Xəbərlər

“Uluyol-Hünər”Ailəsinin aylıq toplantısında deyilmiş düşüncələr

Ocaq Günsırası ilə 19 Xəzan Ayı, 41-ci ildə (oktyabr, 2019) “Uluyol-Hünər” Ailəsinin Ailə Günü keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Xoş gəlmisiniz. Çoxdandır bu ünvanda tədbir keçirilmirdi. Yenidən sevindim. Ay içində Ocaqla bağlı bəlli işlər görmüşəm. Son həftəni isə ən çox oxu işləriylə uğraşdım. Günlərimi sırf Amallaşmaya həsr elədim. Bir şeyi yenidən düşündüm: Qayğılar həmişə var. Ancaq, doğrudan da Amallaşanda bu qayğıların ötəsinə qalxa bilirəm. Doğrudur, problemləri tam həll eləmirəm. Ancaq düşüncə məni elə bir hala qaldırır, onun niyəliyini anlayıram. Həyatın çətinliyini anlayıram. Bu açıdan Amallaşmamı bu cür ardıcıl edəcəm, etməyim də gərəkdir. Çünkü hal yüksək olmalıdır. Yüksək olmalıdır ki, durumu olduğu kimi görə biləm. İki yol var: ya zaman axışında ölməli, ya zaman axışını ötməli. Ya zaman axışı insanı öldürür, ya insan zamanı dirildir.

 

 

 

Adam həqiqəti dərk edəndə ayılır. Ayılırsa, ayrılmalı həyatdan, ortamdan. Ayrılmırsa, hələ aqibəti öz əlində deyil. Ata deyir, həqiqət işıqdır. İşıq hər zaman gözlə görünür. Ancaq idrakın gözü qapalıdırsa, başqa sözlə, adam inadla gözünü qapamağa meyillidirsə, həqiqəti görə bilmir. Qaranlıq ona həqiqət kimi gəlir. Son zamanlarda bəzi dinə meyilli adamlarla danışmağa cəhd elədim. Gördüm ki, milli söhbətləri dərk eləmirlər. Yəni din onları elə qapayıb ki, milli söhbətlərdən belə onlara yaxınlaşmaq olmur. O dərəcədə kütləşmə var. Adam Allaha yalvarır, dua edir, üz tutur, bununla Allahla özü arasında bağlantı qurduğunu düşünür. Daha doğrusu, uydurur. Bu uydurma ilə adam Allaha yaxınlaşdıqca özündən ayrılır. Adam mənasızlığa elə alışır, uyğunlaşır ki, mənanı ona anlatmaq olmur.

Son bir həftədə Bruno haqqında kitabı oxuyuram. Əslində kitabı hələ tam bitirməmişəm. Ancaq bir şeyi anlayıram, Soylu Atalının da dediyi kimi, başqa ədəbiyyatı oxuyanda Atanı daha da dərk eləyirsən. Başqa bir ömrü oxuyanda da Atanın ömrünü görmək olur. Adam həqiqəti dərk eləyir, onu anlatmağa çalışır. Nə qədər çətinliklər çıxır qarşıya. Çox əzablı çətinliklər. Bu həm də onu göstərir, tarixdə bizim nə qədər həqiqətsevər dahilərimiz olub, onlar nələrlə qarşılaşıblar. Onları düşünəndə özümü düşünürəm. Bəs mənim ömrüm?! Mən hansı çətinliklərlə üzləşirəm? Son aylarda mən xalqlaşmıram, əngəllərlə qarşılaşmıram. Deməli, özümü çətinliklərə salmıram. Əgər mən həqiqəti dərk eləmişəmsə, bunu anlatmalıyam. Başqa cür mənim də sabahım qurulmur. Belədə millətin sabahı da qurula bilməz. Nə qədər həqiqətçi insanlar gərəkdir, milləti ayıltsın. Çox işlər görməliyik, doğrudan da. Adam həqiqətlə doğmalaşdıqda, onunla bir olduqda anlatmağa çalışır. Onun inandığı da həqiqət olur, dayaq olanı da. Qarşıdakılar onu anlamırlar. Ona qarşı danışırlar, təhqir edirlər. Ancaq həqiqət elə bir dayaqdır, yıxılmağa qoymur. Həqiqət elə bir işıqdır, ümidsizliyə yuvarlanmağa qoymur. Həyatla insan arasında uçurum varsa, həqiqət uğrunda ölüm belə həqiqətin təsdiqi olmalıdır. Yalanlar ona görə yaşayır ki, həqiqət uğrunda savaşanlar tək-təkdir. Atanın “Həqiqətlər” kitabında belə bir düşüncəsi var: “Gerçəkliyin fəlakəti məna işığında görünür”. Ancaq biz fəlakəti görürük, mənanı görmürük. Mən bunu belə anlayıram, həyata baxanda, ya da həyatda elə bir adam görməzsən, əzab çəkməsin. Ancaq bu əzabın niyəliyini özü dərk eləmir. Dərd içində də ölür. Gerçəklik ona dərd olur. Mənanı dərk edəndə gerçəkliyin gətirdiyi dərdi də tamamilə başqa cür görmək olar.

Mənim düşündüklərim bu qədər. Ən önəmlisi odur, mən bu Amallaşmada düşünürəm, özümü kökləyə bilirəm. Bunu davam eləyəcəm.

Atamız Var olsun!

Soylu Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Yaşamaq, bir də sürünmək var. Yaşamaq düşünmək deməkdir. Yaşamaq görmək, döyüşmək deməkdir. Ayrı cür yaşamaq yoxdur. Ayrı cür olanda olur sürünmək. Nə eləyirsən elə, heç vaxt sən deyə bilməzsən, həyatda hansısa çətinliklər olmayacaq. Əgər çətinliklərə tabe olsan, onda çətinliklər səni yaşamaqdan ayıracaq. Mən ərəb, fars ifadələrini işlətmirəm (məsələn, demirəm məhrum edəcək). Səni düşünməkdən, döyüşməkdən ayırır. Varlığını yoxluqla əvəz eləyir. İnsanın yönü, yöntəmi heyvanın yönündən, yöntəmindən fərqlənməlidir. Heyvanla insanın bioloji fərqi yox kimidir. Heyvanın da döl artırma qabiliyyəti var, adamın da. Heyvan balanı bəlli yaşa çatdırdıqdan sonra ondan ayrılır. Sonra da otlamağıyla uğraşır. Baxın görün, adam bu mövcudluqdan fərqlənirmi? İnsana dil verilib, söz verilib. Söz insanı heyvandan ayıran başlıca hikmətdir. İnsan doğduğuna yön verir, şüur verir. Bu şüuru vermək üçün sözdən yararlanır. Heyvanın sözü yoxdur. Ona görə balasına şüur vermir. Sözü olmadığı üçün şüuru da yoxdur. İnsan şüur verir. İndi insan hansı şüuru versin doğduğuna, böyütdüyünə? Hansı şüuru öyrənirsə, yaşadırsa, onu verir. Bizə şüuru kim verir? Hansı söz şüurumuzu yönətir? Bax, Asif Ata bizim şüurumuzu doğru yönətmək üçün söz yaradıb, söz deyir. Əgər biz Asif Atanın sözünü anlamasaq, yaşamasaq, onda minilliklərin sürünənlərindən ayrıla bilməyəcəyik. Nurtəkin bayaq çıxışında deyir, iki yol var: ya zamana boyun əymək, ya zamandan ayrılmaq. Nə deməkdir zamandan ayrılmaq? – Zamandan ayrılmaq, yenə deyirəm, min ildir sürünənlərdən ayrılmaqdır. Sürünənlərin psixologiyasından, şüurundan ayrılmaqdır. Onlar kimi olmamaqdır. Onlar kimi olmamaq üçün Asif Ata ortaya çıxdı. Bizə yeni söz verdi, söz yaratdı, minilliklərin sürünənlərindən ayrılaq. Biz bunun asan olmayacağını anlamalıyıq. Axın bizi götürüb aparır. Biz nə qədər ağır, çəkili, sanballı olmalıyıq, axın bizi saman çöpü kimi götürüb aparmasın. Ağır, sanballı olmaq üçün özümüzlə ciddi uğraşmalıyıq, ömür yaratmalıyıq, iç yaratmalıyıq. Şüur, düşüncə, mənlik, kimlik yaratmalıyıq. Bunun əvəzində bizə nə aşılanır, bizi hara yönəldirlər? Bunları yaratmaqdan ayırırlar bizi. Barmağını qatla görüm, neçə adam zamandan ayrıla bilir? Çox az. Zamandan ayrıla bilən yaşayır. Ayrıla bilməyən yaşayan görünür, əslində yaşamır. Bunu dərk eləməyimiz gərəkdir.

Mən illərdir izləyirəm, söz deyirəm. Biz ən çox ruhaniyyat xəttində Atadan eşitdiyimiz, az-çox haqqında oxuduğumuz, bildiyimiz Əl Rabiyə haqqında söz deyirik. Mənə elə gəlir Əl-Rabiyə ilə bizim çağımızın arasında bir körpü var. Ancaq bu körpünün bir başı yeni dünya anlamına bağlıdır. O daha parlaq, aydın olmalıdır. O başı mən həmişə Nurtəkində görmüşəm. Bu boyda çətinliklərin içərisində Nurtəkin yenə də əqidəlidir. Yenə də Amala bağlıdır. Yenə də tükənmir. Düzdür, quruculuq işləri azalıb. Ancaq içi azalmayıb. Bu körpü uçmamalıdır. Bayaq mən söhbətimin başlanğıcında dedim, Ocağa, Ocağın tədbirinə ayda bircə yol gün ayıra bilməmək sürünmək də deyil, ölməkdir. Sən nəyi nəyə qurban verirsən? Sən tarixə hökm edən bir sözə arxa çevirirsən. Elə şey eləmək olmaz. Mənə çox ağır gəlir belə şey. Ola bilməmək faciəsidir bu. Sürünmək pis şeydir. Sürünə-sürünə Ocaq ola bilməyənlər haqqında söz deyirsən, durub hədyan danışır. Mən kimsəni təhqir eləmək üçün demirəm axı. Doğru olanı deyirəm, göstərirəm. Çevrəmdəkinə, gələcəkdəkinə göstərməliyəm. Ola bilmirsən, sürünürsən. Bunu anlatmağım gərəkdir.

Mən Atadan sonra özümün öyrətmənim saydığım Tolstoyu yenə oxuyuram. Bir Atadan ayrıla bilmirəm, bir Tolstoydan. Elə məsələlər var, orada  Tolstoyla Atanın arasında bir addım yol var. Ola bilər, bu addım böyük aşamalara bərabərdir. O qədər gözəl, aydın deyir dövlətin insanın başına açdığı oyunu, cəmiyyətin, dinin insanın başına açdığı oyunu. O qədər gözəl deyir, elə bilirəm Asif Ata danışır. Hüquq cəfəngiyyatını o qədər gözəl aydınlaşdırır elə bil qulağımın dibində kaman nəğmə oxuyur. Böyüklərdən böyüklük öyrənmək gərəkdir. Oxumaq gərəkdir. Oxumaq gərəkdir ki, böyükləri həm tanıyasan, həm də böyüklüyü tanıyasan. Böyüyün də, böyüklüyün də qədrini biləsən ki, için böyüyə, böyüklüyə bərabər olasan. Mən Atanı oxuduqca həyata qiymət verirəm. Böyük qiymət verirəm həyata. Mənim üçün Ocaqda olmaq Allahdan yüksəyə qalxmaq deməkdir, başqasını bilmirəm. Cəmiyyəti min illərdir aldadırlar. Cəmiyyət elə bilir Allaha aşiq olub. Eşq mənim üçün dünyanı əzəli saymaqdır. Eşq dünyanı əbədi saymaqdır. Dünyanı əzəli, əbədi saymırsansa, fani dünyanı yaradana necə aşiq ola bilərsən? Faniliyə necə aşiq ola bilərsən? Dünya yoxuydu, Allah nə demək idi onda? Yaxşı dünyanı yaratdın, indi Allah nə deməkdir? Dünya olmayacaq, onda Allah nə deməkdir? Dünya olmayandan sonra insan yoxdur, Allah nə deməkdir? Din bunu verir də sənə. Bu şüuru verir sənin növündən olanlara. Asif Ata sənə öyrədir ki, dünya əzəlidir. Ona görə yaşamağa dəyər. İnsanlıq əzəlidir, əbədidir. Ona görə yaşamağa dəyər. Əzəli olanı dərk eləyirsənsə, aşiqsən. Həqiqət Əzəliliyi dərk eləməkdir. Həqiqətə aşiqlik əzəliliyi dərk eləməkdir. Əbədiliyi dərk eləməkdir. Əbədilik yoxdursa, eşq yoxdur. Yoxluğa aşiq olmaq olmaz ki! Yoxluq yaradana, başqa sözlə, fanilik yaradana aşiq olmaq olmaz ki. Əslində dinin insana, insanlığa münasibəti, yaratdığı hal yoxluğun varlığa münasibəti kimi bir şeydir. Yoxluğun varlığa necə münasibəti ola bilər? Allah var, qalan heç nə yoxdur. İndi bu yoxluğun varlığa münasibəti nədir? Bir vaxtlar yox olmuşun, sonradan yenə yox olanın, yox olmalı olanın varlığa münasibəti nə deməkdir? Özünün anlamı, sevgisi əbədiliyə bağlı deyilsə, əbədilik onun üçün nə deməkdir? Asif Atanın öyrətdiyi həqiqət budur. Dünyanı əzəli say, çünkü o, əzəlidir. Dünyanı əbədi say, çünkü o, əbədidir. Əzəli, əbədi sayarsansa, xoşbəxt olarsan. Çünkü əzəliliyin, əbədiliyin tələbinə uyğun yaşayarsan. Əzəlini, əbədini görməsən, var olmazsan. Bu hikməti anla, dərk elə. Asif Atanın dediyi söz, yaratdığı yön budur. Bundan hara qaçırsan? Yarasa kimi necə gizlənə bilərsən bundan? Bundan qaçıb özünü necə var saya bilərsən? Gözünü açırsan, başını qaldırırsan, Asif Atanın gözünün içinə baxırsan. Gör cəsarətlə baxa bilirsənmi? Əgər dünyanı əzəli saymırsansa, dərk eləyə bilmirsənsə, Asif Atanın gözünün içinə necə baxacaqsan? Baxa bilməyəcəksən. Baxa bilməyənlər ayrıldılar, tükəndilər. Dedilər, Asif Ata, sənin öyrətdiyin əzəlilik, əbədilik mənə gərək deyil. Getdilər məişətlərini yeməyə…

Ona görə deyirəm, din səni aşiq böyütmür, dinin yanına getmə. Mütinin, kölənin eşqi olmur. Din Fani dünya yaradana aşiq ol deyir. Nə anlam daşıyır axı onu sevmək? Ona görə dünyanı sevmir. Fani sayır. Dünyanı əzəli, əbədi saymır. Dünyanın əzəliliyini, əbədiliyini dərk eləmir. İnsanı əzəli saymır. İnsanlığı əbədi saymır. Ona görə də dünyaya, insanlığa münasibəti əyridir. Ona görə dünyanı, insanı sevmir. Ancaq özünü aldadır ki, Allahı sevir. Allahı dünyadan, insandan ayırmaq Allahı yox eləməkdir. Bu gün böyük bir insan kütləsi var. Mitinqə qaçır. Bilmirəm o mitinq ona nə verəcək? Kimi dindirərsən, deyər etiraz eləyirəm. Sənin için yoxdur. Nəylə etiraz eləyirsən? Sayla, bağırmaqla etiraz eləmək uğura çevrilmir axı. İçin yoxdur axı. Sənin tapındığın din də, siyasət də insan kütləsindən yalançı, həm də qaragüruh bəsləyir, yaradır. Asif Atanın təlimi, yaratdığı söz sənin içində şüur, ruh yaradır. Sənin ruhunu öldürənlərə etiraz eləyir. Dövlət sənin canını qoruyur. Dövlət sənin boynuna minnət qoyur. Səni hər cür əzir, ancaq elan eləyir, mən səni qoruyuram. Polisim, hərbim ondan ötrüdür. Baxın, ruhumu öldürüb mənə həyat verir. Məni sürüyə çevirib, mənə həyat verir. Asif Ata sənin ruhunu yaratmaq istəyir, qorumaq istəyir. Sənin ruhunu öldürənlərə etiraz eləyir, çörəyini əlindən alanlara yox. Ruhun, mənliyin, kimliyin olsaydı, sənin çörəyini heç kim əlindən ala bilməzdi axı. Sənin ruhunu öldürürlər. Sən gedib çörəyinin dalınca qaçırsan. Çörəyini əlindən alana heç nə eləyə bilmirsən, çünkü onun qolu səndən zorludur. Ancaq sənin ruhun qüdrətli olarsa, sənin çörəyini əlindən ala bilməz. Bunu anlamaq gərəkdir. Bunu insanlar anlamır. Ancaq bunu beş-üç adam dərk eləməlidir. Bu həqiqətin, hikmətin dalınca getməlidir, bunu yaşatmalıdır. Mən hər gün işləyirəm. Çəkici də döyürəm, beynimi də işlədirəm. Sözüm də yeriyir, əlim də. Hər gün çox adama söz deyirəm. Ya canlı, ya telefonla, ya da səslə. Çünkü mən insanlığı əzəli, əbədi sayıram. Çünkü mən əzəli, əbədi saydığımın aşiqiyəm. Heç kim mənə dünyanı yox saydıra bilməz. Dünyanı hər kəs mənə yox saydırmağa çalışdı, Asif Ata dünyanı mənə var saydırdı. Ona yetdi. Necə ola bilər indi mən Asif Atanın arxasından qırağa durum?! O, insanlığı var saydırdı. Hamı insanlığı yox sayır, fani sayır. Asif Atanın yaratdığı söz Ocağı elə bir işığa çevirib, bu işqıda hər kəsin içinin qaranlığı əriyə bilər istəsə. Ocaq vüqar, qürur deməkdir. Ocağa gəlmək vüqara, qürura gəlmək deməkdir. Vüqarı eşitmək deməkdir. Mən sözümün başlanğıcında misalı ona görə çəkdim. Sən 20 il Ocağa ayağınla gələ bilərsən. Ayağınla gələrsən, ayağınla qayıdarsan. Ancaq elə də olar ayağınla gələrsən, ürəyinlə qayıdarsan. Onda sən olarsan həqiqətçi. Onda sən niyə yaşadığının fərqinə vararsan. Necə yaşadığını yoluna qoya bilərsən. Biz Asif Atanı eşitsək, necə yaşamağı yoluna qoya bilərik. (Mən qoyuram). Bunu biz dərk eləməliyik. Mən bədii söz danışmıram, yüksək, gerçək söz danışıram. Asif Ata göylərin işığını söndürənlərə qarşı böyük etirazdır. Göylərin işığını yenidən yandırmaqdır. Göylərin işığı söndüyü üçün həyatımız qaranlığa qərq olub. Nə istəyir? Deyir yaşa, yaşatdığını da başqalarına anlat. Sonuc gözləmə. Xristianlıq Ocağın bir yarpağıdır. Ancaq xristianlıq kimi təlim 300 il sonra qəbul olundu. Özünəxas nizam da yaratdı. Barbarlıqdan çıxartdı hardasa. Gör neçə soy (nəsil) onu davam elədi, neçə soy onu yaşatdı ki, qulaqlar doldu, diləklər işə düşdü. Ona görə Asif Ata deyir, gəl öyrən yaşa, yaşatdığını öyrət. Mən çəkici əlimə vurmuşam. Çəkici dayandırıb günorta ricası söyləmişəm. İçim o qədər gözəlləşib, o qədər özümü yaxşı hiss eləmişəm. Çalışmaq gərəkdir, özünü aldatmamaq gərəkdir. Doğrudan da, əqidəylə uğraşmaq gərəkdir. Səmimiyyət, doğruluq, xoşbəxtlik ordadır. Başqa cür xoşbəxtlik yoxdur. Özünü aldatma var. Yalan olan yerdə xoşbəxtlik ola bilməz. Asif Ata belə anlamda deyir, əgər həqiqətdə toz qədər yalan varsa, onda o həqiqətdən yan keç. İnsanlar düşünə bilər, biz həqiqəti eşitmək üçün hökmdürmü bura gələk?- Hökmdür. Sənin için qüdrət səngəri deyil ki, deyəsən gəlməsəm də olar. Mən, Soylu olaraq, doğru yönə çaba göstərməyimə baxmayaraq, yenə də köklənirəm. Hər gün, hər ay köklənmək gərəkdir. Hər an köklən ki, günündə aydınlıq olsun. Mənim sizə deyəcəyim söz budur. Hər kəs özü Ataya daha yaxın olmağa çalışmalıdır. Ataya daha yaxın olmağa çalışdıqca için işığa qərq olacaq. Ailə Günümüz qutlu olsun. Ocaqdan od almaq, toplumun varlığına işıq aparmaq gərəkdir.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun! Atamızın Bayrağını öpürəm.

Nurtəkin Atalı: Soylunun çıxışında bir söz məni tutdu. Deyir, Atanın gözünün içinə dik baxmaq. Doğrusu onu deyəndə içim titrədi. Doğrudan da, Atanın gözünə nə dərəcədə baxa bilərəm? Düşünməliyəm.

Soylu Atalı: Atanın baxışı həqiqətin işığıdır. Həqiqətin işığında hər şey aydın görünür. Atanın gözünün içinə baxarsan, özünün kim olduğunu görərsən. Əgər özün böyük olmasan, doğruçu olmasan, Ataya layiq olmasan, o gözün içinə baxmaq çətindir. Biz fiziki olaraq hər şeyə dözümlü deyilik. Ona görə biz Günəşə eynəyin arxasından baxırıq. Biz mənəvi olaraq həqiqət işığına eynəyin arxasından baxa bilmərik. Aydın baxmalıyıq. Bundan ötrü için qüdrətli olmalıdır. İçin qüdrətli olarsa, həqiqətin gözünün içinə dik baxa bilərsən.

Nurtəkin Atalı: Biz gediş yazısında qutsal oxumanı “Təzadlar” kitabı yazmışıq. Ancaq mən “Mütləqə İnam”dan “İdealda Mütləq” hissəsini istədim oxuyaq.

Soylu Atalı: Gediş yazısı hökmdür. O qollanır, tamğalanır. Ruhani hökmü niyə dəyişirsən? Biz bəzən saatı dəyişirik qaçılmaz olaraq. Ancaq bilirik qaçılmazlıq var orda. Ona görə o sorumluluğun altına giririk, işi yoluna qoyaq. Ancaq ruhani hökmü dəyişmək asan olmamalıdır. Oxu, ancaq sonralar gözə al. Ocağı qorumaq o deməkdir.

Göylü Atalı “İdealda Mütləq” içsəsini oxuyur.

“İdeal insanda həmişə Mütləq səviyyəsində peyda olur. İdeal gerçəklikdə həmişə nisbi səviyyədə təsdiq olunur. İnsan öz idealında həyata sığmır. İnsanın ideal aləmi həmişə gerçəklikdən üstün olur”.

Soylu Atalı: Maraqlı bir məsələdir. “İnsan İdealda həyata sığmır. İdeal gerçəklikdə nisbi təsdiq olunur.” Niyə? Çünkü ideal heç bir vaxt özünə bərabər gerçəkləşə bilməz. Ancaq insan niyə həyata sığmır? Çünkü insan hər an ideala can atır. İdeala can atdığı üçün həyat ona balacadır. Hər an həyatla yetərlənmir. Bir cümlədə nə qədər böyük hikmət var.

Göylü Atalı: “….. Gerçək həmişə asılıdır. İdeal həmişə azaddır.”

Soylu Atalı: Gözəl şeylər aydınlaşır. İnsanın əlindən çörək düşər, toz olar. Acdırsa, o çörəyi atır. Bəs o çörəyi atandan sonra nə yeyəcək? Əlində başqa çörək olmalıdır, onu atanda yeyə bilsin. Maraqlı odur, deyir, əbədiliyə uyğun olmayan ideal ideal deyil. Məsələn, biz deyirik bu həyat, bu gediş, bu rejim pisdir. Bu dövlətin başında duranların həyat sistemi çox pisdir. Doğru deyirik. Sonra da qıraqdan kimsə durub bunu daha bərk bağırıb deyir. Ona ümid bəsləyirik. Biz sadəcə olaraq, ona ümid bəsləyirik. Ancaq onun olandan artıq olduğunu demirik. Nə də artıq deyil. Sən bundan artıqsanmı? Artıqlığın nədə özünü göstərir? Sadəcə olaraq, bunun yeridiyi yerişə etiraz eləmək artıqlıq deyil. Xalqın, dövlətin başına gəlmək “qıl körpüsü”nün üstündə yerimək deməkdir. Bu “qıl körpüsü”nün üstündə içi düz olmayan əyri yeriyir. Sən düz yeriyəcəksənmi? Düz yeriməyin üçün hansı səbəblərin var? Söhbət elədiyim adamlar hər zaman sual verirlər. Deyirəm, bu rejimin getməsini, dağılmasını bəlkə də məndən çox istəyən yoxdur. İndi istəyirəm. Qoy bu yıxılsın o biri gəlsin. Ancaq mən ona ümid bəsləmirəm. Mən səni necə aldadım? Niyə bəsləmirəm? Çünkü o da illərdir mənə ümid işığı verməyib. Bunun içi, ömrü böyük deyil. Qüdrətli, xalqa bağlı deyil. Başqa yerə bağlıdır. Ona görə onun yerişini yamsılayacaq. Bir az ondan az eləyəcək. Ona görə Ata deyir, gerçəklikdəki ideal ideal deyil. Sən nə danışırsan danış, orda məni inandırmır. İstəyirəm sən gəl, bu getsin. Toplum bir az özünə gəlsin. Çünkü toplum mən dərk eləyəni dərk eləmir. Toplum yalançı yenilik də olsa görsün. Məhv olub getməsin. Ancaq bu, özünü aldatmaqdır.

Göylü Atalı: “….. Gerçəklik şər tanıyır. İdeal şər tanımır. İdeal insanın ruhani dünyasında ali ümid kimi yaranır. Gerçəklikdə kədər kimi yaşayır. Mütləq İnam nisbi niyyətlərlə nəticələnir. Nisbi naliyyət şübhə törədir. Şübhə qüssəni həyata gətirir. Ancaq şübhə ideala əbədi meyili öldürə bilmir. Kədər çılğın səslənir. Ancaq ruhun mütləq diləyini məhv etmir. Kədər toxumundan ümid ağacı bitir”.

Soylu Atalı: Heç kim ölümlə barışmır deməkdir. Atadan o vaxt, görüş keçirəndə, soruşdular, sizin Elçibəy hakimiyyətinə münasibətiniz necədir? Suala baxdı, üz-gözünü turşutdu. Dedi, gəlin mən bu suala cavab verməyim. Qoyun görək nə eləyə bilirlər. Gəlin tənqid eləməyək.

Ancaq Ata bizə deyirdi. Sadəcə olaraq, toplumun ümidini öldürmək istəmirdi. Deyirdi, indi hər şeyi çılpaq deyərəm. Onsuz da toplum mən deyəni anlamayacaq. Toplum elə havadadır, indi desəm də anlamayacaq. Yalançı bir küydü. O da bilirdi, ən yaxın gələcəkdə toplum özü hər şeyi gözüylə görəcək. Sadəcə olaraq, ölkənin durumu eləydi, Ata zorən deyirdi, gəlin hələ tənqid etməyək. Bizə isə deyirdi həqiqətləri. Ata bilirdi bunları, bunlar hara gedir, neyləyir. Dediyim odur, biz ideala münasibət məsələsində hər şeyi bəlirləyə bilərik. Sənin ruhani kimliyini, dövlətçiliyini – hər şeyini ideala münasibət bəlirləyir.

(Göylü Atalı oxumanı bitirir – T. A.)

Soylu Atalı: Bu yazı Ruhani nəğmədir mənim üçün.

“Ata Ruhunu ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə Ailə Günü bitir.

 

Xəzan Ayı, 41-ci il. Saray-Soylu.

(oktyabr, 2019.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir