Xəbərlər

“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin IX “Ailə Günü”ndə deyilmiş fikirlər

DSCN1899Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı

“Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin
IX “Ailə Günü”ndə deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 27 Yağış Ayı, 36-cı ildə (noyabr, 2014) “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə IX “Ailə Günü” mərasimi keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Atanın ayrı-ayrı kitablarından hissələr oxumuşam. Halım aşağı olanda Atanın “Mütləqə İnam” kitabını oxuyuram. Xüsusən orda “İnsan sevinci”, “İnsan ləyaqəti” və s. bunları oxuyanda ruhani əhvalım tənzimlənir.

 İndi yazdığım yazıları oxumaq istəyirəm:

Atanın “İqtisadiyyat İnsansızlığı – İqtisadiyyat İnsaniliyi” kitabı üstə.

Ata fikri: “İqtisadiyyat – cəmiyyəti əks etdirib”.

İnsan istehsalatı təkmilləşdirir. İqtisadiyyat təkmilləşdikcə insana qarşı olur.

Cəmiyyət də inkişaf etdikcə insana qarşı olur.

İnkişaf qaçılmazdır. Çünki Adamın qazanmaq istəkləri, fantaziyaları hədd tanımır. Son nöqtə qazancdır. Əslində son nöqtə qazancın yaratdığı sonuclardır ki, dünyanın sabahı üçün fəlakətlər hazırlayır. Fəlakətə aparan yol gərəkli, qaçılmaz bilinir. Fəlakətlərdən çıxış yolu irəli sürüləndə isə buna xülya kimi baxırlar. Çünki qazanmaq istəyinə, nəfsinə “dur” demək mümkünsüz görünür. Dünya qazanmaq yarışına girişib. İnsanlığa yetmək bu qarışıqlıqdan, yarışdan, fəlakətdən çıxış yoludur. İnsanlıqda dünyanın sabahı var.

Bəzən “özüylədöyüş”dən danışanda deyirlər ki, adamı necə varsa, elə qəbul etmək lazımdır. Onda deyirəm, necə varsa elə qəbul edirsənsə, gərək ondakı kobudluğu da qəbul edəsən, inciməyəsən. Xudbinliyi də qəbul edəsən. İncidirsə, demək, qəbul etmək mümkün deyil. Ona görə də Atanın “Özüylədöyüş” ideyası zəruridir.

Əgər xudbinlik təbii sayılırsa, gərək onunla barışasan. Halbuki barışmaq mümkün deyil, çünki yad münasibət yaradır. Münasibət o zaman doğmalaşır ki, adam insanlaşır.

xxx

Müdrik həyatda Amal üçün yaşayır, Amallı yaşayır, özümlüyünü yaradır, ölümsüzlük qazanır.

Adam həyatda həyat üçün yaşayır, özü üçün yaşayır, ölümlü yaşayır.

DSCN1905

xxx

Atanın “Mütləqə İnam” kitabından bir fikri oxuyum, “Saflıq – Günah” bölümündən: “İnsan özüylə barışanda günaha batır. İmtina olmayan yerdə insan günaha batır”.

Mən də son çağlar özümün imkansızlığımla barışdım. Variantlar axtarmadım, sadəcə barışdım və fərəhsizləşdim.

Əməllərim zəngin olanda özümü Ocaq quruculuğunda aktiv hiss edirəm. Çünki ruhani əməl ruhani tarix yaradır, insanı yaşadır. Mənim  də orda bir qatqım olanda özümün Ocaqçı kimi, insan kimi varlığımı hiss edirəm.

xxx

Özünə (özündəki cılızlığa) zor göstərən başqasına qarşı mərhəmətli olur. Özünə zor göstərməyən başqasına zor göstərir.

Özüylə döyüşən başqasına qarşı sevgi bəsləyir. Özüylə döyüşməyən başqasına yad münasibət bəsləyir.

 xxx

Günün dəyəri yenilənə bilməkdir. Yenilənmə yoxdursa, gün keçməyib, gün yaşanmayıb, keçmişdə qalıb. Keçmişdə (köhnəlikdə) qalan keçmişə dartır. Keçmişə bağlanmamaq üçün hər gün yenilənmək gərək – duyğularında, düşüncələrində, əməllərində.

xxx

Bəzi adamların illəri keçir, yaşlanır, ömür də keçir.

İnsanın illəri yaşanır, aqibət yaranır, əbədiləşir.

Bu səbəbdən də İnsanlaşmaq, İnsan kimi yaşamaq gərək!

xxx

Gün bitir. Bitməsi sevincmi gətirir, kədərmi? Sevincləmi bitir, kədərləmi?

Gün bitir. Kədər də bitirmi, fərəh də bitirmi?

Gün bitir, bitməsi özü kədərdir sevincli olsa da. Çünki gün ömürdən gedir deyirlər. Ancaq “gün”də insan ömrün elə bir fərəh zirvəsini yaşaya bilər ki, ömür dəyərləşər o gündə.

 Gün dəyərləşir ömürdə. Önəmlisi yaşanan, sevindirən, inandıran günləri yaratmaqdır.

Gün bitir, fərəhsə bitmir.

xxx

İnanmaq. Bir insan o birinə inanırsa, inamını hiss elətdirə, yaşada bilirsə, bu hər iki insanın xoşbəxtliyidir. Çünki inam – böyüdən, sevindirən, qovuşduran münasibət yaradır. Bu münasibət ailədə, dostluqda, qohumluqda yaranarsa, insanların həyatı fərəhə bürünər. İnam  münasibətin tamlığı deməkdir. Münasibət tamlığında insan özü də özünü tamlığa böyüdür. O inama layiq olmaq istəyir. Atanın bizə dediyi “sənə inanıram” sözü kimi. Soylu Atalının bizə münasibəti kimi.

Yalnız özüm özümə deyil,  başqasının gözüylə də özümə baxıb inanıram. Başqasının mənə inamının mənim özümə inamımla qoşalaşması, birləşməsi fərəhimi ucaldır.

xxx

“Çal qılıncını, Qazan Xan, gəldim!”.

Bu sözü ən çətin vaxtda, dar gündə haraya gələn igidlər deyir. Dar gündə tək qalmır Qazan Xan. Kiminsə içində incikliyi varsa, o məqamda unudur. Düşmənsə unutmur. Düşmən elə düşməndir, dar gündə də, xoş gündə də. Dost isə üzü bəlli, yönü bəllidir. Haray`a gəlmək hər şeyi unutmaqdır, həlledici məqamda əsas xətti tutmaqdır.

Ocaq Azərbaycan üçün haray çəkir, iş görür, səs salır. Hələ də “Çal qılıncını, gəldim!” deyənlərin səsi eşidilmir. Eşidilsə də, etkisi görünmür. Çünki çətindir həyat istəklərindən ayrılmaq, – öz rahatlığından, qayğılarından, get-gəllərdən, əyləncələrdən. “Doludur” adamın həyatı. O qədər doludur ki, harayı eşitmir, eşidə bilmir. Biz isə mübarizəmizdəyik, yolumuzdayıq, əməlimizdəyik. Biz yolu gedirik, kim gələrsə, özünü tapacaq, yolunu tapacaq. Kim gələrsə, həyat adiliyindən ayrılacaq, Amalına qovuşacaq. Çünki Ocaq Amala qovuşduran, ruhani aqibəti yetirən dünyadır.

xxx

Davranış – iç dünyanın ifadəsidr, – istər geyimində, istərsə də oturuşunda, duruşunda. Ümu­miy­yətlə, hər hansı adama üzdən baxarkən onun üzdə davranışı ilkin təsəvvür yaradır. İlkin təsəvvür ilkin münasibət yaradır. Yaşadığın üzünə, gözünə, geyiminə yansıyır.

Bizim davranışımız ideyaya görədir. İdeyalarımızla yaşayırıq, düşüncələrimizi ideyalar əsasında qururuq. Hər hansı bir yerə gedəndə hər hansı bir hadisəyə münasibətimdə mən öz ölçümlə münasibətimi bildirirəm. Bu mənim ruhani davranışımdır. Ata deyir ki, Ocaqçı vətənsizliklə döyüşməlidir. O yerdə ki vətənsizlik var, milliliyimizə, insanlığa qarşı mühit var, Ocaqçı ona qarşı durmalıdır.

 Bir də var, Ocaqçının üzdən-qıraqdan görünüşü. Ocaqçının geyimi, üzü, baxışı da fərqlənir. Özümdən götürürəm ki, Ocağa ilk gəldiyim vaxtlar mənim baxışım, geyimim, üzümün ifadəsi necə idi? Özüylə döyüş, özünə inam artdıqca hal da dəyişilir, üzün ifadəsi də. Hər mənada dəyişilir. Bu da təbii ki, qarşımdakına nüfuz edir.

Atamız Var olsun!

 DSCN1907

Üstün Atalı Ataya səcdə ilə sözünə başladı: Son çağlar xalqlaşma işim kitab evlərinə kitab verməklə bağlı olub. Sumqayıtda və Xırdalanda kitab evlərinə Asif Atanın kitablarını təqdim etmişəm. Hər dəfə kitab təqdim edəndə uğurlu söhbətlərim olub. Ağlıma o da çatıb ki, kitabı say-pay kimi verməklə yetərlənməmək, İdeyanı da təqdim etmək gərəkdir.

Kitab evlərinin işçilərindən soruşuram ki, kitablara maraq hansı səviyyədədir, maraqlanan varmı? Bilirəm ki, tələbələr dərsləri ilə bağlı hansısa işi yazanda kitab evlərinə üz tutur…

Asif Atanın kitablarını təqdim edəndə kitabın içindəkilər haqqında danşıram. Oxucunun xəbəri olmasa da, orda işləyənin kitabdan xəbəri olması vacibdir.

 Etdiyim söhbətlər özümə yaxşı təsir edib. Darıxmışdım ruhani söhbət etmək üçün.

Atanın “Özüllər Özülü” Bitiqlərindən “Əxlaq”ı oxumuşam. Ata deyir ki, “Əxlaqlı olmaq – həyatdan üstün olmaq deməkdir”.

 Kitabı oxuyanda Atanın vurğuladığı məqamlar üzərində düşünmüşəm ki, mən öz ömrümdə nə dərəcədə buna çatmışam və ya cəmiyyət nə dərəcədə buna çatıb. Bioloji yaşamı ötə bilirəmmi? Günüm başdan-ayağa ruhaniyyatamı qulluq edir, yoxsa maddi qayğılara, yaxud məişət qayğılarına? Dərindən düşünəndə bəlli olur ki, günüm ruhaniyyata qulluq edəndə, özümə vaxt ayıra biləndə həmin gün gözümdə ucalır. Həmin gün dəyərləşir. Hansı günü ki, həyata xərcləyirəm, həyata qoşuluram, onda həmin gün nə ömrümdə, nə ağlımda qalır. Ömrümdən bir yarpaq kimi düşür.

Ata deyir “Əxlaq gerçəklikdən üstündür”.

Üstün olmaq üçün Atanın ölçüsü əsasında özünü yaratmaq gərəkdir. Ali Sözün əsasında ömrü yaratmaq ki, şəraitdən üstün ola biləsən. Üstün əxlaq əsasında cəmiyyətdən üstün olmaq olur, yəni cəmiyyətdəki təbəqəlikdən, ağalıqdan, ağa-nökər münasibətindən üstün olmaq olur. Əxlaq  bunu tələb edir. Əxlaq üstünlüyü olmasa nə Ədalət olar, nə Xeyir, nə Azadlıq. Əxlaq – İnam, İdrak, Mənəviyyat, İradə əsasında Xəlqi birliyin yaranması deməkdir. İnsan özünü əxlaq əsasında yaradırsa, onun içində belə bir tələb yetişir: Yetdiyinə yetirmək, çatdığına çatdırmaq. Mümkün deyil ki, həqiqətə çatasan və bir yerdə qalasan. Əgər bir yerdə qalırsansa, demək, həqiqətə yetməmisən.

 Əxlaq insanın təbiətdən fərqliliyini yaradır. Soylu Atalı “Özüllər Özülü”nə ön söz yazıb. Orda deyilir ki, təbiətdə şir əzəməti var. Ancaq onda yırtıcılıq da var. Leşin üstünə cummaq var. Leşin üstünə cuma bilmək şiri qarğadan fərqli eləmir…

Ancaq insan o leşin üstünə cummaqdan qurtula bilir.

Əxlaq insanın təbiətdən fərqini yaradır. İnsan əxlaq əsasında öz zəkasını, vicdanını, inamını yaradır və üstünlüyə yetir…

İndi də bəzi fikirlərimi oxuyacam:

İnsan daim öz fiziki üstünlüyünü qabartmağa çalışır. Çünki ruhun gözəlliyini kəşf eləməyib. İçdəki amiranəliyi, hərcayi iddianı, üzlərdə də görmək olur. Adam içindəki bu əhvalları gerçəkləşdirməyə çalışır. Bütün azğınlıqların, düşmənçiliklərin, müharibələrin, insanın insana qənim kəsilməsinin səbəbi də budur. İnsan içindəki insanlığı aşkarlamır, mövcud səviyyəsini –  adamlığı ifadə eləmək istəyir. Ancaq İnsanlığı aşkarlamaq, içini kəşf eləmək gərəkdir.

Üstünlük nədədir? Rütbədəmi, mərifətdəmi; pulsevərlikdəmi, zəhmətkeşlikdəmi? Mənim üstünlüyüm özümü dərkimdir. Üstünlüyüm onda baş tutacaq ki, yetməli olduğuma yetə biləcəm.

xxx

Yalan nədən yaranır – inamsızlıqdan. Həm özünə, həm də qarşısındakına qarşı inamsızlıqdan.

Həqiqəti demək nə qədər acı ola da, əzabı əbədi olmur.

Həqiqəti deyə bilmirsən, ona görə yalan deyirsən, ancaq həqiqəti demək xilasdır. Yalanın yükünü əbədi olaraq daşımaqdan xilasdır…

Cəmiyyətdə ədalət axtarmaq naşılıqdır. Onu sən gətirəcəksən cəmiyyətə. İnsanlaşmağınla, həqiqətçiliyinlə –  özünə doğmalığınla.

Atamız Var olsun!

 DSCN1911

Güntay Atalı Ataya səcdə ilə sözünə başladı: Keçən “Ailə Günü” mərasimində iştirak etməmişdim, ona görə də indi hesabatım daha geniş olmalıdır. Ancaq özümdə müəyyən eləmişəm ki, çoxlu mənfi cəhətlərim var. Birincisi, mən qələmlə dostluq eləmirəm. Gözəl, fərəhli əhvallarım olur, hallarım olur. Soylu qardaşla söhbət edəndə deyir ki, götür yaz. Arada onları yazmışam. Elə vaxt olur, düşünürəm ki, yazaram, ancaq yazmıram. Ona görə sonra hesabatı verəndə kasadlıq olur. Ancaq öncəki aylara baxanda, bu ay fərəhli günlərim daha çox olub. Məzuniyyətdə olmağımdan istifadə elədim. İstədim ki, görüşlər təşkil edim. Bəzi yerlərə getdim, bəzi qapılar döydüm. Söz verənlər də oldu. Görüş də təşkil elədik bir orta məktəbdə. Soylu Atalı Bakıxanov qəsəbəsində orta məktəbdə gözəl bir görüş keçirdi. Görüşdən sonra öyrəncilərə ədəbiyyatlar da payladıq. Görüş zamanı mən o qədər fərəhli idim ki. İlk dəfə idi görüşdə iştirak edirdim, mənim üçün həm qeyri-adilik var idi, həm də özüm üçün ruhani məktəb idi.

 Evimizə  qonaqlar gəlmişdilər, onlarla uğurlu söhbətlər elədim. Sosial məsələlərdən söhbət edə-edə məsələni bir yerə gətirdim. Bütün müşküllərin ancaq bir açarı var. Ata deyir ki, bütün əyintilər ancaq İnsanlaşma ilə sona çatacaq.

Bu insanlar danışdılar, nələrisə müzakirə etdilər, ancaq sona çata bilmədilər. Mövzuların hamısını açıq qoyurlar, keçirlər başqa mövzuya. Müzakirə olunan mövzuların heç biri bağlanmır ki, biləsən problem nədədir, biz niyə bu günə düşmüşük?! Ona görə də mən söhbətə müdaxilə elədim və dediyim kimi, uğurlu söhbətim alındı.

Atamın bir həkim dostu var, o, heyrət içində mənə qulaq asırdı, mən bildiyimi dedim, həm də nizamla dedim. Söhbətin sonunda Asif Atanın kitablarını hədiyyə elədim. Çox böyük sevgiylə qəbul elədilər. O həkim evə çatanda bizə zəng vurdu ki, mən heç yerdə eşitmədiyim sözləri eşitdim. Hər şeydən də razı qaldım.

Ocağın dəyəri, mahiyyəti mənim üçün aydın olur. Ancaq Ocaq tədbirində danışanda sıxılıram. Ocaq o qədər böyük məsuliyyətdir ki, Onun qarşısında hesabat vermək həyəcan yaradır. Qıraqda isə belə deyil, hər şeyi sərbəst deyə bilirəm.

Mənim evdə təşkil elədiyim “Fikir Evi”ndə iştirak edən Feyruz bəydən fikirlərimizin, görüşün ona necə təsir etdiyini soruşdum. Soylu Atalının çıxışı ona olduqca qeyri-adi təsir bağışlayıb. Çünki Soylu Atalı bütün məsələlərə aydınlıq gətirmişdi o görüşdə.

Bütün bu söhbətlərdən, görüşdən sonra ordakıların söhbətə münasibətindən ailəmdə də müəyyən hal yaranır ki, mənim Ocağı tapmağım nə deməkmiş.

İnam Evində gəmiçilərin Soylu bəylə görüşünü təşkil eləmişdim. Onlarla yenidən söhbət edərkən mənə dedilər ki, saytımızı izləyirlər. Ocaq ideyalarının qeyri-adiliyini, gərəkliyini görürlər. Gəmidə də öz yörələrində söhbətlər gedir.

Bir şey anladım ki, üç-beş adam gələr, Ocaq tədbirində, görüşümüzdə iştirak edər. Qıraqda bu görüş, ya fikirlər haqqında söhbət edər. O  üç nəfər gəmiçi söhbət edərkən mənə, ən çox da Adil bəy, Soylu Atalının fikirlərindən sitatlar gətirdilər. Onlar öz aralarında Ocaqdan, Atadan söhbətlər edirlər.

Amallaşmam – yüksək səviyyədə, sistemli səviyyədə olmasa da, uğurludur. Soylu qardaşımız da həmişə deyir ki, Atadan nə öyrənmisinizsə ifadə edin. Mənə Atanı oxumaq çox gözəl təsir edir, ancaq hələ bunu tam ifadə edə bilmirəm. Sistemləşdirə bilmirəm ki, bunu, ya o birini öyrəndiyimi ifadə edcim, ancaq bilirəm ki, öyrənmişəm.

Soylu Atalının “İnamçı Harayı”nı oxudum. İkinci dəfədir oxuyuram, çox gözəl təsir edir mənə. Ümumən, Ocaq ədəbiyyatını, yazılarımızı oxuyuram.

Kamilləşməm – özümə nəzarət eləməyə çalışmağımdan ibarət olub. Kamil insan olmaq əlçatmaz deyil, ancaq daim təkmilləşən bir səviyyədir. Özümdə fərqi görürəm. Məsəlçün, iki-üç il bundan qabakı halımla indiki fərqimi görürəm. Qıraqdakılar da bunu görür, hiss edir. Məni tanıyanlar da bunu mənə deyib.

Xalqlaşmamla bağlı öncə dediklərimə birini də artırmaq istəyirəm: Birinci dəfədir ki, mən qapıları döyürdüm, anladım ki, mən insanlara nələrisə deyə bilərəm, çatdıra bilərəm. Bunlar daha da təkmilləşməlidir, daha da səlis bir hala gəlib çatmalıdır.

Cəmiyyətdə davranışa gəlincə, dərk edən üçün Ocaq böyük bir məsuliyyətdir. Ocaqçı olduğunu bilirsən. Elə hallar olur ki, demirəm ki, mən hərcayilik eləmək istəmişəm, ancaq elə məqamlar olub ki, mən özümə düzəlişlər verirəm, özümə nəzarət edirəm. Çünki Ocağın ünvanı sıradan bir şey deyil. Hər şeyə fikir verməyin gərək olduğunu anlayıram. Özüm üçün deyirəm bunları.

Ocaqçılarla söhbətlərim də mənə yaxşı təsir edir.

 Atamız Var olsun!

DSCN1924

Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Mən sizin “Ailə Günü”nə bundan sonra qatılmaq istəmirəm. İstəyirəm ki, məni nəzərə almadan “Ailə Günü”nü keçirəsiniz. Bu, mənim çoxdankı istəyimdir. Əminən ki, məsuliyyətiniz bir az da artacaq. Mənim bütün Ailələrə qatılmağım doğru deyil. Atagün Ailəsindəyəm, bu bəsdir.

 Bugünkü söhbətdə mən Üstünün vurğularında bir addım qabağa gördüm, Güntayın gedişində daha çox qabağa getməyini gördüm. Bunlar isə Ailənin içində yenilənmələrin ifadəsidir. Hər zaman vurğu elədiyimiz kimi, bu odadan qıraqda böyük, zəngin işlər görən Ocaqçılar tədbirdə özünü ifadə eləmək çətinliyi çəkir. Mərasim, bayram, bunlar ayrı, “Ailə Günü” fərqlidir. Çünki “Aiıə Günü” ən çox Ocaqçının öyrənmə, özünü qurma və əməl hesabatıdır.

Bəzi fikirlər demək istəyirəm. Söz deyirsiniz, mən onu elədim, bunu elədim, ilk baxışdan burda ilk dəfə iştirak edən adam düşünər ki, 4-5 adam burda oturub niyə elə deyirlər?! Axı adam fikiləşər ki, bununla dünya düzələrmi? Bəli, insan öz halındakı yaşamıyla bərabər, bunları fikrə, sözə çevirəndə aydın olur ki, burda deyilənlər nə üçündür. Bu saat nəinki Azərbaycanda bütün dünyada toplumun düşüncələri bizim qayğılarımızdan fərqli xarakter daşıyır. Götürək özümüzün Azərbaycan toplumumuzu. Hər kəs özünə bəlli olmayan bir “Gələcək” axtarır, “Gələcək” düşünür, istər fərdi olaraq, istər milli olaraq. Ancaq bu gələcəyi kim verəcək? Bu gələcək hansı özül üzərində qurulacaq? Ona görə çox böyük bir çaşqınlıq var, müəyyənlik yoxdur. Sənin istədiyin gələcəyin adı nədir? Mən Azərbaycan toplumunun içərisinə çıxaram, yaşlısından, cavanından soruşaram ki, sənin istədiyin gələcək nədir? Söz yox, nələrsə deyərlər– istəyərik ki, ədalət olsun, yaxşı bir gedişat olsun… Olsun, bəs kim oldursun və nəyin əsasında oldursun? Bu, prinsipial məsələdir.

 Nə olsun və nəyin əsasında olsun, bunu Asif Ata öz dünyagörüşündə ortaya qoyub. Bu olmalını həyatımıza gətirmək üçün bu Ailə Günündə Ailənin fərdləri bir araya gəlir, 3-5 adam da qıraqdan dəvət edir, gəlsinlər qulaq assınlar ki, bunlar nə düşünür, necə düşünür və özlərini necə qururlar. (Başqa tədbirlərimizdə daha əhatəli söhbətlər gedir.).

…Hər bir fərd atdığı addımı doğru sayır. Doğru saymasa da, addımı atdığı üçün ona bəraət axtarır, yəni özünə məntiq uydurur. Bir dəfə keçmiş bir Ocaqqçı mənim evimə bizneslə məşğul olan adam gətirmişdi. Bu adam mənə deyir ki, sizin yazıdan oxudum, siz kapitalizmi pisləyirsiniz. O, mənə kapitalizmin “gözəlliklərindən” danışmağa başladı. Mən dedim ki, indi sənin özünə yarar əldə elədiyin bir qənaətin var. Bu qənaəti mənə sunmağa çalışırsan. Bəs yaxşı, səndən beş addım o tərəfdə insanların necə düşündüyünü, necə yaşadığını fikirləşmisənmi? Deyir, onlardan mənə nə, onlar da getsin özləri düşünsün.

Mən həmişə yazıram ki, kapitalizm “bacarana baş qurban” prinsipidir. Kim harda bacarır, qamarlayır. Düşünən yoxdur ki, bunun əlili var, qocası var, yoxsulu var, az savadlısı var. Az savadlını acından öldürməlisən? Kimin ağlı çoxdursa, zehni inkişaf eləyibsə, belə çıxır ki, o yaşamalıdır, o biriləri yaşamalı deyil? Bu nədir, əzizim? Nitşe deyilən biri var. Nitşenin fəlsəfəsidir bu. Fövqəlinsan ideyası var Nitşenin. Üstün insan yox, İnsanüstü. Bir var sənin fərdi keyfiyyətlərinin üstünlüyü, gözəlliyi, bir də var sənin başqası üzərində üstünlüyün. Təbii ki, başqasından mənəvi üstünlüyə fövqəlinsan deməzlər. Mənəvi üstünlük gözəl bir şeydir. Nitşe deyir ki, insan aciz duruma düşərsə, o, yaşamaq haqqını itirir. Deməli, həm insanı aciz duruma sal, həm də ona yaşamaq haqqı tanıma. Gedişat insanı aciz duruma salır, cəmiyyət insanı aciz duruma salır, dövlət insanı aciz duruma salır. Biz dövlətlə bağlı yüksək fikirdəyik. Ancaq dövlətin başında duran var. İnsanı həyatın içindəcə çıxdanc edir. Həmən çıxdanc olan insanın qəlbində vətən sevgisi becərilməz. Həmən çıxdanc olan insanın qəlbində insan sevgisi becərilməz. Dəyərləri tanımaz, sevməz. O çıxdanc olan insanın həyat gözündən düşür. Həyat gözündən düşən insanın hər şey gözündən düşür. Ona görə bir var özü üçün yaşayan, fövqəl imkanlara can atan adamlar. Onlar harda əlinə keçdi qamarlayıb yığırlar. Onlar üçün onsuz da vətən yoxdur. Onlar üçün topladığı sərvət var. Onun beyni, düşüncəsi o topladığı sərvətlə məşğul olur, Vətənlə məşğul olmur. Bir var bu tip insan, bir də var çıxdanc olan insan. İki qütb yaranır – biri özü üçün yaşayan, biri isə aciz duruma düşən və çıxdanc olan. Bunların hər ikisinin qəlbindən vətən hissi çıxdanc olub. Hər ikisinin içində millət duyğusu yoxdur. Gedişat budur. Bütün bunları tarixin, bəşəriyyətin aşamalarında ayrı-ayrı dühalar görür, göstərir insan hara gedir. Ümumiyyətlə, bəşəriyyət, bu nizamsızlıqla hara gedir? Görür və deyir. Fəlakətlərin üzərində vurğu edir, müəyyən mənada ortaya nicat yolunu da qoyur. Ancaq bu nicat yolunu elə qoyur ki, əsaslı xarakter daşımır. Əsaslı olmadığına görə də biz, bəşəriyyətin hər bir nəsli, hər bir aşamada yenidən xilas yolu axtarmalı oluruq. Bu da ona gətirib çıxarır ki, insan daim həyat uğrunda mübarizə aparır. Həyat uğrunda mübarizə eləməzlər, Həqiqət uğrunda mübarizə edərlər. Həqiqət uğrunda mübarizə edərsən, onda həyat gözəl olar. Bu həqiqət nədir bəs?! Hər kəs özünün düşündüyünə, atdığı addıma həqiqət kimi baxır. Asif Ata deyir ki, sənin atdığın addım həqiqət deyil. Ağlına ilk gələnə həqiqət demə. Həqiqət insan qəlbinin bütün dərinliklərində olan gözəlliklərin üzə çıxması, ifadəyə gəlməsidir, gerçəkləşməsidir. “Özüylədöyüş” onun üçün lazımdır. Cəmiyyətdən gələn, basqıdan gələn, hər bir antiinsani münasibətlərdən gələn əhvallar oturur adamın içinə. Uşaq məktəbə gedəndən sonra onun şüurunda oturuşmağa başlayır. Nəyi müşahidə edirsə, o da onun içində oturuşmağa başlayır. Bu saat uşaq, gənc toplumdan daha çox yaman şeylər götürür, onun əsasında ömrünü qurur. Ömür də bada gedir. Ona görə də insana qıraqdan olan basqılar, təsirlər onların içində hər şeyi söndürməyə köklənir. İmkan vermir ki, içimizdə mənəviyyat işığı yandıraq. Başımızı həyat, səfalət, aclıq elə qatır ki, insanların bir-birinə münasibəti antiinsani olur.

DSCN1916

Asif Ata Ruhani Ailə biçimini yaratdı ki, Ailədə 3 nəfər, 5 nəfər olsun, bunlar ayda bir dəfə toplanmaqla özlərinin ağlını, mənəviyyatını, iradəsini qursunlar. Özünü yaradan, həqiqətini tapan hər bir insanın içində Vətən məsələsi, Millət məsələsi oturur. O, vətənlə, millətlə bağlı səmimi, sağlam addımlar atır, döyüşə başlayır. Bu olmayanda nə olur? Baxın, Azərbaycanda yüzlərlə təşkilatlar fəaliyyət göstərir. Bu təşkilatların heç birində milli söhbətlər getmir.  Hər kəs asacaq, kəsəcək, o eybəcərdir, bu pisdir deyəcək. Yaxşı, pisdir, bildik, neyləyək? Bir nəfər başbilənin ortaya çıxsın desin ki, filan şeyi edək.

 Deyirlər ki, “hakimiyyəti dəyişək, biz hakimiyyətə gələk, hər şey gözəl olacaq”. Bu, avantüradır. Min ildir bu sözü deyirlər. 2300 ildir demokratiya yaranıb. Sənin yaxandan tutur, yaşat məni. Sən də yaşadırsan. Demokratiya dövlət ideologiyasına çevrilib, fərdi mənafeləri qoruyur. Deyirlər demokratiya yaxşı şeydir. Soruşuram, nədir yaxşı şeyi, ortaya qoy.

Sözümün başlanğıcında dedim ki, hər bir insan özü üçün “gələcək” haqqında düşünür. Ancaq bu gələcək nədir, onu bəlli eləmək gərəkdir. Bizim üçün konkret bir “Gələcək” var. Biz bu gələcəyi müəyyən eləmişik. Asif Ata deyir: “İnsanlaşın – İnsanlaşdırın!”

İnsançılıq əsasında yaşamaq, özünün insanlığını yaratmaq, təsdiq eləmək. Bütün aşamalar bundan sonra başlanır. Bütün münasibətlər bundan sonra olur. Nə qədər ki sənin, insan olaraq, öz imkanlarını aşkarlamağın baş verməyib, mən sənə heç nəyi etibar eləyə bilmirəm. Biz inamçıyıq, sənə inanaram, ancaq sən də özün özünə inan. Gör inana bilirsənmi? Özünü aldatma. İçinin dərinliyində özünə sual ver, gör özün öz ipinin üzərinə odun yığırsanmı? Sən özün özünə vətənini etibar edirsənmi? Millətini etibar edirsənmi? Dövlətini etibar edirsənmi? Ləyaqətin varmı buna?

Böyük şəxsiyyətlər başlanğıcda etiraf ediblər ki, özlərinə axıra qədər etibar etmirlər. Etiraf edə-edə böyük şəxsiyyət olublar. O zaman ki, insan içindəki cılızlığı görür, göstərir, etiraf edir, onda böyük olur.

Bütün toplumun ağlında liberal, mücərrəd “gələcək” var. Heç kim o gələcəkdə sağlam, səmimi düşüncəyə malik deyil. Heç kəs üçün o gələcəyin özülündə milli nəsnə, qatqı yoxdur. Özünün qatqısı yoxdur. Ona görə də bu gələcəkdən Gələcək olmaz. Bu gələcəkdən qaranlıq bir keşmiş olar. Əgər liberal gələcəkli adamlar öz milli keçmişinin üzərinə xətt çəkə bilirsə və öz gələcəyinin üzərinə milli dəyərlərini yerləşdirə bilmirsə, əlbəttə, tərəqqidən danışmaq mümkün deyil.

 Asif Atanın prinsipləri ondan ibarətdir ki, hər bir şəxs özündə yüksək idealların mahiyyətini görə bilsin və ona qovuşa bilsin.

Biz çoxsaylı insanlarla görüşüb söhbətlər aparırıq. Heç kimin sevgisində, ağlında Azərbaycan yoxdur. Sənin dəyərin deyə bir şey yoxdur, halbuki o dəyər səni millət halına gətirə bilər. Ona görə nə qədər imkan var, harda imkan var, Azərbaycan toplumuna dəyərlərini tanıtmaq, özünə vermək gərəkdir. Bunun üçün də sən özünü qur, şəxsiyyətə çevril. O zaman mübarizə də aydınlaşır.

 Bu gün Naxçıvanda çoxsaylı dindarları həbs ediblər. Bakıda da Qaraçuxur məscidini yandırıblar. Mən dini qəbul eləmirəm, amma inanın, bu mənə çox pis təsir elədi. Ona görə ki, Qaraçuxur məscidində dəhşətli bir cəhalət böyüyür. Dəhşətli bir fəlakət böyüyür. Onu yandıranlar bu fəlakəti daha da sürətləndirir. Onlara basqı göstərməklə insanların gözündə onları qaldırırlar. Döyülən mərhəmət hissi qazanır. Cəhalətə yol açırlar.

Naxçıvanda dindarları tuturlar. Onlar da informasiya ötürürlər ki, bizi döyürlər-filan. Dinin VII əsrdə elədiklərini XXI əsrdə dünyəvi dövlət həyata keçirir. Çox böyük fəlakət hazırlanır. Hər tərəfdən müdafiə olunur onlar. Dini qəbul eləməyən insanların da içində mərhəmət hissi yaranır.

Ona görə Asif Atanın Ocağında fərdlərin özünün ömrünü qurması və ulusu üçün bir gələcək müəyyən eləməsi çox böyük hadisədir.

Ağıl lazımdır. Yaşamaq lazımdır. İnsanlar ölümlüyə həsr olunurlar. Bir qisim adamlar səhərdən-axşama restoranlarda, toylarda yeyir-içir. Dünya beş günlükdür, yeyək-içək deyir. Bir qismi də səhərdən-axşama işləyir. Onların ömründən nə qalacaq? Bədən ölümlüdür. Bu bədən öləndən sonra leşdir. Sən o leşə qulluq edirsən. Torpağa gömüləcək leşə qulluq edirsən. Asif Ata deyir ki, ömür qısadır. Qısa ömrü əbədi işlərə həsr edin ki, qalsın. Biz xalq üçün düşünürük, əslində öz əbədiliymiz üçün düşünürk, xalq bizim əbədəliyimizdir.

 Uğurlar diləyirəm. Atamız Var olsun!

Bundan sonra Ailəçilər gələcək işlərlə bağlı fikir bölüşmələrində bulundular.

“Ailə Günü”  “Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə sona yetdi.

Sərt Ayı, 36-il. Atakənd.

(dekabr, 2014. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir