Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
Uluyol-Hünər Ailəsinin “Ailə Günü” törəni
(30 Xəzan Ayı, 43-cü il)
Törənin Quralları yerinə yetirildikdən sonra hesabat yönlü çıxışlar oldu. “Ailə Günü”nün gedişini (öz ricası ilə, bir yol olmaqla) Göytəkin Atalı nizamladı.
Göytəkin Atalı (Ataya səcdə ilə başlayır – G. A): Həmişə vurğuladığımız kimi, Ocağın bütün tədbirləri önəmlidir. Bütün tədbirlərimiz özünəxas söz deyir. Ancaq mənim üçün ‘’Ailə Günü’’ özəl bir anlam daşıyır. Çünkü biz tez-tez, canlı olaraq, bir araya gələ bilmirik. Hər birimizin ay içində yaşantıları, əməlləri olur. Bunları “Ailə Günü” törənlərimizdə bölüşə bilirik. Bu Gün`ümüz də yaşantılarımızı, fərəhlərimizi bölüşmək olanağı yaradır. Öncə Günev Atalının sözünü dinləyək.
Günev Atalı ( Ataya səcdə edib bayrağı öpür – G.A): “Ailə Gün”ünün “Gediş Yazısı”nda qoyulan qonulara baxışımı bildirmək istəyirəm. Amallaşmamla bağlı: Keçən Ailə Günündən bu günə qədər Amallaşmam “Mütləqə İnam” Bitiyini yenidən oxumaqla davam edib. Hər dəfə oxuyanda əhvalım, düşüncələrim yenilənir. Bundan başqa “Ata Səsi” kitabını oxumuşam.
Kamilləşmə yönündə: bu günümün dünənimdən, sabahımın da bu günümdən daha irəli olması üçün çalışıram.
Başlıcası Xalqlaşma ilə bağlı bir neçə söz demək istəyirəm. İnam Evinin başa gətirilməsi ciddi Xalqlaşma gərəyi yaradıb. Başqa yerlərdə də söhbətlərim davam edir, yeni hal yaradır. Toplaşan insanlar arasında Ocaq düşüncələri həmişə maraq doğurur. Ölkədə baş verən olaylarla bağlı, Ocaq açısından söz deyirəm. Mən Amalımız yolunda döyülmüşəm, söyülmüşəm, bu mənim üçün heç bir sıxıntı yaratmayıb. Dediyim Sözün, yetdiyim ömür düzeyinin tələbləri sərt olub. Adamı heç nədən döymürlər, söymürlər. Ancaq bu dəfə mən özüm adam döydüm. Ömürboyu dava-dalaşla arası olmayan bir adam olsam da, bu dəfə əl qaldırmağım qaçılmaz oldu. Ocaq yönündə verilən suala cavab verəndə həmin adamın pis davranışı məni özümdən çıxardı. Bir az da rahatsız oldum, yanlışa yol verdim. Soylu qardaşıma zəng edib bunu bildirdim. O da dedi, o şey ki qaçılmazdır, baş verir. Bir də ki, həyasızlığa qarşı düz etmisən.
Atanı kobud şəkildə aşağıladı, əl qaldırmaq zorunda qaldım.
Başqa bir Xalqlaşma işimiz, Soylu Atalı, Nurtəkin, mən birgə Cəlilabada səfər etdik, orada ciddi söhbətlərimiz oldu. Ocaq ədəbiyyatları bağışladıq. Dünən də Qobustan rayonunun iki kəndinə getdik. Orada ayrı-ayrı adamlarla görüşdük. Qobustan rayonunun “Gənclər Evi”ndə görüşümüz alındı. Söz dedik, hal yaratdıq, burda da Ocaq ədəbiyyatları verdik.
Vətən anlamına bağlı söz deyim: Vətən – toplumda getdikcə önəmini azaldır, coğrafi sınırlarla məhdudlaşan məkan anlamı daşıyır. Çoxları üçün ‘’harda günün xoş keçirsə, ora vətəndir’’ – deyimi ölçüyə çevrilir. Hətta bir çağlar Ocaqda olmuş, indi dış ölkələrin birində yaşayan biri ilə telefon bağlantımız olanda bu deyimi işlətmişdi. Əslində Ocaqçı üçün Vətən insanın özündən başlayır. Sən özünü dərk etməyənə qədər, özünün yerini, mövqeyini təsdiq etməyənə qədər vətənə münasibətin naşı münasibət olur. Vətən səninçün çox balacalaşır. Vətən üçün ölənlər olub. Onları gözardı eləmirik, onların zəhmətini, çabalarını dəyərləndiririk. Ancaq vətən üçün Atanın dediyi daha önəmlidir: “Vətən üçün yaşamaq – vətən üçün ölməkdən daha daha çətin, daha gərəkli işdir”. Minlərlə gözünü qırpmadan ölənlər var vətən üçün. Ancaq beş nəfər vətən üçün yaşayan tapmırsan toplumun içində. Ömrünü vətənə həsr etsin, vətən üçün yaşasın. Demirik, öz həyatından əl çəksin. Ancaq heç olmasa yaşamının əsas yönü kimi, vətənin ruhani gərəkliliyini topluma çatdıra bilsin.
Bir tərzdə, bir ölçüylə yaşayanların qutsal məkanıdır vətən. Bunu anlayanda vətən gözlərdə ucalığa qalxır. Onda vətən üçün yaşamağa da, ölməyə də dəyər, belə bir əhvalda olursan…
Dünya ilə barışsaydıq, Ocaqda bir gün də yol gedə bilməzdik. Dünya ilə nəinki barışırıq, dünya ilə təzaddayıq. Dünya dediyini demirik. Ona görə dünyanın mahiyyətinə yön tutmaq üçün tutarlı zəmin yaranır. İnsanın özüylə barışı varsa, onun özüylə döyüşü hansı anlam daşıya bilər?! Deməli, insan özüylə barışmır ki, özüylə döyüşür. Özündəki qüsurlarla, şərlə döyüşür. Döyüşdükcə, özündəki qüsurlardan arındıqca onun yerini xeyir əməllər tutur. Gərəkli, bütöv, kamil düşüncələr tutur. İnsan nə özüylə barışır, nə dünya ilə barışır. Bunun nə sınırı var, nə də sonu.
Mən bu gün bəlli bir məqama yetə bilərəm. Gəldiyim Ocaqçılıq yolunda elə bir əhvala gəlib çıxdım, gördüm çevrədə, bir nəfər də olsun, ikinci bir “mən” yoxdur. Bu sonucavarmada dayanardımsa, deməli mənim özüylə barışım başlayardı. Bayaq dediyim kimi, bu günüm dünənimdən, sabahım bu günümdən daha ülvi, daha səmimi, daha kamil olur. Bu baxımdan özüylə döyüşüm davam edir.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
İnamlı Atalı ( Ataya səcdə edib bayraği öpür – G. A): “Gediş Yazısı”nda qoyulan qonularla bağlı düşünmüşəm. Demək olar, həmişə amallaşıram. Amaldaşlarımın kitablarını da oxuyuram, bəhrələnirəm. Günev qardaşımın dediyi kimi, hər dəfə oxuduqca halım yenilənir. Sanki birinci dəfə oxuyanda indi oxuduqlarımı görməmişəm.
İnsanın özünü təsdiqi iki yöndə olur. Birincisi, insan fərdi şəkildə özünü təsdiq edir, ikincisi, milli şəkildə. Mənə də rast gəlib, başqa ölkələrə gedən vətəndaşlarımız orda gözəl həyat qururlar. Ancaq danışıqlarında deyirlər, biz burada özümüzü yad kimi hiss edirik. Nə qədər yaxşı ortam qursaq da, burada artıq kimiyik. Vətənin, millətin gərəkliyi orda daha çox bilinir. Ancaq millətin içində təbəqələşmə, sinifləşmə varsa, insan özünü millət kimi təsdiq edə bilməz. İstənilən halda, istənilən ortamda insan özünü yad görür. Ona görə tək yol Ocaq yoludur. Ocaqda insan vətən anlamının mahiyyətinə yetir.
Mən xalqlaşlaşma əməlimdə yeni bir çalarla üzləşmişəm. Üç nəfərlə söhbət edirdim. Sosializm haqqında söhbət düşdü. Dedilər, sən o dövrdə bu quruluşu yaşamısan. Necə ola bilər, quruluşa qarşı danışırsan? Sən o dövrdə oxumusan, oxuduğun dövrdə təqaüd də almısan. Dövlətin bəlli səviyyədə sənə dəstəyi olub. Qıraqda qalmamısan. Bəs indikinə nə deyirsən, bu dövrü görüb onu necə dana bilərsən? Doğrudan da, belə deyim, onların dediyi yaxşı arqument idi, mənim qarşıma qoyulmuşdu. Mən dedim, bu cür suallara cavabı ancaq Ocağa dayanaraq vermək olar. Siz bir nisbini başqa bir nisbi ilə tutuşdurursunuz. Birinin o birindən üstünlüklərini dilə gətirirsiniz. Sosializmin özündə də yadlıq, sürüləşmə baş alıb gedirdi, millət itib gedirdi, yadlaşma baş verirdi. Artıq ailələr rusca danışmaqla öyünürdülər. Azərbaycan dilində danışmaqdan utanırdılar. Bəs bizim milli özümlüyümüz necə olacaqdı?! Biz rusa qoşulub gedirdik. Bizim gənclərimiz gedib orda özünə hansısa güzaran qururdu, günlərini keçirirdilər. Ancaq bizim öz milli dəyərlərimiz var, kökümüz var…
Sonra da Zərdüştdən üzü bu yana olan milli dəyərlərimizi sadaladım. Bunlar hamımıza bəlli olan söhbətlərdir. Hər dəfə izləyirəm, biz ruhla, mənəviyyatla bağlı danışanda istər-istəməz qəbul olunuruq. Atanın bir düşüncəsi bir daha təsdiq olunur – bizim həyata etki göstərməyimiz həyatın öz araçılığıyla alınmaz. Nə qədər suallar verilir, başqa arqumentlərlə etki göstərsək də, yenə görürəm, bizim doğru araçımız ruhaniyyatdır. Biz ruhçuluq baxımından, öz millətimizin mənəvi, əxlaqi dəyərləri baxımından danışanda qəbul olunuruq. Dostluqda, hər hansı bir işdə məsələlərə nisbi yanaşmaq insanı tam qane etmir, insanı açmır. Xalqlaşma əməlim məktəbdə müəllimlərlə də olur. Məqam gələndə gözəl söhbətlərimiz alınır. Buna baxmayaraq insanlar hələ dar çərçivədən qırağa çıxa bilmirlər. Ancaq məişət, dolanışıq baxımından düşüncələrini yürüdürlər. Mən onları da qınamıram. Çünkü belə bir hal mənim özümdə də, Ocağa yeni gələn vaxtlarda vardı. Bir müddət həyatdan gileylənmək, eybəcərliklərlə barışmazlığı dilə gətirməyim vardı. Düzdür, bunu da bilmək gərəkdir, eybəcərliklə barışmaq olmaz. Ancaq mübarizə baxımından yanaşanda isə deməyi bacarmaq gərəkdir, bəs sənin öz yolun hansıdır, çatışmazlıqlara qarşı hansı yolu qoya bilirsən?!
Bir də dünya ilə barışmaq məsələsini deyim. Günev qardaşımın dediyi kimi, dünyanın nəyi var, biz onunla barışaq, nə qoyub ortalığa ki, biz onu qəbul edək?! Azərbaycanın bir hissəsi bir vaxtlar rusçuluğun etkisi altında idi, bir hissəsi farsların etkisi altında oldu, onların eqoizminin hökmü altında olduq. İndi də Azərbaycan gözünü dikib Avropaya. Avropa da, Atanın düşüncəsinə əsaslanıb deyə bilərik ki, tükənmək üzrədir, maddiyyatın axır ki, bir dirənmə nöqtəsi olacaq. Ekologiya pozulur, hərcayilik baş alıb gedir, ailəçilik dağılmaq həddinə çatıb. Texnika ruhu üstələyib. İnsanlar hamısı bir-birilərinə maddi baxımdam qiymət verirlər. İnsana, onun maddiyyatına, onun məişətinə baxıb qiymət verilir . Avropanın dediyi budur – təbəqələşmə, sinifləşmə, yadlıq, yağılıq. Bunlar da insanlıq açısından qəbul olunmayan gedişlərdir.
Özüylədöyüş məsələsinə gəlincə, bu mənim ən çox düşündüyüm məsələlərdən biridir. Bizim hər birimiz ruhumuza yad olan müəssiələrdə işləyirik. İstər-istəməz müəssiələrin tələblərinə bulaşırıq. Ürək ağrıdıcı gedişlər olur. Mən hələ bunlardan qurtula bilmirəm. Yeganə Ocaq ortamıdır ki, burada özümü çox rahat hiss edirəm. Bacı-qardaşlarımın simasında işıq görürəm, özüm də işıqlanıram. Sözüm bu qədər.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Göytəkin Atalı: İnamlı qardaşımız özü demədi, bu ay içində Cəlilabadda səfər də təşkil edib. Soylu bəy, Nurtəkin bacı, Günev əmi Cəlilabadda oldular. Həm gənclərlə görüş keçirildi, həm də rayon mərkəzində görüş keçirildi, Ocaq yönündə söhbətlər aparıldı, ədəbiyyatlar bağışlanıldı. Onun bu cür işləri Ocaq üçün çox önəmlidir.
(İlahə Ucaruh “Qutsal Quruculuq” Bitiyindən “Həyatdakı Eybəcərliklə Döyüş” yazısını oxuyur).
Göytəkin Atalı: Keçən Ailə Günündən bu günə qədər davamlı oxumuşam. Neçə vaxtdır Hüqonun “Səfillər” əsərini oxuyuram. Kitabda toxunulan məsələlər üzərindən insanla bağlı düşünürəm. Daha dəqiq desəm, insanın üzləşdiyi faciəvi durumlar məni düşündürür. Bu cür faciəvi halları düşündükcə adama üzücü etki bağışlayır. Ən üzücü məqam isə odur, ayrı-ayrı insanların həyatında baş verən bu cür olayları törədən də elə insandır. Bunu düşündükcə dinin vurğu elədiyi qismətçilik məsələsinin, ya da, hər şeyin Allahdan olması məsələsinin anlamı mənim üçün daha da aydınlaşır.
Ocağa gəldiyim ilk çağlarda Atanın İnamını qəbul edir, şübhəsiz yanaşırdm. Ancaq bəzi məqamlar vardı, məndə sual yaradırdı, bəzi şeylər mənə mücərrəd kimi görünürdü. Ancaq sorğulamaq istəmirdim, qaçırdım. Elə bilirdim, nəyisə sorğulamaq Ataya şübhə etmək deməkdir. Sonra düşündüm ki, bu dində belədir. Din insana nəyisə sorğulamaq imkanı tanımır. Allah haqqında düşünürsən, sorğulamaq istəyirsən, həmin anda düşünürsən ki, o hər şeyi duyur. Sorğulamaq ona şübhə etmək deməkdir. Ona görə çəkinirsən, qorxursan bu düşüncədən. Ancaq Ataya yanaşmamızda belə bir qorxu yoxdur. Mənim üçün qarışıqlıq yaradan düşüncələr təxminən belə idi: Düşünürdüm ki, indi bizim yaşadığımız zamanda başqa inamlar oturuşub. Atanın İnamının tam olaraq oturuşması yaşadığımız çağda baş tutmayacaq söz yox. Ancaq bu İnamın oturuşduğu zamanda insan xoşbəxtlik deyəndə nə anlayırsa, ağlında qurduğu, yaratdığı nə varsa, onu eləcə də yaşaya biləcəkmi?! Doğrudan bu mümkün olarmı, insan hər cür qayğıdan uzaq qalsın?! Bir yandan da düşünəndə hər şey yoluna düşəcək, hər şey düzələcək, hardasa gedib dinin cənnət ideyasına çıxırdım. Yəni ortalama bənzər bir şey kimi gəlirdi mənə, insan heç bir qayğı çəkmədən yaşayacaq. Bu cür qarışıq məsələləri demək olar, özümçün aydınlaşdıram. Atanın dediyi nədir, “Atanın Yolu dünyanı, insanı, bəşəriyyəti qurtuluşa aparır” nə deməkdir, bir daha düşündüm. İnsan doğulduğu andan, mümkün deyil, bütün qayğılardan uzaq qalsın, yaşamaq özü mübarizədir. Atanın aradan qaldırmaq istədiyi – insanların içində yaşayan azğınlıqlardır. İnsanın içində azğınlıq qaldıqca başqalarının həyatında faciələrə səbəb olur.
Ataya inamımız bütöv olduğu üçün özüylə döyüşümüz, özümüzü yaratmağımız alınacaq. Əgər az da olsa, içimizdə şübhə qalarsa, istər-istəməz, “mən öz qüsurumu aradan qaldırmaqla nə dəyişəcək” düşüncəsi bizə əngəl olacaq. Atamız Var olsun!
Soylu Atalı ( Ataya səcdə edib bayrağı öpür – G.A): Ailə Gününün gələnəksəl qonuları – Amallaşma, Kamilləşmə, Xalqlaşma – hər bir Ocaqçının ömrünün sonuna qədər verməli hesabatıdır. Ata deyir, özüylə döyüş bitən yerdə hər şey bitir. Əgər özüylədöyüş yoxdursa, deməli, Ocaqçının çalışmaları, iş görmələri uğur gətirməyəcək. Ona görə biz Ailə Günündə Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatını həmişə verməliyik. Nə qədər ki Ocaq var, nə qədər ki biz Ocaqdayıq, bunu etməliyik. Mən hər zaman xatırladıram, Amallaşma hesabatını “hansısa kitabları oxuduq, ya da oxuyuruq” kimi qısıtlaşdırmaq(məhdudlaşdırmaq) doğru olmaz. Ocaqçı Amalın tələbi ilə Amalın kitablarını oxuyanda, ideyalarını araşdıranda nə öyrəndi, nə öyrənə bildi, onu deməlidir. Amaldaşlar bir-biri ilə əslində onu bölüşməlidirlər.
Mən son çağlar Atanı davamlı şəkildə oxudum. Düzdür, mən Atanı özüm üçün araşdırmaq, bəhrələnmək açısından oxumamışam. Kitabların çapı üçün oxumuşam, “Ön söz” yazım. Söz yox, “Ön söz” üçün oxumaq elə öyrənməkdən üstün öyrənmək kimidir. Çünkü Ataya elə-belə “Ön söz” yazmaq asan deyil. Bu mənimçün çətin məsələdir, baxmayaraq, mən buna gedirəm, çap olunan kitabları topluma öz sözümlə sunmalıyam. Qısa, ümumiləşdirilmiş şəkildə Atanın nə deyəcəklərini oxucuya çatdırmaq baxımından mən bunu etməliyəm. Atanı oxuduqca, Ataya qədər də oxuduqlarımın hamısını öz ağlımın süzgəcindən keçirmiş oluram. Atanın sözünü olduğu kimi deyə bilməyəcəm, ancaq belə bir məntiqi var: Həyat başdan-ayağa xurafat içindədir. Bununla bağlı, özümün iki cildlik kitabımı redaktə edəndə, ötən illərin hansındasa, Ailə Günündə dediyim bir məsələni burada xatırlatmaq istəyirəm: Həyat xurafatdır nə deməkdir?! Atanın dediyi kimi, bu gün yaşamda insanlığın ölçüsü olmadığına görə, insani qanunlara üz tutulmadığına görə hər şey süniləşib, hər şey saxtalaşıb. İnsana qayğı göstərmək yerinə, insandan alət düzəldirlər. Məsələn, idman adlı xurafat var həyatda. İdmanda insanı gəlir, pul vasitəsinə çevirirlər. İdman vasitəsilə pul əldə edirlər. Bir növ idmanı sirk səhnəsinə çevirirlər. Çox pis bir şeydir. İdman olar, demirəm olmasın. Ancaq idmanı siyasətə, xurafata çevirmək eybəcərlikdir. İdmanın qaçılmaz etkisini az qala Allahın bir neməti, bir buyruğu kimi görürlər. Sonucda insanlar insanlaşmağa deyil, ən çox bu cür şöhrət gətirən məsələlərə qaçırlar. Kiminsə boynunu burub kürəyini yerə vurmaq – vətənə, ölkəyə şərəf gətirirmiş sən demə. Ölkəyə medal gəldi, necə gəldi?! Hansısa bir cəngavərimiz hansısa ölkənin cəngavərinin kürəyini yerə çırpdı. Bunu təntənəyə, dövlət siyasətinə çevirmək həqiqətən əxlaqa uyğun bir məsələ deyil. Eləcə də, musiqi. Musiqini də siyasətə çevirirlər, musiqi xurafatı yaradırlar. Bir şey ki özündən, məzmunundan ayrılır, insanın üzərində hakim olur, bu xurafatdır. O qədər bayağı musiqilərin yarandığını görürük. Gəncliyimiz bu cür musiqilərin etkisi altında tamam ruhsuzlaşır. Hara gedirsən, hara baxırsan, hər kəs qulağına taxdığı qulaqcıqla hədyan musiqiləri dinləyir, ruhu tamam çökür, mənəviyyat azalır. Topluma, özünə, evinə, ailəsinə gərək olmur. Bu cür gənclərin sayı minlərlədir. Ürəkağrıdıcı bir düzeydə artmaqda davam edir. Ya da başqa bir məsələni deyək. İqtisadiyyatın özü ən böyük xurafatdır. İnsanın ləyaqəti ayaqlanır. Heç bir hüquqi qanunlar işə keçmir, işləmir. Ancaq ölkədə iqtisadiyyatın bol-bol inkişafından danışırlar. Gəlir yerlərinin artmasından danışırlar. Milli Bankda filan qədər qalxma baş verdi. Mən bilmirəm, bunlar nə deməkdir?! Bunların hamısı xurafatdır. İnsanı aldadan, ona heç bir xoşbəxtlik verməyən, heç bir güzəran ucalığı göstərməyən, heç bir qayğısı, dövlət səviyyəsində, ödənməyən inkişaf, bilmirəm nə deməkdir. Bunlar hamısı insanın üzərində yaranan, yaradılan xurafatlardır.
İndi kamilləşmə açısından söz deyəndə, bu məsələlərə üz tutub sözümü demək istəyirəm. Mənim, Soylu olaraq, hardasa gördüyüm, görmədiyim qüsurlarım yox deyil. Ancaq mən xurafatdan çıxmış bir insanam. Din xurafatından çıxmışam… İnsanlarımız, hətta ateistlər belə, din xurafatından çıxmayıblar. Ölkədə mən türkçüyəm deyənlər, “millətimi, dindən, məzhəbdən hündürdə görürəm” deyənlər, “elə yazıram” deyənlər belə, əslində dinin etkisindən çıxmayıblar. İstər evinə münasibətdə, istər elinə, millətinə, yurduna münasibətdə, kişiyə, qadına, dövlətinə münasibətdə bu cür adamlar, ən çox, elə dinin qaranlığından baxırlar. Üzdə, sözdə dinin etkisindən çıxdıqlarını deyirlər, içlərində din qaranlığı hökm sürür. Düşüncədə yenə din var. Yəni dinin dediyi məntiqlər var. Dinin bu neçə min ildə insanlara öyrətdiklərinin etkisi var. Ona görə də onların xurafatdan azad olduqlarını demək çətindir. Mən özüm haqqında bunu cəsarətlə, ürəklə deyirəm, mən din xurafatından tam ayrılmışam, içim də, çölüm də ayrılıb. Eləcə də həyatımızı saran, adını çəkdiyim başqa xurafatların da etkisindən mənim içim arınıb-durulub. Mənim içimdə hər hansı bir idman eybəcərliyi ilə öyünmək, onu urvatlı bir şey saymaq, onu ölkə üçün özəl, gərəkli bir şey kimi qəbul etmək adiliyi baş qaldırmır. Bu qədər, ruhu deyil bədəni ehtizaza gətirən, canı, cəmdəyi coşduran musiqilər, bir dəfə də olsun, oturduğum yerdə ayağımı tərpətməyib. Adını çəkdiyim xurafatların hamısı mənim içimdən çıxıb, çıxarmışam. Bu açıdan mən, özümü daha çox azad, rahat duyuram.
O ki qaldı mənim azadlığımın, rahatlığımın vətənlə, millətlə bağlı çalarlarına, bu aydın məsələdir. O qədər arsız deyiləm ki, vətən könlü dağlı yaşasın, mən də özəl bir fərdi fərəhdən ağız dolusu danışım. Mənim fərəhim Ocaq həqiqətlərinə bağlı olaraq yaranır, mənim fərəhim insani haqqı tanıdığım üçün yaranır, mənim fərəhim bunların uğrunda mübarizə apardığım üçün yaranır. Ölkədə bunların yoxluğu, söz yox, məndə ayrıca fərəh yarada bilmız. Kamilləşmə məsələsi ilə bağlı vurğu elədiyim bu məsələlər mənim üçün bitkin, düşüncəmə oturmuş, mənliyimə hakim olmuş həqiqətdir.
Bir neçə söz də Xalqlaşma məsələsi ilə bağlı demək istəyirəm. Asif Atanın ideya-düşüncələrini, onun baxışını, dünyaya, həyata, vətənə, millətə, dövlətə münasibətini toplumun içində necə deyə bilirik, harda deyə bilirik, bu açıdan hansı uğurlar yarada bilirik – Xalqlaşma işimizin yönü budur. Eləcə də Atanı öyrətmək, oxutmaq üçün onlara Ocağın ədəbiyyatlarını sunuruq.
Demək olar, hər həftə fərdi söhbətlərim olur. Eləcə də elektron mətbuatda tez-tez Ocağı deyən, Atanı anladan yazılarım, başqa məsələlərə Ocaq açısı ilə yanaşmalarım öz əksini tapır. Az oxunur, çox oxunur, nədirsə, xalqın içində yayılır, izlənilir, bəhrələnilir. Bilirsiniz, İnternet Tv-lərdə də söhbətim olub. Axırıncı söhbətim bütünlüklə Atanın dünyagörüşünə bağlı oldu. Tutuşdurmalar səviyyəsində Atanın dünyagörüşünü vurğuladıq. Bir vaxtlar Atanın adı, peyğəmbərliyi ilə bağlı mətbuatda, internetdə bizə təpki olurdu. Getdikcə o təpki sıfıra enib. Məncə, Asif Atanın xalqa gərəkliyi, fərqli açıdan xalqa həqiqətləri çatdırmaq meyli ayrı-ayrı adamların ağlına çatır. Atanı istəməyənlərin də ağlına çatır, istəyənlərin də. Ona görə bizə qarşı təpkilər azalıb. Bu da var, başqa bir səbəb də var. Ümumi götürəndə internetdə başqa kimsələri də söymək, aşağılamaq azalıb. Bu da elə internetin öz açısından müsbət bir haldır.
Xalqlaşma işi ilə bağlı Günev, İnamlı qardaşlarımın adlarını çəkdikləri görüşləri, səfərləri təkrar demək istəmirəm. Ancaq orada üzləşdiyimiz bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Biz Cəlilabadda görüşdüyümüz adamlarla söhbətin gedişində onların üzlərində, gözlərində həm heyranlığın, həm də marağın ciddi olduğunu gördüm. Ancaq nə yazıqlar, bu cür heyranlıq, maraq çox vaxt ötəri olur. Onlar sözü dinlədiyi anda sanki göylə görüşürlər. Ancaq üstündən üç-beş gün keçir, bizlə ünsiyyətləri olmadığına görə, bizi oxumadıqlarına, öyrənmədiklərinə görə, marağı, bizdən ayrılandan sonra, öz ömürlərinə daşımadıqlarına görə ənənəvi yaşam tərzlərinə qayıdırlar. Sanki bizimlə söhbət etdikdə əldə etdikləri nə varsa, bir informasiya, bilgi kimi qalır, çoxluqda o deyilənlərin etkisi dərin izlər açmır.
Bir də dünənki görüşümüzdə gənclərə deyirik, Xalqlaşma işi aparırıq, xalqa söz deyirik. Bəzən adamlar düşünürlər üzdə deməsələr də), xalqın içində söz demək nəyi həll edir, nə deyilir ki, önəmli olsun?!
O gənclər elə bilirlər, dövlət milli dəyərlərimizi qoruyur, yaşadır. Onlar elə də bilirlər, bunu məcbur olduqları üçün demirlər. Çünkü özlərini də, o qorumanın, yaşatmanın içində görürlər. Ona görə elə də düşünürlər. Mən onlara dünən bir şeyi izah etdim. Deyirlər, şəhidlərə abidə qoyulub, ordan gəlirik. Orada abidə qoyurlar, yığışırlar, alqışlayırlar, söz deyirlər, açılışını edirlər, ya da yubiley keçirirlər, qayıdıb gəlirlər. Bilirsinizmi, “şəhid”, söz olaraq yüksək sözdür. Şəhidlik özü bir ləyaqətdir. Ancaq heç kim öz xoşuna, könüllü şəhid olmur. Əsgər çağırırlar, aparırlar vətəni qorumağa. Qoruyanda düşmənlə üz-üzə gəlirsən, ya o səni vurur, ya sən onu. Yəni bunu, şəhidliyi aşağılamaq baxımından demirəm, ya da aşağılamıram. Bu şəhid, cavan olsa da, yaşadığı bir ömür var. Axı bu ömürdə milli dəyər yoxdur. O, sadəcə borc yerinə yetirir. Sən bu şəhidə yubiley keçirirsən, adını anırsan. Axı biri var, torpaq uğrunda düşmənlə döyüşüb ölən, biri də var, torpaqda dəyər yaradan, vətən yaradan, vətəndə dəyər yaradan uca şəxsiyyətlər. Uca dəyərlərə sən yubiley keçirməklə onu yaşatmırsan axı. Axı yubiley milli dəyərləri qorumaq anlamına gəlmir. Yubiley keçirir ki, Nəsimi böyük kişi idi, neçə yüz il bundan öncə ölüb, biz onun adını anırıq. Axı Nəsiminin dediklərini xalqının ömründə mənə göstər görüm harda yaşayır?! Nəsiminin dediyi “həqq mənəm”, “ənəlhəqq” ideyası hardadır, hansı insanın qəlbində, könlündə, düşüncəsində, vətən sevgisində, insan sevgisində, Allah sevgisində hökm edir?! Yoxdur!
Böyük şəxsiyyətləri yubileylərlə yaşatmaq olmur. Daha da kiçiltmək olur, adiləşdirmək olur. Böyük şəxsiyyətləri, onların düşüncələrini, onların ortaya qoyduğu ideya-baxışlarını xalqın həyat xamırına duz kimi səpməklə yaşatmaq olur. Onda onlar var olur. Yoxsa, ona-buna yubiley keçir ki, biz də milli dəyər yaradırıq, milli dəyər qoruyuruq. Qorumaq deyil. Nəsimiyə dövlət səviyyəsində yubiley elan eləmisən. Buraxmısan televiziyaya iti-qurdu. Hərə ağzına gələni danışır, hərə bir hava çalır, hərə Nəsimini bir cür qiymətləndirir. Biri Nəsimini mollalaşdırır, biri Nəsimini ateistləşdirir. Nəsimi yoxdur orda. Buna görə dəyər məsələsini yaşatmaq – ona yubiley keçirmək anlamına gəlməz. Dəyəri xalqın yaşamına gətirmək gərəkdir. Biz dəyərlərin məzmununu xalqa çatdırırıq, biz xalqı dəyərlərin məzmunu ilə yaşamağa çağırırıq. Biz xalqı dəyərlərə çəpik çalmağa çağırmırıq, yubiley keçirməyə çağırmırıq. Ona görə bizdən qıraqda milli dəyərlərdən danışanlarla bizim danışdıqlarımız eyni anlam daşımır. Mən dünənki gənclərdə onu gördüm.
Biz Xalqlaşma işində bölgələrə ora-bura gedib görüşlər keçiririk. Biz görüş keçirdiyimiz insanlara bu həqiqətləri anladırıq. Mən məktəblərdə görüş keçirdiyim gənclərə deyirdim, Babək elə-belə qəhrəman deyil. Babək qurtuluşçudur, Babək Peyğəmbərdir. Babək içində Allah gəzdirirdi. O, içində gəzdirdiyi qüdrətə görə yenilmirdi. Sizin (gənclərin) içinizdə Babək var, onu aşkarlayın, ortaya çıxardın. Yeni Babəklər ortaya çıxmalıdır. Babək onda var olacaq, onda yaşayacaq. Dəyər onda xalqın ruhunda etki göstərəcək. İçinizdə Nəsimi var, onu aşkarlayın. İçinizdə Dədə Qorqud var, onu aşkarlayın. Lap bəşəriyyətin filan böyük şəxsiyyəti var, onu aşkarlayın. Onda dəyər xalqın həyatında urvata, qiymətə minəcək. Onda dəyər dəyərə bənzəyəcək. Ona yubiley keçirir, buna yubiley keçirir, iki dəstə gül alıb torpağın üstünə qoymaq ayrı şeydir. O gülü hər kəs aparıb dədəsinin, nənəsinin qəbrinə qoya bilər. Nəsiminin qəbrinə gül qoymaqla iş aşmır. Nəsimiliyi xalqın ömrünə gətirmək gərəkdir.
Bir də dünya ilə barışma, özüylə barışma məsələsinə aydınlıq gətirim. İndi adını çəkdiyim böyük şəxsiyyətlər, dəyərlər var, bizim üçün dünya onlar deməkdir. Dünyanın gözəlliyi, ləyaqəti onların ömründə aşkara çıxıb. Onlar öz ömürlərində daşıyıblar, aramızdan gediblər. Bizim üçün dünya əslində onlardır. Bizim üçün bu görünən gediş dünya deyil, bu dünya özündən, mahiyyətindən ayrılmış yad bir dünyadır. Ata deyir, “İnsan içində Mütləq gəzdirən, şəraitdən, mühitdən, gerçəklikdən üstün olan, Mütləqiliyə meyil eləyən, Mütləqləşməyə qadir olan ruhani varlıqdır’’. İnsana bu qiyməti verəndən sonra, insan içindəki Mütləqə yetərsə (Ata buna çağırır), onun üçün yeni bir dünya qapısı açılır. Ata Mütləqə İnamda deyir, insan öncə dünyaya gələndə onun üçün dünyanı ana əvəz edir. Ana qucağı, ana mehri, ana laylası əvəz edir. İnsan yadlığa, uçuruma düşən kimi düşür dünyaya, ana onu uçurumdan qurtarır. Deməli, körpə üçün ana ilə dünyanın Birliyi yaranır. Dünyanı anasında tapır. Ancaq biz getdikcə yaşlanırıq, böyüyürük. Biz elə həmişə anamızın qucağına sığınmırıq ki, dünyanı anamızda tapaq. Ondan daha böyük, daha geniş məsələlər çıxır qarşımıza. Biz içimizdəki Mütləqi dərk elədikcə, ona qovuşduqca dünyanın mahiyyətinə qovuşuruq. Dünya ilə bizim birliyimiz başlayır. Dünya ilə barışmaq, ya da barışmamaq – əslində öz içimizdəki Mütləqə yetmək, ya da yetməmək məsələsi ilə birbaşa bağlı bir həqiqətdir. Ona görə də insan dünyanı tanımaq, dərk etmək istəyirsə, öz içindəki Mütləqi kəşf eləsin, aşkarlasın, ona qovuşsun. İnsan öz içindəki Mütləqlə görüşəndə, onunla bir olanda, ona qovuşanda, ona doğmalaşanda dünya öz mənasına bərabər olur. Öz mənasına bərabər olan dünyada insan öz azadlığını, xoşbətliyini qurur. Atanın çağırışı budur. Ona görə Asif Atanın düşüncəsini, ideyalarını xalqa çatdırmaq, görün, necə böyük, geniş bir məzmun daşıyır. Biz xalqa çatdıranda bunları çatdırırıq. Biz xalqa gedib danışmırıq ki, sənin Nəsimi adlı baban var, o mənəm-mənəm deyən kişi idi. Ya da demirik, Babək qoçaq kişi idi, ərəb sərkərdələrinin başını kəsirdi. Biz xalqı dünyasızlıqdan, insansızlıqdan qurtarmağa çalışırıq, onun harayını çəkirik, onun açarını veririk insanlara. Bizim işimizin anlamı, məzmunu bu qədər dərin, zəngindir. Sözümü bitirirəm.
Atamızın bayrağını öpürəm, Atamız Var olsun!
(Gediş yazısında Qutsal Oxuma qoyulub. İlahə bacının oxuduğu elə “Yol” kitabındandır).
Ata Ruhunu Ürəyimizdə aparırıq!, Atamız Var olsun! Səcdəsi ilə törən başa çatır.
(Səsdən sözə çevirdi: Göytəkin Atalı. Sərt Ayı, 43-cü il. Göyçay).