Ocaq Günsırası ilə 14 Çiçək Ayı, 41-ci ildə (aprel, 2019) “Uluyol-Hünər” Ailəsinin Ailə Günü keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: “Uluyol-Hünər” Ailəsinin 41-ci ildə ilk Ailə Günü. Öncə özüm haqqında hesabat verim. Amallaşma, kamilləşmə, xalqlaşma haqqında. Atadan oxumuşam. Əsasən son bir həftəni Amallaşmaya ayırmışam. Bəzi düşüncələrimi də yazmışam bu yöndə. Sosial şəbəkə üzərində bəzi söhbətlərim olub. Nə qədər mən amallaşmıram, zaman keçir. Ancaq mənayla bir olanda zamandan yüksəyə qalxıram. Zaman dəyərlənir. Nə qədər ki, mənayla bir olmuram, zamanın içində oluram. Ay içində müxtəlif işlərim olub. Tədbir kitablaşdırmaları. 40 illiyə hazırlıq, saytla bağlı işləmələr. Bu işlər ardıcıl olaraq davam eləyir. Tədbirlərin arxivləşməsi davam edir.
Bəzi düşüncələrimi bölüşmək istəyirəm. Yazmadıqca, düşünmədikcə özüm üçün aydınlaşmıram. Bəlli bir sabitlik gəldi halıma. Son zamanlar bəlli qayğılar var. Onlarla bağlı gərgin düşünürəm.
Çətinliksiz fərəh olmur.
Problemdən azad olub amal haqqında düşünmək istəyim hər zaman gerçəkləşmir.
Əsarət gəldim demir, özünə alışdırır, cəzb edir. Sevdirir, özününkü edir. Özgə dilə tələbat artıb. Adam öz yurdunda öz dilindən imtina edir. Öz dili yersizləşir. Yad dilin, mədəniyyətin əsarəti gərəkli olur, qaçılmaz olur. Əsarətdən çıxmaq üçün milliləşməlisən. Yurdunu yurd etmək üçün, özün olmaq üçün milliləşməlisən.
Bir çağlar qurbanlıq heyvan kəsilərdi. Sonra qurban verilən insanlar da oldu. İndi isə qurban verilən xalq, ölkə var.
Ən dəhşətlisi odur ki, başçılar başsızlıq edir, onlara inanan, arxalanan insanların inamını məhv edirlər. Dünyada zor, güc öz hökmünü yeridir. Ona görə zor tanınır, güc tanınır. Ona görə ədalətə inam yox olur, Həqiqətə inam yox olur.
Bu gün Azərbaycan üçün çalışmaq çox çətindir. Çünkü maddi qayğılar, həyatın çətinliyi, ədalətsizlik, haqsızlıq, xalqsızlıq elə tüğyan edir ki. Mənəvi sözə, mənəvi addıma həsrət qalıb qulaqlar. Ona görə də inanmır. Gözün gördüyünə inanır, ürəyindəkinin, xəyalındakının gerçəkləşəcəyinə inanmır.
Bir olay baş verdikdə bilən də, bilməyən də hakim rolunda çıxış edir. Heç özlərinin davranışına, yaşamına doğru-düzgün qiymət verə bilmirlər. Nə üçün yaşadıqlarını soruşsan, cavab verə bilməzlər. Ancaq başqalarına qiymət verirlər.
Son zamanlar söhbətlər eləyəndə müşahidə eləyirəm, adam nə dərəcədə özümlü olmayanda, milliləşməyəndə hər cür özgəçilik həm həyata, həm düşüncəyə daxil olur. Ocaqda olmaq o deməkdir, aqibətin öz əlindədir. Öz ömrünün yiyəsisən. Öz ömrünün yiyəsi olmağı duymaq, yaşamaq fərəhdir. Buna görə də Amallı olmaq həyatdan yüksək yaşamaqdır. Nə rütbəyə, nə zora sığınmamaq, insanlığa sığınmaq, insanlıq əsasında yaşamaq.
İnsanlıq ölçüm olanda xarakter formalaşır, qurulur. Çünkü ölçü əsasında yaşayıram, Zamanın, ortamın diktəsiylə deyil. Bilən də, bilməyən də hakimdir sanki. Yəni o saat qiymət verir. Özünü o olayların içində, o olaylar baş verən adamın yerinə qoymur. İstər tarixi olaylara, istər siyasi olaylara qiymət verdikdə özün hansı xarakterdəsən, hansı düşüncədəsən onu düşünmək gərəkdir. Yazdıqlarım üzrə düşüncələrim bu qədər. Atamız Var olsun!
Güntay Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Ocağın tədbirinin harda keçirilməyindən, insanların sayından asılı olmayaraq, sorumluluq basqısı var. Ona görə də çətin olur. Ömrün o hissəsini Ocaqçı kimi yaşamayanda, sözsüz, bölüşməyə qonu olmur. Ancaq buna baxmayaraq, Ocağın sorumluluğunu dərk eləməyi özümün borcum bilirəm. Bu borcu nə dərəcədə ödəyə bilirəm, aydın məsələdir, mənim özümü qane eləmir. Niyə qane eləmir? Çünkü Nurtəkin bacının vurğuladığı kimi, həyat qayğıları insanın yaşamasını etkiləyir. Soylu bəy vurğulayır, get-gedə o qayğılar daha da artacaq. Ancaq bunu yoluna qoymaq üçün bizim bəlli çabalarımız var. Mənim də öz yönümdən çabam var. Mənim çabam daha çox həyatda öz yükümü yüngülləşdirmək yönündən görünə bilər. Ancaq elə deyil. Həyat qayğıları bir az məndən aralansın deyə, mən də çabaların içindəyəm. Düzdür, mənim auditoriyam elə də geniş deyil. İstər iş, istər ev mühitində bəlli xalqlaşma söhbətləri aparıram. Bunu bir yerə qeyd eləməsəm də, yəni bu söhbətlərin tamamilə yoxa çıxması anlamında deyil. Aydın məsələdir, özümün durumumu Ocağın tələblərinə uyğun saymıram. Məni tanıyanlar bəlkə də bunun tərsini düşünərlər, mən Ocaq tələbinə uyğun saymıram. Çünkü Ocaq ölçüsünü dərk eləmişəm. Halıma, ağlıma çatıbdır, indi onu ifadə eləyə bilməsəm də.
Amallaşmamda son vaxtlar ara vermişəm. Xalqlaşma işi də vətən sevgisindən irəli gələn bir şeydir. Aydındır xalqlaşma işim, amalın ölçüsünü sərgiləyə bilsəm, daha yaxşı olardı. Ona görə çox işləmək, ömrü yandırmamaq gərəkdir, ömrün, sözün etkisi olsun. Sürüçülüyün nə olduğunu da bilirəm. Ancaq amalla bütövləşmək üçün bəlli bir nəfəs dərməliyik elə bil.
Ata qarşısında sorumluluğum böyükdür. Çox istəyirəm özümə vaxt ayıram böyük şəxsiyyət olmaq haqda düşünəm. Həyatdan vaxtı ala biləm. Necə ki amaldaşımız Soylu bəy bunu eləyə bilir. Atamız Var olsun!
Ulusəs Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Düzdür, bu gün ixtiyarım yoxdur danışmamağa. Məsələ o yerdədir, Asif Ata Bayrağının bu evdə yer tutmasının sevincini demək istəyirəm. Hədsiz sevinc verir mənə, Asif Atanın Bayrağı bu evdən də asıldı. Düzdür, sorumluluq öz yerində. Ancaq iş burasındadır, biz Ocaq Evladı kimi tam iş görə bilmirik. Mən də çoxdandır nə amallaşıram, nə xalqlaşıram. Ancaq yenə deyirəm, tədbirin bu evdə keçməsi mənim üçün özəl haldır. Nurtəkin deyəndə ki, tədbir sizin evdə keçiriləcək, məndən çox Nəsibə sevindi. Vaxt vardı Nəsibə xanım da iş görürdü. Mənim yadımdadır Nəsibə Tovuzda görüş təşkil elədi. Orda Mütləqə İnamı insanlara təqdim eləmək fərəhimi hələ də xatırlayıram, doğrudan da, xoşbəxt haldır. Yenə mən öz sevincimi, Nəsibənin məndən artıq sevincini çatdırmaq istəyirəm, bu günkü günlə bağlı.
Atamız Var olsun!
Soylu Atalı (Ataya səcdə edib Bayrağı öpür – T.A.): Günün ikinci yarısı başlayan bu Ailə Günümüz mənim üçün gözlənilən idi. Ona görə mən də Ataya özəl bir səcdəylə özümü ifadə eləmək istəyirəm. Bu tədbirləri bundan sonra burda ara-sıra keçirəcəyik. Niyə? Sizə də bu sevinci yaşatmaq bizim üçün fərəhli gerçəklikdir. İkinci, Ulusəsin özünəxas sorumluluğu. Ona iş tapşırarsan, ən xırda detallarına qədər hesaba alır. Odanı da o açıdan hazırlayır. Qabaqlar da elə olub. Burda da düşünürəm, yer dardı, əşyalar bir-birinin üstündədir. Ancaq gəldim gördüm, durum fərqlidir. Yəni bu dar yerdə Ocağın sözünün dilə gətirilməsi üçün uyğun ortam yaradılıb. Bunlar hamısı işin bir cəhəti olaraq gözəldir. İndi bunu daha geniş şəkildə yaşatmaq məsələsi var. Onu da siz özünüz dilə gətirirsiniz. Qayğılarınızı, çətinliklərinizi, qınamalarınızı. Bilirsiniz, həyatda heç kim özünə inanmır. Ocağın hədəfi odur, insan özünə inansın. Mütləqə İnam adlanan hərəkat ona görə ayaqdadır. Ona görə yarandı, o istəklər gerçəkləşsin. İnsan özünə inanmalıdır. İnsanın özünə inanması nəyə dayanır? Söz yox, mən yaxşı adamam deyə özünə inanmaq olası deyil. Mən yaxşı adamam, tərbiyəliyəm. İstənilən adam özünə bunu deyə bilər. Ancaq bu, özünə inamın özülü deyil. İkinci, yaxşı adam olmağı dilə gətirmək gərək də deyil. İnsan ən yüksək olanı, ən yüksək bildiyini dilə gətirə bilər. Gətirməlidir. İnsanın özünə inamını Ocaq sağlamalıdır. Bunun üçün bir gələnək yaranmalıdır. İnsan özünə necə inansın, necə inana bilər. Bunun üçün insanın düşüncəsi dəyişməlidir. Biz Ocaqçılar olaraq düşüncələrimizi dəyişə bilirik. Bu düşüncələri daha çox nəzəri əsaslarla eləyirik. Deyək ki, toplumun inandığına inanmırıq. Toplum cənnət həvəsiylə yaşayır, biz buna inanmırıq. Yəni bu bizim düşüncələrimizdə oturuşub. Dəyişikliyə getmişik. Ancaq yenə deyirəm, bu, Ocaqçı üçün başlıca dönüş nöqtəsi sayılmamalıdır. Bizdən qıraqda da adamlar var, göydəki Allaha inanmır. Cəhənnəmdən qorxmur. Ona görə bu bizim ölçü deyil. Düşüncələrdə dəyişikliyin getməsi insan haqqında biliyin yenilənməsi deməkdir. Göydəki Allaha inanmayanlar nəyə inanır görəsən? Onların insan haqqında, Allah haqqında bilikləri nəyə dayanır görəsən?! Onlar insanı necə tanıyırlar, dərk eləyirlər?! Bizim fərqimiz bu məsələlərdən başlayır. Biz düşündüklərimizi verə bilməliyik, həm də anlamalıyıq. Özünə inamın əsasında düşüncənin gerçəkləşməsi dayanır. Düşüncənin gerçəkləşməsi əmələ, hünərə bağlıdır. Əgər insan ömründə böyük əməllər, hünərlər yaşamırsa, onda onun özünə inamı bütövləşməz. İnsanlar özlərinə inanmırlar, min oyun çevirirlər. Həyatlarını oyuna çevirirlər. Həyatı oyuna çevirməkdən böyük qaragünlülük yoxdur. Hər şeydə oyun, saxtalıq. Üzünə baxır saxta düşünür, saxta gülür, saxta sevinir. Bu toplumun bu günə qədər məhv olmasını yetirən özgələşmə şərtləridir. Bundan çıxmaq üçün düşündürməliyik toplumu. Buna görə bizim böyük dövlət olmaq, böyük güc olmaq kimi dərdimiz yoxdur, Ocaq olaraq. Yəni kimsə düşünər, neyləcəksən sən? Dövlətin, polisin, qanunun, heç bir gerçək etkisi yox. Bizi zəif sayarlar. Biz özümüz də belə düşünəriksə, özümüzü zəif saxlayarıq. Biz çox şöhrətli görünən, hamının tanıdığı alimlər, aydınlar statusunda deyilik. Biz sadəcə öz evimizin içində, bir az da ondan qıraqda tanınan elə insanlarıq ki, böyük dəyişiklikləri həyata keçirməyi gözaltına almışıq. Bax, bu bizim düşüncələrimizdə oturuşmalıdır, özünə inam adlanan keyfiyyət formalaşa bilsin. Mən zaman-zaman Ocaqda olmuşlarla, özünü Ocağa bağlı sayanlarla söhbətlər etmişəm. Onlar çox manevrvari danışırlar. Gizləyərək, bəzəyərək. Mənə çatmır o. Sən cəmiyyətin elədiyini eləyirsən. Necə dəyişə biləsən? Sən Atanı hamıya göstərməyə çalışırsan, ancaq özünə göstərmirsən. Atanın dediklərini, yazdıqlarını hamıya öyrətmək istəyirsən, ancaq özün öyrənmirsən. Sən öyrənsən, heç vaxt ömründə oyunlar çevirməzən. Düşüncəndə oyunlar çevirməzsən. Nəyə gərəkdir ki, o? Bax, biz belə şeyləri çox ciddi düşünüb, daşınmalıyıq. Mən başa düşürəm, həyat bizi yorur. Bizim canımız yorulur, bu, bizim mənəvi baxışımız, yolumuz, yönümüz yorulur anlamına gəlməməlidir. Bizi yoran bizi hədəflərdən uzaqlaşdıran məsələlərdir. Bunu dərk eləmək gərəkdir.
İkinci, biz topluma Asif Atanı tanıtmaq üçün manevrlər eləmirik. Az-az hallarda hansısa bir nəsnələri gözə almaq zorunda qalırıq. Toplumun düşüncələrini, çəkisini, üz tutmasını gözə almaq zorunda qalırıq.
Bizdən qıraqda filankəsin kitabı var. Sənin elmi dərəcə almağın, ya kitab yazmağın səni bugünə tanıtmaq üçündür. Sən ancaq bugünə tanıdırsan. Bugünə tanıtmaq sabaha getməyən bir şöhrət məsələsidir. Ancaq sən bu günə tanınmaqdan imtina eləyə bilərsən. İşin, hədəfin, addımların elə qurular sənin əməllərin sabah çağırar. Sabahını gətirər bu günə. Bax, bütün bunların hamısı toplumda ölçü məsələsini həll eləyir. Toplum nəyin pis, yaxşı, əyri olduğunu kəsdirə bilmir. Üzdən baxanda bu da eyni addım atır, o da. Ancaq bunun əməli işiylə o birinin əməli işi tamam fərqli şeylərdir. O fərqi dərk eləmək üçün Ocaqlaşmaq gərəkdir. Yəni hamı gəlib Ocağın Evladı olmalıdır demirəm. Yəni Ocaq şüuruna yiyələnmək gərəkdir. Ocaq tələbinə yiyələnmək gərəkdir. Biz də toplumu buna çağırırıq. Bu bizim özümüzün anlaya biləcəyimiz, özümüzə deyə biləcəyimiz məsələlərdir.
İndi sizə bir az başqa şeylərdən də deyim. Mən Nəsimi günü təşkil eləyirəm. Babək günü, Nəimi günü təşkil elədim. Bəlkə də Atanın sağlığında bunlara gərək qalmazdı. Ata da yəqin, yol verməzdi. Deyərdi, Ata Nəsimini də, Nəimini də, başqasını da Azərbaycanımız-Azərbaycanlığımız adlandırdığı bir sistemdə qiymətləndirib, yazıb. Toplum getsin, zəhmət çəkib onu öyrənsin. Mən də belə deyərəm. Ancaq toplum gözə görünməyən əllərlə, güclərlə elə yönləndirilir, uçurulur, burax Babəki, Nəsimini, heç özünün anasını, atasını dəyərləndirə bilmir. Niyə dəyərləndirə bilmir? Çünkü bayaq dediyim kimi, yaşamaq çətinliyi insanları yorur, üzür. Heç kim dəyər öyrənmək, tanımaq, yaşatmaq haqqında düşünməyi ağlından belə keçirmir. Nəyimə gərəkdir? Mən körpə uşağıma bir əmzik ala bilmirəm. Toplum o şüura gətirilib çıxarılıb. Elə bir çətinlik qarşısına itələnmişik, toplumda ayrı-ayrı aydınların, elm adamlarının görməli olduğu işləri də (Babək Günü, Nəsimi Günü…) biz görmək zorunda buraxılmışıq. Mən ayrı-ayrı çağırdığım adamlara deyəndə ki belə gün keçirək, hamısı mənə ən yüksək səviyyədə sayğısını, sevincini bildirir. Asif Atanı həyatda saxlamaq bunu bunları da eləmək gərəkir. Neyləmək olar, adamlar hər gün mənim Asif Ata üçün canımdan keçməyimi görmürlər, ancaq bir tarixi faktını onlara göstərdiyim üçün onu tez görürlər. Bax, görün ölçü necə itib. Görün insanlığın mənəviyyat ölçüsü kimi var olması necə çətinləşib. Necə arxa plana itələnib.
Biz Nəsimiyə yiyə çıxmaqla Ocağın dəyərini topluma tanıtmağa çalışırıq. Biz bunun üçün Ocağı insanlara tanıtmaq, öyrətmək, sevdirmək sürəci də yaratmalıyıq. Bununla mən Nəsimiliyi azaltmıram. Nəsimiliyi mən sevirəm. Atanın yolunda Nəsimi düşüncəsinin nə qədər böyük rol oynadığını görürəm. Ona görə də biz bu cür böyük dəyərlərəyiyə çıxırıq.
Bütün bu məsələlərin hamısı bizə daha böyük sorumluluq öyrədir, xatırladır. Odur ki, Ocağın Ailə Günlərinin, törənlərinin uğurla keçməsini, əməli keçməsini, canlı keçməsini ayaqda tutmaq gərəkdir. Özünüzlə uğraşmağınız gərəkdir. Özünlə uğraşdıqca sevincin də bitəcək. Sən o çiçəklənən, yenilənən fərəhi ürəklərə əkməyə çalışacaqsan. Mən hər gün düşünürəm. Hər gün düşündüyüm üçün də o qədər yeni axtarışlarım oluşur, onların hamısını yaza bilmirəm. Hamısını deyə də bilmirəm. Çünkü demək üçün bir ortam, ünsiyyət gərəkdir. Ancaq nəyə görə bunları dilə gətirirəm. Ona görə ki, mənim kimi çevrənizdə öz düşüncələrini, axtarışlarını davamlı şəkildə həyata keçirən daha çox kimsələr olarsa, onda bunları rahatsızlıqla dilə gətirməyə gərək qalmır. Bu açıdan bunları deyirəm.
Bəşər idrakı deyilən şey var. Bəşər idrakı bir fərddə özünü göstərə bilmir. Çoxsaylı fərdlərdə özünü göstərir. Çünkü bu idrakın bütöv üzə çıxması sonsuz ömür tələb eləyir. Sonsuz ömür bir fərddə olmur, fərdlərdə olur. Sonsuz ömür fərdlərin varlığına bağlı olduğuna görə bəşər idrakının da yeni-yeni uğurları, kəşfləri, axtarışları yeni fərdlərin düşüncələrinə bağlıdır. Qurumumuzun yaranması, yaşaması da ona görədir ki, biz bəşər idrakının, mənəviyyatının yaşamasının soydan-soya ötürülməsini sağlaya bilək. İndi soydan-soya başqa şeylər ötürülür. Kapitalizm, xurafat, din ötürülür. Hər cür insana yad olan gedişlər ötürülür daha çox. Bunun yerinə insanlığın gözəlliklərini ötürmək gərəkdir. Bunu insanlarda üzə çıxartmaq üçün də Ocağı yaşatmaq gərəkdir. Çünkü Ocaq şüuru bunu eləyə bilər.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
Atamızın Bayrağını öpürəm.
Güntay Atalı Qutsal Oxuma bölümündə “İnam Fəlsəfəsi”Bitiyindən oxuyur. İnam həqiqəti.
Güntay Atalı: Onu oxuduqca Soylu bəyin kitab haqqında yazdığı önsöz yadıma düşür. Soylu bəy ön sözlə çox gözəl təhlil eləyib. Siz inam keyfiyyətini orda vurğu eləmisiniz. İdrak araçılığıyla inanmaq istədiyin bir məfhumu nə dərəcədə dərk eləyirsən.
Soylu Atalı: Atanın İnam, idrak məsələsinə yanaşmasını anlamaq fəlsəfi təfəkkür istəyir. Biz də bütün toplumdan fəsfəsi təfəkkür uma bilmərik. Onun yorumlanması gərək olur. Bir çox fəlsəfələrdə belə çətinliklər var. Həm də onlarda yorum var. Atada yorum yoxdur. Yorum olsaydı, Atanın kitablarının hamısını yazmağa ömrü çatmayacaqdı. Yaxşı ki, yazmayıb. Çünkü kim bilir nə qədər yaşayacaq. Mənanı tanımaq olur, orqanizmi tanımaq olmur. Orqanizm etibarsızdır. Məna etibarsız deyil. Bilirsən, mənəviyyat dəyişilməzdir. Fiziki varlıq nisbi olduğuna görə adam onu tanımır. Ona görə Ata deyir, gerçəkliyi bilmək əslində Mənanı bilməkdir. Çünkü gerçəklik yoxdur. Öləridir. Qurtarmayanı öyrənmək gərəkdir. Çünkü doğru olan, həqiqət olan qurtarmayandadır.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetir.