Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər

??????????Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

“Uluyol-Hünər” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 26 İşıq Ayı, 37-ci ildə (may, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Törənin quralları yerinə yetiriləndən sonra  “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin  Atalı Ataya səcdə ilə sözünə başladı. O, öncə Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü”nə uğurlamasını oxudu:

 

“Uluyol-Hünər” Ailəsinə uğurlama

 

Ürəyinizdə Günəş olsun, ağır yükə sorumlu amaldaşlarım!

Biz, Ocaq olaraq, çox ciddi, sorumlu aqibət seçmişik. Bu aqibətin yaşatdığı və yaşadığı olay Asif Ata Ocağının ruhani Ailəçilik məsələsidir. Bizim üçün hər şey burdan başlayır. Ancaq düşünmək gərəkdir. Ailəçilər üçün doğrudanmı hər şey burdan başlayır, yoxsa yaşamımızın əsas xətti məişətdənmi başlayır? Biz Ocağın, bu Yolun vurğunuyuqmu, yoxsa özümüzü vurğun kimimi göstəririk? Vurğunuyuqsa, bu özünü nədə göstərir, vurğunu deyiliksə, özümüzü nədə aldadırıq? Bu gün “Uluyol-Hünər” Ailəsi öz anlamına, daha doğrusu, Ocağın ruhani tələblərinə tam uyğun yaşamır. “Uluyol-Hünər” Ailəsi böyük tələblə tutuşduranda gah var, gah yoxdur. Ən çox birey olaraq, Nurtəkinin çabaları var. Ailə yetkin Evladlaşma aşamaları yetirə bilmir. Sarsıdıcı fikir, sarsıdıcı əməl, sarsıdıcı ömür halı ortada yoxdur. Əgər hesab eləmək olarsa, elə bu gedişlə Ocaq adlanmaq mümkündür, kökündən yanlışlığa uğramaq olar. Ocaq eşq məsələsidir. Aşiq məişətin əlində zarımaz, aşiq üçün məişət olduqca balaca yükdür. Mən Ocağın Yükümlüsü olaraq, eləcə də Asif Atanın, Onun Yolunun vurğunu olaraq, bildirirəm: belə Ocaqçılıqla nəinki dünyanı dəyişmək olar, tərsinə, dünyada aldadıcı aqibət görüntüçüsü olmaq olar. Hər bir Ailəçi özünü yoxlamalıdır. Görsün o, toplumda olanlardan nəyi ilə üstündür. Üstündürmü? Danışanda hər kəsi qınayırsınız. Toplum aşağı yaşayır, millət olmaq istəmir deyə suçlayırsınız. Ancaq özünüz “Olmaq”da qərarlı deyilsiniz. Bu, mənim sizdən amaldaşlıq umacağım, tələbimdir. Ocağı ciddi öyrənin. Özünüzü ciddi öyrənin. Ocağa ciddi başlayın.

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 Ocaq Yükümlüsü Soylu Atalı

25 İşıq Ayı, 37-ci il. Atakənd.

?????????? 

Nurtəkin Atalı: Bu yazı həm bizim Ailə Gününə uğurlamadır, həm də burda elə məsələlər qoyulub ki, növbəti “Ailə Günü”nün qonularıdır. Bu, bizim qarşımızda həm də gerçək bir tələbdir. Hər  bir Ailəçi “Uluyol-Hünər” Ailəsi haqqında düşünsün.

Ay içində son 10 gündə Amallaşmaya vaxt ayırmışam. Çoxlu Ocaq əməllərim olub, disklər hazırlamışam, tədbirlər kitablarından çap etmişəm, tədbir kitablaşdırmışam və b.

Bütövlükdə götürəndə özüylə üz-üzə qalmağa, amallaşmaya ciddi vaxt ayıra bilmirəm.

Xalqlaşma əməlim, bir məktəbdə görüş təşkil etmişdim, o da hələ alınmadı, həmin gün zəng edib sonraya saxladılar. Bundan başqa xalqlaşma əməlim olmayıb.

Bu ay mənim Ocağa gəlişimin 19 ili tamam oldu. Fərəhli bir olaydır, ömrünün 19 ilini Ocağa vermək, ardıcıl bir yolda olmaq. Bu, özü fərəhdir, bu başqa. Ancaq harda olmalıydım? Yaxud hansı aşamaları aşmalıydım? Mən ideal Nurtəkinə, içimdəki Mütləqə nə dərəcədə çatmışam? Bunlar məni ciddi düşündürür. Hər il hesabat hazırlayırdım, bu il “Evlad Günü” törənində hesabat verəcəm.

İndi isə ayrı-ayrı yazılarımı oxumaq istəyirəm.

 

Yaşamağın sadəliyi – yolunu, yönünü bəlli eləməkdən keçir. O yolda nələr yaşayacaqsan, bu ayrı məsələdir. Yol seçimi – Amal Yolu seçimi – aydınlaşmadır, arılmadır. Mürəkkəblik – yolsuzluqdan yaranır.

 

xxx

Həyatın fərəhi səthidir, üzdədir. Kədəri daha ağrılı, acılı, amansızdır. Adam faciəyə düşəndə həyat gözündən düşür. Çünki həyat özündən, özümlüyündən qıraqdadır.

Amalçının başına fəlakət gələ bilər. Ancaq Amalçının Amal gözündən düşməz. Çünki Amallı olmaq – özümləşməkdir.

Başına nə olay gəlir gəlsin, ağrını içində əritməlisən. İnsanın özünə inamının,  idrakının, iradəsinin təsdiqi var bu qarşılaşmada. İnsan sınmamalı, qırılmamalı, yerişində dayanmamalıdır faciəylə qarşılaşanda. Bu özünütəsdiq insanı da öz gözündə ucaldır, Amalın gərəkliyini, dəyərini də anladır.

xxx

Haqqı qazanasan gərək. İnsan o zaman haqlı olur ki, haqqa əzabla, özündənkeçmə ilə qovuşur. Haqq qıraqda olan olay deyil, içində yaratdığın, yetdiyin həqiqətdir. Haqq – ruhun özüdür. Haqqa toxunmaq – ruha toxunmaq demək olur.

 

xxx

Milli şüur onda oyanır ki, millətinin keçmişini öyrənirsən, həm fəlakətini, həm dəyərlərini dərk edirsən, sabahı necə olmalıdır düşüncələriylə yaşayırsan.

Rahatsız, gərgin düşüncə-əməl birliyindən doğan ömür yaranır.

 

xxx

Adamlığa, Adam səviyyəsinə bir anda yenmək, düşmək olur. Çünki Adamlıq təbiətin verdiyidir. Sadəcə Adamlıq səviyyəyəsinə düşməklə o aşkarlanır.

İnsanlığa bir anda yetmək, onu bir anda aşkarlamaq mümkün deyil. İnsanlıq olanaqlarını aşkarlamaq üçün özünü qurursan, özümlüyünə doğru yolu qurursan.

İnsanlaşma Göyləşməkdir, Göyə yüksəlmək üşün qanad gərəkdir. O qanadları qurmaq, yaratmaq gərəkdir.

 

xxx

Dində günah anlayışı dinin özünün anlamına uyğundur. Əslində bir günah var – İnsaniliyə yetməmək. Dinin insanın adına yazdığı günahları dərk edəndə, insan din adlı günahdan çıxır.

 

xxx

Biz deyirik ki, yolumuz uzun yoldur. Sonucu min illərə hesablanacaq bir yoldur. Mənim ömrüm yüz, min illərin davamlılığını yaratmaq üçün elə qurulmalıdır, Yol da, ömür də doğrulsun.

xxx

Atanın “Dövlət” əsərində dövlətin, başçının necə olması haqqında fikirləri var. İndiki gedişatda bu fikirlərin gerçəkləşməsi mümkünsüz görünür. Çünki xalq gözünü açıb özünü dövlətin basqısı altında görüb. Xalq özü kimdir, hüququ nədir, bilmədiyi kimi, dövlətin də görəvlərini bilmir. Ona veriləni qəbul edir, tabe olur.

Dövlət xalqı qorumalıykən xalqdan özünü qorudu və xalqla özü arasında sınır yarandı. Bu sınırı dövlət varıyla, zoruyla, zəhmiylə, hökmüylə qoruyur.

Mədəniyyət xalqı təmsil etməli, xalqdan yaranmalı və xalqı qorumalıykən, siyasəti təmsil edir, siyasət tərəfindən yaradılır.

İqtisadiyyat xalqa qulluq etməliykən xalqa qulluq etdirilir. Mədəniyyətlə, iqtisadiyyatla xalq arasında sınır yaranır. Xalq dövlətçiliyi bilməli, ağlında, şüurunda dövlətçiliyi dərk edərək onu qurmalıdır.

xxx

Dinin ən böyük ödülü cənnətdir. Onu da öləndən sonra görmək mümkündür. Adam ölənə kimi nigarançılıqda qalır, görəsən cənnətə düşəcəkmi? Gerçək ömrü yaşaya bilmir, ölümünü gözləyir adam, ömrü boyu ödülünü gözləyir. Ömrü, yaşamı bu dərəcədə qiymətsizləşdirən, dəyərsizləşdirən din həyatı ölüdürür.

xxx

Din adamın ağlına zor edir, onu öz istədiyi kimi düşünməyə, yaşamağa qoymur.

Toplum, siyasət adamın ağlına zor edir, onu öz istədiyi kimi düşünməyə, yaşamağa qoymur.

Zora tabe olduqca zor yönəldəcək adamları. Zor basqısından çıxmaq üçün insanlaşmaq gərəkdir.

xxx

Yalanı doğru bilib özündənkeçmək faciəvilikdir. Yalana inanmağın özü faciəvidir.

Həqiqət üçün özündənkeçmək özünü təsdiqdir, həqiqəti təsdiqdir. Həqiqəti yaşatmaqdır, özünü yaşatmaqdır.

xxx

Asılılıq duyğusu ilə yaşayır adamlar. Allahdan asılı olurlar, toplumdan, mühitdən, zamandan, ortamdan… Asılı olmadan yaşamağı ağıllarına gətirmirlər.

Ölkələr də eləcə. Asılı olmadan yaşamağı olanaqsız sayırlar. Ona görə “yiyə” axtarırlar, qurban bahasına mövcud olmağı gedişatla, zamanla ayaqlaşmaq sayırlar.

Asılılıq duyğusu adamın içində olduqca o özünə yox yerdən də olsa ağa tapacaq. Özümləşmək gərəkdir ki, asılılıqdan çıxasan. Atamız Var olsun!

??????????

İnamlı Atalı Ataya səcdəylə sözünə başladı: Son bir neçə ayda yörəmdə, şəxsi həyatımda baş verən bəzi olaylar məni toplumda baş verən olaylara göz yetirməyə yönəltdi. Bütün günü avtobusda, işdə diqqətimi insanların davranışına yönəltdim. Doğrudanmı hər şey belə kökündən dəyişib. Bir az düşündüm, hardasa 15 il öncə toplumdakı davranış, adamların bir-birinə qaba münasibəti – heç kim heç kimi dinləmir, qəbul eləmir, hamı aqressiv. Başa düşürük, bunların kökündə sosial sorunlar var, yaşam sorunu var, maddi sıxıntı var, hər birimizin iş yerində bizə olan basqılar var, ailədə doğmalıq itib. Düşündüm, kaş 15 il öncəyə qayıdardım, heç olmasa ondakı doğmalığı bir də yaşayardım. Bugünkü toplumda insanlar arasındakı münasibət yox səviyyəsindədir. Son çağlarda bunu izlədim, söhbət elədiyim adamların danışıq tonuna fikir verdim, sonra Atanın kitablarına üz tutdum insan, heyvan münasibətlərilə bağlı. Ata deyir heyvanı təbiət yaradır, insanı təbiət doğur. Mən belə düşündüm, Ataya qədər nə insan olub, nə xalq olub, nə bəşər. Niyə bu düşüncəyə gəldim? Ata deyir, insan məxluq kimi dünyaya gəlir, adam kimi böyüyür, insan kimi yenidən doğulur, yəni özünü yetkinləşdirir. Biz, insan olaraq, hələ üçüncü aşamaya yetməmişik, əsasən məxluqla adam arasında qalmışıq. Demək olar insan yaranmayıb. İnsan yaranmayıbsa, deməli, xalq da yaranmayıb. Xalq nə deməkdir? Ata deyir, sinfi, silki ziddiyyətlərdən ayrılmış toplumun birliyi. Yəni ruhani, bağımsız bireylərin birliyindən yaranmış toplum. Xalq da yoxdursa, deməli, bəşər yoxdur. Bəşər nədir? Bəşər də xalqların birliyindən yaranan olaydır. Hamının yaxşı nəyi varsa, mədəniyyəti və b. onların qorunması, birliyi bəşəri təmsil edir.

Nəyə görə xalq olmayıb, bəşər olmayıb?! Çünki insan olmayıb. İnsanla heyvan arasındakı fərq, demək olar, aradan qalxıb. Son bir neçə ayda izlədiklərim də bu fikirlərimi oluşdurub.

Ata deyir heyvanı təbiət yaradır, insanı təbiət doğur. Heyvan da təbiətdən gəlir, insan da. Heyvanla insanın fərqi təkcə onun şüurunda deyil. İnsanın qarşısında borc var, o, mahiyyətinə yetməlidir, kamilləşməlidir. Heyvanın qarşısında borc yoxdur. Onun işi-gücü dünyaya bala gətirmək, balanı böyütməkdir. Heyvanla balası arasında da elə bir doğmalıq yoxdur. İnsanda insan-ailə münasibəti, insan-insan münasibəti, doğmalığı var, bir-birinə həsrət çəkməsi var. İnsan bioloji olaraq doğulur, əgər özü üzərində döyüşərsə, özünü ifadə edərsə, özü özünü yenidən doğur. Ancaq heyvan özü-özünü yenidən doğa bilmir. Heyvan təbiətdə doğulur, ölür, təbiətə qarışıb gedir. Heyvanın qoyub gedəcəyi bir şey yoxdur. Ruhani varlıq deyil, ruh gəzdirmir özündə. İnsan ruhani xilqət olduğundan onu təbiət doğsa da, o, yenidən doğulur. Bundan sonra o, ölməzlik qazanır. İnsan özü üzərində qələbə çalırsa, yaşarıya qovuşa bilir. Yaşarını bu dünyada yarada bilir.

İslam deyir ki, insan bu dünyaya imtahan vermək üçün gəlib. Yanlışdır. Bizim yaşadığmız bu planet onun üçün deyil axı. İnsan bu dünyaya özünü təsdiq eləmək üçün gəlib. Heç bir Allahın qarşısında borc vermək üçün gəlməyib. Cənnət-cəhənnəmə düşmək düşüncəsiylə yaşamağa gəlməyib. İnsan ona görə gəlib ki, öz ruhani təsdiqini tapsın, insanlığını tapsın, mahiyyətinə bərabər olsun, özümləşsin. Bu cür özümləşən bireylərin birliyindən xalq yaransın, dünya bəşərləşsin, bəşər gözəlləşsin, heyvanlaşmasın.

Atanın bir sözü var – deyir, toplumun məqsədi insanı təsdiq etmək olmalıdır. Ancaq çağdaş toplum insanı təsdiq yox, inkar edir. Əslində bu gün insan yoxdur, çünki özündən ayrılmış insan olmur. Toplumdakı çoxluq özündə yarı heyvan, yarı insan gəzdirir.

İnsanın özgürlüyü onun içindədir.

Mən məişət sorununda sıxılıram, istəyirəm, bu şey, o şey yaxşı olsun. Mən görürəm, həmin şeyin əsarətinə düşürəm. Rahatsız oluram, gecə yata bilmirəm, fikirli, qayğılı oluram, bir az da əsəbi oluram. Bu ay çətinliyim oldu, özüm üçün keçinərəm, düşünürəm, qadn var, uşaq var, çörək niyə yaxşı olmasın. Çörəyi qazanmaq köləsinə çevrilirəm. Onda mən özgürlüyümü itirirəm.

Ata deyir, dünyada baş verənlər topuğundan olmasa, Ocaqlaşmaq baş tutmaz. Bəşər ona görə xoşbəxtdir ki, insanlıq ölmür. Xalqın ölən vaxtı olmaycaq. Bu da mənə nikbinlik verir.

Qonu ilə bağlı fikirlərimi deyim. Öncələr düşünürdüm, 5-3 nəfərlə nə edə bilərik. Mən əsasən gerçəkliyin gözüylə baxırdım. İnsanlaşmaya yetən, insanlığa qulluq edən bir qurum varsa, o da Ocaqdır. Dünyanın heç bir yerində Ata Ocağı qədər üstün bir ailə yoxdur. Dünyanı qurmaq yönündə çabalar göstərən ikinci bir qurum, təşkilat yoxdur. Mən buna tam əminəm, heç bir hissə qapılmadan deyirəm.

??????????

Nurtəkin Atalı: Sənin hansısa “Ailə Günü” törənində dediyin bir fikir vardı. Dedin, Soylu Atalı ilə söhbətdə mənə dedi ki, düşünürsən, əgər o düşüncə həqiqətə aparıb çıxarmırsa, deməli, doğru düşüncə deyil.

Deməli, düşüncələrimizi biz özümüz yönəltməliyik.

Məişət məsələsinə toxundun, biz hər birimiz işləyirik, maddi baxımdan asılı olmayaq, ailəmiz ac qalmasın. Ancaq işləsək də, ruhumuzu işə vermirik. Eyni zamanda ağlımız, davranışımız bizə yönəlik münasibəti formalaşdırır.

Ocağın, Ocaqçıların xalqa etkisi məsələsi. Biz sayca azıq, hər birimiz Xalqlaşma əməllərinə cəhd göstəririk. Sayımız çox olarsa, etki daha da çoxalar. Ayaz bəy burdadır, elə onun üzərində örnək gətirmək istəyirəm. Əgər Soylu Atalı onunla ardıcıl söhbətlər aparmasaydı, Atanı, Ocağı tanıtmasaydı, Ayaz bəy də Ocağı, Atanı bu dərəcədə anlamazdı, ona doğmalaşmazdı. Hər birimiz öz yörəmizdə insanlar yetirməliyik. Onda etki də çoxalacaq…

DSCN2627

Ayaz Şıxalıoğlu dəyərlərimizdən danışaraq vurğuladı: heç bir dəyərimiz yarımçıq qalmayıb. Birində sonlanıbsa da, o birində yenidən üzə çıxıb. Sonucda Asif Atada təcəlla tapıb.

Millətin, bəşərin gələcəyinin Asif Ata dünyabaxışında olduğunu vurğulayan Ayaz bəy özünün Ocağa doğmalığını və sevgisini də dilə gətirdi.

??????????

“Ailə Günü”nün “Qutsal Oxuma” bölümündə “Təməl” bitiyinin son hissələri oxundu.

Nurtəkin Atalı növbəti aydakı tədbirlərdən danışaraq, hər bir törənə ciddi hazırlaşmağın gərəkliyini vurğuladı. Ailəçilər də bu yöndə fikirlərini bölüşdülər.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən sona yetdi.

 

İşıq Ayı, 37-ci il. Atakənd.

(may, 2015. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir