Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin Ailə Günü

Ocaq Günsırası ilə 30 Qürub Ayı, 42-ci ildə “Uluyol-Hünər” Ailəsi növbəti Ailə Günü keçirdi. Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bu aydakı halım və düşüncələrim haqqında danışmaq istəyirəm. Ay içində Atadan oxumuşam. Həmişəki kimi müxtəlif Ocaq işləri görmüşəm. Hər zaman olduğu kimi saytla bağlı işləri etmişəm, tədbirləri oxuyub səhvlərini düzəltmişəm. Geniş  söhbətlərim olmayıb. İş yerində milli yöndən bəzi söhbətlərim olub. İş yerində beş nəfər gənc var. 26-27 yaşlarındadırlar. Çox təəssüf, hərəsi müxtəlif yönlü gənclərdir. Məsələn, keçən dəfələrdə biri dedi ki, kaş bizi Amerika işğal edərdi. Onda biz yaxşı yaşayardıq. Bu da sıradan bir Azərbaycan gəncinin düşüncəsidir. Bu yöndən mən də söhbət elədim.  Bunun Sovetdən gələn, işğala alışan bir xalqın durumunun sonucu olduğunu dedim. Yəni, nəyə görə işgal olunaraq yaxşı yaşamaq var. İşğal olunmayaraq, özünü yaradaraq azad yaşamaq varkən, nəyə görə belə bir arzu var. Bu yöndən söhbət etdim. Başqa biri deyir ki, erməni yaxşı xalqdır, pis xalq deyil. Sadəcə rusun əlində alətdir. Mən dedim yaxşı xalq deyil. Bu yöndə söhbətim olub. İş yerində belə milli yöndə söhbətlərim olub. Bundan başqa qıraqda başqa söhbətlərim olmayıb. Bəzi düşüncələrimi bölüşmək istəyirəm. Həm bu günlə bağlı, həm də ki Ailə Günündə qoyulan qonu ilə bağlı. Onları oxumaq istəyirəm.

İqtidar hər kəsi itaətində saxlamağa çalışır. Yaxşı yaşamaq istəyi, “az aşım ağrımaz başım” istəyi, tabe olmaq istəyi ilə birləşərək İqtidara yarayır. İqtidara yaramayanlar özümlüyünü, şəxsiyyətini yaradan, qoruyan insanlardır.  İqtidara yaramayanlar xalqına yarayanlardır. İtaətkar, tabeçi, yaltaq xalq olmur. Sürü olur. Sürü ilə sabaha getmək olmaz. Sürüdə hamı bir-birini bəyənir, bir-birini tərifləyir. Sürünün sürülüyünü özümlü şəxsiyyətlərin ömrü aşkarlayır. Sülh məramlı qüvvələr qurumu nəzarətdə saxlamaq üçündür. Zoru ayaqda saxlamaq üçündür. Dünyanın mənzərəsi budur.  Adı İnsanlıq yönündə, ancaq mənaca İnsanlığa qarşı. Siyasətin yönü budur.

Zor qorxu yaradır. Ancaq qorxu yaratdığı qədər də qorxur. Lukaşenkonun avtomatı bunu göstərdi.

Bir də bacımızın qoyduğu qonu ilə bağlı. İctimai İnqilab, Ruhani İntibah yönündə bəzi düşüncələrimi yazmışam. Nədir mənim görümümdə İntibah və İnqilab. İntibah İnsanlaşan, özüylə döyüşən insanın yaratdığı həyatdır. Həyat öz axarı ilə getmir. İnsanın ağlı, düşüncəsi yaradır. Həyatı yaradan, dəyişdirən, yüksəldən də, alçaldan da elə insandır. İntibah qan-qada ilə olmur. Zərdüşt insanı sülhlə, şərlə döyüşə çağıra-çağıra dəyişdirirdi. İsa “bir-birinizi sevin” deyirdi. Zaman-zaman dəyişirdi İnsan. Zorla yox, zorsuz sevgi ilə. İnsan özünə yiyələnəndə yaranır İntibah. O zaman millət də dəyişir. Millətin aqibəti sabahı da dəyişir. İnsan özü ilə döyüşüb həyata da fərqli baxır. İnsan öz aqibətinin yiyəsi olanda müstəqilləşir. O müstəqil fərdlərdən millət yaranır. Atanın belə bir fikri var. “Həyat pisdir, günah insandadır.” Yəni dünyanın bu durumda olmasının səbəbi də elə insandır. Yəni İnqilab nədir əslində, adamlar tez sonuc əldə eləmək istəyir. Tez əldə olunan sonuc da davamsız olur. İnqilabın timsalında bunu gördük. Ata deyir, “Ağac-ağac, hal-hal, fərd-fərd” dəyişməlidir insan. İnsan içindən dəyişdikcə millət dəyişir, həyat dəyişir. Birini hakimiyyətdən devirib o birini gətirməklə dünya çox pis yönə dəyişir. Bu dəyişiklik tarixdə özünü doğrultmasa da, adamlar yenə buna can atır. Çünkü gerçək şeyləri dəyişmək özünü dəyişməkdən daha asan, əlçatan görünür. Adam gerçəklikdə mövqeyini dəyişəndə içindəki adamlıq potensialı daha da aşkarlanır. Yəni insanlığa doğru deyil, insanlığa qarşı dəyişilir. Quruluşun, mövqeyin, imtiyazın əsasında insana baxır. İnsanilik yönündə yanaşmır. İnsan başqasını  İnsanilik yönündən dərk eləyir, adamlıq yönündən dərk eləmək olmur. Adam özünə  inanmır ki, başqasına da inansın. Adam özünü tanıyıb, öyrənib,  sevə bilmir ki, başqasını da sevsin. İnsanın özünə qarşı tələbi var, adamın başqasına qarşı. Adam gerçəkliyin, zamanın, hər şeyin qanunları ilə, tələbi ilə yaşayır. İnsan yalnız özünə olan tələbi ilə yaşayır. Bu tələblə yaşadıqca millət də dəyişmir, dünya da dəyişmir. İnsan yüksək ideyalarla, yüksək tələblərlə, milli duyğularla yaşayanda onun ölümü də insanlığa, tarixə qoyulan böyük söz, böyük dərs olur. Hər kəs cəmiyyətə yaramağa, cəmiyyətə xoş gəlməyə çalışır. Cəmiyyət də özünə yarayanları sevir, ona qarşı gələnləri sevmir. Atanın belə bir sözü var. “Dünya dəyişilir, təzələnmir”. İnqilab da belə dəyişilir, ancaq təzələnmir. İnsanlıq yönündən dünya təzələnə bilər. Bütün dövrlərdə, quruluşlarda varlılar hallarından məmnundur, həyatlarından da razıdırlar. Narazı olanlar yoxsullardır. Bu yoxsullar da ara-sıra hiddətlənirlər, ədaləti bərpa etmək istəyirlər, inqilab da edə bilirlər. Ancaq  dünya dəyişmir. Hər zaman varlılar da var, yoxsullar da. Adam  dərk etmir ki, yoxsullar varlansa da dünya düzəlməyəcək. Ədalət bərpa olmayacaq. Ədalətsizlik insansızlıqdadır. Hər bir şeyi güzəranla ölçmək doğru deyil. Dünya yalana sığınırsa, ədalətsizliyə sığınırsa, bu yöndən idarə olunursa, onda onu dəyişmək mümkün deyil. Ruhani intibah qonusunda düşündüklərim bu qədər. Bu ay az olub Ocaq yönündə işlərim, ancaq başqa Ocaqçılardan  Ocaq yönümdən soraqlar aldıqca, Ocağın əməllərini eşitdikcə çox fərəhlənirəm. Özümün də bu Yolda olduğuma görə, Ocaqda var olduğuma görə qürur duyuram. Bu qədər. Atamız Var olsun! Sözü Göytəkinə vermək istəyirəm.

 Göytəkin Atalı (Ataya Səcdə ilə sözünə başladı – G.A.): Bu ay mənim üçün ən önəmli olaylardan biri Soylu bəy, Günev bəyin bizdə qonaq olması oldu. Onlarla canlı söhbət etdik. Keçən ayla bağlı danışanda mən qeyd etmişdim, iradəsizliyim var, cəsarətsizəm, çəkinirəm. Ancaq onlarla canlı söhbət edəndən sonra onları daha yaxından tanıdım. Onlarda o İnamı, sevinci, fərəhi gördüm. Onlarla söhbət etmək mənim o mənfilərimi də silib aparırdı sanki. Həm də canlı söhbət tamam fərqli etkilədi məni. Onlardan güc aldım. Mənim söhbətləşdiyim rəfiqəm var. Keçən ay o həm ” Qaranlıqdan İşığa”  kitabını  oxumuşdu. Onunla söhbətlərimiz olmuşdu. Bu ay həm kitabı oxuduqca yaranan sualları vardı, həm də özünün sualları vardı. Onunla söhbətlərimiz çox olub. İnsanlıq yönündə ən çox da özüylə döyüş barədə söhbətimiz geniş olub. Bizim yaxın qohumlarımız var. Bu ay Bilənlə onlarda qonaq olmuşuq. Bilənlə bir yerdə orda söhbətimiz olub. Əvvəllər mən özümə inamsız idim. Elə bilirdim nəyisə deyə bilmərəm, özümü ifadə edə bilmərəm. Özümlə mübarizə aparırdım bu yöndə. Bu dəfəki söhbətdə bu da nəticəsini verdi. Bu ay Bilənlə Yardımlıda səfərdə olmuşuq. Orda birgə söhbətlərimiz olub. Əvvəl mənə elə gəlirdi ki bizim ayrı- ayrı adamlarla etdiyimiz söhbətlər zamanı kənardakılar bununla maraqlanmır. Ancaq söhbətdən sonra onlar da suallar verməyə başladılar.Maraqlanırdılar söhbətlə bağlı.  Anamla tutduğum yolla bağlı söhbətlərim olub. Ona da ” Qaranlıqdan İşığa” kitabını vermişəm. Düzdür, qarşı çıxır nələrəsə. Bu da mənim üçün gözlənilməz bir şey deyil. Kitabı da ümid edirəm oxuyacaq. Yardımlı səfərindən sonra məni düşündürən məsələlər oldu. Orda bizim birgə söhbətlərimizdən əlavə, Bilənin özünün ayrı-ayrı səxslərlə daha çox söhbətləri oldu. Yəni mənim iştirakım olmadan. Bilənin özü ilə bağlı mən çox düşündüm. Çünkü mən bu dəfə onda yeni keyfiyyətlər gördüm, çox sevindim. Öncələr ona verilən sualların çoxuna qarşı aqressiv çıxış eləyirdi. Ancaq bu dəfə  ona verilən suallar qarşısında heç tövrünü pozmadan cavablar verdi, izah elədi. Bu da onda Yolun yaratdığı dəyişiklikdir. Belə şeyləri dinlə müqayisəli şəkildə çox düşünürəm. Dinin bizdə yaratdığı keyfiyyətlər nədir, Mütləqə İnamın bizim özümüzdə yaratdığı nədir? Düşünürəm, məsələn, dində biz heç nə qazanmırıq əslində. Çünkü nəyisə istəyirik, hansısa işimiz üçün dua edirik, o alınanda onu mükafat kimi qəbul edirik. Ancaq bu əldə etdiyimiz hər hansı bir məişət işi ilə bağlı olur. Yəni əldə etdiyimiz dəyərsiz bir şeydir əslində. Ancaq Mütləqə İnamın sayəsində biz əvvəlcə özümüzü başlayırıq dəyişməyə. Özümüzdə nələrəsə yetirik. Məsələn, Bilənin özündə yetdiyi o dəyişikliklər istər böyük olsun, istər kiçik ətrafında olan  neçə adama təsir etdi. Yəni onun sakitcə nələrisə cavablaması, təmkini  başqalarını da yaxşı etkiləyir. Ona görə düşünürəm, Mütləqə İnamla yaşamağın hər addımında fərəh var. Özümüzdə yaratdığımız ən kiçik şey çevrəmizdə də dəyişikliyə səbəb olursa, bu bizimçün böyük fərəhdir. Bu ay Soylu bəy mənə tarix dəftəri tutub hər işimizi yazmağı dedi. Onu yazma da mənim üçün çox fərəh verir. Yəni ən kiçik addımımızın dəyərləndirilməsi, onun tarixə yazılması, qalması bir başqa fərəh verir mənə. Eyni zamanda özümdə yaranan dəyişiklikləri görəndə çox sevinirəm. Bayaq dediyim kimi Mütləqə İnamla hər addımda fərəh, sevinc yaşamaq var, yaşamaq həvəsi var. Yəni belə müqayisəli şəkildə düşünəndə əslində indiyə kimi yaşamadığımızı anlayıram. Məsələn, mən fikir verirəm bizim ailədə, həm Biləndə, həm məndə qısa müddət ərzində nə qədər dəyişiklik baş verir. Bunlar  da mənə daha çox kömək edir, addımlarımız möhkəmlənir. Xalqlaşma əməli ilə bağlı olan işləri özümüz üçün çox uğurlu saymıram hələ ki. Bu da artmalıdır. Bu ayla bağlı bu qədər. Atamız Var olsun!

Nurtəkin Atalı: Var ol, Göytəkin. Fərəhinə qoşuluruq. Göytəkin bu aydakı bəzi əməllərini demədi. Ay ərzində iki tədbiri kitablaşdırıb. Soylu qardaşın gündəmlə bağlı səsləndirdiyi siyasi durumla bağlı səsi sözə çevirib. Yəni bu cür çox önəmli əməlləri var. Bunları gələn dəfəki çıxışında qeyd eləyərsən. Var ol! Bilən qardaşımızın sözü varsa, onu da dinləyək.

Bilən Atalı (Ataya Səcdə ilə sözünə başladı – G.A.): Bir-iki söz əlavə eləmək istəyirəm. Soylu bəyin Göyçaya səfərində biz kəndlərə getdik, orada söhbətlər etdik. Onları Soylu bəyin söhbətləri çox maraqlandırdı. Hətta onun yenidən gəlməsini istəyirlər. Sonra Göyçayda başqa adamlarla söhbət apardı. Mən də Soylu bəyi tanımamışdan əvvəl Əbülfəz Elçibəyi lider sayırdım. Burda Talıb müəllim var, o da elə hesab edirdi. Soylu bəy onu elə izah etdi ki Talıb müəllim onu hələ də düşünür. O gün də deyir ki, mən hələ bu yaşa gəlmişəm, hələ siyasəti başa düşməmişəm. Həmişə aptekə gələndə də deyirdi ki, Elçibəy Azərbaycanın qurucusudur. İstəyirik belə səfərlərdən Yardımlıya, Cəlilabada edək. Bu qədər.

Atamız Var olsun!

Yurdtəkin Atalı (Ataya Səcdə ilə sözünə başladı – G.A.): Öz  sözümə başlamadan öncə bacımızın aparıcılığından deyim. Bacımız və qardaşımız danışdı özləri haqqında, gördükləri işlərlə bağlı bəzi informasiyaları vermədilər. Ancaq Nurtəkin bacımız onların əvəzində onların gördükləri işləri qiymətləndirdi. Mənim çox xoşuma gəldi. Mən heç bilmirdim neçənci ildə Ocağa gəlmişdim. Soylu qardaşımız araşdırıb ki, mən 10-cu ildə Ocağa gəlmişəm. O mənə dedi. Burada Asif Atanın öz xətti ilə mənim özüylə döyüş dəftərimdə qeydi var. O, 24 İnam günü 11- ci ilə aiddir. Mən biraz özüylə döyüş məsələsində cəmiyyətdə olan naqisliklər ki  var, bu eybəcərliklər var o vaxt məni sıxırdı gedişatlar. Biraz dözümsüzlük göstərirdim ki, bu cəmiyyət zor gücünə düzələ bilər. Bunu sözlə, inamla dəyişmək qeyri-mümkündür. Məndə təxminən belə bir fikir var idi. Ata mənim o fikirlərimə rəğmən yazıb öz xətti ilə. Özüylə döyüş ətrafı yetirmək böyütmək deməkdir. Özüylə döyüşün dərəcəsi ətrafla döyüşün dərəcəsini yaradacaq mütləq. Daxili dünyaya Yol salınıb. Həmin Yolla İnsanlığa yetməli! Ata özü öz xətti ilə bunu mənim dəftərimdə qeyd edib. Mənim ən çox ağrılı yerim elə bu özüylə döyüşlə bağlı olan hissədir. Biz bu həyatdakı istənilən adamla söhbət edəndə heç kəs özündə günahı, qəbahəti görə bilmir. Hər kəs özünü haqlı sayır. Özünü əzabkeş əzilən kimi göstərməyə çalışır. Bu da ondan irəli gəlir ki, onların meyarı, ölçüsü düzgün deyil. Həyat, cəmiyyət meyarları ilə özlərinə də yanaşırlar, həyata da yanaşırlar. Ona görə narazıdılar bu cəmiyyətdən, bu həyatdan ki, özlərinin dişi daha iti, caynaqları daha iti olmadığı üçün. Ancaq bir Ocaqçı kimi mən düşünürəm ki, hər halda mən özümə Ocaqçı deməyi də doğru saymıram. Çünkü Ocaqçıda prinsipiallıq, ardıcıllıq olmalı idi. Küsənmək halı olmamalı idi. Məndə bu hallar özünü göstərdi. Uzun müddət ayrı qaldım Ocaqdan. Ancaq bir şeyi düzgün başa düşürəm ki, insan özü nöqsanlı qalsa, günahkar qalsa, yəni Ocaqçıdan söhbət gedir, bizim Ocaqçı meyarımız var, İnamımız var, istinad nöqtələrimiz var, ölçümüz var. Bu ölçülərlə biz özümüzü qiymətləndirəndə nöqsanlarımızı, günahlarımızı, səhvlərimizi görə bilirik. Bir tərəfdən də düşünürəm, biz günahlarla qalsaq, həmişə  müqavimətlə üzləşərik. Deməli biz  ailədə də, qonşuda da müqavimətlə üzləşə bilərik. Günah özümüzdə var, onunla döyüşmürük, onu özümüzdən rədd eləməyə çalışmırıq, bu, sözsüz, günahımıza uyğun olaraq üzləşdiyimiz istər fərdi insanlar olsun, istər başqa adamlar olsun, həmişə onlar tərəfindən müqavimətlə üzləşəcəyik. Müqavimət də rəqabət deməkdir. Həyatdakı eybəcərliklə döyüş deməkdir. Biz özümüz nöqsanlardan gərək xali olaq ki, bu cəmiyyətdəki nöqsanlara qarşı danışmağa həm sözümüz olsun, həm sözümüzün kəsəri olsun,  həm də təbliğatımız etkili olsun. Mənim ən çox düşündüyüm özüylə döyüş istiqamətidir.  Hər bir fərd, hər bir Ocaqçı hər bir həyat adamı cəmiyyətin bu və ya digər nöqsanları ilə üzləşir. Ancaq özümüz də bu nöqsanlara, bu cəmiyyətə qiymət verəndə gərək özümüzün üzü ağ ola, onların yanında, bizi də nöqsanda, günahda günahlandıra bilməsinlər. Mən Göytəkin bacımızın danışığında özüylədöyüş çalarlarına çox rast gəldim. Onun harayına, fərəhinə mən də qoşuluram. Ümumiyyətlə, Ocağımızın bu mərasiminin gözəlliyinə mən də qoşuluram, təqdir edirəm. Ocaq, sözsüz, cəmiyyətdən çox qabaqdadır. Biz onu çox gözəl başa düşürük, bizim İnamımız əsl Həqiqəti göstərir,  izah eləyir. Bu yolda hər birimizə şəxsən mənim özümə dözüm, iradə lazımdır. Atamız Var olsun!

Nurtəkin Atalı: Yurdtəkin qardaşımızla bağlı bir şey bölüşmək istəyirəm. O həmişə danışanda onun Ocaq yanğısı, Ocaq Həqiqətinə yanğısı danışığında görünür. Məncə, onun o həsrətinin sönməməyindən irəli gəlir ki, indi illərdən sonra biz birləşə bildik, qovuşa bildik. Çünkü adamın içində o Həqiqət yanğısı, o həsrət olmalıdır, əməli görmək istəyi, əməli sevmək istəyi hamısı ondan yaranır. Bunlar hamısı bir-birini tamamlayır. Bunu qeyd etmək istəyirəm.
Güntay, sözün varsa, səni dinləyək.

Güntay Atalı (Ataya Səcdə ilə sözünə başladı – G.A.): Mən son vaxtlar bir qədər yüklüyəm. Həyat qayğılarım bir az ağırdır. Ona görə hazırlaşmağa vaxtım olmur. Xalqlaşma işlərim olur. Gərəkli qədər olmasa belə, yox da deyil. Dünən də xalqlaşma əməlim olub. Atama baş çəkməyə gələn iki dostumuzla yaxşı söhbətlərim olub, ailə içində yaxşı söhbətlərimiz olub. Asif Atanın İnamını, Asif Atanın prinsiplərini onlara müəyyən yönlərdə təqdim eləmişəm. Çox yaxşı söhbət mühiti alındı. Çox yaxşı dəyərli vaxtımız keçdi. Bu yaxınlarda mənim bir xalqlaşma əməlim olub. İnanıram, qarşı tərəf mənim dediklərimdən nəsə bəhrələndi. Onun içinə Həqiqət işığı, qığılcım düşməmiş deyil. Sadəcə olaraq, özümçün bəzi qənaətlərə gəldim. Adam vaxtilə qatı radikal dindar olub. Sizlərdən bəziləri ilə mən bunu bölüşmüşdüm. Yurdtəkin qardaşımız eşitməyib. Göylü bacı, İlahə xanım eşitməyib. Bu adam burdan Əfqanıstana döyüşməyə gedib. Öz qardaşını aparıb yanına. Qardaşı orda ölüb. Bildiyim qədər meyidini də gətirə bilməyib. Özü yaralanıb. Gəlib burda bu yola qoşulduğuna görə beş il türmə həyatı yaşayıb. Sonra gedib Suriyada İŞİDə qoşulub. Bu adam indi tamamilə başqa bir İslam modeli ortaya çıxarıb. Bunlar bir neçə nəfərdir. Sayları elə çox deyil. Sanki İslamda, Quranda olan qılınc ayələri doğru tərcümə olunmayıb. Biz onu düzgün başa düşmürük. Ümumiyyətlə, müsəlmanlar onu heç başa düşmürlər. Heç Məhəmməd peyğəmbərin də qılıncı olmayıb. Əlinə qılınc götürməyib. Ordu başında olmayıb. Yəni bu cür İslamı sülhpərvər, insani yola dartırlar, bu mənim içimdə o qənaəti yaratdı, əvvəla onu deyim, Asif Atanın işi dinlərlə bağlı olan işdir, bundan sonra onun verdiyi ölçülər dinlərin başı əzilmədikcə dəyişən deyil. Bu bizim prinsipimizdir, biz bunu qəbul eləmişik. Asif Atanın birbaşa hədəfində olan dinlərdir. Dinlər getməlidir ki, Asif Atanın İnamı həyata ölçülər verə bilsin. İnsanlar onun ölçülərini mənimsəsinlər, götürsünlər, həyata tətbiq eləsinlər. Nizam yaransın. Mənim içimdə formalaşan qənaət bu oldu ki, artıq İslam həqiqətən də xəstə yatağına düşmüş, ölümünü gözləyən, pis adamlar ki olur xəstə yatağında ölüm qabağı hamıdan halallıq almaq istəyir, hamıya etdiklərinin əslində səhv başa düşüldüyünü deyir, hamıdan üzrxahlıq edən bir xəstəyə bənzəyir mənim gözümdə. Bu da onu göstərir, bu sıradan bir məsələ deyil. Bir insanın həyatında bu baş veribsə, demək olmaz, bunun dinə aidiyyatı yoxdu. Din ölümünə gəlib. İndi bu ölüm sürətlənməlidir. Biz də sürətlənmədə dinə kömək edəcəyik. Tez ölsün, tarixin lazım olan rəflərində gedib dursun. Həyata nizam verməyə mane olmasın. Bu qənaət mənim içimdə oyandı. Bundan sonra mən bir daha dərk elədim ki, həqiqətən də Asif Ata vaxtında tam Mütləq olan bir ölçünü həyata təqdim eləmiş bir adamdır. Bu ölçünün də, bu sistemin də dalında durulması gərəkir. Çünkü İnsanlar, Soylu bəyin də hər zaman dediyi kimi nə vaxtsa qəfildən qayıdıb o İnsanlıq ölçüsünü axtaracaq. Belə gedə bilməz. Artıq bütün doktorinalar, bütün dinlər hamısının yalan kartları açılmaq üzrədir. Yalan sonsuz ola bilməz. Ona  görə düşündüm ki, Asif Ata həqiqətən də arxasında durulması gərəkən bir dühadır. Böyük alimdir, peyğəmbərdir. Xalqlaşma işlərim bu səviyyədədir, bundan da daha yüksək səviyyədə olub. Yaşasın Ata! Sizi belə bir yerdə görəndə xoşbəxtliyi hiss edirəm. Bir daha Ataya səcdə edib bayrağımızı öpürəm. Atamız Var olsun!

Nurtəkin Atalı: Var ol, qardaş. Sənin o duruma baxmayaraq bölüşmək istəyin, həqiqəti çatdırmaq istəyin çox qürurvericidir. İlahə bacı, sözün varsa dinləyək səni.

İlahə xanım: Ürəyinizdə Ata Günəşi olsun!  Asif Atanın Günəşini mən hər zaman ürəyimdə tuturam. Sadəcə söz deyil, neçə ildi mənim ürəyimdə Asif Atanın işığı var, o işıqdan uzaq düşə bilmirəm. Elə girib ki mənim qəlbimə, hər şeydə onun sözlərini, dediklərini görürəm sanki. Müqayisə edirəm. O gün də xəbər oxudum. Norveçin şahzadəsi bir  təşkilat yaradıb üç-dörd il bundan qabaq. Təşkilatın da adı “Ləyaqət”dir. Onların da dedikləri budur ki, dünyada ləyaqət çatışmır. Dünyanın hər şeyi var. Elm gəlişib, texnologiyası var, ancaq ləyaqət məsələsi geri qalıb. Buna baxanda yenə Atanın o dediyi “Ləyaqətli Bəşər” ideyası yadıma düşür. Axi Asif Ata bunu neçə il bundan qabaq deyib. Bir də biz Azərbaycanlılarda uzaqlıq xəstəliyi var. Elə bilirlər uzaqdadı Həqiqət. Mən buna dönə-dönə şahid oluram. Həqiqətən Asif Atadan artıq deyən olmayıb. Başqa tərzdə daha yüksək deyən olmayıb. Kapitalizmin belə əməlləri var ki kitabları satılsın deyə, videolarına baxılsın deyə daha cazibəli edirlər. Daha çox Azərbaycandakı Avropapərəstlər üçün. Mənim içimdəki arzu Avropaçılığa heyrətə qarşı bir iş görməkdir. Material toplamışam, onun üzərində işləyəcəm. Bu qədər. Hamınızı sevirəm, bağrıma basıram. Atamız Var olsun!

Nurtəkin Atalı: Var ol, bacı. Biz də səni sevirik. Sənin uzaq bir yerdə Ata həsrəti ilə, Ata sözü ilə, Ata həqiqəti ilə yaşamağının özü də  elə Atanı təsdiq edir. Həm də səni də təsdiq edir bizimçün. Varlığın sevinc gətirir bizə. Əminəm,  sənin o çalışmaların da öz sonucunu verəcək. Mən buna inanıram.

İlahə xanım: Sağ ol bacı. Mən də inanıram, sona qədər edəcəm. Çünkü heç bir işimi yarıda  buraxmamışam. Az iş görsəm də həyatımda önəmli  işlərimi görmüşəm sona qədər.

Soylu Atalı (Ataya Səcdə ilə sözünə başladı – G.A.): 30 Qürub ayı 42-ci il günsıramızda “Uluyol-Hünər” Ailəsinin keçirdiyi növbəti aylıq tədbirdə, aylıq törəndə söz deməzdən öncə bayrağımızı öpürəm. Ataya səcdə qılıram.

Bir az bəlli bir çətinliklər var. Bəzən səsin qırılması, kimlərinsə kal eşitməsi, kimlərinsə səsinin yaxşı gəlməməsi bizim arzulamadığımız şeylər olsa da, həm də bizdən asılı da deyil. İnternet üzərindən toplantı keçiririk. İndiki çağda ölkədə kəskin karantin rejimi olduğuna görə bir neçə adamın bir yerə toplanmasına yasaq qoyduqlarına görə, biz də canlı toplantılar keçirə bilmirik, canlı Ocaq tədbirləri həyata keçirə bilmirik. Ona görə internet üzərindən qoşulmaq zorundayıq. İnternet üzərindən də nələrsə, hansısa qüsurlar olur, olmalıdır. Hamını mütləq dəqiqliyi ilə yığmaq olmur. Burda başqa səbəblər də var. Məsələn, deyək, hansısa bir Ocaqçımızın qoşulması, ya da onun yüksək bir təşkilatçılıqla qoşulması üçün də hansısa şərtlər ödənməlidir. Maddi şərtlər ödənməlidir, başqa şərtlər ödənməlidir. Bunlar da Ocaqçılar üçün asan deyil. Bunların hamısını biz gözə alırıq, başa düşürük, qəbul edirik. Mən sizin çıxışlarınızı belə deyək ki, həm ləyaqətli hesab edirəm, həm də qismən az hesab edirəm. Bəzən özünü, əməlini tam ifadə edə bilmir kəsirlər də olur. Eybi yoxdur, bunlar da ola bilər, olsun. Məsələn, deyək ki, oxuduqlarınız var. Oxuduqlarınızın özünü yaxşı təhlil eləməyiniz gərəkdir, düşüncələrinizi deməyiniz gərəkdir. Bunlar olduqca önəmlidir. Çünkü dünyaya baxış bəlirlənməlidir. Ocaqçının dünyaya baxışı, Ocaqçının həyata baxışı, Ocaqçının bədii ədəbiyyata baxışı, Ocaqçının fəlsəfəyə baxışı, Ocaqçının doktrinalara, ideyalara baxışı, bunu vurğu eləyirsiniz, deyirsiniz. Məsələn, mənim bayaq xoşum gəldi. Güntay özündə bir məqamı aydınlaşdırdı. Deyir ki, mən görürəm ki, kimsə ortaya çıxıb İslamla bağlı yeni bir baxış bucağı sərgiləməyə çalışır. Mənim gəldiyim qənaət belə oldu ki, bunlar hamısı yeni çabalar olsa da, köhnəliyi yaşatmaq cəhdləridir. Buna görə mən qəbul elədim, anladım ki, bütün bunların hamısının ortadan getməsinin bir səbəbi var, bir yön var, o da Asif Atanın yaşaması, Asif Atanın gündəmdə saxlanılması, arxasında durulmasıdır.

…Bu qənaət özü uğurlu bir qənaətdir. O, kiminləsə öz ünsiyyətindən ortaya çıxan bir məsələni özü üçün aydınlaşdırır ki, bu nə deməkdi. Hər bir məsələ belədir. Oxuduğunuz da, öyrəndikləriniz də eləcə. Hər bir fərd, Ocaqçı əslində nə öyrənirsə, nəyi öyrənirsə, hara baxırsa, hara gedir öyrəndiyi bir şeyi, baxığı bir yönü özü üçün aydınlasdırmağa çalışmalıdır, müəyyənləşdirməyə çalışmalıdır. Bayaq bir misal çəkdim. Güntayın görüşdüyü adamla bağlı, məsələn deyir mən o adamla söhbət eləyəndə bu qənaətə gəldim ki, bunlar köhnəliyi yaşatmaq çabalarıdır. Başqa bir şey deyil.

…Buna görə də biz də çalışmalıyıq ki Asif Atanı yaşadaq. Asif Atanı yaşatdıqca belə çabalar öz anlamını itirəcək. Yəni onda köhnəliyi yaşatmaq istəyənlər Asif Atanın qarşısında duruş gətirə bilməyəcəklər. Ona görə biz Ocağı yaşatmalıyıq, Ocağı qabağa aparmalıyıq. Mən “Atagün” Ailəsinin toplantılarından birini keçirəndə orada israrla bir məsələni vurğu elədim. Bizim hədəfimiz Azərbaycanda Peyğəmbərlik hadisəsi  yaratmaqdır. Bəzən deyirlər ki, düşünürlər ki, bu Ocaqçıların başqa bir işi yoxdurmu, Asif Ata peyğəmbərdir, din rədd olmalıdır filan deyirlər. Yenə  mən qayıdıram Güntayın o sözü vurğu etməsinə ki, Asif Atanın birinci işi dinləri ortadan qaldırmaqdır. Doğru qənaətdir. Çünkü biz insan olaraq nə istəyirik, biz azadlıq istəyirik. Bu azadlığı bizə kim verəcək, hardan alıb verəcək. Yaranan bütün doktrinalar, bütün baxışlar hamısı insan azadlığına qarşı çevrilib. Hər biri insan azadlığını əlindən alər. Bəzən görürsən, deyirlər, insanları təbii azadlığına qovuşdurmaq gərəkdir. Onu təbii durumuna buraxmaq gərəkdir. Əslində bu özü də bir buxovdur,bu özü də bir əngəldir. Bu da insanın azadlığına qarşı yönəlmiş düşüncədir. Yəni insanı özünün təbii axarına buraxmaq olmur. Niyə olmur? Deyək ki, heç bir doktrinalar yoxdu, heç bir baxışlar yoxdu, qıraqda hər hansı bir ideya filan yoxdur, yenə də insani öz təbii axarına, durumuna buraxmaq olar, olmaz? Mən deyirəm olmaz. Çünkü insanın təbii durumu biologiyadır. Təbii durumu cismanilikdir. İnsan cismaniliyinə meyl etdikdə təbii olaraq o gedib heyvana çıxır. Onun duyğuları da təbii varlığıma tabe olur. Onun beyni, düşüncəsi, onun  ürəyi təbii istəklərinə, təbiiliyinə tabe olur. Ona görə də təbii durumuna buraxmaq olmaz. Bunun üçün doktrinalar yaranır. Guya doktrinalar, dinlər, dünyabaxışlar ona görə yaranır ki, insanı təbii durumundan uzaqlaşdırıb mənəvi durumuna qovuşdursun. Çünkü insan mənəvi varlıqdır, ruhani varlıqdır. Buna qovuşdursun. Ancaq insanı ruhani varlığına qovuşdurmaqdan ötrü dəridən, qabıqdan çıxan çoxsaylı ideologiyalar, doktrinalar, baxışlar daha da zərər verirlər. Qaş düzəltdikləri yerdə göz vurub çıxardırlar. Çünkü insanın mənəvi, ruhani varlıq olduğunu təsdiq eləmək üçün insanı insanlıqdan çıxarırlar. Çəkib aparırlar tamam başqa bir yerə, başqa bir ideyaya. İnsandan qıraqda olan başqa bir şeylərə aparırlar. Bununla da guya insanın azadlığını bərpa edirlər. Sonucda biz görürük ki, insanlığı əsarətə salırlar. Məhv eləyirlər, azadlığını əlindən alırlar. O cür insana uyğun olmayan, insana aid olmayan baxışların etkisindən insan özünü dərk eləmir. Özünü tanıya bilmir. Dünyanı insandan gizləyirsən, sonra da deyirsən dərk elə. Necə dərk eləyəsən, sən bu dünyanı məndən gizlədirsən axı. Allahı məndən gizləyirsən, sonra da deyirsən Allahı dərk elə. Məni özümə həsrət qoyursan, sonra da deyirsən ki, özünü dərk elə, kamilləş. Necə dərk edim, necə kamilləşim?! Kamilliyin yolunu kəsmisən. Ona görə Asif Ata gəlib, insanı təbii axarına buraxmır. İnsanı mənəvi-ruhani yoxuşluğuna yönəldir, mənəvi-ruhani kimliyinə doğru yönəldir. Deyək ki, mənəvi-ruhani kimliyinə üz tutarsansa, çətinliklər çəkəcəksən. Çətin yaşayacaqsan, ağır yaşayacaqsan, bu yolda çətin yürüyəcəksən. Bu yol çətin yoldur, yoxuşdur. Ancaq sənin qurtuluş azadlığın bu yoldadır. Sən içindəki sənə əngəl olan heyvanatla vidalaşmasan, azad ola bilməyəcəksən. Öncələr də mən çıxışımda vurğu eləmişəm bu hissələri. Sizə xatırladıram Asif Ata özüylə döyüş ideyası ilə bağlı belə bir şey deyib. İnsan içində tülkü gəzdirir, insan içində ilan gəzdirir, insan içində canavar gəzdirir. İlanla, canavarla, tülkü ilə döyüşməlidir. Belə bir şeylər deyir. Asif Atanın dediyi belə şeylərdir ki, yəni insan içində ilan gəzdirir, yəni heyvan gəzdirir. Çünkü insan biolojidir, bioloji olaraq yaranıb. İndi mən içimdəki ilanı, tülkünü, canavarı tanımalıyam. Tanımağa qoymur məni başqa doktrinalar. Qoymur onu mən tanıyam. Mən onu tanımalıyam ki, onunla döyüşəm, onu içimdən rədd eləyəm. İçimdə ilahi duyğumla üz-üzə gələm. İlahi olduğumu, ruhani olduğumu, mənəvi olduğumu dərk eləyəm. İnsanın azadlığı içindəki heyvanatla vidalaşmasındadır. İnsanın azadlığı onun qabağına bir qazan bozbaş bişirib qoymaqda deyil. İnsanın azadlığı ona beş mərtəbəli ev tikib verməkdə deyil. İnsanın azadlığı həyatda bu qədər elmi imkanlardan yararlanıb hansısa pul əldə etməkdə deyil. İçində ilan  gəzə-gəzə istəyirsən sən komfort şəraitdə yaşa, harda istəyirsən yaşa. Gündə yağla-bal ye. Sənin içində ilan var axı. Səninlə mən üz-üzə gələndə sənin yediyin yağ, bal mənə heç nə vəd eləmir. Səninlə üz-üzə gələndə sənin içindəki ilan mənim üzümə zəhər qusur. Sənin içindəki tülkü mənə kələk gəlir. Sənin içindəki canavar mənim varlığımı qapır, çeynəyir. Asif Atanın dediyi azadlıq budur. İnsan içindən azad olmalıdır. Asif Ata insana maddi bir şeylər vəd eləmir. Ancaq eyni zamanda Ata nə deyir, insanın azadlığa çıxması üçün, insanın özünü insan kimi anlaması, yaşaması üçün ona ilkin maddi təminatlar vermək gərəkdir. İlkin maddi təminatları da dövlət verməlidir. Dövləti biz ona görə yaratmışıq. Mənim əlimə, ayağıma dolaşanları qırağa qoysun, mən ilkin maddi təminatlarımı əldə edim. Dövlət özü mənim maddi imkanlarımı əlimdən alır, oğurlayır. İmkan vermir ki, mən gedim həyatda özüm sərbəst şəkildə öz əməyimlə, zəhmətimlə ən ibtidai maddi tələblərimi ödəyim. Sonra da oturum düşünüm ki, mənim içimdə hansı eybəcərliklər var, onları qırağa qoyum. Asif Atanın işi budur. İnsan yaratmaq insanı azadlığa çıxarmaqdır. Ona görə heç kim bizə deməsin ki, biz belə deyirik, din pis şeydi deyirik. Pisə pis deməliyik. Onu  mən qırağa qoymaq üçün niyə deyim ki yaxşı şeydir. Ya da onun yanından sükutla keçə bilmərəm axı. Mən onun yanından sükutla keçərəmsə, o yaşayacaq. Mən ona deməliyəm ki, mənim evimdən rədd ol. Mənim yurdumdan rədd ol. Deməli, buna çalışmalıyam. Sadəcə demək deyil, onu rədd eləməliyəm. Ona görə Asif Ata düşündü, daşındı, Ocaqlaşma yolu tutdu. Düşündü, daşındı ruhani Ailələşmə yolu tutdu. Bizi üç-beş adam bir araya gətirib Ocaq Ailəsi yaratdı, dedi, sən Ailə olaraq da azadlığa çıxmalısan. Ailə olaraq da içindəki eybəcərlikdən azad olub xalqın içində azadlıq toxumu səpməlisən. İctimai şərlə döyüşməlisən, mübarizə aparmalısan. Bizim də Ailə  günlərinin məqsədlərindən biri, başlıcası odur ki, biz Asif Atanın dediklərini öyrənərək, amallaşaq. Amallaşma yolunda düşüncələrimizi, əldə etdiklərimizi, öyrəndiklərimizi dilə gətirək. Bir-birimizə öyrədək, deyək, anladaq. Eyni halda içimizdəki eybəcərliklə necə döyüşürüksə, necə  döyüşməliyiksə onu dilimizə gətirək. Özüylə döyüş hesabatı verək. Arınaq, durulaq, kamilləşək. Eyni halda xalqın içində Asif Atanın hansı tələblərini, hansı düşüncələrini  necə çatdırırıq, necə verə bilirik. Adam-adam, fərd-fərd Atanın dediyi kimi, ağac-ağac,  hal-hal. Necə biz onu veririk, yaşadırıq onun hesabatını verək, dilimizə gətirək. Ailə Gününün də məqsədi budur. Ailə Günü Ocaqçını yaratmaqdır, Ocaqçını böyütməkdir. Xalqın içinə göndərməkdir. Həm özünün ləyaqətini təsdiq eləməkdir. Həm də xalqın ləyaqətini təsdiq eləməyə yardımçı olmalıdır, xalqa kömək eləməlidir. Bax budur, Ocağın tədbirinin məqsədi, hədəfi. Mən də əslində hara gedirəmsə hər gün söhbət aparıram. Dünən işdə də yenə mənim ciddi söhbətim olub. Mənim hər gün ya canlı ya da internət üzərindən söhbətlərim olur. İnternet üzərindən elə bu tədbirə kimi iş aparmışam. Telefonla, harda imkan düşdüsə, iş aparmaq gərəkdir. Fərqi yoxdur bir, üç beş adamla. Bir bölgədə, qonşuda,  qohumda, evdə bunların hamısı xalqın içində aparılan işlərdir. Bir adamla danışırsan, ola bilər o heç səni eşitmədi.  Ancaq biz xalqın içində kəşfiyyat apara bilmərik ki, sözümüzü kimə deyək. Biz hamıya deyəcəyik. Hər kəs deyirik sözümüzü. Hər yerdə deyirik. İşimiz budur. İşimizə də uğurlar olsun. Hər bir Ocaqçının az-çox özü bacardığı, harda nə söz deyə bilir, nə iş görə bilir, nə öyrənə bilirsə, hamısı Ocaqlaşma işidir. Ondan narazı qalmaq gərək deyil. Onu artırmaq olar, narazı qalmaq olmaz. Mən də sözümü bitirirəm, hər birinizə də təşəkkür edirəm. Bu gün bir araya gəldik, doğmalaşdıq, düşüncələrimizi bölüşdük. Atamıza bir addım da yaxınlaşdıq. Atamız Var olsun! Bayrağımızı öpürəm.

Təəsüf ki, vaxt başa çatır. Əsas sözümüzü dedik, düşüncələrimizi bölüşdük.

Atamız Var Olsun!

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetir.

Ata Ayı, 42-ci il. Göyçay.
(sentyabr, 2020)

 

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir