsüzlüyü öz ömründə təsdiq eləmək lazımdır. Bizim fəlsəfəmizə görə İnsan daxilində Mütləq daşıyır. Biz doğularkən kamil doğulmuruq. Adamda ağıl var, ancaq ağıl nisbidir. Mənəviyyatı, iradəsi var, ancaq nisbidir. Daxilimizdəki Mütləqə çatmalıyıq. Mən İdeal Nurtəkin necə olmaldıır deyə özümə sual verirəm. Mən özüylədöyüş vasitəsiylə, özünü araşdırmaqla o ideal Nurtəkinə çatmalıyam. Onun üçün mən özümü araşdırıram, özümü döyürəm, əməllərimi təhlil edirəm. Ocaqçı xalqın ağlına işıq salırsa, öz ömründən başlayır.

Başqa qonumuz “Pulçuluğun doğurduğu dini qarşıdurmalar Ocaq üçün nə deməkdir”.

Hər bir ölkənin, eləcə də Azərbaycanın içində müxtəlif təriqətlər, dinlər var. Bu gün sünnü-şiə məsələsini qızışdırmaq istəyirlər. İstər Azərbaycanda, istərsə də başqa ölkələrdə olan dini qruplaş­malar böyük, ağa dövlətlərin əlində vasitədir. Ümumiyyətlə, din özü ağa dövlətlərin əlində vasitədir. Bütün bunlardan ağa dövlətlər yararlanır. Bundan ziyan çəkənlər isə həmin ölkənin sadə adamları olur. Vasitə olmamaq üçün özünə, öz inamına üz tutmaq gərəkdir.

Bu o qədər geniş və əhatəli mövzudur ki, bunu açmaq üçün bir çox qonular açılmalıdır. Ancaq tədbirin bütün vaxtını almamaq üçün burada sözümü bitirirəm. Atamız Var olsun.

 

İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Bizim bayraq öpməyimiz “şəxsiyyətə pərəstiş” anlamına gəlmir, şəxsiyyətə səcdə anlamına gəlir. Asif Atanın timsalında İnsanlığa səcdə edirik. Ata deyir ki, “İnsan daxilində Mütləq gəzdirən, buna görə də şəraitdən, mühitdən, zamandan, cəmiy­yətdən üstün olan, Mütləqiliyə meyil edən və Mütləqləşməyə qadir olan Ruhani varlıqdır”. Bu mənaya çatıb çatdırdığı üçün Atanın bayrağını öpüb ona səcdəmizi ifadə edirik.

Atagün Elində Günev Atalının evinə Asif Atanın Qutsal Bitiqlərinin qəbul törəni keçirilib. O tədbirin kitabı mənə çoxdan verilsə də, oxumamışdım. Bu gün onu oxudum. Oxuya-oxuya gözümün qarşısında Azərbaycan obrazı canlandı. Sanki Azərbaycan Ocaqlaşıb. Kimsə deyə bilər ki, 10-15 nəfərin işiylə Ocaq hara gedəcək? Elə özüm də Ocağa gəlmədən öncə düşünürdüm ki, Ocaq hara gedəcək. Əslində Xristianlığı 12 nəfər Həvari yaydı. Müsəlmanlığı yaymağa başlayan 3-4 nəfər bu dini ilk qəbul edənlər olub. Düzdür, müsəlmanlıq müharibə ilə, silahla yayıldı. Mütləqə İnam Ocağının silahı yoxdur. Ocağın hikməti var, sözü, ideyaları var. Ocaq 36 ildir yaranıb, 36 ildə min il yol gedib. Son iki ildə təkcə mən çoxsaylı məktəblərə getmişəm, qapı döymüşəm. Çoxu açmayıb, azı açıb. Görüşlər keçirmişik. Öyrətmənlərə, öyrəncilərə Atanın sözünü demişik. Azərbaycanın milli dəyərlərini demişik. Son 10 ildə Asif Ata obrazını yeni nəslin ağlında yarada bilmişik.

“Ailə Günü”ndə mövzu qoymuşam ki, Ocaq xalqın ağlına işıq salırsa, bu özünü nədə göstərir. Mən işimlə bağlı hər gün onlarca insanla imkan düşəndə ruhani söhbət edirəm. Rəhbərlik tərəfindən mənə qəti tapşırıq verilib ki, bu mövzunu işə qatmayım. Yenə də söhbətlər edirəm.

Həmişə Ocaq tədbirinə gələndə Nurtəkin xanım mənə deyirdi ki, İnamlı, sözün varmı? Əvvəllər bilgim yox idi, sözüm yox idi, utanırdım. İstəmirdim ki, mənə söz verələr. Çünki hazırlıqsız gəlirdim, Ocaqla dolmamışdım. Bilmirdim Azərbaycanın dərdi nə qədərdir, bilmirdim Ata nə deyir. Ancaq son bir ildə “sözün varmı” sözünü istəmirəm Ocaqçı Ocaqçıya desin. Çünki Ocaqçı dediyimiz hər kəsin bu yükün altında sözüm yoxdur deməyə haqqı yoxdur. Çünki Azərbaycan elə bir durumdadır ki, milli mənafeyini düşünən, milli hisslərlə yaşayan insan xalqla bağlı mövzuda sözüm yoxdur deyə bilməz. İnsan iki şey qarşısında susur – bir gözəllik qarşısında, bir də böyük kədər qarşısında. Ancaq biz kədərin qarşısında sussaq Azərbaycanın taleyi necə olacaq? Ona görə də biz susmuruq. Bizim deməyə sözümüz var.

Bəzən deyirəm, mən Norveçdə olsaydım, deməyə sözüm olmazdı. Çünki Avropalının dərdi yoxdur. Vətənləri bölünməyib, dərdləri yoxdur, basqı altında qalmayıblar, işğal altında deyillər. Söyülmürlər, döyülmürlər, islam adlı din onları parçalamayıb. Onların iki allahı var – biri şəhvətdir, biri də pul. Biz ruhaniyyatçıyıq. Azərbaycan ümumşərq, türk milli dəyərlərinə söykənib. Şərqin ruhani dəyərləri Batıda yoxdur. Batı onun acıdır. Bu üzdn də Batı bu gün Doğunu (Şərqi) məhv edir. Batı, Amerika islamın əliylə bizi vurur. Çünki bizim zəif yerimizi bilir. O bilir ki, türk xalqı islama o qədər uyub ki, onu içindən çıxara bilmir. Onun yaralı yeridir. Əslində bu gün nə nurçuluq var, nə şiə, nə vəhhabi. Sadəcə bunu Batı atıb ortalığa. Şiə-sünnü məsələsinin faciəsini gördük biz Çaldıran döyüşündə. İki qardaşı qarşı-qarşıya qoyub qırdırdılar. Sonra çar Rusiyası Azərbaycanı iki yerə böldü. Bu gün birləşdirə bilmirik. Bunun hamısının kökündə İslam dayanır… Asif Atanın “Uluyurd hərəkatı” ideyası var. Orda xüsusi vurğulanır ki, Uluyurd hərəkatı dinçiliyə qarşı, özgəçiliyə qarşı, tayfaçılığa qarşı mübarizə aparmalıdır. Onun başında da gəlir dinə qarşı mübarizə. Nə vaxt ki, din Azərbaycana gəldi, müqəddəs nəyimiz vardısa məhv edildi.

Ona görə bu gün Vətən də yiyəsiz qalıb, millət də. İndiki çağımızda Asif Ataya güvənməklə xalq olmaq, bəşər olmaq imkanımız var. Bəşəriyyətə öyrətmən olmaq imkanımız var. Kimsə mənə sübut edə bilməz ki, yenidən bu xalq Asif Ata doğacaq. Doğulsa da bu yaxınlarda yox. Çünki belə böyük şəxsiyyətlər hər il yaranmır.

Bir ara mən özümü Ocaqdan ayrı qoymuşdum, inanın ki, özümü uçurumda hiss elədim. Ocağa bərabər güc, qüdrət mən tanımıram. Atamız Var olsun!

Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Sözümü Amaldaşlarımızın toxunduğu məsələlərlə bağlı demək istəyirəm. “Ailə Günü” tədbirində deyilən söz öyrənilən sözdür. Deyilən söz həm də öyrədən sözdür. Bu baxımdan həm fikrin özünün sözlə cilalanması, həm də sizin sözünüzə söykək olmaq yönündən söz demək istəyirəm.

Amaldaşım Nurtəkin həmişə mehriban ola bimirəm deyir. Nurtəkin mehribandır, ancaq o, özündə ayrı-ayrı qırağa çıxma hallarını görür, bağışlamır. Bu, Ocaqçılıqda prinsipdir. Düz eləyir bağışlamır. Əgər Ocaqçı bacarmadığı, daha doğrusu, gerçəkləşdirə bilmədiyi bir halın yoxluğunu özünə bağışlayırsa, bu, gerilik deməkdir… Əslində mehribanlıq məsələsi özünü əhvallarda göstərir. Ola bilər ki, sən bir ünsiyyətdə təbəssümlə davranasan, bir ünsiyyətdə bir az gərgin davranasan. Bu, sənin mehribanlığının aradan getməsi anlamına gəlməz. Mehribanlıq məqama bərabər deyil. O, bütöv ömrü əhatə edən bir keyfiyyətdir və bütöv münasibətlərdə zaman-zaman özünü göstərən bir keyfiyyətdir.

Bir də çağımıza qədər yaranan ayrı-ayrı istər siyasi təşkilatların, istərsə də ruhani yönlü dünyabaxışların hər biri özünü həm ifadə eləmək, həm də təsdiq eləmək üçün seçdiyi üsul var. O üsul ondan ibarətdir ki, guya mühitə, gedişata, dünyaya nizam gətirirlər. Ancaq dünyaya necə nizam gətirirlər. İnsanlararası münasibətləri qorumaq üçün dünyaya nizamı insanı öldürməklə gətirirlər. İnsanı öldürür ki, dünya düzəlsin. İnsanı öldürməklə dünya düzəlməz axı. İnsanı diriltmək lazımdır. İnsanın əgər içi əyilibsə, o, mənəvi-ruhani baxımdan ölüdür. Onun içi ölüdürsə, ondan nə desən gözləmək olar. Sən bugünkünü öldürdün, sabahkı bunun davamı olur axı. Bunun olmayacağına nəylə zəmanət verirsən. Min illərdir insanı qorxu altında tutursan, nizam baş tutmur. Min illərdir qorxu altında saxlayırsan insanı, amansızlıq daha da şahə qalxır.

Sizin toxunduğunuz, bizim də bildiyimiz hadisələr ki var, mənim gözümün qabağına yüzillər öncəki quldarlıq dövrü gəlir – tarixdən bildiyimiz, filmlərdən izlədiyimiz. Quldarlıq dövrünün filmlə­rinə baxırsan, insanlar orda necə amansızlıqla qətlə yetirilir. Ancaq öldürəndə bir dəfə vurur. Bu gün isə insanın başına bıçağı çəkir-çəkir, axırda da çapır ki, boyun sümüyünü sındırsın. Bu, quldarlıq dövrüdür. İndi Avropa mənə necə sübut edə bilər ki, tərəqqi baş verib. Heç kim düşünməsin ki, Avropada belə şeylər yoxdur. Var, özü də çeşidlərlə. Sizə də mən əsaslandıra və sübut edə bilərəm. Sadəcə olaraq hansı mühitdə, hansı yerdə ara qarışıb məzhəb itirsə, faktlar daha qabarıq görünür. İnsana qarşı murdarlıqlar, insana qarşı həyata keçirilən fəlakətlər dünyanın hər yerində var.

Özünü “təsdiq eləmək” üçün atılan addımlar. Hər bir şəxs, ailə bu prinsiplə  yaşayır. Bunu həyat uğrunda mübarizə əsasında edirlər. Biz də deyirik ki, həyat uğrunda deyil, həqiqət uğrunda mübarizə getməlidir. Həyat uğrunda mübarizə gedir o deməkdir ki, insan heyvan səviyyəsindədir. Çünki heyvanlar bir-biri ilə mübarizə edir öz həyatını, mövcudluğunu qorumaq üçün. İnsanlar bunu eləməməlidir axı. İnsanlar həqiqət uğrunda savaşar ki, insani münasibətlər bərqərar olsun. Dünyanın neməti bütün insanlara bəsdir. Sadəcə olaraq insanlar öz növündən olanlara qarşı insani münasibət bəsləmirlər. İnsani münasibət bəsləmədikləri üçün də həyat uğrunda mübarizə gedir. Ona görə də öz ideyasını təsdiq etmək istəyənlər yanılıblar. Xristianlıq belə döyüşlərlə keçinib. Döyüşlər deyəndə mən insanların kütləvi şəkildə qırılmasını nəzərdə tuturam. Dinlər döyüşlə qələbə qazanıblar. Müharibə ilə, qan-qada ilə, silahla. Bu işdə ölüm-itim təsadüfən olar. Elə şeylər var ki, qaçılmaz olur. Sən söz deyirsən, biri gəlib dağıdır, məcbursan onun qolundan tutub çölə çıxardasan ki, get işinlə məşğul ol. Bir də var öldürürsən ki, hamı səni qəbul eləsin. Biz deyirik, nə qədər ağır da olsa, çətin də olsa, yüz il, min il də getsə, insanın başını kəsməklə ona inanc vermək olmaz. Xalqın içində ona yalvarmaq lazımdır, iş aparmaq lazımdır. Ona sevgiylə həqiqəti vermək lazımdır. Onun nicatı nədədirsə, anladıb onu ona vermək lazımdır. Qorxusundan 3-5 gün nəyəsə əməl etməməklə məsələ həll olmur, kökündən dəyişməlidir.

Nurtəkin bir məsələ vurğuladı: Deyirlər ki, indi müharibədən yazılmalıdır.

Müharibədən nə yazılmalıdır? Müharibə yoxdur axı. Deyirlər ki, Qarabağ tərəfdə atışma gedir, siz də burda tədbir keçirirsiniz. Yaxşı bu tədbiri gəl dayandıraq. Axı orda müharibə getmir. Nədir bu tədbirin mənası? Bu tədbirin mənası odur ki, sənin içində sağlam insanlar əmələ gəlsin. Sağlam insanlar sağlam xalq yaratsın, sağlam mühit yaratsın. Sağlam mühit yaranandan sonra sənin xalqın ya müharibə aparacaq, ya aparmayacaq. İndi o müharibə aparmır. Bizim ölkəmizdə Rusiyanın tələbləri, təhdidləri qarşısında qalıb hakimiyyətimiz. Seçim edə bilmir. Rusiyanın istəklərinə yönəlik hansısa seçim eləmək istəyəndə bu tərəfdən Batı təhdid edir ki, ölkədə çevriliş ehtimalı yüksəkdir… Yüz dənə dezinformasiya verirlər. Bir doğru məlumat yoxdur ki, sən vətəninin bircə qarışını ələ götürürsən. Doğrudan da düşməninlə, məcbursan, döyüşə gedirsən.

Kim deyirsə ki, vətən mənə nə verdi, səhv deyir. Mənə heç kim heç nə verməsin, başıma qapaz vursun, mən bu vətəni yenə sevəcəm. Bu vətənin uğrunda yenə gedəcəm ölümə. Mən vətənimi təmənna üçün sevmirəm, kimdənsə mükafat almaq üçün sevmirəm ki… Ancaq bu müharibə deyil. Xalq oyuna düşüb. Bu xalqın özünün həyatını oyun idarə edir. Asif Ata da deyir ki, xalqın həyatını oyun idarə etməməlidir. Sağlam mənəviyyat, sağlam ruh, idrak müəyyən eləməlidir. Ona görə bu tədbir vacibdir.

Asif Ata bu vaxta qədər fərqli düşünənlər birliyi yaradıb. O birlik sayla cəmlənmir. Riyazi üsulla hesablanmır… Biz çox fərqli düşünürük. Hamının doğru saydığı adi, bəsit şeyi doğru saymırıq. Biz deyirik ki, xalqın işində doğruçu, həqiqi səviyyə yaranmalıdır, birlik yaranmalıdır. Xalqı bir araya gətirə bilən dəyərlər yaranmalıdır.

 Xalqı qatıb-qarışdırırlar. Hətta iş o yerə gəlib çatıb ki, Türkiyə kimi oturuşmuş bir dövlətdə prezidentliyə namizədlər arasında əcayib döyüş gedir. Siyasi cəhətdən bir-birini məğlubiyyətə yönəltmək üçün başqa şeylər danışırlar. Kılıcdaroğlu deyir ki, sən nə deyirsən de, mən ələviyəm. O biri də deyir ki, mən də sünniyəm. Türkiyənin başına gələcək adamlar biri sünnüyəm deyir, biri ələviyəm deyir, bir-biriylə qovğa edir. Sabah bunların axırı nə olacaq?! Vətəndaş qarşıdurması hazırdır.

Azərbaycanda da gözəl səslənən şeylərin hamısını gəlin bir anlıq qəbul edək, – demokratik inqilab, demokratiyanın inkişafı və s. Gəlin bir an təsəvvür edək ki, oturuşub. Türkiyə demokratik, oturuşmuş və inkişaf eləmiş dövlətdir. Azərbaycan dövlətçiliyi ilə müqayisədə xeyli ömrü var. Bunun içində ələviyəm-sünnüyəm deyə söhbət gedirsə, Azərbaycan necə sığortalana bilər bu söhbətlərdən?! Bu, artıq potensial qarşıdurmadır. Toplumun beynində ələviyəm deyə, sünnüyəm deyə, vəhhabiyəm deyə bir ideya oturubsa, siyasətdə, texnikada nə qədər inkişaf eləyirsən elə, sənin içində vətəndaş qarşıdurması hər an mövcuddur. Hər an hazırdır. Sənin soydaşların bir-birini qırmağa, qətl eləməyə hazırdır. Hələ biz narahatıydıq ki, ildə bir dəfə şaxsey-vaxseylə çıxırlar ortaya. İndi artıq həyatın gedişatına çevrilir.

O deyir mən ələviyəm, mən də deyirəm mən Asifçiyəm. Gəlin görək ələvilik nə deməkdir, Asifçilik nə deməkdir. Gəlin bunu təhlil edək özümüz üçün. Ələvilik min il bundan öncə başlayan, şəxsin özünün varislik hüququnun bərpası uğrunda apardığı döyüşün təzahürü deməkdir. O varislik dövrünün uzantısıdır çağımıza qədər gəlib çıxıb. Asifçilik isə bəşəriyyəti öz rəngində görmək deməkdir. Hər bir xalqı öz içində, öz sınırında qutsal tanımaq deməkdir. Haqlı bilmək deməkdir. Görün nə qədər fərq var. Burdakı dostlarımız fərqli düşünə bilər. Onların qəlbinə toxunmaq üçün demirəm. Onlar bunu qəbul edə də bilər, etməyə də, lap sonra fikirlərini də deyə bilərlər. Məhəmməd peyğəmbər bəşəri peyğəmbər deyil. Bəşər millətlərin birliyi deməkdir. Bəşəriyyətdə çoxlu millətlər var, bunların da birliyi bəşər deməkdir. Məhəmməd deyir ki, millət yoxdur. Hamı mənim ümmətimdir. Milləti ləğv edirsənsə, bəşər nə deməkdir?! Milləti ləğv edirsənsə, necə sən mənim millətimə peyğəmbərlik edirsən?!

Asif Ata isə deyir ki, hər bir millət özü bəşəridir. Çünki hər bir millətin bəşərdə öz yeri, öz rəngi, öz çəkisi var. Millətsiz bəşər yoxdur. Ona görə mən deyirəm, Asif Ata öz yaratdığı ideyalarla bəşəriyyətin peyğəmbəridir. Onu vurğu edirəm. Millətin ləğv olunmasını dilə gətirmək küfrdür. Siyasi güclər miliətçilik məsələsi gələndə daş atıb başlarını tuturlar. Biz millətçiliyi dünyanın qızarqalandığı səviyyədə təqdim eləmirik. Biz hər bir millətin oluşması üçün öz mədəniyyəti, öz dəyərləri, öz milli kimliyi, öz varlığı, dünyaya öz müsbət təsiri olmalıdır deyirik. Bunların hamısının təsdiq olunması üçün millətçilik prosesi başlamalıdır. Hər bir xalqda millətçilik – milləti öz dəyərləri, kökü əsasında inkişaf elətdirmək demək olmalıdır. Başqa millətlərə sayğı əsasında öz milliliyini inkişaf elətdirməlidir…

 Niyə daş atıb başını turusan?! Niyəsi odur ki, bizim millətçiliyi saqqallıların əməli ilə bir tuturlar qəsdən. Yəni millətçiliyə dağıdıcılıq kimi baxırlar. Saqqallılarla qarışdırmaq lazım deyil. O bilmir nə istəyir. Mən bilirəm nə istəyirəm. Mənim hədəfim var. Mən insan istəyirəm, mən millət istəyirəm. Mən bəşər istəyirəm. Ancaq o bilmir. Bayaq İnamlı deyir ki, filan oğlan deyir mən cənnət istəyirəm. Cənnət istəmək üçün gərək orda-burda adamları qırasan?! Bu nə deməkdir? Ona görə bizim işimiz nəfərlərlə ölçülmür, ideyanın gücü ilə ölçülür. Dünyaya gərək olan ideya ilə. Heç yarımca adam vermə mənə. Ancaq mən ideya verirəm ki, götür bu ideya ilə xalq yarat, bəşər yarat.

Bir-iki düzəliş eləmək istəyirəm. Uluyurd Ocağın qanadı deyil. Ocağın heç bir siyasi və ya başqa qanadı yoxdur. Ocaq özü vahid hadisədir. Uluyurd Hərəkatı Ocaqdan doğan prinsipdir, tamamilə müstəqil. Ocaqdan təməl götürən. Onun qanadı deyil. Ocağın ideya və prinsipləri əsasında vətənsevər, millətsevər insanlar, xadimlər həyata keçirməlidir bu hərəkatı. Biz istəməsək də, siyasət var, siyasəti isə yönəltmək lazımdır. Siyasəti yönəldənlər isə şəxsiyyətlər, xadimlər olmalıdır. Həmin siyasi xadimlər siyasi prosesləri urvata gətirə bilər. Daha minsifətlilik etməz, vətənini, millətini sevər. O, bəlli addımlar atar, xilaskarlıq zəminində. Xadim məsələsi var burda. Nə qədər ruhaniyyatdan aşağı olsa da, o da gərəkdir, o da qaçılmazdır. Dövlətdə idarəetmə siyasi məsələdir…

Etnik və türk qarşılığını dilə gətirmək doğru deyil. Allahşükür etnik olsun, ya kim olsun. İnsan olsun. Olsun talış, ləzgi, ya o biri. Biz yurdumuzu təkcə türkdən ibarət görmürük. Bizim vətəni­mizdə etniklər yüz illərdir yaşayır, bundan sonra da yaşayacaq. Biz onlarla dost olaraq, doğma olaraq yaşayacağıq. Onların içərisindən mühüm dövlət vəzifələrinə gələnlər də ola bilər, biz etnik bölücülüyə qarşıyıq, etniklərə qarşı yox. Əgər etniklər başqa qüvvərlərin idarəsi altında bizim məmləkətimizə, dövlətimizə, xalqımıza qarşı çıxarlarsa, təbii ki, biz onları qəbul eləmirik. Hətta lazım gəlsə döyüşə də bilərik. Biz deyirik ki, başqa dövlətlərin, qüvvələrin təsiri altına düşüb bizim dövlətimizi parçalama. Bizim milətimizə qarşı çıxma. Gücün çatar dost, qardaş kimi yaşamağa. Niyə başqa qüvvələrin təsiri altına düşüb bölücülüklə məşğul olursan. Biz bölücülüyə (separatizmə) qarşıyıq, etniklərə qarşı deyilik. Heç vaxt da olmamışıq. Burda bir insançılıq məsələsi var. Bütün dövlətlərdə fərqli millətlərin nümayəndələri yaşayır. Bir Ermənistandan başqa. Ermənistanda ermənilərdən başqa az sayda ruslar var. Onlar da hərbçilərdir. Ermənistan da bəllidir. Ermənistan adında bir mövcudluq mənasız şeydir. Dünyanın hər yerində fərqli millətlərin nümayəndələri var və hər bir millətin nümayəndəsi də özündə insanilik daşıyan insandır. Bizim ona münasibətimiz insanidir. Millətimizi sevirik. Millətimizi qururuq, dəyərlərini tanıyırıq. Başqa etniklərə də sağlam, doğru münasibətimizi aradan qaldırmırıq.

Sizin ümumi toxunduğunuz və toxunmaq istədiyiniz məslələrlə bağlı fikirlərimi dəqiqləşdirdim. Bizdən asılı olan və olmayan məsələlər var. Dünyada nə baş verir versin, Ocaq həmişə öz çağırışının arxasında olacaq. İdeyası var, fəaliyyəti var, “İnsanlaşın – İnsanlaşdırın” çağırışı var. Daim insanların içindədir, daim iş aparacaq, dünyada nə baş verir versin. Vətənimizlə bağlı konkret addım atmaq gərəkərsə, biz orda varıq. Ancaq oyunlarda biz yoxuq. Biz öz çağırışımızdayıq. Mənəvi-ruhani mübarizəmizdəyik. Ocaqçılar sayca az olsa da, geniş və qlobal işlər görülür.

İndi yeni faktları mən sizə deyirəm. Üstün bacımız dünən Sabirabada gedib, görüşlər keçirib. Bu gün də Gədəbəyə gedib. Gədəbəydə əvvəl olmuşuq, məhdud olsa da görüşlər keçirmişik. Ümumiyyətlə, Azərabycanda biz həmişə sevgi ilə qarşılansaq da, etirazla, təpki ilə qarşılansaq da daim milli insani sözümüzü deyib işimizi görəcəyik. Biz milliliyimizi inkişaf etdirməliyik ki, dünyada kimliyimiz bəlli olsun. Yönümüz, sifətimiz bəlli olsun. Ona görə biz milliləşməliyik. Bizim millətləşməyimizdən başqaları qorxmasın. Biz insani imkanla­rımızı ortaya çıxarıb milli vəhdət yaradırıq. Bu, dəyənəyi götürüb kimisə çırpmaq anlamına gəlmir axı. Ona görə bizdən qorxmasınlar. Özləri də millətləşsin. Biz rus xalqının da millətləşməsini istəyirik. Millətləşməyib axı, imperiyadır. Rus xalqının sağlam birliyi olsa rus dövləti başqa yerləri əsarətə götürməz. Alman xalqı sağlam millətçiliyini təsdiq eləmiş olsa, heç kimə zərər verməz. Öz sınırları çərçivəsində öz münasibətini sürdürər. Heç bir xalqın haqqı yoxdur ki, başqa xalqların etnik kimliyinə müdaxilə eləsin. Biz eləmirik və eləməyin də tərəfdarı deyilik.

Elçin bəy xalqın indiki səviyyəsi ilə bağlı narahatlıqlarını dilə gətirdi.

Soylu Atalı: Bilirsən, bəy, xalqın əsil səviyyəsini bərpa eləmək üçün illərlə doğru yöndə maarifləndirmə, mübarizə, savaş gərəkdir. İllərlə gərəkdir. Bu, bir-iki gündə düzələn məsələ deyil. Eyni zamanda bu mübarizə pərakəndə şəkildə getməməlidir. Müəyyən bir anlamı olmalıdır onun. Bu gün hakimiyyətə gələn insanlar xalqın içindən gəliblər. Onun səviyyəsi ilə xalqın indiki səviyyəsi arasında böyük bir fərq yoxdur. Xalq elə duruma gətirilib ki, onun səviyyəsi aşağı düşüb. Öz xəlqi mənasından ayrılıbdır. Bu xalqı öz xəlqi mənasına yetirmək üçün mübarizə aparmaq lazımdır. Əgər biz xalqımızı seviriksə, onda xalqı öz xəlqi mənasına gətirmək uğrunda mübarizə aparmalıyıq illərlə. Bunun ayrı yolu yoxdur. Yoxsa biz də, xalq bizi eşitmədi deyək, söyək xalqı, olmaz.

Elçin bəy: Xalqı xalq kimi sevmək lazımdır. Xalqın səviyyəsi yoxdursa onda necə…

Soylu Atalı: Biz bilirik ki, xalq necə olmalıdır, düzdürmü? Həmin necə olmalıdıra görə sevirik. Onun üçün mübarizə aparırıq. Bugünkü səviyyəsini sevmirik. Mən xalqın mənasını sevirəm. Xalqda gözəlliklər var, dəyər yaratmaq var. Onlardan ayrılıb. Mənasını sevirik və onu mənasına çatdırmaq üçün mübarizə aparırıq.

Elçin bəy: Mənə deyirlər, bəzən də gözlərindən oxumuşam ki, danışırlar da boş-boş, ancaq mən gedim 5 manat qazanım, buna baxırlar. Özümdən danışmıram. Bu gün demokratiya uğrunda mübarizə getsin, ya nə. İnsan fikirləşir ki, bu gün nə qazandım qazandım, sabaha ümid yoxdur. İnsanlar bu cür olub.

Soylu Atalı: Simasını itirir.

Elçin bəy: Onu necə qaytara bilərik?

Soylu Atalı: Biz onu qaytarmaq üçün öz ömrümüzdən başlayırıq. Mən özümü yaradıram. Örnək oluram, illərlə o sözü deyirəm. Onun elə olmaq imkanını ona deyirəm. İllərlə gedir bu söhbət. 5-3 günün söhbəti deyil. Biz istəsək də, istəməsək də, biz ha deyək ki, filan şey yaxşıdır, millət yaxşı şeyi pis şey biləcək. 20 ildir pulçuluq gəlib yurdumuza. Mənəviyyat məsələsi getdi öz işinin dalınca. Hər şey münasibətlərdə əyildi. Çalan, çapan, bacarana baş qurban. Ona görə həyat uğrunda mübarizə başladı. Hər kəs istəyir ki, birtəhər çulunu sudan quru çıxarsın. Amma qeyrət belə gündə lazımdır ki, xalqı xilas edən İnsani Birlik yaradasan.

Elçin bəy: Hər kəs özünü ağıllı hesab edir. Kiminsə maşını varsa, hesab edir ki, o, daha ağıllıdır.

Soylu Atalı: O cür imkanı olan adamlar əhalinin çox az bir hissəsini təşkil edir. Əhalinin çox faizi pis gündədir. Onların da durumu, təəssüf ki, cahil səviyyədədir. Çünki onun sağlam bir şey haqqında düşünməyə vaxtı, macalı yoxdur. Ancaq bir tikə şörək haqqında düşünür ki, nətəhər eləyim ki, evimə çörək aparım. Müsbət şey haqqında düşünə bilmir. Ona görə də xalqın içindən ziyalı oğullar, qızlar çıxır, onun uğrunda mübarizə aparır. O mübarizə də bir günün, beş günün söhbəti deyil. İllərlə onu sevə-sevə ona vermək lazımdır.

Biz çox ciddi mübarizə aparırıq. Biz hər yerdə xalqın dəyəri nədir, dəyərsizliyi nədir, hər yerdə onu deyirik. Bəzən proses üzdə görünmür, altda gedir…

Nizami bəy, Sevil xanım tədbirə dəvət olunduqları üçün təşəkkür etdilər.

“Ailə Günü” tədbiri “Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamz Var olsun!” səcdəsilə sona yetdi.

Qürub Ayı, 36-cı il. Atakənd.

(avqust, 2014. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir