Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər

IMG_4076Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

“Uluyol-Hünər” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin  Atalı Ataya səcdə ilə sözünə başladı: Hamınız xoş gəlmisiniz.
Amallaşma olaraq Atanın “Özümlük – Özgəlik” kitabını oxuyuram. Yazdığım yazılar da Amallaşarkən düşündüklərimdir.

xxx

Din adamları cəhənnəmə məhkum edir.

Elm, texnika adamalrı ekoloji fəlakətə, kimyəvi xəstəliklərə məhkum edir.

İnam məhkum etməz, ruhani aqibətə yetirməklə insanların da, bəşərin də gələcəyini yetirər.

xxx

Həyatı savaş və yarış meydanına çeviriblər. Əslində Həyat – özünü yaratma, yaradıcılıq yeri olmalı idi.

xxx

Din – ona qoşulmayanları özünə borclu bilib günahkar sayır.

Toplum (Cəmiyyət) – ona qoşulmayanları özünə borclu bilib günahkar sayır.

Siyasət – onun arxasınca getməyənləri siyasətin qarşısnda günahkar sayır.

Amal – onun arxasınca getməyəni insanın özü qarşısında günahkar sayır.

Din adamı insaniliyə yetirmir.

Toplum adamı insaniliyə yetirmir.

Amal adamı insaniliyə yetirir. İnsaniliyə yetməmək insanın özü qarşısıında günahıdır.

xxx

Hər şey adama qarşıdır. Adam da özünə qarşı.

IMG_4076

xxx

Ailə yaşayır, ancaq ailəçilik yoxa çıxır.

Millət yaşayır, ancaq millilik yoxa çıxır.

Dünya yaşayır, ancaq bəşərilik yoxa çıxır.

Mövcud olmaq – var olmaq deyil. Var olmaq – İnsaniliyə yetməkdir. İnsaniliyə yetəndə Ailəçilik əsasında Ailə qurulacaq, millətçilik əsasında millət qurulacaq, bəşərilik əsasında dünya qurulacaq.

xxx

Millətimə qulluq etdiyim üçün sevinirəm.

Özümə tən olmağa çalışdığım üçün sevinirəm.

Sabahı özümdə gördüyüm üçün sevinirəm.

xxx

Bəzən adamlar özlərini necə varlarsa, elə sunurlar – “mən səmimi adamam” deyirlər. Əslində burda özünün yanlışına, naqisliyinə haqqvermə var. Ən böyük səmimilik – özü qarşısında səmimi olmaqdır. Özündəki yanlışları özün üçün boynuna al (etiraf elə), pisliyini düzəlt. Yetdiyini, yaratdığını sun. O zaman səmimilik görünəcək.

xxx

Dövlət ödülü – dövlət zənciri.

xxx

Yaltaqlıqda bənzərsiz, təkrarsız olmaq yarışına giriblər. Zamanın məhsuludur yaltaqlıq – təkrarlanan.

xxx

Adam İnsanlığını öldürür – ölür.

İnsan Adamlığını öldürür – yaşayır.

xxx

Görünən – Görünməyən

Şöhrətin zirvəsində, yəni uçurumun dibində.

Tənənin, böhtanın aşağıladığı, yəni həqiqətin ucaltdığı.

xxx

Allah və bəndə qarşılığı – Allah və  mən.

Mütləq və İnsan birliyi – Məndə var olan Mütləq.

Bəndə Allaha can atmır, Allahdan bağışlanmasını, ödüllənməsini istəyir, yalvarır, ömrü bu yöndə qurulur.

İnsan Mütləqə can atır, özüylə döyüşür, yetkinləşir, kamilləşir, ömrünü qurur.

xxx

Dinçi Allahın ağalığında yaşayır, Allahın ağalığını yayır, ağalığa tabe olmağı tələb edir, öldürür, alçaldır, dəhşət yayır, qorxu yayır. Allah sevilmir, qorxudur adamların timsalında.

İnamçı Mütləqə yetmək üçün özüylə döyüşür, Mütləqə yetmənin fərəhini yetirir, öz ömrüylə inandırır, sevdirir. Mütləq sevilir, ideala yetmək həsrəti və sevinci yaşayır və təsdiq olunur İnsanların timsalında.

 

xxx

İnsan özü və özümlüyü arasında sınırları aydınlaşdıra bilsə, özüylədöyüş daha da yetkinləşər. İstək tələbi yetirir, tələb istəyi yetkinləşdirir.

xxx

Ölkədışı siyasət – dünyaaltı siyasət.

Ölkəiçi siyasət – dünyaaltı siyasət.

xxx

Hər kəs özü üçün yaşayır, ona görə xoşbəxt ola bilmir. Hər kəs ailəsi üçün yaşayır, ona görə həyatın qayğılarından, çətinliklərindən başını qaldırıb fərəhlənə bilmir. Atanın bir sözü burda yerinə düşür:

Anamı sevirəm, Amalı ondan çox sevirəm,

Atamı sevirəm, Amalı ondan çox sevirəm… Bununla da anama, atama… sadiq qalıram.

xxx

İnamım İdraklaşdıqca, Mənəviyyatlaşdıqca, İradələşdikcə məni həyatdan qoruyur.

xxx

Toplum (cəmiyyət) adamı satın ala bilir, çünkü adamın məqsədi necə olur olsun yaşamaqdır.

Toplum insanı satın ala bilmir, çünkü insanın məqsədi öz ideyasına sadiq olaraq yaşamaqdır.

IMG_4074

xxx

Xalqın dəyəri soydan soya keçən irsdir. Soyları bir-birinə bağlayan kökdür. Xalqı özünə tanıdan keçmişdir. Keçmiş – Xalqın gələcəyini quran zəmindir.

Xəlqi dəyərlər qutsallığı, ruhsallığı, qəhrəmanlığı, özündənkeçməni, müdrikliyi ifadə edir. Dəyərlər xalqın elə bir ucalığıdır ki, o ucalığa yetmək, can atmaq, qorumaq hər bireyin qutsal borcudur. O dəyərlərlə yaşamaq, o dəyərlərin anlamını özünə demək, balalarına demək, yaşatmaq gərəkdir.

Bəs niyə dəyərlərə hücumlar var? Ən birincisi, xalqı öz gözündən salmaq. Onu köksüz, keçmişsiz, zəminsiz qoymaq. Onun keçmişini gözdən salmaq ki, özünə inamı itsin. Öz gözündən düşən, özünə inamı itirən sabahına necə baxar?!

İkincisi, toplumsal fikirdə qarışıqlıq yaradır. Dəyərə qarşı çıxanı həm qoruyurlar, həm də ona qarşı çıxırlar. Subyektiv və obyektiv fikirlər bir-birinə qarışır. Aydın və konkret fikir formalaşmır. Əsas məqsəd dəyəri ucalıqdan salıb onu müzakirə obyektinə çevirmək və adiləşdirməkdir. Gənc soy çaşır, necə yanaşmağın gərəkliyini bilmir. Biri deyir, ikisi deyir, üçüncüsü nə desə ona inanır. Həm də elə şeylər var ki, onu anlamayaraqdan qoruyanda ziyan olur. Deyək ki, Atanı dərk etmədən Atadan danışmaq, onu verə bilməmək Ataya ziyan verməkdir.

Özgəçiliyə, özgələrə meyil salmaq. Nitşeçilər, Karnegiçilər, Freydçilər (ardıcıllar) yaranır. Nəsimi, Qorqud, Babək ardıcılları yaranmır. Özgələşmə yer salır xalqın içində. Dəyərlərinə doğma olmaq çağdaş sayılmır, dəyərlərinə özgələşmək, yadlaşmaq çağdaş sayılır.

Xalqın elə dəyərləri var ki, onu araşdırmaq olar, ancaq onu adi səviyyədə müzakirə obyektinə çevirmək – qutsallığı adiləşdirməkdir. Adamın gözündə adiləşən dəyər bir gün tamam sıradan çıxır.

Ata “Azərbaycanımız – Azərbaycanlığımız” dəyərlər sistemini yazdı, əsaslandırdı. Anlamalı, dərk etməli, yaşamalı, qorumalı, sunmalı olduğumuzu bizə dedi. O dəyərlər sistemini oxuyan istənilən birey özünün bu xalqdan olduğu ilə öyünər. Bu xalqdan olmayan oxusa da, belə bir xalqın varlığına sevinər.

Bu dəyərlər ömürdə yaşamalıdır. Ömürdə yaşanmasa, onu bir tarix kimi, ədəbiyyat kimi qoruyanda qıraqdan-qırağa qorunur.

Ay içində Ocaq işləri görmüşəm, görməkdə də davam edirəm. Tədbirlər kitabını çap edirəm.

Qubada olanda Atanın rusca bir kitabının düzəlişlərini elədim. Həm də Qubada ayrı-ayrı yerlərə gedişlərim oldu, söhbətlərim oldu. Saytımızda bu haqda yazım gedib. Orda söhbət etdiyim insanların hamısının Atadan bilgisi vardı. Hətta Mədəniyyət və turizm şöbəsinin  başçısı Atanı qəbul etməsə də, Atanın görüntüsünü telefonunda saxladığını dedi. Mən dedim ki, siz kitab oxuyarsınızmı? O, dedi ki, kitab oxumayacam. Mən ona yalnız “Özəl Buraxılış”ımızı  verdim. Orda ədəbi məclisin başçısı Şıxəmməd bəy Atanın kitabını ona sunanda Atanın şəklini öpdü. O, Atanın öyrəncisi olubmuş. Ona verdiyimiz ədəbiyyatları da ayrıca qoruyub saxlayır.

Qubaya ardıcıl Ocaq səfərləri olub. Hər səfər sorumluluq gətirir. Ocaqdan bilgi var, indi gərək Ocaq çalışmalarından davamlı bilgi verilsin. Səfər məndə yenilənmə və sorumluluq yaratdı. Atamız Var olsun!

IMG_4081

İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Bu ayda baş verən olaylara göz yetirdikcə Atanın işinin önəmi mənim üçün getdikcə təsdiqini tapır.

Asif Atanın “Mütləqləşmək – Var olmaq” Bitiyini oxuyuram. Ruhani varlıq qonusu mənim diqqətimi daha çox çəkdi. Ata deyir ki, “Cəmiyyətin səviyyəsi maddiyyatın səviyyəsi ilə yox, ruhaniyyatın səviyyəsi ilə müəyyən olunur”. Ancaq çağımızda maddiyyat ölçü olub, ruhaniyyat yox. Asif Ata deyir, maddiyyat zəruridir, ancaq insanın ölçüsünə çevrilə bilməz.

Mən özüm üçün belə aydınlaşdırmışam ki, toplumun maddiləşməsində daha çox rol oynayan din olub. Oxuduğum bəzi ədəbiyyatlara görə islama qədər türk maddiyyatçı olmayıb, yurdçu olub, əməkçi olub, döyüşçü olub – heç vaxt gödənçi olmayıb. İslamdan sonra daha çox maddiləşdi. Çünkü islam dolayısı ilə həyatı maddiliyə bağlayır. Cənnətə çağırma əslində o deməkdir. Ata deyirdi maddiyyat minimal olmalıdır. Ruhaniyyat dünyanın ölçüsü olmalıdır, maddiyyat önə keçməməlidir.

Atanın başqa bir fikri: “Maddiyyat cəmiyyətin yaradıcısı yox, alətidir. Maddiyyat cəmiyyətin yiyəsi yox, xidmətçisidir. Maddiyyat orqanizmin tələbini ödəyir, İnsaniliyin tələbini ödəmir”.

Maddiyyat insana qulluq eləmədi, ağalığa gərək oldu. Ona görə də İnsanilik maddiyyatdan aşağı ölçülür.

Ata deyir: “Mənəvi ziddiyyətlərin həlli maddi münaqişələri aradan qaldıra bilər”. Bu, o zaman mümkün olar ki, insan birey olaraq özüylə uğraşacaq. Özündəki olanaqları (imkanları) aşkarlayacaq. Ata deyir: “Cəmiyyət ruhani birlikdir”. Təbii ki, Ata bugünkü cəmiyyəti deyil, olacaq cəmiyyəti deyir. Bireylər özüylə uğraşacaq, öz mahiyyətinə uyğun yaşayan insanların birliyindən yaranan toplumda mənəvi ziddiyyətlər aradan qalxacaq, maddi problemlər çözüləcək…

Kamilləşmə hesabatımla bağlı onu deyim ki, öncəki illərimlə tutuşduranda bu gün məndə qeyz, acıq (özündən çıxma) o dərəcədə deyil. Özümün öhdəmdən gələ bilirəm.

Bu ay bir dəfə özümdə paxıllıq duyğusu üzə çıxartdım, işlə bağlı. Düzü, bu duyğu mənə utanc verdi. Fikiləşdim ki, bu duyğu məndə hələ qalıbsa ürəyimi qoruya bilmərəm. O anda mən o duyğunu ötdüm. Atamız Var olsun!

 IMG_4085

İsa Mehdioğılu: Mən Asif Atanın kitabını oxumamışam, Soylu Atalının yazılarından tanımışam, ona görə də o kişiyə mənim sayğım var.

 Burda gedən söhbətlər ümumxalq söhbətidir, hamıya, hər kəsə gərəklidir. Asif Atanı sevənə də, sevməyənə də. Amallaşmadan söhbət getdi. Amallaşma hər kəsə gərəkdir. Hər kəsin öz ideyasına uyğun amalı var. Asif Atanın da özünəxas amalı var. Bu amalın başqasından fərqi nədədir? İslam amalında vətən anlayışı yoxdur, vətən sözü, vətən sevgisi yoxdur. Əsas odur ki, Allah yolunda get, Allah yolunda öl, islam yolunda öl, vətən deyilən anlam yoxdur. Ona görə bu dinin özü milli məsələyə tamamilə tərsdir. Burda millət itir, qalır islam. Demək, sən azərbaycanlı olsan da, müsəlman olursan, harda olsan müsəlmanlığı qoruyursan.

Bu yaxınlarda bir məhkəmə oldu. Suriyaya gedənlərlə bağlı idi. Qəzetdən oxudum, deyir mən getdim orda öz müsəlmanlarımı savunmağa. Mən ölümə getmişdim. Sual verdilər ki, niyə ölmədin? Deyir, məni tutdular. Mən ora kafirlərlə döyüşə getmişdim. Bəşər Əsəd yanlılarını gözə alır (nəzərdə tutur). İndi ona deyən gərək, axı o da müsəlmandır. Baxın, hər ikisi müsəlman, ancaq amalları tamamilə ayrıdır. Bayaq İnamlı Atanın sözünü dedi ki, Doğu vaxtilə Batıya diktə edirdi, indi tərsinədir.

 Müsəlmanda, islamda belə şeylər çoxdur. Allaha bağlılıq o yerdə olur ki, hər şeyini itirirsən. Bunun özü elmə də etki göstərdi. İmam Qəzali İslamda ən möhtəşəm adamlardan sayılır. Onun bir sözü var: hansı elm “Quran”da var, o elmi tanı. “Quran”da olmayan elmi tanıma və onun kitabını əldə eləmə. “Quran”da 7-ci yüzilin elmi var. 7-ci yüzillə indiki yüzil arasında nə qədər elm yarandı, yeniliklər yarandı.

Mənə bir müsəlman deyir ki, günahdır, sən başqa dinin kitablarını oxuma. 10-cu yüzildə İmam Qəzalinin dediyini toplum bu gün də savunur. Budur yenilmə (tənəzzül). Belə şeylər Doğunu Batının ayağına verdi. Dünyanın heç yerində olmayanda Marağa rəsədxanası olubdu Güney Azərbaycanda. Uruq bəyin rəsədxanası dünyada ən şöhrətli rəsədxana olub. Mollalar yığılıb onun özünü də, oğlunu da öldürdülər, rəsədxanasını da yandırdılar. Çox qəribədir yandırandan sonra yığıldılar torpaq gətirib tökdülər ki, himi görünməsin. Bu, indiki yenilməni (tənəzzülü) yaratdı. Ona görə Avropa bizə diktə edir.

 Keçmişi biz yaxşı bilmirik. Hamı bilir ki, Şah İsmayıl türk dilini dövlət dili elədi. Uzun Həsən dövlət dili elədi. Şah İsmayılın oğlu Təhmasib mollaların diləyi ilə Şah İsmayılın yaratdığı ən böyük kitabxananı yandırdı. Tarixdir bu. Oğlu atasının yaratdığı kitabxananı yandırdı ki, müsəlmanlığa ziddir. Tənəzzülün səbəbi budur.

Nurtəkin deyir, bir adam dedi ki, mən kitab oxumaq istəmirəm. O, istəmir Asif Atanın ktabını oxusun, çünkü o, möhkəm dinçidir. Eyni zamanda bu, keçmişdən qalandır. Mən istəyərdim ki, elə yerlərə gedəndə ərəblərin keçmişi ilə türklərin keçmişindəki gələnəkləri tutuşduran yazılarla gədəsiniz. İslamda deyilir ki, adam palçıqdan yaradılıb, qadın da onun qabırğasından. Bu gün də bizim alimlərimizdən bu sözü danışanlar var. Bu əfsanəyə bugünkü insanların ağlı kəsir.

Türk mifologiyalarında məsələlər başqadır, özü də üstündür. Toplumumuz bunları öyrənməlidir.

 IMG_4097

Ayaz Şıxalıoğlu: Asif Ata insanı özünə qaytarır. Adamı adamlıqdan qurtarıb İnsanlığa çatdırır. Adamı insanlaşdırır. Adam nə vaxt insan olacaq? Nəsimi demişkən, o zaman ki, Allahın əlindən öz ömrünü, gününü alacaq, hətta günahının da yiyəsi özü olacaq.

Dünyanı Allahın əlindən alıb İnsana vermək istəyir Asif Ata. Çox böyük məsələdir bu.

İş yerimdə müsəlmanlar var, bir-birini də bəyənmirlər. Biri deyir bu sünnüdür, biri deyir o şiədir. Oturub fikirləşmirlər ki, bunun torpağının yarısı yoxdur. Milli şüuru formalaşmayıb. O, Nəsimisinə, Babəkinə kafir kimi baxırsa, belə bir mühitdə insan özünü yaxşı hiss eləməz. Bu gedişlərə qarşı Atanın bir insan kimi nə qədər əzab çəkdiyini görürəm. Bunu düşünəndə insan özü pis olur. İkinci bir tərəfdən 7-ci yüzildən min il keçib, insan yerindən tərpənməyib. Qaranlıqlar getdikcə qatılaşır.

Ramin Namazov: Çıxış yolu nədir?

Ayaz Şıxalıoğlu: Çıxış yolu – insan özüylə uğraşmalıdır. Oxumalıdır, özüylə döyüşməlidir. Bu ömrünü necə yaşamalıdır: İslamın dediyi kimi yaşamalıdır, yəni hər şey Allahın əlindədir, yoxsa insan özü çalışmalıdır, özüylə döyüşməlidir, həyatını özü qurmalıdır?! Bunu gərək dərk edəsən. Ondan sonra hərəkət edəsən.

IMG_4099

İlham Mustafa: Mən sosial şəbəkələrdə sonuncu olayları izləyirəm. İllərlə Türkiyəni savaşa cəlb eləyə bilmirdilər. İndi Türkiyə savaş içinə yeriyir.

Vəhhabilərlə bağlı şəbəkələrdə şəkillər, görüntülər qoyublar, onların iç üzünü göstərən. Məsciddə vəhhabilər nə oyun çıxarırlar. Gizlin çəkilişlər idi. Bütün eybəcərlikləri eləyirlər. Onu görəndən sonra bir daha sevinirəm ki, Atanın Ocağı var. Atanın kitabını oxuyan, Atanın ruhuna köklənən, onun göstərdiyi yolla yaşayan adam öz ulusuna ancaq insanlıq örnəyi verə bilər. Bura millətin, xalqın evidir.

Kim Atanın insanlıq çağırışına gəlirsə, doğrudan da o, xoşbəxtdir. Gedib Allah evi deyilən yerdə ruhsuzlaşmaq yerinə, gəlib millətin ləyaqətini var edən tədbirlərə qatılmaq gərəkdir. Burada bizim həm insan kimi, həm də millət kimi gələcəyimiz təsdiqini tapır.

Bölgə məktəblərinin hansındasa var, məktəblərdə dini dərslər də keçirlər. 6 yaşlı uşağın başını çadraya büküb din dərsi keçirlər. Namaz qıldırırlar, oruc tutdururlar. Avropa məktəblərində də uşaqlar hansısa sinifdən sonra “həyat” dərsi almalıdırlar. Guya böyüklərin bildikləri şeyləri 5-6-cı sinifdə bilməlidirlər ki, dünya, həyat nə deməkdir. Müsəlman ölkələri millətçiliyi, vətənçiliyi unutdurub ancaq dinçilik dərsi keçir. Avropa ölkələri də əxlaqsızlıq dərsi keçir.

Heç birimizə nə din dərsi keçilməyib, nə də Avropa dərsi. Ağlımız da yerindədir, az-çox həyatı da qanırıq. Soylu Atalı demiş, “ayrı “qanacağa” da ehtiyacımız yoxdur”.

Var olsun Atanı yaratdığı İnam bütövlükdə İnsanlıq üçündür. Bütün millətlər üçün İnam yaradıb.

Mən uşaqlıqdan islamdan uzaq olmuşam. Ancaq gedəcəyim bir yer də olmayıb. Atam üstümə düşmüşdü ki, sən Səmərqəndə gedib molla məktəbini oxumalısan. Baxın, boşluq olanda da o cür məcburiyyətlər olur.

İsa bəy sual verdi ki, Atanın şəkli niyə Günəşin içindədir. Məncə, insanlığa işıq salmaq anlamında günəş rəmz kimi götürülüb. Mən özüm üçün belə cavab tapmışam. İşıq saçsın ki, yol budur.

Soylu Atalıya təşəkkür edirəm ki, mən onu tapmışam. Məni boşluğa düşməkdən qorudu… Ağstafada səfərdə olanda Ocaqçılardan birinə demişdim ki, Soylu gəlib bizi danlayacaq, işə mane olmayaq. Soruşur ki, Soylu səni danlayır? Dedim niyə danlamasın, adamla danışmışam, sonra da yoxa çıxmışam.

Olur başa salır, olur tənqid edir. Mən tam səmimiyyətlə, rahat qəbul edirəm, desə ki, bunu səhv edirsən. Soylu Atalını özümə öyrətmən kimi qəbul edirəm.

Nurtəkin Atalı: Atanın belə bir sözü var deyir, qaranlıq qatılaşdıqca işığa ehtiyac artır. Söhbətimizin yönü odur ki, din var və din qorxusu getdikcə artır. Azərbaycanda müxtəlif yönlü, məqsədyönlü maliyələşən, gənclərin ağlını azdıran, dəyərlərimizi gözdən salan işlər var. Bunların  hamısı bir daha Atanın gərəkliyini təsdiq edir.

İlham bəy deyir ki, mən dini qəbul eləmirdim, bilmirdim də hara gedəcəm. Çox insanlar o durumdadır, bilmir hara getsin. Axı öz yönü, yolu yoxdur. Atanı tapanda bir zəmin olur insana.

Mən bayaq bir fikir oxudum: İnamım idraklaşdıqca, mənəviyyatlaşdıqca o məni həyatdan qoruyur. Mən duyuram o məni necə qoruyur. Enmirəm həyata.

Bir də ki, kitab oxumaq istəməyən dinçilər haqqında. O, özündə belə bir sınır qoymuşdu ki, olmaz.  Bu yaxınlarda sosial şəbəkədə gördüm ki, Atanın şəklinin yanında dinlə bağlı fikir yazılıb. Mən bunu Güntayla bölüşəndə dedi ki, o adamla mən söhbət eləmişəm, dini qoruyurdu, mənimlə söhbətdə kəskin ifadələr işlətdi. Ancaq mən təmkinli davrandım. Bir müddət sonra həmin adam sözlərinə görə üzr istədi, bəlli oldu ki, özü dinlə mübarizəyə başlayıb.

Bəzən belə insanlar olur. Bəzən çoxluğun etkisiylə inananlar olur. Məsələn, biz Atanı sunanda elə olur, qarşıdakının içinə şübhə düşür. Demək, onun içində sağlam bir şey var, düşünə bilir, araşdıra bilir ki, doğru yönə də gəlib çata bilir. Bütün bunlar ona gətirib çıxarır ki, Ocaqçıların çalışmaları, görüşləri nə dərəcədə gərəklidir. Nə qədər çox insanla görüşsək, o qədər insanların gözünü açımış olarıq,  gerilikdən (cəhalətdən) çıxarmış olarıq.

İsa Mehdioğlu: Gənclərin elə bir vaxtı olur ki, onlar nəsə axtarırlar. Bu hal çox qorxuludur. Fanatiklərin əksəriyyəti elə onlar olur. Cavan oğlandır, çağdaş elm adamıdır, onillik oxulu bitirib. Onilliyi bitirən adam XI yüzildə yaşayan, o təfəkkürdə olan birinin hədisini qəbul edə bilərmi? Çünkü o zamanın təfəkkürü fərqlidir. Bugünkü gənclik bunu qəbul edə bilmir. Qəbul edə bilməyəndə onlarda aclıq yaranır. Həmin aclıq onları axtarmağa məcbur edir. Bəzən səhv yola da düşür. Başqa dinə gedirlər. İnsanda nəyəsə inam olmalıdır.

Asif Atanın İnamı özü elə dindir. Din ərəbcə yol deməkdir. Siz bir Amal yolu, ideya yolu gedirsiniz. Gənclər nə isə axtarmalıdır. Gəlməlidirlər bura. Eləsi var ki, tapa bilmir. Ərəbistanda vuruşanlar hamısı dinin fanatikləridir. Onlarda axtarma ehtiyacı olub. Bu axtarma ehtiyacını orta oxullarda vermək gərəkdir uşaqlara. Heyif ki, yanlış verirlər. İnam elə olmalıdır ki, çağdaş elmə, təfəkkürə zidd olmasın. Bu İnamı orta oxulda verə bilsək, düzgün yönləndirə bilsək, gələcəyimiz yaxşı olar.

Din siyasətdir, ondan hər kəs öz xeyrinə yararlanır.

 IMG_4116

Soylu Atalı Ataya səcdə ilə sözünə başladı: Ocaq olaraq bizim işimizin özülü ən çox tədbirlər deməkdir. Çünkü hər bir əməlin, hər bir yerişin, səfərin yaranması tədbirlərdən başlayır. Çünkü tədbir söz deməkdir, ruhani  şüur deməkdir, mənəvi gəlişmə deməkdir. Bunu həyata keçirən insan özündə güc, istək tapır ki, qırağa çıxır, addım atır.

Bir neçə fikir tədbirin gedişi ilə bağlı deyim, sonra fikirlərimi bölüşəcəm.

Birinci, mən bunu xatırlatma kimi deyirəm, tənqid kimi demirəm, çünkü Ocaq tədbirlərinin yönü, mənası həmişə diqqətdə saxlanılmalıdır, doğru bilinməlidir ki, o bizim əsas hərəkətverici gücümüzdür. Onda qırağaçıxmalar olmamalıdır. Məsələn, tədbirin əsas işi yerinə yetirilməmiş çox dialoqlara gedilir. Onda tədbirin anlamı itir, fikir səpələnir. Fikir səpələnir, yığmaq olmur. Məzmun azalır, qonular qarışır bir-birinə. Bu da son anda yoruculuq gətirə bilər, qarışıqlıq olar.

Mən bunu Amaldaşlarıma bir daha xatırladıram, stolun başında oturmaq çox ağırdır. Çox çətindir, çox böyük sorumluluqdur. Asif Ata ölən çağda bizim 50-yə yaxın adamımız vardı. Onlarla, Asif Ataının ölümündən sonra ilk günlərdəcə, fikir ayrılığı başladı. Niyə başladı? Çünkü heç kim Asif Atanın dediyinin içinə girmir, doğru öyrənmirdi. Öyrənmir ki, sorumluluq məsələsi var burda. Dünyanın qabağına nəylə çıxmısan? Hayla-həşirlə dünyanın qabağına çıxmaq olar? Sənin nə qədər dərin ağlın, düşüncən, məntiqin olmalıdır. Nizamın olmalıdır ən əsası. Onlar bu başdakı stulu boş qoyurdular. Bu, ağılsızlıqdan irəli gəlirdi. Stulu boş qoyurdular ki, bura Asif Atanın yeridir. Yaxşı, əgər həmişəlik o stulda heç kim otura bilməyəcəksə, onda sənin səviyyən nədir? Bu o deməkdir ki, Ocaq dayanacaq. Çünkü Ocaq başqa oturub söz deməyi, yönəltməyi bacarmaq deməkdir. Burada o vaxt oturursan ki, fikir, düşüncə zənginliyin olur. Nizam zənginliyin olur. Yön verirsən. Hər şeyi bilirsən, yəni Ocaqla bağlı hər şeyi bilirsən. Mən demirəm ki, sən gedib antropologiyanı da bil.

Burdan Ocaq bir nizam tapır. Bu, Ocaq üçün olduqca önəmlidir. Mən bunu dönə-dönə deyirəm. Amaldaşlarımız bunları öyrənməlidir, bunlara dönə-dönə qayıtmalıdır. Sabah biz olmayacağıq, ancaq Ocaq olacaq. Ocağın olması üçün bu nizam öyrənilməlidir.

Məsələn, yadınıza salıram, hansısa partiyadan bir qadın bizim tədbirə gəlmişdi. O cür adamlar partiyadan gətirdiyi əhvalla bura gəlir. Burada ona səbəb verilməməlidir ki, ordakı kimi davransın. O deyir ki, mən istəyirəm filankəs danışsın. Soruşmaq gərək, sən kimsən ki, istəyirsən. Bura demokratiya qurumu deyil. Bura hər kəsin istəyi, arzusu ilə, necə gəldi yönələn qurum deyil.

Baxın, bu gün dünyanı qatıb-qarışdıran o əhvaldır, özbaşınalıq. Bir nizam olmalı, bu nizamın yiyəsi olmalıdır. “Mən istəyirəm filankəs danışsın”. Filankəs hazırlanmış adamdır bəlkə. Sən onu irəli niyə verirsən? Deməli, bizim nizamımızı pozmaq üçün verirsən. Ondan irəli gəlir bu, bilərəkdən, ya bilməyərəkdən.

Nizamı pozmaq yolverilməzdir. Kim danışsın, nədən danışsın, o, burda oturanın nizamına bağlıdır. Tərsinə olanda alınmır.

 Biz Asif Ataya bağlı adamlarıq. Bura qıraqdan da adamlar gəlir. Elm adamları, filan. Onların hamısı iddialıdır. Ocaq tədbirini aparan Ocaqçı o iddiaların hamsına meydan versə, bu tədbirin adı nə olar?! Burda iddia keçmir. Sənin elmin var, alimsən, kimsən, ancaq burada bir xətt var, nizam var. Bura ruhaniyyat yeridir. O xətdən qırağa çıxarsan, orda din də olar, avropaçılıq da olar, hər şey olar. Biz dindara da söz veririk, avropaçıya da söz veririk, danış, bilək nə düşünürsən, ancaq dağıtma. Sözün sorumluluğunu bilmirsənsə danışma. Biz burada milli yön yaradırıq, insan yaradırıq. İnsanı yaradan söz de. Milləti, bəşəriyyəti yaradan söz de. Yox, ona uyğun deyə bilmirsən, onda danışma. Mənə dinin “möcüzələrini” yeritmə. Onun yeri deyil bura. Mənə Avropanın əqliyyətçiliyini yeritmə. Mənim “ağıla” ehtiyacım yoxdur.

Bu qırım olmalıdır Asif Atanın Ocağında və onun yörəsində. Bu qırım da, dediyim kimi, insani qırım olmalıdır, idrak qırımı. Heç kimi basıb əzməməlidir.

Bayaq İnamlı kamilləşmə yönündə danışanda, paxıllıq duyğusu haqqında epizodik vurğuladı. Mən istəməzdim epizodik olsun. Bir vaxtlar İnamlıda özünüqoruma duyğusu çox güclü idi. Atanın Ocağında böyüdüyü üçün o duyğu getdikcə azaldı. O duyğular zəiflədikcə onun ağlında da, düşüncələrində də gəlişmə başladı.

Ancaq deyirsən o duyğunu ötdüm. Onu gərək düşünəsən, doğrudanmı ötdüm? O duyğuları ötmək asan deyil. Bir dəfə ilə olmur o. Adam özünü arxayın salmamalıdır. Mən Soylu olaraq gündəliyimdə yazıram, elə duyğu var ki, onun üzərində dayanıram, o duyğunu asan ötə bilmirəm. Üzdə görünmür ha. Ancaq içimdə bilirəm o qalır. Elə duyğular var, onu tanısan da, bir dəfəyə getmir. Bir dəfəyə o vaxt gedə bilər ki, sənin içində kamillik etkisi bitkin, yetkin bir şəklə düşsün. Əgər bu yoxdursa, onda arxayınlaşmaq demək olar ki, filan duyğunu özümdə gördüm və ötdüm.

Sonra, qıraqda balaca çıraqların işığına sevinmək olmaz. Ocaq ömründə o qədərmi adidir ki, kimdənsə biz deyənə bənzər söz eşidən kimi sevincin parıldayır?! Bir dəfə, Asif Atanın sağlığında, Ocağın törənində Ocaqçılardan kimsə dedi ki, filan professor Atanı öyürdü. Bunu həmin Ocaqçı sevinə-sevinə dedi. Bu hal Ataya yaxşı gəlmədi. Dedi ki, hansısa professorun, alimin Ata haqqında öygüsünə sevinirsiniz. Belə çıxır ki, Asif Ata qüsurludur. Asif Atada qüsur var ki, o balaca, rütbədən asılı olan alim Atanı öyür… Balaca işartılara sevinmək uşaqlıq olar.

Ramin, Ayaz bəy danışanda, soruşdu ki, çıxış yolu nədədir. Ayaz bəy dedi ki, hər kəs oxuyub öz üzərində işləməlidir. Bu, maraqlı bir məsələdir. Biz insanların hamısına deyə bilmərik ki, sən oxumalısan və özünü qurmalısan. Bu, az adamlara nəsib olan bir şeydir. Bütün millət oxuyan deyil axı. Hamının oxumaq olanağı yoxdur. Oxumaq kimə xasdır? O kəsə ki, ağlı, düşüncəsi var, o kəs ki, içində millət var, vətən var, ona özgündür oxumaq. Sən oxuyub nizam yaratmalısan, sən oxuyub milli quruluş yaratmalısan. Oxumayan, təsərrüfatla uğraşan, uşaq böyüdən sənin yaratdığın quruluşun içində o nizamla yaşamalıdır. Oxuyanların ağlı o nizamı yaratmalıdır.

İndi mən Ocağımızın ayrı-ayrı məsələlərlə bağlı baxışını demək istəyirəm. Çünkü biz ruhsal oxuluq, öyrənən və öyrədən. Öyrənirik özümüzdən, öyrədirik özümüzdən. Bir də Ocaqçıların bilməsi gərək, bayaq söhbətimin başlanğıcında dediyim kimi, biz bilməyərəkdən müsəlmanların yolunu gedə bilərik. Müsəlmanlar ancaq və ancaq “Quran”ı oxumağı tövsiyə edirlər. Asif Atanın Ocağı təkcə Asif Atanın kitablarını oxumağı tövsiyə eləmir. Bizə qədər, bu çağa qədər yazılan uğurlu kitabları tapıb oxumaq gərəkdir, öyrənmək gərəkdir. Dünyada oxunası kitablar var. O kitablardan çox gözəl bəhrələnmələr mümkündür. O kitablardan bəhrələnməklə Asif Atanın yoluna qulluq eləmək mümkündür. O şəxsiyyətlərlə Asif Atanı bir-birinə bağlamaq mümkündür.

İndi mən keçirəm bəzi məsələləri, Ocağın ölçüsündən, açısından yanaşmaqla, qiymətləndirməyə. Bu yaxınlarda Borçalıya yasa getdim. Borçalıya gedərkən tələskənliyimdən pasportumu evdə qoydum, zəng edib arxadan gələnlərə, pasportumu gətirtdim. Onlar gəlib çatana kimi 8 saat Qırmızı Körpüdə qaldım. Çayçıda oturub başladım yazı yazmağa. Sonra endim Kür qırağına. Kürün həzin şırıltısı, ağaclar, təbiət yüksək əhval yaradırdı məndə. Qayıdıb yenə çayçıda otudum. İkinci bir yazı yazdım. İkinci yazıda qonu psixologiya ilə bağlı idi. Biz, Ocaq olaraq, psixologiya elminin insana sınırlı yanaşmasını rədd edirik. Psixologiya insana qiymət verməkdə yanıldı. O yanlışlığı bilimə çevirdi, bu gün də həmin bilim, o yanlışlıqla, insana qarşı çalışır. Bu nədə özünü göstərir? 4 temperament deyirlər, insanları bu 4 temperament içrə öyrənirlər. Onun xarakterini – xolerik, sanqvinik, melanxolik və fleqmatik adlanan temperamentlərlə bəlli edirlər. Bu temperamentlərin hərəsinin özünəxas xarakterik cəhətləri var. Yəni hansı xarakerli insanlar xolerikdir, ya fleqmatikdir. İnsanları xarakterlərinə görə bölürlər. Psixologiya burdan yaranıb. İnsan bioloji varlıq sayılıb. İnsanın, bioloji olaraq, özündə daşıdığı xarakter Adamlıq xarakteridir. İnsana yox, Adama xasdır. Adam daha çox bioloji yaşayır, daha çox bioloji keyfiyyətlərdən, xarakterlərdən oluşur. Onu həmin xarakterin üzərində öyrənir və deyir ki, bu insanın psixologiyası budur. Asif Ata biranlamlı olaraq, həmin sınırlılığı (məhdudluğu) rədd edir. O deyir, insan ruhani varlıqdır və insan hallardan oluşur. İnsanın halını nə yaradır? İnsanın halını üz tutduğu nəsnə yaradır. Nəyə üz tutursansa o yaradır. Məsələn, sən gerçəlkliyə, deyək ki, məişət qayğılarına, sosial məsələlərə, siyasi məsələlərə, sənin üçün sunulan toplumsal gedişlərə üz tutursansa, sənin halını o yaradar. Yəni onun qarışıqlığından, gedişindən, pozuntularından asılı olaraq sənin halın formalaşır və dəyişir. Əgər insan mənaya üz tutursa, özünün içindəki Allaha üz tutursa, Mütləqə üz tutursa, insanın halını həmin Mütləq yaradır. Bütün o gözəlliklər, duyğular, hamısı. Əgər insan gerçəkliyə üz tutarsa, onda onun xarakterik olaraq öyrənilməsi psixologiya adlanan bilimin ixtiyarına keçir. Ancaq insan öz üzərində işləyərsə, özünü içəridən ruhsal varlıq kimi yaradarsa, onda psixologiyanın ona əli girmir. Çünkü adamlıq xassələrini ötür insan. Temperamentdəki cəhətləri, cılızlığı, paxıllığı və s. bunları insan ötür. İnsan ötəndən sonra psixologiyanın əli oraya girmir. Artıq onu ruhaniyyat öyrənir, fəlsəfə öyrənir. İnsan özünü yaratmırsa, necə var, elə də qalırsa, özünün Adamlıq xassələri ilə yaşayırsa, onda psixologiya onu o xassələrə tən götürür, bu səviyyə bilimə gətirilir, tədrisə gətirilir, insan dəyişmir. Necə var elə də qalır. Yəni insan xarakterinə tən qalır. Bu da dinin dediyinə uyğundur. Çünkü din deyir ki, insan anadangəlmə günahkardır, ulu babasıyla, ulu nənəsinin günahlarını daşıyır. Yəni əzəli günahkardır insan. Əzəli günahkar olan insana Allah möhür vurub. Qismətçilik məsələsi psixologiya tərəfindən qorunur əslində. İnsanın alnına filan xarakter yazılıb, insan ondan qırağa çıxa bilməz. Asif Ata onu rədd edir. Deyir ki, İnsan ruhsal varlıqdır, o, temperamentlərdən çıxa bilər və çıxmalıdır. İnsan dünyaya ona görə gəlib.

Heç kim heç kimin yerinə gəlməyib bu dünyaya. Hər kəs öz yerinə gəlib və hər  kəs öz yerinə öz içindəki ilə gəlib. Hər insan içində, mayasında Allahla gəlir. Yəni Mütləqlə. Onun mayasında Mütləq var. Ana bətnində gedən proseslərin mayasında var – Mütləq. İnsan Mənanın təzahürü kimi, Allahın gerçəkliyi kimi dünyaya gəlir. Gəlir ki, mayasında olan həmin mənanı üzə çıxartsın və onu təsdiq eləsin. Ancaq adını çəkdiyimiz din, psixologiya onun qarşısını alır. Dünyada gedən proseslər, siyasət, bütün oyunlar, insana münasibət, əyintilər hamısı ordan başlanğıc götürür. Həmin psixologiyanın yaratdığından başlanğıc götürür. Dindən başlanğıc götürür və deyir ki, bu insan düzələn deyil. O, bu xarakterin yiyəsidir, bunun başına qapaz vurub onu idarə eləmək gərəkdir. Siyasət ordan başalyır. İnamsızlıqdan. İnanmır, ona görə başlayır siyasət, oyun, kələk, münasibətlərdə əyrilik.

Asif Ata Yeni Sivilizasiya gətirdi, Yeni Nizam gətirdi, Yeni Quruluş gətirdi. İnsana inamdan başlamalıdır quruluş. İnsana inamdan yaranmalıdır gediş. İnsana inamdan başlamalıdır nizam. İnsana inamın əsasında biçimlənməlidir dövlət. İnsana inamın təsdiqinə qulluq eləməlidir dövlət. Asif Ata bunu deyir. Zarafat məsələ deyil. Ocaqçılar çox böyük gücün yiyəsidirlər. Onu dərk eləmək gərəkdir. Bizim sayımızın azlığı-çoxluğu məsələsi burda rol oynamır. Çox böyük ideya daşıyıcılarıyıq biz. O ideyaya yiyələnməklə dünyanın axarını dəyişmək olar. Zatən Asif Ata ona görə gəlib. Yeni Bəşər Halı yaratmaq üçün.

 Dünyada nə baş verir versin, mən sizə səmimiyyətlə deyirəm. Buna dayanıb çox nikbin yaşamaq olar. Bilirsiniz ki, mən çox oxuyan adamam. Çox şey oxuyuram, çox şey düşünürəm. Mənim düşünmədiyim saniyə yoxdur. Oxumadığım məqam yoxdur. Nə dediyimin fərqindəyəm.

İlham Soylunun danlamaq məsələsinə toxundu. Əslində mən heç vaxt münasibətlərdən sui-istifadə etməmişəm. İlham mənim sözümü, dediyimi ölçü kimi götürüb. Mən İlhamın söhbətində, sözündə doğru olmayan, yanlış bir şey görəndə onu demişəm. Bu danlaq anlamına gəlmir.

Ata da bizi danlayırdı, düz eləyirdi. “Ruhani hökmlər”də yazıb ki: “Ata danlağı məktəbdir. Ata danlağı su kimi içilməlidir”. Elə olmasa, ruhaniyyat yaranmır. Nizam olmasa, ruhsal tabelik olmasa, onda özbaşınalıq olur.

Deyirlər masonlar belə getdi və s. Heç birinin etkisi mənim qulağıma girmir. Bunu səmimiyyətlə deyirəm. O qədər güvənirəm, o qədər inanıram, o qədər dayanıram Asif Ataya. Min il bundan sonra qələbə çalacaq, qoy çalsın. Mason tipli əyriliklərin, imperiyaların sonu yoxdur. İnsan bunu axıra qədər uda bilmir. Ayağa durur, onu məhv eləyir. Yetər ki, insanın içində elə bir qüdrəti üzə çıxarasan. Ona görə dünya məhv oldu, əyildi, getdi, o belə idarə elədi, yaraq belə getdi, bomba belə qaldı-filan. Bunların heç biri mənim qulağıma girmir. Bu saat bayıra çıxanda bomba təpəmə düşsə belə, mənim qulağıma bunun etkisi girmir. Girməyəcək də. Asif Atadan mən o  ilhamı almışam. Dünyanın dağılıb yox olacağına inanmıram.

İsa müəllim sual verdi ki, niyə Asif Atanın şəkli Günəşdədir. Asif Ata “Azərbaycanımız – Azərbaycanlığımız” adlı dəyər sistemi yaradıb. O dəyərdə Azərbaycanın ruhsal mahiyyətini bütünlüklə biçimləyib, izhar edib. Dünənimiz, bugünümüz, sabahmız deyə, həmişə görüşlərdə vurğu edirdi. Dünənimiz Azərbaycanın ruhsal mahiyyətindən oluşur, onu da “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sistemində göstərir. Həmin “Azərbaycanımız – Azərbaycanlığımız” dəyər sistemini mən bütün yazılarımda açmışam. Bu Dəyər sistemi Azərbaycanın işıqçılıq mahiyyətidir. Azərbaycanın mahiyyəti işıqçılıq deməkdir. Mənəvi işıqçılıq. Zərdüştdə işıqçılıq, Dədə Qorqudda ağsaqqallıq –  işıqçılıq. Babəkin Xürrəmdinliyində – Fərəhçiliyində işıqçılıq. Nəiminin hürufiliyində –insançılığında işıqçılıq. Füzulinin aşiqliyində işıqçılıq. Muğamın mənəvi təmizləməsində işıqçılıq. Sazın tanrıçılığında işıqçılıq. Hamısı işıqçılıq mənası daşıyır. Asif Ata bunların hamısını öz içinə alan yeni bir dəyər yaradıb. 6 ideyasıyla. Bu da işıqçılıqdır. Asif Atanın işi mənəvi işıqçılıqdır. O mənəvi işıqçılığın simgəsəl (rəmzi) ifadəsi Günəşdir. Asif Atanın günəşi, işığı, mənəvi işığı, mənəvi qüdrəti.

İsa Mehdioğlu: Mən sizin herbinizdə görmüşəm, alovu 4 dilli verirsiniz. O nə deməkdir?

IMG_4113

Soylu Atalı: O, mənim  ideyamdır. O herbin bütün biçimini mən vermişəm. Bu herb Ocağın deyil, Uluyurd Hərəkatının herbidir. Asif Atanın ayrıca Uluyurd Hərəkatı adlanan ideyası var. Biz ruhani hərəkatıq. Bizim işimiz on illərə, yüz illərə dayanır. Ancaq bizdən asılı olmayan proseslər, gedişlər var. Azərbaycanın siyasi nizamı olmalıdır. Bu siyasi nizamı ələ alan hərəkat olmalıdır. Bu hərəkat tam siyasət olmasa da, siyasətə etki göstərən, onu öz etkisi altına alan hərəkat olmaldıır. Onun adına Asif Ata Uluyurd Hərəkatı deyir. Uluyurd Hərəkatının beş prinsipi var. Bunlarla bağlı burada danışmayacam. Çox vaxt gedər. Herbdə iki bayrağın qovuşması var – Uluyurdun və Ocağın. Onun üstündə yeni abe ilə “Azərbaycan – Türkel Dövləti” sözü yazılıb. İçində də alov verilib, Azərbaycanın işıqçılıq anlamı kimi. O dörd dil də Asif Atanın insanda ruh anlayışına verdiyi tərifdən irəli gəlir. Asif Ata ruhu 4 keyfiyyətin birliyi kimi götürür. Deyir ki: İnsan – İnam, İdrak, Mənəviyyat, İradə birliyidir. Ruh budur. Həmin ruhdan yaranan işıqdır herbdəki simgə (rəmz) – dörd alov dili.

İsa Mehdioğlu: Bu elə bir ideyadır ki, dünya getdikcə bəlkə bir xalq yox, bir neçə xalq buna inandı. Bunu siz hansı yolla qəbul edirsiniz – ateizmləmi, teizmləmi?

Soylu Atalı: Nə deizmdir, nə teizmdir, nə ateizmdir. Mütləqçilikdir. Teizm – Allahın varlığını dinə, quruma bağlı olaraq götürür və din, qurum birliyində ibadətlərin, Allaha münasibətlərin formalaşmasını özündə saxlayır.

Deizm – dinin məscid, kilsə və bunların əsaslılığını irəli sunan baxışı qəbul etmir, onun hegemonluğunu, ona ayrıca münasibət formalaşdırmağı qəbul etmir, yalnız Allahın olmasını qəbul edir.

Ateizm – bunların hamısını inkar edir, rədd edir. Ateizm üçün nə Mütləq olan var, nə əzəli olan var, nə qutsal olan var, heç nə yoxdur. Maddiyyatçılığa dayanır bütövlükdə.

Asif Atanın Mütləqçiliyi nə deizmdir, nə teizmdir. Asif Atada Mütləq dünyanın ahəngində, nizamında, özündədir. Tamam fərqlidir. Gerçəklik və Məna birliyi.

IMG_4093

İsa Mehdioğlu: Onda sən kainatı bütövlükdə qəbul eləmirsən. Sən onun bir hissəsisən. Mütləq varlığın, böyük varlığın bir hissəsisən.

Soylu Atalı: Mütləq varlıq deyə bir şeyin hissəsi deyiləm. Mütləq varlıq deyə ayrıca bir şey yoxdur. Kainatın özünün içsəl qüdrəti var, nizamı var, uyumu var. Mən də kainatın qüdrətinin daşıyıcısıyam, o qüdrət məndə var. Bütövlükdə o Dünyalıq adlanır, məndəki İnsanlıq adlanır. Kainat Mütləqə özgün (aid) deyil. Mütləq Kainatın yiyəsi deyil. Yəni kainat ona özgündürsə, onda Mütləq olur kainatın yiyəsi. Bu, deizmdir. Asif Atada kainatın yiyəsi yoxdur. Kainatın içsəl qüdrəti var. Bu qüdrət kainatın ağası deyil, nizamıdır, uyumudur, anlamıdır.

İsa Mehdioğlu: Onda belə çıxır ki, hər hansı bir layihəverici qüvvə bunları idarə edir.

Soylu Atalı: Bizdə eləmir.

İsa Mehdioğlu: Siz bu qüvvəni qəbul eləmirsiniz.

Soyu Atalı: Biz idarəçiliyi qəbul eləmirik.

İsa Mehdioğlu: Bu var axı, sən qəbul eləsən də var, eləməsən də var. Günəşin dalınca gecə gəlir, gecənin dalınca gündüz.

Soyu Atalı: O idarə deyil.

İsa Mehdioğlu: Kainat hamısı zəncirlə bir-birinə bağlıdır. Sən cazibə qüvvəsinə inanmrsan?

Soyu Atalı: Öz üzərimdə izah edirəm. Mənim daşıdığım İnsanlıq adlı qüdrət məni əşya kimi, mexanizm kimi idarə eləmir. Mən içimdəki İnsalığın tələbi ilə yaşayıram. İdarə olunmuram.

İsa Mehdioğlu: İnsanlıq deyəndə, insanlığı sən idarə edirsən.

Soyu Atalı: İnsanlıq idarə olunmur. O ayrı şeydir, təzahür ayrı şey. Onun görüntüyə gəlişi ayrı şeydir, onun yaratması ayrı şey. Deizmdə o qüdrət yaradır. Həmin qüdrət kainatda nə var, hamısını yaradır. Ancaq Asif Atada kainatdakıları kainatın qüdrəti yaratmır. Kainatın qüdrəti kainatdakılar biçimində təcəlla tapır, təzahür edir, görüntüyə gəlir, üzə çıxır (aşkarlanır), yaratmır onu. Böyükdür fərq. Kainatın içsəl qüdrəti kainat biçimində təcəlla tapır, təzahür edir, görüntüyə gəlir. Belə bir harmoniya var, uyum var, nizam var. Öncə yaradır, sonra onu yönətir (idarə edir) ki, ay sən çıx, günəş sən bat, belə şey yoxdur. O, Asif Atada yoxdur…

“Atagün” və “Ulufərəh” Ailə Günündə vurğu elədim, yazımda da var, Asif Ata türkə bəşəri sima yaradır. Bu nədə özünü göstərir? Bütün xalqlar, Hindi, Çini çıxsaq, dünyanın yerdə qalan kəsimi semit dünyagörüşünün etkisindədir. Asif Ata semit dünyagörüşünün etkisindən türkü çıxarıb, onun öz içindən, mahiyyətindən gələn dünyagörüş ortaya qoyur. Bu əslində türkə bəşəri sima yaratmaqdır. Bunu daha incəliyinə qədər açmışam, burda çox vaxt almaq istəmirəm.

Həm də bəşəriyyətə milli sima yaradır. Bəs bu nədə özünü göstərir? Bütün dünyabaxışlarda millət anlayışı dışlanır. Asif Ata hər bir milləti, öz dəyərləri əsasında bütün keyfiyyətlərini üzə çıxarıb bəşər olmağa çağırır. Bu böyük ideyaya qulluq göstərir. Asif Ata deyir ki, millətsiz bəşər yoxdur və bəşər millətlərin uca keyfiyyətlərinin birliyidir. Bu hikmət, bu məntiq ona gətirir ki, Asif Ata bəşəriyyətə milli sima yaradır.

Onun ardınca yazmışam, Asif Ata bəşəri peyğəmbərdir, yəni İnam dünyagörüşü yaradıcısıdır. Peyğəmbər o demək deyil ki, Cəbrayılın qanadlarında daşınan ayələri topluma diktə edə. Yəni soraq gətirən anlamını daşımır. Biz Peyğəmbərliyin fəlsəfi mənasını götürürük. Yəni yeni inam dünyabaxışı yaradıb. Yaratdığı yeni dünyabaxışı ilə bəşəridir.

Məhəmməd peyğəmbər bəşəri peyğəmbər deyil. Çünkü ayrı-ayrı millətlərin etnik kimliyinə əl uzadır, mahiyyətinə soxulur və həmin millətin milliliyini rədd edib onu ümmətçiliyə bağlayır. Milləti inkar edən millətin peyğəmbəri ola bilməz. Millətin peyğəmbəri ola bilməyən bəşərin peyğəmbəri sayıla bilməz. Asif Ata hər bir millətin oluşmasını təsdiq elədiyi üçün bəşəri peyğəmbərdir.

IMG_4088

İsa Mehdioğlu: Peyğəmbər sözünü türkləşdirmək olarmı?

Soyu Atalı:  Əgər biz peyğəmbər sözündən bu gün əl çəksək, peyğəmbərlik meydanını Məhəmmədə buraxmış olacağıq. Asif Atanın baxışı türkdə oturuşduqdan sonra yalnız Ata sözü qalacaq.

İsa Mehdioğlu: Hər şeyi biləndir peyğəmbər. Çevirmədə elə verilir. Farsca – hər şeyi qabaqcadan bilən. Türkcə Bilqamıs elə hər şeyi bilən deməkdir.

IMG_4115

Soyu Atalı: Peyğəmbər hər şeyi bilməyə də bilər. Hər şeyi bilən o mənada ki, yaşamla bağlı, dünyanın insanca nizamı ilə bağlı hər şeyi bilən. Yoxsa başqa mənada hər şeyi bilən deyil.

Peyğəmbər anlamı, məzmunu bu gün bütünlüklə cəm olur həmin sözün başında. O sözün başında cəm olduğuna görə, türkün ağlında, istər farsın sözü olsun, istər ingilisin, peyğəmbər sözü oturub. Asif Ata qəbul olunub bəşərə çıxandan sonra, o aşama başlayandan sonra peyğəmbər sözü aradan gedəcək, qalacaq Atalıq məsələsi. Ata hər şeyi görəndir, hər şeyi nizamlayandır, elə həmin peyğəmbər anlamıdır…

 “Ailə Günü”  “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə sona yetdi.

 

Qürub Ayı, 37-ci il. Atakənd.

(avqust, 2015. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir