Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” tədbiri

Ocaq Günsırası ilə 26 Yağış Ayı, 44-cü ildə (noyabr, 2022) Mütləqə İnam Ocağının “Uluyol-Hünər” Ailəsi sonrakı Ailə Günü toplantısını keçirdi. Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Hamınızı xoş gördük. Sizinlə bu toplantımızda doğmalaşmaq, bölüşmək mənim üçün çox dəyərlidir.
Bu ayda Ocaq yaşantılarımı sizinlə bölüşmək istəyirəm. Atadan parçalar oxumuşam. Oxumaq yaxşı hal yaradır. Halımı çağa yönəlik kökləməyə çalışmışam. Keçən ay daha çox ruhdan düşmələrim var idi, bu ay xeyli özümə gəlmişəm.
Bir də görürsən hansısa Ocaq işimi görməyi nəzərdə tuturam, görə bilmirəm, özüm öz gözümdən düşürəm. Bunun olmaması üçün bu ay bacardığım qədər işlərimi yerinə yetirməyə çalışmışam. Aradabir xalqlaşma işlərimlə də uğraşıram. Yaxınlarda bir adamla görüşdüm. Kollecdə işləyir. Onunla görüşəndə danışmaq istəyirdim ki, kollecdə görüş təşkil eləsin. Görüşdüm, Atadan soraq verdim. Davam eləmək istəyirəm. Uluyolun sinif müəlliməsi ilə söhbət etmişəm. Facebookda da arada söhbətlərim olur. Bu arada bir gənclə söhbətim olub. Onu da Soylu bəylə görüşdürmək niyyətindəyəm. Ocaq yönündə kimlərləsə söhbət edəndə özümü daha çox etkiləyir. Söhbətləri artırmaq niyyətindəyəm.
…Deyirlər həyatda başına gələnlərdən dərs al. Nəyin əsasında dərs alım? İnamımdan istifadə edib mənə xəyanət etdilər. Dərs çıxarım, yəni güvənməyimmi? Dinin təbirincə yanaşsaq, o pis adamları Allahmı göndərdi qarşıma, görüm pislik var, yaxşının qədrini bilim. Yaxşının qədrini Mütləqiliyə görə bilirəm, pisliyə görə yox. Pisliyə görə güvənməməyi seçsəm, pislik qələbə çalmış olur. İnamsızlıq təsdiq olunur. Atanın ifadəsi ilə desək, dostun xəyanət edir, ancaq dostluğa inamını itirmə. Gözün yerdə olmasın deyir Ata. Düşüncən Mütləqlə uğraşsın. Peşmançılıq, üzülmək, gözdən düşmək kimi yer duyğularıyla uğraşmasın. Yerə aid duyğularla uğraşa-uğraşa göyləşmək olmur. Yer səni çəkir özünə. Göylü düşüncələrin olsa göyə yol açar, yerdən ayrılarsan. Ona görə də yerdən əl çək, özündən əl çək, ancaq göydən əl çəkmə.

Həyatda hər kəs öz yerini axtarır. Çünkü hazır qəlib var, hazır ölçü, dəyər var. Cəmiyyət ölçüsü, iş yeri ölçüsü, qonşu ölçüsü. Saymaqla bitmir. Öz yerini axtarmaq deyil, öz yerini yaratmaq gərək. Köhnə ölçüyə uymaq deyil, Mütləqin ölçüsünə uyğun özünü yaratmaq gərək.

Tarixdə savaş çoxluğu adamlıq halının göstəricisi, səviyyəsi. Dahilərimiz, qəhrəmanlarımız İnsanlığın ümidi, işığı…

Qonumuz var – Azadlıq nədir? Azadammı? Azadlıq insanın ruhunun təsdiqidir. Nə zaman ki insan öz inamını, idrakını, mənəviyyatını, iradəsini təsdiq edir, o azaddır. Mən daim döyüşdəyəm, həyatla iç-içəyəm, özümü qorumaq halındayam. Çünkü toplumun halı, aqressivliyi, məişət halı, depressiyası, çətinliyi, daim ömrümə daxil olmaq istəyir. Bunun içindəyəm, ayrıla bilmirəm. Toplum adamın üstünə qorxu ilə gəlir, çətinliklə gəlir, ağır olaylarla gəlir. Mənsə cəsarətimi yetirməli, inamımı axtarmalı, daim özümü böyütməliyəm. Bir addım geri atanda üstümə gələcək qüvvə də böyüyür, ikiqat güclənməliyəm. Bunu anlayıram. Azadlıq odur ki, özünün o halını nəinki qorumaq, artmaq gərəkdir. Həqiqətən də artmayanda üzərinə gələn, təsir edən, səni daim öz etkisində saxlayan şeylər çox olur. Bu açıdan mənim azadlığımın ölçüsü Ocağa bağlılığımdır. Nə qədər Ocağa bağlıyam, Ataya bağlıyam, o qədər azadam. Nə qədər həyata bağlıyam, o qədər azad deyiləm.
…Səhər açılır, ümid yol alır, duyğular qanadlanır. İnam mayak olur, İdrak addımlayır, mənəviyyat ölçü olur, əməl yaranır. İşıq dolur duyğulara, düşüncələrə, İşıq olur duyğular, düşüncələr. Sonsuzluğa yollanır. Yollarla doğmalaşır. Mütləqin görüşünə tələsir. Səcdəylə sehrlənir, amalla əbədiləşir.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Amallaşma ən çox məşğul olduğum sahədir. Atanın kitablarına təkrar qayıdıram. Soylu qardaşımın son kitabını ardıcıllıqla oxuyuram, çox etkilənirəm. İnsanlaşma ilə bağlı daim içsəl dünyamı çək-çevirə salıram. İçsəl dünyamda çək-çevirmə çoxdur, insanlaşma məsələsində əngəllərim var, hələ tam qopa bilmirəm bəzi problemlərimdən.
Xalqlaşma yönündən söhbətlərim olur. Qaldığım yerdə dindarlarla əhatə olunmuşam, iki gün qabaq da kiçik söhbət məclisi odu. Əsasən namazın qılınıb-qılınmaması haqqında, insanlara faydası olub-olmaması açısından söhbətlər getdi. Mən onları səbrlə dinlədim. Cavablarımda da elə nəticəyə gəldib çıxdıq (iki qadın, bir kişi idi) düşündürücü oldu. Onlardan biri dedi, mən namazımı qılıram, ürəyimi bağlamışam, Allahla iş görürəm, ancaq cənnətə-cəhənnəmə inanmıram. Dedim Qurana inanırsan, dedi inanıram. Dedim Qurana necə inanırsan, onun 60-70 faizi cəhənnəmdən danışır. Sən onlara da inanmırsansa, deməli, Qurana da inanmırsan. Nə isə onları belə faktlarla qarşı-qarşıya qoyuram, düşünsünlər.
Qoyulan qonu ilə bağlı vaxtilə yazdığım bir yazını sizə oxumaq istəyirəm. “Dünyadakı cisim, olaylar bir-birindən yaranan kimi görünür. Əslində isə cisim, olaylar mənadan yaranır. Bu səbəbdən də cisim, olayların səbəb-nəticə asılılıqları yoxdur, birlikləri var. Dünyanın həqiqəti belədir.
Azadlıq bir anlamdır, biz bu anlamın mənasına vardıqda onu dərk eləmək üçün çalışırıq. Dərk eləməyin birinci üsulu bizə daha aydın, sadə olan anlamlar vasitəsilə, onun tərifini verməkdir. Bir də bu anlayışları əks anlayışlarla başa düşməyə çalışmaq. Azadlığın əksi kimi asılılıq anlayışını götürürəm. Asılılıq azadlığın əksi olan şər yönlüdür. Əsarətdir. Əsarətdə insanlar eyniləşir, sürüyə çevrilir. Azadlıqda özünəməxsusluq, rəngarənglik, bənzərsizlik qazanır. İnsan özünü fərd kimi təsdiqləyir. Asılılıq əsarətdir. Məna birliyi isə azadlıqdır. Mənanı dərk edən azad olur. Mütləqə İnam dünyabaxışı məna ilə gerçəklik münasibətinin həqiqi ifadəsidir. İnsan da ruhani və cismani varlıqdır. Ruhaniyyat mənanın ifadəsidir. Cismaniliksə gerçəkliyin. Azadlıq ruhaniyyata tapınmaqdır. Əsarətsə cismani, bioloji varlığa tapınmaqdır. Əsarətin də iki yöndən açımı var. Daxili əsarət, bir də ictimai əsarət. Ruhaniyyata tapınan Mütləq İnama yüksəlir. Mütləq İnama yüksələn İnsanlığı dərk edir. İnsanlığı dərk edən azaddır. İnsan üzləşdiyi gerçək hadisələrdə məna axtarır. İnsan Mənanı cisim və olayların əlamətlərindən ayırır. Mənanı təsdiq edir. Mənanı təsdiq edən Mütləq idraka yüksəlir. Mütləq idraka yüksələn İnsanlığı dərk edir. İnsanlığı dərk edən azaddır. İnsan varlıqların bənzərsizliyini, müxtəlifliyini, fərqliliyini, müstəqilliyini qəbul edir. İnsan başqalarının həyatına, daxili dünyalarına müdaxilə etmir. Başqaları üçün problemlər yaratmır. Başqalarına münasibətdə insan vicdana tapınır. Vicdana tapınan mütləq mənəviyyata qovuşur. Mütləq mənəviyyata qovuşan İnsanlığı dərk edir. İnsanlığı dərk edən azaddır. Cəmiyyət meyarı insanın sosioloji-iqtisadi tələbatlarına söykənir. İnsan cəmiyyət meyarları ilə düşünərsə, öz azadlığını məhdudlaşdırmış olur. Məhdudlaşdırılan azadlıq əsarətdir. Əsarətə qarşı duran Mütləq iradəyə qovuşur. Mütləq iradəyə yüksələn İnsanlığı dərk edir. İnsanlığı dərk edən azaddır. Heyvandan fərqli olaraq insan öz müqəddəratını özü həll etməyə qadirdir. Heyvanın bütün fəaliyyəti bioloji ehtiyaclara həsr olunur. İnstinktiv olur. Mexaniki, avtomatik şəkildə icra olur. İnsanın fəaliyyəti isə duyğuya, düşüncəyə əsaslanır. Vicdana əsaslanır. Bir sözlə, insan özünü yenidən yarada bilir. Bu səbəbdən də insan öz fəaliyyətində azaddır. İnsanın ömrü, həyatı, fəaliyyət yönü bütün davranış və hərəkətləri öz ixtiyarındadır. İnsan ruhani varlığında azad olur. İnsan heyvandan ayrıldığı dərəcədə azad olur. Heyvana endiyi dərəcədə əsarətə düşür. Ürəyi və beyni pisliklə dolu insan öz-özünə işgəncə verir. Heç kəs ona heç nə etməsə də. İnsanın içində təkcə paxıllıq duyğusu desəm, o onu rahat qoymaz. Azad insan Mütləq Həqiqətə inanır. Mütləq həqiqətə inanmaq insan varlığını qorxudan, təşvişlərdən azad edir. Azad insan Mütləq Həqiqəti təsdiq edir. Mütləq Həqiqətin təsdiqi insan varlığını şübhə və təlqinlərdən azad edir. Azad insan mütləq həqiqətə qovuşur. Mütləq həqiqətə qovuşmaq insan varlığını daxili, ictimai şərdən azad edir. Azad insan Mütləq həqiqətə can atan insan. Mütləq həqiqətə can atmaq insan varlığını itaət və mütilikdən azad edir. İnsan şərdən azad olur. Şərdən azad olan Azad olur. Azad insanın özünüidarə səlahiyyəti var. Özünü idarəni bacarmayanı şər idarə edir. Azad insanın özünə sahib olma səlahiyyəti var. Özünə sahib olmağı bacarmayana başqaları sahib olur. Azad insanın özümləşmə səlahiyyəti var. Özümləşməni bacarmayan özgələşər. Azad insanın başqalaşma səlahiyyəti var. Başqalaşmanı bacarmayan yağılaşar. İnsan öz həyat yolunu sərbəst seçir. Heç bir müdaxiləni, heç bir məcburiyyəti qəbul etmir. İnsan öz aqibətini özü yaradır. Öz aqibətini yaradan azaddır. İnsanın İnam haqqı var, İdrak haqqı var, Mənəviyyat, İradə haqqı var. Həqiqət, Ədalət haqqı var, kamillik haqqı var. İnsanın öz haqqına yetmək azadlığı var. Cəmiyyət insan azadlığını mənimsəyir. Yalan, xarab, vicdansızlıq, ədalətsizlik əsarəti yaradır. Cəmiyyət insana əsarət sunur. İnsan cəmiyyət əsarətini rədd edib öz azadlığını qorumağa çalışır. İnsan ruhu əsarətə tapınan ruhu rədd edir. Azad insan əsarətə qarşı döyüşür. Əsarəti öldürməyənin azadlığı nisbi sayılır. Nisbi azadlıq yenidən əsarət yaradır. İnsan Mütləq Azadlığa can atır.
Asif Ata şərin 4 böyük yönünü göstərir: maddiyyatpərəstlik, şöhrətpərəstlik, hakimiyyətpərəstlik, şəhvətpərəstlik. Qalan bütün şər növləri bu 4 növün qolları biçimində üzə çıxır. Bu 4 şərdən azad olmaq üçün insan neyləməlidir? Bu haqda mən çox düşünmüşəm. Mənim üçün də qaranlıq məqamlar odur ki… Soylu qardaşımla bu barədə dəfələrlə söhbətim də olub. Ancaq o haldan mən çox qopa bilmirəm. İnsanın başqalaşma məsələsi. Başqalaşma deyəndə insanın cismani qohumları ilə münasibət məsələsi var, iş yerindəki insanlarla münasibət, dostluqda münasibət. Onlar da mən çox arzu edərdim ki, Ocaqyönlü insanlarla təmas qurmaq mümkün olsaydı, insan öz azadlığına daha sərbəst qovuşa bilərdi. Bir az mənim üçün bu səpkidə qaranlıq olan hissələr var. Hələ onları da öz içimdən tam çıxara bilmirəm. Bir sonuc hasil edə bilmirəm ki, başqalaşma deyilən məqamdan hansı dərəcədə insanın asılılığı var, hansı dərəcədə insanın ondan qopmaq zərurəti var…
Atamız Var olsun!

Soylu Atalı: Qardaş, vurğu elədin, “üzdə belə görünür, cisim və hadisələr bir-birindən yaranıb. Əslində isə onlar Mənadan yaranıb”. Bunun üzərində dayanaq. Məsələn, cisimlər, olaylar bir-birindən yaranır. Deyək, övlad atasından, anasından yaranır. Deyək, yağış buluddan yaranır. Bu elmin ortaya qoyduğu konkret bilgidir. Dərin qatda deyirik Mənadan yaranıb. Mənadan yaranıb nə deməkdir?!

İnamlı Atalı: Mən düşünürəm yer miqyasından danışam, ümumi kainat miqyasından danışmayam. Yer şəraitində hələ yerin elə halı olub ki, həyat üçün heç bir əlaməti olmayıb. Başqa planetlər kimi canlı alanda əsər-əlamət olmayıb. Bitki aləminin yaranması da Mənada var. Bitki aləmini təşkil edən hər bir bitkinin özünəxaslığı var, hər birinin öz gözəlliyi, öz ülviyyəti var. Bu ülviyyət, gözəlliklər, incəliklər Mənada var. Onlar üzə çıxmalı idi hökmən. Heyvanat aləmini götürək. Heyvanat aləminin hər birinin özünəxas Məna çalarları var. Bunlar hamısı insan baxışı ilə aşkarlanır. Biz şirdə əzəmət görürüksə, ceyranda məsumluq, quzuda məsumluq, canavarda tənhalıq görürüksə, bunlar Mənanın nişanələridir. İnsana gələndə insan daha genişmiqyaslı çeşidlərini özündə aşkarlayır. Biz buna Ruh deyirik. Ruh da Məna kimi yaradıcı potensiyadır. Yaranış əzəlidir, biz demirik ki, hardasa başlanğıc var. Mən ancaq yer şəraitindən danışanda başlanğıc var deyirəm. Demək olar bu bir tarixdir. Zaman açısından bir tarixdir. İnsanda ruhun çalarları ki var, məhəbbətdir, eşqdir, dostluqdur, atalıq, analıq, evladlıq, qardaşlıq, bacılıq, fədakarlıq, özündən keçmə, qəhrəmanlıq… Bu Məna çalarları insan olmamış da dünyada var di. Bunlar hökmən üzə çıxmalı idi. Üzə çıxmasa mənasız olardı. İnsan aləmi elə görünür ki, min bir zülüm nəticəsində torpaq cana gəldi, başladı bitkilər yaranmağa, bitkilərin yaranması ilə təbiətə yeni çalarlar əlavə olundu. Oksigen artdı, heyvanlar aləminin yaranması üçün bir səbəb oldu. Bəlli zaman, tarix ötəndən sonra insanın yaranması üçün şərait yarandı, insan və s. bu yaranış bir-birindən törəmə kimi görünür. Ancaq əslində bunların hər birinin yaranması, ehtimalı, inkarı, imkanı Mənada yatırdı. Onlar hökmən üzə çıxmalı idi. Hökmən aşkarlanmalı idi. Mən bunu bu cür düşünürəm.

Soylu Atalı: Deməli, başlanğıcda Yer kürəsi yarandı, Yer kürəsi yaranandan sonra insan yarandı, heyvan yarandı, filan. Hər şey Mənadan yarandı, başa çatdı. Belə düşünürsən?

İnamlı Atalı: Başa çatmaq söhbəti yoxdur. İnsanla başa çatmır. Sonrakı inkişaf aşamaları insanla bağlıdır. İnsanın ruhuyla bağlıdır.

Soylu Atalı: Ona görə də biz, faktik olaraq, indi durduğumuz nöqtədən danışmalıyıq. Planetin yaranmasının başlanğıcına getməyə gərək qalmır. Deyək ki, insan ağlayır, göz yaşı tökür. Göz yaşı gözdəki selikli qişa var, orda qıcıqlanma gedir, filan-filan şeylərə etki göstərir, sonra göz yaşı əmələ gəlir, üzə çıxır. O qişada qıcıqlanma yaranması üçün səbəb gərək idi. O səbəb nədir – kədər. Səbəbsiz yaranmır heç nə. Göz yaşı gözün özündən yaranır. Ancaq səbəbsiz yaranmır. Deməli, səbəb kədərdir. Kədər İnsanlığın halıdır. Ya gülüş yaranır. Gülüş nədən doğa bilər?! – Sevgidən, sevincdən filan. Sevgi, sevinc İnsanlığın çalarlarıdır. Gülüşün əmələ gəlməsi beyində gedən bir prosesdir. Üz cizgilərində özünü göstərən bir prosesdir. Özündən yarandı. Ancaq səbəb sevgidir, sevincdir. Fəlsəfənin çoxillik axtarışları, səbəb-nəticə anlayışları var. Kateqoriya deyilir. Səbəb-nəticə kateqoriyası. Biz səbəbi olayın özündən üstün görürük. Yəni göz yaşının səbəbini özündən üstün görürük. Özündən üstünün etkisiylə yaranır. Bu, məsələnin bir tərəfi, keçək başqa bir izaha. Tutalım, gözüm qaraldı. Niyə qaraldı, zərbə dəydi. Nə baş verdi?! – Hava sıxıldı, təzyiq vurdu partlatdı, yəni özündən yarandı. Səbəb nə oldu, – İnsanlıq mahiyyətindən qırağa çıxma. Qarşı tərəf ədaləti pozub, haqsızlıq edib. Yenə də səbəb gedib çıxır Mənaya. İnsanlığın Məna tələbi doğru ödənilmədiyinə görə qırağaçıxma baş verir. Qırağaçıxma bununla sonuclanır. Birbaşa səbəb yenə İnsanlıq mənasına gedib çıxır. İnsanlıq mənasında nizam pozulur. Nə üçün mən bunu misal çəkdim. Kədəri izah elədik, gülüşü sevinclə bağladıq, aqressiya da var. Səbəbi özündən daha dərindədir. 

İnamlı Atalı: Mən səbəbi mahiyyətlə ekvivalent hesab edirəm.

Soylu Atalı: Din Allah deyir, fəlsəfə Mahiyyət deyir, Asif Ata Mütləq deyir. Səbəb dində Allahdır. Səbəb ümumi anlayışdır. Bu səbəbə biri Allah deyir, biri Mahiyyət deyir, əsas məsələ səbəb məsələsidir.
Sonra belə bir söz dedin: “Ruhaniyyatda yüksələn Mütləqə İnama yüksəlir”. Buna da düzəliş aydınlığı gətirək.

İnamlı Atalı: Bu söhbət Mütləqə bələd olan Ocaqçılar üçün aydın ola bilər. Adi insanlar üçün dərk olunan ifadə deyil. Ruhaniyyatı insanın daxili xeyirinin üzəçıxması kimi başa düşürük. Daxili azadlığın, nikbinliyin, iradənin üzə çıxması kimi başa düşürük. Bu səpkidən düşünəndə ruhaniyyatı o cür duymuşam. İnsanlığın qanunları ilə yaşayan. Onu dərk eləmək, öz düşüncəsində ona tam aydın olsun, ideya kimi tam aydın olsun. Eyni zamanda bu ideyanı hardasa öz həyatında üzləşdiyi olaylarda, qarşılaşdığı münasibətlərdə qura bilsin. Ona uyğun öz həyat tərzini qura bilsin. Bu halda dərk prosesi baş verə bilir. Ona görə ruhaniyyata yüksələn ruhaniyyat qanunları ilə yaşamaq. Yaşayan adam daha ruhaniyyatdan maddi mənfəətlər güdməsin, şöhrət güdməsin, ruhani eybəcərliklərə meyil yaranmasın, yaranırsa da iradəsiylə onları qovmaq gücü olsun içində. Bu səpkidə öz həyat tərzini quran insanlar haqqında deyirəm ruhaniyyata yüksəlir.

Soylu Atalı: Deməli, bir sıra “izm”lər var: induizm, brahmanizm, cainizm, buddizm. Bunlar hind ruhaniyyatıdır. Deyək, iudaizm ruhaniyyatı; deyək, xristianlıq ruhaniyyatı; deyək, islam ruhaniyyatı. Bir də Mütləqə İnam ruhaniyyatı var. Bunu da ümumiləşdirib belə deyə bilərik: Din ruhaniyyatı, İnam ruhaniyyatı. Biz bütün adını çəkdiklərimizi din ruhaniyyatı sayırıq. Bu gün Asif Atanın ortaya gətirdiyini İnam ruhaniyyatı sayırıq. Sənin dediyin yalnız İnam ruhaniyyatı əsasında oluşur. İnam ruhaniyyatına yüksələn insan sənin dediyin aşamalara ayaq qoyur. Ona görə də, belə şeyləri izah eləmək zorunda qalsaq, biz bu tutuşdurmaları dilə gətirməliyik.
Deyirsən, Ata Toplumsal şərin 4 cəhətini vurğu edir – maddiyyatpərəstlik, şöhrətpərəstlik, şəhvətpərəstlik, hakimiyyətpərəstlik. Sözü bir az türkləşdirsək, “pərəstlik” yerinə “sevərlik” deyərik. Nə deməkdir maddiyyatsevərlik. Necə başa düşək?

İnamlı Atalı: Bugünkü cəmiyyətin tətbiq elədiyi əsas baxışlardan biri də maddi etkilərlə insanı öz qarmağına keçirmək, onda saxlamaq gücü var. İnsanın daxilində maddiyyata vurğunluq varsa, əşyaya pərəstlik varsa, bu maddiyyatpərəstlikdir. Əsas məni düşündürən odur ki, əgər maddiyyatsevərlik daxilində varsa, o şərin istənilən çalarına gedər. Yaltaqlığa gedər, satqınlığa gedər, insan öldürməyə qədər. Bu adam ona nail olmaq üçün bütün bu şər atributlarını qəbul edər. Hamısına gedər. Təkcə maddiyyatpərəstlik insanı gör nə hala salır. İnsanda min cür eybəcərlik özünü büruzə verə bilir. Hakimiyyətpərəstlik o pillələrə elə-belə qalxmır. Əgər yaltaq olmasa o insan, rüşvətxor olmasa, bugünkü cəmiyyətimizin durumu ilə desək, o, heç hakimiyyət pillələrinə dırmaşa bilməz. Bu da insanı tam asılı duruma salır, mənliyi itirir, şəxsiyyəti itir, ləyaqəti itir. Yeri gələndə azad insanın üzərinə şər atmaq var. Qarayaxmalar var. Heç nədən çəkinmir həmin adam. Təki o “sevərliyə” çatsın. Bu da insanı eybəcər hala salır, mahiyyətindən uzaqlaşdırır, Mütləqə İnam dünyabaxışına görə insan eybəcərliklərinin hər biri bu anlam altında öz ifadəsini tapır.

Soylu Atalı: Yəni insana gərək olan maddi nəsnələr insan mənəviyyatının üzərinə keçdikdə artıq olur maddiyyatsevərlik. İnsan hər şeyi faydaya bərabər sayır. Yalnız maddi olan nemətlərdən faydalanmaq məqsədilə bütün münasibətləri, hər şeyi o faydanın əldə olunması aspektində görür. Fayda nə qədər ona gərəkdirsə, nə qədər fayda götürə bilirsə, bir o qədər münasibəti var, bu münasibətlər də onun faydalanmasının kölgəsində qalır. Beləliklə, insan o faydaya yetmək üçün, maddi mövcudluğuna gərək olan maddiyyatı əldə eləmək üçün mənəvi keyfiyyətləri ayaqlar altına verir, bununla insanın nizamı pozulur, insani münasibətlər pozulur. İnsan öz insani kimliyinə, mənəvi kimliyinə bərabər yaşamır, bunun da adı olur insanın maddiyyatsevərliyi. Burdan qaynaqlanır.
Sonra şöhrətsevərlik. Hər kəs şöhrətdən nə istəyir, biz nə istəyirik?! Şöhrətlənmək nə deməkdir, yəni tanınmaq, bilinmək, filan. Bir var insan özünün mənəvi kimliyi ilə tanınmaq istəyir, dünyaya, həyata xeyir versin. Bir də var insan başqalarından üstünlüyü ilə tanınmaq istəyir. Başqalarından üstün görünmək xatirinə tanınmaq istəyir. Bu isə ondakı eqoizmin ifadəsidir. Belə insan öz eqosuna hər seyi qurban verir. Öz eqosunu təsdiqləyir. Bunun üçün şöhrətlənmək istəyir. Öz eqosunu təsdiq edən insan onun hesabına tanınmaq istəyən, şöhrətlənmək istəyən insan həyatın yenə də ülvi nizamına, ülvi uyumuna, ahənginə zərər verir. Şöhrətə tabe olmaq, şöhrətə bağlı olmaq, şöhrətin asılılıq durumunda yaşamaq. Bu da bir şərdir. İnsanlar şeir yazır, şairlik edir, tanınır, şöhrətlənir. Burda pis şey yoxdur. Şöhrətlən, ancaq hər kəsi, dünyanı, dünyadakı insani münasibətləri öz şöhrətinin kölgəsinin altında görmə.
Eləcə də şəhvətsevərlik. O da eləcə. Şəhvətsevərlikdən asılı duruma düşmək, bu da bəşəriyyətin təbii haqqına girmək, ya da ülvi münasibətlərin gerçək çaları kimi aşkarlanması kimi deyil, bütünlüklə heyvani həzlərə, istəklərə boyun əymək, yol vermək, bütün varlığını onun girdabında qoymaqdır. Yəni sırf heyvani həzlərdən asılı duruma düşməkdir. Necə gəldi, harda gəldi münasibət yaratmaq, öz cılız istəklərini həyata keçirmək, gerçəkləşdirmək olmaz. Yoxsa biz demirik, şöhrət olmasın, maddiyyat olmasın, şəhvət olmasın, hakimiyyət olmasın.
Hakimiyyətsevərlik onun kimi. Bir var mən hakimiyyətə gəlirəm, bununla da insanlığa qulluq edirəm, həyatın nizamını qoruyuram. Bir də var bütün varlığı özümə tabe edirəm. Onun üzərində öz eqomu təsdiq edirəm. Öz eqomun istəklərini diktə edirəm. Hər kəs məndən aşağıda durur. Hər kəs mənim kölgəmdə qalır. Hakimiyyətsevərlik də budur. Biz bunları rədd edirik, deyirik bu, İnsanlığa kölgə salan, İnsanlığın nizamına əngəl olan, nəinki əngəl olan, onu ortadan qaldıran şər gedişləridir.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Keçən aydan bu aya Ocaq əməllərimi davam eləmişəm: tədbirləri işləməklə, saytın işlərini görməklə. Eyni zamanda oxu işimi də davam eləmişəm.
Ötən ay Soylu bəyin “Düşünməyin İnam ölçüsü” kitabını oxumuşdum. O kitab üzərində düşüncələrimi yazı kimi işləmişəm: “Kitab, müəllifin Ocaq tədbirlərindəki çıxışlarının toplusudur. Kitabda onun Amallaşma yönü ilə bağlı düşüncələri, kamilləşmə yönü ilə bağlı yetdikləri, etirafları var. Kitabı oxuduqca dünyanın durumu ilə bağlı, siyasi sorunlar haqqında, eləcə də indiyədək ortaya gəlmiş, dünyanın halını etkiləmiş ideyalar haqqında bilgilərə yetmək olur. Kitab insanı keçmişə səyahət elətdirir. İndini izah edir, gələcəyə aydın bir baxış formalaşdırır. Səmimi etiraflar, özüylədöyüşün yönü ilə bağlı hesabatlar, həm insana bağlı məsələlərin nə qədər dərin, incə məqamlardan ibarət olduğunu açıq göstərir, həm də bir insanın ömrünün inam əsasında qurulması, doğru yön alması, həqiqət əsasında ucalması göz önündə olur. Məni heyrətləndirən nədir?! – Çıxışlarda dünyəvi sorunlar, insanlığın sorunları, müxtəlif yöndən yanaşmalarla ortaya gətirilir. Ancaq bu qədər bilib-bilmədiyimiz sorunların ortaya gətirilməsi sonucunda bir nikbinliyə dayanmaq, ümid yolunu tapmaq, oxucuya catdırmaq var. Dünyada bu qədər sorunların olmasına baxmayaraq, dünya insanın gözündən düşmür, əksinə, çıxş yolunu verdiyi üçün dünya, insan qutsallaşır insanın gözündə. Ən qatı qaranlığın içində belə, işıq ucu görünür. Xeyirin qalibiyyətinə inam yaranır. Kitabı oxuduqca mühitin etkisiylə yaranan inamsızlıq aradan qalxır, insanı ucalığa bağlayan duyğular oyanır”.
Bu Amallaşama hesabatım idi. İndi kamilləşmə hesabatımı oxuyacam.
Özüylədöyüş sayəsində duyğularımı tanıyıram. Aydınlaşıram. Bilirəm, nəyi necə yönəltsəm doğru olar. Nə məni yüksəldər, nə məni endirər. Məncə, mənim, eləcə də hər insanın içində qoyulan qadağaların, yaranan əsarətin çizdiyi çevrədən qırağa çıxmağa can atan duyğular var. Bu qadağalar qıraqdan da qoyula bilər. Yəni insan özü ilə döyüşdükcə özünə qadağalar qoya bilər. Fərqli olanı axtarmaq, ucanı axtarmaq, ona can atmaq çabaları olmasa, insan öz üzərindəki əsarət zəncirlərini qırmağa da nail olmaz. Bu duyğular müxtəlif yönlərdə özünü göstərir. Bunlar daim məni harayasa çəkir, hərəkət etmək, hər günümü mənalı yaşamaq, hər günümlə bağlı bir iz buraxmaq, xatirə buraxmaq istəyirəm. Belə deyim, həyatın anlamını dolu-dolu yaşamaq tələbi var içimdə. Özüylədöyüşün mənim həyatımda nə qədər vacib olduğu burda bilinir. Çünkü bu duyğular doğru yönləndirilməsə, bir anda baş verən yanlışlar meydana çıxar. Özümə diqqət edə bildiyim dərəcədə özümdən əmin oluram. Bir anda mənim içimdə yanlış bir duyğu baş qaldırır. Qarşısı alınmadıqca yanlış davranışlar yaradır. Elə şeylər var ki, mən onların davranışlara yansımasının qarşısını ala bilirəm. Ancaq hələ ki, onları ağlımdan, düşüncəmdən qırağa qoya bilməmişəm. Ona görə də öz üzərimdə tam qələbə qazandığımı deyə bilmirəm. Ancaq insan özünü nəzarətə götürəndə çoxlu suallar çıxır qarşısına. Bu suallar nə qədər artırsa, nə qədər dərinləşirsə, insan bir o qədər ucalır. Bu asan deyil əlbəttə, insan özünü görə bildikcə ümidlənir, İnsanın içində yetmək istədiyini tapmaq, yetmək istədiyini yaratmaq istəyi yaranır. Qovuşmaq, yaratmaq tələbi yaranır insanın içində. Əslində bu gerçəkliklə, olanla yetərlənməyən, barışmayan insan qəlbinin sonsuzluğa qovuşmaq istəyidir.
Qonu ilə bağlı düşüncələrimi demək istəyirəm. Mən müqayisəli şəkildə öz halımı tez-tez düşünürəm. Ocaqdan öncəki dönəm, Ocaqdan sonrakı dönəmlə bağlı. Nə dəyişib, nə aradan qalxıb, yeni hansı duyğular, hansı hallar yaranıb, bu kimi suallara cavab verməyə çalışıram. Çünkü bu dəyişiklikləri izləməklə həyatımda Ocağın hansı rolu oynadığını bəlirləmək olur. Genel olaraq İnamın insana dəyişmək, özüylə uğraşmaq səbəbi verdiyini anlayıram. Ocaqdan öncə sırf məişətə bağlı bir həyat tərzim var idi. Sırf məişətə bağlı deyirəm, çünkü illərdir mütaliəm yox idi. Bu gündən baxanda anlayıram ki, həmişə özümü aldatmışam. Nələrisə özümə aşılamaqla  həyatımı yola vermişəm. Ancaq elə bir an gəlirdi, çıxılmazlığa düşürdüm. Qarşımda çox suallar dayanırdı. Doğrudanmı yaşamaq budur. Dinin sürəkli olaraq beynimizə yeritdiyi bir düşüncə var, həyat boşdur, dünya fanidir. Barışa bilmirdim bu düşüncə ilə. Ancaq bunu ötə də bilmirdim. Düşünürdüm, Allah ucadır, böyükdür, bəs niyə onun böyüklüyü, qüdrəti bizi bu mənasızlığı yaşamağa vadar edir. Bu gün, Ocaqla yaşadığım bir dönəmdə nə kimi hallar yaşayıram?! Bunu oxuyacağım bir yazımla aydınlaşdırmağa çalışacam.

Hər şey qırılmış, dağılmış, uçmuş, mən bu uçqunluğun ortasında dayanmışam. Ancaq heç nəyi toparlamaq üçün çalışmıram. Sanki uçulub dağılanlar mənim ətrafımda deyil. Bu yaşamaqdırmı, nədən hər şeyə qarşı laqeyd dayanmışam. Yaşamaq üçün, sürəkli olaraq, uçub dağılanı toplamaq, hər şeyi yerinə qoymaqmı gərəkdir?! Ya sən durdunsa hər şey dururmu?! Bəlkə uçanları toparlamaq özünə yeni bir zərbə hazırlamaqdır?! İnsan nədən özünə zərbələr hazırlamaqda belə israrla çalışsın?! Bəlkə bundan yorulmaq, usanmaq, heç bir şey etmək istəməmək intihara aparan yolun başlanğıcı olur. Bu an dünya öz dağıntıları ilə məni əhatə etsə də, içim qaranlığa bürünmür. Hiss edirəm, nə olur olsun mənim içimdə sonsuz bir işıq var. Bu, ümidin yaratdığı işıqdır. O işıq dünyanı içimdə aydınlığa çıxarır. Deməli, gerçəkliyin tələblərini özündən uzaqlaşdırmaq, bu tələblərə qarşı çıxmaq da mümkündür. İnsan ruhunu böyütməlidir.
Bu gün mənim üçün azadlıq nədir sualına belə cavab verərdim. Azadlıq – özünü aldatmaqdan qurtulmaq deməkdir. Mən Ocaqda azadlığı tanımışam.
Atamız Var olsun!

Soylu Atalı: Birinci, Asif Atanın Evladı müəllif deyil.
İkinci, tutalım filan sorunlar açılır, nikbinliklə bitir. Mütləq bu deyimə örnək göstərmək gərək. Nədə özünü göstərir?! Bu bir görümdür, bu görümü açmaq gərəkdir. Görüm açılmırsa, onda o nəzəri bir deyim kimi qalır. Ancaq hər bir düşüncə nəzəri olmaqdan qurtarmalıdır, bunun üçün alıntı göstərmək, aydınlıq gətirmək gərəkdir.
Qıraqdan qadağalar, içdən qadağalar məsələsi. Öncələr toplumsal (ictimai) qınaqlar deyilən bir məsələ vardı. Bu, qıraqdan qadağalar idi. Toplumsal qınaq yaxşı şeydir, ancaq bütöv bir ölçü deyil. Yaxşı cəhəti nədir?! Bəlli bir toplumsal qurallar (ictimai qaydalar) var. Hamının qəbul elədiyi tərbiyəvi bir şeylər. Tutalım, cavan oğlan saqqal saxlamamalıdır. Vaxtilə belə bir şey vardı. Kimsə saqqal saxlayanda qıraqdan qınaq yaranırdı. O qınaq iş görürdü. Buna qıraqdan qadağa deyirlər. Fərqi yoxdur, qıraqdan qadağa evin içindən gəlir, qonşudan gəlir, toplumsal qınaq saymaq olar. Bir də var içdən qadağa. İçdən qadağa insanın özüylə üz-üzə qalması, özünü yaratmasıdır. İnsanın özü üçün bəlirlədiyi keyfiyyətlər var. Deyir, mənim üçün doğru addım filan şeydir, doğru yanaşma filan şeydir. Burada doğruladığın, dorğu bəlirlədiyin qırağaçıxmalara qarşı özünə qadağalar qoyursan, buna getmək olmaz. Toplumsal qınaqla fərdi qınağın üst-üstə düşdüyü, düşmədiyi məqamlar var. Bunlar nə vaxt üst-üstə düşür, nə vaxt üst-üstə düşmür. İndi onu sən de.
Ocaq insanının axtarışlarında, özünü qınamalarında iki yön var. Bunlardan biri hamının genel özünü qınaması: mütaliə edə bilmədim, xalqlaşa bilmədim, söz verirəm, gələn dəfə edəcəm… Biri var bu qınaq, Ocaqçının başının altına yastıq qoyan, yuxuya verən qınaqdır. Aşağı-yuxarı hər dəfə eyni şeylər deyilir. Bu cür deyilişlər həm özünü aldatmadır, həm də onu dinləyənləri aldatmadır. Yola verməkdir. Qıraqdan yaxşı görünsün, nə yaxşı özü özünü danladı. Bu, dediyim kimi, genel deyilişlərdir, özünü aldatma arxayınçılığıdır. Əgər mən Ocaqçıyamsa, yol gedirəmsə, yola düşmüşəmsə, mübarizə adamıyamsa, özüylədöyüş yolu keçən adamamsa, mənim bunları deməyim bir dəfə ola bilər: vaxtım çatmadı, ciddi bir şeylər oxuya, düşünə bilmədim. Bunu hər dəfə demək olmaz. İkinci, özünü qınamada adam, yaxşı mənada, içini söküb tökür. Deyir, dünya gözəl deyil, niyə gözəl deyil. Filan ağrılar, dərdlər var. Özünü aldatma deyil. Bu, kamilləşmənin başlıca tələblərindən biridir. Həyat mənə nikbinlik vermir, dünya mənə nikbinlik vermir. Niyə, – filan şeylərə görə. Bu, artıq axtarışdır, bu artıq durumdan çıxmağa dartınmaqdır. Bu da Ailə Gününün başlıca tələblərindən biridir. Ya deyək, nikbinlik məsələsi. Nikbin danışıram, əsaslandırılmış şəkildə. Yetdiklərimi deyirəm, filan cür idim, filan cür olmuşam, bu qədər pessimist əhvaldaydım, niyə yaşayırdım, filan şeylərə görə. Çıxış yolu tapa bilmirdim, filan şeyə görə. İndi artıq filan cür olmuşam. Bu, artıq fərdin axtarışıdır. Fərdin özünütəsdiqi yönündə çabalarıdır. Bu iki məsələnin fərqini anlamaq, bilmək gərəkdir.

Bayaq sən maraqlı məsələyə toxundun, tutuşdurursan dedin. Bunlar özü axtarışlardır. Bunlar dilə gətirilməlidir. Bunlar izhar olunmalıdır. Evlad nə düşünürsə, necə yaşayırsa, hansı gözəllikləri, çətinlikləri, ağrıları yaşayırsa, onları açmalıdır, dilə gətirməlidir ki, ondan çıxsın, qurtarsın. Yeni hal, yeni yön yaransın, yeni başlanğıc görünsün. Bu, fərdin birbaşa kamilləşmə tələbidir, açarıdır.
Ömürtay yaxşı məqamlara toxunur, bu, qurulmadır. İzah edir, filan şeyi anlaya bilmir, tuta bilmir, gerçəkləşdirə bilmir. Bu, axtarışdır, qurulmaq istəyidir.

Göytəkin Atalı: Cəmiyyətin qınağı var insanın üzərində. Ancaq dediyiniz kimi, həmişə yaxşıya qulluq eləmir. Bayaq siz çəkdiyiniz misalda yaxşı şeylər var. Ancaq cəmiyyətin qınağı var, insan onun axarı ilə getməkdən qırağa bir addım atır. Bizim özümüz cəmiyyətin dediyi ilə getməyib başqa bir yerə yönələndə bizim də üzərimizdə cəmiyyətin qınağı olur. Burda qərarlı olaraq, öz yolunun arxasınca gedirsə, cəmiyyətin səviyyəsinə enməkdən, bu səviyyədə yaşamaqdan özünü tamamilə qırağa qoymağa çalışırsa, bu yöndə özünə qadağalar qoyursa, o deməkdir ki, cəmiyyətin qınağı ilə onun özünə qoyduğu qınaqlar üst-üstə düşmür. Cəmiyyətin qınağı onu əyri bir yola aparır, ancaq öz qınaqları ucalığa bağlayır. Üst-üstə düşməmək məsələsi ilə bağlı bunu deyə bilərəm.

Soylu Atalı: Bu, qınaq deyil, əngəl olmaqdır. Qınaq normal toplumlarda ola bilər. Normal yaşam quralları bəlirlənmiş bir toplumda ola bilər qınaq. Dağılmış, uçmuş, başıpozuq, avara bir toplumda insana qarşı normal qınaq ola bilməz. Başıpozuq toplumun qınağı zəhlətökənlikdir, əngəl olmaqdır, Ocaq kimi bir qurumun, ideyanın yaranmasına göstərilən mənfi münasibət qınaq ola bilməz. Bir var fərdin xeyrinə yönələn qayğılar, bir var fərdin ayağından dala çəkən əngəllər. Biz bu toplumda ikincini görürük. Mən sizə misallar çəkmişəm. Mənim ruhani bioqrafiyamı oxumusunuz. Atamın evində mənə qoyulan qadağalar var idi, ayağımdan dartmalar var idi, yıxmalar var idi. Bütünlüklə evin içinə bağlamağa çalışırdılar. Bütünlüklə toplumun absurd qaydalarına tabe eləməyə çalışırdılar. Mən də onları eşitmirdim. Böyük qarşıdurmalar yaranırdı. Gərgin bir yaşantı olurdu. Buna deyə bilməzsən fərəhdir. Bu gərginliklər o vaxt fərəh verə bilər, tam açılasan, ayrılasan, azad olasan, evin içi özü bilər, nə çalır çalsın, sən də öz doğru bildiyin, həqiqət bildiyin bir ömür qurursan, onu yaşayırsan. Bu cür yaşamaq fərəh verə bilər. Ancaq zəhlətökənlik fərəh verməz. Bizim hər birimizin aqibətimizdə belə şeylər olub. Az, ya çox. Nurtəkinin evində ona əngəllər az olmayıb, ya sizin özünüzün, Günevin. Bunlar, bu əngəllər qınaq deyil, qınaq ayrı şeydir. Qınaqda müsbət şeylər də tapmaq olar.

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Demək olar, mən bütün günü xalqlaşma işi aparıram. Söhbətlər edirəm, iş yerində olanda da, qırağa çıxanda da. Söhbətlərim alınır. Kitab oxumağa da vaxt ayırıram, yarpaq-yarpaq olsa da.
Bu qonu ilə bağlı bir şey demək istəyirəm. Mən özümdən danışıram, azad deyiləm. Əslində Asif Ata bu dünyabaxışı insanın azad olması üçün yaradıb. İnsan kimi yaşamaqdan ötrü. Ancaq tam olaraq azad olmaqdan ötrü bu ideyaların hamısına mütləq mənada yetmək gərəkdir. Dünyada azadlıq yoxdur. Çünkü Asif Atanın insanı azadlığa çıxaran ideyalarını dünya demir. Mən də o mənada azad deyiləm. Ruhumun bütöv olması gərəkdir. Bunun üçün Amallaşma, Kamilləşmə, Xalqlaşma yolundan keçməyim gərəkdir. Mən cəmiyyətin çox yanlışlarına bulaşmamışam, bununla belə azadam deyə bilmirəm.
Asif Atanı tapandan sonra beynimdəki qaranlıqlar getdi. Həmişə deyirdim, insanı düzəltməkdən ötrü onu qamçılamaq lazımdır. Yeri gələrsə, kəsib atmaq. Bu düşüncə hələ də məni tərk etməyib. İradəsiz deyiləm. Ancaq bu düşüncədən açıla bilməmişəm – səhvdirsə, düzəlməyəcək, ölənə kimi günahkardır. Anlayıram, Mütləqə İnama yetmək, kamilləşmək bunlardan arınmaq deməkdir. Bu mənada özümü tapa bilmirəm. Ancaq çalışıram.
Atamız Var olsun!

Soylu Atalı: İsa deyir, bəşər günahkardır, apokalipsis olacaq, İslamın qiyaməti yəni. Bütün insanlar öləcək. Sonra hamısı yenidən diriləcək. Sorğu-sual olunacaq. 3-5 əməlisaleh qalacaq, yerdə qalanlar yenidən məhv ediləcək. 3-5 əməlisalehdən yeni bəşər başlayacaq. Bu, xristianlığın dediyi. İsada başqa çalar da var. Deyir, mən çarmıxa çəkilməklə atamın, yəni Allahın bütün övladlarını günahdan təmizlədim. Çarmıxa çəkilirsə, hamının günahını yumuş olur. Xaç suyuna çəkilmək odur. Uşaq doğulanda xaç suyuna çəkirlər ki, günahdan çıxsın. 3-5 əməlisalehdən yeni bəşər düzəlməsi cəfəng baxışdır. 5-3 əməlisalehdən əməlisaleh doğulmayacaq. Bilsək ki, 5-3 əməlisalehdən əməlisalehlər dünyaya gələcək, biz də deyərik elə o əməlisalehlər qalsın, dünya elə bu yaxşılarla da davam etsin. Belə bir şey yoxdur. O ki qaldı hansısa fərdlərin düzəlib düzəlməyəcəyi məsələsi. Deyək ki, kiminsə 60, birinin 70 yaşı var. Bunların bundan sonra da düzələcəyinə biz qərar vermirik. Onların içərisində elələri var, artıq bitib tükəniblər. Bundan sonra özləri ilə döyüşən deyillər. Olsa da, belə şey istisna deməkdir. Dəyişəcəklər, dəyişməyəcəklər, özləri bilərlər. Ata deyir, nə yazıqlar, çox insanlar imkanlarının çoxunu özləriylə qəbrə aparırlar. Bu bizdən asılı deyil. Aparacaq aparsın, özü bilər. Bəs biz 60-70 yaşlı adamlara söz deməliyikmi, deməməliyikmi?! Yuxarıda dedik, toplumda (üzdə olanlar arasında) elələri var, bitib tükənib, bunu hər kəs bilir. Belələrinə söz deməyin anlamı yoxdur. Genel götürəndə isə, biz insanları yaş fərqinə görə bölmürük, hər kəsə sözümüzü deyirik. Onların hər birinin ömrü dəyişəcəkmi, bilmirəm. Dəyişməyə də bilər. Ancaq bizim dediyimiz uğurlu söz hər kəsə gərəkdir. Kimlərsə özüylə döyüşüb sənin istədiyin olmasa belə, orda-burda sənin sözünü deyəcək. Apardığın işə kömək etmiş olacaq. Ola bilər sənin işini pozitiv yöndə təbliğ eləməyəcək, neqativ yöndə təbliğ edəcək. Deyəcək, bunlar ağıllarına gələni danışır, guya adamı insan eləyəcəklər. Qoy gedib desinlər. Ata bunun adına “Şərdən xeyir götürmək” deyir. Ona görə biz seçim edə bilmərik, kəşfiyyat apara bilmərik, bu insana söz desəm, görəsən özüylədöyüşəcək, yoxsa döyüşməyəcək. “Deyim, ya deməyim” sorusu qarşısında qalmalı deyilik. Biz hər yerdə deyirik, hər kəsə deyirik. Kim götürəcək götürəcək, kim götürməyəcək, özü bilər. İstənlən halda, Ocağın belə bir probemi yoxdur.
Bir də var azadlıq məsələsi. Bir var fərdi azadlıq, bir var ictimai azadlıq. Fərdi azadlıq – adamlıqdan qurtarmaq. Adamlıq içəridə qarşıdurma səviyyəsində yaşayır. Adamın içində o da var, bu da. Adam öz içində qarşıdurma yaşayır. Azadlıq – bu qarşıdurmadan xilas olmaqdır. İçəridə həm xeyir var, həm şər. Həm yalan var, həm doğru. Biz “həm, həm”dən qurtarmalıyıq. İçəridə yalnız Xeyir söz deməlidir, Doğru söz deməlidir. Səxavət, mərhəmət söz deməlidir. Ləyaqət söz deməlidir. Bireysəl (fərdi) azadlıq budur. Toplumsal (İctimai) azadlıq – bireysəl azadlığın toplumda yaşam ölçüsünə çevrilməsidir. Əgər mən içimdəki qarşıdurmadan qurtarıramsa, adamlıqdan xilas oluramsa, mənim varlığım, yaşamağım, sözüm, düşüncəm, hər şeyim məndən qıraqdakı üçün örnək olur. Mən içimdəki qarşıdurmadan qurtulmamışamsa, yanımdakı adama əngəl olacam. O, yaxşı nə desə ayağından çəkəcəm. Onun azadlığına əngəl  olacam. Bireysəl azadlıqla toplumsal azadlıq məsələsi belədir. Hər şey bireysəl azadlıqdan başlayır. Birey azad olduqca azadlığını toplumsal ölçüyə çevirmək istəyir. Onun uğrunda mübarizə aparır. Toplumsal azadlıq – bireysəl azadlığın xəlqi, toplumsal ölçüyə çevrilməsi ilə başlayan prosesdir. Bu zaman insanlar başqalarının ləyaqətini ayaqlar altına almaz, başqalarını əsarətə salmaz. Bu keyfiyyət o qədər böyüyür, xəlqiləşir ki, ümumi yaşam uyumuna çevrilir, onun qarşısında ayrı-ayrı azadlığa yetməmiş bireylərin eybəcərliklərə yeriməsi bu uyumu ortadan qaldıra bilmir…
Amallaşma, Kamilləmə, Xalqlaşma qonuları həm Ocaq üçün, həm də bütövlükdə insanlıq üçün olduqca böyük bir hünər məsələsidir. Dünyanı öyrənmək, insanlığı öyrənmək, öyrəndikcə onun haqqında sevginin danışması. Adam dünya haqqında, həyat haqqında onun mənası haqqında danışır. Danışan nədir – sevgi. İnsan dünyanı bildikcə, dərk elədikcə onun içində sevgi yaranır. Sevgi böyüyür. İnsanın içində sevgi danışır. Bütün dedi-qodular, qeybətlər içərini tərk edir. Bu çağa kimi içəridə qeybət danışırdı, dedi-qodu danışırdı, hərcayilik danışırdı, indi sevgi danışır. Amallaşma odur. Dünyayla insanın varlığında, münasibətində sevginin dil açıb danışması. Ona görə Ailənin qarşısında qoyulan Amallaşma, Kamilləşmə, Xalqlaşma tələbi çox uğurlu tələbdir. Biz də bu tələbə əməl edirik, ya da əməl etməyə çalışırıq.
Amallaşamanın əsasında oxumaq, düşünmək durur. Düşünmək sorğulamaq deməkdir. Özünə suallar verməkdir. Düşünmək, həm də, həqiqətin axtarışına yönəlik müdrik şübhə deməkdir. Həqiqətin axtarışına yönəlik müdrik inam deməkdir. Şərə qarşı müdrik şübhə deməkdir. Şərə qarşı həm də müdrik inam deməkdir, yəni xeyirin təsdiqi. Amallaşmaq budur. Dünyanın, həyatın gedişini müşahidə eləmək, onunla bağlı doğru dərin düşüncələr yetirməkdir. Bu düşüncələri ömrə çevirməkdir. Onun əsasında davranmaq, yaşamaqdır. Bir də bu kamilləşmə məsələsi var. Amallaşmada – dünyanı, həyatı, insanı izləmək, öyrənmək var. Kamilləşmədə insan özünün içini müşahidə edir. Əməllərini müşahidə edir. Təkcə müşahidə etmir, həm də onu yönləndirir. Bu açıdan Ocaqçının qarşısına qoyulan tələblər qutsal tələblərdir.
İndi oxuduğum kitablarda gəldiyim sonucların bəzi çalarlarını sizinlə bölüşmək istəyirəm. Çox sonuclar var, hamısını bölüşsəm, saatlarla sizi saxlamalı olaram. Konkret olaraq önəmli bir məsələyə toxunum. Engelqart adlı bir araşdırmaçının kitabını oxudum. Bu adam tarixdə olmuş faciələri, insanların törətdikləri vəhşilikləri, eybəcərlikləri sadalayır, sübut eləməyə çalışır ki, bütün bu qəddarlıqların, amansızlıqların hamısının qaynağı tərəqqidir. Sivilizasiyalar yaranır, dəyişir, inkişaf edir, mədəniyyətlər yaranır, filan edir, bunlar yarandıqca insandakı vəhşiliklər də çoxalır, artır, filan. Misal çəkir, ibtidai icma quruluşunda yaşayan ayrı-ayrı qəbilələr vardı, hal-hazırda da var, uzaq Amerikada, Afrikada. Onlarda, sivil, mədəni toplumlardakı qədər, vəhşiliklər yoxdur. Deyir, bir toplum mədəniləşdikcə, yeni sivilizasiyalara addım atdıqca, tərəqqi etdikcə başqa toplumlardan öz üstünlüyünü yaratmağa, ifadə eləməyə çalışır. Başqalarını əsarətə salmaq cəhdində bulunur. Belə götürəndə bunları düz deyir. Ancaq mənim gəldiyim sonuc nədir?! Mən belə adamları oxuyanda soruşuram, bəs nə edək?! Dünya pisdir, tarix pisdir, həyat pisdir, insan pisdir, onda niyə yaşayıram?! Hər şey pisdirsə, hər şey pisliyə başlanğıc verirsə, bütün inkişaf, tərəqqi, təkamül hamısı pisliklərin artması üçündürsə, onda niyə yaşayırıq?! Planet onda nəyə gərəkdir?! Məncə, onların fərqinə varmadıqları bir şey var… Bunların gördüklərini, anladıqlarını bundan min illər öncə də anlayıblar, görüblər. Bu gün də anlayırlar, görürlər, min il bundan sonra da anlayacaq, görəcəklər. Nədir onların gördükləri?! – Biz bayaq hind dinlərinin adını saydıq. Buddanın adını çəkdik. Budda padşah oğlu idi. Firavan yaşayırdı, heç bir sorunu yox idi. Günlərin bir günü o, 3 olayın şahidi oldu. Ağır xəstəliyin, əli-ayağı heç nə tutmayan, büdrəyə-büdrəyə gəzən qocanın (qocalığın), bir də tabutda gedən ölünün. Bunları görəndə sarsılır, həyat heç də, bütövlükdə onun yaşadığı kimi deyilmiş. Sən demə azar da vamış, qocalıq da varmış, ölüm də varmış. Bunlar isə insan mövcudiyyətinin sonuymuş. Buna görə də o, 29 yaşında icmadan uzaqlaşır, meşələrdə yaşayır, uzun illər axtarışlar içində rahib ömrü yaşayır. Sonra görür, bu da çıxış yolu deyil, özünün bəlli ideyalarını ortaya gətirir, onların yayılması ilə uğraşır. Əgər Budda inansaydı ki, insan yalnız vəhşidir, ondan daha adam olası deyil, o, elə bu vəhşiliyi yaşadacaq, öz baxışlarını yaratmazdı. Eləcə də ondan sonrakılar. Qabaqcıl düşüncəli insanlar ayrı-ayrı ideyalar, baxışlar ortaya gətirir, o ideyalarla insanlığa qurtuluş yönü verməyə çalışır, onları öz insani kimliklərinə uyğun yaşamağa çağırır. Belə bir çalışmalarda, zəhmətlərdə bulunurlar. Engelqartın fərqinə varmadığı o idi ki, insan ilahi başlanğıcdır, İlahi imkanlar var insanda. Bu ilahi imkanlar aşkarlanmalıdır. Aşkarlanarsa, onda dünyada, həyatda ölçü Tanrısal nizama dönüşərdi. Tanrısal nizam hakim olardı yaşamda ölçü kimi. Atanın anlayışı ilə desək, Mütləqilik ölçüsü yaranardı. Bu ölçü çox böyük güc deməkdir. İnsanda mövcud olan ilahi imkanın gücü aşkarlanmırsa, ilahi güc qırağaçıxmalarla əvəz olunur. Həmin gücün görəcəyi insani işlərin yerinə vəhşiliklər ortaya gəlir. Heyvandan daha böyük vəhşiliklər törənir. Çünkü vəhşilik ilahi gücə ekvivalent olaraq ortaya çıxır.
İnsanın çıxış yolu birdir. İlahi mahiyyətinə doğru can atmaq. Başlanğıcına can atmalıdır. Onu ifadə eləməlidir. O cür yaşamalıdır ki, dünya gözəlliklərə tən olsun, həyatın nizamı gözəlliklərlə zənginləşsin, dolsun, böyüsün. Tərsinə olanda insandakı ilahi imkan başqa səmtə gedir, dağıdıcılığa gedir, həmin ilahi güclə də dağıdır, heyvanların törədə bilmədikləri vəhşiliklər törədir. Heyvanda elə bir ilahi güc yoxdur. Engelqart misal çəkir, şir parçalayır, dağıdır, şirdə dağıtma, parçalama vəhşiliyi var, ancaq onun parçalamasının bir anlamı var: yemək, qidalanmaq, mövcud olmaq. Onun başqa məqsədi yoxdur. O, insan kimi başqalarının üzərində, vəhşilikləri ilə, əyləncə yaratmır. Ləzzət almır, həzz almır, sadəcə parçalayıb yeyir. Mən də deyirəm, şirdə ilahi güc olsaydı, o daha amansız vəhşiliklər törədərdi, şirin vəhşiliyi, parçalaması elə öz xislətinə uyğundur. İnsanın isə belə xisləti yoxdur, o, öz mahiyyətindən sapanda belə vəhşiliklər törədir…
Bax, mənim öyrəndiyim, anlatmaq istədiyim belə məsələlərdir, nə olur olsun, mənə dünyanın məhv olmasını göstərmək, izah eləmək gərək deyil, mənə gözəllikləri yaratmağın yollarını göstər. Din soraq verir, qiyamət qopacaq, yerlə göy birləşib darmadağın olacaq, filan. Xeyir ola, bunu mənə nəyə xəbər verirsən?! Qurtuluş yolunu göstər. Necə eləyək insan özünü dərk eləsin, ilahi başlanğıcına üz tutsun. Heyvana enməsin. Adamlıq pis şeydir. Adamın içində qarşıdurma var. O, vəhşiyə də enə bilər, insani qüdrətə də üz tuta bilər. Bizə gərəkdir Adam İnsanlaşsın. Bütün fəlsəfələr, bütün çalışmalar bunu əsaslandırmalıdır, bunu sübut etməlidir, buna yönləndirməlidir, buna çağırmalıdır.
Mən “Bir ömürdə iki tale” adlı yazı yazmışam, Şah İsmayıl Xətai ilə bağlı. Şah İsmayıl Xətai nə sufi ola bilirdi, nə də şah. Çünkü sufilik şahlığa, şahlıq sufiliyə tərs olan şeylərdir. Əgər bu ikisini də əlində tutursansa, mütləq ziddiyyətli yaşayacaqsan. Məhəmməd də elə. O da peyğəmbərliklə şahlığı birləşdirmək istəyirdi. Məhəmməd həm xəlifə idi, həm də peyğəmbər. Həm ruhani qaydalar yaratmaq istəyirdi, həm də savaş tələblərindən doğan ayələr verirdi. Xilafətin tələblərindən doğan ayələr. Bunlar daban-dabana zidd şeylərdir. Bir yanda insanın bərabərliyindən danışırsan, bir yandan da “Qənimət” surəsini yazırsan. “Qənimət” surəsi hardan doğdu, müharibədən. Hökmdarlıq tələbidir qənimət. Hökmdara qənimət gərək idi. Ona görə düzəldə bilmədi. Gərək ziddiyyətlərdən qurtarasan. Peyğəmbər özü ziddiyyətlərdən qurtara bilmədi. İçindəki qarşıdurmalardan qurtara bilmədi. Kim nə deyir desin, bu həqiqətdir. İnsani ölçü yaranmadı. Həyatı nizamlaya biləcək ölçü yaranmadı. Bunun yaranması asan deyil, ancaq olumsuz da deyil. Biz Ocaq olaraq onun çətinliyini anlayırıq, bilirik, çaşmırıq, tələsmirik. Özümüz içimizdəki qarşıdurmalardan çıxırıq, bütün suallara cavablar bulmağa çalışırıq.
Atamız Var olsun!

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə tədbir sona yetir.

Köçəri Ayı, 44-cü il. Atakənd.(fevral, 2023. Bakı).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir