Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər”lə, “Ulufərəh”in Ailə Günündəki çıxışlar
Ocaq Günsırası ilə 30 Od Ayı, 39-cu ildə “Uluyol-Hünər”lə “Ulufərəh” Ailələrinin birgə Ailə Günü keçirildi. Ailə Günü quralları yerinə yetirildikdən sonra Uluyol-Hünər Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bu ayda yaşantılarım haqqında danışmaq istəyirəm. Keçən Ailə Günündən bu günə 2 ay vaxt keçib.
Bilgisayarda Atanın kitabı hər zaman açıq olur. “Mütləqə İnam” kitabından bəzi parçaları oxuyub düşünürəm. Başqa ədəbiyyatlar da oxumuşam. Ancaq araşdırma üstə deyəcək sözüm yoxdur.
Tədbirləri kitablaşdırmışam. Bəzilərini Türkellə bir yerdə kitablaşdırmışam. İnternet üzərindən söhbətlərim olur. Yeni adamlarla tanış oluram. Çalışıram görüşə gəlsinlər.
Ümumiyyətlə, keçən mərasimdən bu yana, mərasimdə olan söhbətlər haqqında elə düşünürdüm, çox ciddi bir nizam yaradacam. Ancaq o istək olmadı. Mərasimdə ruhani öhdəçilik haqqında söhbət oldu. Elə o haqda düşünə-düşünə qaldım, gerçəkləşdirdiyim hal, ya bir əməl olmadı. Onsuz da, ayrı-ayrı Ocaq işləri görürəm. Ancaq bir də var tam bir nizam, ciddi öhdəçiliklə onun gerçəkləşməsi. Konkret bir şeylər haqqında danışmadıq. Orda Ocaq Yükümlüsü özüylədöyüş gündəliyi haqqında danışmışdı. Elə şeylər var, qarşımıza məqsəd qoyub növbəti Ailə Gününə hesabat kimi verə bilərik.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Güntay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T.A.): Əslində iki ayın hesabatını verməliyik. Son zamanlar bəzi sorunlarım oldu, onlarla uğraşmaq zorunda qalmışam. Ancaq Ocağın yaşaması, Ocaq ideyalarının yeriməsi, demək olar, son zamanlar mənim ən çox düşündüyüm məsələlərdir. Ayrı-ayrı zamanlarda milli yöndən, milli kimliyin dərki yönündən insanlarla söhbətim olub. Mən bunları sistemləşdirib qeydiyyatını aparmıram ki, heç olmasa, hesabatda sizinlə onu bölüşəm. Bu yaxınlarda Nərimanov rayon yanğınsöndürmə idarəsində yeddi-səkkiz nəfər zabit heyətiylə çox uğurlu söhbətim oldu. Məni ciddi dinlədilər, razılıqlarını ifadə eləyənlər də oldu. Aydın məsələdir, bunlar azdır. Bunlardan güc alıb daha da böyümək gərəkdir. Bu yolda özümü təsdiq eləyə bilərəm.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Göylü Atalı (Ataya səcdə edib, Bayrağı öpür – T.A.): Öncə onu deyim ki, kim olduğumu, kim olmalıyamsa, indi daha yaxşı düşünə bilirəm. Bunu dönə-dönə özümə deyirəm. Bəlli axtarışlarım oldu. İnsanın düşdüyü fəlakət ruhsal idrakın yetərsizliyindəndir. Dünyanın mənasını dərk edən, mənəviyyatını, sabahını düşünən heç vaxt balaca duyğulara ilişib qalmır. Biz yüz illərin, min illərin işini görürük. Bunu bilə-bilə sıradan yaşamaq ağılsızlıq olar. Bu gün fiziki gücümüz az ola bilər. Ruhsal gücümüzü o qədər böyütməliyik ki, gerçək sədləri aşa bilək. Son zamanlar ruhumu çox sahibsiz qoydum. Başa düşdüm, cahilin adı üstündə – cahildir. Özüylədöyüşü qanan adamın ruhunu yiyəsiz buraxmasından böyük fəlakət yoxdur. Hər şey geridə qalır. Ruh sabaha gedir. Nə aparıram sabaha? Bir bölük heyvanımı? Hamının apardığı odur.
Çətinliklər uzun müddət mənə şüuraltı yeritdi ki, beş günlük dünyadır, həyatını yaşa. Daha özün üçün yaşa. Bu da ayrı-ayrı duyğulara sapdırdı məni. Yalan danışdım. Yalançı qürurun arxasında gizlənərək doğruluğumu itirdim. Bunun ardınca başqa duyğular özünü göstərdi, həsədə endim – çevrəm irəli gedir, mən geri addım atıram. Niyə o məndən üstündür?! Tamaha endim. O edə bilirsə, mən də edə bilərəm. Qazancım bir az artıq olsun deyə yoldaşımla münasibətimə kölgə salmıram. İçimdə qalıqları var belə şeylərin. İndi özümə dediyim: Səbrlə, təmkinlə fiziki, ruhsal həyatını qaydaya sal.
Bir neçə gündür “Mərasimlər” kitabından Soylu Atalının izharlarını oxuyuram. Vurğulamaq istədiyim odur ki, Soylu Atalının izharları, doğrudan da, kitab halına salınası, çap olunası, tədris olunası bir oxuldur. Təkcə o izharların özündən böyük bir kitab əmələ gətirmək olar. Orda bir neçə məqam düşündürdü məni. Birinci mərasimdə belə bir şey vurğulayır Soylu Atalı: “Nitsşenin, Oşonun “özünü sevmək” ideyası, fövqəl insan ideyası eqoizmə dayanır. Asif Atada ruhaniyyata, insanlaşmağa, yəni özüylədöyüşə, qüdrətli insan yaratmağa”. Bunun ardınca vurğulayır, “Atanı ruhaniyyatdan ayırsaq, yəni təkcə filosof kimi qəbul eləsək, onda insanlaşma ideyası baş tutmazdı. Biz ona görə ruhsal qurumuq ki, insan burda yaranır”. Yəni Ocağın zərurətini Soylu Atalı burda vurğulayır.
Başqa bir məqam – güc və qüdrət qarşılaşması. Yəni güc daha çox fiziksəl iradəyə təkan verir deyir. Ancaq ruhaniyyat insanı öz mahiyyətində böyüdür.
Başqa bir məqam, texnikanın insan həyatına etkisi. Düşündüm, sosial şəbəkələrdə “Mərasimlər” kitabından bəlli statuslar qoyum. Çünkü, doğrudan da, gərəklidir. Bu dəqiqə gəncləri sapdıran yolu Soylu Atalı çox gözəl açıqlayır.
Xalqlaşmam olmayıb. Son vaxtlar sosial şəbəkələrdən, demək olar, uzaqlaşmışam. Bir az da özümü arındırmaq istəyirəm. Məqsədli gedirəm buna. Bir az özümlə uğraşım.
Bu ay Tolstoyu oxudum. Daha çox ailə-məişət, ümumiyyətlə, qadın-kişi münasibətləri üzərində qurulmuş bir əsərdir. O qədər dəyərlidir, həqiqətən, qutsal kitabların sırasına qoyulasıdır. Ata heç bir sözü boşuna demiyib. Atanın Tolstoy haqqında “peyğəmbər müavinliyi” sözünü anladım Tolstoyu oxuduqca. Çox şey özümləşdirə bildim. Yeni bir aşamadayam. Özümə güvənmək istəyirəm.
Atamız Var olsun!
Nurtəkin Atalı: Yeni aşamada olduğun görünür. Biz sənə güvənirik.
Soylu Atalı: Od ayının axırıncı günlərindən ikincisi. “Uluyol-Hünər”, “Ulufərəh” Ailələrinin aylıq hesabat törənində söz deməzdən öncə Bayrağımızı öpürəm, Ataya səcdə qılıram.
Ocağın halıyla bağlı, bir də Ocağın sözüylə bağlı bir neçə kəlmə söz deyim. Təbii, “Ailə Günü” toplantısı sözün tam anlamında oxuldur. Ona görə sözü olmayanda söz demək istəməməyi anlayıram. Doğrudan da, oxulda söz boşuna olmur, dolu olur. Hamınız orta oxulda oxumusunuz. Hamınız bilirsiniz, dərsi bilməyəndə hamı başını aşağı tutur öyrətmən soruşmasın. Ocaqda onun ruhsal anlamı, səviyyəsi var. Orta oxul da həyatın bir xəttidir. Çox gözəl bir şeydir orta oxul. Orta oxulda dərs, dərsi bilmək, bilməmək. Bu bir az daha yüksək anlam daşıyaraq, Ocaqda özünü göstərir.
Söz yaşantıdan əmələ gəlir. Çalışmaq gərəkdir ki, Ocaq üstə fərəhli addımlar atasan, yaşayasan. Çətinlikləri yenə biləsən. Həyatın çətinlikləri artır. Bundan sonra da artacaq. Nurtəkinin başı çox qarışdı. Həm canıyla uğraşdı, həm qayğılarıyla. Uzun vaxtdır ki, bu dörd divarın içində çox böyük gərginliklər yaşanır. Bu gərginliklərin, çətinliklərin qarşısında dik durub, Ocağın bayrağını möhkəm saxlamaq çox çətindir. Bunu mən çox gözəl dərk eləyirəm. Nə vaxtdır həyatın bir nizamını yaratmaq istəyir. O da onu çox çək-çevirə salır. Bu bir aşamadır. Bu ötəcək, keçəcək. Əlbəttə, yaşın bu vaxtında, həm də əqidə yolunda atılan addımların belə bir aşamasında məişət sorunları, ev-eşik qayğıları adamın üstünə axıb töküləndə, tıncıxma da olar, əsəb də olar. Bunlar hamısı anlaşılandır. Nurtəkinin üzərində bunu mən vurğu eləyirəm. Sizin də özünəxas qayğılarınız var. Bunlar hamısı həm təbiidir, həm də anlaşılandır. Ancaq bütün bunlarla birlikdə sizin Ocaq içrə dayana bilməyiniz özü təqdirəlayiqdir. Ocaq tədbirlərini həyata keçirməyiniz təqdirəlayiqdir. Bu qədər qayğıların içində Ocaq olmağa çalışmağınız təqdirəlayiq bir məsələdir. Ancaq hesab eləyirəm ki, özünüzlə barışmamalısınız (yəqin ki, barışmırsınız da), dayanmamalısınız, daha artığına can atmalısınız. Ciddi səylər göstərməyə çalışmalısınız. Gücünüzə güc yaratmalısınız, güc artırmalısınız. Çünkü gücü, enerjini həyat, məişət alır. Sanki Ocağa güc saxlamır. Elə bir çağda özünüz ayrıca Ocaqda Ocaq üçün güc yaratmalısınız. Bunun ayrı yolu yoxdur. Bu qaçılmazdır. Buna görə çalışın, gündəlik özünüzə vaxt ayıra biləsiniz.
Ocaq tədbirləri, Ailə Günləri ondan ötəridir ki, özünü görə biləsən, özünə dönə biləsən. Mən də bunu sizə elə-belə söz olaraq demirəm. Mən özüm bunu eləyirəm. Özüm elədikcə, bacardıqca bunun çətinliyini də dərk eləyirəm, yaşayıram. Ona görə də sizdə çətinliklər, çatışmazlıqlar olanda onun qarşısında, daha qətiyyətli addım ata bilməyəndə yenə də mən onu anlayışla qarşılamağa çalışıram. Mən öz arşınımla ölçmürəm sizin çətinliklərə sinə gərməyinizi. Bilirsiniz, mənim də qayğılarım, işlərim çoxalıb. Mənim məzuniyyətim mənə məzuniyyət olmadı. O qədər işlər, filanlar. Mənim gün içində gördüyüm işlər günə sığmır. Səhər saat 6-dan dururam. Axşam saat 8-ə, 9-a kimi işləyirəm. 11-ə, 12-yə kimi də Ocaq işləriylə uğraşıram. Günorta da, dincələndə, yenə Ocaq işləriylə uğraşıram. Bu qədər fiziki işin, gərgin işlərin qabağında mən oxuyuram, kitab yazıram. Özü də o qədər fiziki yorğunluqdan sonra. İnanın, o qədər məni yaxşı etkiləyir. Elə bil, bədənimin gücünü bərpa eləyir. Halbuki bunların hamısı bədənin gücünü, enerjisini alan şeylərdir. O qədər içimdə eşq, inam, dolğun bir baxış var. Məncə, sizin hər biriniz bu səviyyədə olmasa belə, buna yaxın səviyyədə mənim dediklərimi həyata keçirə bilərsiniz, yaşaya bilərsiniz. Çünkü siz mənim qonşumda yaşayan biri deyilsiniz. Siz 10 illərdir Ocağın içində yaşayanlarsınız. Ocaqdan enerji alan, güc alan, bilik alan birilərisiniz. Ona görə mən bunu deyirəm. Bir az özünü yaxşı öyrənmək gərək. Özünü yaxşı öyrənmək nədir? Mənə elə gəlir, sizin bir yöndən özünüzə inamınız zəifdir. Özüylədöyüş gündəliyiniz yoxdur. Özüylədöyüş gündəliyində özünü səmimi araşdırma yoxdur. Niyə yoxdur? Ona görə yoxdur ki, ruhsal cəsarət azdır. Ruhsal cəsarətin olması nə demək olar, olmaması nə demək olar? Ruhsal cəsarətin olmaması o deyən şeydir, özüylədöyüş gündəliyində qələmlə səmimi oturmağa çətinliklər yaşayırsınız. Fikirləşirsiniz, mən bu anda hansısa bir qüsurumu, hansısa çatışanımı-çatışmayanımı güzgümün üzünə çəkərəm, sonra ona baxaram, yenə o qüsurların içimdə qaldığını görərəm. Bəlli olar ki, mən vurğu elədiyim qüsurlarımı ötməmişəm. Çünkü adam özüylə bacaracağına bel bağlamayanda özüylə səmimi ola bilmir. Gərək inanasan, sən özünlə bacaracaqsan. Ona görə özünü tanımağa cəsarət eləyəcəksən. Özünü tanıyanda boynuna alacaqsan, çəkinməyəcəksən. Mənə elə gəlir özüylə döyüşün bu yönü, bu tələbi yoxdur. Yalnız özüylədöyüşün ehtiyatlılıq tələbi var. Ehtiyatlı davranırsınız Ocaqla münasibətdə, tədbirdə-filanda. Ehtiyatlı davranmaları ötmək gərəkdir. Ehtiyatlı davranma adamın içindəkini aradan qaldırmır. Adamın içindəkini sakitləşdirir, gizləyir, susdurur. Ona görə ehtiyatlılıqdan keçmək. Əgər doğrudan da, Ocaq taleyinin gələcəyini düşünürsənsə, bu qaçılmazdır, buna getmək gərəkdir.
Bir də düşündüklərinizlə bağlı bir şeyə toxunum. Məsələn, Tolstoyla bağlı biz söz deyirik, düşüncələrimizi deyirik. Tolstoya sevgimizi, bəzən heyrətimizi bildiririk. Atanın da onun haqqında dediyi yüksək düşüncəni əsas götürürük. Düz eləyirik. Ancaq bizim üçün Tolstoy, ya da Tolstoylar, Ocağın hansısa bir aşamasında adiləşməlidir. Niyə adiləşməlidir? Tolstoy həyat üçün adiləşməyəcək. Oxucu üçün də adiləşməyəcək. Çünkü onun oxucuları daim yenilənəcək. Ancaq bizim üçün adiləşməlidir. Nə deməkdir adiləşməlidir? Bir var bədii ktab, bir var ruhsal kitab. Tolstoyun kitabları bədii kitablardır. Nə qədər orada ruhani çalarlar olsa da, kitab bədii kitabdır. Niyə, ruhsal çalar var, ancaq ruhsal kitab demirəm? Çünkü insanı yaradan, quran, insana ölçü verən, həmişə mənim vurğuladığım, araşdırdığım, dediyim, öyrəndiyim Tanrısal məsələdir. Bizim etalonumuz Tanrısal məsələlərdir. Bizim daşıdığımız insanlıq keyfiyyətləri bədii ədəbiyyatlardan qaynaqlanmır. O bəşəriyyətin min illərdir yaddaşına hopmuş, bəşəriyyətin yaşamına etki göstərmiş bazadır. O bazada mənəviyyat var. Orada yüksək tələblər var. Biz o sistemlə üz-üzə gəlirik. Üz-üzə dururuq. O sistemin içinə giririk, özümüzü o ölçülərlə qururuq, yaradırıq. Bədii kitab bizə sadəcə stimul verir, yardımçı olur. Ona görə əsas məsələ Tanrısal sistemdir. Tanrısal sistemin araşdırılmasından, aydınlaşdırılmasından, ideya prinsiplərindən yazılan kitab ruhsal kitabdır. Qalan kitablar ona həvəs göstərən, kömək eləmək istəyən, ondan stimul alan bədii, fəlsəfi kitablardır. Ruhsal kitab isə o sistemin özünü deyir. Əgər biz özümüz Tanrısal sistem dediyimiz o bazaya, o böyük şüur sisteminə, böyük məna, anlam sisteminə yaşamımızla, düşüncələrimizlə girə bilsək, onda mən sizi əmin eləyirəm ki, Tolstoylar, Hüqolar, filankəslər, bizim üçün, yaxşı anlamda, adiləşəcəklər. Biz onda dayanıb qalmırıq, ötürük. Bizə gərək olub, bəhrələnmişik, ancaq onlarda dayanmamışıq, qalmamışıq. Həyatda çox adamlar bədii kitablarda dayanır. Ötə bilmir. Yəni mən sıradan adamları demirəm, araşdrmaçıları deyirəm. Hətta bədii kitab əsasında yeni düşüncə yazan da, yenə o kitabı ötmür. Onun çevrəsində, orbitində yazır. Ona görə də həyatdakıların baxışıyla, münasibətiylə Ocağın baxışı, münasibətləri arasında böyük fərqlər var, başqa sözlə, fərqlər yaranır. İndi ona Ocaqçının əli çatır, çatmır, o ayrı məsələ. Ancaq bu, Ocağın içində, tələbində, anlamında var. Yetər ki, sən ona yetəsən. Nədir o fərqlər? Feysbukda Tural Cəfərovun bir yazısı çıxdı qarşıma. O deyir, şizofrenikləri sevmək gərəkdir. Mən də ona düşüncəmi yazdım ki, bəlkə demək istəmisiniz bu xəstəlik daşıyıcılarına mərhəmət göstərmək gərəkdir. Deyir, bir şeydir. Deyirəm, bir şey deyil. Mərhəmət göstərirsən, çünkü yazığın gəlir. Sevəndə sən iç-içə olursan. Sevdiyinə yazığın gəlir? Sevgi daha böyük anlayışdır.
Bu cür adamlar əslində gəlişiyaxşı söz danışırlar. Mən bilirəm ki, insan sevgisi adlı hikmət o adamın içində oturmayıb. Yəni başqalarından “like” almaq üçün bunu deyir. İnsan sevgisi şizofrenik sevgisi deyil. Ya da insan sevgisi istənilən insana olan sevgi deyil. Dəlini mən necə sevim? Bu dəlinin atdığı heç bir addım doğru deyil. Düşündüyü, davranışı normal deyil. Sevgi adamda heyrət yaradır, qanad yaradır. Bu yaratmır axı. Məndə təəssüf hissi yaradır. Təəssüf hissi yaradanı necə sevə bilərəm? Ona görə Ocaq ölçüsüylə onların ölçüsü bir deyil. Çox böyük fərq var. Ocaqçı sözü ehtiyatla deyir. Niyə? Çünkü sorumluluqla deyir. İçində oturub, oturmayıb bunu da ölçüb-biçir. Bunlar necə gəldi danışır, kitabda oxuduqlarını danışırlar, yazırlar. Kitabda oxuduğunu yazmaq olmaz. Kitabda oxuduğun sənin deyil, kitabınkıdır. Sən özünkünü de. Özünkünü yaratmaq gərəkdir. Düşüncəni bəsləmək gərək. Bəsləmirsən, ancaq danışırsan. Qıraqdan elə görünür ki, Soylunun dediyiylə filankəsin dediyi bir şeydir. Bir şey deyil. Soylu yaşayıb danışır. O yaşamayıb danışır. Bunlar eyni şey deyil. Buna görə Ocağın içində olmaqla çölündə olmağın fərqi çox böyükdür. Ocağın içində olanın hər şeyi işıqlanır. Ağlı da, mənəviyyatı da, gücü də, heyrəti də, qüsuru da işıqlanır. Ocağın içində olmaq o qədər gözəldir. Ocağın qırağında olmaq, sadəcə olaraq, tini düşəndə izləməkdir, eşitməkdir. Onunla uğraşmırsan, yaşamırsan. Elə bilirsən, sənin də dediyin var orda. Sənin yoxdur. Sənə sadəcə atılan addım tanışdır. Çünkü hər vaxt müşahidə eləyirsən. Ya keçmişin dahilərindən müşahidə eləyirsən, ya bu gün bizdən. Ancaq sən o addımı atmırsan, onu yaşamırsan. O addımı sən də atanda işıq əmələ gəlir. Gözəllik çıxır ortaya, dəyişiklik yaranır. Sadəcə, sən bir informasiya kimi onu bilirsən. Özün isə küllükdə eşələnirsən. At, eşşək səviyyəsində yaşamaqla Allah səviyyəsində yaşamaq bir şey deyil axı. Ocaq, içində olandan Allah səviyyəsində yaşamaq tələb eləyir. Ocağın qırağında olandan heç kim Allah olmaq tələb eləmir. Heç bir ölçü yoxdur ki, ondan Allah tələb eləsin. Çünkü hamı cəmiyyətə baxır, cəmiyyətin həyatına, gedişə baxır, küsür, gileylənir, deyinir. Heç kim ondan heç nə tələb eləmir. Gileylənməklə iş aşmır. Sənin əlindən tutan yoxdur. Mənim əlimdən tutub aparan var. Ona görə insanlar deyə bilərlər, “Ocaqda olmaqla olmamağın nə fərqi var ki? Sən də düşünürsən, mən də düşünürəm. Sən də yaxşı söz deyirsən, mən də yaxşı söz deyirəm. Bir işi görürük”. Bir işi görmürük. Mən aydın Günəş işığının altında dururam. Gözlərimə, ağlıma işıq düşür. Mənim içimdə fərəh qaynayır. Sevgi, sevinc qaynayır.
Mən düşünürəm ki, Ocaq Ailəçiliyində bu cür ölçü araşdırılmalıdır. Ölçünü hər an araşdırmağa, tanımağa çalışmaq gərəkdir. Ölçünü araşdırmadan, tanımadan, öyrənmədən o ölçüdən yapışmadınsa, onda hamının ölçüsüylə yaşamalı olacaqsan. Ona görə ölçünü ağlından, düşüncəndən bir an belə qırağa qoymamalısan. Onda Asif Atanın dediyi şəxsiyyət olacaqsan. Yoxsa biz Asif Atanın anlayışlarını, sözünü eşidib, ölçünü hansısa anda unudarıqsa, onda biz də qıraqdakı ölçüylə davranmalı olacağıq. Məncə, çətin yaşana bilən mənəviyyat ölçüsü istənilən adamın ürəyinə güc verir, mənəviyyatına işıq salır. Bununla dolacaqsan, min il sonra da var olacaqsan.
Od ayının sonuncu günündə mənim Asif Atanın Evladlarıyla bölüşmək istədiyim düşüncələr bunlardan əmələ gəlib. Sizə o biri aylarda daha böyük uğurlar, çalışmalar diləyirəm. Əlinizdə qələm, qarşınızda dəftər görmək istəyirəm. Yaradıcılıq umuram sizdən. Saytımızı yaradıcılığınızla, öz yazılarınızla zənginləşdirəsiniz.
Bir də bir şey deyim. “Tədbirlər kitabı”nı çalışın oxuyun. Tədbirlər kitabında böyük hal, düşüncə var. Hər gün üç, beş yarpaq oxusanız, böyük işdir. Mən qabaqlar oxuyurdum. Son çağlar oxumuram. Çünkü son çağlar o qədər oxunmalı şeylər var. Həm də işləyirəm. Özümü oxuyurdum, baxırdım. Hardasa düşüncədə qaranlıq bir şey qalarsa, onu da aydınlaşdırmağa çalışmışam. Bir də mənim oxumağa zamanım ona görə az olur ki, dörd-beş kitabı araya gətirməyə çalışıram. Elə bir əhvalla yaşayıram ki, onları mən yarımçıq qoya bilərəm. Onları başa gətirməyə çalışıram. Atanın kitablarının hamısını ön sözlə işləyib çapa hazır duruma gətirməliyik. Elədiyimiz olub, eləmədiklərimizi çapa hazır duruma gətirməliyik. Elektron variantlar əlimizin altında hazır olmalıdır. Atanın kitablarının itmə ehtimalını onsuz da tam aradan qaldırmışıq. Ancaq çap məsələsi çox önəmlidir. Çap həm öz evlərimizdə olur, həm də onlarca başqa adamların evlərində olur.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın Bayrağını öpürəm.
Nurtəkin Atalı “Özüllər Özülü” kitabının ön sözünü oxudu.
Sonra isə Soylu Atalı “özünə sorular gündəliyi”ndən bir sıra sorular oxudu, düşünüb cavab vermək, düşüncələrini bölüşmək gərəkdir dedi.
Bir neçə sorulara Ocaqçılar yerindəcə cavab verməyə çalışdılar.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetdi.
Qürub Ayı, 39-cu il. Saray-Soylu.
(avqust, 2017.)