Asif Atanın-İnam Atanın Mütləqə İnam Ocağı
Ata-Ocaq ilsırasının 44-cü ili
“Uluyol-Hünər” Ailəsinin
“Ailə Günü” Törəni
Ocaq Günsırası ilə 16 Çiçək Ayı, 44-cü ildə “Uluyol-Hünər” Ailəsi növbəti “Ailə Günü”nü gerçəkləşdirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Yenidən “Ailə Günü”ndə sizinlə bir arada olmaq xoşdur. Gələnəyimizə uyğun olaraq öz düşüncələrimi, halımı sizinlə bölüşmək istəyirəm. Ay içində gördüyüm iş Soylu Atalının çapa hazırlanan kitabını korrektə açısından oxumaq olub. Bu kitab Soylu Atalının törən çıxışlarından oluşub. İllərdir, düşüncələr söylənilir, suallar yaranır, sualların cavabları verilir. Mən bu 400 səhifəlik kitabı oxuyarkən heç yorulmadım. Çox ilginc, kökləyici kitabdır. Biz, hər tədbirimizi kitablaşdırırıq. O kitabların qalması, ildən-ilə daha da artan, dəyişilən düşüncələr göstərir ki, necə bir məktəb keçirik. Düşüncələr necə böyüyür, necə açılır. Mən kitabı korrektə məqsədi ilə oxudum, Amallaşma məqsədi ilə oxusaydım, yəqin, tamam başqa cür olardı.
Bəzi düşüncələrimi qeyd şəklində yazmışam, onları oxumaq istəyirəm.
Adam həyatı yaşamır, həyata alışır. Yaşamaq – yaratmaq, qurmaq deməkdir.
Mən özümlə bağlı düşünürəm, indiki durumuma alışmışammı?! Öncə bir düzənim vardı, amallaşmaya vaxt ayırırdım. İndi bunu eləyə bilmirəm, durumuma sanki alışmışam. İmkansızlıqdan imkan yaratmaq çətinliklə alınır. Ancaq alındırmağa çalışıram. Bəzən olur, oxuyanda diqqətimi toparlaya bilmirəm. Bu, uzun zamandır oxumadığıma görədir. Söz yox, tədbirlər, söhbətlər adamı kökdə saxlayır. Ancaq özüylə görüş məqamları var, onu tam kökləmək gərəkdir. Mən o kökdən bir az düşmüşəm. Çalışıram, daha rahat bir ortam istəyirəm. Bu çətin alınır. Bu imkansızlığı ötməyə çalışıram. Dediyim duruma alışmaq məsələsini də içimdə ötməyə çalışıram.
xxx
Yaratmadıqca, qurmadıqca nə varsa, ona alışırsan. Həyatı əks etdirib özü olmayanlar var, bir də bəsit həyata qarşı olub özünü quranlar var. Özünü quraraq həyatı quranlar var.
xxx
Kimi danışdırsan, ədalətdən danışar, ədalət istədiyini deyər. İnsanın ədalət istədiyi hara qədərdir?! Bu günü boydamı, ömrü boydamı, sabahı boydamı?
Bəzən insanlar yaxşı yaşamaq üçün yaxşı şərtlərdən danışırlar. Yaxşı yaşamaq hər kəsin haqqıdır. Ancaq ədalətin anlamı insan ömründən böyükdür, ona sığmır. Ədalətin anlamı milliliyin, bəşəriliyin anlamı boydadır.
xxx
21-ci yüzildə insanın insana qənim kəsilməsi bəşərin insanlıqda gəlişmədiyini göstərir. Niyə insan bu qədər vəhşiləşə bilir?! Bir cana qıyılırsa, dünya bundan sorumludur.
Bu qorxunun, dəhşətin, travmaların hesabı kimə sorulmalı?! İnsanın üzərində siyasi güclərin çarpışması gedir. Bu, bəşəriyyəti sabaha üzü ağ çıxarmır. Bəşər irəli getməyib. Hakimiyyətçiliyin, ağalığın əlində çabalayır.
xxx
Qələbə nədir, uğur nədir?! İnsanları öldürməkmi, yeni torpaqlarmı, hakimiyyətini möhkəmlətməkmi?! Qələbə, uğur yalnız bir kəsi sevindirməməlidir. Onun dünyaya, insanlara, millətə də etksi vardır. İnsanın insana hakimliyi – insanlığı, bəşəriliyi gəlişdirmir. İnsanın insana sayğısı, sevgisi, qayğısı gəlişdirər İnsanılığı, bəşəriliyi. Bu olmadığı üçün İnsanı insandan qorumaq gərək olur, dünyanı insandan qorumaq gərək olur, təbiəti insandan qorumaq gərək olur. Çünkü insan özünü unudur.
Qonumuz var, “Dində məsuliyyət günahdan yaranır. İnamda məsuliyyət günahsızlıq yaradır”. Dinə inanan bir insanın Allaha inanmaq, cənnətə, cəhənnəmə inanmaq kimi sorumluluqları var. Bu onun düşüncəsinin, həyat tərzinin əsasını təşkil edir. Əslində cəhənnəmə inanmaq, insanın özünə inanmamasıdır, bu isə günahdır.
Dinin insanın qarşısında yaratdığı belə sorumluluğun özü günahdır. İnsanın özünə inanması onu günahdan çıxarır, günahsızlığa yetirir. Mən belə anlayıram. İnsanın özünü qurması onu günahsızlığa yetirir. Yəqin amaldaşlarım da bu yöndə düşüncələrini bölüşəcəklər.
Bayrağımızı öpürəm. Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A): “Uluyol-Hünər” Ailəsinin növbəti Ailə Günündə Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatım, qonuya münasibətim.
Son vaxtlar Asif Atanın “Mütləqləşmək-Var olmaq” kitabını oxuyuram. Ümumiləşdirəndə belə qənaətə gəlirəm, dünyanın, doğanın, toplumun, dövlətin, fərdin kamilləşməsi nə deməkdir… Əlbəttə dünya özünün müqəddəsliyindən xəbərsizdir. Ancaq dünyada Mütləq var, ahəng, nizam var. Bunu insan dərk edir, insan zəkası görür, bilir. Doğada Günəşin şəfqətini görür, dünyanın nizamını, ahəngini görür, insanda insani keyfiyyətləri görür. Doğa onun gözündə yüksəlir. Onda insan heç vaxt təbiətə qarşı mənfi münasibətdə ola bilməz. Korlamaz, əskiltməz təbiəti. Ata deyirdi, bir budaq sınanda dünya əskilir. Bir dəfə görüşdə bu sözü işlətmişdi. O qədər gözəl etkiləmişdi məni.
İnsanlar bir-birinə münasibəti qorumaq üçün cəmiyyət qurdular. Ancaq burda İnsanlaşma yoxdur. İnsanlaşma insani münasibətdir. Mədəniyyət də bunun içində gedir, nizam da bunun içində gedir. İnsanlaşma, yəni Mütləqləşmə. Bu kitabdan gəldiyim qənaətlərdir. Qısaca izah etdim. Əlbəttə ki, çalarları çoxdur.Kamilləşmə qonusu həmişə mənim üçün çətin olub. Bilmirəm, necə cavab verim buna. Əslində belə deyim, artmıramsa əskilirəm. Əskilirəm demirəm, ancaq çox da artmıram. Bunu necə əlaqələndirirəm, necə düşünsəm görürəm, mənim ürəyimi qane edən, sərinlik gətirən, məmnunluq gətirən bir halda artmıram. Bu içimdə gizli bir narahatlıqdır. Mənə elə gəlir ki, hələ yetməmişəm. İndi də yetməmişəmsə, bəs nə vaxt yetəcəm, bu narahatlıqla yaşayıram.
Xalqlaşma əməlim olub. Soylu, İnamlı qardaşlarımla Beyləqana səfər etdik. Həm İnam Evini ziyarət etdik, həm də 10-15 nəfərlə yaxşı görüşümüz alındı. Altı kənddən adamlar vardı. Hər biri İnam Evinin, orda olan söhbətlərin sorağını altı ünvana apardı. Görüşümüz başa çatdıqdan sonra qonşu kənddə rəğbətçimizin evində olduq. Orda da yaxşı söhbətimiz oldu, suallar verdilər. Doğmalıq əhvalı yaşandı. Sonrakı səfərim Sumqayıta olub. Qohumlarla söhbət apardım. Mən gedəndə hamısı gəlirlər, yaxşı söhbət edirik. Qonşularla, nəvələrlə, hər hansı bir olaya münasibət bildirərkən Ocağın yanaşmasını bildirmişəm.
Qonu haqqında onu deyim, günahdan yaranan məsuliyyət məsələsi, doğrusu, mənə tam aydın deyil. Onu deyə bilərəm, günah baş verəndən sonra dində olan adam bunu anlayır. Çünkü o qismətə inanır. Əslində bu gün, heç o dərəcədə, qismətə inanan da yoxdur. Sadəcə olaraq, insanların çoxu özünü taleyin ixtiyarına verib. Özünü yaratmaqla məşğul olmur ki, sorumluluq da daşıya. Sorumluluq daşımır ki, mən bu addımı atıram, bu nə anlam daşıyır. Axı, dində Allahın qismətinə inanılır. Günah baş verəndən sonra cəhənnəm yada düşür, onda bir az sorumluluğu artır ki, mən neynədim. Ancaq inamçı mən kiməm, məndə nələr var, nələrdən azad olmalıyam, nələri yaratmalıyam, kim olmalıyam soruları ilə düşünür. O, ömrünün yiyəsidir, insan olduğunu dərk eləyir. Öyrənir, oxuyur. Bu günkü günümüzdə mən buradan bəzən elə bir əhval götürürəm, o əhval ömrümü bəzəyir. Xoşum gəlir, nə gözəldi bu, mən varam. Var olmaq mənim üçün nədir?! – İnsanlaşmaqdır – Mütləqləşməkdir, Kamilləşməkdir. Kamilləşən insan günah işlətməkdən çəkinir. Mən günahdan çəkinirəm, özümlə döyüşürəm, özümlə uğraşıram , özümü yaradıram. Yaranan, Var olan, Mütləqləşən İnsan, kamilliyə can atan İnsan onun sorumluluğu ilə yaşayır. Onun günah işlətməsinə inanmıram. Bu açıdan sorumluluq inamçıda günahdan öncə gəlir.
Bayrağımızı öpürəm. Atamız Var olsun!
İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Amallaşma yönündə addımlarım olub. Son zamanlar, Soylu qardaşımın məsləhəti ilə, qərara gəldik ki, Atanın təyin etdiyi kitablardan oxumadıqlarımızı oxuyaq. Mən İncili oxudum. Boş vaxtım olduqca başqa kitablara da baxıram. Daxili dünyamı, idrak dünyamı zənginləşdirməyə çalışıram.
Kamilləşmə ilə bağlı bayaq da söhbət etdik. Bir az yarızarafat dedik, yalan danışaq, sonra rica deyəndə deyək ki, yalançı olmadım. Bilmirəm, bu hansı şəkildə deyildi, ancaq mənim sorumluluğumu artırdı. Biz ricalarla daxili dünyamızı nəzarətdə saxlamalıyıq. Yalan, haram şər əlamətidir. Bu ciddi özüylə döyüş tələb edir. Son zamanlar çox çalışmışam bu tələbi diqqətdə saxlayım. Hətta bəzi yerlərdə mənə irad da tutublar. Deyirlər, filan sözü bu cür desəydin daha yaxşı olardı. Demişəm yox, necə var elə deyəcəm. Yalanla tam qurtarmaq üçün ciddi uğraşmaq gərəkdir. Kamilləşmə əməlim böyük ölçüdə olmasa da, özüylə döyüşüm həmişə var.
Xalqlaşma əməlim dağınıqdır, ardıcıl deyil. Konkret bir auditoriyam yoxdur. Hardasa söhbət edəndə, hər fürsət düşdükcə Ocaq sözü deyirəm. Ancaq bunu az sayıram.
Qoyulan qonu ilə bağlı düşüncələrimi deyim. Məncə insana inanmayan istənilən baxış özü günahdır. Din də insanı başlanğıcdan günahkar kimi göstərir. Bu günahı onun üzərinə bir növ məsuliyyət kimi yükləyir. Qardaşım dediyi kimi, elə bil məsuliyyət günahın dalınca yortur. Mən inanmıram ki, dindarların çoxu insanlıqla, ləyaqətlə bağlı bir məsələ ortaya çıxanda öz məişətini, güzaranını, dolanışığını ikinci plana çəkə. Çoxları dini qaydalardan da öz dolanışığı üçün, məişəti üçün istifadə edir. Çox sadə şəkildə məsuliyyətdən qaçma halı var. Mənim babam da molla olub. Mənə dua öyrətmişdi ki, bunu gün içində yüz dəfə oxusan sənin özünü də cəhənnəm əzabından qurtara bilər. Hətta sənə min nəfər də qoşa bilər. Dodağının altında anlaşılmaz sözlər oxumaqla sorumluluqdan yaxa qurtarmaq, o günahın verdiyi vicdan əzabından qurtarmaq, bunu bir yol kimi düşüncəyə oturtmaq da bir günahdır. Bilməyərəkdən bir səhvə yol verəsən, kiminsə könlünü qırasan, hardasa tamah güc gələ, nəsə bir iş görəsən, ani olaraq ayılasan ki, bu mənə yaraşmaz, mən özümü qiymətdən salıram. Bu azdır. Ancaq biri də var, öncədən biləsən, insanlığa yaraşmayan istənilən bir əməl özü bir günahdır, onun qarşısını alasan. Öncədən onun sorumluluğunu dərk edəsən, o hala enməyəsən. Mütləqə İnam dünyabaxışında özüylədöyüş ideyası var. Özüylədöyüş özü məsuliyyət deməkdir. Daim daxili dünyanı, əməlləri nəzarətdə saxlamaq deməkdir. Məsuliyyət xeyir əməlidir, günah isə şərdir. Burda xeyir şəri qabaqlayır, onun qarşısını alır. Məsuliyyət günahsızlığa yol açır, günahın qarşısını alır. Atamız Var olsun!
Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Amallaşma yönündə qıraq ədəbiyyat oxumuşam. Qısa qeydlərim var, onları oxumaq istəyirəm.
Bu gün xalq öz içində yaranan hər hansı bir yeniliyə, öz ruhundan doğan nəyəsə dərhal etiraz edir, əsassız olduğunu düşünür. Xalqın yadlığa etirazı əksər hallarda görünmür, ya da çox az görünür. Bu gün milliyi özündə daşıyan Ocaq daha çox etirazla qarşılanır. Ancaq qıraqdan yeridilən demokratiya yalanı, yadlığı çoxunun arzusuna, mübarizə yoluna çevrilir. Hər cür yadlığın əsarəti xalqı özümlüyündən elə uzaqlaşdırıb ki, xalq, ruhunda olan etirazı hara, necə yönəldəcəyini belə, doğru bəlirləyə bilmir.
Din insana zorla, qorxu ilə aşıladığını həqiqət adlandırır. Zorun, qorxunun hakimliyi bəşəriyyəti durmadan uçuruma sürüklədiyi halda, din qorxu hakimliyi ilə kamil insan yaratmağa çalışır.
Dini qəbul etməyən kafir olaraq damğalanır, çıxdaş edilir. Buradan dinin insana münasibətinin doğru olmadığı görünür. Din Allahı az-çox sevdirə bildi, ancaq insanın insana münasibətini düzəldə bilmədi.
Kamilləşmə məsələsində son zamanlar daha çox iki məsələnin üzərində dayanıram. Umacaq-fədakarlıq məsələsi. Çox hallarda bu, tam olaraq alınmır. Sanki ikisi bir-birinə bağlıdır. Tam fədakarlığı bacarmadığım kimi, tam olaraq umacaqsızlığa da yetə bilmirəm. Çatışmazlıqları özüylə döyüşlə aradan qaldırmağa çalışdım. Nə qədər ki, insanlara münasibətimdə tam fədakarlıq ifadə olunmurmuş, ya da, etdiyim hər hansı bir əməlin arxasında umacaq dayanırmış, etdiyim əməlin də fərəhindən məhrum olurammış. Döyüşdükcə müşahidə etdiyim budur. Fərəh umacaq (təmənna) qaranlığında itib batırmış. Umacaqla gözlənilən, əldə edilən keçici, maddi nələrsə ola bilər. Ancaq umacaqsızlığın verdiyi fərəh daxili dünyama rahatlıq gətirir. Daha azad hiss edirəm özümü.
Bəzi xırda yanlışlarım var. Məsələn, bir anlığa dilə gələn xırda bir yalan, nitqimdə olan qüsurlar var, onları tam aradan qaldıra bilmirəm. İnsanlarla münasibətimdə dəfələrlə eyni şeyləri müşahidə edirəm. Belə deyim, sanki bir anlığa Göytəkin olduğumu unuduram. Bəzən kiməsə qoşulub, yanlış reaksiya da verirəm, düşünmədən yorumlayıram, hətta yarğılayıram. Sonra düşünürəm ki, yanlışa yol verdim, tələsdim. Bir anlıq unutqanlıq var, onu aradan qaldıra bilmirəm. İstəyirəm, İnamım hər şeydən öndə gəlsin, ən kiçik, bəzən önəmsəmədiyim hərəkətlərimdən belə öndə gəlsin. Yanlışa yol verəndən sonra ağlıma gəlməsin.
Atanın deyimi ilə bağlı qısa düşüncələrimi deyəcəm.
Məncə, insan nə qədər çox günah işləyirsə, bir o qədər də qorxu içində olur. Onun Allaha yön almasında sevgidən daha çox qorxu rol oynayır. Günahlarının bağışlanacağına inanmaq, heç də o günahdan bir dəfəlik imtina etmək demək olmur. Beləcə hər dəfə təkrarlanan günahlarla insan Allaha doğru yönəlir. Yenə həmin şeylər baş verir. Heç nə dərinləşmir, insan özünü dərk etmir, özünü görə bilmir, ömürdə dəyişiklik baş vermir.
Mənim bəzi yanlışlarım vardı, dinin insanı günahdan çəkindirən yollarını, qorxusunu nə qədər özümə təbliğ etsəm də, o yanlışları tam aradan qaldırmağı bacarmadım. Çünkü arxayınlaşma yaranırdı. Düşünürdüm, insanı, bütün varlığı, duyğuları ilə, hər hansı bir qüvvə yaradıbsa, deməli, hər şey onun məsləhətinə bağlıdır. Deməli, ram edilməsi mümkün olmayan duyğular, onlardan doğan davranışlar da onun (Allahın) məsləhətidir. Demək, mənim bunu aradan qaldıra bilməməyim də təbiidir. Bəlkə bunlar mənim təkrar-təkrar Allaha üz tutmağım üçündür. Bu düşüncəm məni ona bağlayan bir şeyə çevrilirdi. Əgər filan şey olmasaydı, mən onu etdiyimə görə, qorxu keçirib Allaha yönəlməzdim. O qorxu idi ona doğru dönmək məsuliyyətini məndə yaradan. “Dində məsuliyyət günahdan yaranır” məsələsini belə anlayıram. Mən çox sonra anladım ki, gəldiyim bu nəticə özünü aldatmaqdan, günaha bəraət qazandırmaqdan başqa bir şey deyilmiş.
“…İnamda məsuliyyət günahsızlıq yaradır”. Əgər mən atdığım hər addımdan sorumluyamsa, bu sorumluluq mənə o yanlışı aradan qaldırmaqdan başqa şans tanımır. Bayaq dediyim kimi, adamın özünə inamı da, fərəhi də burdan yaranır.
Atamız Var olsun!
Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ruhani Ailə – Asif Atanın, Ocağının yaşaması üçün, eləcə də Ocaqçılarının yetkinləşməsi, böyüməsi, Ocağa çevrilməsi, xalqı Ocağa çağırması, hazırlaması üçün düşündüyü olduqca önəmli strukturdur. Özünüz də görürsünüz, Ruhani Ailənin özü üçün də, onun tədbirinin keçirilməsi üçün də konkret üslub da bəlirlənib. Ailəçilər ayda bir yol toplantı keçirməli, bir araya gəlməli, burada özlərinin ruhani yaşamı ilə bağlı hesabat verməlidirlər. Bu hesabatın tələblərinin adı Amallaşma, Kamilləşmə, Xalqlaşma adlanır. Ata, Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündə danışmaqdan başqa, suallar, qonular da qoymuşdu: “Mən kiməm, həyat necədir, dünya nə haldadır”. Bu kimi suallara cavab verməyimizi istəyirdi. Aydındır ki, şablon cavablar vermək yox, dünyanı müşahidə eləmək, həyatı izləmək, eləcə də, insanı, insanlararası münasibətləri izləmək, öyrənmək, nə dərəcədə İnsanlığın tələbinə cavab verib vermədiyini qiymətləndirmək, yaxşısını, yamanını həm özünə, həm də, özgələrə demək gərəkdiyini bildirirdi. Atanın Ruhani Ailə kimi düşündüyü bu janrın çox böyük ölçüsü var, çəkisi var, gücü var. Başlıca olaraq, Ocaq özü nə qədər sağlam mühit olsa da, məktəb olsa da, Ailə özü də ruhaniyyat məktəbidir. Bu məktəbin öyrənciləri də, öyrətmənləri də özümüzük. Ailə Gününün genelocaq törənlərindən özəl bir fərqi odur ki, bu tədbirlərə Ocaqçı olmayanlar da qatıla bilər. Çağırılmalıdır, qatılmalıdır, xalqın içindən ayrı-ayrı Ocaqsevərlər yetişməlidir. Hökm deyil, hər dəfə eyni adamlar çağırılsın. Vaxtı, imkanı olan hər kəs gələ bilər. Asif Atanın istəyi odur, hər dəfə xalqın içərisində iş aparılsın, söhbət aparılsın, çağırılsın, gəlin, Asif Atanın ideyaları, düşüncələri ilə tanış olun, bir yerdə öyrənək, siz də bunu xalqın içində bilənlərdən olun. Bu açıdan həmişə Ailə Gününə çağırışlar olmalıdır. Bunun üçün bizim gerçəkdən ruhani öyrətmənlər səviyyəsinə yetməyimiz gərəkdir. Ən böyük sorumluluq toplumun qarşısında Asif Atanın ideya-baxışlarını doğru açmaq, dəyərləndirmək, öyrətməkdir. Əgər Ailəçilər bunu bacarmırsa, onların keçirdiyi Ailə Gününün gücü geriyə gedir, sıfra yaxınlaşır. Çox böyük sorumluluqdur, həm özünü bir arada tutmaq, həm də bura çağırdığın adamlara böyük sözü öyrətmək. Sadə bir məsələ deyil. Ocaqçının hazırlaşması o demək deyil ki, biz Ocağı biologiya dərsliyini öyrənən kimi öyrənib danışmalıyıq. Hazırlaşmaq həm yaşamaq deməkdir, həm düşünmək deməkdir, həm də yaşadığını, düşündüyünü dilə gətirməkdir. Burada başlıca məsələ Amallaşmanın yönünü bəlirləməkdir. Hələ ki, bu özünü arzuolunan səviyyədə doğrultmur.
Amallaşma İnsanlığı öyrənməkdir, özünüdərk məsələsidir, eləcə də dünyanıdərk məsələsidir. Amallaşma tək kitab oxumaq deyil. Tək o deyil, deyəsən filan kitabı oxudum. Adama deyərlər, oxuduğun səninçün nədirsə, onu mənə de. Oxuduğun sənə nə öyrətdi, səni hara aparıb çıxartdısa onu mənimlə bölüş, mənim də düşüncələrimdə dəyişiyiklik getsin. Yəni sən məndən öyrən, mən də səndən öyrənim. Bir-birimizdən bəhrələnək. Ailə Gününün tələbi standart hesabat deyil. Filan yerə getdim, bu işi gördüm, o işi gördüm. Hesabat bununla bitməməlidir. Bu, hesabatın üzdə olan (zahiri) bir çalarıdır. Bu, hesabatın informasiya, bilgi vermək çalarıdır. Ancaq bilik almaq çaları tamam ayrıdır. Biz dünyanı oxuyub oxuduqlarımızın olaylarını burda danışa bilmərik. Biz dünyanı oxuyuruq ki, Asif Atadan öncə hansı düşüncələr olub, necə olub, Asif Ata ilə onların fərqi nədir, düşünə bilək. Biz Asif Atanın dediklərinə dünyanın gözü ilə, bir az tarixin, bir az da keçmişin gözü ilə baxsaq, necə görə bilərik, öyrənə bilərikmi?! Dünyadakılara vermək üçün tutuşdurmalar gərək. Bunların hamısı bu məktəbin tələbidir.
Kamilləşmə məsələsində hökm deyil ki, özünlə bağlı nələrisə deyəsən. Demək yaxşıdır, gərəklidir, ancaq başqa təhlillər də aparmaq olar. Bu da Asif Atanın qoyduğu tələblərdən biridir.
Hamımız Tolstoyun “Etiraflarım” əsərini oxumuşuq. O, suallar qoyur, mən niyə varam, mən kiməm. Cavab tapa bilmir, intihar həddinə gəlib çatır. Yəni bütövlükdə bəşəriyyət bu suallara hələ dolğun cavab tapmayıb. Həyat nədir, dünya nədir suallarına cavab axtarırsan. Bu suallara cavab axtarmaq dünyanıdərk məsələsinə gətirib çıxarır. Dünyanıdərk məsələsinin özülündə duran suallar budur. Özünüdərk bu suallara cavablarla buluna bilər. İnsan özünün ruhani varlıq olduğunu hər yöndən araşdırmaq istəyir. Bir az tutuşdurmalarla, bir az özü müstəqil olaraq araşdırır. İçindəki duyğuları anlamağa çalışır. Keçən tədbirlərimizin birində Günevin heyrətdən gözləri yaşardı. Bu özü açılmalı, izah olunmalı məsələdir. Bu niyə baş verir, izah olunmalıdır. Ümumi sözlərlə bilirik. Onun incəlikləri var, onu açmaq gərəkdir.
Mən belə düşünürəm, amaldaşlarımız yeni bir aşamaya addım atsınlar. Gəlin çıxışlarımızda, söhbətlərimizdə, gərəkməsə, dinin adını tutmayaq. Dinlə tutuşdurma edərək danışmayaq. Yoxsa biz ümumi danışıb konkret dərinliyə getmirik. Gəlin, dini qırağa qoyaq, Asif Atanın özünün üzərində dayansın baxışımız. Asif Ata bizə deyir, İnsanlaşın, İnsanlaşdırın. Gəlin bunun incəliyinə varaq. Hər dəfə bu məzmunun içərisinə girəndə qarşımıza yeni məzmunlar çıxacaq. Gəlin bunları açaq. Dünya nə haldadır deyirik, insanlararası münasibətləri qiymətləndirməyə çalışırıq. Bəzən ümumi qiymətləndiririk. Toplumda da bu belədir.
Deyək ki, hakim təbəqə var, məzlum təbəqə var. Hakim təbəqə dövlətin resurslarından, insanların zorundan istifadə edir, yerdə qalanları basqı altında saxlayır, hər şeyi qamarlayır. Yerdə qalan ac-yalavac olanların vicdanı oyanmır, ədalət də yaranmır. Televiziyası, mətbuatı insanların gözünə kül üfürürlər ki, ölkədə hər şey əladır, siz yaxşı yaşayırsınız. Bu, üzdə görünən məsələlərdir. Bunun kökündə dayanan İnsanlığın sorunlarıdır. Bunları insan necə aradan qaldıra bilər?! Aydınlaşdırılmalı, çözülməli məsələlərdir. Ona görə deyirəm, dinin adını tutmayaq. Bir bəşər övladı yaxınlaşıb məndən soruşar, Asif Ata nə istəyir. Mən də deyərəm, din deyir, filan şey pisdir, Asif Ata deyən yaxşıdır. Axı bu cavab deyil. Adama deyərlər, onu bildim pisdir, bəs Asif Ata yaxşı nə deyir. Qonunu “Yaxşı nədir”lə açmağa başlasan, görəcəksən ki, qarşında ciddi ifadə əngəllərin var. Bu çətinlikləri aşmaq üçün, ötmək üçün tutuşdurmanı bəzən qırağa qoymaq gərəkdir. Öz aranızda söhbət edəndə, tədbirdə söhbət edəndə, başqası ilə söhbət edəndə ümumi mənada çox şey deyirik. Bu toplum üçün yeni bir informasiyadır. Ancaq toplumu dəyişə biləcək bir gücün etkisi deyil. Biz, hər dəfə eyni adamlarla qarşılaşırıq. Onsuz da onlara yeni informasiyalar vermək zorundayıq. Hamı ümumi eşidir. Biz ümumi şəkildə həmişə informasiya verəcəyik. Tutaq ki, dəfələrlə informasiya verdiyimiz adamlarla yenidən bir araya gəldik. Onlara nə deyək?! Onları informasiya ilə doldurmuşuq, doydurmuşuq. Onlara artıq Asif Atanın təməl prinsiplərini açıb demək gərəkdir.Mən son vaxtlar ayrı-ayrı dünya bilginlərini oxuduqca qarşıma maneələr çıxır. Elə şeylər var, Asif Ata ilə üst-üstə düşən məqamlardır. Burda fərqli incəliklər var. Bu incəlikləri tutmaq üçün doğrudan da, adamın başı yorulur. Ümumən baxırsan, elə bir fərq görünmür. Bayaq da dedim islam da, ondan öncəkilər də sinkretik dünyabaxışlardır. Asif Atadan öncəkiləri öyrənirsən, görürsən bəzi məqamlar Asif Atada yenidən gündəliyə gəlir sanki. Mən bunu açmağa, yazmağa çalışıram. Başqaları bizi çaşdırmamış özümüz özümüzü çaşdıraq, sonra da aydınlaşdıraq. Bunları müzakirə edib paylaşa bilərik. Qoy görsünlər, Asif Atanın məktəbində proseslər necə gedir. İnsanların marağı da arta bilər. Toplum bəsit düşünür. Onların qəbul etdiyi dünyabaxışla Asif Atanı qarşı-qarşıya qoyub süni qırağa itələmək olmaz. İnsanların içimizə girməsinə daha geniş qapı açmış olarıq.
Mən Platonu oxudum, məni silkələdi. Gerçəkdən mən hələ də silkələnməkdəyəm. Biz də toplumu elə silkələməliyik. Ruh məsələsi ilə bağlı olduqca ciddi məsəllər var. Bundan çıxmaq üçün, bunları özümüzə aydınlaşdırmağımız gərəkdir. Bizdən öncəki “izm”lərin etkisi bizim baxışımızda baxışında varmı?! Varsa, özünü nədə göstərir,yoxdursa, özünü nədə göstərir. Bunların hamısı Ailə Gününün qonusu olmalıdır. Bunları daha dərindən öyrənməliyik.
Bizim əsas işimiz hələki üst müstəvidə gedir. Gələnəklərimizə-görənəklərimizə müdaxilə ediblər. Ölügötürməmiz, toy gələnəyimiz deqredasiyaya uğrayıb. İnsanlararası münasibətdə ideoloji yanaşmalar rol oynayır. Dini baxışların yalanlarları, çağdaş əllaməçilikləri rol oynayır. Xalq formalaşa, qurula bilmir. Mən də istəyirəm, “bunun təməlində nə dayanır” sualına biz, əsaslı cavab verə bilək. Biz də deyirik, Asif Atanı qəbul edin, onu bilin, onda doğru yol olacaq. Deyə bilərlər, sən özün Asif Atanı öyrənmisənsə, mənə izah elə görüm, hara çağırırsınız bizi. Bir az ümumilikdən konkretliyə gəlməliyik. İnsanlaşmağa, mənəviyyatlı, əxlaqlı olmağa çağırırıq, xəlqi dəyərlərimizin qədrini bilməyə, qorumağa çağırırıq. Bunlar gözəldir, ümumidir. Daha incə nüanslar var, açılmalıdır, izah olunmalıdır. Əgər hər birimiz özümüzə ayrı-ayrılıqda sual versək, onda bizim bəzi sirlərin incəliklərinə vaqif olmadığımız üzə çıxa bilər. Bu açıdan iki məsələni yanaşı olaraq qoyub özümüz üçün aydınlaşdırmalıyıq. Birincisi, ümumi baxış, ümumi prinsiplər, toplumun Asif Ata ilə, Ocaqla bağlı bilməli olduğu bilgi. İkincisi, onların yadlığın əlindən alınması, yadlığın şüurdan çıxarılması…
Burda qonu qoymusunuz. “Dində məsuliyyət günahdan yaranır, İnamda məsuliyyət günahsızlıq yaradır”. Bu suala din ilə bir qədər dərindən maraqlananların izahı var. Biz nə dərəcədə o izahları söz güləşdirmədən qırağa qoymağı bacarırıq?! İnsan ilk başlanğıcdan günahkardır, filandır, dində belə deyilir. Apologetlər olub tarixdə, yəni savunanlar. Dini baxışları, dini anlayışları savunublar. Dini anlayışları yaradanları savunublar. Xristianlığın var, “Sokratın apologiyası” adlı kitab var. Bütün dialoqlar onun üzərində qurulub…
Burada söhbət edəndə “cənnətdə buğda yeməklə günah işlənib” məsələsini misal çəkdim. Cənnət nədir, bizim anlayışımızla yüksək (ali) həyat. Mən ali həyatdan danışsam, dini bilən adam deyər, cənnət elə sən deyən ali həyatdır. Mən desəm, buğda məsələsi nədir?! Deyər, bu ali həyatda insanın nəfsidir, nəfsə tabe olmasıdır, dünya malına çağıran nəfsdir. Din deyir, dünya malına tabe olma. Nəfsini ayır, nəfsinə yiyə ol. Bütünlüklə özünü ona köklə, dünya malına göz dikmə. Onda görəcəksən, sən yaxşı həyat əldə edirsən. Bunu bu gün də deyənlər, izah edənlər var. Bizi oxuyub izləyənlər bizim dediklərimizi dinin adından çox ustalıqla deyirlər. Siz də tanıyırsınız, Əli Mədət vardı, mənimlə söhbət edəndən sonra gedib Sumqayıtda dindar dostları ilə söhbətlər edirdi, məndən eşitdiklərini dinin adından onlara deyirdi. Hətta bir dəfə söhbətdə özünə də dedim, filan şey dinlə bağlı deyil.
Bütün məsələlərin hamısının özülündə o durur ki, biz islam dininə, ya da, başqa dinlərə sözlə, anlayışlarla qalib gəlmək haqqında düşünməli deyilik. Asif Atanın dediyi həqiqətlərin incəliklərinə yetmək, onunla yaşamaq, kamilləşmək səviyyəsində dünyanın qarşısına çıxmalıyıq. Dində bu pisdir, o yanlışdır deyib seçicilik etməmək gərəkdir. Seçib təsnifatlaşdırıb bir qırağa qoymaq olmaz.
Biz, Asif Atanın həqiqətlərinin içinə daha dərindən girməyi bacarmalıyıq, öyrənməliyik. Bizim işimiz də, yerişimiz də bunu bizdən tələb edir. İllərdir, Asif Atanın ardınca gedirik. Dünyanı dəyişə biləcək bir sistemdir. Xristianlıqda İsanın davamında olanların hamısının (Pavel, Matta, Luka, Pyotr…) az qala İsanın özü qədər xristianlığın formalaşmasında, yayılmasında, beyinlərə hakim olmasında rolu var. Biz də Asif Atanın baxışını o cür bəşər düzəyinə qaldırıb insanlığı ölçüyə gətirməkdə ciddi rol almalıyıq.
Qoyulan qonuya hərəniz bir yöndən doğru cavablar verdiniz. Mən də bir qədər əkləmə (əlavə) edim.
Dində məsuliyyət nədir, günah nədir?! Asif Ata deyir, Quran qorxunamədir. Başdan ayağa qorxuya çağırır. Ata deyir, qorxu özü günahdır. Biri var fiziki qoxu, bir də var, mənəvi qorxu. Fiziki qorxunu izah etmişik – itdən, pişikdən, onun-bunun hücumundan özünü qoruyursan. Fiziki qorxuya yer var. Meşədə vəhşi heyvanla üz-üzə gələsən, sonra deyəsən bundan qorxmuram. Bu ağılsızlıq olar. Biri də var, həqiqətə yetməyəsən, həqiqəti bilməyəsən, həqiqətsizlik qarşısında qorxasan. Məsələn, məmurdan, direktordan, şahdan, filankəsdən, cindən qorxasan. Bunlardan o vaxt qorxursan ki, həqiqiətlərə yetməmisən, həqiqətləri bilmirsən. Hüququ yaxşı anlamırsan, haqqı bilmirsən. Belə şeylər olanda qarşındakı nə desən danışır, sən də onun qarşısında özünü ifadə edə bilmirsən. Belə olanda qorxu yaranır. Ya da insan özünüdərk prosesinə qoşulmur, qorxur. Qorxaqlıq – özünüdərk sorunundan yaranan bir şeydir. Qorxu mövcud olmaq şərtləri ilə bağlı olsa da, bəraəti yoxdur. Bu şərtlərdə canın itirilməsi, görəvin, qidanın, aylığın, işin itirilməsi var. Qorxu bunların itirilməsindən doğan bir duyğudur. İnsan kamilliyə yetirsə, həqiqətləri bilirsə, anlayırsa, özünü dərk edirsə, nələrisə itirmək onun üçün qorxu törətmir. Öləri, ötəri olan şeyi itirmək onu sıxıntıya soxmaz.
Qayıdıram Atanın dediyinə. Ata deyir, qorxu özü günahdır. Doğrudan da görəvi itirməkdən qorxmaq günahdır. Hansısa bir qazancı itirməkdən qorxmaq günahdır. Quranda Allahdan qorxu məsələsinin əsasında bu durur. Sən Allahdan qorx, filan addımı atma. Qorx, məsuliyyətli ol. Pis iş tutma, oğurluq eləmə, Allahdan qorx. Demir ki, sən öz insani kimliyini dərk elə, həqiqətə yet, özünü dərk elə. Onda görəcəksən ki, filan addımı atmaq doğru deyil. Onda demək gərək deyil ki, Allahdan qorx. Məsuliyyət odur, mən dərk edirəm, insanam, hevvani addımlar atmamalıyam, heyvan kimi davranmamalıyam. Əslində Asif Atanın dediyi budur.
Dində məsuliyyət günahdan yaranır, yəni qorxudan yaranır.
Adəmlə Həvva bəşər övladının başlanğıcı sayılır, bunlar da Allah qarşısında gözü kölgəlidirlər. Yəni buğda yeyib, günah işlədiblər. Allahdan qorx, o səni cənnətə qaytarsın. Bundan məsuliyyət yaradırlar. Ancaq Ata deyir, İnamda məsuliyyət günahsızlıq yaradır. Yəni məsuliyyətli olub heyvanlıq eləmirəm, pis iş görmürəm, günahdan çıxıram. Deməli, özünü dərkdən başlayır hər şey. Məsuliyyət daşıyıb bu addımı atmıram, günahsızlaşıram.
Ancaq qorxub bu addımı atmıramsa qorxunu məsuliyyətə çevirirəm. Qorxu da günahdır. Asif Atanın dediyi budur.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”,
“Atamız Var olsun!” Səcdəsi ilə törən başa çatır.
Şölə Ayı, 44-cü il.
(iyun, 2022).