Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin 36-cı ildə III “Ailə Günü” Mərasimində deyilmiş fikirlər

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” Ailəsinin 36-cı ildə III “Ailə Günü” Mərasimində deyilmiş fikirlər
Ocaq Günsırası ilə 20 İşıq Ayı, 36-cı ildə (may, 2014) “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsilə Ailə Günü başladı. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya Səcdə ilə sözünə başladı. O, Amallaşma hesabatında qeyd etdi ki, ay ərzində çoxlu Ocaq əməlləri görməsinə baxmayaraq, Amallaşması az olub. “Mütləqə İnam” kitabından bəzi hissələr oxuyub. Tədbirləri kitablaşdırmanın da Amallaşmaya aid olduğunu vurğulayan Nurtəkin Atalı bu əməlin önəmini və gərəkliyini qeyd etdi. Çünki tədbiri kitablaşdırarkən deyilən fikirləri bir daha düşünmək, tədbir halını bir daha yaşamaq, həm də kitablaşmanın sabaha gərəkliyini anlamaq yönündə önəmi böyükdür. Kamilləşmə hesabatında isə yazdığı qeydləri oxudu: Keçən “Ailə Günü” mərasimindən sonra İnamlıya zəng vurdum. İnamlı iş yerində onu əvəz edən adam olmadığına görə “Ailə Günü”nə gəlməmişdi. Mən tədbirin gedişatından danışdım və İnamlıya dedim ki, əvvəlcədən iş yoldaşlarıyla danışsın, tədbir günü rahatlıqla tədbirə gəlsin. İnamlı dedi ki, mənim heç kimin məsləhətinə ehtiyacım yoxdur. Bu söz məni özümdən çıxartdı. Dedim ki, sən “Ailə Günü”nə mövzu salmısan “Amaldaşlara sayğılı münasibət”. Budur sayğılı münasibət? Əgər sən iş yoldaşlarınla danışırsansa hanı nəticə? Ümumiyyətlə, mən tələb edirəm ki, növbəti “Ailə Günü”nə qədər mənimlə görüşəsən. İnamlı dedi ki, mənim işlərim çoxdur, heç hara getməyə vaxtım yoxdur. Söhbətimiz bitəndən sona içimdə, halımda sanki bir dağınıqlıq yarandı. Həmin axşam Soylu Atalıyla telefonla danışanda söhbətimizi ona danışdım, daha çox İnamlını ittiham edərək. O da dedi ki, “Nurtəkin, səndə hərdən amiranəlik olur. Olmaz belə münasibət. Hanı sənin qurucu, doğma münasibətin?” Yalnız bu söhbətdən sonra içimdəki acığı anladım və peşmançılıq içimi bürüdü. Özü də mən Soyluya söhbətimizi elə danışırdım ki, ən çox günah İnamlıda görünsün. Acıq etirafa doğru olan yolu kəsir.

Mənəmlik o zaman öz halını diktə edir ki, içim həqiqət yönündə olmasın.  Həqiqi münasibət doğma, qurucu münasibətdir. Mənim isə mənəmliyim zərər verdi, acığa düşdüm, acığıma bəraətlər axtardım və sonda münasibət – həm Amaldaşıma, həm özümə qarşı münasibət də zərər gördü, doğmalıq da.

Əvvəllərdə Göylüylə münasibətimizdə belə şey vardı. Bir Ocaq işini eləmək lazım olanda deyirdim ki, bunu niyə eləmədin? Mənim üçün eləmirsən ki, Ocaq üçün eləyirsən. Fikirləşirdim ki, Ocaq üçün belə deyirəm, Ocaq işi görülməlidir. Ocaq əməlini elətdirmək üçün isə minnətli, acıqlı münasibət deyil, aydın, sevgili, doğma münasibət gərəkdir. Doğrudur, bu hal indi bizim aramızda baş vermir.

Bir daha münasibət quruculuğu, doğmalıq haqqında düşündüm. Özüylə döyüş çox dərinə işləməlidir.

İndi isə ayrı-ayrı yazılarımı oxuyacam.

xxx

Azərbaycan millət vəkillərinin maaşlarını Somaya bağışlamalarını anlayardım Azərbaycandakı özünü yandıranları, asanları, fəlakətli duruma düşənləri, evləri dağılanları gör­mə­­səydim, bilməsəydim. Öz dərdinə ağlaya bilmir, həll edə bilmir, başqasına saman çöpü uzadır.

xxx

Hər gün yeni təşkilat yaradırlar, çünki adamların içindəki başçılıq həvəsi, istəyi bitib-tükənmir. Bir balaca təşkilatda başçı, müavin, ideoloji katib və başqa vəzifələr var. Üzvləri isə barmaq saydadır.

xxx

Həqiqətçi olub tərki-cəmiyyət, tərki-dünya olmaq adamları qorxudur, cəmiyyətçi olub şöhrətlənmək həvəsi artır, varlanmaq həvəsi artır, tapdamaq həvəsi artır.

Təklənmək həmişə adamları qorxudub. Atanın ömrünə baxanda görərik ki, Ata həmişə tək olub, təqiblərə uğrayıb, xəyanətlə qarşılaşıb, amma ideyasından əl çəkməyib. Özün özünə kəs ola bilərsən – Atanın belə bir deyimi var. Ata da özünə kəs ola-ola, içindəki Mütləqlə çətinliklərə sinə gərə-gərə Ocaq yaratdı. İndi də biz təklikdə təklənə bilərik, amma birliyimiz bizi təklənməyə qoymur. Atanın nail olduğu, dünyanın yetə bilmədiyi birlik, doğmalıq dünyamız var. Birlikdə vəhdət yaşayır.

xxx

Özünü xalqdan ayrı salanlar xalqı söyənlərdir. Özgəyə yad olmurlar, özününkünə doğma. Xalqa yad olmaq – təməlsizləşmək, əsilsizləşmək, sabahsızlaşmaqdır. Xalqımdan asılıyam ağrılarımla, dərdlərimlə, fərəhimlə. Xalqımla birəm aqibətimlə. Xalqda özümün sabahımı gördüyüm üçün yüklüyəm, sorumluyam. Bu yükü ömürlərə paylamaq istəyirəm. Yük paylaş­dıqca ömürlər arasında vəhdət yaranır, doğmalıq yaranır. Vəhdətdə, doğmalıqda xalq yenidən qurulur.

xxx

Adam qisməti yük kimi daşıyır.

İnsan aqibəti yaradaraq yaşayır.

xxx

Adam ömrü:

Maddidə qazana-qazana mənəvilikdə itirmək.

Dünyadan dördəlli yapışmaq və dünyasızlaşmaq.

Həyatdan dördəlli yapışmaq və həyatlaşmaq.

Cəmiyyətin dediyi ilə oturub-durmaq və yalqızlaşmaq.

İnsan ömrü:

Mənəviliyini yaradır – maddini təmin edir.

Özüylə döyüşür – dünyalaşır, həyatı dəyişir.

Cəmiyyətdən ayrılır, təklənir, amma öz aqibətini yaşayır, öz dünyasını yaradır.

xxx

“Ailə Günü”müzdə belə bir mövzumuz var: “İnsanı kəşf etmək”.

İnsanı özümlə döyüşdükcə tanıdım. Öz içimdəki insanı özümlə döyüşdükcə kəşf etdim.

Əvvəllər başqasının hünərini, daxili gözəlliyini görəndə qısqanırdım, paxıllıq çəkirdim. Özümlə döyüşdükcə qısqanclıqdan arındım.

Başqasının səhvini, qüsurunu görəndə “məndə bu cəhət yoxdur” deyə sevindiyim hallar olub. Özümlə döyüşdükcə başqasının qüsuruna kədərləndim, insanlıq bundan zərər görür deyə.

İçimdəki adamlığı gördükcə, döydükcə özümü özüm üçün kəşf etdim. Xarakterimi yaratdıqca özümə inanmağa başladım. Başqasına da inanmağa başladım. Çünki özüylə döyüşün gerçəkləşməsinə inandım.

Başqasının ömründəki gözəlliklərlə öz ömrümdəki gözəlliklər arasında doğmalığı kəşf etdim. Ruhun ruha doğmalığını görmək fərəhlidir, heyrətlidir.

Mən Atanı oxuduqca Atanı kəşf edirəm, duyğularımın, düşüncələrimin yeni səviyyəsini kəşf edirəm. Təzələnirəm, fərəhlənirəm. Hər tədbirimizdə Ocaqçıların yeni duyğularının, düşüncələri­nin aşkarlanması da onların mənim üçün kəşfidir. Soylu Atalı haray çəkir. Onun Amala aşiqliyini, inamını, ağrısını, nikbinliyini görürəm, kəşf edirəm, özümün görə bilməmi də kəşf edirəm. Bu, vəhdətdir, birlikdir, ömür doğmalığıdır.

xxx

Bu gün bəsitdir. Sabah ali.

Bu günü ötməsəm, sabahı qura bilmərəm.

Bu gün qeyri-kamilliyimdir, bu günümlə döyüşməsəm, ötməsəm, Sabaha çata bilmərəm.

Bu gün yarımçıqlığımdır, yarımçıqlığımı ötməsəm, bütövləşə bilmərəm.

Hər gün keçmişdə qalır. Hər gün keçib gedir. Keçib getməyən yaşadığımız, əsilliyə yetmiş duyğular, düşüncələr, əməllərdir. Hər gün daha da yetkinləşmək, təzələnmək – bu günü ötməkdir.

Amala doğru bir addım – bu günü ötməkdir. Əməldə yetkinləşmək, fərəhdə yetkinləşmək, kədərdə yetkinləşmək bu günü ötməkdir. Ocaqlaşmaq, Amallaşmaq bu günü ötməkdir. Arzuları gerçəkləşdirmək bu günü ötməkdir. Mütləq tələbə yüksəlmək və tələbi ödəmək bu günü ötməkdir.

Bu günü nə qədər ötə bilirəmsə, fərəhim də, kədərim də o səviyyədədir. Ona görə də özümlə döyüşümdə özümlə barışmamaq, özümü aldatmamaq məni sabaha yetirir. Bu günümlə barışmaq Sabahı məndən uzaqlaşdırır.

Bu günü ötmək – məqsəddir. O məqsədin meyvəsi – Sabahdadır.

xxx

Həyatda alçalmağın mümkünlüyü bütün cəhətləriylə bəraətlənir. İnsan ləyaqətinin, qarşı dura bilmənin, dirənişin mümkünlüyü imkansız görünür.

Satılmanın, satmanın mümkünlüyü bəraətlənir, arxa durmaq, çiyindaş olmaq imkansız görünür.

Cəmiyyətdə Adam öz Adamlığını bəraətləndirir ki, İnsanilik ucalığına yetmək imkansız görünsün. Əslində İnsaniliyə yetməmək qəbahəti bəraətlənir. Adamlar satılmaq, satmaq, aşağılanmaq, alçalmaq görəndə təəccüblənmirlər, doğruluq, ləyaqət, qorxmazlıq, barışmazlıq görəndə təəccüblənirlər.

İnsanilik imkanına, gerçəkləşməsinə inam yaranmalıdır.

xxx

Açıq və ya gizli düşmənçilik var, yadlıq var, yalan, məkr, riya, həsəd, qorxu, yırtıcılıq, azğınlıq, günah, əsarət var.

Sevgi həmişə aydındır, açıqdır.

Doğmalıq, doğruçuluq, cəsarət, ləyaqət, azadlıq, fədakarlıq həmişə açıqdır, aydındır. Çünki İnsanilik ucalıqdır, yüksəklikdir. Hardan baxsan görünür. Atamız Var olsun!

İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Keçən dəfəki “Ailə Günü”nə gəlməməyimin səbəbini Nurtəkin dedi. O axşamkı söhbətimizdə də Nurtəkinlə söhbətim özünümühafizə idi. Özünüqoruma instinkti. Əslində Nurtəkin haqlı idi, mən haqsız idim. Ata deyir ki, imkanın təməli sonsuzluqdur. Mən həmin günü imkandan istifadə edib gələ bilərdim.

Soylu Atalı: Bağışla, sözünü kəsirəm. Ocaq budur. İki Amaldaş arasında olan qüsurda hər kəs özünü suçlu sayır. Amma bir-birini ittiham edəndə Ocaq deyil.

İnamlı Atalı: Əgər mən Atanı tam dərk etmiş olsaydım, Ocaq mənasına yetmiş olsaydım, Mütləqə İnama Səcdəyə yetmiş olsaydım, mən imkansızlığı imkana çevirə bilərdim. İş yerimdə özümə o imkanı qazandıra bilməmişəm. Nurtəkin mənə tələb qoydu ki, mənimlə görüşə gəlməlisən. O söhbəti Soylu bəylə çözdük və Soylu bəy dedi ki, getmək lazımdır, Amaldaşa sayğı duymaq lazımdır.

Biz ondan sonra Soylu bəylə bir dəfə Nizami rayonuna görüşə getdik. Görüşümüz alınmadı. Soylu bəy təklif elədi ki, Nurtəkingilə gedək, söhbət eləyək. Mən yalan danışdım, ona dedim ki, vacib işim var. Əslində səbəb Nurtəkinin yanında başımın aşağı olması idi. Ata deyir ki, Ocaq heç bir bəraət tanımır. Mən gəlməməyimə görə özümə bəraət qazandırmışdım. Mən həmin günü onsuz da pərt idim, Nurtəkinin də mənə elə deməsi dayaz olduğum üçün məni halımdan çıxartmışdı.

Keçən il bu vaxtlar mən vaxtımın 5-6 ayını boş yerə xərclədim. Heç bir görüş dalınca getmədim, qarşıma çıxanla da söhbət etmədim, Atadan soraq vermədim, Ocaq ədəbiyyatı oxumadım. Mən Ocaqdan qırılmış bir vəziyyətdəydim. Gördüm ki, mən həm özümü, həm də Ocağı aldadıram. Son aylarda mən keçən ilki halımla bu ilki halımı müqayisə eləmişəm. Keçən ilki vəziyyətimə baxıram, bu ilki vəziyyətimlə müqayisə edib xəcalət çəkirəm.

Son iki gündə mənə işdə  kitab oxumağı yasaq qoyublar. Başqa idarədən bizə işçi gəlib, o gedib xəbərləməsin deyə mənə yasaq qoyublar. Mən iş yerimdə özümə yer tapa bilmirəm. Hal-hazırda Soylu Atalının “İnsanlığın İnam Yolu” kitabını oxuyuram. Kitab oxumadığım üçün də gələn insanlarla aqressiv davranıram. Buna köklənmişəm ki, Ocaq ədəbiyyatı oxumadan sanki mən işimi də bacarmıram.  Evdə də, yolda da, işdə də aqressiv oluram. Bir dəfə Soylu bəylə bu barədə söhbət eləmişik. O deyir ki, əgər düşüncəndə gedib qəzəb nöqtəsinə çatırsansa, düzgün düşünmürsən. Mən özümü nikbinliyə yox, bədbinliyə aparıb çıxarıram. Ocaq ədəbiyyatı oxumadımsa, kökdən düşürəm. Tələsgənliyim məni Ocaq işlərindən çox geri qoyur. Bəzən çox tələsiyirəm, bəzən isə ətalətdən çıxa bilmirəm.

Keçən ay rəhbərliklə söhbət elədim. O, mənə deyir ki, neynirsən bu işi, boş ver. Mən ona deyiləsi sözü demədim. İçimdə bu günə qədər də belə bir düşüncə var. Mən düşünürəm onu deyim. Amma inanmıram ki, o, bunu anlaya. O, məni başa salmağa çalışır ki, işin var, nəyə görə işi itirmək təhlükəsi ilə öcəşirsən. İçimdə ona deyirəm ki, keçən il bu sözü mənə demiş olsaydılar mən deyərdim ki, doğrudan da, iş tapmaq çətindir. Maddi dolanışıq filan-filan. Ancaq bu il mən bunu qəbul eləmirəm. Ocaq elə bir mühitdir ki, işi tapmaq olur, mən burdan çıxsam iş tapacam. Heç kim işsiz qalmır. Ancaq Ocağı qıraqda tapmaq mümkün deyil. Ocağa bərabər mühit olsaydı deyərdim ki, mən 3 mərasim buraxım. Qoy Nurtəkin mənə söz desin. Ancaq qıraqda başqa Nurtəkin olmadığına görə düşünürəm ki, Ocaq əvəz olunmur. İş yerimi itirə bilərəm. Bu gün mənim iş yerim həyatımın mində bir hissəsidir. Mənim həyatım bundan ibarət deyil. Mənim həyatım əqidədən ibarətdir. Nə qədər mən əqidəyə layiqəm, bu başqa qonudur. Bu gün mənim məqsədim bu yolda görünməyimdir. İş yeri mənim üçün əngəl olmamalıydı.

Axşam Soylu bəy tapşırdı ki, “Evlad Günü” mərasiminin gedişatını yazmaq lazımdır. Yorğun idim, düşündüm ki, sabah yazaram. İçimdə döyüş gedirdi. Dur yaz, ancaq hazır deyiləm. Buna baxmayaraq, özümü zorladım. Yazdım, tarixi qoyanda isə gördüm ki, mərasim İnam Gününə düşür. Əlim boşaldı. Çünki Murad, İnam günləri mənim işdən çıxmağım mümkün olmur. Atanın da belə tələbi var ki, Ocaqçı 3 dəfə Mərasimə gəlməsə, Ocaqdan uzaqlaşdırılır. Dünəndən bu yana məni incidir ki, mərasim İnam Gününə düşür.

Ata deyir ki, min adamdan biri əqidə dalınca gedir. Bu çətin dövrdə əqidə adamı olmaq 100-dən 99-nu yolda qoyur. Axsayır adam, ləhliyir, təntiyir…

Türkiyədə baş verən hadisələrlə bağlı ölkənin ikinci şəxsi deyir ki, buna görə üzülməyə dəyməz. Bu bir qədər hadisəsidir. İnsanı ağrıdan nədir? Nurtəkin sual qoyub insanı kəşf etmək nə deməkdir? Bu gün Azərbaycanda belə bir şüar var ki, əqidəm islam, köküm türk, düşüncəm müasirlik. Əslində bu bayraqdan gəlir. Bir insan neçə cəhətli ola bilər? Həm hümmətçi, müsəlman, həm etnik türk, həm də düşüncəsi Avropaçılıq. Bu düşüncə ilə bu günə kimi yol gəlmişik, əyilmişik, bundan sonra da davam eləsə, daha heç nə. Mən bu şüarı bir dövlət maşınının üzərində oxumuşam. İslamı özünə əqidə seçib. Ərdoğanın da sözü ordan gəlib. Ata ona görə deyirdi ki, bu gün din İnamla əvəz olunmalıdır. Biz deyəndə ki, din siyasətçilərin əlində bir vasitədir, bizə ağız büzürlər. Bu gün 300 nəfərə qədər adam dəhşətli vəziyyətdə həlak olub, həmin ölkəni bu duruma salan, insanların ölümünə səbəb olan insan deyir ki, bu, qədər məsələ­sidir. Yəni qismətdir, Allah yazıb.

Ocaq ədəbiyyatları oxuduqca müqayisələr aparıram. Doğrudan da biz təkik. Ancaq Ruhani mənada təklənmək özünütəsdiqdir.

Soylu bəyin “Üç oğluma məktub” əsərində bir məqam var. Deyir ki, oğul, sizin ananız yaxşı qadındır, safdır, qayğıkeşdir. Ancaq idrak adamı deyil. Onu eşidin, onun hörmətini saxlayın. Ancaq sabah o, Ocağa qarşı addım atarsa, ananızı eşitməyin, Ocağı eşidin. Ocağın qüdrətini bununla paralellik aparıram. Görürəm ki, Ocağın gücü, qüdrəti bizim anamızdan da üstündür. Anamız fərddir. Amma Ocaq ümumxalq məsələsidir, ümumbəşəri hadisədir.

Mən tam Ocaq mənasına yetməsəm də, anlayıram ki, Ocağın böyüklüyü bəşəriyyətdə əvəzolunmazdır. Atamız Var olsun!

Nurtəkin Atalı: Sənin sözünə yönəlik Atanın fikrini deyim: Anamı sevirəm, Amalı ondan artıq sevirəm. Atamı sevirəm, Amalı ondan artıq sevirəm. Qardaşımı, bacımı, dostumu sevirəm, Amalı ondan artıq sevirəm. Amalı sevdiyim üçün də anama, atama, qardaşıma, bacıma, dostuma layiq oluram.

Mən bu ayda Ocağa gəlmişəm. İlk dəfə Atanın görüşünə gedəndə anam dedi ki, hə, getdin, nə ad aldın? Onlar bu görüşü hər hansı dahi bir adamla, filosofla, ya şairlə görüş kimi qəbul edirdilər. Sonra mən tədbirlərə gəldikcə, Ocağı anladıqca fikirlərim də dəyişilirdi. Ailəm də buna qarşı çıxırdı. Sonra görəndə ki, artıq bunlar ömrümdə oturuşur, təməlini tapır, görürlər ki, mən öz dediyimə uyğun yaşayıram, ömrümdə yalan yoxdur, doğruçuyam, doğmayam, başqa şeylərə uymuram, onu qiymətləndirirlər və bunların hardan gəldiyini də görürlər. Orda Ocaq təsdiq olunur.

Yasin Türksoy: Bu ay ərzində işlərimin çoxluğundan xüsusi hazırlaşa bilmədim. Bir-iki düşüncəm var, onları istərdim bölüşəm.

Keçən aykı “Ailə Günü” mərasimində Əlisəfa bəy hind fəlsəfəsindən danışdı. Hind fəlsəfəsinin əsrlərlə var olduğunu, bizim fəlsəfənin fərqli cəhətlərini bilmək üçün suallar verdi.

Əlimdəki dəvətnaməni həmin mərasimdən bir gün öncə “Qarayev” metrosunun qarşısında bir gənc oğlan paylayırdı. Burda yazılıb ki, giriş pulsuzdur. Kitabların da adı yazılıb, onları da əldə etmək mümkündür. Onlar öz fəlsəfələrini əhaliyə pulsuz təbliğ edirlər. Dəvətnaməni də hər kəsə vermirdilər. Cəlb etmək üçün buxov adlanan ətirli çubuq da paylayırdılar. Nurçuluq, vəhhabiçilik, sonu bilinməyən təriqətlərdən əlavə bir təriqət də budur. Çox rahat fəaliyyət göstərirlər yurdumuzun içində. Durumumuz çox da ürəkaçan deyil. Türkiyədə son olaylarla bağlı bir şeyi bölüşüm. Türkiyə telekanalları Somadakı faciəyə yas saxlayırmış kimi ekranın qırağına qara bant yerləşdirib hər zamankı seriallarını, verilişlərini verirdilər. Yazıqlar olsun Türkiyə telekanallarına.

Soylu bəyə sualım var. Soylu bəydən tez-tez eşidirik – dövlət müqəddəsdir. Atada belə bir ifadə var: “Dövləti olmayan xalq yetimdir”. Birinci, dövlət idarə aparatıdır. İdarə etmək, idarəçilik niyə müqəddəs olmalıdır ki? İkinci, yetim – böyüklükdən, böyükdən məhrum qalandır. Cismani və ruhani atasızlıqdır. Soylu bəy aydınlıq gətirərdi buna. Az öncə mərasimdə belə bir fikir vurğulandı – özündəki bir çox qüsurları dində axtarmaq. Bilmək istəyirəm özündəki qüsurları dinin üstünə atmaq doğrudurmu?

Soylu Atalı Ataya Səcdə ilə sözünə başladı: Mən sizin çıxışlarınız üstə söz demək istəyirəm. Mən hesabatımı 15 İşıq Ayında “Atagün” Ailəsinin “Ailə Günü” mərasimində vermişəm.

Əvvəla Ailəçinin özü haqqında sözü. Nəyə hazır olmaq doğrudur? Ailəçilər “Ailə Gün”lərində son dövrlər təkcə özlərindən ibarət olmurlar. Hər zaman qonaq olub, 3 nəfər, 5 nəfər, 1 nəfər. Ailəçilər sözlərini əsas etibarilə gələnlərə hesablayıblar. Gələnlərə hesablamaq düz deyil. Bu gün sizin Ailənin iki qonağı var – biri mənəm, biri də bu xanımdır (Yasinin qohumunu işarə verir – N.A.). Bununla belə, Ailə Gününün söhbətlərini gələnlərə hesablamaq olmaz. Mən bunu öz Ailəmizdə də demişəm. “Ulufərəh” Ailəsində də demişəm. Əgər məsələ fərdin özünü yaratmasıdırsa, əgər məsələ özüylə döyüşü düzgün yönəltmək, ömrü Amala yetirməkdirsə, onda bütün söhbətlərin hamısı Ailə Gününün tələblərinə uyğun olmalıdır. Ola bilər, elə sözləriniz olar ki, bunları qırağa çıxarmaq istəməyəsiniz. Bu, sizin haqqınızdır. Ancaq özündən gizləməmək, elə qonağından da gizləməmək, çəkinməmək. Şəxsiyyətin yaranması müəyyən mənada, elə çox mənada özünə amansız yanaşmaq tələb edir. Demirəm ki, özüylədöyüş gündəliyinin bütün bəndlərini açıb-tökmək olar, yox. Hərgah kimsə “qırxıncı otağın qapısı”nı açmaq istəmirsə, bu, onun müstəsna haqqıdır.

Ailəçilərarası münasibət müqəddəs olmalıdır. Sizin uğurunuz odur ki, hər ikiniz ayrı-ayrılıqda suçu özünüzdə görürsünüz. Ancaq münasibətlərdə qırağaçıxmaları suçu kimi etiraf eləmək azdır. Həm də ondan çıxmaq lazımdır. Növbəti dəfə o qüsuru təkrar eləmək olmaz. Belə olarsa, mən hər dəfə etiraf edim ki, Nurtəkinin qəlbinə dəydim, yaxud da Yasinin xətrinə dəydim. Sonrakı münasibətlərdə yenə xətrinə dəydim. Mən həmişə Amaldaşlarımı özümdən qorumuşam. Özümdən qorumuşam o deməkdir ki, mənim istəklərim, tələblərim ödənə də bilir, ödənməyə də bilir. Mənim tələblərim ödənməyəndə mən onlara qarşı kobud davranmayım. Qorumuşam özüm-dən. Mümkün qədər münasibəti qorumağa çalışmışam.

Özüylə döyüş zəif gedir. Özünüsuçlama zəif gedir. Şəst var. Şəsti qırmasan, heç vaxt kamil-ləşməyəcəksən. Şəsti qırmaq lazımdır. Şəst balaca mən deməkdir. Həmən balaca mən sənə balaca əhvallar diktə edir. Gör sənin içində balaca mən varmı? Oturub hökm edirmi? Nədə hökm edir? Onu öyrənmək lazımdır. Mən sizin hər birinizin bütün duyğularınızı aça bilərəm. Siz özünüz açmalısınız. Mən bu duyğuları sizlə təklikdə aça bilərəm. Amma siz özünüz öz duyğularınızı, daha doğrusu qüsurlarınızı, hamının yanında açmalısınız. Mən hər bir fərdi aça bilərəm, çünki mən özümü aça bilirəm. Özümü tanıdığım qədər hamını tanıyıram. Bununla yanaşı fərdi həmin məqama bərabər götürmək də olmaz. Sizin hər ikiniz münasibəti bölüşürsünüz. Nurtəkin deyir mən Soyluya deyəndə o deyir ki, səndə amiranəlik var. Sən sərt yanaşırsan. İnamlı da deyir Soylu dedi ki, Nurtəkin düz deyir, görüşə getmək lazımdır. Mən sizi bir-birinizin ayağına verə bilmərəm. Mən heç vaxt başqasını suçlayıb sənin içindəki qüsurun yaşamasına rəvac verə bilmərəm. Mən səni suçlayacam, əgər sən mənə onu deyəcəksənsə, səndə doğrudan da qüsur varsa, mən səni suçlayacam. Qüsur yoxdursa, yenə mən o birini suçlama-yacam.

Məsələni elə bir səviyyədə qoymaq lazımdır ki, həmin məqama bərabər götürmək olmasın… Bəs Nurtəkinin 18 illik qurbanları necə oldu? Ocaqda nə boyda fədakarlıqlar edib. Ən çətin durumları yaşayıb. Bu boyda ağrılarla, acılarla vətəninə, millətinə, insanına, xalqına sevgi izhar edib. Bəs onlar necə odu? Bunu gözardı eləmək, şəxsi böyük Amallara çatdıra, kamilləşdirə bilməz. Yaxud İnamlını o məqama bərabər götürmürük. İnamlıda getdikcə aşkarlanan, pərvaz-lanan fərəhli anların özünü təhlil eləmək, görmək lazımdır. Onda doğru qiymət verəcəksən. Onda ədalət səninlə olacaq. Mən Asif Ata ölən gündən münasibətə elə yanaşa-yanaşa gəldim. Asif Ata ölənə qədər elə yanaşmırdım. Mən kobud yanaşırdım. Onun üstündən 17-18 il vaxt keçib. Amma yükün çoxu mənim üzərimdə olduğu üçün elə yanaşmağa haqqım yoxdur. Məsuliyyət adama ayrı şeylər deyir. Ona görə də özünü hərtərəfli öyrənmək, tanımaq, təhlil etmək doğrudur.

Bura gələnə qədər mən evimdə Üstünün iş yoldaşı ilə söhbət etdim. Əhatəli bir söhbət oldu və söhbət də ona yaxşı təsir etdi. İnsanların içində yatıb qalmış heyrət var. Ondan arzular doğa bilər, arzulardan isə əməllər törəyə bilər. Ona görə xalqımızın içində Asif Atanı tanıyan, eşidən, bilən insanlarda olan heyrəti böyük arzulara, niyyətlərə çevirmək olar.

Ocağın işi, tələbi tanımayan, eşitməyən insanlara bir az bəsit görünə bilər. Bəsit nə mənada? Belə hesab edərlər ki, biz, az sayda Ocaqçılar böyük iddialardan danışırıq. Nə dərəcədə təsirə malikdir, nə dərəcədə işə keçəndir. Bütün bunlar hamısı zaman-zaman xalqın ağlında işıqlanacaq. Bundan ötrü xalqlaşma işi çox olmalıdır. Bütün dünya Asif Atanın düşüncəsi, ideyası qarşısında yalındır. Yasin Krişnaçıların adını çəkir. Krişnaçılar Azərbaycanda dünən, srağagün deyil, sovet vaxtından var. Mən oxumuşam onları. “Bhaqavatqita” kitabı üstə “İlahi nağıllar karvanı” yazısı da yazmışam. Krişnaizmin, Vedaların tarixi çox qədimdir. 5 minillik tarixi var. Bir çox sahələr, elm adamları onlardan bəhrələniblər. Müəyyən bəhrələnəsi şeylər var. Ancaq bütövlükdə Krişnaizm bizim Avesta bilik sistemindən sonrakıdır. Avesta bilik sistemi daha qədimdir. Sadəcə biz onu qoruyub saxlamamışıq. Yiyəsi olmamışıq. Avesta bilik sistemi daha qədimdir və Vedalar özü Avestadan bəhrələnibdir. Tədbirdə istəmirəm mövzunu buna həsr edək. Mən yazımda vurğu da eləmişəm harda və nədə bəhrələniblər.

Yasinin dövlətlə bağlı sualına münasibət bildirim. Dövlət müqəddəsdir. Dövlət siyasi idarəetmədir. Ancaq mahiyyətindən çox ayrılıb. Asif Atanın “İdeal” əsərində məsələ belə qoyulub ki, dövlət ruhaniləşməlidir. Ruhaniləşməlidir nə deməkdir? Yəni insani qanunlarla idarə olunmalıdır. İnsani qanunlarla idarə edən dövlət müqəddəsdir. Dövlətin yerinə yetirdyi funksiyası var. Yerinə yetirdiyi funksiyanın təyinatı müqəddəsdir. Qorumaq müqəddəslikdir. Yönəltmək, vəhdətdə, birlikdə saxlamaq müqəddəslikdir. Bu əməllər müqəddəslikdir. Dövlət İnsanı, İnsanlığı, mədəniyyəti, dəyərləri qoruyur. Qorumaqla  insanlar bir araya gəlir. İnsanlarda sevgi, doğmalıq, gələcəyə ümid yaranır. O doğmalıq, sevgi, ümid, onun xidmətindən yaranan nə varsa, o müqəddəsdir. Dünyəvi dövlətin bir var özünün icra elədiyi, bir də var xidmətinin nəticəsi. Xidmətin nəticəsi müqəddəsdir. Ana öz körpəsini sərbəst şəkildə bağrına basıb sevirsə, əzizləyirsə, əmniyyət varsa bunun üçün, deməli bu, müqəddəslikdir. Dövlətin xidmətindən doğan hallar, nəticələr var ki, onlar müqəddəsdir. Dini dövlət yox, insani qanunlarla idarə olunan dövlət olarsa, onun idarəetməsi özü müqəddəsdir. Dövlət inzibati funksiyalarını qırağa qoymayacaq. Niyə qoymayacaq? Dövlətin funksiyaları var. Ata deyir ki, dövlət fərdi cəmin təzyiqindən, cəmi fərdin zorakılığından qorumalıdır. Bundan ötrü dövlətdə inzibatçılıq olmalıdır. İnzibatçılıq nədə özünü göstərə bilər? Bütövlükdə toplum sənin arzuladığın kamil şəxsiyyətlər deyil axı. Bunun içində adamı da var, məxluqu da var. Bunlar varsa, o deməkdir ki, dövlətdə inzibatçılıq qalmalıdır. Əgər biz deyiriksə ki, vətənimizi qorumalıyıq, əgər biz deyiriksə ki, torpağımızı azad eləməliyik. Sən mənə deyə bilməzsən ki, mən ruhaniyyatçı ola-ola niyə müharibə arzulayıram. Müharibə arzulamıram. Amma mən bu vətəni qorumalıyam axı. Vətəni qorumaq üçün mən döyüşməliyəm. Əgər İnsanlaşma ideyası varsa, bu o demək deyil ki, qurdla quzu yanaşı otlayacaq. Doğuluş var, yaranış var, yeni doğulanlar var. Yeni doğulanlar anadan olan kimi kamil doğulmayacaq. Onlar təbiətdən, gendən gətirdikləri qüsurları ilə gəlir. Biz heç nəyə mücərrəd yanaşmırıq, xülyəvi yanaşmırıq. Bizim ağlımız, düşüncəmiz var. Biz dünyanın gedişatının dəyişməsini istəyirik, insani münasibətlər ahənginin yaranmasını istəyirik. Biz həyatın dəyişməsini istəyirik. Ancaq biz özümüzü aldatmayaq. Biz demirik ki, adamlıq olmayacaq. Hər doğulan, ağlı üstünə gələndən sonra özüylə döyüşməlidir.

Özündəki qüsurları dinə aid edirik sualı verirsən. Biz eləmirik. Molla edə bilər, başqası edə bilər. Biz Ocaq olaraq özümüzü döyürük. Qüsursuzluq mühiti yaradırıq. Öz qüsurumuzu da dinin üzərinə qoymuruq. Dinə təməl ideyaları baxımından yanaşırıq. Deyirik ki, dinin təməl ideyaları insana qarşıdır. Dinin təməl ideyaları özü Allaha qarşıdır. Əgər din iddia edirsə ki, Allah kainatın bir hissəsinə ol dedi, o da oldu, o biri gün o biri hissəsinə ol dedi, o da oldu, 6 gündə kainatı yaratdı. Bu elə Allahı inkar eləməkdir. Allahı oyuncağa çevirməkdir. Allah kainatın qüdrətidir. Əvvəl Allah olub, Kainat olmayıb. Allah harda olub? Boşluqda Allah harda olub? O qüdrət harda olub, nəyin ifadəsi olub? Ona görə Ata deyir ki, dünya mahiyyətcə Əzəlidir, Əbədidir, Kamildir, Sonsuzdur. Dünyanın Əzəliliyi, Əbədiliyi, Kamilliyi, Sonsuzluğu ideyası Allah dediyin həmin o Məna ideyasıdır. Dünyanın özündədir, onunla bir yerdədir. Dünyanın olmayan vaxtı olmayıb. Dünyanın olmayan vaxtı olsaydı, belə çıxır ki, dünya yoxluqdan yaranıb. Yoxlqudan varlıq törəyə bilməz axı. Dində Allahın inkarı var. Biz təməl prinsiplərdən yanaşırıq. Deyirik ki, insanı inkar edirsən. Bayaq deyirsiniz, Ərdoğan deyir ki, sənin başına bu faciəni Allah gətirib. Nə deməkdir bu Allah?! Qəzanı Allah törədibsə, Allah qəzakardır ki, onda. Din özü Allahı inkar edir. Ona görə bizim özümüzün məntiqimiz, ağlımız var. Bu qədər yazılarım, söhbətlərim olub. Görmüsünüz ki, mən dinə dindarın pəncərəsindən baxım. Mollanın pəncərəsindən baxmamışım. Molla avam adamdır. Heç onların özləri dini dərindən bilmirlər. O, istədiyi kimi davrana bilər. Mən də heç vaxt demirəm ki, mollaya bax, din elə budur. Din o deyil. Din özünün ortaya qoyduğu ideyalardır ki, biz ordan baxırıq. Deyirik ki, Dində yanlışlar var. Bu yanlışlar da nəyə gətirib çıxarır, – cəhalətə, xurafata. Cəhalət nəyin üzərində yaranır – yanlışların üzərində. Həqiqətin üzərində cəhalət yaranmır ki. Həqiqətin üzərində nicat yaranır, xilas yaranır. Həqiqət üzərində gözəlliklər ortaya gəlir. İnsan qəlbinin böyüklüyü, gözəlliyi aşkarlanır. Yanlışda başlayır cəhalət, xurafat, qəbahət. Bütün qəbahətlərin təməlində yanlışlıq durur.

Bu gün Azərbaycan mühitini götürsək, hamı çox acınacaqlı, vahiməli şəkildə dinə qaçır. Niyə qaçır? Ona görə ki, quruluş, pulçuluq, kapitalizm elə bir amansız biçim alıb ki, burada insanlar arasında kəskin rəqabət gedir. “Bacarana baş qurban”. Qamarlayan qamarlayanın, dağıdan dağıdanındır. Mənimsəyən mənimsəyənindir. Ona görə də aclıq, səfalət artıb, ədalət yoxdur, vicdan yoxdur, ləyaqət yoxdur. Başqasının haqqını görmək yoxdur. Ona görə də insanlar o düşdüyü mühitdən, acınacaqlı durumdan dinə pənah aparırlar. Ədalətsizlikdən qaçmaq üçün gedib dindən yapışırlar. Əslində amansızlıq insanları dinə doğru aparır. Din də nicat vermir axı. Hamı qaçıb gedir, dizini yerə qoyub namazını qılır. Mübarizə aparmır axı. Mübarizə aparılsaydı, onda başqa əhvallar ortaya çıxardı. Onda kapitalizm quyruğunu qısacıydı. Xalqı talayanlar, məhv eləyənlər düşünmək zorunda qalacaqdı axı. Din heç bir vaxt quruluşla mübarizə aparmayıb. Nə quldarlıq dövründə quldarlıqla mübarizə aparıb, nə feodalizm quruluşuyla mübarizə aparıb, nə kapitalizm, nə sosializm. Heç biriylə də mübarizə aparmayıb. Əksinə, bütün hallarda din həmin quruluşların içində əriyib. Həmin quruluşlara tabe olub, onlara uyğunlaşıb. İsanın bir çox tələbləri quldarlıq quluşunun tələbləri idi. Qurandakı ayələr feodalizm qanunlarının tələbləridir. Ailə məsələsi, qənimət bölmək məsələsi və s. hamısı quruluşun içindəydi. Bu gün bir nəfər din xadimi göstərin ki, o, açıq şəkildə quruluşun eybəcərliyinə qarşı mübarizə aparıb. Bir nəfər göstərin ki, kapitalizmə qarşı söz deyib. Hakimiyyətin özbaşınalığına qarşı söz deyib. Əslində din başında duranlar kapitalistdirlər, pulçudurlar. Pullarını balta kəsmir. Ona görə quruluşun xətrinə dəymirlər, quruluşu qoruyurlar. Sadə insan qaçıb gedib namaz qılmaqla deyil. Dinin başında duranların hamısı səni talayanların yanındadır. Onlar ortaqdırlar. Bunları qanmaq, dərk eləmək lazımdır. Vəziyyəti düzgün dərk eləmək və düzgün dərk elətdirmək lazımdır. Düzgün təqdim eləmək lazımdır. Bundan da çəkinmək lazım deyil. Heç kimin heysiyyatının üzərinə yerimək olmaz. Amma həqiqəti demək lazımdır. Həqiqət Asif Atanın ideyalarındadır. Həqiqət bizim silahımızdır. Bizim silahımız insanlığı öldürmür, Şəri öldürür. Bizim silahımız şərə qarşı tuşlanıb. İnsanların içində, qəlbində daşıdıqları şərə qarşı tuşlanıb, insanlara qarşı tuşlanmayıb. Əksinə, insanların nicatı üçün, xilası üçün yiyələnmişik bu silaha. Quruluş, kapitalizm, din, siyasət, ideologiya bunların hamısı birləşib insana qarşı. Siyasi ideologiya demokratiyadır. Demokratiya nədir – hərcayilik. Demokratiya nədir – dünyanı aldatmaq. İnsanın başının altına yastıq qoymaq. “Söz azadlığı”. O nə söz azadlığıdır ki, balaca kibrit çöpünü də kəsmir. Kəsəri yoxdur. Mənim sözümün azadlığı insanların qəlbinə təsir eləməkdədir. Həqiqəti ürəklərə çatdırmaqdadır. Sən onu hər vəchlə vurursan. Hər vəchlə eşitməz edirsən. Balacaları mənə qarşı qaldırırsan. Necə azadlıqdır bu. Hər kəs kompüterin qabağında oturub minlərlə informasiya toplayır. Deyir ki, mənim də öz ağlım var, öz biliyim, öz düşüncəm var. Görürsüz televiziyaları, tok şoudakıları. Orda həqiqət var, əxlaq var? Orda dəyər var, mədəniyyət var, nə var orda? Qara-qışqırıq, həşir var. Bəs mənim yerim hardadır televiziyada. Televiziyada mən xalqımı xilas eləmək üçün haray çəkmək istəyirəm. Sevgimi haray çəkmək istəyirəm. Hanı bəs mənim üçün bu?! Azadlıq sözü təhqir olunur özü. Bayağıların, pulçuların, azğınların ağzında səslənən azadlıq sözü azadlığın təhqir olunmasıdır. Xalqın hakimiyyəti yalan sözdür. Heç yerdə xalqın hakimiyyəti yoxdur. Xalqın hakimiyyəti idi Misir? Mursi? Tutub içəri saldılar. Xalqın içindəydi, xalqın qabağına düşmüşdü. Həmin xalq üsyan qaldırdı, onu içəri saldılar. Xalqın hakimiyyəti idi İraqda Qərbin hakimiyyətə gətirdiyi Tələbani? Padşah gətirdin qoydun İraqa. Xalqın nümayəndəsiydi o? Yuşşenko, Timoşenko? Xalqın nümayəndəsiydilər? Hər şey bayağılaşıb. Hər şey kapitalizmin ixtiyarındadır, sərəncamındadır. Bizi aldada bilməzlər. Quruluş içinə alıb hər şeyi. Hər şey kapitalizmin tabeliyindədir. Din də, ideologiya da, demokratiya da, siyasət də kapitalizmin tabeliyindədir. Hamısı kapitalizmi, pulçuluğu qoruyur. Nə eləyirsən elə, quruluşa dəymə. Quruluş dəyişmir. Quruluşun başından bir tük də düşmür. Demokratiya yaxşı bir şey olsaydı, kapitalizm çoxdan əlinin arxasını yerə qoymalıydı. İnsan ləyaqəti çoxdan azadlığa çıxmalıydı. Çoxdan bərabərsizlik aradan qalxmalıydı. Səfalət, aclıq çoxdan aradan qalxmalıydı. Milyardlarla pulu xarici banklara yığırlar. Bütün ölkələrdə, tək bizdə deyil. Gizlədirlər, torpağın altında basdırırlar, gözünün qabağında isə küçədə insanlar acından ölür. Hamısı yığdığı, topladığı, taladığı qənimətlərə bəraət alır. H.Z.Tağıyev haqqında nə deyiblər – xalq atası. Xalqın malını taladı, oldu xalq atası. Hardasa lisey tikdirdi. Nəylə tikdirdi? Dədəsinin varidatıyla tikdirdi? Xalqın malıydı. H.Əliyev min dənə körpü tikdirdi. Nəyin və kimin hesabına tikdirdi? Dədəsinin mülkündən gətirmişdi pulu? Xalqın puludur hamısı. Tikdirir ki, mənimsəyə bilsin. İnsanlar belə şeyə ağız suyu axıdır hələ də. Ocaq mübarizə aparır. Hər şeyə qarşı. Hər bir eybəcərliyə qarşı. Özü də ləyaqətlə mübarizə aparır. Ailəçilər bu səviyyədə daim öz içini kökləməlidir və mübarizəsini həyata keçirməlidir.

Qarşıda bizim çox sanballı tədbirlərimiz gəlir. Ocaq mərasimləri gəlir, Ocağın səfəri var. Ciddi hazırlaşmaq lazımdır. Sevgiylə, ürəklə hazırlaşmaq lazımdır. Ocağın bayramına gücünü qoymaq lazımdır. Nə qədər Asif Atanın səsi qulaqları, könülləri doldursa, xalqın içi bir o qədər bitəcək. Uğurlar arzulayıram. İçdən hazırlaşmaq gərək və yaşamaq gərək.  Xalqıyın fəlakətlərini dərk edirsənsə yaşa. Yaşayan yaradır, yaşamayan yox. Boğazdan yuxarı heç nə yaşamır. Yaşamayan yorulur həm də. Mübarizə asan  bir şey deyil. Xüsusilə ruhani mübarizə. Çünki ruhani mübarizədə işin nəticəsi, sonu görükmür. Bunun çətinliyini fərəhli bir yaşamla yenmək olar.

Müqəddəs Oxuma hissəsində Asif Atanın “Təməl” ktabından hissələr oxundu.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə “Ailə Günü” toplantısı sona yetdi.

İşıq Ayı, 36-cı il. Atakənd.

(may, 2014. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir