Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” tədbirindəki çıxışlar

Ocaq Günsırası ilə 13 Köçəri Ayı, 43-cü ildə (fevral, 2022) Asif Atanın Mütləqə İnam Ocağının “Uluyol-Hünər” Ailəsinin sonuncu “Ailə Günü” toplantısını keçirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Keçən günlər içində, gələnəksəl olaraq, Ocaq işləri ilə uğraşmışam. Amallaşma yönündə Atanın kitablarından oxumuşam. Son günlər görürəm, çalışanda özümə vaxt ayıra bilirəm. Bu mənim özümdən asılıdır. Bilirəm, hansısa işi görmək gərəkdir, istəyəndə işdə də vaxt ayıra bilirəm. Bəzən əngəl saydıqlarım əngəl deyil əslində. Bu əngəli oluşduran nəsnələr içimdədir. Özümə tabe oluram, yorulmuşam deyirəm. Ancaq istəyəndə yorğunluğu da ötmək olar, başqa şeyləri də. Belə deyim, bədənin nazı ilə oynayıram. Ancaq bunu ötməyə çalışanda güc tapıram.
Qonu üzrə düşüncələrimi qeyd etmişəm, onu oxumaq istəyirəm.
Azadlıq düşüncədə oluşur. Düşüncənin xürafatdan, dindən, köləlik psixologiyasından, yad quruluşlardan azad olması gərəkdir ki, ömür də azad olsun. Özün üçün istədiyini həm də xalqın üçün istəyirsən. Özün üçün qurduğunu, yaratdığını xalqın üçün yaratmaq istəyirsən. Əgər xalqın içində təbəqəlik varsa, onun başına, içindəkilərdən daha zorlu, güclü ağa gələcək. Xalqın içində ağalıq, nökərlik varsa, daha güclü, zorlu ağaya ehtiyac yaranacaq. Bir-birinə yad, yağı olanlara ağalıq etmək asandır. Bir-birinə bağlı olanlara, bir-birini dəyərləndirənlərə ağa olmaq mümkünsüzdür. İnsançı olmaq həm də xalqçı olmaq deməkdir. Bəşər tarixində işğalın da adı işğal deyil, “azadlıq gətirirəm” deməkdir. Ağa dövlətlər var, ağa dövlətlərin birliyi var, ağa dövlətləri idarə edən siyasi birliklər var. Bu özü tam bir sistemdir. Bu sistemə qarşı çıxmaq ruhani güc tələb edir. Sovet vaxtı Ata illərlə quruluşa qarşı söz deyirdi. Onun ən güclü vaxtında insanların gözünü açırdı. İnsanlar dinləməkdən belə qorxurdular. Ancaq Ata sözünü deməkdən çəkinmədi. Ocaq yaratdı. Dövlətsizliyin içində dövlətsizliyə qarşı, quruluşun içində quruluşa qarşı oldu. Bir insandan başlayır azadlığa gedən yol. Bir insanın içində azadlıq yarananda, azadlığa gedən yolun başlanılır. Babəkin içində azadlıq yanğısı, eşqi olmasaydı, döyüşə bilməzdi. Dünya elə qurulub, adam xisləti elədir ki, başqasının üzərində ağalıq etməklə özünü təsdiq etmək var, başqasının əməyini mənimsəməklə var olmaq var. Xalq içdən qurularsa, bir olarsa, ona ağalıq etmək mümkün deyil. Əgər bir olmazsa, həmişə boyunduruqda qalacaq. Boyunduruqda yaşamaq asandır – özümlüyündən, mənliyindən, uzaqlaşanda. İnsan olmağın, xalq olmağın dəyərini, qiymətini bilən boyunduruqda yaşamaz. Dünyaya gəldiyin üçün dünyada var olmağı, dünyada insan kimi yaşamağı haqqın bilməlisən. Ona görə savaşmalısan. Var olmaq – azadlıq deməkdir. Var olmaq – Mütləqiləşmək deməkdir.
Atanın belə bir sözü var. “Dünyanın yiyəsi olan xalq yoxdur. Bütün xalqlar dünyanın yiyələridir”. Bu düşüncə özü hər hansı bir ölkənin başqa bir ölkəni işğal eləməsi, ona ağalıq etməsi düşüncəsinə qarşıdır. Dünyanın yiyələri xalqlardırsa, xalqlar bir-birini işğal etməməlidir.
Həyat adamı çıxılmazlığa sala bilir. Bu durumda adam özündən də, həyatdan da küsür, depressiyaya düşür, ümidsizləşir. Amal insanı çıxılmazlığa salmır, çünkü “hər şey səndən asılıdır” tələbi qoyur insanın qarşısına. İmkanlar tükənməz, yollar tükənməz, iradə tükənməz, ruh tükənməz. Heç nəyə küsmə, özünə küs. Heç kimdən, heç nədən umma, özündən um, özünə inan deyir. Sonsuzluqda sonsuz imkanlar var…
Qarşıdan 44-cü ilimiz gəlir. Həyəcanlı halım var. Özümdən çox şey gözləyirəm. Düşünürəm, Ocaqda olmaq, Ocaqda bir ili başa vurmaq adi bir şey deyil. Çox dəyərlidir, Ocaqda yaşamağımın hər günü dəyərlidir. Həm amaldaşlarımla bir yerdə olmaq, həm də hər bir tədbirimiz çox dəyərlidir. Var olun.
Atamız Var olsun! Bayrağımızı öpürəm.

İnamlı Atalı (Ataya səcdə edərək, Bayrağı öpür – G.A.): Neçə vaxtdır Bakıdayam. Amallaşma yönündə oxumuşam, düşünmüşəm. Xalqlaşma əməlim var, burada qarşılaşdığım adamlarla söhbətlərim olur. Bu günün bəlaları haqqında, bunlardan qurtuluş yolu haqqında düşüncələrimi bölüşürəm.
Müxalifətin bu günkü mübarizə üsulu nədir?! Yazmaq, şikayət etmək, tənqid etmək, internetdə görünmək, lap kəskin mübarizə üsulu kimi mitinqlər təşkil etmək. Belə mübarizə aparırlar.  Onların arasında elələri var, onların qorxmazlığı, cəsarəti təqdir olunasıdır. Ancaq bilmək gərək, bir az qlobal düşünmək gərəkdir. Məsələ köklü şəkildə qoyulmalıdır. Başqa əlac yoxdur. Bu üsullar indiyə kimi bəşərin sınağından, təcrübəsindən keçib, həmişə bəşəriyyət yağışdan çıxıb yağmura düşüb. Şər yerində qalıb. Sadəcə forma dəyişib. Bəzən lap kəskini gəlib.Kapitalizmi öz gözümüzlə gördük. Kapitalizmi söyməyən mütəfəkkir olmayıb. Bu şərə qarşı da dayananlar oldu. Devirdilər, Sosializm gəldi. Kütləvi şəkildə sürgünlər oldu. Şər daha böyük miqyasla ortalığa çıxdı. Biz din dövlətlərinin də aqibətini görürük. Ərəb dövlətlərini, İranı da görürük. İnsan azadlığı, millət azadlığı dinin təqdimatı ilə alınmadı. Kapitalizm alınmır, sosializm alınmır. Bunlardan qırağa necə çıxaq? Söhbət bu yerə çatanda Asif Ataya üz tuturam, Mütləqə İnam dünyabaxışı haqqında bilgi verirəm. Deyirəm, Mütləq İnam əsasında özümləşməsək, qurtuluş yoxdur.Biz bu günkü ərazimizə, sayımıza görə balaca millətik. Əgər böyük səviyyədə məsələ qoymasaq, heç nə alınmaz…
Dünyabaxışımızı tam dolğun şəkildə izah etməyə çalışıram. İnsan kamilliyi nə deməkdir, vətənin bağımsızlığını necə əldə etmək olar?! Hamılıqla, elliklə xoşbəxt olmayan insan pulu da olsa, xoşbəxt ola bilmir. Hamı bir-birinin əməyini mənimsəyir. Bizdə monopoliya güclüdür, millətə zərbə vururlar. Buna baxmayaraq, azad rəqabət, demokratiya kimi məsələlər müxalifətdə olanlar üçün cəlbedici görünür. Çünkü bu təqdimatlarda monopoliya görünmür.
Mən həmişə söhbət gedəndə Bil Qeytsi misal çəkirəm. Öz bacarığı ilə milyardlar qazandı, minlərlə insanın cibinə girdi. Azad rəqabət, demokratiya insan azadlığına, millət azadlığına gətirib çıxarmır. Bütün bunlar insana qul kimi yaşamaq taleyi yaradır. Beş-on adam dünyanın sərvətini mənimsəyir, qalanı quru yurdda qalır. Bu dünya belə bir mahiyyətsizliyin içində çabalayır. Biz məsələni qlobal səviyyədə qoymasaq, xilas yoxdur.
Mən müxalifətçilərlə danışanda deyirəm, arzu edərdim sizin fiziki gücünüz, fədakarlığınız bəşər tarixində sınaqdan çıxmış üsullara həsr olunmasın, elə bir gedişə həsr olunsun ki, millətimizə mütləq mənada azadlıq verə bilək. Bu da hər bir insanın özündən başlayır. İnsan kamilləşməsə, ona gözəl olan nə versən heçə çevirəcək.
Həmişə bir quruluş başqası ilə əvəz olunanda az-çox yaxşı görsənişləri olur. Ancaq qısa zaman içində baxırsan, hər şey öncəki kimidir, şər başqa bir formada üzə çıxıb. Sanki oyun oynayırlar xalqlarla. Bu oyundan biz özümüz çıxmalıyıq, özümüzü tanımalıyıq. Bizim Güney Azərbaycan dərdimiz var. Biz birləşməli, sayımızı artırmalıyıq. Bunun üçün İnam əsasında bütövləşmək gərəkdir. Müxalifət tərəfdarları ilə söhbətlərim bu şəkildə olub.
Özümlə də məşğul oluram, iç dünyamı daha kamil qurmağa çalışıram. Şərdən uzaq olmağa, Ocağımıza, millətimizə layiq olmağa can atıram. Ocağımızla qürur duyuram, Dünyanın gözüdür Ocağımız. Dünya bizi görsə də, görməsə də biz öz Yolumuzu daha yaxşı bilirik. Var olun.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Keçən “Ailə Günü”ndən bu yana oxumağa az vaxt ayırmışam. Özümdə olan dəyişikliklər barədə düşünmüşəm. Qısa şəkildə sizinlə də paylaşmaq istəyirəm. Həmişə içimdə bir gərginlik, rahatsızlıq olub. Bunu heç nə ilə sakitləşdirə bilməmişəm, heç yerdə özümü tapa bilməmişəm. Həmişə yaşamaq gözəldir deyə düşünərdim, bunun sevincini, fərəhini yaşaya bilməzdim. Çünkü bu düşüncə  – “heyif ömür qısadır, ardınca əbədi əzab gəlir” kimi bədbin düşüncələrlə əvəz olunardı. İçimdə qırılma baş verərdi. Ən xoşbəxt anlarımda belə Allahın cəzası adlı qorxunu hiss edərdim üzərimdə. Həmişə özümü ona borclu hiss edərdim. Son günlər düşünürəm, Ocaq mənim içimdən bu boyda rahatsızlığı, gərginliyi qaldırdı. Məni o cür bayağı düşüncələrin əsarətindən qurtardı. İndi İnsanlıq qarşışında borclu sayıram özümü.
Öncələr Soylu bəyin həmişə nikbin olmasını anlamazdım, ya da yanlış anlayardım. İndi düşünürəm, dünyada baş verən eybəcərliklər, insanın qarşılaşdığı acınacaqlı durum məni də üzməmiş deyil. Ancaq nikbinəm, çünkü mən inanıram. Mənim gözümdə insan qutsaldır, qüdrətlidir. Dünyanı dəyişməyə, gözəllikləri yaşamağa qadir varlıqdır, yetər ki, bu haqqı özünə tanısın.
Xalqlaşma əməlim Ocaqsevərlərlə olub. Onlardan Nigar Soylu Atalının “İnam Sorağında” kitabını oxuyub. Soylu Atalıya, Ataya heyrəti yaranıb. Onunla etiraf məsələsinə yönəlik söhbət etmişik.
Atanın belə bir düşüncəsini oxudum: “Özüylə döyüşdə ən çətin əməl – mənfi instinktlərlə döyüşdür. Mənfi instinktlərlə döyüşə bilməyən özüylə döyüşdə qələbə çala bilməz”. Burada mənfi instinktlər deyəndə nə nəzərdə tutulduğunu bilmədim. Ancaq keçən dəfə Nigarla söhbət edirdik. Bir-birimizə, cəsarətsizliklə bağlı, etiraflar etdik. Həm də bir yandan özümüzə haqq qazandırırdıq. Söhbətin gedişində birdən dedim, axı niyə özümüzə hər şeydə haqq qazandırırıq. Sonra düşündüm, bu hal özüylədöyüşümdə çox olur. Özümə nəyisə etiraf edirəm, ancaq bir yandan da özünü qoruma işə düşür. Düşündüm bəlkə də bu özünüqorumanı mənfi instinkt saymaq olar. Mümkünsə, bu məsələyə Soylu bəy aydınlıq gətirsin.
Atamız Var olsun!

Bilən Atalı(Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Həmişə Soylu bəylə söhbətlərimizdə Avropada oturub mübarizə aparanları soruşurdum. Çünkü onları dinləyirdim. Soylu bəy deyirdi, nə qıraqda, nə də dörd divar arasında xalqı, milləti qurmaq olmaz. Özüm də düşünürəm, dünyanı idarə edənlər var, bir də idarə olunanlar var. Məsələn, Güney Azərbaycana baxırıq, o qədər əhalisi var. Ancaq özünə aid heç nəyi yoxdur. Kimlərinsə əliylə idarə olunur. Öncələr mən də inanırdım, kimsə gəlib bizi qurtaracaq. Ancaq indi anlayıram, hər şey insanın öz əlindədir. Bizim başımıza ən çox Avropa oyun açır, toplumun ümid bəslədikləri də Avropada oturub danışırlar. Bütün bunları, bizim sərvətlərimizi talamaq üçün, Avropa özü edir. Bunu anlamırlar. Mən də deyirdim, ruhaniyyat necə qurtuluş ola bilər, bu qədər güclərə qarşı necə dayanmaq olar, necə xalq, dövlət qurmaq olar. Ancaq gördüm başqa yol yoxdur. Çünkü Soylu bəyin dediyi kimi, şüurumuz işğal olunub. Doğrudan da, biz hər tərəfdən yadlıq əsarətindəyik.
Xalqlaşma əməlim, söhbətlərim tez-tez olur, çalışıram görüşlər təkli edəm.
Atamız Var olsun.

Günev Atalı(Ataya səcdə edib, Bayrağı öpür – G.A.): İnsan indiyədək azadlığın nə olduğunu düzgün anlamır. Gözümüzü açandan dərsliklərdə bizə təbliğ elədilər. Ən qatı əsarətə bizi elə inandırdılar, elə onu azadlıq kimi qəbul elədik. Baxmayaraq, gözümüzün qabağında valideynlərimiz bizi saxlamaq üçün hansı əzabları çəkirdilər. Hələ mən məişət tərəfini deyirəm, mənəvi tərəfini, milli dəyərlərimizin aradan qaldırılmasını demirəm. Nərimanov gəldi, azadlığı güclü dövlətdə, Lenində gördü. Milli dövlətin devrilməsinə göz yumdu. Xalqın içindən çıxmışdı, həkim idi. Xalq öz içindən çıxan saf adama inanmışdı. İndi də yenidən din gəldi meydana. İnsanın əsarətini ona azadlıq kimi anlatmağa girişdi. Başına nə gəlir, hamısını Allah bilir, onun iradəsindən asılıdır. Bu da idarəetmənin bir növüdür, alnımı möhürə döyürəm, ibadət edirəm, nəzir-niyaz verirəmsə, elə bu mənim azadlığımdır. Bunun mükafatı olacaq.
Yenə qayıdıram bayaq dediyimə, azadlığın nə olduğu tam bəlirlənmədi. Mən fərd olaraq, azadlığa yetmirəmsə, özüm daxili əsarətimdən çıxa bilmirəmsə, təbiətdən gələn qüsurlarımdan arınıb özümü var saymıramsa, azadlıq haqqında bildiyim doğru olmayacaq. Başlayacam onu qıraqdan deyilənlərdə axtarmağa. İnamlı qardaşım düzgün vurğuladı, Bilən də dedi, bu gün siyasi fəalların hamısı hakimiyyətin devrilməsini istəyir. Ancaq devirməklə Avropanın istəklərinə uyğun bir dövlət yaratmaq istəyirlər. Bu yenə də azadlıq olmayacaq, azadlıqdan yan keçmək olacaq. Azadlıq başlayır mənim özümdən. Mən öz qüsurlarımdan azad olmayana qədər azadlıq haqqında söz deməyə haqqım yoxdur.
Atamız Var olsun!

Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Ocaq ilsıramızın 43-cü ili, Köçəri Ayının 13-ü. İlimizin sonuncu Ocaq tədbiri,“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” – Uğurlu olsun, Qutlu olsun. Bu gün mən də sevgimi, düşüncələrimi bölüşüm amaldaşılarımla.
Bir az genel məsələlərlə bağlı söz deyəcəm, geniş qonuşmaq istəmirəm. Önəmli olduğu üçün vurğu eləmək istəyirəm. Elə şeylər var, adam bəzən onu özü görmür, qıraqdan xatırlatma gərək olur. Bir az öncə Nurtəkin, Gediş Yazısını oxuyanda, dedi: başlanır on beş nol nol. Mən də yarızarafat çək-çevir elədim. (Günev deyir, məsələnin üstünə getmə). Bu, Nurtəkinin üstünə getmək deyil. Anında bir şeyi yoluna qoymaq istəyidir. Siz özünüz gözəl bilirsiniz, hansı yükün altındayıq. Ən azı bilməliyik, kimin necə deyib, necə davranmasından asılı olmayaraq, hər kəs bizi Asif Atanın davamında görür. Asif Atanın işinin aparıcısı, qurucusu sayır. Əsas məsələ budur. Yoxsa kim dünən gəlib, kim srağagün gəlib, kim güclüdür, kim zəifdir, bunlar toplum üçün ikinci dərəcəli məsələdir. Hər birimiz Ocağı, Asif Atanı təmsil eləyirik. Ona görə hər bir işimizin, sözümüzün üzərində ciddi düşünməliyik. Hamımız bilirik, Nurtəkinin ləyaqəti gözəldir, fədakardır, Ocağa bağlıdır. Ancaq qıraqdakı, gələcəkdəki insan üçün mesaj ötürürük, 27 ildir Ocaqda olan bir adam, sabahın baxışıyla desək, nə üçün Ocağın rəsmi sayılan tədbirində, Ailə Günündə nəyi necə gəldi ifadə edir?! Ocağın rəsmi tədbiri bizdən ayıq olmaq tələb edir. Hər bir sözümüzə, düşüncəmizə önəm veməyimizi istəyir.
Sonra, Bilən böyük işlər görür, fədakarlıqlar edir. Ancaq deyir, vaxt eləyib kitab oxuya bilmirəm. Kitab oxuya bilmədiyin üçün düşüncələrini çatdırmaqda çətinlik yaşayacaqsan. Öz üzərində işləmək gərək. Asif Ata deyirdi, mən aylarla dənizin qırağında özümün kəkələməyimlə mübarizə aparırdım. Onun üzərində işləyirdim. Özümlə danışırdım. Təbiətin ona verdiyi fiziki qüsurla barışmırdı. Dünyaya söz deyir. Yaratdığı Dünyabaxışı xalqa çatdırmalıdır. Onun təfəkkürü, natiqliyi çox güclüdür, söz bazası heç kimdə olmadığı qədər tükənməzdir. Ancaq doğal dil qüsuru əngəl olur. Ona görə Ata, təbiətin verdiyi qüsurla döyüşürdü. Mən qabaqlar Atanı tanımamışam, bilməmişəm, nə qədər idi, necəydi. Özünün dediyinə görə qüsurlarının üzərində çox böyük dəyişikliklər edib. Mən Ocağa gələndə elə də bilinmirdi dil qüsuru.
Başlanğıcda dedik, Törənlər Kitabını hazırlayırıq. İlin tədbirləri bu günlə başa çatır. İlin bütün tədbirlərini kitaba salınır, həm əlimizdə olsun, həm arxivdə. Yeri gələndə oxuyaq, bəhrələnək. Kitablarımız gözəl kitablardır. Orada deyilən sözlərin, düşüncələrin siqlətindən asılı olmayaraq, fakt özü – ildə bu qədər tədbirlər keçirmək, həm də kitablaşdırmaq faktı gözəldir. İnsanların şəkillərdəki üzü gözəldir. Çünkü hədəf var, məqsəd var. Məqsəd müqəddəsdir. Müqəddəs bir işin peşindəyik. Ona görə gözəldir. Bu gözəlliyi, hər bir Ocaqçının tədbirlərdə, mərasimlərdə dediyi sözlər, çıxışlar, nitqi, nitqinin gözəlliyi, sözünün gözəlliyi, hesabatının gözəlliyi bütövləşdirməli, tamamlamalıdır. Çünkü o, başqalarının əlinə, gələcəyə gedir. Çünkü Gələcək onu oxuyub bizi öyrənmək istəyəcək. Bizim yaşantılarımızı özü üçün götür-qoy edəcək. Bunlar, olduqca düşündürücü məsələlərdir. Ona görə deyirəm, öz üzərində ciddi işləmək gərəkdir. Heç birimiz deməyək, bu çətindir, vaxtım yoxdur, Günev deməsin mənim yaşım keçib. Mən sizə misal çəkdim Asif Atanı. Deyirdi, bu yaşımda fiziki, ya hansısa yanlışım üzərində uğraşıram. Ata deyirdi, oğul, bizim Ocaqçılar bəzən tənbəllik edirlər, mən bu yaşımda belə özümün hər saniyəmə nəzarət edirəm.
Mən bu kitabları redaktə edirəm.  Söz yox, şifahi danışığın yazılı danışıqdan fərqi var. Şifahi danışıq daha qarışıq olur. Yazılıda isə hər bir söz yerinə oturmalıdır ki, oxuyan bir şey anlasın. Ona görə mən onu oxunaqlı eləmək üçün redaktə edirəm. Ancaq məsələ tək bunda deyil. Mən həm də, Ocaqçılarımızın nitqinin üzərində işləyirəm. Bunu işləməyim bəlkə də doğru deyil. Ancaq sabah bu kitabı oxumaq istəyənlər yorulmamalıdır.Sonra kitabı qatlayıb qırağa qoya bilərlər. Qoyarlar, qoymazlar özləri bilər. Ancaq qoymasalar yaxşıdır. Çünkü kitablarımızın hər biri, hər zaman dediyim kimi, xalqın özünüqoruma sisteminin açarıdır. Bunlarla xalq ruhsal özünüqoruma sistemi yarada bilər. Bu məsələlərdə çox böyük sorumluluq daşıyırıq.
Sonra Günevə xatırlatma elədim. Bilirsiniz, Günev Ocağa necə bağlıdır. Hər yerdə çəkinmədən Atanın adını, peyğəmbərliyini, Ocağını dilə gətirir. Ancaq burada mən nəyə görə xatırladıram, törəndə hər kəsin sözünü Atanın adı ilə başlaması gərəkdir. Atanın bir sözü var: “Ataya səcdə şəri təqib etməkdir”. Sevimli amaldaşlarım, müsəlmanın “bismillah”ı var.“Bismillah” cini qovmaq üçündür. Bir şeydən qorxanda, hürkəndə, eləyəndə bismillah deyirlər. “Bismilah” deyir ki, Allah onun dadına çatsın. Bizim üçün Asif Ataya səcdə din adlı cini qovmaq üçündür. İçimizdə kök salmış cəhaləti, yadlığı qovmaq üçündür. Bizim  ağlımıza, şüurumuza onların hakim olmasına son vermək üçündür, onları rədd eləmək üçündür. Belə bir gələnək yaranıb, bu gələnəyi axıra qədər, hər an qorumalıyıq.
Deyirik, ərəb dünyabaxışı ruhumuzu, mənliyimizi işğal edib. İşğaldan qurtulmağın yolu – şüurumuzda oturanları silməkdən keçir. Ocaqçı deməməlidir, mən Ocağa gəlmişəmsə, işğal tam silinib. Əgər Ocağın bütün tələblərinə, vaxtlı-vaxında, əməl edə bilmirsənsə, deməli, tam silinməyib. Tam silmək odur, indiyə qədər olanların tərsini edirik, tərsini yaşayırıq, bütünlüklə. Biz bəşəriyyətə elan edirik, hədəfimiz, Azərbaycandan başlayan, Peyğəmbərlik olayı yaratmaqdır. Çünkü qurtuluş bundadır. Bu gün qabaqcıl sayılan dünyanın, bilim dünyasının, gəldiyi sonuc odur, peyğəmbərlik köhnə faktdır, arxaik faktdır, o qaldı arxivdə. Belə bir çağda biz isə durub deyirik, bizim istəyimiz yeni peyğəmbərlik olayı yaratmaqdır. Dünya qurtuluşu başqa şeylərdə axtardığı halda, biz yenə də qurtuluşu peyğəmbərlikdə axtarırıq. Peyğəmbərlik ruhaniyyat olayıdır. Ruhaniyyat bizim insani varlığımızla bağlıdır. İnsanlaşmağımızla bağlıdır. Elmləşməyimizlə, texnologiyalaşmağımızla bağlı deyil. Qanımızda boğan inkişafla bağlı deyil. Bu kimi məsələlər Ocağımızda, incəliklərinə, dərinliklərinə qədər, öyrənilməli, vurğu edilməli, yaşadılmalı, qorunmalıdır.
Bir də, Blənin vurğu etdiyibir məsələ ilə bağlı bir neçə söz. Ölkə sınırlarından uzaqda olanların Azərbaycanla bağlı topluma göstərdikləri “qəhrəmanlıqlar” məsələsi. İnsana dünyada heç kim inanmır, Asif Atanın Ocağından başqa. Keçən dəfə yadınızdadır, sizə Nəsimi ilə bağlı söz dedim. Deyirlər, Nəsimi dərisi soyula-soyula necə şeir deyib?! Bunu elm adamları, üzdə olanlar deyirlər. Niyə deyirlər?! Çünkü onlar öz açılarından, öz pəncərələrindən baxırlar. Necə olar adamın dərisini soya-soya şeir desin?! İnanmırlar, dərisini soyarsan, doğrayarsan, insan ölümün gözünə dik baxsın. Biz buna inanırıq. Yoq nəzəriyyəsi var. Bu təlimlə uğraşanlar közün üstündə, qırıq şüşələrin üstündə yeriyirlər. Bədənin olanaqlarını toparlayırlar. Burada ruhani inamın rolu bizim düşündüyümüz qədər deyil. Ancaq bədəni buna tabe eləmək məsələsi var. Özünə, istəklərinə tabe eləmək məsələsi var. Bu da insanın qüdrətidir. Asif Ata deyir, insan özündə Mütləq gəzdirir. O, içindəki Mütləqə yetəndə hər şeyə qadir olur. İndikilər İnsana, özlərinə inanmadıqları üçün cəsarət ortaya qoymur, zəhmətə qatlaşmır, həm kefindən, əyləncəsindən qalmır, həm də qəhrəman olmaq istəyir. Özü də necə qəhrəman olmaq istəyir?! –  Dış qüvvələr ölkəmizə etki göstərirlər. Dövlətimizin başında durandan hər şey tələb edir, verməsən, ölkəndəki narazı qüvvələri sənə qarşı qaldıraram deyir. Həmin yalançı qəhrəmanlar onların qoltuğuna qısılır, cibinə girirlər. Onların kölgəsinə daldalanırlar. Özünü də öz xalqına qəhrəman kimi göstərir. Görürsənmi, mən orda oturub səni əzənləri necə söyürəm, necə onlara qarşı açıq danışıram. Hünərin var, gəl burda elə. Ləyaqətin var, gəl Bakıda oturaq, bir yerdə danışaq. Görək danışa bilirsənmi?! Əgər Bakıda danışacaqdınsa, nə ölümün azıb, getmisən ora. Min bir fırıldaqla sənəd düzəldib, qaçıb oturmusan Avropanın göbəyində. Bunlar hamısı insansızlıq məsələsidir, özünə inamsızlıq məsələsidir. Yalançı cəsarət, yalançı qəhrəmanlıq məsələsidir. Asif Ata bunları rədd edir. Deyir, nə özünü aldat, nə xalqını, nə də ki insanlığı. Bu, cəsarət deyil, qəhrəmanlıq deyil. Ata sənə əsillik öyrədir, əsilləşmək öyrədir. Sənə içindən qüdrətli olmaq yolunu öyrədir. Bu da insana inam məsələsidir. Bizim məqsədimiz insanın gözünü açmaqdır, özünə inansın. Bizim istəyimiz odur. Başlıca məsələ – İnam məsələsidir. İnam olmadan insan özünə oxşamayacaq, heyvana oxşayacaq. Səni də aldadacaq, özünü də aldadacaq.
Bir də İnamlı qardaşımızın toxunduğu,“çeşid-çeşid dövlətlər yaradırlar” məsələsi. Monarxiya, diktarura, filan. Bunların hamısını araşdırırsan, öyrənirsən, gəlirsən Atanın dediyinin üstünə. İnsan özünə inanmadığı üçün azadlığın nə olduğunu kəsdirə bilmir. Bilsə, onda azadlıq üçün çabalar göstərər. Niyə deyirəm bilmir?! Çünkü azadlığın qaynağını, azadlığını itirməsinin də qaynağını özündə axtarmır, qıraqda, orda-burda axtarır. Hamının sorunu eynidir. Sən niyə gedib onun-bunun üzərində əməliyyat edirsən, nəyə isə yetmək istəyirsən. Öz üzərində apar da, o əməliyyatı. Asif Ata böyük, gözəl bir fakt olaraq öyrədir Özüylədöyüş məsələsini. Özüylədöyüş yoxdur, ona görə ailə də yoxdur, ata da yoxdur, ana da yoxdur, dövlət də yoxdur, vətən də yoxdur, bəşər də yoxdur. Sürü var, qan-qada var, cəhalət var, eybəcərlik var. İçinlə uğraş, özümləş, hər şeyi ondan sonra anlamağa başlayırsan. Anlayırsan, qıraqda da dəyişiklik aparmaq gərəkdir. Böyüklüyə yetməsən, heç nə sənin üçün aydınlaşmayacaq. Bunun üçün Ocaq var, Ocağın tədbirləri var, kitabları var, altında oturulacaq bayrağı var. İnam məbədi var.
Sizin hər birinizi, qarşıdan gələn Yeni İl açısından, qutlayıram. Hər birinizə ilimizi qarşılamaq əhvalı diləyirəm.
Atamızın Bayrağını öpürəm.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!

İnamlı Atalı: Soylu qardaşımızın dedikləri məndə bir düşüncə yaratdı. Gücün qarşısında siz neyləyə bilərsiniz deyirlər. Müxalifətçilər belə hesab edirlər, bizim mübarizə üsulumuz yumşaq bir üsuldur. Şərlə döyüş görünmür, şərə meydan vermək kimi gəlir. İnsanları dubinkanın altına verirlər, həbs edirlər, buna qarşı sərt üsulun olmasını düşünürlər. Deyirəm, bu fədakarlıqdır, məişətlə məhdudlanmırsınız, xalqı düşünüb ortalığa çıxa bilirsniz. Ancaq qorxmazlığınızı,potensiyanızı elə bir yerə yönəldirsiniz, onun axırı yoxdur. Lap tutaq, hakimiyyəti dəyişdiniz, nə yaradacaqsınız?! Nisbi üstünlüklər ola bilər, o da bir yerə kimi. Bayaq Soylu qardaş çox gözəl vurğuladı, gərək yaranasan, insana inanasan.Bundan sonra millət, xalq səviyyəsində gedişləri qurmaq olar. Onu demək istəyirəm, bizim mübarizə üsulumuz onlara çatmır.

Soylu Atalı:Bir var Şərlə döyüşmək, bir də var şərli ilə döyüşmək. Onlar şərlə döyüşmürlər, şərli ilə döyüşürlər. Biz şərlə döyüşürük. Ancaq bununla belə biz heç kimə demirik, mübarizə üsulunuzu qırağa qoyun, gəlin hamınız Ocaq içində mübarizə aparın. Biz deyirik, əgər şərlə döyüşmək istəyirsinizsə, Ocağın ideyalarına, tələblərinə yiyələnməyiniz gərəkdir. Ocağın ideyalarına yiyələnməyinizin birinci aşaması özünə, silahdaşına, vətəninə, dövlətinə, xalqına xəyanətdən qaçmaq, əsilləşməkdir. Sən kimin üçün mübarizə aparırsan, xalqın üçünmü, yoxsa sənin olanaqlarını qullananlar üçünmü?!Sizin başınızda duranların hər birinin gözəl yaşam tərzi var. Hamısının yaxşı pulu, ortamı var. Rəhbərlərinizin balaları gedib Londonda təhsil alır. Onların heç biri acından ölmür. Sənə deyibmi, acından ölürəm, mənə bir tikə çörək ver, ayaqda durub mübarizə aparım. Onlara bu ortamı kim yaradıb, niyə yaradıb?! Düşündünmü bunları?! Mən demirəm acından ölsün. Ancaq acından ölənlərin mübarizəsi doğru olar. Ləyaqətlə uğraşanlar xalqını düşünür, onun-bunun boyunduruğuna qaçmır.
Biz demirik, hamı öz döyüş üslubundan əl çəksin. Ancaq sizin döyüş üslubunuz mənə ümid vermir axı. 5 gün yol gedirəmsə, 6-cı gün arxamdan vururlar. Xəyanət çıxır ortaya. Bütün başımıza dırmaşanların yüzdə yüzü xəyanətdən qidalanırlar. Onları bir-birinin canına saldırıblar. Hamısı bir-birinin bütün paxırlarını açıb tökürlər. Sənin sevdiyin o birinin sevdiyinin paxırını açıb tökür, onun sevdiyi sənin sevdiyinin paxırını açıb tökür. Sən də durub, necə deyərlər, boğazacan zir-zibilin içində olanlara sevgi sunacaqsan?! Sənin öndərin belə. Mənim öndərim boğazına çörək qazana bilmirdi. Çünkü Sənin öndərin kimi onun-bunun,dış himayədarların pulu ilə yaşamırdı. Soyluların əlinin aşınması ilə ortaya gələn pulla yaşayırdı. Çünkü özünün ləyaqətini yaratmışdı, o ləyaqətlə xalqının meydanına çıxmışdı. Bütün söhbət ondan gedir. Sən şərlə döyüşmürsən, şərli ilə döyüşürsən. Mən şərlə döyüşürəm. Şərlə döyüşmək üçün sənə də yol göstərirəm. Mənim kimi ol demirəm, özün ol deyirəm.

İnamlı Atalı: Cəlilabadda bir müsavatçı Asif Ataya şər atırdı. Deyir, Asif Atanı mənə tanıtma, o, deputatlığa öz namizədliyini vermişdi. Deyirəm, bu boyda həyasızlıq olar?! Sən bunu necə dilinə gətirə bilirsən?! Belə böhtanlara, şərə də əl atırlar.

Soylu Atalı: Bunlar hamısı yaşadığımız şeylərdir. Bir dəfə Sumqayıt məktəblərinin birində görüş keçirirdim.Bir müəllimə mənə əngəl olmağa çalışırdı, dinə görə. Sonra o qədər hikkələndi, dedi, mən universitetdə oxuyanda Asif müəllim məndən rüşvət alıb. Mən də güldüm. Bu lap ağ oldu ki. Heç olmasa öyrəncilərinin qarşısında demə, rüşvətlə oxumusan. Hikkəyə bax, öyrəncisinin qarşısında, Asif Atanı ləkələmək xatirinə, deyir məndən rüşvət alıb. Yəni o deməkdir, rüşvətlə diplom almışam. Bu bir, ikincisi, Asif Ata baxışlarına görə təqib olunurdu, necə oldu, bu faktdan (rüşvətalma faktından) yararlanıb Asif Atanı o boyda DTK tutuqlamadı. Elə qazanan idi, sənin rüşvətinlə dolanardı da. Soylunun daş karxanasında daş yükləməsinə nə gərək vardı?! Nə isə, belə şeylər çox olub. Belələrinə nə deyəsən.
Göytəkinin sualı. Ata sözü: “Özüylədöyüşdə ən çətin an mənfi instinktlərlə döyüşdür. Mənfi instinktlərlə döyüşə bilməyən – özüylədöyüşdə qələbə çala bilməz”.
Əslində mənfi instinktlər dediyin, mənfi, ya da müsbət instinktlər, başlıca olaraq, insanın bioloji varlığıyla bağlı bir şeydir. İnsanın ruhani varlığıyla bağlı olan şeylər artıq instinktlərdən daha yüksəkdə duran duyğulardır. Bu instinktlərin hamısının üstündən xətt çəkmirik. Deyək, qorxu instinkti kimi. Bir var mənəvi açıdan dəyərləndirilən, bir də var fiziki açıdan. Bir var rəisdən qorxmaq, cindən,  şeytandan qorxmaq. Bir də var canavardan qorxmaq. Canavardan qorxmaq anlaşılan bir şeydir. Canavarın ağzına girəsi deyilsən, səni parçalayıb yesin. Canavardan qorxarlar da. Yəni özünü qorumaq gərək. Bu doğal bir şeydir. Gərəkli bir şeydir. Bu bioloji faktordur. Bu olmasa, mövcudolma da mümkün olmaz. Burada söhbət, artıq insanın mövcudluğundan gedir. Bu açıdan biz onların üstündən xətt çəkmirik. Biri də var, qorxunun mənəvi çaları. Mən ərimdən qorxuram, arvadımdan qorxuram, gəl məni onun əlindən al. Bu, kiminsə zəifliyidir. Bunlardan qorunmaq üçün insan özü ortaya iradə qoymalıdır. Mənfi çalarları anlamağa çalışmaq gərəkdir. Bu çalarları öz azadlığınla tutuşdurmağı bacarmaq gərəkdir. Bunun olması nə deməkdir, olmaması nə deməkdir?! Əsarətin qarşılığı azadlıqdır. Harda olursan ol, varlığını sürdürməyə əngəl olan nə varsa, bu əsarətdir. Avropa bilginlərinin dediyi aşırı sərbəstliyi nəzərdə tutmuram. Freydin, Nitşenin dediyi kimi yox. Onlar insana elə bir sərbəstlik verirlər, insan o zaman öz kimliyini unudur. Tam olaraq heyvana bərabər olur. Mənə qıraqdan kimsə nəzarət etməli deyil ki, mən heyvana bərabər olmayım. Bunu mən özüm etməliyəm. Qıraq nəzarət məni qorxu altında saxlayar, cızığımdan çıxmağa qoymaz. Ancaq imkan tapan kimi mən cızığımdan çıxaram. Mənim özüm içimdə əmələ gətirməliyəm ki, mən ləyaqətimi, insani kimliyimi təsdiq edim. Deməli, istənilən bir sərbəstlik azadlıq demək deyil. Azadlıq içimdə olan ilandan, tülküdən, canavardan qurtulmaqdır. İçimdəki aqressiya, başqasını çalmaq, başqasına əzab vermək, zəhmət vermək, başqasının cibinə girmək, başqasından oğurlamaq – adını çəkdiyim heyvanların keyfiyyətidir. Onlardan qurtulmaq gərəkdir. Bundan qurtulmaq da, içində baş qaldıran cılızlıqlara əməl etməməkdən keçir. Dünən mənə qarşı kobud idin, bu gün olma. Bu gündən sonra olma. Dünən mənim haqqımı əlimdən alırdın, bu gün alma. Bu gündən sonra alma. O şeylər ki,içində baş qaldırır, onların tələblərinə əməl etmə. Onlar səni əsarətə götürür, tanı, əməl eləmə. Onun tərsini et, insani əməlləri yerinə yetir. Nə qədər çətin olsa da, bunu et. Bir də görəcəksən, tamam ayrı bir şey olub, içindəki mənaya, məzmuna bərabər yaşayırsan. Bu özündən asılı bir şeydir. Doğru saymadıqlarınla, pis şeylərlə döyüşmək onları əməlsiz qoymaqdır…

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə tədbir sona yetdi.

Səsdən sözə çevridi: Göytəkin, Nurtəkin Atalılar.
Köçəri Ayı, 43-cü il. (fevral, 2022).

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir