Asif Ata Ocağının ilsırası ilə 29 Qar Ayı, 33-ildə (yanvar, 2012) İnam Evində Ocağın “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birlikdə XI “Ailə Günü” tədbiri keçirildi. “Ata Ruhuna Pənah Gətirmişik!” səcdəsi ilə tədbir başladı və Türkel “Təbiətdəki Mütləqlə Gündüz Təması”nı, Ulunur “Ataya Günorta Ricası”nı dedi. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya Səcdə edərək sözünə başladı. O, ay ərzində Amallaşmasından danışaraq qeyd etdi ki, Ocaqdan kənar ədəbiyyat oxuyanda belə, həyat və Ocaq fərqini aydın görür. Atanın həqiqət ölçüsü ona axtarışlar, habelə insanların duyğu və düşüncələrinə yanaşma imkanı verir: “Ömrün məqsədi ucadırsa, yaşamaq aydın olur, həyata yanaşma uca olur. Amal mayakdır, yolgöstərəndir. O işıqdan tutub yol gedirəm. Hər əməldə məqsəd doğrulduqca fərəh də artır”. Nurtəkin Atalı xalqlaşma əməllərindən danışdı. Fərdi görüşlərində Amalın mahiyyətini öyrətməsindən bəhs elədi. Xalqlaşmanın həm Ocaq üçün, həm də ətrafdakılar üçün zəruriliyini şərh etdi.
Ulusəs Atalı Ataya Səcdə edərək Bayrağı öpdü. Mütaliə etdikcə Amallaşdığını, müqayisələrlə və axtarışlarla Amala daha da yaxınlaşdığını qeyd etdi. Kamilləşmə haqqında danışarkən qeyd etdi ki: “İnsanın özünü yaratmasının ətrafa, xalqa təsirini indi daha yaxşı anlayıram. İnsan özünü dəyişməsə, xalqı dəyişə bilməz. Ali həyat haqqında düşüncələrim Ocaq meyarı ilə yönəlir. Amal içimin qurulması kimi daha yaxşı ifadə oluna bilər”. Ulusəs Atalı gedişatdakı mövzular üzrə fikirlərini inkişaf etdirdi. O, hesab edir ki, Ruhani mühitin sağlam olması özüylədöyüş əməlinin dərk olunmasına, fərdlərin əməli olaraq özünü ifadəsinə bağlıdır.
Nurtəkin Atalı Ruhani mühit haqqında fikirlərə əlavə olaraq bildirdi ki, içəridə həsədi qovanda, başqa Ocaqçının uğuruna sevinəndə yaranır ruhani mühit. Ocaqla bağlı hər hansı bir şeyə qayğılananda, Ocaqçının yanında olanda, dəstək olanda yaranır ruhani mühit. Amallaşdıqca, Ocağa bağlandıqca ruhani mühit daha da ucalır, ciddi inam və güvənc hissi yaranır.
Türkel Atalı özüylədöyüş yönündən yazılarını oxudu. O, özünümüşahidə əsasında özündə gördüyü qüsurları etiraf etdi. Özünü görməyə, tanımağa çalışır. O, Mərasimdə Ocaq ömrü haqqında hesabat verməyə hazırlaşdığını bildirdi. Təhsil fərəhsizliyi və məktəbin insana heç nə verməməsi ilə bağlı təhlillərini oxudu.
Türkel Atalı “Ailə Günü” tədbirinin özü üçün önəmini də vurğuladı. Halının köklənməsində özüylə döyüşmək istəyinin ardıcıllaşmasında “Ailə Günü”nün müstəsna rolunu izah elədi.
Üstün Atalı mütaliədən əldə etdiyi qənaətləri bölüşdü. Özüylədöyüş əməli haqqında danışarkən özündə müşahidə etdiyi qüsurlarını dilə gətirdi. Özüylədöyüş əməlini Ricalardakı tələblərlə aparır və gün ərzində halını Amalın tələblərinə kökləməyə çalışır.
Ulunur Atalı ötən “Ailə Günü”ndən bu yana öz halı üzərindəki müşahidələrini bölüşdü: “Fərəhim artır. Hər işi vaxtında görməyin məsuliyyətini düşünmüşəm və bu mənə çox yaxşı təsir edir. Məktəbdə uşaqlarla söhbətlər aparmışam. Onların ağlında din xurafatı ciddi təsirə malikdir. Bir də mən ömrümü (Ocağa qədər və Ocaqdan sonra) təhlil etməyə çalışdım. Ocağa qədər ən adi həqiqəti görmürdüm, ömrüm sanki boşluq içində idi. Ocağa üzə düşüb gəldim. Amaldaşlarım kimi danışa bilməyə həvəslənirdim. Amma bu yolun və yükümün mahiyyətini təzə-təzə anlayıram. Hələ öyrənməyə çox şeylər varmış”.
Məktəbdə müşahidə etdiyi bir hadisəni də bölüşdü: “20 Yanvarla bağlı tədbir keçirmək üçün şagirdləri şeir deməyə hazırlayırdılar. Onlar şagirdlərə öyrədirlər ki, şeir deyəndə ağlamaq gərəkdir. Hər şey nə qədər sünidir. Bu, şagirdlərdə daha da xoşagəlməz hal yaratdı. 20 Yanvar faciəsini belə səviyyəsizliklə anlamaq olmaz”.
Yasin Türksoy iki Ocaq Ailəsinin tədbirində iştirak etməkdən məmnun qaldığını dedi. Sonra keçən dəfəki “Ailə Günü” tədbirindən aldığı təəssüratları bölüşdü. Ocağın kamilləşdirici və öyrədici funksiya daşıdığını vurğuladı. Tədbirin “Müqəddəs Oxuma” hissəsində fikirlərin açılmasının gözəl mühit yaratdığını qeyd etdi. O, Ata həqiqətini öyrəndikcə, onu başqalarına öyrətmək həvəsinə düşdüyünü dilə gətirdi.
Nəsibə xanım apardığı təbliğatlardan və bu zaman çoxsaylı Ocaq ədəbiyyatları yaymasından danışdı.
Ocaq Yükümlüsü Soylu Atalı Ataya Səcdə edərək Bayrağı öpdü. O qeyd etdi ki, “oxuduğumuz ədəbiyyatlarda Amalla bağlı, Ata həqiqəti ilə səsləşən məqamları qeyd etməli, açmalıyıq. Ataya dayanaraq izah etməliyik o məqamları.
Özüylədöyüşdə düzgün təhlil gərəkdir. Sözümüzü, halımızı etiraf eləməkdən çəkinməməliyik. “Mən balacayam” deməyim yaşadığım dövrü təmsil edir. Mən nəyəmsə dövr də odur. Əgər ondan çıxıramsa, deməli, dövrümün üzünü ağardıram. Mən 200 il bundan sonra üçün dövrümü təmsil edirəm. Ruhum kamildirsə, dövrümə verdiyim hal da kamildir. 200 il bundan sonra sənin sabaha təqdim elədiyini bilənlər, öyrənənlər başqasının cılızlığını görməyəcək, məhz sənin kamil halını, apardığın mübarizəni görəcək. Sivilizasiya dəyişikliyi budur. Yeni hal, yeni sivilizasiya yaradırıq. Halımızı təqdim eləməkdən qorxmaq gərək deyil, bir şərtlə ki, mühiti qarışdırma, başqasını qarışdırma, öz içini qarışdır. Adam öz içiylə səmimi olacaqsa, özünü aldatmayacaqsa, bəşəriyyəti də aldatmayacaq. İnsanlıq sənin timsalında sabaha gedir çıxır.
Deyirik ki, cəmiyyətin halı tamam dəyişib. Cəmiyyətə nə qədər deyəcəksən sən balacasan? Cəmiyyət niyə balacadır, balacalığın səbəbi nədir, göstər. Görüm sənin ürəyini. Dünya sivilizasiyası deyilən nizam sənin içindən başlayır.
Nəsimi öz zamanında haray çəkib bugünə söz deyirdi. Mən onun sözünü götürürəm, özümü öyrənirəm. O mənə deyir ki, sən insansan, ali keyfiyyətlər daşıyıcısısan. Bu gün burdan dediyimiz söz 500 il sonraya dediyimiz sözdür. 500 il bundan sonrakı zamana həqiqəti çatdırmaq üçün bu gün söz deyirik. Sabaha ünvanlanan söz.
Özünü döyürsən, içindəki cılızlığı qovursan, içində gözəllik yaranır. Bilirəm ki, içində həsəd saxlamadın, xudpəsəndlik saxlamadın. Ona görə sevdim, doğmalaşdım sənə. Özümü səndə gördüm. Budur Ruhani Mühit. İki insanın arasındakı ülvi münasibət Ruhani Mühitdir. Bir insanın öz içindəki fəzilətləri aşkarlamasıdır Ruhani Mühit. Fərd özünü döyür, özüylə razılaşmır, gözəlliklər axtarır, bunu sabaha daşıyır, bunu görürsənsə, görümün Ruhani Mühit yaradır.
Atadan sonra bu qədər ağrılarla yaşadıq. Bu özü müqəddəslikdir. Fərəhimizin əsasında duran nədir? Özümüzü qurmağımız, Xalqlaşmağımız, xalqa həqiqəti çatdırmağımız. Bunları edə bildiyimiz üçün fərəhlənirik.
Kim səndə nəsə axtarırsa, bu sabaha getməyəcək. Sabaha sənin özünlə məşğul olmağın, özündə həqiqət naminə axtardığın, özünü döymələrin, böyütmələrin gedəcək. Bu, həm Amallaşmaqdır, həm Kamilləşməkdir, həm Xalqlaşmaqdır”.
Güney Azərbaycandan iştirak edən qonaqlar Məhəmməd Bəxtəvər və Ramin bəy tədbirə dəvət edildikləri üçün təşəkkürlərini bildirdilər və Ocağa maraqlarının ciddi olduğunu ifadə etdilər.
Tədbirin “Müqəddəs Oxuma” hissəsində Asif Atanın “İnam Fəlsəfəsi” kitabı oxundu və gərəkən səviyyədə şərh edildi.
“Ata Ruhunu Ürəyimizdə aparırıq”, “Atamız var olsun!” Səcdəsi ilə tədbir yekunlaşdı.
Tədbirdən sonra Güneylilərlə ətraflı söhbətlər aparıldı.
Qar Ayı, 33-il.
(yanvar, 2912)