Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” tədbiri

Ocaq Günsırası ilə 21 İşıq Ayı, 45-ci ildə (may, 2023) “Uluyol-Hünər” Ailəsinin aylıq “Ailə Günü” toplantısı keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bu ay Ocaqla bağlı bəlli işlərim olub, onları sadalamadan bəzi düşüncələrimi bölüşəcəm.

xxx

Hakimiyyət illüziya yarada bilər bu gün. Olduğu kimi görünməyə bilər. Ancaq həqiqət gec də olsa açığa çıxır. Tarixin min üzü var, ancaq həqiqəti gizlədəcək qədər qüdrətli deyil. Hakimiyyətin dövrü var, dövranı var, əbədiliyi yoxdur. Əgər milliliyə, insanlığa qulluq varsa, o hakimiyyəti alqışla anacaqlar, ancaq insanlığa qarşı hər zaman nifrətlə damğalanacaq.

xxx

Kimsə tülkülük edir, tülkülüyünü inandıracağına inanır. Çünkü mühitdəki tülkülüyə uyğundur, uyumludur.
Həyata keçən, gerçəkləşən hər bir insani olmayan davranış müqavimətə qədər yaşayır. Tabuların sınması, dəyişmə bundan sonra başlayır.

xxx

Həsəd – başqasında olanın məndə olmaması əskikliyi. Əskiklik sadəcə maddi bir şeyin yoxluğuyla bağlı deyil, özünü başqasıyla tutuşdurmada əskik, aşağı, yetərsiz görməkdir. Ölçü yetərsizliyi, özdəyərin aşağı olmasıdır.

xxx

Xoşbəxtlik insanı tapmır. İnsan özü öz xoşbəxtliyini yaradır. İnsana fərəh verən, ümid verən öz içindəki duyğular, düşüncələrdir. Qıraqdan nə gəlir? Pis şey gəlsə, yenə də onu ötüb özünü təsdiq edir. Yaxşı şey gəlsə, qəbul edib minnətdar olur. Əsas, dəyişməz özül insanın ruhudur.

xxx

Günəşə yandırıcı kimi də baxa bilərsən, işıq, qaranlığı qovan ümid kimi də. Bu, yeni günün başlanğıcı kimi görməkdir. Yəni baxışa bağlı.

xxx

Hadisələrdə takılıb qalma, özünə bax, özünü araşdır.
Nə olsa belə varam. Nə olsa belə ruhuma zərər verməyəcəm.
Nə olsa belə baxışımı dəyişməyəcəm. İnsanın baxışı dəyişsə, dünya min bucaqlı görünür. İnsanın baxışı sabit olsa, dünya bir bucaqlı olar – insanın dünyaya baxdığı bir bucaq. Dünya sabit deyil, zaman sabit deyil, dövr sabit deyil, insan sabitdir. Mərkəz, nüvə insandır.

xxx

Din adamların ümidini Allaha bağlayır. Adamlar Allah “gec edər, güc edər” deməklə yaşayırlar.

Siyasət adamların ümidini gələcək vədləri ilə aldadır. Gələcək daha gözəl olacaq deməklə yaşayırlar. Sabah ümidi o qədər qeyri-müəyyəndir ki, əgər bu gün o ümidin zəmini yoxdursa, sabah da yoxdur.

xxx

Qaradan artıq rəng yoxdur. Siyasət sübut edir ki, qaradan artıq da rəng var, qaranın çalarları da var. Hətta qara ağ kimi görünür. Qara elə ağdır. Sadəcə doğru baxmaq gərəkdir. Siyasət ona görə əmindir ki, insanlar özlərinə inamsızdır. Siyasət nə sunarsa, özlərini ona uyğunlaşdıracaqlar. Ziyalı tərifini ona uyğunlaşdıracaq, yoxsul da yorğanına uyacaq.

xxx

Amalı dərk edəndə həyatın nisbiliyini dərk edirsən. Mütləqi – İnsanın özümlüyünü dərk edəndə Allahın Allahsızlığını dərk edirsən. Həqiqəti dərk edəndə Yalanın uçurumunu, Yalanla yaşamanın dəhşətini dərk edirsən. Alini (Yüksəyi) dərk edəndə Adini görürsən.

xxx

Nəylə qarşılaşırsan qarşılaş – özün ol. Hara gedirsən get – özün ol. Nə düşünürsənsə düşün – özün ol. Necə yaşayırsan yaşa – özün ol. Nəylə döyüşürsən döyüş – özün ol.
Özü olmaq – həqiqi yaşam, yüksək ölçüdür. Bunu hər an qorumağım gərək.

xxx

Həyat qayğılarına bağlandıqca həyata bağlanıram. Ayaqlarımdan tutub aşağı dartır həyat. Həyat dairəsində fırlanıram, ondan çıxmaq olmur. Duyğular da, düşüncələr də “yer”ləşir, həyatlaşır. Həyata Amalla üstün gəlmək olur. İdealı, özümlüyü yaşadıqca həyatdan qopuram, ayrılıram, ucalıram.

xxx

Gələcək qorxusu, rahatsızlığı. Bir müddət gələcək haqqında düşünəndə rahatsızlıq gəlirdi. Ancaq özünə inam olan yerdə qorxuya yer qalmır. Nə olursa olsun, rahatsızlıq, qorxu zatən bir işə yaramır. Üzücü duyğular yerinə güvən – özünə, gücünə, ağlına, sevginə güvən haqqında düşünmək məni özümə gətirir.

xxx

Ruh deyir, al məni bugünün əlindən. Təzələnim, işıqlanım, coşum, daşım, qaynayım, çağlayım, qüdrətimi yaradım.

xxx

Qarşına çıxanı idrakla dərk etdikcə hər şey öz qiymətini, dəyərini alır, dəyərlənir. Dərdini ötürsən, dərd dərdliyində qalmır, dərd başqa biçimdə idrakın gözündə, idrakın gücündə görünür. Dərd idrakı yetirən qüdrətə dönüşür. Acığını ötürsən, mərhəmətə çatırsan. Özünün yaxandan tutub dibdən çıxırsan. Yanlışını silkələyirsən, özünü cilalayırsan, özünə inanırsan. Nə olursa olsun, özünə inamı yaradırsan, artırırsan. Mən buyam, o olmalıyam deyib özündən əl çəkmirsən.

Ata düşüncəsi: “Xalq nöqsanlıdır, ancaq bizim xalqdır”. Atanın həm də belə bir düşüncəsi var, insanlar bir-biri ilə yadlaşanda hamılaşırlar, insanlar bir-biriylə yaxın olanda xalqlaşırlar.
Xalqı elə tərifləyirlər ki, elə bil xalqı tanımırlar. Xalqı elə aşağılayırlar ki, elə bil bu xalqdan deyillər.
Xalqı görmək özünü görməkdir, xalqı bilmək özünü bilməkdir. Xalqı yaratmaq da özünü yaratmaqdan başlayır.
Xalqın bugünkü durumunu hər birimiz bilirik. Nə cür olay olur olsun, xalqın mənafeyini düşünmək var, nə yazıqlar, bu da bireylərdə yoxdur. Atanın da dediyi kimi, xalqın durumu, səviyyəsi nə olur olsun, əslində xalqı yaratmaq özünü yaratmaqdan başlayır, özünü yarada-yarada xalqa yarayırsan, xalqı yaradırsan. Ocağın da məqsədi, məramı budur.
İşıq Ayı mənim üçün özəl bir aydır. Özümlə üz-üzə qalmaq imkanı oldu. Harda dayanmısansa, artmırsansa, özün üzərində işləmirsənsə, irəli getmirsən. Özüylə üz-üzə qalmaq da asan bir şey deyil. İşıq Ayı Ocağa gəldiyim, Atanı ilk dəfə gördüyüm Aydır. 26 il öncə bu ayda Ocağa gəldim. Atayla ilk görüşüm oldu, Atadan Nurtəkin adını aldım. İndki səviyyəmə gəlib çatmamda, Nurtəkin kimi olmağıma, həyatdakı məqsədimi tapmağıma, mən olmağıma yol oldu, ölçü oldu. Ömrümün mənası oldu.

Duyğusal bir şeir yazmışam:

Gedirəm sənə doğru,
Yolumun işığısan,
Ürəyimdə ümidim,
Ömrümün həyanısan.

Yollar məni haraylar,
Qoymaz yerimdə qalam.
Mütləq məni salamlar,
Yaranar ömür qalam.

Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib Bayrağı öpür – N.A.): Amallaşma ilə bağlı Atanın kitablarından, qardaşların-bacıların kitablarından stolüstü kitab kimi istifadə edirəm, bəhrələnirəm. Bu hal məndə vərdişə çevrilib, bu hal məndə hər gün var. Dostoyevskinin “Alçaldılmış insanlar” kitabını oxuyub tamamladım. Həyatı anlamaqda oxumaq adama yardımçı olur.
Xalqlaşma ilə bağlı 2 dəfə Cəlilabada yolum düşüb, yol boyu çox gözəl söhbətlərim olub. Cəlilabadın özündə də ayrı-ayrı adamlarla bir araya gəldik. Harda imkan düşdü Amal söhbətləri edirəm. Zərrə qədər işıq sala biliriksə, onu qazanc kimi düşünürəm.
 Özüylədöyüş həmişə mənim nəzərimdədir. Mənim ən ağrılı yerimdir. İçsəl dünyanı görməyin insan üçün necə çətin, necə ağrılı olduğunu bilirəm. Bir var sözü söz kimi deyəsən, bir də var içində onu hal kimi görə biləsən. Həyatın eybəcərlikləri qarşımıza çıxanda özümüzü Amal yönündə kökləməyi yaddan çıxarmırıq, unutmuruq. Bu mənim nəzarətimdə olan bir məsələdir.
Ata sözü: “Xalq nöqsanlıdır, ancaq bizim xalqdır”. Atanın bütün deyimləri simgədir. Qardaşlarımızla, bacımızla çox gözəl söhbətlərimiz olub. Azərbaycan mühiti bu gün çox eybəcərləşib. Heç bir xətt, inam yoxdur. Nə Batı kimi Batıdır, nə Doğu kimi Doğudur. Ancaq Ocaqçı olaraq bizim gileylənməyə haqqımız yoxdur. Xalq bizim xalqımızdır. Olanımız budur. Biz ondan küsmürük. Küsmək halını özümdən qıraq etmək istəmişəm həmişə. Nə cür nöqsanlarla rastlaşıramsa, küsmürəm. Bir az dərindən düşünəndə o günahlar evimizin içində də var. Bir az dərinə gedə bilsək, öz içimizdə də var. Bu açıdan küsmək yox, ona bir yol göstərməliyik. Yol da bəlli. Amalımız da var. Sadəcə bunu gerçəkləşdirmək, bunu praktik hala gətirmək gərəkdir. Bu bizim qarşımızda ən güclü tələbdir. Mən çox çalışıram bunu özüm üçün aydınlaşdırım, xalqla təmasımda necə danışım, necə bir yol seçim, insanların ürəyinə təsir edə bilim. Soylu qardaşımın çox gözəl deyimi var, insan özü köklənərsə o yöndə, istənilən mühitə düşsə, həmin mühitə uyğun olaraq öz Amal sözünü deməyin yolunu axtarıb tapa bilir. Ancaq mən həmişə bu yöndə düşünmüşəm ki, Cəlilabad kənd yeridir, camaatın böyük əksəriyyəti torpaqla məşğuldur, başları qarışıb torpaq işinə. Başqa heç nə düşünmürlər. Ancaq bir ideya var ki, qonşudan qalma dala. Bir ideya var ki, maddi baxımdan öz yönünü yaradasan, tanınasan, seçiləsən. Barmaqla göstərsinlər bunun yaxşı evi var, maşını var. Sadə camaatın içində də hal bu cürdür. Bir az düşünəndə görürəm ki, hər bir təbəqədə rəqabət, maddiyyat uğrunda döyüş mövcuddur. Aşağı səviyyədəkilər, belə deyək, iki dilənçi də bir-biriylə döyüşür. Yer üstündə, sahə üstündə. Yuxarıda oturan məmurlar da bir-biriylə döyüşür. Hamısı eyni məzmunda olan döyüşdür. Heç biri bir-birindən fərqlənmir. Sadəcə olaraq, bunların imkanlarına görə, səviyyələrinə görə döyüşün səviyyəsi də ona uyğun olur. Ancaq məzmunca eyni şeydir. O yöndə demək istəyirəm ki, Amalda yol qoyulur. İnsan, millət, bəşər. Bir insan kimi biz özümüzü necə kökləyə biliriksə, artıq millətin bir üzvü olaraq milləti qorumuş oluruq. Bu gün bizim Azərbaycan mühitində o qədər böyük eybəcərliklər var ki, düzəlmə prosesi adama çətin gəlir. Bizim güney bölgəmizdə dinə meyil çox güclüdür. Demək olar, insanların ürəyində din ideya kimi yoxdur. Küyə düşüb, hamı belə deyir, bu da belə deyir. Məntiqlə deyəndə qəbul edirlər ki, doğrudan da belədir. Dədə-babadan gələn bir haldır, bizim başqa yolumuz yoxdur. Ancaq başqa bir yol var. Bu gün insana inanmırlar. Gərək ideyaya fantastik don geydirəsən. Möcüzəvi don geydirəsən ki, göydən insana xoşbəxtlik axa bilər. Belə bir hal. Bununla belə, bu xalq nə qədər nöqsanlı olsa da özümüzündür, başqa çıxış yolu yoxdur. Biz bu xaqın bir nümayəndəsiyik. Özümüz xalq olaraq yaranırıq. Azərbaycan cəmiyyətində ruhani cəmiyyətin olacağına inamsızlıq var, ruhani cəmiyyət qurulandan sonra maddi duruma başqa cür baxış olacaq. Mənim üçün də ən maraqlı hallardan biri öz içimi görmək qabiliyyəti qazanmağımdır.

Atamız Var olsun!

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Hər birinizin gəlişini alqışlayıram.İçəridən ehtiyac olmalıdır. Deyir, yar yarını istəsə gecəni yarar gələr. Ona görə heç bir məhdudiyyət yoxdur.

Amallaşma ilə bağlı: Ata müqəddəsatından, demək olar, heç nə oxumamışam. Oxumamağımın səbəbi mən elə bilirəm, bəlkə elə deyil, bilmədiyim belə bir şey yoxdur. Ata müqəddəsatından dərinliklərə getməyi demirəm, kitabda yazılanların hamısını dönə-dönə oxumuşam, köçürmüşəm, yuvarlaqlaşdırmışam kitabı beynimdə. Soylu qardaşın tövsiyəsi ilə (həm də özümün oxumağa ehtiyacım var)V.Dürantın “Mədəniyyətin təməlləri” əsərini oxudum. Amerika filosofudur. Mən onu oxuyandan sonra gördüm ki, bugünkü bəyənmədiyimiz mədəniyyət necə yollar keçib. Hətta daş dövründən, ibtidai icma quruluşundan öncə paltar, söz, say tanımayan dövrdən insanlar necə sivil yolları araya-araya keçib gəliblər. Təsəvvür elə, o dövrdə kommunizm ideyası olubdur. Mən savadsız adamam, elmin dərinliklərini bilmirəm. Orda onun zərərli tərəflərini göstərirlər. Əgər çörək, maddi şeylər bərabər paylanmalıdırsa, işləyənlə işləməyənin heç bir fərqi yoxdursa, hər hansı səbəbdən biri işləyir, biri də tənbəllik edir, onda kommunizmdən əl çəkdilər. Ərzaq ehtiyatı çoxaldı. Eləcə də digər mədəniyyətlər. Yaradırdılar, bir dövrdə irəliləyiş olurdu, başqa dövrdə onun zərərli zərbəsi dəyəndə ondan imtina edirdilər. Ona yeni bir forma verirdilər. Gəlib bu günə çıxdı. Biz nə tələb edirik? – Mütləqə İnam fəlsəfəsi. Müdrikliyin Mütləqə İnam yönü. Bütün yaranmışlar, düşüncələr nisbidir. Çünkü tam ali, bütöv, kamil yol bəlirlənə bilməmişdi. Asif Ata bunu yaratdı. İnsan ruhani döyüşə özündən başlamasa, kamilləşməsə heç vaxt nə onun sözünün etkisi olacaq, nə toplumda onu dinləməyəcəklər. Çünkü oğrunun, rüşvətxorun fəlsəfədən dərs deməsinin mənası yoxdur. Özündən başlamalıdır insanlar. Əgər elə yaranarsa, deməyə bəzən ehtiyac qalmır. İnsanın həyatının özü bir kitab olur. Nəsimini təsəvvürümüzə gətirək. Nəsimi var, yaşayır, gedir, bəşəriyyətə gərəkdir. Nə öyrənirik? – Yarım, munisim, ənbərim, sultanım, şahım deyirdi, sevgilim deyirdi Nəimiyə. Belə bir münasibət – Cəlaləddin Rumi münasibəti, və s. tarixdə bu kimi münasibətləri göstərmək olar. İnsan özündən başlamalıdır. Baxmayaraq ki, bəlli dövrlərdə bəlli işartılar oldu. Bəlli ümidlər oldu. Ancaq müstəqil düşüncə yaranmadı.  “İnsan Allahdır” düşüncəsi islam aurasında alınmırdı. İslamı təsdiq elə, Allahın varlığından bərk yapış. Həm də o qüsurlu Allah sənin içindədir. Asif Atanın kəşfi, böyüklüyü ortaya gəldi. Baxmayaraq, iş yavaş gedir. Bəzən deyirlər artmaq yoxdur, irəliləyiş yoxdur. Sən irəliləyiş nəyə deyirsən? Bir gündə Xalq Cəbhəsinə 60 min adam üzv yazılırdı. İrəliləyiş o idi ki, bu elə 5 adamdır, 10 adamdır. Öz yörəsi ilə, öz dostları ilə. Həqiqət elə-belə asan deyil. Həqiqi yol, həqiqi xilas yolu… Hər bir canlının həyat yolu, həyat sistemi var. Qoyunun qoyun kimi, şirin şir kimi, insanın insan kimi. İnsan öz insanlığı ilə var. Allahı tanımır, insanı da dərinliyinə gedib tanımır. Allaha münasibət nədirsə, insanın insana münasibəti də odur. Çünkü Allahı dərk eləmək dinin kitabında da yasaq olunub. Bu kimi düşüncələrlə ömür boyu – Ocaqda olduğum, özümü dərk eləyib kimliyimi özüm üçün yəqinləşdirəndən indiyə qədər o harayı çəkirəm. Bu Allaha münasibəti normal hala gətirməkdir əslində. Allah əslində nədir? Saysız-hesabsız Allahlar gəldi getdi. İnsanın təxəyyülündə quraşdırdığı, verdiyi keyfiyyətlərlə bu allahların hansı nəyə yaradı. Nə yazıqlar, sonuncusu Allahlıq məzmununu darmadağın elədi. Qorxulu bir hal, Allah, sən demə zalımmış, günahkarı qır qazanında qaynadarmış, irin içirdərmiş. Burda Allahlıq yox, cəlladlıq var. Allahı cəllada çevirmişlər. Ən eybəcər bir durum. Bəzən deyirlər Quranda filan-filan sözlər var. Cənnət anaların ayaqları altındadır. Bir cənnəti öyrənmisən cənnət nə gündədir? Mənim anamın ayağının altında nə işi var? Mən istəmərəm anamın ayağının altında olsun o eybəcərlik. Başdan-başa tüfeyli, başdan-başa eybəcər. Nə zəhmət var, nə isti var, nə soyuq var. Nə doğmaq-törəmək var, nə doğmalıq. Ancaq kef var, nəşə var. Barlar elə cənnətin özüdür ən eybəcər formada. İnsanların beynində cənnət o cür cilvələnəndə onu yerdə yaradırlar və o ehtiyacdan ora gəlir. Çünkü ali təsəvvür yoxdur. Guya cənnət budur, yaşamağın gözəlliyi budur. Bu dediklərim“Mədəniyyətin təməlləri” əsərini oxuyarkən düşündüklərimdir. Hələ bitirməmişəm…
Kamilliyim barədə mən hər gün özümlə danışıram. Mən sinəmə döyüb şəstlə deyərəm ki, hər saniyə Ocaqçı olduğumu, Asifçi oduğumu, Mütləqçi olduğumu, kim olduğumu özüm özümə xatırladıram. O sözün arxasında şəstlə dayanıram. Öz gözlərimdə boyum da ucalır.
Mənim xalqlaşma əməlim, evdən çıxmışamsa, avtobusda, iş yerində, harda olur olsun, ticarət mərkəzinə getmişəm, bir köynək alıb qolunu kəsdirənə qədər Asif Atanın ideyalarından danışmışam. Nə boyda bir ehtiyacdan yaranmışdı söhbət. Ehtiyacdan yığılmışdılar. Bir-birimizə ünvan verdik. Ədəbiyyat gətirəcəyimə söz verdim. İşlədiyim yerdə çoxsaylı insanlarla təmasım olur. Çünkü hamı gileylidir. Hamı dövrdən, zamandan, ehtiyacdan deyingəndir. Ona birə kəlmə ilə münasibət bildirirsən, diqqət yaranır. Qeyri-adi səsə, münasibətə, səmimiyyətə münasibət aranır. Buna insanda nə qədər ehtiyac var. Getmirlər, aralanmırlar, gedirlər, yenə qayıdırlar, narazı qalanlar da olur, sonradan narazı qalanlar razı qalanları belə keçdilər. Çox gözəl bir əhval yarandı orda. Ona görə də çətin yerisəm də ora gedirəm mən.
5-10 gün öncə bir yas məclisində oldum. Bilirdilər mən ora gələcəm. Mollaya da ehtiyac yox idi. Mən Ocaq quralları kitabımızı da götürüb getmişdim. Elə oldu ki, yas yiyəsi (əvvəl Ocaqçı olub) qulağıma pıçıldadı ki, bəlkə lazım deyil. Mən sərt münasibət bildirdim ki, burda artıq qərarı mən verirəm. O, oturdu yerində. Qadınları da çağırdı. Söhbət etdim, Quralları yerinə yetirdim, çoxsaylı suallar yarandı. Hamı ayağa qalxdı, sayğı duruşunda (Elana birinci qalxdı, ona baxıb o biri qadınlar da ayağa qalxdı) dinlədilər. Sonra mən söhbətə başladım. Yadlıqlar yurdumuzu viran qoyublar. Ruhumuz işğaldadır. Biz xalq olanda, abe yaradanda, bəşərə böyük dəyərlər verəndə nə ingilisin yönlü-tutarlı adı-sanı vardı, nə rusun, farsın, nə qeyrisinin. İndi hamısı üstümüzdə ağadır. Biz öz gücümüzdən xəbərsizik. Asif Ata ayağa qalxdı, Mütləqə İnam fəlsəfəsi yaratdı, ideyaları dedim. Çoxu savadsız adamlar idi. Ancaq heyrətlə dinləyirdilər. Bu kimi söhbətləri demək olar hər yerdə edirəm.
Mən döyülmüşəm də, qovulmuşam da kəndimdən. Asif Atanı dəfn eləmişik, çıxarıblar. Söyülmüşəm də, olmazın böhtanlar da vurulub. Hətta mən adam döymüşəm də. Mən dalaşqan adam deyiləm. Ancaq Asif Ataya həqarət etdiyinə görə bir adamı vurmuşam da. Ancaq heç vaxt nəinki bu xalqa, bəşəriyyətə qarşı insan olan, insan adını daşıyan kəslərə qarşı həmişə sevə-sevə yanaşmışam. Mənim üstümdə ağacını götürüb başqasının üstünə davaya gedənlər olub. Tutmuşam. Mənim nə vaxt qüdrətim çatacaq, ona kimliyimi, Asif Atanı çatdıra biləcəmsə, onun fikri dəyişəcək. Ağacla nəyi dəyişmək olar?!…

Atamız Var olsun.

İnamlı Atalı: Qardaşım düşündüklərimin hamısını dedi. Doğrudan da, insan xarakteri necə formalaşır. Deyək ki, Hindistanda anadan olan uşaq xarakteri necə formalaşır. Sözsüz, o inəyə sitayiş edəcək. Biz Azərbaycanda bu cür formalaşmışıq. Biz də islamla böyüdük. Bayaq qardaşımın dediyi kimi, onun mayasındadır çatışmazlıq. Cənnətə inam barlara inam kimidir. İnsanın xarakteri o cür formalaşır. Məhəmməd peyğəmbər öz xalqı üçün yol qoydu. Bu gün heç öz xalqına da yaramır. Bir cəhətdən yarayır ki, 1 milyard müsəlman var dünyada, ziyarətdə nə qədər vəsait axır ora. Azərbaycandan nə qədər vəsait axır ora. Halbuki özümüzün nə qədər ehtiyacımız var. Cənnətə, cəhənnəmə inam adamın özünü pis günə qoyur. Bizə bu lazım deyil, öz dəyərlərimiz yetərincədir. Sadə insanlarla rastlaşırsan, sadə dildə onlara izah edirsən. Ancaq gərək öz dəyərlərimizi tanıyaq. Millətimizin kökünü, böyüklüyünü tanıyaq. Bu gün bu millətə xor baxmayaq. Mən kommunizm ideologiyasını araşdırmışam. Ümumi qardaşlıq-filan söz kimi vardı. İqtisadi baxımdan fikirləşəndə ruhani cəmiyyətdə bu necə qurula bilər?! Ruhani cəmiyyətdə insanın əmək növündə fərq yoxdur. Kompüter alimi gedib çobanın işini görə bilməz. İşini bilən kəs öz işindən zövq alır. Çoban quzunu qucağına alıb öpür. Necə ruhani münasibət göstərir ona. Çobanın o münasibətini alim öz sənətinə göstərə bilir?! Ancaq bölgü olanda, məsələn kompüter 2000 manata satılır. Ancaq bu birisi dəyərindən aşağı satılır. Bölgü məsələsində gərək bərabərlik ola ki, millət ölçü-biçini, sayılıb-seçilməni maddi bərabərsizlik üstə düşünməsin. Ruhani bərabərsizlik içində düşünsün. Bir də, qardaş, çox gözəl vurğulayırsan ki, sadə camaatın içində, sadə dildə onların ürəyinə o duyğunu yeritmək gərəkdir. O da öz içimizdə gərək yüksək səviyyədə ola ki, biz onu çatdıra bilək.

Atamız Var olsun.

Asif Ozan: Soylu bəy sizə minnətdaram, bu gün məni bura dəvət etdiyinizə görə. Vacib işlərim var idi bu günə. Ancaq bütün bunlara baxmayaraq, mən bura gəlməyi seçdim. Çünkü həyat monoton olanda darıxdırıcı olur. Bizi monotonluqdan çıxardan bir faktor olanda, bizi o monotonluqdan çıxaran səmtə, ünvana meyillənirik. Bu çox normal təbii bir haldır. Mən bütün Ocaqçılara da minnətdaram. Hər dəfə mən bura gələndə hər bir Ocaqçının dilindən dəyərli düşüncələr, yanaşmalar, konseptual baxışlar eşidirəm. Sevinirəm. Sevinirəm ki, bu millət ölməyəcək, bu millət əbədi olaraq yaşayacaq.Bu millət yarandığı gündən bu günə qədər mübarizədədir. Bu gün də bu millət mübarizə aparır. Bu otağın içərisində, az sayda insanların simasında. Ancaq insanların sayı məhdud olsa da, düşüncə o qədər samballı, o qədər çəkilidir ki, mən inanıram bu düşüncə, bu dünyagörüş, bu təlim, bu konsepsiya bizim ictimai şüurumuzu qaplamış, işğal eləmiş digər dünyagörüşləri tədricən sıxışdırıb çıxardacaq aradan. Ona görə ki, millət gec-tez öz milli dəyərlərinə, öz kimliyinə, öz yaratdıqlarına qayıtmağa çalışır. Biz min illər bundan arxaya gedib özümüzü axtarırıq. Görək Zərdüştlüyün içində biz varıqmı, nə qədərdir orda payımız. Görək məzdəkizmin içində varıqmı, görək maniliyin içində varıqmı. Biz Nəimidə özümüzü axtarırıq. Tarixdə elə bir nəhəng şəxsiyyət, ideologiya yoxdur ki, onun içində özümüzü axtarmayaq. Deməli, bizdən sonra gələnlər də eynən. Birinci növbədə özünü axtaracaq. O özünü axtaranda baxacaq ki, 20-ci əsrin axırında 21-ci əsrin  əvvəllərində bu  millətin milli dəyərlərin üzərində  qurulmuş, milli bazada formalaşmış nəhəng dünyagörüşü yaranıb. Adı Mütləqə İnamdır, adı Ocaqçılıqdır. Fərqi yoxdur, ancaq özünündür. Yəni belə deyək, əgər Azərbaycan xalqı varsa, bu gün onun suveren, müstəqil dövləti varsa, bu xalqa mən nöqsanlı xalq kimi baxa bilmirəm. Bu mənim şəxsi yanaşmamdır.Çünkü tarixin bütün aşamalarında böhranlı məqamlarda o xalqın içində nəhəng kişilər həmişə yetişib, böyüyüb. İstənilən yüzilliyə baxsaq, o yüzildə onlarla fədakar, ideal insan görə bilirik. Ya ölümüylə ideal yaradıb, ya düşüncələri ilə ideal yaradıb, ya mübarizəsi ilə ideal yaradıb. Bütün hallarda. Xırdaca bir haşiyə çıxım, Cavad xanın mübarizəsi və ölümü sonradan gələn nəsillərə bir mübarizə əzmi aşılamadımı?! Yeni bir döyüş modeli otuzdurmadımı Azərbaycan xalqının şüurunda. Yəni Cavad xan bilmirdimi ki, onun üz-üzə gəldiyi qoşun, ordu bir imperiyaya məxsusdur. Onun qarşısında yalnız və yalnız Osmanlı imperiyası kimi nəhəng imperiyalar duruş gətirə bilər, yaxud döyüşə bilər onunla. Kiçik bir xanlıq Sisyanovun ordusunun qarşısında dayana bilərdimi?! Cavad xan bizdən ağılsız deyildi. Ancaq Cavad xan əmin idi ki, əgər o təslim bayrağı qaldırsa əbədi olaraq öləcək. Ancaq o mübarizə bayrağı qaldırmaqla bir millətin tarixinə özünü əbədi olaraq yazdı. Onun da heykəlini qoyacaq nəsillər olacaq.Əgər bir gün doğrudan da, bizim kimliyimiz Asif Atanın yaratdığı bu milli dünyagörüşün üzərində formalaşsa, o insanlara heykəllər qoyulacaq. Özü də ən böyük heykəllər, ən böyük postamentin üstündə. Çünkü o bizə o idealı yaradıb verdi. Məğlub olma, gücə baxma, güc qarşısında sınma. Tarixin bütün çağlarında belə şəxsiyyətlərimiz olub. 20-ci əsrdə də mən hesab edirəm, Asif Ata ideoloji sferada, mənəvi sferada, dünyagörüş sferasında bu mübarizənin başında gələn bir sərkərdə missiyasını özünə yüklədi. Ona görə Soylu bəy, mən bilirəm ki, gec-tez biz yadlardan aldığımız şüur formalarını, dünyagörüşlərini, dəyərləri tədricən şüurumuzdan silib kənarlaşdıracağıq. Bu təbii prosesdir, təkamüldür. Birdən-birə olmaz. Birdən-birə sən bütün insanları eyni inanca gətirə bilməzsən. 90-cı illərdə Xalq Cəbhəsinə camaat altmış-altmış yazılsa da o təbii bir hadisə idi. Hər kəs bilirdi ki, Xalq Cəbhəsinin sıralarına imperiyadan xilas olmaq, azadlıq qazanmaq uğrunda döyüşməyə yazılır. Onlar bilirdilər ki, YAP-a yazılmırlar. Çünkü orda zorakılıq yox idi.

Soylu Atalı: Belə götürəndə həmin illərdə Asif Atanın Ocağına da ilə 30-35 adam gəlirdi.

Asif Ozan: Dediyim odur, o təbii prosesdir. Mən elə düşünürəm ki, o dövrdə Azərbaycan Xalq Hərəkatına yazılmayan, onun sıralarında döyüşməyən insanın mən azərbaycanlıyam deməyə böyük haqqı yoxdur. Çünkü o mübarizə əsl milli mübarizə idi. Bu gün sizin də, bizim də mübarizəmiz – mənim də sizə qoşulduğum bu mübarizə ən uğurlu, ən möhtəşəm, ən ləyaqətli bir mübarizədir. Bu dünyagörüş üçün sizin bir yerə toplaşmağınız, sizin tədbirləriniz bu gün üçün deyil, yüzillərə hesablanmış bir hərəkatdır əslində. Bəlkə də biz görə bilməyəcəyik, ancaq mən əminəm, milli dəyərlər üzərində formalaşmış, yaranmış bir dünyagörüşü gec-tez xalqın halal malına, halal mülkünə çevriləcək. Bu yolda sizə bol-bol uğur arzulayıram, mən bu gün ona görə burdayam ki, sizin getdiyiniz yol mənə bütün prinsiplərdən doğmadır. Çünkü mən özümü dərk eləyəndən bu yoldayam, bu yolu gedirəm. Təşəkkür edirəm, uğurlar arzulayıram. Nə yaxşı bu millətin sizin kimi insanları var, nə yaxşı ki, bu millətin yaratdığı bu dünyagörüş, bu təlim, bu konsepsiya var. Bu milləti həmişə ayaqüstə saxlayacaq.
Bir də siz mürid-mürşüd sözləri işlətdiniz. İslamda deyirlər, cənnət anaların ayaqları altındadır. Ancaq Dədə Qorqud deyir ki, ana haqqı Tanrı haqqıdır. Görürsünüzmü, Dədə Qorqud ananın məqamını Tanrıya qədər qaldırır. Ancaq islam fərqli aspektdən yanaşır. Hər halda o da yaxşı sözdür.

Soylu Atalı: O da ananı Tanrı qatına qaldırır, çünkü cənnət Tanrının qatında var.

Asif Ozan: Yəni bütün hallarda anaların məqamı ən yuxarıdadır.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Öncə amallaşma hesabatı ilə başlayım. Amallaşma yönündə həm Ocaq ədəbiyyatları, həm də qıraq ədəbiyyatlar oxuyuram. Ocaq ədəbiyyatı ilə qıraq ədəbiyyatlar arasında bir fərq görürəm. Mütaliəyə Ocaq ədəbiyyatları ilə başlamışam, sonradan başqa ədəbiyyatları oxuyanda elə bilirdim əlimə aldığım hər kitab mənə Mütləqi (Allahı) İnamın izah etdiyi kimi verməlidir. Bu hamısında belə olmur təbii ki. Son dönəmlərdə türkiyəli yazar Adil Yıldırımın “Farkındalıq Okyanusu” adlı kitabını oxudum. Orda çox önəmli suallar qoyulur ortalığa, obrazların dili ilə yaxşı axtarışları var. Bu suallara müxtəlif yönlərdən cavab verməyə çalışır, çalışdıqca yeni suallar ortaya çıxır dünya ilə, həyatla bağlı. Ancaq bütün izahlar sanki bir sonuca varmadan yarıda dayanır. Elə bil, izah etdiyi əlində yoxdur ki, oxucuya verə. Çünkü bütün məsələlərin doğru çözümü Allahın, ya da Allahlığın doğru izahına bağlıdır. O kitabı oxuduqca Tolstoyun Anna Karenina əsərindəki Levin obrazı yadıma düşdü. Əslində orda deyilənlər Tolstoyun öz axtarışlarıdır, obraz vasitəsilə çatdırır. O öz həqiqət axtarışı ilə din qəlibindən çox qırağa çıxır. Ancaq sanki son nöqtəni qoya bilmir, həyatının çətin, önəmli bir anında Allahı xatırlamağın gərəkliyini qəbul edir. Ancaq İnamın verdiyi izah bu kitablarda tapmadığım çatışmazlıqları tamamlaylr. Bu sonuca dayanaraq insan həqiqət yoluna düşür.
Kitabı oxuduqca qarşımda dayanan ən önəmli suallar – İnsan kimdir, onun ömrü nəyisə dəyişirmi, insan ömrü nə dərəcədə gərəklidir, necə yaşasa gərəkli ola bilər kimi suallar oldu. Bu sualların cavabını əsərin qəhrəmanı öncə xristiyan olaraq axtarır, tapa bilməyəndə deizmi qəbul edir, axtarışlarının yönü dəyişir.Əslində nə qədər dindən qırağa çıxmağa çalışsa da, yenə də həmin ideyalardan qırağa çıxa bilmir, elə həmin ideyalara qayıdır. Əsas da “dünya belə gəlib, belə də gedəcək” düşüncəsi üstünlük təşkil edir. Yəni insan ömrü boyunca böyük dəyişikliklər yaratmağa qadir deyil. Bu, insan ömrü ilə mümkün olası deyil. Bunun səbəbini də belə izah edir, Allah yer üzündə müxtəlif dinlər yaradıb, insanlara müxtəlif xarakterlər bəxş edib. Buna baxmayaraq, tanrı insanların hər birinə yer üzündə yaşamaq haqqı tanıyır. Yəni hər kəsi olduğu kimi sevir. Biz də buna dayanaraq insanları olduğu kimi qəbul etməli, sevməli, onları dəyişməyə çalışmamalıyıq. Mən özüm də bunu düşündüm, dəyişilik hardan başlamalıdır, başlamalıdırmı, mümkündürmü? İnsan ömrü boyu çox ciddi insanlıq sorunları ilə üzləşir. Bu sorunlar sanki keçmişdən gələcəyə doğru axıb gəlib, daha da dərinləşib. İnsan bu axının qarşısında dəyişim yaratmaq gücü tapa bilmir. Biri var, oxuduğun səni bu durumla barışdırmağa çalışa, biri də var mübarizəyə çağıra. Mən öz yolumdan baxanda isə inanıram ki, insan elə öz ömründən başlayaraq dəyişim yarada bilər. Çünkü indiki anı yaşayırıq, eləcə günahlandırmaqla, ya da barışmaqla həyatı başa vurmaq özümüzü günahkara çevirməkdir əslində. Çünkü bu günü suçlayan, bu günlə barışan, bu günü üçün çalışan insanlar gələcəkdə suçlanan keçmişə çevriləcəklər. Yəni indiyə aid olan mənim ömrümdür, bir insanın qurulan ömrü yaşadığı dövr üçün öz nəticəsini göstərməz, ancaq onun qurulan ömrü qutsaldır, o öz ömrü ilə gələcəyə uğurlu yol çəkmiş olur.
Kamilləşmə ilə bağlı özəl olaraq deyəcək sözüm yoxdur, özüylədöyüşüm həmişə var.
Xalqlaşma əməlim bir xanımla olub. Onunla yaxşı söhbətimiz alındı. Öncə mən ona Ocaq ədəbiyyatı vermişdim. Sonra o kitabları oxuya bilmədiyini dedi. Qıraq ədəbiyyat oxuduqca söhbət etdik. Mən söhbətlərimizdə tez-tez inam məsələsinə toxunurdum. İnam nədir, doğru inam nə  dərəcədə insan həyatı üçün önəmlidir, başqa qonular üzərindən Ocağın baxışlarını deyirdim. Marağına səbəb oldu, yenidən Ocaq ədəbiyyatlarını məndən götürdü. Oxuyur, məndən soruşduqca ona Ocaqla, Ata ilə bağlı deyirəm. Özünün də heyrətinə səbəb oldu ki, Azərbaycanda belə bir İnam sistemi varmış, o bundan xəbərsiz imiş.
Bir də söhbətlər zamanı belə bir şey görürəm. İnsanlar dini qəbul edirlər. Din istənilən adamda, hər halda, yaxşı insan olmaq arzuları yaradır. İnsan dində olduğu sürədə nə dərəcədə o çabaları göstərirsə, sanki bir o qədər vətən, millət anlayışından uzaqlaşır. Yəni insanlarla söhbət edəndə, İnsanlıq yönündə nələrdənsə danışanda ağlına çatır, dinləyir. Ancaq qonu vətən, millət məsələsinə gələndə sanki uzun müddətdir düşünmədiyi, gərəkli bilmədiyi bir şey haqqında danışmağa başlayırsan. Din doğrudan da, insanların şüurundan bunu silir. Məsələn, mən o xanımla söhbət etdikcə, bizdə inam, insan, vətən, millət anlayışları bir-birinə bağlıdı deyirəm, söhbətlərimizdə tez-tez bu məsələlərə toxunuram. Görürəm ki, ona qəribə gəlir. Bunu qınamaq baxımından demirəm, çünkü özüm də o yoldan keçib gəlmişəm, o düşüncədə olmuşam. Xalqlaşma hesabatımla bağlı deyəcəklərim bunlar idi.
Kiçik qeyd yazmışam, onu da oxumaq istəyirəm.
Bitməyən bir həsrət var insanın içində. Daim axtarmaq, arzulamaq, can atmaq var. Bu yolda həm həyəcanlanmaq var, həm kədərlənmək, həm də hardan gəldiyi bilinməyən bir sevinc, fərəh halı var. Heç bitməyəcək bir həsrəti daşıyır insan içində. Bu həsrəti dindirənə yetə biləcəkmi. Ola bilsin nələrsə bu həsrəti bir qədər sakitləşdirsin, sonra yenə tükənməz, özündə sonsuzluğu daşıyan o həsrət insanın halını bürüyəcək, bütün vücuduna hakim kəsiləcək. İnsan yenə də o həsrətin alovunda qovrula-qovrula o sirri çözməyə çalışacaq. Həm var gücü ilə çalışacaq, həm də çözə bilmədiyi üçün sevinəcək. Çünkü həyat daim yetmək üçün çalışdığın sürəcə mənalıdır. Yaşamaq – həsrətin sonsuz dərinliklərinə baş vurmaq üçün çabalayanda gerçəkləşir.
Atamız Var olsun.

Asif Ozan:Çox sağ olun, fəlsəfi çıxış idi. Çox gözəl çıxış elədiniz. Ümumiyyətlə, hər biriniz çıxış edəndə elə olur. Bayaq Nurtəkinin də çıxışı dərin, mənalı çıxış idi. Sizdə bu bazanı yaradan Mütləqə İnam fəlsəfəsidir. Çünkü baza güclüdür, onun üzərində istənilən binanı tikmək mümkündür. Mən onu bütün Ocaqçılarda hiss edirəm. Kim Ocağa dərindən inanırsa, baxırsan onun fikirləri çox mənalıdır. Çox dərinə vara bilir. İnsan o həqiqəti ağlın gözü ilə görə bilir. Bu təlimə inanmaq səni o həqiqətə aparır, rahat çıxara bilirsən üzə. Çox sağ olun.

Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Mən çox istəmişəm Ailə Günlərində danışmayım, ya da az danışım. Mərasimdə danışıram, Ailə Günlərində daha çox danışmağı Ailəçilərdən umuram. Nurtəkin işdən uzaqlaşıb, elə bil bu onun xeyrinə işləyib. Yaxşı düşünüb, işləyib. Mən elə sanıram, Ocaqçıların ayrı-ayrı vaxtlarda mənim danışmalarıma gərək duymaları bir az da arxayınlaşma yaradır. Danışmaq, özünü ifadə eləmək Ocaqçının nə dərəcədə yoluna, amalına bağlı olmasını bəlirləyir. Ocaqçının danışığının içində hansı məzmun var, bu məzmun nə dərəcədə, hansı zəhmətin əsasında ortaya gəlib, bunlar bəlirləyici bir şeylərdir. Ona görə də Ocaqçının danışması, çıxış eləməsi onun özünüifadə gücünü ortaya qoyur. Bu olmalıdır. Amallaşma birbaşa kamilləşmə ilə xalqlaşmanın qapısıdır. Amallaşmanın qapısını açmayan nə kamilləşmə ortamına girə bilər, nə də xalqlaşma ortamına. Niyə?- Atanın sözünü xatırladıram, Ata deyirdi, Ocağı xalqın içində demək gərəkdir. Hətta belə bir vurğu edirdi, xalq sizi gözləməyən görünür, əslində o sizi gözləyir. Ona görə siz xalqın görüşünə getməlisiniz. Xalqla ünsiyyət yaratmalı, amalımızı xalqa çatdırmalısınız. Bu zaman nə qədər öyrənmisənsə o qədər öyrət, nə qədər bilirsənsə o qədər de.
Xalqın içinə çıxmaq üçün gərək çox şey biləm. Qulağımın, yaddaşımın götürdüyü Ocaq bilgiləri ilə yetərlənə bilmərəm. Bu bir yerə qədər məni götürə bilər, ancaq bundan sonra dayana bilərəm. Buna görə amallaşma odur ki, Atanı bütün yönlərdən araşdırmalısan. Buna borclusan. Dediyim kimi, yolunu, amalını daşıdığın ideya prinsipləri əgər özün öyrənmirsənsə, öyrənə bilmirsənsə, sənin xalqa deyə biləcəyin sözün olmur. Özün də bunları öyrəndikcə möhkəmlənirsən. Onların doğru olduğuna içdən inanırsan. Özün qəbul elədiyin dərəcədə xalqa onu deyə bilirsən ki, xalq da onu qəbul edə bilsin. Özün qəbul etmirsənsə, ya da özün öyrənib onu  izhar edə bilmirsənsə, o deməkdir, hələ bütöv bir şəkildə qəbul eləməmisən. Qəbul eləmək üçün onu  bilmək gərəkdir. Onu da bilmək özünü tanımağa qədər adamın əlindən tutub götürə bilir. Özünü tanımalısan. Mən kiməm, həm də mən nə istəyirəm.  Mənim kimliyim şəxsi bioqrafiyam deyil. Mənim kimliyim daşıdığım dünyagörüşə, ideyaya görə formalaşmış, şəkillənmiş kimlikdir. Bu kimliyi də mən özüm dərk eləməsəm, tanımasam onda mənim xalqın içində söz demək gücüm alınmaz, formalaşmaz.
Bir şeyi də sizə deyim. Atadan oxumaq məsələsi.  Bayaq Günev dedi ki, məncə, hər şeyi bilirəm. Məncə də çox şey bilir. Ancaq bunu demək olmaz. O bizi dayandırar. Atanı bilmək dünyanı bütöv dərk eləməkdir. Bu da dayanan proses deyil. Nə dünyanı dərk prosesi, nə də kamilləşmə prosesi dayanan proses deyil. Kamilləşməyin son nöqtəsi, son aşaması deyilən bir şey yoxdur. Sən kamilləşmə yolundasan,  hansısa bir məqamda özünə desən ki, mən kamilləşib qutarmışam, ordaca dayanacaqsan. Üzüaşağı gedəcəksən. Ona görə deyirəm, kamilləşmədə son nöqtə yoxdur. Gözünü torpağa yumana qədər gediləsi yoldur, aşamalardır kamilləşmək. Çünkü insan həm də bioloji varlıqdır, bioloji xisləti var onun. Sən ruhani -mənəvi axtarışlarında, yerişində dayanarsansa, arxayınlaşarsansa mütləq sənin biolojiliyin önə keçəcək, söz deyəcək. Çünkü sən özünü ifadə eləməlisən, qurmalısan, hər an enerji verməlisən. O enerji quruculuğa həsr olunur. Nəyi qururam, – mənəviyyat, ruhaniyyat tələblərindən doğan gedişlərmi qururam, yoxsa bioloji tələblərdən doğan gedişlərmi. Özümü nəyə ayırıram, nəyə həsr edirəm, bu olduqca gərəli məsələdir. Ona görə arxayınlaşmaq olmaz.
Mən dəfələrlə demişəm, buna siz şahidsiniz. “İnam Sorğında” kitabı yazmışam, özümü araşdırmışam, yerlə bir eləmişəm, bütün içimi açıb-tökmüşəm, qüsurlarımı döymüşəm. O peoses məndə dayanmayıb, məni arxayınlaşdırmayıb. Nöqtə qoymamışam. Qoya bilmərəm, mənim elə bir haqqım yoxdur.
Sonra, dünyanı dərk məsələsi. Mənəvi-ruhani, elmi biliklər sonsuzdur, ancaq bu sonsuz biliklərin hamısını əldə eləməliyəm deyə bir şərt də yoxdur. Bununla belə, mən daim bu sonsuz biliklərlə üz-üzəyəm, təmasdayam. Onlar məndən hesabat sorur. Ancaq mən hər şeyi mütləq bilməyə borclu deyiləm, bunu bir daha vurğu edirəm. Dünyanı dərk eləməyə isə borcluyam. Bütün dünyada olan, elmdə, fəlsəfədə, ruhaniyyatda olan biliklərin hamısını öyrənmədən də dünyanı dərk edə bilərəm. Bəlli bir xətt var, prinsip var, yetmək var.Sadəcə biliklərin mənim səmtimi dəyişməməsi üçün bu biliklərlə təmasda o sorğulara cavab verməyə çalışıram. Yəni çox şey bilmək istəyirəm.
Bir də bir haşiyə çıxım, İnamlı qardaşımızın dediyi ilə bağlı. Bəzi yanlışlara düzəliş verməyimizdə pis bir şey də yoxdur. Bunu mən öncələr də demişəm. Müsəlmanın əlində bir tutalqa var. Müsəlman öz müsəlmanlığının həqiqət olduğunu kiminsə gözünə soxmaq üçün bir də görürsən deyir, hindlilər inəyə səcdə qılır, pərəstiş edir. Bunu müsəlman deyə bilər, çünkü müsəlman bunları öyrənmir, bilmir, naşıdır. Bunu mən müsəlmanı təhqir üçün demirəm. Müsəlman adlananların içərisində yetkin insanlar da var. Müsəlmanlıq özü bir naşılıq, nadanlıq halı yaradır. Kütlə də yanaşanda elə yanaşır. Öz müsəlmanlığının doğru olduğunu qabartmaq, kiminsə gözünə soxmaq üçün deyir, hindlilər inəyə səcdə qılır. Hindlilər inəyə səcdə qılmır. Kim deyir inəyə səcdə qılır. Hind fəlsəfəsi çox dərindir. Müsəlman onu nə vaxt öyrənib?! Biz unutmamalıyıq ki, bəşəriyyətin ən böyük, doğru, etkiləyici, nüfuzedici, verimli olan fəlsəfəsinin içində hind fəlsəfəsi, hind ruhaniyyatı durur. Əgər biz hindlilərə inəyə səcdə qılan deyiriksə, gəlin özümüzə də qurda (canavara) səcdə qılan deyək. Bəşəriyyətin totemizm dövrü olub. Bu dövrdə ayrı-ayrı xalqlar ayrı-ayrı heyvanları totem kimi qəbul edib. Məsələn, biz bozqurdu qəbul eləmişik. Bozqurdun tənhalığı, güclülüyü bizim millətin xarakterinə uyğundur, onu götürüb qəbul eləmişik. Hindlilər üçün inək bərəkətli, verimli heyvandır. Süd verir, bərəkət verir. Bərəkət rəmzi kimi qəbul ediblər totemizm dövründə. Ancaq hind fəlsəfəsinin yönü, canı inəyə bağlı deyil, qat-qat ondan yüksəkdə, dərində durur. Buddanın fəlsəfəsi var, ondan öncəkilərin fəlsəfəsi var, vedalar, upanişadlar var. Bunlar elə-belə deyil. Hətta Asif Atanın özü belə hind fəlsəfəsindən bəhrələnib. Bax bu məsələlərdə biz ehtiyatlı olmalıyıq. “Mütləqə İnam başdır, hər şeydir, qalan hər şey boşdur” deməyə haqqımız yoxdur. Azdır, buddizm də, o biri də, bu biri də bu gün üçün. Bəşəriyyət üçün, İnsanlıq üçün azdır deyə bilərik. Bu gün üçün Asif Atanın dediyi gərəkdir. Bu həqiqətdir, bu qaçılmazdır. Buna dayanıb heç kimi, heç nəyi, heç bir baxışı aşağılamağa haqqımız yoxdur. Bilgi kimi deyirəm bunları.
Asif Ata nə istəyir, – yalan həyata sarılıb. Oğruluq, əyrilik, alçaqlıq həyata sarılıb. Həyata göz açmağa imkan vermir. İnsan da həyata sarılan bu keyfiyyət(sizlik)lərin basqısı altında yaşayır. Basqısı altında yaşadığına görə hər bir insan həmin keyfiyyətsizlikdən çıxış edir. O keyfiyyətsizlikləri yaşadır. Bu zaman o, daşıdığı keyfiyyətsizliklərə haqq vermək, bəraət vermək üçün hər bir dona girir, hər bir oyundan çıxır. O bunu bacarır, deyir. Asif Ata da deyir, mən insanı özünə oxşatmaq istəyirəm. İstəyirəm, özünə bənzəyən insan özündə cəsarət tapsın, qüdrət tapsın. Yalançı yalanı deməkdən qorxmur, ancaq sən həqiqət yoluna gəlmirsən, həqiqəti deməkdən, doğruları deməkdən qorxursan. Qorxma. Doğruları deməkdən qorxmamağın üçün yaradıb Mütləqə İnam dünyabaxışını. Həqiqətə yiyə durmağın üçün yaradıb dünyabaxışı. Həqiqətin keşiyində durmağın üçün yaradıb. Həqiqətin keşiyində durarsansa dünya öz mənasına bənzəyər, dünya gözəlliklərini ortaya çıxarar. Həqiqətə yiyə durmazsansa dünyanın üzünü yalan-filan boyalayar, necə ki boyalayb. Bu gün dünyanı, həyatı, insanı siyasət yönətir. Siyasətin başında duran adamlar hər cür  oyundan çıxır, hər cür eybəcərliklər edirlər. Qıraqdan izləyən insanlar deyirlər, siyasət belədir, belə də eləməlidir. Yəni  fəndgir olmalıdır, çevik, qabiliyyətli,  bacarıqlı olmalıdır. Deyirlər, bunların hamısı qabiliyyət, bacarıq deməkdir. Nə qədər bacarırsan aldat. Bayaq deyirsiniz “xalq suçludur, ancaq bizim xalqdır”. Bir adam demir, a balam, bu xalq bizim xalqdır, sən bu xalqı aldadırsan. Səni bu xalqın başına ona görə dırmaşdırıblar ki, bu xalqı ömrün boyu, hər addımda  aldadasan?! Səni bu xalqın başına ona görə qoyublar ki, bu xalqa qulluq edəsən, bunun ləyaqətini qoruyasan. Sənin görəvin budur, dövlət bundan ötrü yaranıb. Dövlət insanı qorumaq üçün yaradılmış bir sistemdir. Sənə kim o haqqı verib, aldada-aldada, vədlər verə-verə gəlib dövlətin başına çıxırsan, bu gün dediyini sabah başqa cür deyirsən, dana-dana gedirsən, qıraqdan da sənə qaşın üstündə qara var deyə bilən yoxdur, təhdid edirsən, asırsan, kəsirsən, tutursan… Bax, yaranan gediş budur. Səni ziyalılıq eləməyə qoymur, tutub içəri soxur, çünkü səndən qorxur. Sən ziyalı olmadığın  dərəcədə səndən qorxmur. Səni özünün köləsi sayır, sənə görüm-baxım edər, ev də verər. Ziyalı olmağını, müdrik olmağını, ləyaqət üstə böyüməyini istəmir. Dövləti yaratmısan ki, birgəyaşayışın nizamını qorusun, hər kəsin mənəvi imkanlarını üzə çıxarmasına ortam yaratsın, hər kəsin iqtisadi-maddi baxımdan bərabər şəkildə yaşamağını təmin eləsin. O isə səni ac-susuz saxlayır, özüyün də hünərin var, yalana qarşı səsini çıxart. Başına qapaz vurur. Məsələ odur. Dünyabaxışlar niyə yaranır?! – Bəşər tarixində Asif Ataya qədər olanlar yaradıblar, Asif Ata da yaradıb. Ona görə yaradıblar ki, mənəviyyat əyilib sıradan çıxmasın, cəsarət ortadan qalxmasın, insanlıq məhv olmasın. İndi kimin hara qədər gücü çatıbsa, ora qədər qulluq edib. Bunu biz danmırıq, ancaq nisbiliklə barışmırıq da.Çünkü nisbilikdən siyasət yaranır. Həqiqətin, mənəviyyatın qənimi olan siyasət. Mən yazmışam:  siyasət – mənəviyyatın, ruhaniyyatın yoxluğundan yaranır, ya da azlığından yaranır. Az olanda da siyasət yaranır. Yəni mərdlik, cəsarət, ləyaqət, müdriklik olmayanda fırıldaq, yalan, əyrilik, kələkbazlıq olur. Bunlar gəlir boşluğa. Mühit, ortam insanlığın ölçüsü ilə formalaşmır, siyasətin tələbləri ilə formalaşır. Hamı da siyasətin tələblərinə uyaraq siyasətə bənzəyir, mənəviyyata bənzəmir. Heyvana bənzəyir. Bəşər tarixində olan ayrı-ayrı baxışları biz təsnifatlaşdırırq, çeşidləyirik  ayırırıq, fərqləndiririk. Düz edirik, belə olmalıdır əslində. Çünkü hamısı birdirsə, elə köhnə var da. Çeşidləyən zaman nəyə önəm veririk, ona diqqət ayırırıq ki, insanın özünü özünə nə dərəcədə tapşıra bilir, nə dərəcədə insanın haqqını özünə verə bilir. Ondan ötrü insan kimdir?! İnsan nəyə tapınırsa, doğru bəlirlənməlidir. İnsan özünü tanımırsa, anlamırsa, dərk eləmirsə, o özünə böhtan atacaq. Atır da. Məsələn, müsəlmana deyirsən, sən içində Allah qüdrəti gəzdirirsən, deyir əğstafurullah, mən qulam. Mən sənə deyirəm, sən özünə böhtan atırsan. Mən səni uydurmuram, şişirtmirəm, deyirəm, sənin içində Mütləq olan var. İnsanlıq daşımırsan içində?! Heyvansan?!Sən içində insanlıq daşıyırsan, yəni Allah anlamı daşıyırsan. Deyir, əğstafurullah, mən qulam. Asif Ata onun kim olduğunu öyrədir, insana özümləşmə ölçüsü verir. Demokratiya ilə insan yaranmır. Demokratiya deyir, hər kəsin özünün düşüncəsi var, hər kəsin düşüncəsinə sayğı göstərmək gərəkdir. Hər kəsin düşüncəsinə sayğı göstərmək gərəkdirsə, o zaman müsəlman deyir, mən qulam, sayğı bəsləyim ona?!Sayğı bəsləyə bilmirəm axı, mübarizə aparmalıyam. Bu özünü danır axı. Tək özünü danmır, məni də danır, yəni varlığı danır. Mən onunla mübarizə aparmalıyam. Sən nəyə güvənirsən, nəyə inanırsan, özün bilərsən. Ancaq varlığı danan ideyalar silinməli, ortadan qalxmalıdır. Mən sənə deyirəm, sən insansan, içində Allah daşıyırsan.Sən özünü armudu öyrənən kimi öyrənə bilməzsən axı. Sən özünü içində Allah daşıyan kimi öyrənməlisən, dərk eləməlisən ki, sən kimsən. Sən özünə heyvan deyərək özünü dərk eləyə bilməzsən. Özünə qul deyərək özünü dərk eləyə bilməzsən. Qulun nəyini dərk eləyim, qul quldur. Dərk edərəm gedib çıxaram heyvana…
Biz həqiqətləri dərk edirik. Allahlığı, İnsanlığı dərk eləyirik. Bu dərk prosesi bizi üfüqlərə götürür. Yerə soxmur, göylərə qaldırır. Ona görə Asif Ata insana özünüdərk yolu yaradır. Deyir, sən içində Mütləq gəzdirirsən, onu tanısan gücün birə-beş artacaq. Bundan ötrü də Ocaq adlı qurum yaradıb,  Ocağın tədbirlərini yaradıb. Sənə də deyir, bu tədbirləri keçirib özünü tanıma yolunda, bəşəriyyəti, dünyanı dərk eləmək yolunda axtarışlarını dilə gətir, söhbət elə, hesabat ver, dərinləş, yetkinləş, böyü, məktəb keç. Mənəviyyatın məktəbinə getməsən özünü dərk eləməyəcəksən.Elə başın qarışacaq qarnına, elə səhərdən axşamacan fırlanacaqsan, ölüb gedəcəksən. Bəşəriyyət də sürüyə çevrilə-çevrilə davam edir. Ona görə Atanın yolunda yürüməyi özümüzə ləyaqətli, şərəfli aqibət sayırıq. Bu yolda yürüyən hər kəsə sevgilərimi bildirirəm. Bu yola bağlı olan, doğma olan insanlarımıza sevgilərimi bildirirəm. Bayaq Asif bəy yüzlərlə dedi, mən minlərlə deyirəm. Doğrudan da, Azərbaycanda Asif Atanın adına bağlı olan, rəğbət bəsləyən insanların sayı minlərlədir. Ancaq bu bizimçün arxayınlaşma sindromu deyil. Lap olsun, minlərcə adam sadəcə rəğbət bəsləməsin, qəbul eləsə belə, bizim mübarizəmiz dayanası deyil. Yoldur, gedirik. Prosesdir, gerçəkləşdiririk.

Atamız Var olsun.

Asif Ozan: Bir balaca məqama toxunum , Soylu bəy üçün də bu maraqlı olar. İnamlı bəygilin bölgəsində bir faktı müşahidə eləmişəm. Oğlanlar mövhumatın etkisi altındadır, ancaq qızlar millidir. Mənim Cəlilabaddan neçə qız tələbəm var, son dərəcə millidirlər. Mən hətta heyran qalmışam onlara. Mən Zərdüştlüyü keçirəm, Zərdüştün Avestaşünasların mülahizələrinə görə vətənini göstərdim. İndiki Əfqanıstan ərazisi, Xarəzm (indi Özbəkistandadır), Urmiya ətrafı Muğan bölgəsi. Bu tarixi ərazilərin heç biri tarixən farslara məxsus olmayıb. Bunu mən demirəm, bunu Avestaşünaslar, ingilislər, fransızlar, almanlar deyir.  Mən rus tədqiqatçılarını bura daxil eləmirəm, onlar antitürkdür. Mən bunları deyəndə baxdım, Cəlilabadlı qızlar milli əhval göstərdilər. Bunu özümçün belə izah etdim, qızları molla məktəbinə qoymayıblar, oğlanları qoyublar. Deməli, oğlanların düşüncəsini etkiləyə biliblər, ancaq qızlar ailədə böyüyüb. Deməli, ailələr millidir. Qız milli şüurunu qoruyub saxlaya bilib. Oğlanlar məscidə göndəriliblər, dinin tələblərini öyrənsin. Bu mənim mülahizəmdir.

İnamlı Atalı: Tək məscid söhbəti deyil, orda toplumun ruhu elə köklənib.

Asif Ozan: Mən sizə bir təklif də vermək istəyirəm. Soylu bəy, siz fəaliyyətinizi artıq çoxdan praktik müstəviyə keçirmisiniz. Ümumiyyətlə, bir dünyagörüşün yaşaması üçün vacib şərt onun praktik müstəviyə keçməsidir. Nəzəri səviyyədə qısa müddət yaşayır, ən yaxşı halda, bir nəslin yaddaşında qalır. İnam Evinin yaranması da çox gözəldir. İstəyərdim İnam Evinin bəzi bölgələrdə əlavələri də olsun. Praktik müstəvi ilə bağlı bir təklif vermək istəyirəm. Mən özüm də bu məsələdə sizə dəstək olaram, universitetlərin fəlsəfə kafedralarında söhbət aparaq ki, “milli fəlsəfi düşüncənin inkişafında yeni mərhələ və İnam fəlsəfəsi” yönündə mühazirələr olsun. Təxminən bu ad altında bir təklif vermək olar. Tutaq ki, 30 saatlıq mühazirənin biri Azərbaycanda milli fəlsəfi düşüncənin modern dövrü, müasir dövrü və İnam fəlsəfəsi. Mən bunu məqbul sayıram, artıq bu dünyagörüş kimi Azərbaycan toplumuna tanışdır, şüurlarda sıralarını artırır. Mən hesab edirəm, bizim  borcumuz ondan ibarətdir ki, bu gün bu təklif olunsun. Qəbul edərlər nə gözəl, eləməzlər tarix qarşısında günahı özləri qazanarlar. Vaxt vardı bizim təhqir elədiyimiz mütəfəkkirlərimiz haqqında bu gün universitetlərdə beş saat dərs keçirik. Ancaq təxminən 70 il öncə onları daş-qalaq edirdilər. Yəni bizim tarixən qismətimiz belədir. Biz içimizdən çıxan dəyərli insanları öncə daş-qalaq edirik, sonra qəbul edirik. Bunu təklif kimi verdim.

Soylu Atalı: Bir dəfə Əlisafa bəy, başqa bir-iki nəfərlə bir araya gəlib onun doğru bildiyimiz modelini işləyib hazırlayarıq. Həmin modellə də təklifimizi irəli sürərik.

Asif Ozan: Məncə o təklifi verməyin vaxtı çatıb. Azərbaycanda son aylarda gedən proseslər göstərdi ki, Azərbaycanın ictimai şüuru İranın,Qərbin və yabançı ideyaların basqısı altındadır, işğal olunub. İşğaldan qurtarmaq üçün ona qarşı alternativ bir ideya, milli düşüncə qoymalısan.

Soylu Atalı: Atanın baxışı milli xarakterdən doğub, həm də bəşəridir. Heç bir xalqa, millətə göz ağartmır. Ona görə onun gündəliyə gəlməsi nəinki təkcə bizim xalqımızın, bütövlükdə bəşəriyyətin xeyrinədir. Bunu anlamağın çağıdır…

“Ata Ruhunu Ürəyimizdə aparırıq! Atamız Var olsun!” çağırışı ilə Ailə Günü başa çatdı.

Səsdən yazıya çevrildi: Od Ayı, 45-ci il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir