Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 4 İşıq Ayı, 38-ci ildə (may, 2016) İnam Evində “Uluyol-Hünər” Ailəsinin II Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Amallaşma hesabatım. Keçən aydan bu aya qədər daha çox vaxt ötüb. Həm Ata Bitiqlərindən oxumuşam, həm başqa ədəbiyyat oxumuşam. Ocaq Yükümlüsü deyir oxuyanda dəftər-qələmlə oxuyun. Bundan sonra gərək bu cür oxumağa əməl eləyəm. Hər bir kitabı bitirdiyimdə sonuc olaraq nə düşündüm, necə bəhrələndim?! Bunun üçün oxuduqlarımı bir də oxuyam gərək.
Bəzi fikirlərimi bölüşmək istəyirəm:
xxx
Siyasal gediş var, bir də hər bir xalqın öz taleyini qurmaq istəyi var. Bu istək Xəlqi İnamla, İdrakla, Mənəviyyatla, İradəylə qurularsa, siyasal gediş insan ömründə etkisizləşər.
xxx
Nə üçün bu gün dünəni təkrar edir? – Çünkü Adam qaydaya tabe olur, zamana, ortama tabe olur. Amalı ömrünün anlamına çevirmir. Düşüncə, duyğu yenilənməlidir ki, bu gün dəyişsin, təkrar olmasın. Adamın, millətin də bu günü qurulusun, yenilənsin.
xxx
Adam olanaqları həyata görə dəyişir, Həyat üçün dəyişir.
İnsan olanaqları Amala görə dəyişir, Amal üçün dəyişir.
Həyat üçün dəyişilən həyata yeni bir şey vermir.
Amal üçün dəyişilən həm özünə, həm də Amala yenilənmə gətirir.
xxx
Adamda yaşamaq istəyi var. İnstinktiv olaraq özünü qoruyur, dözür, bir yerdən başqa yerə köçür, necə olursa olsun yaşamaq istəyir. Nə üçün yaşamaq istəyinə həqiqi cavab tapmaq gərəkdir.
xxx
Tarixi oxuduqca həm öyünürəm, həm də kədərlənirəm. Bu gün bu duyğu qarışıqlığında, ziddiyyətindəyəm. Sabahım necə olacaq? “Gələcək” tarixlə deyil, tarixdən çıxarılan dərslə qurulur. Tarix qalır, mən ucalıram. Mənim ucalığımın özülü Amaldır.
xxx
Texniki tərəqqi adamı daha çox gerçəkliyə bağladı, daha çox texnikadan asılı elədi. Sonucda adam Anlama yadlaşdı. Texnologiya gəlişdikcə adam mənəvi gəlişmə haqqında düşünmədi. Anlamsızlıq uçurumuna düşdü.
Texniki gəlişmə, informasiya bolluğu, texniki olanaqlar artdıqca adamlar eyniləşir, mənən yoxsullaşır. Kimə yaxınlaşsan, eyni hal görürsən. Eyni fikir, çıxılmazlıq, ümidsizlik. Standart düşüncə, standart davranış. İnformasiya bolluğunda özümləşmə yoxdur, yalnız qəbul etmə var ki, bu da zamanla özgələşməyə aparır. Özgələşmək – sürüləşməkdir.
Ata ideyaları bizi özgələşməkdən qoruyur, özümlüyümüzü yaradır.
xxx
Siyasət – zamanla, ortamla yollaşır.
Həqiqət – Əbədiliklə yollaşır.
xxx
Cəmiyyət adamları özünə uyğun istehsal edir.
Amal adamdan özünəxas insan yaradır.
– Kamilləşməmlə bağlı. Bu ayda belə bir duyğu yaşadım. Elə bir mühitdəydim ki, orda söhbət edərkən başqa bir millətin dilini bilməyim məndə öyünmə duyğusu yaratdı. Sonradan bu duyğuma görə utandım. Başqa dil bilmək olar, ancaq bunun üçün öyünmək gərək deyil. Öz davranışımı cəmiyyətin ölçüsünə hesablamaq vardı bunda. Cəmiyyətin ölçüsüylə, baxışıyla özünə baxmaq vardı. Bu o deməkdir ki, mən cəmiyyətin ölçüsündən asılıyam, bağımsız deyiləm. Elə şeylər var ki, ağlım bunu tam dərk eləyir, ancaq cəmiyyət ölçüsünə hesablanmış davranışım üzə çıxanda məni bir daha düşünməyə yönəldir ki, hardasa cəmiyyət ölçüsündən asılıyam. Bunu görməyimin, utanmağımın və düşünməyimin çox böyük xeyri oldu.
– Xalqlaşma hesabatım. Bu ay Bakı şəhərində oxullara getmişəm. Hardasa 10 oxula getdim. Görüşə izin vermədilər. Təhsil şöbəsinin icazəsini istədilər. Oxul müdirləri içərisində Asif Atanın öyrəncisi ilə rastlaşdım, Atanın görüşlərində olmuş bir şəxslə də rastlaşdım. Cavan yaşlarda bir oxul müdiri dedi ki, mən sizin yazıları izləyirəm. Ona buraxılış və günsıra verdim.
Yalnız bir oxulda Soylu Atalıya görüş təşkil edə bildim. Bu gedişlərimin özü mənə yaxşı etki göstərir. Mən səhər oğlumu bağçaya qoyub gedirəm oxullara. Çantamı da Ocaq ədəbiyyatı ilə doldururam ki, birdən özümün görüş keçirməyim gərək olar. Bu gedişlərdə mən yeni üzlər görürəm, yeni səviyyələr görürəm, yeni tanışlıqlar görürəm, həm də xalqın səviyyəsini görürəm. Bu da məni qayğılandırır. Bu qayğı məni ayıq saxlayır. Ayıq saxlamaq məni Ata ideyalarını xalqa çatdırmaq sorumluluğuna çatdırır.
Hər ay tədbirlərdə mən deyirdim ki, xalqlaşmam zəifdir. İndi də tam hesab eləmirəm. Ancq o gedişlərin özü mənə çox şey verdi.
Soylu Atalıya təşkil etdiyim görüşdən bəzi məqamları bölüşmək istəyirəm. Mən bir neçə ildir ki, görüşlərdə olmuram. Görüş mənə yaxşı etki göstərdi. Görüşdən öncə və sonra oxul müdiri Soylu Atalını öyrəncilərə sundu. Soylu Atalı Azərbaycanın dəyərlərindən, Ata ideyalarından danışdı. Elə bir hal yarandı ki, söhbətdən sonra müdir sanki güc aldı, belə bir ifadə işlətdi ki, niyə biz ölülərimizi ərəbcə ağlamalıyıq. Məgər Allah türkcə bilmir?
Başqa bir öyrənci soru verdi ki, biz necə edək ki, öz dəyərlərimizi qoruyaq və özgələşməyək? Mən əminəm ki, bizim görüşlərimizin heç biri unudulmur. Bizim dediyimiz sözlər, fikirlər hamısı aşılanır. Görüşün verdiyi halın, düşündürməyin sonucu idi ki, o soru verildi. Görüşün sonunda da hardasa yarım saat uşaqlar Soylu Atalıdan əl çəkmədilər, sorular verdilər, ayrılmaq istəmirdilər. Nə yaxşı olardı ki, biz görüşləri çox keçirək. Milliliyə kökləmək, insanlığa kökləmək, düşüncələri canlandırmaq, ağrını anlatmaq vardı görüşdə. Ağrı var, ancaq o haqda düşünmək yoxdur, yaşamaq yoxdur. Onu vermək, düşündürmək, kökləmək halı yaşadım görüşdə və bu açıdan bəhrələndim.
Bu ayda başqa Ocaq işləri də görmüşəm. Tədbir hazırlamaq, kitab hazırlamaq işləri görmüşəm. Ancaq bu ayda daha çox xalqlaşma əməli mənə fərəh verdi. Başqa cür baxır adam başqalarına, duruma. Düşüncəm yenilənir, qayğım yenilənir, fərəhim yenilənir. Bu yenilənmə açısından özümü bu ay bir addım öndə görürəm. Atamız Var olsun!
Yasin Türksoy: Günəş Ayında Yevlax bölgəsinə səfər elədim. Bu səfərdə qohumlarımı ziyarət etdim, ölənimiz vardı. Oraya hazırlıqlı getmişdim. Nurtəkindən ədəbiyyatlar götürdüm ki, ünvanlara verim. Yevlax bölgəsinin mərkəzləşdirilmiş Kitab evində və Diyarşünaslıq muzeyində oldum. Onlara Ocaq ədəbiyyatı verdim. Bundan başqa şəhəri gəzdim ki, görüm nə ünvanlar var. Özümdə qeyd elədim, növbəti səfərimdə yeni ünvanlara Ocaq ədəbiyyatları sunacam. Bərdə bölgəsinə də səfər eləməyi düşünürəm.
Sosial şəbəkədə dini qonularda söhbətləşmələrim olur. Ocağın və TAQ-ın tədbirlərinə dəvət etmək üçün gənclər nəzərdə tutmuşam.
Bir təklifim var, Asif Atanın bitiqlərindən ayrı-ayrı parçaları bədii oxu kimi qısa çəkilişlərlə görüntü saytlarında yerləşdirilsin. Həm ölkə içində, həm də dışarıda təbliğat materialı kimi yayılarsa yaxşı olar. Bu olanaqdan yararlanaq.
İnformasiya texnologiyası sahəsində çalışan iki şəxslə tanışlıq yaratmşam ki, onlardan saytlarımızın daha da təkmilləşməsi üçün yararlana bilərik.
Nə iş görürəmsə, Ocağın yaşamını əsas götürürəm. Mənim üçün Ocağı düşünmək –vətənin, millətin mənafeyini düşünmək deməkdir.
İş yerimizdə kitabxana şöbəmizin işçisi ilə söhbətimiz oldu. Ocaqdan danışdım. Ona çox maraqlı gəldi. Növbəti tədbirlərə o da qatılmaq istəyir. Atamız Var olsun!
Ağşın Ağkəmərli: İnci ilə adi qaşın fərqi ondadır ki, inci aztapılandır. Bir aydınla sıradan bir adamın fərqi ondadır ki, o, aydındır. İncidə inciliyin olması əsasdır. Aydında da önü görmək qabiliyyəti əsasdır. Barmaq sayısında olmaq elə ona səbəb olub ki, inci öz inciliyinin, ya aydın öz aydınlığının fərqini göstərə bilsin. Ocaqda çoxu öz qəpik-quruşuna əsaslanıb hərəkət edir. Qıraqdakılar şəxsi qazancı və şəxsi marağı olmadan heç bir addım atmır. Yasinin səfəri təqdirə layiqdir ki, milli düşüncənin əsasında öz xərci ilə bunu yetirib. Bu, uğurdur. Nurtəkinin görüşlərə cəhdləri təqdirə layiqdir. Mən hər ikinizin əməyini dəyərləndirirəm. Soylu Atalının da görüş keçirməsinin ayrı bir yeri var. Mən Ocaqçı olmasam da, özümü bu Ailənin üzvündən qıraqda görmürəm.
Bu yaxınlarda alman filosofu Nitşenin kitabını oxudum. Onun “Zərdüşt belə dedi” əsəri var. Bu, məni maraqlandırdı ki, o, Doğu fəlsəfəsinin, Doğu mədəniyyətinin etkisi altında olmuş və əsərlərinə də etkisi olmuşdur. Onun fikrində var ki, insan heyvan və insan xüsusiyyətini daşıyan bir varlıqdır, o, heyvanlıqdan insanlığa doğru gedəndir. Bu, Doğu mədəniyyətindən qaynaqlanan bir məqamdır. Əsəri tam bitirməmişəm, növbəti görüşlərdə fikirlərimi tam ortaya qoyacam ki, fikir mübadiləsi olsun.
Hər oxumada Asif Atanı tutuşdururam. Elə olur ki, eyni sözü çoxu deyə bilir, çoxu o sözdən danışa bilir. Onlar istəyər ki, çox sözü düz desin. Ancaq təkcə məsələnin düzünü demək yetərli olmur. O, məsələnin az bir parçasıdır. Nitşe ilə Asif Atanı tutuşduranda görürəm ki, Asif Ata çox doğma gəlir adama, yaxın gəlir. Asif Ata məsələnin həllini çox uyğun bir şəkildə ortaya qoyur. Asif Atanın düşüncəsində məsələnin əsas şərtlərini deməklə bərabər, məsələnin həllini yüksək səviyyədə vurğulamağı mənim üçün təqdirə layiqdir. Asif Atanın fikir və düşüncəsi Türk Dünyası ilə bağlıdır. Ancaq həm də bəşəridir. Atanın fikir və ideyalarını ayrı-ayrı fəlsəfələrlə tutuşdurub düşünmək adamı həm Ataya daha çox bağlayır, həm Ocağa bağlayır, eyni zamanda məsələnin dərinliyinə qapı açır. Asif Atanın dahiliyi və böyüklüyü başqalarından nə qədər fərqlidir. Ancaq düşünürəm ki, biz nə qədər gecikmişik. Bizdən bir çoxları faydalanıb, zaman-zaman bizdən öyrənib, bizim varlığımıza yox, yoxluğumuza özül qurubdular, ancaq biz əlimizdə olandan gərəyincə yararlanmamışıq, bəhrələnməmişik.
Söhbətimin sonunda yenə də sizlərə bu əməllərinizə görə minnətdarlığımı bildirirəm. Alınmayan görüşlər Ocaqçıları sarsıtmaz. Bu, təbii bir məsələdir. Siz hər zaman öz qiymətinizi, dəyərinizi alacaqsınız. Tarixdə çox olub ki, biz çağında qiymət verə bilməmişik. Ondan sonra onu düşünmüşük, dəyər vermişik. O az insanlardan biri elə Nurtəkin xanımdır. Var olun!
- Ağşın bəyin balaca oğulları Araz və Erol tədbirdən etkilənərək həvəslə şeir söylədilər.
Soylu Atalı (Ataya səcdə ilə sözünə başladı – N.A.): Bir neçə ana toxunmaq istəyirəm. Ölkənin aparıcı kəsimi kimdir və nə durumdadır? Ölkənin aparıcı kəsimi milli, mənəvi dəyərləri yaşatmaq, qorumaq açısından başlıca olaraq aydınlar sistemidir. Dövlət özü inzibati xarakter daşıyır. Dövlət aydınların yaratdığı halı, mühiti, gedişi və xalq səviyyəsini qorumaq üçündür. Biz, bir millət olaraq, bu nöqtədə yıxılmışıq. Aydınların xalqa yönəlik münasibəti uçuruma düşüb. Niyə uçuruma düşüb? Ona görə ki, aydın öz üzərində işləməyib. Bir az istedadı olan adam dövlətin bəlli bir imtiyazını əldə edir. Hakimiyyət ona titul verir. Bu zaman o, hakimiyyətin verdiyi titulla özünü böyük sayır. Bu “böyüklüyüylə” cəmiyyətdən üstünlüyünü düşünür. Əslində o, topluma, xalqa qulluq eləməliydi, ancaq xalqdan özünü üstün görür. Ömrü boyu ona verilən imtiyazı, titulu itirməmək üçün bütün böyük sözlərdən imtina edir. Böyük addımlar atmaqdan imtina edir. Baxın, biz o durumdayıq. Belə xalq formalaşa bilməz axı. Dövlət aydın yaratmır. Dövlət sürü yaradır, müti yaradır. Dövlət ələbaxan, gözükölgəli, diligödək aydın (ziyalı) yaradır. Dövlət xalqı qoruyan, yaşadan, onun dəyərlərini gəlişdirən, dünyada onu təmsil edən aydın yaratmır. Bu gün bizim həm aydınlarımız bu durumdadır, həm də siyasal təşkilatlarımız bu durumdadır. Siyasal təşkilatlarımız da əslində öndərləri ilə uçuruma düşüb. Çünkü onun öndəri də öz üzərində işləmir. Birlik niyə yoxdur? Niyə siyasi təşkilatlar parçalara bölünüb? Demokratiya oyundur. Demokratiyanı qırağa qoymaq gərəkdir ki, yüz partiya olmasın. Yüz partiya olanda birlik olar? Xalqın içində birlik yarana bilməz axı! Heç olmasa ikisi-üçü olsun. Demokratiya xalqı parçalamaq üçündür. Demokratiya xalq yaratmır. Xəlqi yön yaratmır, dağıdır. Təşkilat ona görə parçalanır ki, öndərləri öz üzərində işləmir. Birliyi nə yaradır? – mənəviyyat. Mənəviyyatla uğraşmırlar. Ocaq Mənəviyyatı yaradan mühitdir. Asif Atanın dünyagörüşü budur. İnsanlar bu cür düşünərsə, bu cür işləyərsə, onda biz ümid bəsləyə bilərik onlara ki, xalqın gələcəyi yönündə bir addım atacaqlar. Qıraqdan gələn etkilərin altındadır bizim insanlarımızın hamısı. Şüur, düşüncə, mənlik, hamısı qıraqdan gələn etkilərin altındadır. Bizim içərimizə qıraqdan ideoloji baxışlar daşınır. Bizim insanlarımız qıraqdan gələn sistemi, düşüncəni özününkü bilir. Hərə birindən sallaşır, yapışır və öz soydaşına qarşı qoyur özünü. O deyir filan baxış düzdür, bu deyir filan baxış düzdür. İkisi də qıraqdan gəlib. O ondan yapışır, bu bundan. Başlayır bir-biriylə qovğa eləməyə.
Cavan uşaqdır, mənə deyir ki, sosializmlə Rusiyanın yaratdığını qarışdırmaq olmaz. Mən necə qarışdıra bilərəm bunu? Ömrümü buna həsr eləmişəm. Mən bunu öyrənirəm. Mən bilmirəmmi sosializm nədir, sosial-demokrat nədir, o biri nədir. Gənc bir uşaq, bunun beynini elə doldurublar. Nəyə gətirirəm sözümü?! Bu iki körpə balalar – Araz və Erol. Onların beyni, şüuru ayrı şeylə dolur. Mən Ağşın bəyin dediyi bir fikri istəyirəm gəlişdirəm. O deyir bir var aydın, bir var sıradan adam. Eyni zamanda deyir ki, Nitşenin yaradıcılığına baxıb, Asif Atayla tutuşdurmalar aparıb, Atanın üstünlüyünü görüb və s. Oşo deyilən bir hindli var. Dünyanın o başından bu başına gəzib, təbliğat aparıb. Onun təbliğatının əsasında nə durur? Kosmopolitizm. Deyir ki, özünü sevmək gərəkdir. Özünü sevmədən azadlığa çıxmazsan. Asif Ata da deyir ki, özünə inam olmasa, azadlıq baş tutmaz. Bu sözlər çox yaxın görünür. (Ağşın bəy deyir ki, hər kəsin dediyi bir-birinə oxşar görünə bilər.) Oşo deyir ki, insan özünü sevməsə azadlığa çıxmaz. Sonra da deyir, insanı təbii halına qaytarmaq gərəkdir. Deyir ki, insan idealların basqısı altında heçə çevrilir. Hansı ideallardır o? Nə deməkdir Oşonun insan azadlığı? Biz ömrümüzü ideallarla tutuşdururuq. Biz idealları öyrənməliyik, bilməliyik. Əgər biz ideallardan yan keçəriksə, hansı əsaslarla özünü sevirsən? İçində sənin özünü sevginə stimul verən bəs nədir? Təbii varlıq olmağınmı? Axı təbii varlıq olmağınla sən heyvanat aləminə xassan. Sən təbii olaraq bioloji varlıqsan. Axı sən mənəviyyat dünyanla təbiətin başqa ünsürlərindən fərqlənirsən, ondan üstünlüyə qalxırsan.
Bəs Asif Atanın özünə inam məsələsi nə deməkdir? Deyir ki, içində ideal var. Onun adı insanlıqdır. O insanlığa çatmadan özgür ola bilməzsən. Dilin qısa olacaq. Azadlığın əsas tələbi özünə inamdır. Ancaq özünə inanmaq üçün özündəki böyüklüyü üzə çıxarmalısan, ona yetməlisən. Onunla uğraşmalısan. Onunla uğraşmırsan. Ona görə də bizim insanlarımıza qıraqdan baxışlar gəlir, içəridə yoxdur, içəridəkinə inanmır. İçəridə yaratmaq istəmir, qıraqdan götürür. Birini o götürür, birini bu götürür. Qırağın baxışıyla hərə bir-biriylə döyüşür, qovğa edir. Belə yön yaranmaz, müəyyənlik yaranmaz. Belə xəlqi birlik yaranmaz, mümkün deyil. Asif Ata bu qorxunu aradan qaldırmaq üçündür. Milli, bəşəri məsələlərdə ortaqsız yön yaradır. Bir yön yaradır və deyir ki, hər kəs öz bağımsız ağlını bu xətdə işlətsin. Bu xətti qurmağa yönəltsin. Yoxsa sən dağılıb gedirsən.
Bu gün gənclərimiz əgər zindanlara atılırsa, hamısının əsasında bu boşluq durur. Oxuyursan ki, Zaqatalada vəhabilərə qarşı axtarış tədbiri keçirilib. Kimlərsə saxlanılıb, filan eləyib. Nə axtarır sənin ölkəndə vəhabi ideyası. Niyə sənin ölkəndə rəsmi şəkildə qeydiyyatdan keçir? Onun təhlükəli olduğunu bilirsən, bəs niyə qeydiyyatdan keçirirsən?! Niyə ona saqqalının uzanmasına mühit yaradırsan? Dövlət, nədən ötrüsən, aydın, nədən ötrüsən? Kimi təmsil edir o? Sənin millətini təmsil eləmir. Sənin düşüncəni, milli-mənəvi varlığını təmsil eləmir. Kimi təmsil edirsə onun yanına getsin. Sənin ölkəndə niyə aranı qatır bəs? Ona meydan verilir ki, içəridə qarışıqlıq yaratsın. Səni onun, onu sənin əlinlə vursun. Hakimiyyətin mənafeyi üçündür bunlar. Millət üçün deyil.
Mən indi bir məsələni diqqətinizə sunmaq istəyirəm. İbadət məsələsiylə bağlı. Baxın, biz bura (durduğu yeri göstərir – N. A.) çıxırıq, Asif Ataya səcdə qılırıq, bu bayrağı öpürük, bu uşaqlar (Arazı, Erolu göstərir – N.A.) gəlib bayrağı öpürlər. Bu uşaqlar bu bayrağı niyə öpdüklərinin dərindən fərqinə varmırlar. Onların ağlının, yaşının çağı deyil.
Müsəlman ibadət edir. Müsəlman namaz qılır. Namaz qılıb ibadət edəndə nə umur? Allahdan maddi güzəran istəyir, dilənir. Cənnət dilənir, mənə orda kef ver.
Görün Asif Ata nə yaradıb?
“Özündəki Mütləqlə Səhər Ricası”nda deyir:
Məndə Məndən Yüksək olan Mütləq Məna!
Məndəki Qorxunu Məndən al!
Məndəki Həsədi Məndən al!
Məndəki Köləni Məndən al!
Məndəki Xəbisi Məndən al!
Məndəki Cahili Məndən al!
Məndəki Vəhşini Məndən al!
Məndəki Hərisi Məndən al!
Məndəki Zalımı Məndən al!
Məni Özümə çatdır!
Nisbi Cəsarəti Məndən al!
Nisbi Heyrəti Məndən al!
Nisbi Vüqarı Məndən al!
Nisbi Saflığı Məndən al!
Nisbi Doğruluğu Məndən al!
Nisbi İnsaniliyi Məndən al!
Nisbi Ləyaqəti Məndən al!
Nisbi Mərhəməti Məndən al!
Məni Özümə çatdır!
Nisbi İnamı Məndən al!
Nisbi İdrakı Məndən al!
Nisbi Mənəviyyatı Məndən al!
Nisbi İradəni Məndən al!
Məni Özümə çatdır!
Mütləqə tapınım – Nisbiyə tapınmayım!
Həqiqətə tapınım – Yalana tapınmayım!
Vicdana tapınım – Zora tapınmayım!
İnsana tapınım – Zamana tapınmayım!
Özümə çatım!
Bax, Asif Atanın yaratdığı ibadət budur. Mənəviyyat tələbidir. Mənəviyyat istəyir ibadəti ilə. İçindəki, kainatdakı qüdrətdən. Mənəviyyat istəyir özündən. Mənəviyyatlı olum. Ata deyir, nisbi inamı məndən al. Vicdana tapınım, zora tapınmayım. İnsana zor göstərməyim, insana qarşı amansız olmayım, ədalətsiz olmayım, vicdansız olmayım. İçində bunu qurur, özünə bunu deyir. Bu həqiqəti yaradır içində. Demir mənə cənnətdə gözəl əyləncələr ver.
Ərəb ruhundən gələn ibadət səni nəyə bağlayır, nəyə çağırır? Hansı şüuru sənə aşılayır, Asif Ata sənə hansı şüuru aşılayır?! Yaxın dostlarımızdan biri ilə söhbət edirdim. Deyir ki, qadınla anlaşmaq mümkün deyil, qadın belədir, filandır. Deyirəm, qardaş, gözünlə baxdığına əsaslanma, ruhunla bax. Bizə bunu yeridiblər.
Asif Ata “Dünyadakı Mütləqlə Axşam Təması”nda deyir:
Dünyada Dünyadan Yüksək olan Məna!
Əzəliyə qovuşum – Ötəridən keçim!
Əbədiyə qovuşum – Keçicidən keçim!
Sonsuza qovuşum – Sonludan keçim!
Kamilə qovuşum – Qeyri-Kamildən keçim!
Ötərini Əzəli saymayım!
Keçicini Əbədi saymayım!
Sonlunu Sonsuz saymayım!
Qeyri-Kamili Kamil saymayım!
Hadisədə qalmayım – Mahiyyətə çatım!
Gerçəklikdə qalmayım – Mahiyyətə çatım!
Şəraitdə qalmayım – Mahiyyətə çatım!
Mühitdə qalmayım – Mahiyyətə çatım!
Səndəki Özümlüyümə çatım!
Özümlüyə çatarsansa, hadisədə qalmayacaqsan. Görün nə aşılayır sənin şüuruna, beyninə. Necə səni yeni bir aşamaya çatdırır. Yeni insan düşüncəsinə, yeni insan yönünə çatdırır. Səni yeni bir millət kimi formalaşdırır. Dəyişməyə gəlir.
Bizə qədər baxışlar olub, məsələn, sufi baxışı, özüylə uğraşıb sufilər. Ancaq sufilərin özüylə uğraşması ictimai şərə dirəniş göstərmir. İctimai şər qalır. Asif Ata deyir ki, insan içsəl şərlə döyüşə-döyüşə həm də ictimai şərlə döyüşməlidir. Əgər sən içsəl şərlə döyüşüb bəlli bir yetkinlik səviyyəsinə çatmısansa, necə dözürsən ki, səndən qıraqda ədalətsizliklər, vicdansızlıqlar tüğyan edir. Şər at oynadır. Necə sən ona dirəniş göstərməyə bilərsən, necə ona dözə bilərsən. Atanın dediyi ilə onun, bunun ağlında, düşüncəsində yön yaradırsan, həqiqət işığı salırsan onun ağlına, düşüncəsinə, etiraz edirsən. Ancaq sufi düşüncəsiylə arınan insanlar cəmiyyətdən ayrılırlar, tərki-dünya olurlar, təcrid olurlar. Biz də cəmiyyətdən ayrılırıq ha. Götürəndə biz də tərki-dünyayıq. Ancaq necə? Tərki-dünyalığın yönü var. Ağşın bəy dediyi kimi, filankəs də belə deyir, bəhmənkəs də belə deyir. O da düz görünə bilər, bu da. Doğru deyil. Sufi də tərki-dünyadır, Mütləqçi də, cəmiyyətdən ayrılırlar. Məmur da cəmiyyətdən ayrılır. Ancaq məmur cəmiyyətdən necə ayrılır? Məmur eqoistdir, cəmiyyətdən ayırır özünü. Cəmiyyətə qarşı üstdən aşağı əhvalda yaşayır. Özünə sığışdırmır cəmiyyətdəkilər kimi küçədə ayaqla gəzsin, mütləq fərqlənməlidir. Xudbinlik nizamlayır onun ömrünü. Cəmiyyətdən onu ayıran xudbinlikdir. Sufilər cəmiyyətdən iki anlamda ayrılır, həm mənəvi, həm də fiziki. Biz Mütləqçilərik, cəmiyyətdən ayrılırıq, ancaq biz cəmiyyətdən yalnız mənəvi ayrılırıq, fiziki ayrılmırıq. Biz cəmiyyətin içində yaşayırıq. Ancaq mənəviyyatımızı cəmiyyətin mənəviyatsızlığından qoruyuruq. O anlamda ayrılırıq. Ayrılırıq ki, toplumun gəlişməsinə qulluq edə bilək. Örnək verə bilək, mənəvi yön verə bilək, mübarizə aparaq. Görüşlər, səfərlər, ora get, bura get, orda görüş, burda söhbət, orda ədəbiyyat vermək, bunların hamısı ona qulluq edir.
Bütün bunların hamısının bir yönü ortaya çıxır, Ocaqçı olmaq və yüksək düşüncələrə yetmək. Elə bir düşüncəyə ki, o düşüncə mühitində yaşayarkən heç nə səni çaşdırmasın, heç nə səni dolaşdırmasın. Niyə sənin çağırışına 5 adam yox, 2 adam səs verdi? Niyə sənin işin başqalarının işi kimi böyük sürət götürmədi, asta yerişlə gedir? Bunları bilmək üçün Amalı dərk eləmək gərəkdir. Asif Ata nəinki cəmiyyətə, bütövlükdə dünyaya yeni ölçü gətirir. Yeni sivilizasiya, yeni era, yeni baxış. İnsanı qurtarmaq gərəkdir ki, ondan xalq yaradasan. Nəinki xalq yaradasan, ondan bəşər yaradasan. İnsanı içəridəki əsarətdən, çöldəki əsarətdən qurtarmasan, onunla mənəviyyat yönü yarada bilməzsən. Onunla millət yarada bilməzsən. Onunla bəşər yarada bilməzsən. Onunla birlik yarada bilməzsən. Onunla dövlət yarada bilməzsən. Hara gedirsən get, bütün çalışmaların əsasında bu durur. Qıraqda olan adamlar fikirləşirlər ki, Ocaq elə ancaq ruhaniyyatla uğraşır, başqa şeylər də gərəkdir. Heç bir başqa şey bundan qıraqda gərək deyil. Alınan deyil. Sənin içində şəxsiyyət yaranmasa, sən nə siyasəti apara bilirsən, nə dövləti apara bilirsən, nə ədalətin yanında dura bilirsən, nə də vicdanı qoruya bilirsən. Bunun hamısının əsasında bu ölçü durur. Bu ölçüylə insan yaşamalıdır, düşünməlidir, gələnəyə çevirməlidir. Hər kəs bu ölçüdən qıraqda olanda sorumluluq daşımalıdır. Başa düşməlidir ki, mənəviyyatın nəzarəti var üzərimdə. Necə gəldi davrana bilmərəm. Necə gəldi hərəkət edə bilmərəm. Dədəmin mühitində deyiləm. Xalqın meydanına çıxmışam, xalqa söz deyirəm. Ocaq bu sorumluluğu yaradır. Sorumluluğu yaratdığı üçün də Ocaq bənzərsizdir. Dünyada Ocağa bənzər ikinci sistem yoxdur. Hər kəs elə bilir ki, Ocağın işi, əxlaqın işi, mənəviyyatın işi köhnə işdir. Köhnə iş deyil. Yeni işdir.
Mən siyasətçilərin tədbirinə getmişdim. Siyasətçilər danışır. Mən onların ruhlarının qocaldığını görürəm. Sözü yoxdur, dili qısadır. O qədər öz içlərinə çəkiblər, dillərini qısa ediblər ki. Onların sözü yoxdur. Hamının üzündən bədbinlik yağır, zavallılıq yağır. Hamısının dili başda duranların anlamsız yeritmələrinə bağlanıb. Heç nə görmür. Ümidsiz görür. Fikirləşirlər ki, nə etməli, başda duranlarmız belə düşünür. Sənin liderin boş-boş şeylər düşünür. Başqa şeyə hesablayıb çıxışlarını. Hamısının ruhuna kosmopolitizm oturub. Hətta millətçilik ideyasını çıxarıblar şüurlarından, yaddaşlarından, proqramlarından. Millətçi olmayan insan humanist ola bilməz. Millətçi olmayan insan bəşərçi ola bilməz. Millətçi olmayan insan gələcəkli ola bilməz. Ocaq ideya kimi bəşəri ideyadır. Bəşərilik millətin içindən başlayır. Fərdin içindən başlayır, nəinki millətin.
Bizim Ailə günlərində öyrəndiyimiz həqiqətlər var. Amallaşma, Xalqlaşma, Kamilləşmə hesabatı. Amalı necə öyrənirəm, onun ölçüsünə necə yiyələnirəm? Necə möhkəmlənirəm, necə yön verirəm? Gələcək nəsillərə, bu günə, sabaha hansı mesajı ötürürəm? Eyni halda şəxsiyyətimi necə qururam? Gərək elə quram ki, əyilməyim, satılmayım, satmayım, xəyanət etməyim.
Şəxsiyyət gərəkdir, Millətə, millətin gələcəyinə xəyanət etməyən.
Eyni halda xalqlaşma işi. Biz Amalın tələblərini xalqa necə çatdırırıq, necə veririk, necə yön yaradırıq?! Bizim yaratdığımız yön belə bir məntiqə, dərinliyə dayanır ki, bu yöndə xalq olmanın aydınlığı görünür. İnsan olmanın aydınlığı görünür. Ata deyir: “İnsanlaşın – İnsanlaşdırın. Bəşərin nicatı İnsanlaşmaqdadır”.
“Uluyol-Hünər” Ailəsinin çalışmasına, gələcəyinə, eləcə də bütün bundan sonrakı addımlarına ruhaniyyat yönündən uğurlar diləyirəm. Ata sizə yar olsun. Nə qədər ki, Atanın ölçülərinə dayanmısınız, bir o qədər güclü və qüdrətli olacaqsınız. Başqa dayaqlar hamısı insanı uçurur, insanı aldadır. Ona görə qoy toplumumuzun içərisində fikir yayılsın, insanlarımız dərk eləsin. Biz xalqımız üçün çalışırıq. Bütün dünyadan bizim fərqimiz odur. Biz özümüz üçün çalışmırıq. Hər kəs özü üçün çalışır. Siyasi hakimiyyəti üçün çalışır, o biri üçün çalışır, bütün təşkilatlar özü üçün çalışır, öz mənafeyi üşün çalışır. Biz insanlıq üçün, millətçilik üçün çalışırıq. Onun gələcəyi üçün çalışırıq. Yükümüzdən Böyük Fərəhimiz yoxdur! Atamız var olsun!
Qutsal Oxuma çağında Asif Atanın “Sədaqət” Bitiyindən parçalar oxundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə tədbir sona yetdi.
İşıq Ayı, 38-ci il. Atakənd.
(may, 2016. Bakı.)