Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” tədbiri

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” Tədbiri

 Ocaq Günsırası ilə 27 Yağış Ayı, 43-cü ildə “Uluyol-Hünər” Ata Ailəsi Aylıq “Ailə Günü” Törənini keçirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı  Ataya səcdə ilə düşüncələrini bölüşdü:Bu ay Atanın “Dünyadan Üstün” kitabını oxumuşam. Neçə vaxtdır oxuya bilmirdim. Buna nə qədər gərək var, onu bilirəm. Oxuduqca, yazdıqca aydınlaşıram. Bu ayda Xalqlaşmam da olub. Ayrı-ayrı adamlarla söhbətlərim olub,Ocaq ədəbiyyatları vermişəm. Sosial şəbəkələrdə də ayrı-ayrı adamlarla söhbət etmişəm.
Atanın “Dünyadan Üstün” kitabından özümləşdirdiklərimi sizinlə bölüşmək istəyirəm.
Dünya İnsanilik üstündə qurulmayıb, bu səbəbdən də əskikdir.( Asif Ata).
İnsanlararası münasibəti İnsanilik nizamlayır. İnsanilik Mütləq tələbə çevrildikcə insanın özünə münasibəti də, başqasına münasibəti də İnsanilik yönündə nizamlanır. Adamlıq da nəsildən nəslə ötürülür. Ancaq İnsan dəyişdikcə ötürülən İnsanlıq olur, nizam dəyişilir. Nizam dəyişdikcə həyatın da, dünyanın da əskikliyi aradan qalxır. Cəmiyyət mövcud qayda-qanunları qoruyur. İllər keçdikcə bu sistem daha qəti şəkildə qorunur. Elə qorunur, sanki başqa qanun, başqa yol yoxdur, ola da bilməz. İnsanlar buna inanırlar. Cəmiyyətin xoşuna gəlmək, cəmiyyətin gözündə qiymət almaq üçün öz istəkləri ilə deyil, cəmiyyət qanunları ilə yaşayırlar. Sınırı aşıb keçmək isə cəsarət istəyir, Həqiqəti dərk istəyir. Toplumun nə istədiyi deyil, İnsanlığın nə istədiyi önəmli. Toplum qanun-qaydalı yadlar cəmi yaradır. İnsaniliyə bağlı nizamlı birlik yaranmalıdır əslində.
Siyasətin əxlaqı mənfəətdir.( Asif Ata).
Siyasət mənfəət naminə bütün əxlaqsız vasitələrdən istifadə edir. Siyasət oyundur, onun məqsədi udmaqdır. Atanın siyasət haqqında dedikləri tarixi qiymətdir əslində. Ancaq bəşər bundan başqa yol tanımır. Aldatmaq məharət sayılır, fərasət sayılır. Əzmək, məhv etmək özünü təsdiq sayılır. Etdiklərinə siyasi don geyindirmək məharət sayılır. Siyasət, elədiyini həqiqət kimi qəbul elətdirir, inandırır. Bunlar da insanlararası münasibətlərə, ölkələrarası münasibətlərə yansıyır.
Mədəniyyət yüksək bilik yaratdı, yüksək sənət yaratdı, yüksək maddiyyat yaratdı, yüksək varidat yaratdı. Ancaq yüksək mənəviyyat yaratmadı.( Asif Ata).
Toplum mədəniyyətdən xidmətçi düzəltdi.Mədəniyyət mükafatlandı, təltifləndi, nişanlar verildi, adlar verildi, əsil mahiyyətinə yetmədi. Olmalıya çağırmalı idi mədəniyyət, özü gerçəklikdən üstün olmadı.
Demokratiya qapalı diktaturadır. Diktator məzmununun demokratiya biçimində qurulmasıdır. (Asif Ata).
Bütün dünya demokratiya deyə bağırır. Haqqında ən çox danışılan əslində olmayandır. Xalq hüquq adı altında haqsızlıq, hüquqsuzluq yaşayır. Azadlıq adı altında əsarət yaşayır. Adamlar buna alışmışlar. Hər şeyi olduğu kimi qəbul edirlər. Elə bir ətalət yaranıb, nədən, niyə sualı da yaranmır. Adam nəyəsə alışanda, ətaləti qəbul edəndə öz ömrünə də, millətin ömrünə də laqeydləşir. Özünü dəyişmək, nəyisə dəyişmək mümkünsüz, gərəksiz görünür. Həqiqəti görmək, Həqiqətə ömrünü həsr etmək xoşbəxtlikdir. İnsan Həqiqəti dərk etdikcə öz mahiyyətini dərk edir. Qısa fiziki ömrünə necə böyük işlər sığdıra biləcəyini düşünür. Həyatın anlamı Həqiqət uğrunda mübarizədə bilinir, yaşanır. Həqiqətə yetdikcə həyat da gözəlləşir, ömür də. İnsana baxış, həyata baxış, dünyaya baxış dəyişilir.
Qonuda Atanin bir deyimi qoyulub.” Əqidə olan yerdə düşmən var. Düşmənsizlik əqidəsizlikdir”.
Bunu öz ömrümdə görmüşəm. Nə qədər ki, mənim əqidəm yox idi , mən sıradan biri idim, sadəcə yaxşı adam sayıla bilərdim. Ancaq əqidə düşüncələrimizi elə aydınlaşdırır ki, yönümüz dəyişir, düşüncəmizin yönü bəlli olur. İstər-istəməz ətrafdakıların bizə münasibəti dəyişir. Mən redaksiyalara yazı aparanda bəzən dinçilərlə, bəzən də Ataya rəğbət bəsləyən insanlarla rastlaşırdım. Onların münasibətlərini gördükcə mənim özümə güvənim artıb. İstər doğma münasibət olsun, istər bizə qarşı münasibət olsun, məni böyüdüb. Hansısa qapını döyürsən açmırlar, yazını aparırsan bəhanələrlə yazını çap etmirlər. Ətrafdakıların münasibətləri sayəsində mənim özümün düşüncəmin yönü bəlli oldu. Eyni zamanda hansı yolda olduğumu da anladım. Mən necəyəm, necə olmalıyam. Bu qarşılaşmalardan asılı oldu bizim böyüməyimiz. Öz yolumuza bağlılığımız, sədaqətimiz, fərəhimiz yarandı. Bu yolda dostumuz da var, düşmənimiz də.
Bu ay bizim “İnam Evi Günü” tədbirimiz oldu. Bu tədbir də məni çox yaxşı etkilədi. İnam Evinin tikilib başa çatdırılması böyük fədakarlıq idi. Tədbirdə fərqli bir mühit yaranmışdı. O mühitdə adam özünü tamam başqa cür hiss edirdi. Məbəddə keçirilən tədbir olduqca fərqli hallar yaşatdı mənə. Ocaq olaraq, hər tədbirimiz qutsaldır, ancaq bu tədbirin özəl etkisi oldu. Qardaşımızla öyündüm, qürur duydum. Orda da dedim, əslində o Məbəddə ömrümüz var. Ömrümüz olduğu üçün Məbədimiz var. Ona görə Var olsun Ata.
Bayrağımızı öpürəm.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Öncə onu vurğulayım, “Uluyol-Hünər” Ailəsi yarandığı gündən bu günə qədər bir an da ruhani döyüşdən geri çəkilmədi. 32 illik Amal yolumda bir çox Ailələrdə olmuşam.“Uluyol-Hünər” Ailəsi örnək Ailə oldu. Buna görə bu Ailənin üzvlərini, Yükümlüsünü qutlayıram. Sizinlə fəxr edirəm. Mən də Ata Evladı olaraq, “Atagün” Ailəsinin Evladı sayılıram. İndi bu ailə yoxdur. Üç nəfər olsa, yenidən Ailəni bərpa edərik, yaddan çıxmağa qoymarıq. İstərdim, Atagün elinin “Atagün” Ailəsi yenə də yaşasın.
Atanın qutsal kitablarından “ Siyasətdən üstün” kitabını təkrar oxumuşam. Qısa qeydlərimi sizinlə bölüşmək istəyirəm.
Siyasi dünya cəmiyyətin davamıdır. Bu səbəbdən İnsanilikdən uzaqdır. Ağalıq, təbəqəlik, yadlıq siyasətin ortaya gətirdikləridir. Siyasi dünyada böyük ölkələr ağalığın, kiçik ölkələr rəiyyətliyin məntiqidir. Böyüklər sayılanlar əyalət ölkələrinə ağalıq edirlər. Təbəqələşmə, yadlaşma yaradırlar. İnkişaf – ağalıq-rəiyyətlik münasibətidir. Siyasətlə doğmalaşan özünə yadlaşır. Doğruluğa Doğmalıq yaransaydı siyasət ölərdi. Siyasət asılılıq üçün yaranıb. Adını əməkdaşlıq qoyublar. Ölkələr arasında əməkdaşlıq artdıqca təbəqəlik, yadlıq artır.
Dünya Birliyini təmsil edən təşkilatlar BMT, Avropa Birliyi dünya birliksizliyini təmsil edirlər. Siyasi birliklər dünyaüstü ağalıq, təbəqəlik, yadlıqdır. Siyasətin etki dairəsi buxovluq yoludur. Etki dairəsində olmayan bağımsız kiçik ölkə yoxdur. Siyasət bağımsızlıq tanımır. Ancaq onu  tanıyan kimi görünür. Dünyanın pozulmuş gedişini siyasət yaradıb, təcridçiliyi siyasətdən hiddətlənənlər. İnteqrasiya eyniliyi müxtəlifliyə qarşıdır. Böyük ölkələrin maraqlarını təmin edir. Həm iqtisadi, siyasi yöndə, həm də ağalıq yönündə. Mədəniyyətlər vahidləşdikcə yadlıq artır. Əsilləşmə insanilik tələb edir. Ümumbəşərilik millilik dışında olanda ağalıq, təbəqəlik, yadlıq törədir. Əgər orda millilik güdaza gedirsə, o, təbəqəlik, yadlıq gətirəcək.
Siyasət bəşəri millətsizləşdirmək istəyir. Bəşəri millətə qarşı qoymaq onu özünə qarşı qoymaqdır. Siyasət oyundur. Udan böyük sayılır, uduzan kiçik. Siyasət seçki oyunu, xalq hakimiyyəti oyunu, demokratiya oyunu, ticarət oyunu, idarəçilik oyunudur. Siyasi dünya oyunlar meydanıdır. Siyasət xudbinlik daşıyıcısıdır. Bütün əsarətlər xudbinlik azadlığından yaranıb. Siyasət azadlığa, həqiqətə, ədalətə, ruhani idraka qarşıdır. Mənəviyyata, əxlaqa, təmənnasızlığa, fədakarlığa, iradəyə qarşıdır. Siyasət mahiyyətcə Ruhaniliyə – İnsaniliyə qarşıdır. Ağalıqdan, təbəqəlikdən, yadlıqdan imtina etmək siyasətdən çıxmaqdır. Bunun üçün İnsaniliyə yetmək gərəkdir.  İnama, İdraka, Mənəviyyata, İradəyə çatmaq gərəkdir. Zəmanəyə, mühitə, şəraitə, cəmiyyətə qarşı durmaq, İnsanlaşmaq gərəkdir. Siyasi dünya ruhani dünya ilə əvəz olunmalıdır.
Ocaqçı üçün kamilləşmə qonusu son dərəcə önəmlidir. Ancaq mən özüm də içində olmaqla “nə dərəcədə kamilləşmişəm” sualına çətin cavab veririk. Özümüzlə bağlı tam fikir deyə bilmirik. Yəqin bu Mütləqin tələblərinə Mütləq səviyyədə cavab verməməyimizdən irəli gəlir. Kamilləşmə – Həqiqəqətləşmə, Mütləqləşmə anlamındadır.
Mən Yasin Türksoyun mənə olan sevgisini bilirəm. “İnam Evi Günü” tədbirindəki çıxışında bir cümlə işlətdi. İçimdə o cümlə ilə razılaşmadım, ancaq tədbirdə bunu demədim. Bəlkə də mərasimimizdə bu yaxşı alınmazdı. Düşündüm,“Ailə Günü”ndə deyərəm. Dedi, Atanın cismani yoxluğundan sonra Soylu Atalı ilə Günev Atalı Ocağın aparıcı şəxsiyyətləri oldular. Mən Nurtəkini, Göylünü qoyub deyə bilmərəm, Soylu ilə mən apardım. Bu həqiqətdir. Nurtəkin, Göylü, Soylu ilə əl-ələ verib Ocağın yükünü daşıdılar. Mən o çağlar kənddə idim.
Bir neçə il bundan öncə keçmiş Ocaqçılardan Elucanın kitabının təqdimat törənində olduq. Orda onu “Asif Ata Ocağının Yükümlüsü Eluca Atalı” kimi tanıtdılar. O bu sözə heç bir etiraz bildirmədi. Sonradan söz alıb deyə bilərdi:“mən illərlə Ocaqdan qıraqda qalmışam, bu gün də Ocağın Yükümlüsü mən deyiləm”. Demədi. Onda içimdə acı təəssüf yaranmışdı. Necə ola bilər, bunu eşidəsən, heç nə də deməyəsən. Həm də onlar, lap başından “Ocaq Yükümlüsü” adına, statusuna qarşı çıxırdılar.
Ona görə Yasinin düşüncəsinə münasibətimi bu gün deməyi uyğun bildim. Soylu, Nurtəkin, Göylü birlikdə Asif Ata Ocağının, ideyalarının xilaskarı oldular. Bu üç nəfər ən ağır, ən çətin dönəmdə o yükü daşıdılar.
Həyat hər birimizə bəzən tərs üzünü də göstərir. Həyatla biz həmişə əlbəyaxayıq.Mənim əhvalımda hər hansı bir çatışmazlıq, qüsur varsa, bu birbaşa mənim özümlə bağlıdır. Hər an özümü nəzarətdə saxlayıram. Ömrümün hər anında bunu edirəm. Çünkü özüylədöyüş qurtaran yerdə, özünə nəzarət dayanan yerdə kamillik qutarır, Ocaqçılıq qurtarır, Asifçilik qurtarır, Mütləqçilik qurtarır. Halımda sabitəm, özümü Ocaqsız, ideyasız təsəvvür etmirəm. And içmədə dediyimiz kimi, Ocaqdan ayrılsam özümü ölmüş bilərəm.
Həmişə dediyim kimi, xalqlaşma əməlim üzümü ağardır. Bu ay daha zəngin oldu. “İnam Evi Günü” Törənində Ocaqsevərlərlə, düşünərlərimizlə bir arada olduq. Tədbirin təşkili ərəfəsində bölgədə işlər üçün harasa gedəndə də xalqlaşmam olub. İnam Evinin araya gəlməsi ilə bağlı söz demişəm.
Hüriyyət Tv-nin canlı efirində üzümüzü xalqımıza tutduq, söz dedik. Haraylarımızı çatdırdıq.
Qonu ilə bağlı onu deyim, tarix boyu əqidə adamları birmənalı qarşılanmayıb. Çünkü əqidə adamları dövrə, zamana, mühitə qarşı çıxırlar. Əqidə adamlarını tonqalda yandırıblar, daş-qalaq ediblər, vətəndən qovublar. Zərdüştü vətəndən qovdular. Asiya qitəsinin ən böyük evladı deyiblər ona. Nəsiminin dərisi soyulub, Babək sümük-sümük doğranıb. Zamana qarşı idilər, axına qarşı üzürdülər. Təbiətin gözəl halı var, axına qarşı gedən təmizlənir. Ancaq axına qarşı olmaq onları heç vaxt sakit buraxmır. Biz də Asif Ata ideyalarına dayandıq, dövrə, mühitə zamana qarşı çıxdıq. Təpkilər oldu, kənddən qovulmaqla üz-üzə qaldım . Olmayan şeylər deyildi, böhtanlar atıldı, bunlar filan şeyləri təbliğ edirlər dedilər. Bunların hamısını aşama-aşama, hal-hal, səbrlə, inadla keçdim. Bu gün də bizə əks mövqedə dayananlara qarşı mənim münasibətim qərəzli deyil. Mən onları heç vaxt düşmən gözündə görmürəm. Soylu qardaşımın söz ilə desək, atasının üzünü cırmaqlayan uşaq kimidirlər. Vaxt olub haqqımda şikayət veriblər. Düşmüşük orqanların əlinə. Sonra əqidəmə görə, daha doğrusu, onlarla bağlı yazılı məlumat istəyiblər. Bu mənə əks mövqedə dayananların cinayəti demək idi. Mən onda etiraz etdim ki, heç vaxt onlardan şikayət etməyəcəm. Mən çox yaxşı bilirəm, bu Yol belə qarşılanır. Hələ bundan da artıq ola bilərdi. İndi dövr də o dövr deyil. Arxadan güllə ilə məni vurub öldürmədilər. Heç olmasa şikayət etməklə yetərləniblər. Bu da gözləniləndir. Onlara qarşı heç vaxt kin-küdurətim olmayacaq. Mənim dərdim elə avamlığın ortadan qalxması deyilmi?! Ola bilər gen gəzərəm elə adamlardan. Ancaq heç vaxt düşmən olmaq, pislik etmək mövqeyində olmaram.
Atamız Var olsun!
İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Belə bir deyim var, “İnamsız insan yoxdur”. İnsan nəyə inanır, öz İnamında qətiyyətlidirmi, iradəlidirmi, fərəhlidirmi?! İnsan gərək araşdıra, öyrənə, onun inamı hansı səviyyədədir. O inamdan ki ancaq məişətçilik doğur, inamda şöhrətpərəstlik, maddiyyatpərəstlik qorunursa, onu inam saymıram. Bu çağa qədərki inamların heç birində bunlar aradan qaldırılmayıb. Ona görə bu İnamlar əsl həqiqəti ifadə etməyib. Mən həmişə təbəqələşməni toplumda görürdüm. Ağalaşma, nökərləşmə var toplumda. Dində də belə təbəqələşmə, ayrıseçkilik var. Aşağı təbəqələrə aşılayırlar ki, qismətçilik var, alın yazısı var, o dünya təsəllisi var. Bunlarla aşağı təbəqənin mübarizə ruhunu öldürürlər. Onları nökərə, qula çevirirlər. Yuxarı təbəqəbu cür gedişlərə inanmır. Onlarda artıq şöhrət azarı var, hakimiyyət, pulçuluq azarı var, ağalıq var. Deyirlər, “sən yaxşı ol, Allah əvəzini verər”, “balıq bilməsə də, xaliq bilər”, “Allah bilir, kimə nə verir”,bu kimi deyimlərlə aşağı təbəqənin beynini kütləşdirirlər. Eyni zamanda nə aşağı, nə yuxarı təbəqədə ruh yoxdur. Aşağı təbəqə Allahdan umur, yuxarı təbəqə heç Allaha da inanmır. Aşağı təbəqənin inamı umacaqlı inamdır. Ruh olmayan yerdə inamdan danışmaq əbəsdir. Bu cür inananlar nə Nəsimini, nə Babəki, nə də Asif Atanı başa düşər. Babək tikə-tikə doğrandı. Həyat adamı bunu necə başa düşə bilər?! Nəsiminin  dərisi soyuldu, öz gözümüzün qabağında Asif Ata ən ağır təqiblərə uğradı. İnamsız adam, dinə inanan adam bunu başa düşmür, qəbul edə bilmir. İnamsız adamlar üçün nə insan var, nə millət var, nə vətən var. Ona görə o qüdrətli ola bilməz. O, son anda cismani varlığını qorumaq üçün hər şey edər.
Adətən hər bir dünyabaxış, hər bir ideya gələndə bir düzən yaradır, qurum yaradır. Mütləqə İnamın qurumu Ocaqdır, Ocaq Ailələridir. Ocaq – Ailələşmək, Millətləşmək, Bəşərləşmək yoludur. Biz bu gün Mütləqə İnamın yolçuları olduğumuz üçün xoşbəxtik. Bu elə bir yoldur, burada xurafat yoxdur, yalan yoxdur, aldatmalar yoxdur, o dünya, bu dünya təmənnası yoxdur. Burada  yalnız həqiqət, vicdan, ləyaqət, mənlik, insanlıq yaşayır.
Atamız Var olsun!

İlahə Ucaruh: Ürəyimdən keçənləri dediniz. Asif Ata ilə bağlı kitab üzərində işləyirəm. Peyğəmbərliklə bağlı yazmaq istəyirəm. Asif Ataya irad tutulur, özünü Peyğəmbər sayır, belə şeylər keçmişdə qalıb. Mən Avropada başqa dillərdə olan ədəbiyyatları oxuyuram, görürəm peyğəmbərlik məsələsi çox ciddi araşdırılır. Beyində olan dəyişikliklər araşdırılır. Buna şüurun dəyişilmiş halları deyilir. Asif Atanın yaşadığı  o hallar fərqli hallar idi, onu peyğəmbərlik adlandırmışdı. Bu yaxınlarda bir psixiatrın çıxışını  izlədim. Deyir, biz bəzi maddaləri insanlara tətbiq edirik, baxırıq insanların beynində hansı dəyişikliklər əmələ gəlir. Depressiyaların müalicəsi üçün dərmanların hazırlanmasında bu təcrübədən istifadə edəcəklər. Bu təcrübədən sonra fərəhsiz olan, heç bir sevinc hiss etməyən adamlar sevinc  halları yaşamağa başlayıblar. Sonra psixiatr izah etdi, insan orqanizmi özü o maddəni istehsal edə bilər. Sadəcə bu hər adamda olmur. Onda Asif Atanın bir deyimi yadıma düşdü. “ Nəşəlisən, sevdalıyam”. Psixiatr da onu dedi, insanın içində sevinc yaşayanda ondan fərəhlər yaranır.
Atamız Var olsun!

Əhməd Fərhad: Soylu bəyə öz minnətdarlığımı bildirirəm, məni “İnam Evi Günü” tədbirinə dəvət etdi. O tədbirdən çox gözəl duyğularla ayrıldım. Mən Asif Atanın kitablarından belə bir hikmət oxudum.
Yüz alaq otunun içində bir çiçək tapmaq olar dedilər,
Dedim, alaq düzənində o çiçək qəribdir.
Yüz alçaq arasında bir uca tapılar dedilər,
Alçaqlar dünyasında o ucalar qəribdir dedim.
Yüz namərd arasında bir mərd tapmaq olar dedilər,
Namərdlər dünyasında o mərd qəribdir dedim.
Yüz arsız arasında bir dərdli tapmaq olar dedilər,
Arsızlar dünyasında o dərdli qəribdir dedim.
Yüz əyyaş arasında bir aşiq tapmaq olar dedilər,
Bu əyyaşlıq dünyasında o aşiq qəribdir dedim.
Asif Atanı oxuduqca mənim institut illərindən bu yana həyatım, yaşantılarım yenidən gözümün önündə canlandı. İnstitutu bitirib rayonda işləməyə başladığım vaxt mənim öz mübarizəm vardı. Mübarizəm haqq uğurunda idi. Haqsızlığa qarşı dayanırdım. Ən çox rüşvətə, işlədiyim yerdə işçilərin alçaldılmasına qarşı mübarizə aparırdım. Bunu davam etdirdikcə çevrəmdə, iş yerimdə, kənddə tənələrə, təqiblərə rast gəlirdim. Hətta qohumlar tərəfindən tənqid olunurdum. “Bir güllə bahar olmaz”, “sən dünyanı düzəldən deyilsən”, “palaza bürün, ellə sürün”, “rüşvət verirlər al, istəyirlər ver” – deyirdilər. Bu tənələrə dözməyərək bir neçə dəfə vətəndən getdim. İş də tapdım, evlə də təmin olundum. Ancaq gördüm, qəriblikdə yaşaya bilmirəm. Qəriblik o tənələrdən daha pisdir. Ondan sonra özümə söz verdim, vətənə qayıtmalı, mübarizəni davam etdirməliyəm. Hətta bir neçə dəfə ixtisasım üzrə yuxarı vəzifələrə işə dəvət olundum. Getmədim. Dedim, yuxarı vəzifələrə getsəm,kiminsə köləsinə çevriləcəm. Artıq özüm olmayacam, yaşantılarım da öz yaşantım olmayacaq. Ondan sonra tənqidlər bir qədər də artdı. Sonra köçkünlük illəri başladı. Baxdım ki, mübarizə aparmaq mümkün deyil. Mən öz həyatıma təhlükə yaradıram, hədələrə rast gəlirəm. Sonra qələmə sarıldım. Düşündüm, qələmlə mübarizə aparmalıyam. Kitabımın birinin adını “ Qəribəm Vətəndə də” qoymuşam. Hər tərəfdən məni sıxan o sıxıntılar sanki məni qəriblikdə yaşatdı. Elə bil heç öz vətənimdə yaşamadım. Mən Asif Atadan o hikmətləri oxuyanda, düşündüm, nə yazıqlar, mən Asif Atanı sağlığında dinləyə bilməmişəm. Əgər onu dinləmiş olsaydım, şerlərimdə məntiq, hikmət daha yüksək səviyyədə olardı.Ancaq Nizaminin belə bir beyti var.
“Söz eşqin lüğətində öz canımızdır bizim,
Biz sözük, bu bədənsə eyvanımızdır bizim”.
Asif Atanın sağlığında onun söhbətlərini dinləməsəm də, onun davamçıları, Evladları var olsun. Onun kitablarını ortaya gətirirlər, biz onları oxuyuruq. Biz Asif Atanın kitablarını düşünərək, dərindən oxusaq, elə Asif Atanın özü ilə söhbət etmiş olarıq. Çünkü Asif Atanın cismi torpağa qoyulsa da, kitablarında yaşayır. Bu onun xalqa qoyub getdiyi sərvətdir. Mən belə düşünürəm. İstərdim özümün türklüyə aid bir şerimi deyim.
İlahi, sən məni izimə qaytar,
Qaytar türklüyümə, özümə qaytar.

Kimlər unutdu hər haqqı, sayı,
Nədən eşidilmir Qorqud harayı,
Gərilmir səbrimin qırılmış yayı,
Məni kökümdəki düzümə qaytar,
Qaytar türklüyümə, özümə qaytar.

Əzəldən bu yurdun türk oğluyam mən,
Bu yurda, vətənə çox bağlıyam mən,
Bütöv Azərbaycan soraqlıyam mən,
Məni öz qanıma, düzümə qaytar,
Qaytar türklüyümə, özümə qaytar.

Dövranın dözülməz şər-böhtanı var,
Qərəzli tökülən nahaq qanı var,
Canımı üşüdən kor şeytanı var,
Qaytar öz oduma, közümə qaytar,
Qaytar türklüyümə, özümə qaytar.

İllərlə başıma döyüb yad əli,
Adıma söylənib sərsəm, ya dəli,
Demirəm, səbr ver, olum silləli,
Haqqımı almağa dözümə qaytar,
Qaytar türklüyümə, özümə qaytar.

Üstümə xəyanət qurubdu ərəb,
Nələri gətirdi xain gəlmələr,
Hardandı nitqimdə bu yad kəlmələr?!
Məni türk dilimə, sözümə qaytar,
Qaytar türklüyümə, özümə qaytar.

Hardan yarandılar bu zinazatlar,
Bilməzlər nə qeyrət, nə namus, nə ar,
Tutdu gözlərini yığdıqları var,
Qaytar toxluğumu gözümə qaytar,
Qaytar, türklüyümü özümə qaytar.

İlbəil haramlıq ələnir elə,
Əvvəl qandurardı bircə “sənöl”ə.
İndi var talanır el bilə-bilə,
Məni halalıma, düzümə qaytar,
Qaytar türklüyümə, özümə qaytar.

Bilinmir ağbirçək, ağsaqqal yeri,
Qoyma ayaq açsın bu qədər şəri,
Olsun türklüyümüz ölməz, bəşəri,
Babalar qoyduğu izimə qaytar.
Qaytar türklüyümə, özümə qaytar.

Göytəkin Atalı ( Ataya səcdə edir – G.A): Bu ay mənim ömrümdə çox önəmli olaylardan biri yaşandı. Bu, İnam Evinin açılış törəninin gerçəkləşməsi idi. Həmin gün içimdə səslənən bir cümlənin etkisi ilə içim fərəhlə doldu: “Türkün İlk İnam Evinin yaranması, açılması”. Bu olayın yurdumuz üçün, eləcə də, bütövlükdə türklük üçün nə qədər önəmli olduğunu düşündüm. Ocaqda olduğum üçün sonsuz xoşbəxt hiss etdim özümü. Bu xoşbəxtlik duyğusu mənim üçün bir anda yaşanıb bitmədi. Bu duyğu mənim bu gündən sonrakı ömür yoluma həkk oldu, bitib tükənməyəcək bir fərəhə çevrildi. İnam Evi mənim Ocağa gəlişimdən çox öncələr tikilməyə başlayıb, mənim qatqım olmayıb. İlk dəfə idi, orada olurdum. Buna baxmayaraq, o Ev mənə sadəcə torpağın üzərində olan tikili kimi görünmədi. Sanki qəlbimizdə qurulan müqəddəslik Ocağının ruhani təsviri kimi göründü.
Amallaşmam, həmişə olduğu kimi, mütaliə etməklə, düşünməklə davam edir. Kamilləşmə yolunda yetməli olduğum çox şey var. Bunları tək-tək dilə gətirməsəm də, bilirəm, davamlı özüylədöyüş tələb edən məsələlərdir.
Xalqlaşma əməlim ay içində ayrı-ayrı şəxslərlə olub. Ocaq ədəbiyyatları bağışlamışam. Beyləqandan dönəndən sonra orada tanış olduğum Şahanə bacı ilə Ocaq yönündə söhbət edirik. Bu gün də tədbirimizə qatılıb.
Atanın deyimi ilə bağlı düşüncələrimi qeyd etmişəm, onu oxumaq istəyirəm.
Gerçək həyatın yaşantıları, ağır həyat qayğıları insanı ağuşuna alıb aparır. Ömür irəlilədikcə insan gücsüzləşir, dünya, həyat onun gözündə dəyərini, mənasını itirir. Yaşamın çətinliyi qarşısında, yalanın, oğurluğun, əyriliyin ölçüyə çevrildiyi dünyada insan mənəviyyatlı yaşamağın mümkünsüzlüyü ilə barışmalı olur. Beləcə, addım-addım heçliyə, uçuruma yuvarlanan ömürlərlə dolur dünya. İnsan adlanan möcüzəvi varlığın heçliyə çevrilən ömrü dünyanın dərdinə, düşünərlərin ürəyinə çökən yükə çevrilir. Ürək bütün bunlara qarşı dayanmaq, dəyişdirmək, yenidən yaratmaq istəyi ilə həyəcanlanır, çırpınır, kökslərə sığmır. Bu tələb qarşısında nə etməli, hansı yola üz tutmalı?! Dünyaya qarşı dayanmaqmı, axına qarşı üzməkmi?! Axı bütün bunların başqa bir yolu, başqa bir cavabı da yoxdur.  Bu çırpıntılarla ümid yolu axtarır insan. Dibsiz uçurumlu, keçilməz qayalıqlar arasında əl atıb əminliklə tuta biləcəyi bir ümid yolu axtarır. Ancaq insanların böyük çoxluğu bu yolu heç axtarmır da. Hamı uçuruma yuvarlanmaq gerçəkliyi ilə barışmışdır. Hər kəs üçün mümkünsüz görünən bir yolu ömür yoluna çevirməyə qalxırsan. Özünə inamla addım atdıqca yolun çətinliyi yenilir. Əqidə – çətinliyi və Ucalığı özündə birləşdirən Yoldur. Bu yol düşmənsiz olmayacaq. Hamıdan ayrılıb gerçək mübarizə aparmağa əngəl olmağa çalışacaqlar. Hamıdan ayrılmaq hamıya düşmən olmaq kimi görünəcək. Ancaq hamıdan ayrılmaq ucalığa can atmaq deməkdir. Zaman-zaman hay-həşir inamının, inadının qarşısında yeniləcək. Sənin ömür Yolun, İnamın İnsanlıq üçün ölçüyə, qurtuluş yoluna çevriləcək.
Atamız Var olsun!

Soylu Atalı ( Ataya səcdə edib, Bayrağı öpür – G.A):Ocağın özünəxas prinsipləri var. Qurma, qurulma tələbləri, yolları var, üslubu var. Bununla belə Atadan başlayan bir Ocaqçılıq tələbi, yolu da var. Ocaq törənində, tədbirində özünü tənqid olar, başqasını tənqid olmaz. Ata öz mərasimlərini israrla belə şeylərdən qoruyub. Düz edib. O çağlar amaldaşlarımızdan kimsə, hansısa bir biçimdə, tənqidi söz deyirdisə, Ata ona kəskin qarşılıq verərdi. Hiddətlənərdi, Ocağı, mərasimi iclasa çevirməyin deyərdi. Qəribədir, partiya iclaslarında, ya da fərqi yoxdur, hər hansı bir iclasda, iclasların keçirilmə biçimi adamların şüuruna, mənliyinə yeriyir. Onların vərdişinə çevrilir. O vərdişdən də çıxa bilmirlər. Ancaq çıxmaq gərəkdir. Ocağın tələbi odur, hər bir Ocaqçı, hər bir Ocağa tapınan kimsə, doğru olmayan köhnə vərdişlərdən çıxmalıdır. Bunun da adına özüylə döyüş deyilir. Bununla belə, Ata öz Evladlarına yön verərdi. Bu yön biraz qınama şəklində, biraz ərklə öyrətmə şəklində olurdu. Tənqidə bənzəsə belə tənqid deyildi. Söz yox, biz Atanın sözünü, düşüncələrini təmsil edirik, onu öyrənirik, öyrədirik. Ona görə arada mən də amaldaşlarımla bağlı bəzi ərklərimi dilə gətirmək istəyirəm.
Əslində Ocaqçının Ailə Günündə özüylə döyüş hesabatı olmalıdır. Özüylə döyüş hesabatı psixoloji hesabatlar demək deyil. Biri var, mənəvi qüsurlarını dilə gətirmək, bir də var psixoloji qüsurlarını dilə gətirmək. Mən uzun illərdir izləyirəm, Ocaqçılarda, ən yaxşı halda, psixoloji qüsurları dilə gətirmə var, mənəvi qüsurları dilə gətirmə yoxdur. Asif Atanın Ocağında Ailə Günü mənəvi qüsurlarla döyüşdür. Ailə Gününün tələbi odur.Ocaq o qədər zəngin işlər görüb, zəngin yol keçib. Ancaq mənim dediyim odur, Ailə Günü örnək bir məktəbdir. Vaxtilə Ailə Günlərində mənim özüylə döyüş hesabatlarımı yadınıza salın. Özümü açıb tökürdüm. Bunu kitabımda yazmışam, gündəliyimdə də yazırdım, oxuyurdum, indi də yazıram. Bundan çəkinmək, qorxmaq gərək deyil. Mən ömrümün şəffaf görünməsini istəyirəm. Qaranlıq bir şey qalmasın içimdə. Nə özüm üçün, nə də başqası üçün. Başlıcası özüm üçün. Öz gözümdən düşmək istəmirəmsə, içimdə gizlin bir şey saxlamamalıyam. Ona görə özüylə döyüş məsələsi olduqca ciddi bir məsələdir. Kamilləşmə hesabatı verəndə ümumi çıxışlardan konkret hədəflərə, konkret tələblərə cavab vermək gərəkdir. Bunu hər bir amaldaşıma deyirəm. Bunu ciddi düşünün. Bu açıdan yanaşanda Ocağın Ailə Gününün Amallaşma, Kamilləşmə, Xalqlaşma tələblərinə cavab verilməsi, məncə,  tam özünü doğrultmur. Mən demirəm, sizdə mənəvi qüsurlar çoxdur. Elə bir şey ağlımdan keçmir. Bunu siz özünüz görürsünüz. Adam özü görür harda, nə vaxt qüsuru olur. Bunları açıb döymək gərəkdir.
Mən hər tədbirimizdə deyirəm, Amallaşma hesabatında sadalanmalardan qaçmaq gərəkdir. Deyək, mən filan kitabı oxudum. Günevlə Nurtəkin bayaq şərh verdilər, o cür ola bilər. Ancaq daha incəliklərini açmaq olar. Deyə bilərsiniz, gücümüz bura qədərdir, başa düşürəm. Ancaq bununla davamlı uğraşanda güc böyüyür, artır, adamın içi genişlənir. Ona görə adam incəliklərə gedə bilir. Heç kim mənə deməsin, mən zəifəm. Mən sizin hamınızdan ən zəif adam olmuşam. Sadəcə olaraq, davamlı uğraşanda bu həqiqətlər adamın içində yarpaq-yarpaq açılır. Kiməsə göstərmək üçün, kiməsə nəyisə sübut etmək üçün yox. Başlıca olaraq, hər bir fərd özü öz içində tam olaraq sərbəst olmalıdır, azad olmalıdır. Öncə insan özü öz içində azadlığa yetməsə heç bir vaxt azadlıq həqiqətini car edə bilməyəcək. Heç kimi azadlığa çağıra bilməyəcək. Çağırışları genel, mücərrəd çağırışlar olacaq. 90-cı illərdə yaranan meydan hərəkatlarının çağırışları kimi olacaq. Ondan o yana getməyəcək.
Arada Ocağımızda ayrı-ayrı amaldaşlarımız Babəkin,  Nəsiminin ya da başqa xalqların nümayəndələrinin adlarını çəkirlər. Onların özündən keçmələri sevgi ilə sunulur. Vurulursan ona. Niyə vurulursan?! İçində ona yön var, içində ona qarşı bir tələb var, içində ona bir bağlılıq var. O bağlılığı izhar eləmək, onu açmaq gərəkdir. Əgər o açılarsa onda fərd tam olaraq içində azad olur. Fərd içində birinci özünə deyir ki, dünya necədir özü bilər. Mən bəsit yaşamaq istəmirəm, mən kölə yaşamaq istəmirəm. Mən içimdəkilərin köləsi olaraq yaşamaq istəmirəm. Çöldə məmur var, vəzifəli var, filan var. Sən içindəkilərin köləsi olmasan çöldəkilərin sənin üzərində ağalığı sürməz. İçində səni kölə durumunda saxlayan yalandır,həqiqətsizlikdir, vətənsizlikdir, əqidəsizlikdir, insansızlıqdır. Biz içimizdəki balacalığın, bəsitliyin, eybəcərliyin köləliyindən qurtulduqca xalq dəyişir. Bizim içimizdən başlayır xalqın azadlığı. Ona görə birinci şərt odur, dünya nədir özü bilər, mən kölə yaşamaq istəmirəm. İkincisi, əgər mən köləlikdən qurtuluramsa mənim növümdən olan bəşər övladı köləlikdən qurtulmalıdır. Bunun üçün mən ona öz ömrümdən örnək verim, bunun üçün mən mübarizə aparım. Onun yerinə mübarizə aparmaq yox, ona öyrətmək, göstərmək mübarizəsi aparmalıyam. Bizim mübarizəmizin adı öyrətmək, örnək vermək, çağırmaqdır. Bizim mübarizəmiz sadəcə bizdən qıraqdakıları tənqid etmək deyil. Bunu hamı bacarır, hamı edir. Hamı toplumda gördüyü neqativ halları sayır. Biz də neqativ halları, mənəvi qüsurları deyə bilərik. Ancaq əslində neqativ halları saymağa gərək yoxdur. Sosial şəbəkələrə baxanda adamda ikrah hissi yaranır. Rüşvət, korrupsiya, filan məmur onu elədi, bunu elədi, filan yerdə villa, mülk əldə elədi. Bunu davamlı sadalamaq çıxış yolu deyil. Biz insana deyirik, onlar niyə var, ona görə var ki, sən içində köləsən. Sənə demokratiya deyilən yalançı bir azadlıq veriblər. Bu azadlıq sənin içindəki azadlıq deyil, çölündəki azadlıqdır. Çənəni  boş qoymaq üçün verilən azadlıqdır. Əsil azadlıq içdən başlayan azadlıqdır.  İnsan içindən azad olarsa filan məmurun nəyi var, nəyi yoxdur onu sadalamaz. İnanın, sosial şəbəkələrdə məmurların villalarını, bizneslərini dilə gətirənlərin çoxu qısqanclıqdan gətirir, paxıllıqdan, rəqabətdən gətirir, həsrətdən gətirir, ona qarşı içində həsrət var. Kaş mənim də olaydı. Hamısı ev davası döyür. Ev olmalıdır, ancaq sənə evi kim verəcək, yamanladığın, pislədiyin məmur sənə ev verəcək?!|
Bayaq qardaşımız da deyir, mənə deyirdilər, bir çiçək açmaqla nə olacaq. – Bir Çiçək açanda ətir verəcək, gözəllik yaradacaq, zövq oxşayacaq. Mən də o Çiçək kimi açmaq istəyəcəm. O Çiçək mənim qəlbimə köçəcək, qəlbimdə çiçəklər açacaq. Çiçəkdən çiçək doğar. Gözəllikdən gözəllik doğar. Eybəcərlikdən eybəcərlik doğar. Mən də eybəcər olum eybəcərliyin sayı artsın?! Nə olacaq sualını verənin ağlı yoxdur. O anlamır, nə sual verir. Bir başlanğıcdan başlayır hər şey.  Məna Birdir. Mindən başlamır, hər şey Birdən başlayır. Bir min olur. Ona görə nə olacaq demək böyük yanlışdır. Hər zaman mənə deyirlər, biz düzəlsək nə olacaq. Deyirəm, hələ bir düzəl, sonra görəcəksən nə olacaq.  Düzəlmirsən, deyirsən, düzəlsəm nə olacaq.  Düzəl, canlı yaşa. İçin cuşa gələcək, içdən azad olacaqsan.  Həqiqəti, gözəllikləri tapacaqsan. Mütləqə vurulacaqsan, əməlin, üzün dəyişəcək, varlığın dəyişəcək.
Asif Ata Mütləqə İnam Ocağını ona görə yaratdı ki, insanlar özünü tanıya, tapa bilsin. İnsanlar özüylə döyüşə bilsin. Özüylə döyüş məktəbi yaratdı, həqiqətə çatmaq məktəbi yaratdı. Adam içindəkiləri döydükcə həqiqətə yetir, həqiqəti tanıyır. Həqiqəti tapmaq, həqiqətə yetmək yolunda maneə sənin içindədir. O maneələri döy ki, həqiqətə yetəsən, həqiqəti tanıyasan.
Amallaşma deyəndə bu cür insanla bağlı, insanın içində ona əngəl olan məsələləri, ya da insanın içində onu gözəlliklərə çağıran, həqiqətə yetirən məsələləri açmaq gərəkdir. Öyrəndiklərimizdə, oxuda içimizdə nələrsə əmələ gəlir, bunları izhar etməliyik. Kitabı oxuyuruq, düşüncəmizdə bir dəyişiklik əmələ gəlir, içimizdə bir fərəh əmələ gəlir. Bu fərəh nədir, necə əmələ gəlir, bu fərəhin yönü, tələbi  nədir, onu açmalıyıq. Amallaşmanın başlıca tələbi odur, nə öyrəndin, oxuduğun sənə nə verir. Ən çox da adam özünü gizləməməlidir.
İnamlı qardaşımız deyir, elə bilirdim təbəqələşmə təkcə toplumda var, ancaq dində də gördüm. Təbəqələşmə ailədə də var. Əslində təbəqələşmə ailədən başlayır, topluma da ailədən gedir. Biz Ocaq olaraq öz içimizdə, evimizdə axtarmalıyıq təbəqələşməni. Dinin etkisi bizim evimizin içində, ailəmizdə  nə dərəcədə var?! Biz sözümüzlə, yazımızla dindən uzaq kimi görünürük. Ancaq evimizin içində qonşumuza, bir başqasına münasibətdə dinin etkisi nə dərəcədə özünü göstərmir. Ən başlıca məsələ odur. İnsan çox vaxt başqasını hədəf götürür, toplumu hədəf götürür, neqativ halları sayır, özündəkini gizləmək üçün. Özünə baxanda görərsən,toplumda yamanladıqların sənin özündə də var, evində də var, ömründə də var. Nə qədər insanın ömrünün yönü dəyişmir, yalnız ümumi sözlərlə yetərlənir, bu qurtuluş deyil. Bu saf adamlarda da belə ola bilər. Saflığın söylədiyi bütün sözlər qüdrətli sözlər deyil. Qüdrətli sözü ortaya gətirmək üçün ömürdə saflıqdan başqa üstün keyfiyyətlər yaratmaq gərəkdir. Sarsılmaz keyfiyyətlər yaratmalısan. Bunun üçün ömrün daşıdıqlarını sarsıtmaq gərək. Balacalığı, kiçikliyi sarsıtmaq, yalanı, özünü gizləməni, əyrini sarsıtmaq. Nəsimilərə, Babəklərə, doğrudan da, bənzəyə bilək. Onlarla aramızda bir bağlılıq yaransın. Biz daşıdığımız əqidəyə görə deyə bilərik, hürufilərdən, xürrəmilikdən yüksəkdəyik. Ancaq daşıdığımız əqidəyə görə deyə bilərik, ömrümüzə görə deyə bilərikmi?! Gəlin, özümüzlə səmimi olaq, ömrümüzə görə də bunu deyə bilək. Biz onlarla onları sevdiyimiz üçün, onları özümüzə doğma bildiyimiz üçün yarışırıq. Onların ömrünə doğma olmaq, qovuşmaq üçün yarışırıq. Ata deyir, özünüzü kamil xilqətlərlə, ilahi varlıqlarla, Mütləqlə tutuşdurun. Toplumla, balacalarla özünüzü tutuşdurmayın. Özünü daha yüksək mənəvi dəyərlərlə tutuşdurarsansa, onda özünün kim olduğunu anlayarsan, dərk edərsən, ona qovuşmağa can atarsan.
Əqidədə düşmən məsələsi ilə bağlı bir söz demək istəyirəm. Əqidənin düşməni olmur, həqiqətin, həqiqətçinin düşməni olmur. Həqiqətçidən, həqiqətdən düşmən olur. Şər, pislik,  yalan, balacalıq, həqiqəti, həqiqətçini  özünə düşmən sayır. Həqiqət toplumun düşməni deyil, toplumun daşıdığı şərin yağısıdır. Onu ortadan qaldırmaq üçün var. Ona görə əslində xalqın içində bizim düşmənimiz yoxdur. Ən pis adam belə bizim düşmənimiz deyil. Bizim düşmənimiz şərdir. Mən hər zaman vurğu edirəm, Ata adamlarla döyüşmür, şərlə döyüşür. O şəri adamlar daşıyırsa adamdakı şərlə döyüşür, toplum daşıyırsa toplumdakı şərlə döyüşür. Biz insanları hədəf seçmirik.Hamı insanları hədəf seçir. Onu orda öldür, bunun burda başını kəs, onu orda türməyə sal, düzələcək. Düzəlmir, daha da eybəcərləşib gedir. Demirəm, kimisə aparıb bağlı qapı arxasına qoymaq gərək deyil. O ayrı məsələdir. Söhbət ondan getmir. O qaçılmaz məqamdır, aşamadır. Olur. Ancaq Ata deyir, cinayətin ən böyük cəzası İnsanlaşmaqdır. Cinayətkarın başını kəs, cinayət yenə yaşayır. Nə fərq edir ki?! Ona görə böyük məsələlər, böyük əqidə həmişə ümumbəşər səviyyəsində, insanlıq səviyyəsində elə ölçü verir ki,o ölçü ilə insan, doğrudan da, işıq tapır. O ölçü insana fərəh yaşadır, insanı fərəhə qovuşdurur. Bütün təşkilatlar gücü insanların say çoxluğunda, maddiyyatda axtarırlar. Biz o gücü gücsüzlük sayırıq. Bizim gücümüz özündən örnək verməkdədir. Nə qədər özündən örnək verə bilərsənsə,nə qədər ölçü verə bilərsənsə, bir o qədər güclüsən. Bu gün Ocağa gətirib bir milyon pul ver. Ocaqçı pulu neyləyəcək, məbəd tikəcək, kitab çap edəcək. Ancaq bu vasitəinsanları kamilləşdirəcəkmi, onlar özü ilə uğraşacaqmı, onlar içində azadlığa yetəcəkmi?! Yetməyəcək. Bu vasitə Ocağa verilmir, onsuz da biz öz fədakarlığımızla bu işləri görürük. Bu gün çap elədiyin kitabı beş adama oxuda bilmirsən. Sabah milyon dənə çap elə, yenə oxuda bilməyəcəksən.Toplum dəyişməyib axı. İnsan dəyişməlidir. Gücü maddiyyatda görənlər, gücü toplumun sayında görənlər hakimiyyət uğrunda döyüşənlərdir. Hakimiyyət uğrunda döyüşənlərin heç birinə inanmadım, bu gün də inanmıram. Onların səmimiyyətinə inanmıram, onların sadaladıqlarına inanmıram. Ancaq məlumat toplayırlar, onun filan şeyi var, o var, bu var. Bəs sənin nəyin var?! İdeya yoxdur, yol yoxdur, çağırış yoxdur, ölçü yoxdur, nizam yoxdur. Güc içdədir. Asif Ata bizim qarşımızda tələb qoyur, içinizi yaradın, onda qüdrətli olacaqsınız,  onda xalqlaşacaqsınız, onda xalqa ölçü verəcəksiniz.
Dinləyənlərə var olun deyirəm. Ocaqçılarımıza böyük mübarizə uğurları diləyirəm. Usanmamaq, yorulmamaq gərəkdir. Toplumda durum ağırlaşsa da, yaşam çətinləşsə də, Ocaqçının içində yaratdığı, yaşatdığı həqiqət onun ən böyük dayağıdır. O dayağa dayanıb ömür sürmək olar, mübarizəni sürdürmək olar.  Az sayda Ocaqçılar içdə yaranan güclə bir-birinə dayanarsa min il yol gedə bilər. Bu bir həqiqətdir. Var olun.
Atamız Var olsun!  Atamızın bayrağını öpürəm.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə “Ailə Günü” sona yetir.

Səsdən sözə çevirdi: Göytəkin Atalı.
22 Qar Ayı, 43-cü il. Göyçay.
(Yanvar 2021).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir