Ocaq Günsırası ilə 30 Qar Ayı 43-cü ildə (yanvar, 2022) Asif Ata Ocağının “Uluyol-Hünər” Ailəsinin növbəti “Ailə Günü” toplantısı keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı:“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”nə xoş gəlmisiniz. Yaşantılarımla bağlı düşüncələrimi deyim. Ay içində Amallaşma yönündə Atanın kitablarından oxumuşam. Qıraq ədəbiyyatlardan da oxumağa başlamışam. Oxumaq məni yaxşı etkiləyir, ayaqda saxlayır. Çünkü həyat qayğıları ilə aşırı yüklənmək insanı həmişə özündən ayırır. Soylu Atalının sözü var, əlin həyat işi görsə də, düşüncən Amalla olsun. O yöndə düşünəndə həyatı da başqa cür yaşayıram.
Xalqlaşma işim geniş olmayıb. Bir iş yoldaşıma Ocaqla bağlı bilgi vermişəm.
“Ailə Günü”nün qonusu ilə bağlı bəzi düşüncələrimi yazmışam: Özünə inanmaq öz ömrünə yiyə olmaqdır. Düşüncələrinə, arzularına, ümidlərinə yiyə olmaqdır. Hər şey səndən asılıdır. Xoşbəxtlik də buradan başlayır. Özünə inandıqca özünü qurursan, özünü görürsən. Özünə həqiqətin gözü ilə qiymət verirsən, dəyərləndirirsən. Ömür qurulduqca həqiqəti təmsil edirsən. Özünə inanmayanda adama Zaman, toplumsal ortam yiyəlik edir. Bunu özümüz də görürük. İstər düşüncəndə, istər yolunda özünə yiyə olmayanda hər şey adama hökm edir. Hər şey adamın həyatının, düşüncəsinin yönünü dəyişməyə qadir olur. Onların sabahı olur, ömrün sabahı olmur. Amala yiyələnmək ömrü sabahlaşdırmaqdır.
İnsanın insana ağalıq ehtirası güclüdür. Hara getsə, harda olsa ən kiçik söhbətdə, davranışda belə özünü haqlı bilmək, üstün görmək duyğusu yaşayır ömürdə. Hər kəs başqasına özünü sübut etmək istəyir. Ancaq özümləşsə sevgi ilə, doğmalıqla yanaşar, necə yaxşı olar.
Həyatın bütün ağrı-acısını başqasından çıxartma. O ağrı-acını başqasına ötürmə. Sevgi ötür, doğmalıq ötür. Nə ötürsən qayıdacaq sənə. Heç nə qarşılıqsız deyil.
Xalq yaltaqlananda sözünə də yad olur, özünə, gələcəyinə də yadlaşır. Həqiqət sərtdir, çünkü gözləri açır, özüylə barışmağa qoymur. Gözün açılarsa barışmazsan dünyanın gedişi ilə. Savaş açarsan. Bu savaşda gücün, zorun böyüklüyü qorxutmaz səni. Sən dünya ilə, əslində dünyasızlıqla savaşırsan. Dünya səndə həqiqəti görəcək. Ömür həqiqətləşəndə dünya səni görür. İçimdə nə qədər xeyir, nə qədər şər varsa, o qədər dünyanı xeyirləşdirirəm, şərləşdirirəm. İçimdəki xeyir-şər nisbəti dünyaya yansıyır…
Atamız Var olsun! Bayrağımızı öpürəm.
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A):“Uluyol-Hünər” Ailəsi keçdiyi yolla, doğrudan da, özünün Ulu olduğunu göstərdi. Burada söz demək mənim üçün şərəfdir. Mən də “Ailə Günü” hesabatımı vermək istəyirəm. Amallaşmaq yönündə Atanın “Dünyaçılıq – İnsançılıq” kitabını yenidən oxumuşam. Düşünürəm, Atanın kitablarını dönə-dönə oxumaqmaq, yeni əhvallara yetmək gərəkdir. Burada İnsanın təbiətə, insanlara fəlsəfəyə,elmə, inanclara, qədimliyə,dünyaya, üstünlüyə münasibətinin Amalımız açısından çözümünü öyrənmişəm. Buradan öyrəndikərimi ağlımla, duyğumla yaşamışam. Amal yolunda öyrəndiyim, atdığım hər addım kamillik yolunda irəliləyişimdir əslində. Mən nə qədər öyrənirəmsə, o halla gedib söz deyirəmsə, ürəklərə çatdırıramsa bu, mənim kamilləşməyimin yeni bir addımıdır.
Xalqlaşma hesabatı ilə davam edirəm.
Qar Ayında Sumqayıtda bir neçə ailənin toplandığı ünvanda Ocaq sözü demişəm. Xoş bir əhvalla dinlədilər, razı qaldılar. Orada olanlardan bir neçəsi bizim “Ailə Günü” tədbirlərimizdə olub. Ona görə onlar üçün daha xoş oldu.
Respublika xəstəxanasında gözləmə otağında olanlarla söhbət aparmışam.“Kəpəz” qospitalında müalicə alırdım, orda da yaxşı söhbətlər etdim. Ədəbiyyatlar bağışladım. Ciddi maraqlandılar. Mənim olaylara baxışımı, fərqli münasibətimi ilginc qarşıladılar. Siz kimsiniz deyə soruşdular. Mən də elə o suala cavabla başladım Asif Atanı anlatmağa.
“Da Vinçi” qospitalında bir həkim var, Soylu Atalının anlayışı ilə desəm, Ocağa sayğıbəslər biridir. Çoxdandır ilgilənirdi. Mənim çıxışımı dinləyib. Atası jurnalist olub, özünü türkçü adlandırır. Mən onunla türkçülüyün nə olduğu yönündə söhbət etdim. Məncə, türkçülük onun üçün “türkçüyəm” deməkdən uzağa getmir. Mən Ocaq açısını aydınlatdım, bizə görə “türkçülük” – türk dəyərləri ilə yaşamaqdır. Dedim, sənin atan öləndə yəqin ərəbçilik gələnəyi ilə davranmısan. Əslində bu, türkçülük deyil. Sən hər hansı bir məqamda yadlığı başa keçirirsənsə, bu, türkçülüyü yaşatmamaq deməkdir.
“20 Yanvar” metrosu yaxınlığında idim. Mənə Az Tv-nin çəkiliş qrupu yaxınlaşdı. Dedilər, mümkünsə,“20 Yanvar” haqqında bir neçə söz deyin. “20 Yanvar” olayını silsilə fəlakətlərimizdən biri kimi qiymətləndirdim. Qarabağ olayını, “sülhməramlı”ların yerləşdirilməsini “20 Yanvar” faciəsinin davamı saydım. Sonra “Xocalı”nı dedim. Bilirdim, onlar bunu yayımlamazlar. Ancaq maraqla qulaq asırdılar. Çünkü sözün ciddiyyətini sərgiləyirdim. Sonra kameranı yığışdırdılar. Dedilər, qısa bir-iki cümlə de. Onda dedim, özünə yadlaşmış bir millətin qurduğu dövlətin xəyanəti idi “20 Yanvar”. Balalarımızı qırdılar.
Fərdi görüşlərim də çox olub. Dükanda, bazarda, avtobusda, uşağı məktəbdən gətirəndə qarşılaşdığım insanlarla Ocaq haqqında söhbətlərim olur. “Dünyanın bu durumunun səbəbi nədir, əlacı nədir” kimi suallar üzərindən söhbət edirəm. Qonşularımla söhbətlərim olur. Bəzən evimdə söhbətlər edirəm, bəzən mənə qınaq xarakterli yanaşmaları olur. Deyirlər, sən belə olmasaydın, filan işimiz axsamazdı, düzələrdi. Ən çox məni yoran ailə içində bu cür münasibətlər olub. Evindəki ilə döyüşmək üçün dağ olmalısan. Acıqlanmaqla, qışqırmaqla, hikkələnməklə olmur. Ya gərək böyük Yola çıxmayasan, çıxdınsa bu cür halları gözə almalısan. Bunu da gözə almışıq.
Bu günkü qonumuzda Atanın gözəl bir sözü qoyulub. Bu gün tədbirimizə nəvəm Muradı çağırmışam. Bu sözü ən çox ona eşitdirmək istəyirəm.Hər kəsə gərəkli qonudur. Hər kəs dünyada olan çıxılmazlıqları görüb, onları özünə dərd etməklə, özünü itirməkdədir. Ancaq insanın çıxılmazlığı yoxdur, qayğısı var. Qayğısız həyat yoxdur. Hər şeyi çıxılmazlığa çevirmək olmaz.
İnsanın özünə inamı, inamsızlığı nə deməkdir?! Mən deyirəm, özümə inanıram, yəni özümdəki Mütləqə inanıram, Mütləqə yetmək olanağıma inanıram, həqiqətə, ədalətə, saflığa, idraka, iradəyə, mənəviyyata yetmək qüdrətinin olduğuna inanıram. Bu, istəyə, Amala çevrilir. İrəlilədikcə həqiqətlə bir oluram, ömrümə kamillik gəlir. Çıxılmazlıqlar ortadan qalxmağa başlayır. Bir vaxt faciə saydıqlarım arxada qalır. İşıqlı bir ömür yaşayıram. Çevrəmi işıqlandırıram. Dünya, həyat, insan gözəl görünür gözümdə. Dağlarda, düzlərdə, çaylarda, təbiətdə yeni rənglər görürəm. Hər şeyi bağrıma basmaq, sevmək, oxşamaq istəyirəm. Bütün bunlara, özümə inamımla yetirəm. Özünə inanmamaq dediklərimin tam tərsidir. Adam özünə inanmayanda özündəki köləyə, həsədə, zalıma, hərisə, zora, yalana tapınır. Əsarətə düşür. Maddi, fiziki imkanları başdan aşsa belə, ən faciəvi ömür yaşayır. İsgəndərlərin, Teymurların, başqa şəxslərin həyatında bu cür faciələrin tanıqı oluruq. Zorun, zalımın yaratdığı bütün səltənətlər yerlə bir oldu. Nəsimilərin, Babəklərin, Yan Qusların,başqa özünə inananların haqq yolunda çəkdikləri əzablar onların faciəsi deyil, ölümsüzləşmələridir. Yaşamaq gərəkdir. Ata deyir, “vətən üçün yaşamaq vətən üçün ölməkdən çətindir”. Millət üçün, bəşər üçün yaşamaq, Amal üçün yaşamaq gərəkdir. Amal yolunda mənim həyatım hardasa süstləşirsə, yavaşıyırsa mənim ömrüm orda bitir. Həqiqət adamı, eşq adamı olmaq, Amalına, Yoluna layiq yaşamaq var olmaqdır. Ona görə deyirəm, yerişimiz də, duruşumuz da, baxışımız da, can deməyimizin özü də harayımızdır. Dünya onda gözəlləşir gözümüzdə. Atanın bu sözünə bütün həyatımız, ömrümüz cavab verir.
Atamız Var olsun!
Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Ailə Günü hesabatıma başlayıram. Amallaşma yönündə Atanın “Həqiqətlər” bitiyini oxumuşam. Bəzi düşüncələrimi qısa deyimlər şəklində yazmışam. Sizinlə paylaşmaq istəyirəm. Din qorxunu, itaət etməyi, boyun əyməyi, qul olmağı Allaha Sevginin ifadəsi olaraq görür. Allah dinin dediyi kimi mərhəmətli, yaratdığını sevən olsaydı, ondan qul olmağı tələb etməzdi.Dində Allaha qovuşmaq deyəndə itaət etmək tələb olunur. Mütləqçilkdə Mütləqə qovuşmaq insanın həqiqətlə doğmalaşması, İnsanlığa qovuşmasıdır.
İnsanın Allahdan qorxmasına səbəb onun günahlarıdır. Din insana “əbədi günahkar” damğası vuraraq, onun üzərində qorxu əsarəti yaratdı.Günahlar, qüsurlar insanı Allah qarşısında qorxan qula çevirdiyi kimi, zorun qarşısında da baş əyən mütiyə çevirir. Əsarətin aradan qalxması mənəviyyatın qurulması ilə mümkündür.
İnsan cəmiyyəti daim pisləyir, ancaq həm də cəmiyyətdəkilərdən biri olaraq yaşamaqdan başqa yol görmür. Mənəviyyatca cəmiyyətdəkilərdən,nisbi anlamda, üstün olmaqla yaxşı adam sayılmaq olar. İnsan olmaq – özünü Mütləqin tələbləri ilə yetişdirmək, yenidən qurmaq, cəmiyyəti ötmək deməkdir.
Din Allahı “yaradıcı” olaraq insana qəbul elətdirə bildi, ancaq insan Allahlı ola bilmədi. Çünkü insanlar arasında Birlik deyil, dinə yanaşmada ayrı-seçkilik yarandı. İnsan Allaha sevgi adı altında qılınca əl atdı. Bu cür gedişlər insanlararası münasibətlərin pozulmasından başlayaraq, müharibələrə, qırğınlara qədər genişləndi. Ona görə dinlər daha çox siyasətə yaradı. Çünkü siyasət dünyasında İnsaniliyə yer yoxdur.
Kamilləşmə hesabatım: Keçən tədbirlərimizin birində Günev əmi vurğuladı, biz həmişə “nə dərəcədə kamilləşmişəm” sualına cavab verməkdə çətinlik çəkirik. Doğrudan da, “ay içində kamilləşmə yolunda hansı addımları atmışam, özümlə bacara bilmişəmmi” kimi suallara cavab vermək çətindir. Son zamanlar bir şeyin fərqinə vardım. Mən öncələr özüylədöyüş qeydlərimi yazmazdım. Həm bir çox hallarda özümdən qaçırdım, həm də qüsurları özündə görüb boynuna almaq çətindir. Ancaq onu yazmaq ikiqat sorumluluqdur. Bu gün yazdığın hər hansı bir qüsuru sabah, o biri gün yazmaq üçün daha artıq çaba göstərməlisən. Son zamanlar yazmağa başladım. Gördüm ki, indiyədək qüsurlarımı görmüşəm, özümə şifahi şəkildə demişəm, az-çox çaba da göstərmişəm, ancaq heç birini tam aradan qaldıra bilməmişəm. Bir çox məsələlərdə özümü aldatmışam. Yazmağa başladım, gördüm, sorumluluğum artır, qüsurlarla döyüşüm müsbət sonuclar verməyə başlayır.
Keçən dəfə Soylu bəy dedi, “Ailə Günü”ndə özüylədöyüş yazılarınızı oxumağınız gərəkdir. Mən bir neçə gün öncə yazılarıma baxdım, oxuya bilmərəm deyib qırağa qoydum. Sonra bir daha düşündüm. Niyə kimlərinsə qarşısında qüsurlarımı deyə bilmirəm?! Deməli, kiminsə mənə qarşı düşüncələrinin dəyişəcəyindən rahatsızam. Bu, bir asılılıq kimi mənim içimdə qalır. Etiraflarlardan qaçmaqla əslində özümü gizləyirəm. Bununla, hər kəsdə, özüm haqqında yüksək fikir formalaşdırmağa çalışıram. Ona görə yazılarımdan bəzilərini oxumağı qərara aldım. Hələlik ümumiləşmiş şəkildə deyəcəm.
Bir neçə günün içində, yazdıqlarımın hamısında, yalan danışmaq qüsurum var. Yalan -günümün qaçılmaz qüsuruna çevrilib. Bəzən heç gərək olmayan yerdə, bəzən heç fərqinə varmadan yalanlara yol verirəm. Məncə, burada bu qüsurun yaşanması unutqanlıqdır. Hansı yolda olduğumu unudurammı, ya nədirsə, görürəm,yenə yalana yol verdim. Müsəlmanlarda belə bir şey var, yalana yol verirlər, ardınca deyirlər,“Allah günahımdan keçsin”. Ancaq bu belə olmamalıdır. Mənim qarşımda yalanı tam aradan qaldırmaq tələbi dayanır.
Bəzən kiminsə nəyisə bilmədiyini üzə çıxarmağa çalışıram. Məsələn, kiməsə nəyisə deyirəm, bilirəm, daha sadə şəkildə izah etməliyəm ki, qarşımdakı məni anlaya bilsin. Buna baxmayaraq, daha sadə yol seçmirəm. Belə süni mürəkkəbləşdirmə çabalarım da var.
Ocaqsevərlərlə Xalqlaşmam olur. Daha çox onda özümə nəzarət eləmək istəyirəm, özümü onlardan üstüntutma xudbinliyim olmasın. Çünkü votsap qrupumuzda nələrisə deyəndə onlar mənimlə bağlı yaxşı sözlər deyirlər. Çalışıram bu məni çaşdırmasın, ancaq dərinliyə gedəndə görürəm, kimlərdənsə özüm haqqında yüksək sözlər eşitmək umacağım olur. Bu haqda Soylu bəylə söhbətimiz oldu, mənim üçün bu qonuya aydınlıq gətirdi.
Son günlərdəki bir yaşantımı da anlatmaq istəyirəm. Ötən gün “Ailə Günü”nün Gediş yazısını işləyib Soylu bəyə göndərmişdim. Baxmalı idi, yanlışlara düzəliş edib mənə qaytarmalı idi. Səhər oturub kitab oxuyurdum. Təsadüfən öyrəndim, mənə yox, Nurtəkin bacıya göndərib. Bir anlıq gərginləşdim. Mənə elə gəldi, Soylu bəy onu mənə göndərməməklə yazdığımın başdan-ayağa yanlış olduğunu dedi. Tələsik, gərgin düşüncələr bir-birini əvəz elədi. Özüylədöyüş gündəliyim gözümə sataşdı. Qayıdıb oturdum, bir anda amaldaşlarıma qarşı yaranan duyğuları sorğulamağa başladım. Anladım ki, mənim nələrisə öyrənmək çabalarım yaxşıdır, ancaq bu çox hallarda başqa cür ifadə olunur. Yenə burada özüm haqqında yüksək fikir formalaşdırmağa çalışıram. Alqışlasınlar ki, Göytəkin qısa müddətdə filan işləri öyrəndi. Bunları düşündüm, bir anda keçirdiyim o hisslərdən utandım. Nəyisə bildiyini göstərmək üçün atılıb-düşməyə gərək yoxdur. Hamımız eyni yoldayıq, Ocaq üçün çalışırıq. Ancaq duyduğum peşmanlıqla bərabər həm də sevindim. Mən dayanıb düşünə bildim, içimdə yaranan qaranlıq məqamı qırağa qoymaq üçün çaba göstərdim. İçim aydınlandı. Özüylədöyüşün mahiyyəti bir daha mənim üçün aydınlaşdı. Doğrudan da, insanlararası münasibətin pozulması insanın mənfi hisslərlə döyüşməməsindən qaynaqlanır. İnsanın İnsanlığa İnamı da elə o hissləri içindən qırağa qoymağı bacarmaqla yaranır.
Atamız Var olsun!
İnamlı Atalı ( Ataya səcdə edib, Bayrağı öpür – G. A.): “Uluyol-Hünər” Ailəsi həmişə var olsun. Bu Ailənin üzvü olmasam da, hər dəfə burada özümü ifadə etməyə çalışıram. Amallaşma yönündə həmişəki kimi kitab oxumuşam. Xalqlaşma işim olub. Dindarlarla dinin zərərləri, Mütləqə İnamın gərəkliyi ilə bağlı söhbət etmişəm.
Qonu ilə bağlı düşüncələrimi deyim. İnsanın özünə inamı nədir, özünə inanmamağı nədir? – İnsanın inamı da, inanmamağı da onun dünyabaxışından irəli gəlir. Hansı dünyabaxışa inanır, bu dünyabaxış nə dərəcədə onun içində həqiqətə çevrilir, bu, çox önəmli məsələdir.
Bu gün topluma hər şeyi təlqin edirlər. Demokratiya, bazar iqtisadiyyatı, azad rəqabət kimi ifadələrlə toplumu çaşdırırlar. Guya bunlar insana gərəkmiş. Demokratiya əslində yaxşı bir şey yaxşı ola bilər, ancaq insanın əlinə tapşırılarsa. Demokratiya insanın yönünü bazar rəqabətinə yönəldirsə, bunları təlqin edirsə, burada ləyaqətdən, mənəviyyatdan, əxlaqdan söhbət gedə bilməz. İnsan nə dərəcədə insanlığa nail olacaqsa, onda hər şey öz gözəlliyini tapacaq.
Deyirlər, bəlli yaş həddindən sonra insanın xarakteri formalaşır. Biz isə düşünürük, insan həmişə özüylə döyüşməli, özünü yaratmalıdır. İndi ailəyə də, məktəbə də cəmiyyət qanunları köçüb. Uzun müddət insan bu qanunların etkisi altında olur, təhsil də bu qanunlarla gedir.
Mən uzun müddət özümə inanmamışam. Mən gerçəkliyin qanunları ilə yaşamışam. Həyatın öz qanunları üzərində həyatı qurmağa çalışmışam. Bu olmayanda, həyatdan, dünyadan küsmüşəm. Cəmiyyətin düzələcəyinə inanmamışam. Ocaqla rastlaşdıqdan sonra öncəki düşüncələrimlə döyüşmüşəm. İndi insanın bütün xoşbəxtliyinin bu yolda olduğuna inanıram. Özümü bu yolda qurmağa çalışıram.
Atamız Var olsun! Bayrağımızı öpürəm.
İlahə Ucaruh: Təşəkkür edirəm hər birinizə, dediklərinizə görə.
Ata ilə bağlı işlədiyim kitabının bir hissəsini Nurtəkinə göndərmişəm. Baxsın, düzəlişlərə gərək varsa desin. Qalan hissəsinin üzərində işləyirəm.
Nurtəkin Atalı: Var ol, bacı. Göndərdiyini oxuyuram. Qalan hissəsini də bitirib göndərərsən. Davamlı olsun.
Əhməd Fərhad: Elə bir sözüm yoxdur. Asif Atanın işığına, nuruna yığışan adamlarla bir arada oturmaq, onları dinləmək mənim üçün çox xoşdur.
Rafiq Qasımov: Burda sizinlə birlikdə olmaqdan çox məmnunam. Göytəkin bacını dinlədim, özümün hazırkı halımı, durumumu onun çıxışı tam ifadə elədi. Mən həqiqətən bilmək istərdim, siz bu qənaətlərə necə gəlmisiniz, bunu praktiki olaraq həyatda necə yaşayırsınız? Həyatda hər şey gözümün qabağında durur, mən onlardan heç cür zövq ala bilmirəm. Öz düşüncələrimlə həbs olmuşam sanki. Düşüncələrimdən görürəm, onların mənim gerçək həyatımla, şəxsi həyatımla əlaqəsi yoxdur. Ancaq sanki məni hansısa güc daxildən həbsə alıb. Bilmirəm bunun mahiyyəti nədir. Çox istərdim, bu hallardan qurtulmağın yollarını praktik cəhətdən sizdən öyrənim. Bunu bacarsam, məmnun olaram. Çox gözəl ifadə elədiniz, mənim iç halımı anlatdınız. Çox sevinirəm sizi tapdığım, gördüyüm üçün. Çox sağ olun.
Nurtəkin Atalı: Var olun. Ümid edirəm, sizin gəlişləriniz davamlı olacaq. Davamlı görüşdükcə, söhbətləşdikcə bir yerdə uğurlu sonuclar əldə edəcəyik. Bir də Göytəkin bacımızın çıxışı ilə bağlı bir neçə söz deyim. Zamanında biz də, Göylü ilə Ocaq əməlləri edəndə, tədbirdə Soylu Atalının çıxışına baxardıq. Onu təqdir etdimi, onu təriflədimi kimi şeylər mənim içimdə də vardı. Baxmayaraq, əməllərimiz də vardı, ancaq özümü başqa Ocaqçılarla müqayisə etmək də vardı. Ancaq sonradan ömür Amallaşdıqca o sonuca vardıq ki, həm mənim elədiyim, həm başqalarının elədikləri hamısı Ocaq adlı dünyanı yaratmaq üçündür. Sənin, başqalarının əməlləri birləşir.
Sənin keçirdiyin duyğuları biz hər birimiz yaşamışıq. Ona görə anlayıram səni. Bunu ötəcəyinə də inanıram.
Yeganə xanım: Yaşım elə çox olmasa da, mən Günev dayını tanıyandan sonra yaşamağın dəyərini, mənasını anlamışam. Az müddətdir tanıyıram, ancaq çox şey öyrəndim. Biz kənd yerində yaşadığımız üçün həmişə mollalara inanmışıq. İndi belə şeylərdən imtina edirəm. Bəzən qarşılaşdığım tanışlar arasında, getdiyim yerlərdə bu ideya ilə bağlı düşüncələr deyirəm. Çox vaxt deyirlər, qınayırlar, Allaha itaət etmirsən, Allah səni cəzalandırar. Mən də deyirəm, Allahdan niyə qorxursunuz, niyə onu hamını cəzalandıran kimi görürsünüz. Belə şeyləri sizdən öyrənirəm. Çox sağ olun.
Nurtəkin Atalı: Atanın ömrümüzdə dəyişiklik eləməsi davam edir. Hər birinizin ömrünə Ata işığı gəlir. Bu Ocaqçıların sayəsində olur. Əsas odur, ardıcıl bağlantımız olsun, vaxt olduqca tədbirlərimizə qoşul, bacardıqca oxu.
Yeganə xanım: İmkan olduqca qoşulacam. Göytəkinlə daha sıx bağlantımız olur. Yəqin ki, Ocaqçılıq yolunda addımlayacam. Biraz ailədə normal qarşılanmır, bununla mübarizə aparıram. Deyirəm, ən doğru yol budur. Çox sağ olun.
Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): Ailə Günü ilə bağlı bir sıra açıqlamalar, aydınlaşdırmalar demək istəyirəm. Bəri başdan deyim, Ailə Gününə hesabat verən amaldaşlarımızın hər birinin özünəxas çalışmaları, uğurları var. Bir az öncə yolda Əhməd bəy dedi, o da Atanın kitablarını oxudur. Bəzən ayrı-ayrı dostlarımız da, işin önəmini yerində dəyərləndirib qiymətləndirə bilirlər. Ona görə də Atanın kitablarının, düşüncələrinin, oxunaraq, geniş yayılmasını özlərinin borcu bilirlər. Gərəkli bir işdir. Hərə bir addım atır, hərə əlindən gələni edir, Atanın işi yayılsın, yerisin. Hər zaman söhbətərimizdə vurğu eləmişəm, bu gün də edirəm, bizim məqsədimiz çox açıqdır. Azərbaycandan başlayaraq ümumbəşər düzəyində peyğəmbərlik olayı yaradırıq. Niyə yaradırıq?! Müsəlmanlar deyirlər, Məhəmməd peyğəmbərdən sonra peyğəmbər olmayacaq, peyğəmbərlik onunla qurtarır. Mən bunu çox kobud yanlışlıq sayıram. Hətta sevdiyim, bəşəri dəyər saydığım Nizaminin “məndən sonra şeir qurtardı” deməsi də mənə çox pis görünür. Çünkü nə şairlik, nə alimlik, nə peyğəmbərlik kimlərləsə başa çata bilməz. Bəşər idrakı sonsuzdur. Yenilənmə var. Əgər yenidən dünyaya gəliş varsa, doğuluş varsa, yaranış varsa, məhdudiyyət qoya bilməzsən, filan şeylə filan şey başa çatır. Çünkü yaranış var, insan davam edir. İnsan davam edirsə, düşüncə də davam edir, yaradıcılıq da davam edir. Hər kəsdə özünəxas olaraq davam edir. Mən Nizamini, həm də böyük elmi yaradıcılıq ortaya qoyan bir düha sayıram. Özünəxasdır, əvəzsizdir, bənzərsizdir. Ancaq o demək deyil, ondan sonra olmayacaq. Heç kim heç kimi əvəz eləmir. Kimsə özünü kimlərəsə bənzətməyə çalışar, yamsılamağa çalışar, bu ayrı şeydir. Bu yamsılayanın balacalığı, cılzılığıdır.
Biz, Azərbaycandan başlayaraq, genelbəşər düzəyində peyğəmbərlik olayı yaradırq. Biz həm də peyğəmbərliyə yeni münasibət yaradırıq. Yazılarımın birində yazmışam, Asif Atanın dünyagörüşü hər şeyə yenidən qiymət verir. Özünə qədər olanları nisbi sayır. Özündən sonra da, daha gözəl qiymətlər verilməyəcəyini demir. Mən ona görə bu dünyabaxışı yaratmışam, məndən sonra da, İnsanlıq həqiqi qiymətini davamlı olaraq tapsın. İnsan özünə bənzəsin. Asif Ata Peyğəmbərliyə yeni baxış, yeni ölçü yaradır. Biz Asif Ataya qədər, istər fəlsəfi, istərsə də dini-ruhani dünyabaxışlar olsun, heç kimin fantaziyalarına qoşulmuruq. Heç kimin fantaziyalarını sabaha daşımağı da doğru saymırıq. Özümüz də fantaziya yaratmırıq. Məsələrə tamamilə fantaziyalardan uzaq yanaşırıq. Peyğəmbərliyə də elə yanaşırıq. Heç bir fantaziya, heç bir əllaməçilik, heç bir oyun olmamalıdır. Peyğəmbərlik – dünyabaxış yaradıcılığıdır, İnam yaradıcılığıdır. Bəşəriyyəti, düşdüyü mənəvi-ruhani bəlalardam qurtarmaq üçündür. Burada oyun olmaz. Oyun olarsa, necə qurtacaqsan?! İnamda oyun olmaz, yalan olmaz, fantaziyaçılıq olmaz, əllaməçilik olmaz. Möcüzə adına möcüzə oyunları olmaz. Möcüzə adına möcüzə oyunları yaratdılar deyə, özündən sonrakıların hamısı hoqqabazlığa başladılar. Kimi görürsən, hər yerdə əllaməçilik edir. Əlini yerə döyür, yerdən sirr “çıxardır”. Başa düşə bilmirsən nə deməkdir. Belə insanlıqmı inkişaf edər, belə İnsanlığın sirlərinəmi çatmaq olar, belə dünyanın gözəlliklərinimi kəşf etmək olar, belə dünyanın mənasınımı dərk etmək olar?! Hədəf nə olmalıdır?! Dünyabaxışın hədəfi insanın özünü dərkidir. İnsan özünü, dünyanı dərk eləməlidir. İnsanın özünü dərk etməsi nə deməkdir?! Bəllidir, o, təkcə biologiya deyil, o heyvanat aləminin bir ünsürü deyil, bunlardan qat-qat dərin bir Məna daşıyır.
Mənim yanımda oturan, xətrini istədiyim cavan dostumuz Rafiq bəy deyir, mən onu praktik olaraq görmək, bilmək istəyirəm. Axtarışdadır. Praktik nədir, bütün oyunlardan çıxmaq, bütün oyunları qırağa qoymaq, heç kimin oyununa bulaşmamaq, girməmək, həqiqətə açıq, ayıq gözlə baxmaq, onu yaşamağa, ömrünə gətirməyə çalışmaqdır. Biz heç birimiz anadan kamil doğulmuruq, qüsurlu doğuluruq. Biz həm də bədənik. Bədənlə heyvan arasında fərq yoxdur. Ruhla heyvan arasında fərq var. O ruhu yaradırıq, böyüdürük, ona yetirik. Yəni heyvanatdan ayrılırıq, İnsanlıq adlı Mənamıza çatırıq. Həyata buna görə gəlirik, Mənadan gəlirik, Mənanı ifadə edək. Ancaq bizim Mənaya çatmaq yolumuzda nə qədər əngəllər var. Qoymurlar. Qoymayanlardan biri bayaqdan adını çəkdiyimiz dindir. Sonrakı həyat ideyasını ortaya atırlar. Sonrakı həyat mənim nəyimə gərəkdir?! Sonrakı həyatda mən olmayacam. Mənim nəyim varsa bu həyatda var. Yaxşım, yamanım, yaradıcılığım hamısı bu həyatdadır. Yetər ki, bu həyatda özümə bənzəyim, özümə bərabər yaşayım. Ömrümdə yaratdığım, aşkarladığım nə varsa, məndən sonra ölməsin. Ölməzlik budur. Ömürdə Mənanı kəşf eləmək, aşkarlamaq, onu yaşamaqdır ölməzlik. Gedib “O dünya”da olmaq ayrı şeydir, uydurmadır, hoqqadır.
Dünyanı dərk məsələsi olduqca ciddi məsələdir. Özünü dərk məsələsi olduqca ciddi məsələdir. Dünyabaxışın hədəfi bu olmalıdır. Asif Ata peyğəmbərliyinin hədəfi odur. Asif Atanın yaratdığı dünyabaxışın məqsədi odur. İnsan özünə bənzəməlidir, dünyanı dərk eləməlidir, özünü dərk eləməlidir. Yaşamaq da budur.
Özünü dərk etməlidir ki, mən heyvan deyiləm. Mənim olanaqlarımda o qədər gözəl, yüksək keyfiyyətlər var, duyğular var. Mən anadan kamil doğulmuram, bioloji doğuluram.
Mən dünyaya gəlirəm, burada yol axtarıram, anlamağa çalışıram. Mənim gəldiyim bu dünya nədir?! Bunu da anlamaq – özünü anlamaqdan başlayır.
Qonuda yazmısınız, özünə inamsızlıqdan başlayır hər şey. Özümə necə inanım?! Mənə elm deyir bioloji varlıqsan, biri deyir quldur, biri deyir heyvandır. Bizi heyvandan, meymundan yaranan varlıq kimi götürürlər. Yaxşı, mən özümü dərk elədim, gedib çıxdım ki, mən meymundan əmələ gəlmişəm. Onda mən niyə yaşayıram, meymun var da. Tamamilə həyatın mənasını gözümüzdən salırlar, öldürürlər həyatı gözümüzdə. Asif Ata deyir, meymundan yaranmamısan, insandan, İnsanlıqdan yaranmısan. Ona yetməlisən, onun qədrini bilməlisən. Möcüzələr İnsanlıqdadır. İnsanın dostluq adlı möcüzəsi var. Atalıq, analıq, qardaşlıq bacılıq adlı möcüzələri var. Analığında həqiqətə çat, bütövləş. Dostluğunda həqiqətə çat, bütövləş. Atalığında, kişiliyində, namusunda, qeyrətində həqiqətə çat, bütövləş. Onda görəcəksən, gözəllik nə deməkdir. Bütövləşmək – gözəllikdir. Onu yaşayanda bilirsən həyat nədir, insan nədir. Dünyanı onda dərk edirsən. İçindəki gözəl, yüksək keyfiyyətlər aşkarlanandan sonra bilirsən dünya nədir. Sən məni öz içimə qapa, sonra deynən bu dünya boşdur, o biri dünya var, gedib kef edəcəksən. Belə şeylərlə insanın yolunu bağlamaq olmaz. Mən demirəm, indiki yaşam, həyat nizamımızı yalnız din yaradıb, deyirəm, indiki həyat nizamının bu cür qalmasına din böyük təkan verir. Kimin gücü çatırsa, bütün dünyanın nemətlərini, sərvətlərini qamarlayıb kef edir. Ancaq heç kim xoşbəxt deyil. O dünyada da heç kim xoşbəxt olası deyil. İnsan kefin içində xoşbəxt ola bilməz.Başını işlətmə, ağlını işlətmə,zəhmət görmə, özünü görmə, dünyanı görmə, ye, iç, tüfeyli yaşa. Bununla dünyanı dərk eləmək, xoşbəxt olmaq olmaz axı. Öl ki, xoşbəxt olasan. O dünyada duyğuların yoxdur, mənəvi heç nəyin yoxdur, ancaq xoşbəxt ol. Bu nə deməkdir?! Xoşbəxtlik – həyatımız nədirsə, onu sağlam yaşaya-yaşaya, onu sağlam qura-qura, nizamlaya-nizamlaya öz Mənamıza bərabər olmaqdır. Tülküdən, ilandan, canavardan azad olmaqdır xoşbəxtlik. Mənim belimi içimdəki qırır. Asif Atanın özüylədöyüş ideyasının canı odur. İçindəki ilanı öldür ki, başqasının varlığına, mənəviyyatına zəhər qusmayasan. İçindəki tülkülüyü öldür ki, başqalarını aldatmaqla uğraşmayasan. İçindəki canavarı öldür ki, başqalarının mənəviyyatını parçalamayasan. Başqalarına qarşı vicdansız yaşamayasan, ədalətsiz olmayasan.Özüylə döyüşün anlamı budur. Xoşbəxtlik də budur. İçində səni heyvana bərabər saxlayandan azad ol. Onda xoşbəxt olacaqsan. Onların əsarətində xoşbəxt ola bilməyəcəksən. Ona görə mən yazmışam, Asif Ata Türk millətindən başlayan “özünü qoruma sistemi” yaradıb. Öncə öz millətimiz üçün özünü qoruma sistemi yaradıb. Nədən qoruma?! İnsanın şüurunu məhv eləmək, insanın kimliyini məhv eləmək, insanın özünü dərk prosesinin qarşısını almaq, insanın vətənini, sərvətini, dövlətini əlindən almaq kimi eybəcərliklərə qarşı özünüqoruma sistemi yaradıb. İnsan öz Mənasına bərabər yaşayarsa, kamilləşərsə, içindəki eybəcərliklərdən azad olarsa, onun yaratdığı mühit, ortam yeni ölçü ilə nizam tapar. Ondan sonra özünü qoruyursan.
Öncə sənin şüurun, mənəviyyatın işğal olunur. Ondan sonra vətənini parçalayırlar, özünü qoruya bilmirsən. Heç nəyini qoruya bilmirsən. Ona görə Asif Atanın yaratdığı dünyabaxış özünü qoruma sistemidir. Min ildir, bizim özünü qoruma sistemimizi dağıdıblar. Bunu ancaq peyğəmbər yarada bilər. Dünyabaxış yaradan yarada bilər. Bu, alimin, filosofun işi deyil, sıradan aydının işi deyil, bu, peyğəmbər işidir. Peyğəmbər də, dediyimiz kimi oyunbaz deyil, İnsanın anlamını insanın özünə qaytaran, onun azadlığının, özünü dərkinin yolunu açan dünyabaxış yaradandır. Peyğəmbər insana kef vəd eləyən, özü də kef çəkən, inamın başına kəndir salan, inamın adına hər şey deyən kəs deyil. Sizə qəribə görünməsin, mən bunu yazmışam, əslində həqiqi peyğəmbərlik Asif Atadan başlayır. Asif Ataya qədər peyğəmbərlik bu, ya başqa şəkildə əllaməçiliklə, fantaziyalarla doludur. Asif Ata meraca uçmur. Cəbrayılın torbasında Allahla görüşməyə, ya da pərdə arxasından Allahın səsini dinləməyə getmir. Asif Ata içindən soraq verir, içindən yaradır. Öz düşüncəsindən, təfəkküründən, mənəviyyatından yaradıb ortaya gətirir. Bütün bəşəriyyətin zəngin qədimliyini öyrənərək, yaxşı, gözəl, yüksək nə varsa, hamısını ürəyinə yığaraq. Onda, özünün dediyi kimi, insan daha kamil surət yaradar, o kamil surəti də İnsanlığa sunar. Asif Ata belə peyğəmbərdir.
Asif Atanın Ocağında keçirdiyimiz Ailə Gününün məqsədi var. Hər bir insan bəlli bir ömür yaşayır. Din, inam, dünyabaxış ondan ötrüdür, insan gerçək həyata, biologiyaya bərabər qalmasın. Onun üçün Məbəd tikilir ki, insan gedib öyrənsin, özünü dərk eləsin. Gedib müticəsinə “o dünya” dilənməsin. Məbədlər ondan ötrüdür, fərqi yoxdur, kilsədir, məsciddir. Məbəd odur ki, insan özünü dərk eləsin. Biz İnam Məbədinə toplaşırıq, hesabat veririk, deyirik, biz təkcə bioloji həyat yaşamırıq, həm də özümüzün mənəviyyatımızla uğraşırıq. Özümüzün Mənamıza yetməyə çalışırıq. Bunun üçün oxuyuruq, bunun üçün xalqda iş aparırıq, söhbət edirik. Özümüzdə qalmırıq, qırağa çıxırıq. Dərviş kimi, keşiş kimi, rahib kimi özümüzə qapanmırıq. Bizim mübarizəmiz budur. Özümüzü yaratmaq, xalqa öz ömrümüzdən soraq vermək, həqiqətin gözəlliyindən soraq vermək, bütövlüyündən soraq vermək, xalqı çağırmaq. Xalq bizim çağırışlarımızı nə vaxt eşidəcək, bilmirəm. Qoy yüz il, min il sonra eşitsin. Ancaq yol budur, belə yaşamalıyıq, belə deməliyik. Burada heç kimin qolunu burmaq, heç kimin ağlına hökm etmək gərək deyil. Hər bir insan azad şəkildə öz içinə baxmalı, öz ömrünü araşdırmalı, öyrənməlidir. Gözəllikləri kəşf eləməlidir. Dünyanın, həyatın mənası nədir, necədir?! Bunları bilməli, bununla yaşamalıdlr.
Biz toplumdan fiziki açıdan yox, mənəvi açıdan ayrılırıq. Toplumda hamı ilə ilişkimiz var, ancaq içimiz ayrılır. Toplumdakı eybəcərlikləri içimizdə saxlamaq istəmirik, ona ortaq olmaq istəmirik, onunla yaşamaq istəmirik. Ona görə biz öz mühitimizi yaradırıq. Öz mühitimizin gözəlliyini, doğmalığını böyüdürük. Bu mühitdə özümüzü xoşbəxt sayırıq, bu mühitdə özümüzü mübariz sayırıq, var sayırıq. Asif Atamın mühiti çox gözəl mühitdir. Bu mühitə gələn adam İnsanlığın ləyaqətini, sirlərini öyrənməyə gəlir əslində. Həm də öz ömründə onu kəşf eləməyə, yaşatmağa gəlir. Biz əlimizi, üzümüzü göylərə açmağa, dilənməyə gəlmirik, Yaratmağa gəlirik. Dinlər dilənçilikdir, məscidlər, kilsələr mənəvi dilənçilikdir. Biz dilənçilik etmirik, var olmaq istəyirik. Ona görə sizə Asif Atanın işığında xoşbəxtlik, gözəlliklərlə yaşamaq diləyirəm. Usanmayın, yorulmayın. İnsan olmağı unutmayın, insan olmağı ötəri bir şey saymayın. Öz Mənanıza bərabər yaşamağa çalışın. Nə qədər ki, bu yoxdur, bizim qulağımız, həyatımız dedi-qodularla dolacaq. Eybəcərlikləri dinləməkdən, bir-birimizə kələk gəlməkdən, bir-birimizə yalan danışmaqdan bezib iyrənəcəyik. Biz bunlardan çıxmaq istəyirik. Var olun!
Atamız Var olsun!
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” səcdəsilə tədbir sona yetir.
Səsdən sözə çevirdi: Göytəkin Atalı.
Köçəri Ayı, 43-cü il. Göyçay.
(fevral, 2022).