Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəni

Asif Atanın Mütləqə İnam Ocağı 21 Qar Ayı, 44-cü ildə (yanvar, 2023) “Uluyol-Hünər” Ailəsinin aylıq “Ailə Günü” toplantısını keçirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözə başladı: Xoş gəlmisiniz. Yenidən sizinlə bir arada olmaq xoş bir əhval yaradır. Yenidən üz-üzə gəlmək bizim doğmalığımızı artırır, həm də yeni əhvala kökləyir.

Ay içində Atadan oxuduqlarım, özümləşdirdiklərim, özümlə üz-üzə qalma məqamlarım var. Onları bölüşəcəm. Bununla bağlı yazdıqlarımı oxumaq istəyirəm. Əslində hər gün nəsə yazmağa, özümü araşdırmağa çalışmışam. Az-çox nail olmuşam.
Yalan həyatı adiləşdirir, insan ömrü yalanda kiçilir. O qədər kiçilir ki, ömür bitəndə yaddan çıxır. Həyat həqiqətdə, xeyirdə, ədalətdə böyüyür. Buna nə zaman mənəvi ehtiyac yaranır?! – Axı adam heç özünü boşluqda hiss etmir. Onun üçün hər şey yaxşıdır, pulla hər şeyi həll edir, çatışmayan heç nə yoxdur. Həyat adi axarında, ömür adi gedişində. Bəzən adamlar mənəvi ehtiyacı duymadan yaşayırlar. Atanın belə bir düşüncəsini yazmışam: “Həyat yalanda yaşayır, həqiqətdə ölür.”
Həyatı qiymətləndirmək istəsək nə görürük: dünya nə haldadırsa adamın içi də o haldadır. Savaşları, aclığı, səfaləti, haqsızlıqları, cinayətləri duyduqca “niyə dəyişmirsən adam?” deyə soruşmağım gəlir. Axı əsil həyat, əsil dünya bu deyil. İndiki dünya Adamlığın dünyaya yansımasından oluşan dünyadır. İnsanlığın gerçəkləşdirdiyi dünya insani dünya olacaq.
İçimdəki qorxu ilə üz-üzəyəm. Keçmiş qorxusu varmı?! – Yoxdur, sadəcə özümü suçlamalarım var. Özümü suçlamalarımdan doğan həyəcan var. Özümü bəyəndiyim anlar da var. Ancaq keçmiş haqqında düşünəndə ən birinci özümü suçlamalarım ağlıma gəlir. – Doğru eləmədiyimi düşünürəm. O zaman doğru elədiyimi düşünürdüm. O zamankı ağlımı suçlayıram. Bu suçlamaq mənə üzüntü, dəyərsizlik duyğusu verir. Birdəfəlik dərs çıxarıb keçmişi qapatmağım gərəkdir. Keçmişdə daha çox toplumun, adamların məndən gözlədiklərinə uyğun hərəkət edirdim. Bəzən də öz istədiyimlə. Öz istədiyimlə məndən umulanlar döyüşəndə özümü bəyənmişəm, başqa hallarda yox. Döyüş Ata ilə görüşəndən sonra başlayıb. Özümlə də, ətrafla da. Qorxu varsa, – aydın olmayan, sona qədər düşünmədiyim, dərk edə bilmədiyim, üz-üzə gəlməyə çəkindiyim durum var. Özüm-özümə izah etməliyəm, niyə qorxuram, niyə həyəcanlanıram. İndiki halımda gələcək üçün qorxuram. İş itirmək qorxusu, pulsuzluq, xəstəlik qorxusu gəlir üzərimə. Asılıyam iş yerimdən, çevrəmdən. Bu asılılığın qopacağı ilə bağlı nigarançılıq bürüyür məni. Özümü düşünməkdən saxlaya bilmirəm, sonuca isə vara bilmirəm. Çünkü sonucu  bu duyğular, düşüncələr gətirmir. Məni geri çəkən, zamanımı alan duyğulardan, düşüncələrdən özümü arındırmalıyam. Yəni bu duyğuları ötməliyəm. Necə?! Hansı durum olur-olsun, bu son deyil. Hansı durum olur-olsun özümə güvənməliyəm. Hansı durum olur- olsun, dəyişməyəcəyimə inanmalıyam. Hansı durum olur-olsun, əsil fərəhimə qovuşmalı, qorumalıyam. Hansı durum olur olsun özümü sevməliyəm. Yəni özünü sevmək özüylə barışmaq deyil, özünün qiymətini dəyərini bilməkdir.
 İçimdəki aqressiyanı sakitləşdirməyə çalışıram. Aqressiyama yorğunluğumu, yorğunluğuma işimi, işimə həyat şərtlərini bəhanə gətirirəm. Gəldikcə gəlir, saydıqca bitmir. Ona görə bəhanə dalınca qaçmaq gərək deyil. Duyğunu olduğu kimi tanıyıb, qəbul edib sağaltmaq gərəkdir.
Mütləqə doğru yolumu özüm əngəlləyirəm. Doğru olanı bilirəm, ancaq hərəkət etməyə halımın, iradəmin gücü yetmir. İnamım axsayır. Yolun sonunda məni nə gözləyəcəyini bilirəm. Ancaq can atmam güclü bir axın kimi məni ora atmır. Atanın belə bir sözü var: “Özünü dərk etmək –  quyuya düşmək və quyudan çıxmaq”. Necə yaşayırsansa onu yaşadırsan, həyat verirsən. Necə görürsənsə onu yaşadırsan, necə düşünürsənsə onu yaşadırsan. Əbədilik yolunda yaşadıqların, düşündüklərin əbədiliyə doğru olmalıdır.
Həyat mənə hücum çəkir. Müdafiə durumunda olanda geri gedirəm. Mən həyatdan müdafiə olunduqca həyat da üzərimə gəlir. Yaxandan tut, yuxarı dart. Kimsə səni yuxarı dartmayacaq, kimsə səni qaldırmayacaq, kimsə səni yaratmayacaq. Özün qarşısında borclusan, özünə hesabat verməlisən. Özünü yerdən ayırıb göylərə qaldırmalısan.
Mənim içimdəki qorxu mənim sınırımı yaradır. Qorxu özü sınırdır. Güvənsizlik sınır yaradır. Bütün duyğular təmizlənməlidir, düşüncə aydın, Mütləqə doğru, duyğu aydın, Mütləqə doğru olmalıdır. Qarışıqdan çıxmalı, Mütləqə doğru getməliyəm… Yazdıqlarım bunlardır.
Ay içində Ocaqla bağlı işlər görmüşəm. Tədbir kitablaşdırmışam, saytla bağlı işlər görmüşəm. Xalqlaşma işim olmayıb, sosial şəbəkələrdə yazı paylaşımlarım olub. Sözüm bu qədər.
Atamız Var olsun.

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mənim ciddi hesabatım yoxdur. Amallaşmam həmişə var. Kamilləşmə ilə bağlı özüylədöyüş mənim ən çox düşündüyüm məsələdir. Burada bəzən xırdalıqlara varmaq istəyirəm ki, həyat məsələləri mənim üçün aydınlaşsın. Ən incə variantlara qədər. Bir insanın özünə münasibəti ilə özündən qırağa münasibətinin uzlaşması nə dərəcədə gərəkdir. İnsanın cismani tərəfi ilə ruhani tərəfi nə dərəcədə bir-biri ilə uzlaşır, nə dərəcədə rol oynayır, –  bu istiqamətdə düşünürəm. Doğru yolu axtarmağa çalışıram. Soylu qardaşımla tez-tez düşüncələrimizi bölüşürük.
Xalqlaşma ilə bağlı rast düşdükcə söhbətlərimiz olur.
Atanın sözü haqqında düşünmüşəm. Biz bura Amal işığına yığılmışıq. Burda bizim yolumuz bəllidir, aydındır. Bu yolda biz sorumluluq daşıyırıq. Bu sorumluluğumuz hansı qaydadadır?! Atanın “İradənin qorxu üzərində qələbəsi” deyimi var. Bu da mənə tam aydın deyil. Nə mənada?! – Adam düşünür, hər şey yaxşıdır. Bir şeydən ehtiyat edirəm ki, mən bu cür hallarla üzləşəndə (yəni sanki hər şey yaxşıdır) özümü necə apararam?! Sözsüz ki, maddiyyata, mənsəbə yıxılmaq halları məndən uzaqdır. Həm yaşım o deyil, həm də cavanlığımdan meyilim olmayıb. Sadəcə olaraq, bilmirəm, fiziki təzyiqlər olarsa, özümü necə apara bilərəm, onu düşünürəm. Ancaq bir yandan da düşünürəm, bunlara da ehtiyac yoxdur. Çünkü bizim yolumuz elədir ki, bu yolda fiziki təzyiqlərə ehtiyac da olmayacaq. Ancaq olsa, mənim üçün tam aydın deyil ki, necə qarşılayaram. Bu məsələlərdə aydınlıq tapmağa çalışıram, söz yox, sizinlə birgə…
Atamız Var olsun.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür- G.A.): Ailə Gününə həm hesabatımı verim, həm də qoyulan qonuya münasibətimi bildirim. Amallaşmamla bağlı “Həqiqətlər”, “Anlam İnsaniliyi” bitiqlərini yenidən oxumuşam. Bu günlə səsləşən, dünəndə baş verənlərin sonuclarının bu gündə görünməsi ilə bağlı məlumatlarımı artırmışam.
Kamilliklə bağlı suala mən həmişə çətin cavab verirəm. Ancaq bu gün asanlıqla cavab verəcəm. Çünkü bu  gün mənim səhhətimdə baş verən olaylar, həmişə məni narahat edən, cavab tapa bilmədiyim suallara bir təkan oldu, onlara cavab tapdım.
Nə tapdım, mən elə bilirəm Atanı dönə-dönə öyrənmişəm, bütünlüklə cövhər aydındır, mahiyyəti aydındır. Özüm də Amal açısından bəlli aşamaya çatmışam. Daha burda dayanmaq olar. Nə mənada dayanmaq olar?! Ocağın, Ocaqçıların istəyi nədir, – dayanıqlı bir səviyyəyə varmaq. Mən vardığımı düşünürdüm. Ancaq bir şeyi anladım, özüylədöyüş zəifləyən kimi səviyyə enir. Bu açıdan mənim düşüncələrimdə özünü doğruldan duruluq yarandı ki, heç vaxt dayanmamalısan. Bu gün dünənkindən, sabah bu günkündən artıq əhvalda olmalısan,  kamillik tələbi dayanmağı, arxayınlaşmağı sevmir. Bu, yersiz özündən razı olmağa gətirib çıxaran bir amil olur. Kamillik təvazökarlığı, cavabdehliyi sevir. Elə bu günkü qonumuzda da qoyulub sorumluluq məsələsi.
Xalqlaşma ilə bağlı onu deyim, getdiyim xəstəxanada həkimlərlə söhbətlər elədim. Boş vaxt var idi. Dünyada baş verən olaylara qarşı hərə öz düşüncəsini deyirdi. Mən də öz düşüncəmi deyəndə diqqət cəlb olundu. Rəğbətləri yarandı, münasibət yarandı. Gələn dəfə gedəndə ədəbiyyatla getdim. Söhbətimizi davam elədik. İndi də münasibətimiz davam edir.
Amallaşma, kamilləşmə ilə bağlı irəliləyişim olmayanda o dərəcədə rahatsız olmuram. Ancaq Xalqlaşma işim zəifləyəndə çox rahatsız oluram. Sanki bezirəm. Axı bütün bunlar tək özüm bilməyim üçün deyil. Elə bil işsiz qalmışdım neçə vaxtdır.
Dünən yas yerində olduq. Bakı kəndlərindən birində idi. Orda öncələr rəğbətçim vardı, ona da ədəbiyyat vermişdim. O mənim danışmağımı istədi. Başda yer elədilər, özləri məni çağırdı. Mollaya da dedim ki, hər kəs öz münasibətini bildirsin. Bir xalq olaraq, niyə ayaqda qala bilmirik, niyə bu müsibətlər başımıza gəlir. Bu təkcə bizim başımıza gəlmir, həm də bütün bəşəriyyətin başına gələn rahatsızlıqlardır. Ocaq yönündən bu suallara münasibətimi bildirdim. Xalq – xalq ola bilmir, çünkü özgəliklər adlı əngəlin əlində qalıb, yaxasını özgəliklərin əlindən çəkə bilmir, dəyərlərinə tapına bilmir. Dəyərləri şərh edərək danışdım, yaxşı qulaq asdılar. Dinlərin əngəl olduğunu, bəşər tarixindəki yarıtmazlıqları, insandan yan keçilmiş düşüncələri  deyəndə mollanın haytası başladı. Düzdür, məclisdə milçək uçsa eşidilərdi, əla dinləyirdilər. Sifətlərindən razılıqları da bilinirdi. Qulağım eşidirdi, öz aralarında deyirdilər, nə məlumatlı adamdır. Tarixdən sitatlar gətirdim, H.Cavidin, Nəsiminin dediklərindən. Sünnü camaatı idi. Sünnülər dinlə bağlı radikaldırlar. Onunla belə, elə gözəl dinləyirdilər. Mollanın haytası başlayanda mən dedim, elə bu qədər söhbət bəsdir, elə burda dayandıraq. Ancaq bir nəfər gəldi, məni qalxmağa qoymadı. Dedi otur, mən də burda oturacam. Başdan-ayağa mənim düşüncələrimi bəyəndiyini dedi, yenidən görüşmək, söhbəti daha da dərinləşdirmək istədiyini bildirdi. Qobustanda yaşayır. Ora dəvət elədi, telefonunu verdi, elə camaatın gözü qarşısında. Mən dedim, ora bir qonaq kimi yox, görüş keçirməyə gələrəm, bir filosofla gələrəm. O da dedi yaxşı. Sonra başladılar suallar verməyə. Sonra söhbət Məhəmmədin kimliyi barədə olan nöqtəyə gəlib çıxdı. Dedim, Cəlil Məmmədquluzadə Məhəmmədi daha düzgün səciyyələndirib. Şeyx Nəsrullah Məhəmmədin prototipidir, Nazlı obrazı Ayişənin prototipidir. Sadəcə sufiyanə deyib düşüncəsini. Bundan artıq bir şey deyil. İnsanlığa verdiyi kitabı da dönə-dönə oxumuşam, orda yarımhəqiqət görməmişəm. Bir nəfər az qaldı çığır-bağır edə. Ədəblə müdaxilə etməyi dedim. Mən qurtarandan sonra hər kəs etirazını bildirə bilər, varsa. Ya da sübut edə bilər. Sən də, oğlum yaşındasan, sənin yaşın qədər belə şeyləri öyrənmişəm. Nəyə gərəkdir belə hay-küy. Sonra həmin məclisdə o adamların içində o düşüncələri dedim, dinlərin haqqında dedim, neçə adam məni evinə dəvət elədi. Hələ Asif Atanın adını çəkmirdim. Çünkü bilirdim ki, qıcıq yaranacaq, molla qışqır-bağır salacaq. Mən də bunu istəmirdim. Yəni orda söhbət axşama qədər davam elədi. Mollaya da bir neçə adam tənqidi yanaşdı ki, sən düz hərəkət eləmədin. Biz də ona qulaq asırdıq, sənin xoşuna gəlməyən bir söz deyən kimi sən qışqırmalı deyildin. Orda hüzür yiyələri narahat olurlar, bir tərəfdən də onu düşünürdüm. Bir tərəfdən görürdüm oğlum da narahatdı. Mən demişdim ki, məclisə, ağzıma su alıb oturmaq üçün gəlmirəm. Gəlib ehsan yeyib gedəm, bu mənlik deyil. Bu millətin maariflənməsi üçün, heç olmasa, beş nəfərin toplandığı yerdə həqiqəti demək gərəkdir. Bir nəfər qəbul edirsə bəsdi. Elə onun qəbul eləməyi ətrafa yansıyır.
Bu dediklərim elə qonu ilə də səsləşir. Məsuliyyət qorxmazlıqdır, məsuliyyət hər hansı bir düşüncəyə ciddi yanaşmaqdır, cavabdehlikdir.
Sonra ikinci deyim, “İradə qorxmazlığa aparan yoldur”. Atanın bir sözü yadıma düşdü, sən şərə qarşı, hətta Allaha qarşı bir addım at, görəcəksən ki, o səndən acizdir.
Çoxdandı Xalqlaşma işimdə zəiflik vardı. Dünən onun tilsimini sındıra bilmişəm. Çox da fərəhlənmişəm. Çöldə gəlirdilər, ətrafımda dayanıb suallar verirdilər. Çöldə olanda Asif Ata haqqında dedim. Gördüm tanımırlar. Belə ciddi düşüncələr ağıllara çətin çatır axı. Ağıllar o dərəcədə dayazlaşıb ki, insanlar bir-birinə inanmırlar, nə də toplumun dəyişə biləcəyinə inanmırlar. Bununçün hansı yolu getmək gərəkdir, hansı cəhdi etmək gərəkdir. Başa salırsan ki, bir qığılcım yarananda gedir, ondan dünyanın yarsı alovlanır, yanır. İndi də deyir ki, beş-on nəfər neyləyə bilərsiniz. Elə beş-on nəfər edir. Tarixə baxın, tək-tək şəxsiyyətlər istiqaməti dəyişib. Öz ideyaları, düşüncələri, tərəfdarları ilə.
Atamız Var olsun.

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür G.A.): Bu yaxınlarda Ukrayna-Rusiya arasında müharibədən bir insan faciəsinin şahidi oldum. Ata, müharibədə başının bir tərəfini itirmiş, şikəst olmuş oğlu üçün necə ah çəkirdi. Bu məni çox düşündürdü. Asif Atanın dediyinə görə, Ocaq dünyanın demədiyi həqiqətləri deyir. Bunu öncələr anlamırdım. Ancaq indi Ocaq həqiqətləri mənə dünyanın nə gündə olduğunu dərk elətdirir. Dünyanın hansı səviyyədə olduğunu görürəm. 21-ci yüzildə insan faciəsini, insanın necə məhv olmasını görürük. Bu məni düşündürür, həm də sarsıdır. Ona görə, Asif Atanın dediyi kimi, dünya inqilabla yox, intibahla qurtaracaq. Düzdü, öncə düşüncələrim belə idi ki, ancaq zor gücü ilə nəyəsə nail olmaq olar. Sonra baxdım ki, zorla heç nə əldə eləmək olmur. İndi dünya mədə üstündə qurulub. Yəni mənəviyyat yoxdur, heyvani yaşam tərzi var. Nəinki Azərbaycan, dünya özü. Ola bilər, beş-on nəfər yaxşı ola bilər. Ancaq Asif Atanı oxuduqca görürəm, üzdə görünənlər sadəcə görüntüdü, məna başqadı. Ona görə düşünürəm, dünyanın qurtuluşu Asif Atanın ideyalarında özünü tapacaq. Başqa yolu yoxdur. Dünyanın alimləri, filosofları insanı ruhani baxımdan qurtarmır, ancaq Asif Ata insanın beynindəki qaranlığı, şübhələri yox edir. Ona inanandan, dərk edəndən sonra siyasi xurafatın, dini xurafatın insanın üzərində hansı etkisi varsa, hamısını yox edir, təmizləyir. Şəxsən mənim şüurumda bütün qaranlıqlar aydınlaşır.
Xalqlaşma işim demək olar, hər gün olur. İnsanlar madii durumdan  şikayət edirlər. Varlısı da, kasıbı da eynidir, hamısı şikayətlənir. Mən də onlara çatdırıram ki, yol budur. Asif Atanın yolunu deyirəm. Demək olar, hər gün söhbətlərim olur, əlaqələr qururam.
Atamız Var olsun.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Bu ay amallaşma yönündə Soylu bəyin “Sözün Doğrusu” kitabını oxumuşam. Ən çox iki yazısı məni düşündürüb. İnsan-Allah münasibəti insanda necə formalaşır, ya da necə formalaşdırılır uşaqlıqdan. Mən öncələr fərqinə varmadığım bir şeyi indi daha aydın görürəm. Az-çox inamı olan insanlar qorxu, narahatlıq içərisində olurlar. Dini, inamı, Allahı kitablardan öyrənəcək yaşa qədər bu qorxu və narahatlıq artıq formalaşır insanda. Bu artıq Allaha münasibət forması olaraq oturuşur. Bu qorxunu sorğulamayanda ömür eləcə, qorxudan azad olmadan, başa vurulur. Oxuyub axtaranda da formalaşmış düşüncələrin etkisi insanın üzərində olur. Məsələn, məndə formalaşan bu düşüncə vardı, çevrəmdə çox adam, ən yaxşı anlarda belə, Allahı qorxu ilə xatırlayardılar. Mən də elə bilirdim ki, ən yaxşı anlarda belə, insan Allahı unutduğu üçün Allah ona bu xoşbəxtliyi çox görə bilər. Mən elə gəlirdi ki, mən yalnız Allahı daimi xatırlamaqla bu qorxunu, narahatlığı ötə bilərəm. Belə bir deyim də həmişə fikrimdə idi, qəlblər Allahı xatırlamaqla rahatlıq tapa bilər. Bu mənim ömrümdə, ya əməllərimdə nə dərəcədə dəyişiklik yaradırdı-yaratmırdı, bu başqa məsələdir. Ancaq indi bu nöqtədə mənim üçün dinlə İnamın fərqi aydınlaşır. Demirəm ki, indi içimdə narahatlıq yoxdur. İndi də var, ancaq bu narahatlıqdır, qaranlıq deyil. Bu narahatlıq Ola bilməməyin narahatlığıdır, özüylə barışmamaqdır. Bu mənim ömrümə bir dəyişiklik, nikbinlik gətirir.
 Son vaxtlar özümü təhlil eləmələri yazıram. Həmişə gündəlik nələrsə yazırdım. İndi ümumiləşdirilmiş formada yazıram. Bu təhlillər üzərindən də ümumi yanaşma çıxarmağa çalışıram. Həmişə işlətdiyimiz bir söz də var, özünü tanımaq elə dünyanı tanımaqdır. Doğrudan da, insan özüylə bağlı, özünü qorumadan, özünə güzəşt tanımadan təhlil aparanda İnsanlığın üz-üzə qaldığı sorunların nədənini də aydınlaşdıra bilir.
Sadə toplumun üzərində hər kəs hakim mövqe tutmağa çalışır, – istər din, istər siyasət, istərsə də quruluş adı altında. Hansı ad altında olsa da, insanın bütün ömrü bu hakimliyin, ağalığın etkisi ilə əhatələnir. Bütün qadağalar, qanunlar insanı daha əxlaqlı, ədalətli eləmək üçün görünsə də, bu etki insanda, sanki tərsinə dirəniş yaradır. İnsanlar daha çox pozulur, daha çox ədalətsiz olurlar. Çünkü insanların şüuru da, dediyim həmin qıraq təsirlərin işğalı altındadır. İnsanların davranışı da bu işğalın etkisi altında meydana  çıxır. Bütün qıraq təsirlər insanın içində bir etiraz dalğası yaradır, böyüdür. Ancaq bu etiraz dalğası necə üzə çıxır, – azadlıq istəyi iləmi, yoxsa hər şeyi uçurub dağıtmaqla, vəhşiləşməkləmi?! Bunu düşündükdə insan həyatında ruhaniyyatın rolu daha da aydınlaşır. Ruhaniyyat doğru olmayanda insan yanlış sonuclara varır. Öncə insanın şüuru adını çəkdiyimiz qıraq etkilərdən qurtulmalıdır, azadlığın nə demək olduğunu anlasın. Onda insanın içində qadağaların etkisi ilə yaranan etiraz dalğası inqilabla sonuclanmaz. İnsan daha böyük dəyişikliklərə can atar. Hər şey intibahla yoluna qoyular.
Qonu ilə bağlı qısa düşüncələrimi demək istəyirəm. Bu elə bir yoldur, burada insanın ömrü addım-addım qurulur. Oxuduqca, sorğuladıqca, düşündükcə yetdikcə. Soylu bəyin dediyi kimi, elə sorular var, onların cavabını təkcə sözlə vermək olmur, yaşamaqla yetmək olur. Ona görə ömürdən keçən hər gün qurulma demək olmalıdır. Qurulduqca insanın insana, həyata münasibəti dəyişir. Bu həm fərəhvericidir, həm də sorumluluq gətirir ömrə. Ömür qurulduqca ətrafın da sənə münasibəti dəyişir. İradə qoyursan ortaya, olmalıyam deyirsən, özün üçün geriyə yol qoymursan. Bu artıq qorxu üzərində, cəsarətsizlik üzərində qələbə deməkdir. Bu, özün üzərində qələbə deməkdir.
Atamız Var olsun.

Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Biz Atanın ölümündən sonra illərdir çaba göstəririk, çalışırıq. Ən başlıcası çalışırıq Atanın Ocağını məktəbə çevirə bilək. Daha doğrusu, Ocaq məktəbdir, biz istəyirik bu məktəbin gücünü qoruya bilək. Bu məktəbi məktəb kimi yaşada bilək. Söz yox, bunu eləmək çox çətindir. Ona görə çətindir ki, ruhaniyyat elə-belə arzularla yaşamır. Ruhani məktəb böyük çabalarla, aşkarlanmış imkanlarla qorunub yaşadıla bilir. Tarixdə Asif Atanın yaratdığı qurumlara bənzər qurumlar, bəlli bir yerə qədər, yaşayıb sıradan çıxıblar. Sıradan çıxmalarının başlıca nədəni, deyə bilərik, bəlkə ideya kəsiri, ideya çatışmazlığı olub. Bəlkə ideyanın prinsiplərin mütləq şəkildə insana bağlı olmamaları olub. Belə də deyə bilərik. Ancaq qabaqcıl ideyalar da var axı. Qabaqcıl qurumlar da olub axı. Bunun başqa cəhətini də deyək. Bəlkə də o qurumlar yaşadıla bilsəydi, bəlkə hər dönəmdə islahatlar gedəcəkdi. Bəlkə də bizim arzularımıza, istəklərimizə uyğun dəyişikliklər gedəcəkdi, yeniliklər ortaya çıxacaqdı. Biz bunu bəlkələrlə deyə bilərik. Hər nədisə, fakt odur ki, bunlar tarixin bəlli bir dönəmində dayandılar. Biz istəyirik Asif Atanın işi dayanmasın. Asif Atanın işi ona görə dayanmasın ki, bəşəriyyətin hüzur içində yaşamasının, haqqın, ədalətin gerçəkləşə bilməsinin qapısı onun açarı ilə açılacaq. Ona görə biz bu məktəbin yaşamasını istəyirik. Eyni halda, burda olan insanların hər biri ömrünün önəmli bir hissəsini bu yola ayırıblar. Ömrümüzün elə-belə, məktəbə çevrilməyən Ocaqla başa çatmasını istəmirik. Bu məncillikdirmi (eqoizmdirmi),  – deyil. İnsan özünün ruhani kimliyini yaratmağa, eyni halda, onu yaşatmağa çalışırsa, burada əskik şeylər axtarmaq doğru deyil. Biz də axtarmırıq. Bizdən qıraqda kim axtarır, özü bilər.
Bunun üçün nələrin olmasını istəyirik. Elə Günevin də, Bilənin də vurğuladığı kimi, həm düşüncələrimizdə irəliləyişə yetmək, həm də xalqla, xalqın nümayəndələri ilə ünsiyyətə can atmaq, Asif Atanın işini onlara izhar etmək Ocağın yaşadılması üçün göstərilən çabalardır. Bəlkə də hansısa bir məqamda xalqlaşma işində zəiflik göstərə bilərik. Ya da aşırı dərəcədə kəskinlik nümayiş etdirə bilərik. Bunlardan asılı olmayaraq, həqiqətlər hər yerdə topluma deyilməli, çatdırılmalıdır. Harda nəyi düz eləmiriksə sonradan bunları biz özümüz düşünə bilərik. Əsas odu iş getsin. Yanlış yapmaqdan qorxmaq olmaz. Qorxarsansa işin dayanar. Çünkü bəlkə də gələcəkdə Ocaq içində həryönlü insanlar olacaq. Dünyanı daha dərindən dərk eləyən, bu dünyanın anlamını, fəlsəfəsini daha yüksək səviyyədə çatdıra bilən insanlar olacaq. Mümkündür. İndiki dönəmdə, çox ola bilər, Ocaqda sadəcə aşiqənə bir yayıcılıq aparan, aşiqanə haray çəkən Ocaqçılar olacaq. Aşiqliklə idrak, filosofluq birlik yaratmazsa onda bilginlər aşiqlərdən çox-çox zəif işlər görərlər. Dərin filosoflar, dərin elm adamları Ocağın içində olsunmu?! – Olsun, istəyirik. Ancaq onlar aşiq olmasalar iş görməyəcəklər. Aşiq özündən keçənə deyirlər. Ancaq fəlsəfi, elmi bilik baxımından yüksək mərtəbələrə qalxan insanlar aşiq deyillərsə, özləri haqqında yüksək iddialarla gündəlikdə qalmağa çalışarlar. Onların, bizim arzuladığımız şəkildə, Ocaq quracağı inandırıcı deyil. Aşiqliq elə yüksək haldır, bəzən gözləri qapaya bilir. Fərqi yoxdur, qadının kişiyə, kişinin qadına aşiqliyi, ya da ideyaya aşiqlik. Doğrudan da, adamın gözünü qapaya bilir. Bəlkə də nəzərdə tutduğum kitabda bu məsələlərə geniş anlamda toxunacam. Məsələn, sufi insanlar olublar, elə yüksək aşiqlər olublar, onlar Allahdan başqa heç nə görməyiblər, düşünməyiblər. Bu açıdan Amal yolunda naşı aşiqlər ola bilər. Niyə deyirəm naşı aşiqlər ola bilər?! – Adam vurulanda heç özü də bilmir vurulmasının incəliklərini, dərinliklərini, niyə vurulub. Ancaq vurulub. Deyə bilərik vurğunluq tək inamla deyil, həm də idrakla bağlıdır. İnsanın özünə inamı məsələsi olduqca önəmli məsələdir. Nurtəkin özünü sevmək sözü filan deyir, bir az “özünü sevmək” sözü bəlkə də “özünə inam”la əvəz olunsa daha yaxşı olar. Mən həmişə özümə inanıram, inanmıram deyə düşünmüşəm. Mənə elə gəlir ki, başqa duyğular inamın içindədir. İnsanın özünə inamı nəyə görə bu qədər önəmlidir?! Asif Atanın özüylədöyüş ideyası var. Özüylədöyüş özünə inamı yaratmaqdan ötrüdür. Heç kim özünə inanmır. Toplumun içində bəzən ruhani yol, ideya yaradan insanlarla yerdə qalan toplumun düşüncələri arasında bir təzad yaranır. Məsələn, toplumda hər kəs deyir qorxu olmalıdır. Yüksək ideya yiyələri deyir qorxu olmaz. Olar, ya olmaz?! – Bunu aydınlaşdırmaq üçün öncə gəlin görək, qorxu özü nədir?! – İnsan hər şeyi mövcudolmasına, mövcudluğunu sürdürməsinə hesablayır. Düşünür ki, onun mövcudolmasını əngəlləyən səbəblər nədir, onu axtarıb tapmalıdır. Bütün diqqət də onun üzərində fokuslanır. İnsan bütünlüklə özünün bioloji kimliyinə hesablanmış düşüncələrlə uğraşır. Deməli, qorxu əslində mövcudluğunu itirməyə yönəlik duyğudur. Yəni onun sağ qalmasını şərtləndirən bir məsələdir. Qorxu budur. Məsələ burasındadır ki, indi heç kim heç kimə inanmır, heç kim heç kimin ağlına güvənmir. Ona görə hər kəs özünü o birindən qorumağa çalışır. O birinin aldatmasından, kələk gəlməsindən, basqı yaratmasından, onun imkanlarını əlindən almasından i.a. hamısından qorxur. Deməli, ona görə hər kəs qorxunun yanlısıdır ki, qarşıdakı adam qorxsun, mənim imkanlarımı əlimdən almasın. Nədənsə qorxsun, çəkinsin, məni basqı altına almasın, mənim əlimdə olanları almasın. Hamı özünü başqasından qorumağa çalışdığına görə qorxu duyğusunun yaşamasını, qorunmasını arzulayır. Ancaq ideyaverici yüksək ruh, düşüncə yiyələri deyirlər, sən hər şeyi qarşıdakına hesablayırsan, özünü qarşındakından qoruyursan. Özünü özündən qorumursan. “Qarşındakı” nə deməkdir, – elə “sən” deməkdir. Qarşıdakı da özünü özündən qorumalıdır. Özündən qorumaq odur ki, sənin içində sənin yaşamana əngəl olan, səni balaca saxlayan, səni başqasına yağı bəsləyən nəsnələr var, onları tanımalısan, onları ömründən çıxarmalısan. Sən içindəkilərdən azad olursansa başlayırsan özünə inanmağa. Özünə inanan adam başqasından qorxmur, nə də başqasını qorxutmur. Çünkü özünə inanan adam yol yaradır, mübarizə yaradır, örnək olur, hər şey olur. Ancaq özünə inanmaq, özünü yaratmaq tək bir fərdin üzərində olan proses deyil. Bu bir ideyadır, bu bir yoldur, bütövlükdə insanlığa ismarlanır, bütövlükdə insanlığın ölçüsünə çevrilir. Ona görə yüksək mənəviyyat yiyələri deyirlər qorxu gərək deyil. Sən qorxduqca qorxu yaşayacaq. Sən qorxduqca pislik yaşayacaq. Çünkü sən içindən dəyişməyəcəksən. Sən içindən dəyişmədikcə özündən güclüdən qorxursan, özündən zəifi də qorxudursan. Bunlar zəncirvari bir-birinə bağlı olan məsələlərdir. Bu sırf təbiət olaylarıdır, təbiət qanunlarıdır. Yəni heyvanat aləminə özgündür. Bu aləmdə güclü heyvan var, gücsüz heyvan var. Hər bir güclü heyvan özündən gücsüzü basıb yeyir. Bu təbiətin qanunlarıdır, insanın, insanlığın qanunu deyil. Yüksək ideya adamları da sənə onu ismarlayır ki, sən təbiətdən ayrılmalısan. Yəni təbiətin vəhşi qanunlarından ayrılmalısan. O cür yaşamalı deyilsən. Ona görə Asif Ata deyir, İradə qorxu üzərində qələbədir. İradə İnamdan doğur. İnanmasan ortaya iradə qoymursan. Biz ruhani iradədən danışırıq, zorakı iradədən danışmırıq. İnsanın əlində səlahiyyət olanda zor işlədir. Yəni zorakı iradə qoyur ortaya. Ancaq zor iradəsi də bir yerə qədərdir. Bu iradə bitkin, yetkin iradə deyil. Ruhani iradə varsa zor yoxdur. Ruhani iradə İnamdan doğur. Əgər insan özünə inanmırsa, necə ortaya iradə qoya bilər?! Hər bir şey çaşqınlıq çıxarır ortaya,- eləyim, eləməyim. Yəni elə bir çaşqınlıq ortaya gətirir ki, insan bununla həyatını formalaşdıra bilmir, ömründə, həyatında bəlirti (müəyyənlik) yarada bilmir. Ona görə Ata deyir, özüylədöyüş ideyasına yiyələnsən, çaşqınlığa nədən olan nəyin varsa içində, onu tanıyıb ortadan qaldıracaqsan, onda addım atacaqsan. Nəyə görə Ata ruhani iradə, ruhani idrak, ruhani inam anlayışlarını işlədir?! – Çünkü inamın naşısı da var, müdriki də. Yəni adam da inanır. Adamın inamına Ata nisbi inam deyir, naşı inam deyir. Bir də var kamil inam. Deməli, bunların hamısı ruhla bağlı olan məsələlərdir. Mən özümə necə inanım ki, ortaya iradə qoya bilim. Bunu idrak etməliyəm ki, niyə iradə qoymalıyam ortaya, necə iradə qoyum ortaya, özümə inamımın dayağı nə olsun, niyə inanıram özümə. Yəni özünə inanmaq özünüdərk məsələsidir. Özünü dərk eləyən adamın inamı həmişəlik olar, bütöv olar. Buna görə Ata deyir, Ruh yaratmaq gərəkdir.

Ruhu yaratmaq məsələsinə gəlincə, kimdən soruşsan sən ruhunu yaratmaq istəyirsənmi?! Hər kəs hə deyər. Ancaq heç kim istəmir, sadəcə deyir istəyirəm. Niyə deyir istəyirəm, mən niyə deyirəm istəmir?! – Çünkü ruhun yaranması özüylədöyüşə bağlı bir məsələdir. Ruhun yaranması öz içində balacalıqları tanımağı bacarmaqdır. Tanıyıb onlardan imtina etməyi bacarmaqdır. Bu da olduqca çətindir. Bu da hər kəsin ağlına sığışmır. Elə bilirlər, hər şey elə hazırdır, onu götür ömrünə qoy. Belə düşündüyü üçün istəyir. Hər kəs hər şeyi hazır istəyir. Başqasından gözləyir. Dünyanın, həyatın yaxşılaşmasını istəyir, özü addım atmır. Özün addım atmalısan, iş görməlisən, ömrünə girməlisən, ömrünü darmadağın eləməlisən. Ruhun yaranması elə-belə sadə məsələ deyil. Bundan ötrü nə olmalıdır,  – özüylədöyüşün real mexanizmi. Məsələn, deyək məndə paxıllıq duyğusu var. Deyək ki, mən ilk dəfə özüylədöyüş işinə başlamaq istəyirəm. Mən bilmirəm özüylədöyüşə necə başlayım. Sən ha deynən içindəki pis duyğuları qırağa qoy. Deyərəm yaxşı, düz deyirsən. Qulağıma yaxşı gəlir, yaxşı səslənir. İçimdəki pis duyğuları qırağa qoyacam. Gəlirəm içimdəki pis duyğunu qırağa qoymaq məqamına, qoya bilmirəm. Öncə varlığını, yoxluğunu müəyyən eləmək gərəkdir. Uzağa getməyək, Ocağın öz içini götürək. Ocağın öz içində bu proses gedirmi, necə gedir?! Bu proses Amala sevginin, Amala inamın altında gedir. Sevginin özü aparır o prosesi, tərbiyələnmə səviyyəsində. Şüurlu şəkildə bu proses gedirmi, gəlin boynumuza alaq, getmir. Ailə Günlərində elə bir hesabat olubmu?! – Olmayıb. Olmayıbsa, deməli, özüylədöyüş Asif Atanın dediyi şəkildə getməyib. Lap elə bizdən qıraqda götürək, aydınlaşdıraq. Deyək ki, toplumda  biri şairdir, yaxşı şairdir. Qıraqdan beş-on adam bunun şairliyinə sayğı bəsləyir, o da, istər-istəməz hamının gözündə yaxşı görünməyə çalışır. Pis iş görmək istəmir, filan. Toplumun etkisiylə o adamda tərbiyəvi bir dəyişiklik gedir. Bu çox azdır, qırağın baxışına hesablanan tərbiyə, günlərin bir günü qırağın etkisiylə pozula da bilər.
Biri var insanın ömründə dəyişiklik qıraq bir etki ilə başa gəlsin, bir də var, öz əliylə, özünün içində dəyişiklik gedib qurulsun.
Mənim içimdə pis duyğular varsa onu bəlirləməliyəm. Elə belə o duyğular özünü göstərmir, ancaq imkanda var. Mən özüm onları aydınlaşdırmağa, tanımağa çalışmasam özüylə döyüş getməz. Gözləməli deyiləm ki, filankəs nə vaxtsa yaxşı iş görsə, görüm ona qarşı paxıllıq duyğum oyanacaqmı, oyanmayacaqmı. Ondan sonra başlayacam onunla döyüşməyə. Məsələ bu cür deyil. İnsan özü bu duyğuların etki olanaqlarını bilir. Bilir paxıllıq nədir, nədə özünü göstərir, eqoizm nədə özünü göstərir. Bu duyğuların anlamını bilirik. Bilirik qəddarlıq nə deməkdir, qısqanclıq nə deməkdir. Bu duyğuları xarakterizə edə bilərik. Bununla bağlı bilgilər bizdə genetik olaraq var. Biz anadan doğulanda o bilgilərlə birgə doğulmuşuq. O bilgilər bizim qanımızda, mayamızda, mahiyyətimizdə var. O duyğular da var, o duyğularla bərabər bilgilər də var. İstəyəndə adam o duyğuların izinə düşür, nəzarətə götürür. Deyək ki, toplumda kiməsə münasibətdə bunun əlamətləri ortaya çıxır. Bu vaxta qədər mən bu əlamatlərin fərqinə varmamışam, necə gedib, necə olub, o cür də davranmışam. Sonra öz-özümə peşman olmuşam. Ancaq yenə də yola vermişəm, keçib gedib. Sadəcə olaraq ötüb keçəndən sonra peşman olmuşam. Ancaq bu yenə qarşıma çıxacaq, yenə əmələ çevriləcək, yenə də olacaq. Deməli, yenə də olmasının qarşısını almaq üçün mən davranışımda o duyğunu işlətmirəm. Tamam fərqli bir addım atıram. Münasibəti dəyişirəm, bunu şüurlu şəkildə həyata keçirirəm. Şüurlu şəkildə elədikcə artıq o mənim dəyərimə çevrilir. Artıq yeni davranışı sərgiləyirəm, bundan öncəki mexanizmi işlətmirəm. Bax beləcə, addım-addım, duyğu-duyğu insan bunun üstünə gedir, tanıyır, öyrənir. Hökm deyil ki, on il vaxt itirəsən. Ata deyirdi, özüylədöyüş bir aya da özünü doğrulda bilər, bir ilə də, on ilə də. Baxır kimdə necə gedir, kim necə aparır. Bu ona görə gərəkdir, mən düşünüm dünyanın sorunları məndən asılıdır. Dünya pisdir, çünkü mən pisəm. Dünyanın gedişi məndən asılıdır. Dünyanın əyrisi, pisi məndən asılıdır. Bunu deyə bilsən yarada biləcəksən özünü. Yox bunu deyə bilməsən, özünü dəyişə bilməyəcəksən. Desən ki, filankəsdən asılıdır, dəyişə bilməyəcəksən. Çünkü artıq özündən sorumluluğu atırsan qırağa.  Asif Ata deyir, dünya dağılsa da sən filan şey olma. Yəni Dünya dağılsa da, sorumluluğu üzərindən qırağa qoyma. Burda iradə-qorxu məsələsi həllini tapmış olur.
Atanın özüylədöyüş ideyası bizim üçün ölçüdür, yoldur. O yolla, o ölçü ilə biz yaşadıqca ağlımız, düşüncəmiz, təpərimiz inkişaf edir, dayanıqlığımız artır. Bunu bəşər həyatında, bəşər tarixində bizə bəlli olan ayrı-ayrı insanların varlığında mən oxumuşam. Havadan demirəm. Onlardan biri Nəimi, Nəsimi, biri Qandi, biri Asif Ata. Yəni gerçəkdən o insanların ömründə, həyatında bizim dediyimiz məsələlər, doğrudan da, özünü göstərib. Bəlli iradə də qoyublar ortalığa, uğura da yetiblər.
Tarixdə, həyatda bizə söz deyə biləcək örnəklər var. Ailə Günü bütün bu məsələlərin incəliyinə, dərinliyinə qədər işləyərsə, daha böyük məktəbə çevrilər. Hədəf Ailə Günlərini məktəbə çevirməkdir. Ailə Günü məktəbə çevrilsə bu gün burda beş-üç nəfər özümüz deyil, bizim sayımızdan beş dəfə artıq adamlar otura bilər. Çünkü getdikcə o insanlarda maraq, heyrət doğurarsan. O insanlar bu məktəbə öyrənməyə gələr. Nə qədər toplum pozulsa da, nə qədər telefon, texnologiyalar toplumu korlasa da, onun içində ideya, sağlam yön, sağlam yol, məktəb axtaran insanlar var.
Ocaq məzmunca, mahiyyətcə məktəbdir. Bu məktəbi Ocaqçılar yaşatmalıdır.
Atamız Var olsun.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə “Ailə Günü” sona yetir.

Qar Ayı, 44-cü il. Atakənd.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir