Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 30 Yağış Ayı, 37-ci ildə (noyabr, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin IX “Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü” başladı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə fikirlərini bölüşdü: Bu ayım Ocaq əməlləri baxımından çox olub. Tədbir kitablaşdırmışam, Soylu Atalının çıxışının görüntüsünü hazırlamışam, yazılar korrektə eləmişəm. Doğrusu, keçən Ailə Günündən özümü belə kökləmişdim ki, ömrümdə bir çox şeyləri tamam, sistemli şəkildə dəyişməliyəm. Ancaq arzularım qarşımda qoyduğum tələblərlə üst-üstə düşmədi. Amallaşmam da bu ay az olub.
Qonumuz – “Əməl qutsallığına yetmişəmmi?” Ocaq yönündə gördüyüm bütün əməllər məni sorumluluğa kökləyir və Ocağa daha çox bağlayır. Əməl qutsallığı odur ki, öz içində başlanğıcdan axıra qədər onu yaşadasan. Düşüncələrindən, yaşamından gələn və tamamilə umacaqsız, özünün olanaqlarını ötərək ləyaqətlə çalışasan. Bütün Ocaq əməlləri fərəhlidir. Çünkü Amala qulluq etdiyi üçün qutsaldır. Amalı təsdiq etdiyi üçün qutsaldır. Mənim həsrət çəkdiyim əməl xalqlaşma əməlidir. Bu olanağımın olmaması da bəzən məndə əhvalsızlıq yaradır. İnternet üzərindən söhbətlərimi artırmışam. İstəyirəm yeni adamlar cəlb edəm. Ocaq üstə söhbətlər də məndə yenilənmə halı yaradır.
İndi yazılarımı oxumaq istəyirəm.
xxx
Amal üstə düşünməyə zaman yoxdursa, deməli, yaşamağa zaman yoxdur!
xxx
Şər adama elə doğmalaşır ki, şərdən ayrılmaq özüdən ayrılmaq qədər ona dəhşətli görünür.
Millətimizin din şəri var – özgə peyğəmbərə, özgə dinə bağlanmağımız bizi böyütmədi, kiçiltdi.
Dil şəri var – özgə dilində danışmağı sevməyimiz adlı.
Mədəniyyət şəri var – özgə mədəniyyəti özümüzünkündən üstün bilməyimiz, ağız suyu axıtmağımız.
Özgələşdikcə özümüzə yadlaşdıq, şərə doğmalaşdıq. Özgələşdikcə dəyərlərimizi unutduq, sabahımızı qurmadıq. Özümləşmək gərək ki, yox olmaq qorxusundan qurtulaq.
xxx
Böyük düşüncələrlə yaşayanda zamanın axdığını yox, yaşadığımı görürəm.
xxx
Tələb böyüdükcə, əməl də böyüyür.
Tələb yetkinləşdikcə, əməl də yetkinləşir.
Tələb artdıqca, əməl də artır.
xxx
Yeni yol.
Siyasətlərini ölüm üstə, öldürmək üstə doğruldurlar.
Dinlərini öldürmək üstə doğruldurlar.
Öldürməklə öz yolunu doğrultmaq olmaz. Yaşatmaqla, yaratmaqla özünü doğrultmaq olar.
xxx
Dində adam öz günahı qarşısında sorumludur. Ömrü boyunca günahdan çıxması üçün yalvarmalıdır.
İnamda insan – İnsanlıq qarşısında sorumludur. İnsanlığın yaşaması üçün insan özündəki və həyatdakı Adamlıqla savaşmalıdır.
xxx
Dünyada nifrət o qədər artıb ki, sevgi, şəfqət yersiz görünür.
Yadlıq o qədər artıb ki, doğmalıq yersiz görünür.
Hər şeyin öz yerini alması üçün Xeyir uğrunda savaşmaq gərəkdir. Onda şər yersiz görünəcək və yersiz qalacaq.
xxx
Toplum elə siyasallaşıb ki, siyasətin hökmündən, tələbindən çıxa bilmir.
xxx
Doğunun halı. Ağa dövlətlərin bir-birinə ağalığını sübut eləməsi üçün döyüş poliqonuna çevrilib.
xxx
Özünü özünə inandırmaq üçün özüylə savaş gərəkdir. Başqasına inandırmaq üçün sevgi və doğmalıq gərəkdir.
xxx
İnsanın insana sevgisində insanın dünyayla, həyatla uyumsallığı yaranır. Bu özü doğayla da uyumsallığı yaradır.
Adamın adamla yadlığında, nifrətində həyatla, dünyayla, doğayla yadlaşma yaranır.
Qonumuzla bağlı – Dünyanın türkə yağılığı və türk millətinin özünün özünə yağılığı.
Keçmişə baxıram. Keçmişimlə öyünürəm, həm də acıyıram. Bu qədər böyüklüyü olan xalq niyə bu durumdadır? Niyə Atanın dediyi kimi, öz böyüklərinin arxasınca gedə bilmədi, peyğəmbər vermədi, özgələrə yaradı, özünə yaramadı?!
Keçmiş arxada qaldı deyə bilmirəm. Çünkü keçmişin yanlışlarını, millət olaraq, bu gün yaşayıram, sabah da yaşayacağımdan qorxuram.
Dünyanın türkə yanaşması biranlamlıdır. Türk gücünü göstərdi, dünya o gücün dirçələcəyindən qorxduğu üçün türk toplumlarını parçaladı, assimilyasiyaya uğratdı, özünə yadlaşdırdı, dəyərlərinə yadlaşdırdı, böyüklərinə böhtanlar atıb gözdən salmağa çalışdı. Təəssüf ki, dünyanın bu havasına türk toplumları uydu. Nə özünü gördü, nə də ona olan yanaşmanı qiymətləndirə bildi. Çünkü özgələşdikcə öz keçmişini görmək olmur və gələcəyi görmək, gələcək uğrunda çalışmaq da anlamsız görünür. Sanki belə olub, belə də qalmalıdır. Dünyanın axarı, gedişi nədirsə, o axınla da gedilməlidir. Olduqca mürəkkəb, çətin və çıxılmaz görünən bu durum Atanın dünyabaxışıyla işıqlanır. Atanın “Günahkar xalq” adlı yazısı var. Ata xalqımızın günahlarını sayır və sonda “O, günahını Amal suyuyla yumalıdır!” deyir.
Özünə yağı olmaq asandır. Sənə veriləni alırsan, təlqin edilənin arxasınca gedirsən, çalışmırsan, düşünmürsən, ağrımırsan, acımırsan. Özümləşmək üçün isə həm özünlə savaşmalı, həm sənə yanaşma ilə savaşmalı, həm də gələcəyini qurmaq üçün yolundakı əngəllərlə savaşmalısan.
Türk millətinin özünə yağılığı bərkiyib, daşlaşıb. O qayanı yarmaq üçün Amal səbri, qətiyyəti, inamı və inadı gərəkdir.
Atamız Var olsun!
İnamlı Atalı Ataya səcdə ilə sözünə başladı: Bu ay ilk dəfədir ki, Ocaq ədəbiyyatı oxuya bilmədim. Sağlığımla bağlı halım olmadı. Bireysəl sorunlarım vardı, onların dalınca qaçmalı oldum. Amallaşmayanda kamilləşmə də olmur.
Bir oxula cəhd elədim ki, xalqlaşma əməlini gerçəkləşdirim. Oxul direktoru Atanı tanıdı, Atanın öyrəncisi olub çağında. Ataya sayğısı vardı. Ancaq görüş üçün razılıq vermədi. Hansısa tədbirlərinin içində bizə çıxış üçün söz verə biləcəyini dedi. Bu da təbii ki, bizim üçün çox azdır, dardır.
“Gediş Yazısı”nda sorğu var: “Əməl qutsallığına yetmişəmmi?”.
Mən Ocaqda Soylu Atalı qədər, Nurtəkin qədər, Göylü qədər işlər görməmişəm. Mənim əməlim xalqlaşma ilə bağlı olub. Gücüm yetən qədər xalqlaşmanın dalınca qaçmışam. Soylu Atalıya görüşlər təşkil etmişəm. Bundan başqa Ocaq əməlim olmayıb. Haqqım yetmir ki, əməl qutsallığım haqqında danışam. Yetməmişəm, çünkü o əməli mən yerinə yetirməmişəm.
Nurtəkin Atalı: Özünün gördüyün əməlləri küçümsəmək də olmaz. Çünkü sənin səfər təşkil eləməyin olub. Xalqlaşma əməllərin olub. Başqa yöndə əməllərə cəhd eləməmisən, o başqa. Mən özüm hansı əməli ki görürəm, onu tədbirdə ifadə eləyib aça bilmirəm. Hər gördüyün əməlin nə hallar yaratdığını açmaq olar.
İnamlı Atalı: Xalqlaşma əməli mənim içimdən gələn doğal bir tələbdir. Xalqlaşma əməlinə həmişə ürəklə, həvəslə gedirəm. Hətta Soylu Atalı bir dəfə vurğuladı ki, İnamlı oxula elə gedir ki, sanki özünün evinə gedir. Gedib qapını açacaq. O anlamda əməl hünərinə yetmişəm. O inam, inad məni aparır ki, mən həqiqəti deməyə gedirəm. Ata Amalıyla gedəndə orda mənim qarşıma elə bir şey qoyulmayacaq ki, onun qarşısında aciz qalım. Çünkü biz həqiqəti deyirik. Ancaq başqa Ocaqçılarla tutuşdurmada mən çox az əməl görürəm. Güntayın özü, baxmayaraq ki, az müddətdir Ocağa gəlib, onun Ocaq əməli məndən daha çoxdur. Özümə söz vermişdim ki, bu il xalqlaşmam daha çox olacaq. Çünkü dünya gün-gündən pozulur. Ocaq bu qüvvənin qarşısında az görünə bilər. Bu gün istər siyasal həyasızlıq, istər dinsəl həyasızlıq, sosial həyasızlıq o qədər artıb ki, insan onun qarşısında çox aciz görünür. Sanki bütün dünya bu tora düşüb. Dünyanı bilərəkdən salıblar bu tora. Dünya düzənini bu günə salmaqla, insanı zəlil günə salmaqla, hərə öz istəklərini həyata keçirir.
Bu səhər bir nəfərlə söhbət etdim. Söhbət Nardaran olaylarına gəlib çıxdı. İşdə də o haqda söhbətlər gedir. O adam bizim millətə qarşı ifadələr işlətdi. Mən də Atanın Azərbaycanımız – Azərabcyanlığımız üstə yazısını açdım. Yörəmizdə olanların da diqqətləri məndə idi. Deyirəm, bu kimi dəyərlərimiz var, ancaq biz yenə də bu xalqı söyürük. Heç görmüsünüzmü ki, bir erməni, bir alman özünü söysün, hansı ki, bizim qədər dəyərləri yoxdur. Bu gün məqsəd dəyərləri türkün gözündən salmaq, özünü öz gözündən salmaq, sonda əliyalın qoymaqdır. Nardaran olaylarının arxasında duran qüvvə dini əlində araç edəndir. Özləri artıq o qənaətə gəlirlər ki, din siyasətdir. Məqsəd də İranın Nardaran araçılığıyla Azərbaycanı qarışdırması, sabitliyi pozmasıdır. Arada milli kimliyimiz gedir. Mənə deyirlər ki, niyə sən dini qəbul eləmirsən, imam Hüseyni qəbul eləmirsən. Deyirəm, İmam Hüseyn kimdir ki?! O şəxsin sənə nə özgünlüyü var? Deyirəm imam Hüseynə tapınan adam sənin polisini öldürür. Sənin varlığına kölgə salır. Onlar sənin bağımsızlığını qəbul eləmir. Onların məqsədi Azərbaycanda din dövləti qurmaqdır. Necə ki, İranda onların arxadaşları olan fars şovinistləri milllətimizi assimilyasiya edir, türklüyü məhv edir, burda da bu cür məhv edir. Başqa cür sənə necə anladılmalıdır, biləsən ki, bu din sənə qarşıdır. İslam bizə nə gətirdi, bunu başa salırıq. İslam onu gətirdi ki, milli kimliyin silindi, biz özümüzə türk deməyə qorxuruq. Gərək müsəlman deyəsən. Azərbaycanlı deyirsən gülürlər, türk deyirsən gülürlər. İslamçıyam, müsəlmanam deyəndə, deyirlər əlhəmdülillah… İslamın türkə vurduğu zərərlərdən türk haçağ ayılacaq? Bu gün Türkiyə dövlətinin başında duranların bilirsiniz ki, türkə özgünlyü yoxdur. Ərdoğanı hakimiyətə gətirən qüvvələrin məqsədi türk millətçiliyini, türk sevgisini millətin ürəyindən silmək, Avropanın əlaltısına çevrimək, – məqsəd budur. Vaxtilə türk elə güc göstərib ki, Avropa hələ də o gücdən ehtiyat edir.
Əslində Türkiyəni bu gün islamın əliylə vururlar. Rusiya Türkiyəyə qarşı embarqo qoyur – iqtisadi, siyasal. Çoxları deyir ki, Ərdoğan yanlışa yol verdi. Axı nə vaxta qədər Rusiyanın qabağından qaçacağıq? Rusiya imperiyadır deyə hər zorunu qəbul eləməliyikmi?
Ruhsal açıdan bu qədər haqqımız ola-ola, dünya mədəniyətini zənginləşdirdiyimiz bir halda, bizə mədəniyətsiz deyirlər. Başqa mədəniyətə, başqa dilə üz tutmaq nə üçün?!
Asif Ata həmişə vurğulayırdı ki, türk milləti öz peyğəmbərini tapmalıdır. Özünə qayıtmalı, özümlüyünü yaratmalıdır. Onun keçmişi böyükdür. Türkçülük öz keçmişindən yapışsa, dünya türklə barışacaq. Türk islamdan əl çəkməlidir. Türkün xilası öz İnamındadır, öz peyğəmbərindədir. Yad baxışlar ona ancaq faciə gətirir, faciə gətirəcəkdir. Türk özünü itirə-itirə gedir. Qurtuluş yolu Atanın qoyduğu Yoldur. Atamız Var olsun!
Nurtəkin Atalı: Biz birey olaraq, xalq olaraq özgələşməyimizi ona görə görürük ki, Ata bizim gözümüzü açdı. Ata olmasaydı, biz də elə hamı kimi düşünərdik ki, bu axın, bu gediş belədir, belə də olmalıdır. Soylu Atalı deyir ki, “Deyirlər belə gəlib belə də gedəcək. Biz deyirik yox, belə getməyəcək”. Biz onu dəyişdirməyə yönəlirik. Atanın “Ata Səsi” bitiyində belə bir fikri var: latın abesinə keçəndə abenin arxasınca Avropa mədəniyəti gələcək. Çağında rus abesindən istifadə edirdik, ruslaşırdıq. Eləcə də dil, mədəniyyət. Hər bir şeydə özgələşdikcə özümlük yaddan çıxır. Gərəksiz görünür, yersiz görünür.
İndi biz Ailəmiz haqqında danışaq. Ailəmiz Atanın qoyduğu tələbləri tam ödəmir. Mən istəyirəm ki, Ailəçilərin arasında bir-birinə elə yanaşma olsun ki, mən sözümü deyə bilim. Mənim sözüm yarıda kəsilməsin. Mən elə fikirləşməyim ki, bu sözü deməliyəm, ancaq qarşımdakının xətrinə dəyəcək. Elə şeylər var ki, biz udmağı da bacarmalıyıq, güzəştə getməyi də bacarmalıyıq.
Xalqlaşma işinin yaxşı bir cəhəti də qorxunu ötməyə yardım etməsidir. Müxtəlif xarakterli insanlarla görüşürsən, hərəsi bir qarşılıq verir. Bu çağacan Xalqlaşmada bizə daş atan olmayıb, dərimizi soyan olmayıb, çox ciddi dirənişlə üzləşməmişik. Ancaq qıraqdan bizə hər bir söz deyilə bilər. Qıraqdakı da bizə öz düşüncəsiylə, baxışıyla deyir, səviyyəsiylə deyir. Yuxarıda bir fikir dedim ki, özünü özünə təsdiq eləmək üçün özüylə savaşmaq gərəkdir, başqasına təsdiq eləmək üçün savaşmaq deyil, səbir, doğmalıq, inam gərəkdir. Qarşıdakı məndə var olsun, mən də onda var olum. Belə bir yanaşma İnamlı ilə mənim aramda yaranmayıb. Biz ikimiz də düşünməliyik. Biz bunu yaratmalıyıq. İkinci bir yol yoxdur. Əgər biz bir-birimizi dinləməyi bacarmırıqsa, bir-birimizin sözünü bütün hallarda götürə bilmiriksə, bunu aradan qaldırmağımız gərək. Acıqlı qalıb da yol getmək olmaz. Özünü görmə ilə, doğmalaşmaqla yol getmək olar. Mən kiməm, nə haldayam, qarşımdakı kimdir, nə istəyir, niyə deyir. Onu da ciddi düşünmək gərəkdir. Yenə də deyirəm, biz qıraqdan çox ciddi təpkilərlə üzləşməmişik. Soylu Atalı çox üzləşib. Atanın üstünə gedən qədər bizim üstümüzə gələn olmayıb. Nə qədər psixoloji gərginliklər yaradıblar Ataya qarşı. Bununla belə Ata yenə də öz halındaydı. Heç bir şey onun halını etkiləmirdi. Ata deyir ki, dünya nədir ki, o sənin halına etki göstərsin. Qıraqdan bizə söz deyilə bilər, etki göstərilə bilər, öz halımızda olmalıyıq. Ocaqçı kimi yaşayanda ömür onsuz da görünəcək. Hal, düşüncə elə zənginləşməlidir ki, bölüşdükcə bölüşəsən.
“Qutsal Oxuma” bölümündə Asif Atanın “Sədaqət” Bitiyindən parçalar oxundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən sona yetdi.
Sərt Ayı, 37-ci il. Atakənd.
(dekabr, 2015. Bakı.)