Ocaq Günsırası ilə 23 Xəzan Ayı, 44-cü ildə (oktyabr, 2022) “Uluyol-Hünər” Ailəsinin aylıq “Ailə Günü” toplantısı keçirildi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Bu ay Atanın “Təməl” kitabını oxumuşam. Əslində Atanın bütün kitablarını oxumuşam. Ancaq bəzi kitablarına təkrar-təkrar qayıdıram. Təməl kitabından bəzi düşüncələrimi bölüşəcəm. Öncə öz halım haqqında danışmaq istəyirəm. Bir az sağlıq sorunlarım oldu. Ona görə özümə, işlərə vaxt ayıra bilmədim. Ancaq zaman tapdıqca Atanı oxuyuram. Açığı ardıcıl oxuya bilmirəm. İşdən sonra gəlib nəsə oxuyanda tam diqqətimi oxuduğuma yönəldə bilmirəm. Bir dəfə Soylu bəylə bu barədə söhbət etmişik. O deyir, mən oxumağa başlayıram, tamamilə hər şeydən ayrılıram, diqqətimi tam ora cəmləyə bilirəm. Ancaq görürəm məndə bu alınmır. Həftə sonları özümə vaxt ayırıram, oxuyuram. Mən bilirəm ki, mənim təcrübəmə, potensialıma görə son vaxtlar yarada bildiyim, verə bildiyim azdır. Ancaq həm də onu bilirəm, mənim irəli getməkdən başqa yolum yoxdu. Mən burda özümü tapıram, burda özümü yarada bilirəm, burda fərəhin əsl mənasına çatıram. Bunu anladığıma görə bütün gücümü toplayıb bu yöndə özümü kökləyirəm. Çünkü ayrılanda, uzaq düşəndə yenidən ona qayıtmaq bir başqa enerji, daha çox vaxt tələb edir. Bunun nə qədər çətin olduğunu özüm görürəm. Hər şey get-gedə daha da çətinləşir. O çətinliklərdən içimdə bilmirəm, qorxudurmu nədir, qarışıq duyğular yaranır. Ona görə özümü bu yöndə kökləməyə çalışıram. Yəni özümü istər Ata kitabları ilə, istər Ocaqla, Ocağın gələcəyi ilə bağlı daha çox düşünməyə kökləyirəm.
İndi bəzi düşüncələrimi oxuyum.
İnsanı fiziki yaşadan nəsnələr var. Həm də insanı ruhsal yaradan nəsnələr var. Fiziki yaşamaq məqsəd deyil, nə qədər gərəkli də olsa. Fiziki yaşamı sürdürmək xoşbəxtlik, azadlıq, yaradıcılıq, dəyişmə, dönüşməyə gətirmir. Bizim ölkədə, eləcə də bir çox başqa ölkələrdə adamların yaşam durumu ağırdır. Aclıq səviyyəsini, yaşamaq uğrunda mübarizəni nəzərdə tuturam. Adamlar normal yaşama belə möhtac edilir. Bu şərtlərin yaxşılaşması, yaxud da yaxşılaşmasına ümid məqsədə çevrilir. Yəni insanlar çətin duruma baxır, ancaq ondan daha artığını düşünə bilmir. Ruhsal, qutsal düşüncələr, duyğular yox olur. Ruhsal düşüncəsiz, duyğusuz ömrün mənası yoxdur. Ömür fiziksəl olaraq sona yetəndə yox olur. Aclıq duyğusu ilə yaşamaq, belə deyək, fiziki duyğularla yaşamaq soydan-soya ötürülür. Düşüncə fiziksəllikdən o yana çıxa bilmir. Bütün dövrlərdə Təklər gedişə, zamana yönəlik alışqanlıqlara, tarixə qarşı çıxıb elə bir yol yaratmışlar ki, onların araçılığı ilə alışdığımız, öyrəşdiyimiz hər şeyə yeni gözlə baxmağa başlamışıq. Yenidən yeni bir baxış, yeni bir ideya gələndə artıq dəyişim başlayır. Mənanı, həqiqəti görən artıq gerçəkliklə barışmır.
Biz, Ocaq olaraq, söhbət edəndə, söz yox, ən çox danışılan məsələ din məsələsidir. Ancaq təkcə din məsələsi deyil, həm də soydan-soya ötürülən, keçmişdən gələn bütün baxışlarla döyüşməli oluruq.
Atanın “Təməl” kitabından bəzi düşüncələri oxuyum.
Ata deyir: “Öz təməlindən yarananı yaratmaq olmaz”. Dində Allah dünyanı da yaradır, insanı da yaradır, özünə (Allaha) möhtac edir. Sonucda insan təməlsiz qalır. Bu möhtac qalmada isə nə dünya dəyişir, nə də insan.
“İnsanda İnsanlığı görmək İdrak İradəsi əməlidir. İnsanlığa qovuşmaq İnam İradəsi əməlidir. İnsanlıq əsasında yaşamaq Mənəviyyat İradəsi əməlidir”. Bəzən belə də olur, bəzi insanlar həqiqəti görə bilirlər. Ancaq görmək hələ həqiqətə qovuşmaq, yaxud da Məna əsasında yaşamaq deyil.
“İmkanın təməli sonsuzluqdur. Sonsuzluq imkanda gerçəkləşir”.
“Ümidin təməli İradədir”.
“Günahın təməli Adamlıqdır. Adam İnama çatmır. İnama çatmamaq günahdır”.
Bir də mən “Rica”ları tam, ardıcıl demirəm. Səhər “Rica”sını hər gün deyirəm. Günortanın vaxtını keçirirəm, ya da unuduram. Səhər “Rica”sını deyəndə ordakı sözləri deməmişdən öncə düşünürəm, sonra deyirəm. Bəzən olur mexaniki deyirəm. “Rica”da deyəcəyim haqqında düşünmək, sonra demək məni çox yaxşı etkiləyir.
Atamız Var olsun!
Soylu Atalı: Düşündüklərin azdır. Sən Atadan oxudun, mən gözlədim ki, sən onu açacaqsan. Deyirsən ki, günahın təməli Adamlıqdır. Ümidin təməli İradədir. Oxuyub keçdin. Onu açmaq gərəkdir, nə deməkdir. Atadan olduqca önəmli məsələlər ortaya gətirirsən. Açmaq gərəkdir.
Nurtəkin Atalı: “Ümidin təməli iradədir” deyimini belə anlayıram, insan hər hansı bir çətinliyə düşür. Məsələn mən, Atadan öncə də yaşayırdım, yəni hamının gördüyü, bildiyi kimi yaşayırdım. Ondan qırağa çıxmaq mənim ağlıma belə gəlmirdi. İçimdə bir həsrətmi, sıxıntımı, kədərmi vardı. Ataya rast gələndə mən Atanı görə bildim. Atanı görmək, həqiqəti görə bilmək hələ tam deyil. Ancaq məndə özümdə o sıxıntının, o kədərin, o həsrətin öhdəsindən gəlmək ümidi yaranır. Ümidin özü artıq bəlli dərəcədə işıq kimi yol salır. Getmədiyim yolu göstərə bilir. Yolu getmək artıq iradə əməli tələb edir. Yəni özümdə görürəm. Mən bilirəm ki, elə şeylər var, mən onları etməliyəm. Özünə İnam, Ata İşığı mənim içimdə ümidi qırılmağa qoymur. Onu Ocağa, özümə xeyir olması baxımından gerçəkləşdirmək üçün iradə əməli qoymalıyam ortaya. Bu iradə ilə addım atmaq gərəkdir. Mənim düşüncəm, duyğularım daha çox həyata bağlı olanda ara verir. Bu arada o bağ qırılır. İnam isə elə bir şeydir ki, o bağ qırılmamalıdır. İnanırsan, ümid edirsən, onu iradə ilə təsdiq eləməlisən. Onu iradə ilə gerçəkləşdirməlisən. Söz yox, iradə ilə addım atıldıqdan sonra yenidən inam yaranır. İnamın özü də başqa addımlar, başqa ideyalar gətirir ömrə.
“Günahın təməli Adamlıqdır”. Adam İnama çatmır. İnama çatmamaq günahdır. Adamlıqda qalmaq özü günahdır. Adamın nisbi inamı, nisbi idrakı, nisbi mənəviyyatı, nisbi iradəsi var. Bu nisbilikdə qalmağın, Mütləqə çatmamağın özü günahdır. Adam Mütləqə çatmır. Məsələn, mən Mütləqə çatmıramsa nə özümə xeyir verirəm, nə millətə, nə də bəşərə. Mənim varlığımın Məna ilə bütünlüyü, həm də millətlə, bəşərlə bütünlüyü heç bir mənada təsdiq olunmur. Ancaq bu elə bir bütündür ki, keçmişdən gələn, bu gündə yaşayan, gələcəyi quran bir bütündür. Bu bağı mən öz ömrümdən keçirirəm, yaxud da öz ömrümdən keçirib yaşamalıyam. Bu yolun davamı kimi o, mənim ömrümdən getməlidir. Din də imkan vermir insan Mütləqə çatsın, nisbilikdən azad olsun. Din də, həyat da, zaman da buna yol vermir. Beləliklə, nisbilikdə, inamsızlıqda qalaraq Adam günaha batır.
Soylu Atalı: Nurtəkin, “Təməl” kitabı bizim düşüncəmizə elə bir yöndən təkan verir ki, biz bir çox həqiqətləri anlamalı oluruq. O nədir? – Aydın, qısaca bir neçə cümlə ilə deyim. Deyir, “ümidin təməli İradədir”. İnsan ümidlə yaşayır. Bəs iradə nədir? İradə də yaradıcılıqdır, quruculuqdur, inkişafdır. İradə varsa yaradıcılıq var, inkişaf var, quruluş var, qurtuluş var. İradə bu deməkdir. Ümidin təməlində bu durur. Deməli, ümidin təməli dərindədir. Nikbinlik verir ki, sən boşuna ümid bəsləmirsən. Dağılmaz bir özül üzərindədir sənin ümidin. Yəni sənin ümidini doğruldacaq bir şey dərinlərdədir. İradədir o. O, başa çatan deyil, dayanan deyil.
Deyir, “günahın təməli Adamlıqdır”. Adam üzdə olandır, dəyişkəndir, Adam dayanıqlı bir varlıq deyil. Deməli, günahın da təməli dərində deyil, o da dəyişə bilir. Günah da aradan gedə bilir. Çox böyük nikbinlik verir bu. Yəni günah dərində deyil, təməli üzdədir, Adamlıqdır, dəyişkən bir şeydir. Günah həmişəlik deyil, günah başa çata bilir. Yetər ki,sən öz üzərində işlə, Adamlıqdan çıx. Adamlıqdan yüksəl, günahdan çıxacaqsan. Nikbinlik verir, özüylə döyüş üçün səbəb verir adama. “Təməl” kitabı başdan ayağa budur, səbəb verir.
İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Mən də qonuda qoyulan məsələlərlə bağlı bir az düşünmüşəm. Soylu Atalının “Sözün doğrusu” kitabını başa çatdırdım. Çox gözəl etkilədi məni. Böyük məsələləri gözəl vurğulayıb. Axırda da ictimai həyatı gözəl izah edir. İndiki durumuma çox aydınlıqlar gəldi. Əlimin altında Atanın kitablarından var, ara-sıra onları da təkrar oxuyuram. Öz düşüncələrimlə çox məşğul oluram. Xalqlaşmam ardıcıl deyil, ancaq çağaşırı söhbətlərim davam edir. Çox vaxt mollalar, dindarlar arasında oluram. Onlarla məşğul olmaq gərəksizdir, çünkü onlar mənim üçün bir ümid yeri deyil. Ancaq insandır, bəlkə hansınınsa ürəyində bir işıq yana. Ancaq o dərəcədə onları etkiləyib dəyişiklik görmək ümidim yoxdur.
Qonuda Atanın deyimi qoyulub. “Özümlük üçün özündən keçmək özünütəsdiqdir”. Bu cümlə məni çox yaxşı etkilədi. Çox yerində seçilib, öz halım üçün uyğun bir vaxtda bu söz yadıma salındı. O yöndə düşünəndə birbaşa özüylədöyüşlə bağlı məsələlərə çıxdım. “Özüylədöyüş”, mənə elə gəlir, amalımızın təsdiqidir. Burada özümlük, özündənkeçmə, özünütəsdiq sözləri var. Özümlük sözünü necə anlayıram, mənim üçün Mütləqə İnam dünyabaxışı tam aydın olmalıdır, heç bir qaranlığa yer qalmamalıdır.
Burada düşüncə özüylədöyüşü var sanki. Ata da “düşüncə özüylədöyüşü”nü önəmli sayardı. Bu vaxta qədər xarakterimiz bəlli qaydalarla formalaşır. Uşaqlıqdan üzü bu yana toplumun etkisi olur, dinin etkisi olur, ailənin etkisi olur. Bunlar hamısı bizim xarakterimizdə bəlli bir hal yaradır. Öncə gərək bu bərkimiş buzları əridək. Mənim bu məsələdə ciddi səy göstərə bilməməyim məni ağrıdır. Mənə elə gəlir çox oxumalı, çox öyrənməliyəm.
“Özündən keçmək” – bu da özüylə döyüşün ən ağır tələblərindən biridir. Nə qədər olmasa həyatda bəlli məsələlərə qarışmaqda özümü borclu bilirəm. Ancaq onu da başa düşürəm ki, bunlar həyatda ötəridir, keçici olandır. Mənim də əsas işim odur ki, Amalı tələb olunan qaydalarla yaşaya biləm. Yenə baxıram ki, təbiətimdə ikili hal qalmaqdadır. Mənim üçün müəyyən qədər aydın olmayan cəhətlər də var. Aydın olmayan cəhətlər odur ki, özümüzü xaricdəki dünyaya münasibətdə aşkarlaya bilirik. Hər hansı şər dediyimiz nəsnələr var, konkret olaraq yalanı desək, yalan nə zaman üzə çıxır?! Yalan başqaları ilə münasibətdə üzə çıxır, toplumla münasibətdə üzə çıxır. İnsan öz-özünə nə yalan deyə bilər, nə yalan uydura bilər. Öz-özünə söhbəti gedirsə bu insanın düşüncədə özüylə döyüşüdür. Bu da mənim üçün demək olar ki, aydındır. Ancaq bəzi məsələlərə münasibət bildirəndə deyirəm ki, insan tək yaşamır, insan özünü özündən qıraqdakı dünyaya münasibətində açıqlayır. Ona görə bəzi məsələlərdə özümü borclu bildiyim hallar var. Bəlli səviyyədə mümkün olanları eləmək gərəkdir. Ancaq əsas işim o olmamalıdır. Hələ bu haldan mən qurtara bilmirəm.
Bu haldan qurtulmaq da özünütəsdiqdir. Özünütəsdiq kamillik səviyyəsinə yetmək, kamillik qanunları, amal qanunları ilə yaşamaqdır. Bu da Ata yolu ilə mümkündür. Ata gerçək aləmlə əlaqəsini kəsdi, bütün işi amal idi. Amal baxımından ona yaxın olanı özünə doğma sayırdı, yaxın olmayanı isə özünə doğma saymırdı. Ata ömrü bizim qarşımızda bir mayakdır, örnəkdir, dəyərdir. Eyni zamanda Soylu qardaşın həyatı mənim üçün bir örnəkdir. Bacılarımın həyatı, Bilənin, Günevin həyatı mənim üçün önəmlidir. Təkrar vurğulayıram, mən sizdən çox şey öyrənirəm, sizdə fədakarlıqlar görürəm. Özüylə döyüşün bir təpəri də odur ki, insan həyatda gördüklərindən nəsə gör-götür edir. O həyatda, toplumda pis tərəfdən də nümunə götürürük, pisdən də özümüz üçün nəticə çıxarırıq. Eyni zamanda Soylu qardaşın ifadəsi ilə desək, pisi döymək yox, pisliyi döymək gücünü özümdə yarada bilsəm, bu mənim üçün özüylə döyüşün bir cəhətidir. Atanın belə bir sözü var, ən böyük əməl odur, özün özündən utanasan, başqasından utanan kimi. Bu o deməkdir ki, təklikdə də qaldıqda, özüylə təkbətək ünsiyyətdə də olduqda insan özünü daha yaxşı təhlil edir, bir düşüncə baxımından, gündəlik əməl baxımından. Məndə çatışmayan şey keçmişdən ayrıla bilməməyimdir. Öz həyatımı itirilmiş həyat kimi sayıram. Ocaqda da düşünürəm bəlkə hardasa bir sözüm, bir duruşum, yaşım hansısa bacı qardaşda etki yaradarsa özümü daha çox xoşbəxt hiss edərəm.
Atamız Var olsun!
Soylu Atalı: Bəlkə mən axırda danışmayım, siz hər dəfə danışanda sizinlə polemikaya girəm. Bəzi məsələləri aydınlaşdıraq. Məsələn, qardaşımızın çıxışı ilə bağlı deyim. Atadan misal çəkdi, özümlük üçün özündən keçmək məsələsi haqqında. Aydınlaşdıraq görək “öz” nədir, özüm deyəndə nə başa düşürəm, özüm nəyəm, kiməm, içimdə nə var?! Bu məsələni aydınlaşdırsaq, onda mənə elə gəlir özüylə döyüşə daha güclü təkan vermiş oluruq.
İnamlı Atalı: “Öz” məsələsini iki yöndə düşünürəm: biri, insan xislətində kimdir. İnsan xislətinə görə ruhani varlıqdır. Bu ruhanilik maddidə üzə çıxmalıdır, aşkarlanmalıdır. Onun üçün insanda bədən varlığı mütləqdir. Ruhani dəyərlər insanın cismani varlığında üzə çıxır. Ancaq cismani varlığın da öz tələbləri var. Bu tələblər elədir ki, bunu da iki yöndə özüm üçün aydınlaşdırmışam. Biri var insanın bioloji tələbləri, bir də var insanın sosial tələbləri. Sosial tələblərlə həyata bəlli dərəcədə bağlılığımız var, qan qohumluqlarımız var, toplumla bağlılığımız var, həyat səviyyəsində olan insanlarla bəzi bağlılıqlarımız, dostluğumuz var. Bunlar insanın ruhani varlığının qarşısında bir tərəfdən əngəldir, bir tərəfdən də düşünürəm, axı başqa cür də ola bilməzdi. İnsan öz ruhani varlığını göydə, xəyallar aləmində həyata keçirə bilmir. O, hər hansı münasibətdə bunları aşkarlamalıdır. Bu münasibətlərdə öz həyat tərzini necə qurmalıdır ki, səhvə yol verməyə. “Öz” deyiləni bu cür anlayıram. Atanın həyatı müstəsna bir həyat idi, o toplumla, həyatla əlaqələrini kəsdi. Çünkü Atanın vaxtı da yox idi. Mütləqə İnam dünyabaxışını yaratmaq balaca məsələ deyildi. O yeni bir təfəkkür tərzi, yeni bir İnam yönü idi, həqiqəti ortaya qoymaq məsələsi idi. Atanın ömrü bir ömrə sığan məsələ deyildi. Atanın ömrü bəlkə də yüzlərlə ömrün gördüyü bir işi görüb. Ancaq özümə gələndə mən o cür deyiləm, hazır dünyabaxış mənim əlimdədir, mən ona tam inanıram. Bilirəm ki, insanın “öz”ü Atanın deyimlərində üzə çıxır. “Öz” deyəndə biz ruhani varlığı başa düşürük. Ruhani varlıq, bayaq dediyim kimi, xəyallar aləmində həyata keçmir. O, insana, topluma, xalqıma, millətimə, vətənə, evimə, ailəmə münasibətdə üzə çıxır. Bu münasibətlərdə də həmişə ağrılı hal odur ki, bu münasibətləri biz kəsə bilmərik. Kəssək bizim ömrümüzün mənası qalmaz. Toplumun, xalqın arasında olub Ata baxışını yaymaq bizim əsas məqsədimizdir. “Öz”ü mən bu cür başa düşdüm. Sənin belə müdaxilə etmən, sual vermən də öz yerində. Çox yaxşıdır.
Soylu Atalı: Belə olanda maraqlı düşüncələr deyirsiniz. Adama sual verəndə, düşüncəyə çəkəndə gərəkli şeylər üzə çıxır. Sənin düşüncələrini bir qədər də mən gəlişdirib deyim, ola bilər yenə də əkləmən olsun. Keçən dəfə söhbət edəndə Yunus Əmrədən misal çəkdim. “Məni məndə görmə, məndə deyiləm. Bir Mən vardır məndə məndən içəri”. Bir balaca bunu əsas götürək, Atanın fəlsəfəsinin içinə bu deyimdən girək. Məsələn, mən “özüm” deyəndə nə başa düşürəm?! Gördüyünüz mən mənim mövcudluğumdur. Budurmu mənim “öz”üm?! Həyatda insan bunu “öz” sayır. İnsan öz dediyi özüm dediyi nəyi sayırsa onunla ünsiyyətdə olur, onunla söhbət edir, onunla görüşür. İnsan özünü mövcudluğuna bərabər götürürsə ki, bu mənəm, onda mövcudluq nə istəyirsə söhbət o yöndə gedir. Ona gərəkdir əyləncə, yemək-içmək, filan şey. Sən bununla söhbət edirsən. Özünlə üz-üzə qalmağın, yəni əslində mövcudluğunla üz-üzə qalmağın – mövcudluğunla söhbət eləmək anlamına gəlir ki, bununla bütün diqqət, baxış, əməl, əmək mövcudluğa yarar həyata keçir. Biri də var mən deyirəm, mən özüm buyamsa (mövcudluğum), bu öləcək, qalmayacaq. Üzdəki “özüm” öləcək, özüm olmayacaq. “Özüm” olmayacaqsa artıq din yaranır. “Özüm” öləcəksə deməli, nə axtarmalıyam, o dünya axtarmalıyam, cənnət- cəhənnəm axtarmalıyam. Çünkü bu mövcud olan “öz” öləcək qalmayacaq. Deməli, bizə Ocaq əslində “öz”ü öyrədir, “özüm” nədirsə onu öyrədir. Yenə Yunus İmrənin dediyinə gəlirəm, “məni məndə görmə”, yəni mən bu mövcudluqda deyiləm, “bir Mən var vardır məndə məndən içəri”. Bundan içəridə bir mən vardır, yəni mənim içimdə hansı sirlər var, hansı hikmət var, nədir bu mövcudluğu yaşadan, nədir bu mövcudluğu ayaqda tutan, bu elə-belə deyil. Deməli, mən içəridə olanı tanıyıram, kəşf edirəm. Ocaq mənə bunu öyrədir. Həyat məni aldadır, həyat mənə deyir sən busan, mövcudluqsan. Ocaq deyir yox, sən bu deyilsən, sən bundan artıqsan. O nədir, o sənin daşıdığın keyfiyyətlərdir. O keyfiyyətləri sənə tanıdır, deyir bunları üzə çıxart, aşkarla. Bunun üçün onlarla ünsiyyətdə ol. “Öz”ünü ünsiyyət əmələ gətirsin, düşüncəni əmələ gətirsin, sözünü əmələ gətirsin. Sən onunla söhbət edəndə, onunla ünsiyyətdə olanda dərinləşəcəksən, düşüncən dərinləşəcək. Baxışın içəri girəcək, hər şey dərinə girəcək, üzdə ilişib qalmayacaqsan. Ona görə də biz bu gedişdə həyatı, ölümü dərk eləmək istəyirik. Axı həyatla ölümün sınırı hardadır, həyatla ölümün sınırı nədir, həyatla ölümün arasında fərq nədir?! Bu mövcud olan bir yerə qədər var, sonra da yoxdur. Var idi həyatdır, yox idi ölümdür. Vardı, yoxdu, deməli, həyatdır, ölümdür. Sanki bir şey olur. Qısa arada var, sonra yoxdur. Fərq etməz, 50-100 il əbədiyyət qarşısında böyük bir zaman deyil ki. Bu oldu, ya olmadı. Deməli, ölümlə həyat arasında çox qəribə bir bağlılıq var. Ona görə biz həyatın özündə ilişib qalmırıq. Çünkü həyatın o biri üzü ölümdür. Həyatı ölüm təzələyir, ölüm yeniləyir. Ölüm olmasa həyat da olmaz. Onların biri o birini doğurur. Ona görə biz həyatla ölümün sınırını özümüz üçün bəlirləyirik. Həyatla ölümün sınırını bəlirləyəndən sonra görürük ki, bunların arasında məsafə demək olar çox azdır. Bu arada, bu ikisinin arasında – həyatla ölümün arasında mən yoxam. Həyatla ölümdən daha dərindəyəmmiş mən. Bir mən vardır, məndə məndən içəri. Biz daim o dərinə baş vururuq, o dərində axtarırıq, o dərində öyrənirik. Onda özün, özümlüyün, mənin nə demək olduğu üzə çıxır. Onu tanıyıram, bilirəm, onunla ünsiyyətə gedirəm. Ünsiyyətə getmək üçün oxuyuram. Oxumaq adama stimul verir, məzmun verir, düşündürür, səbəb verir düşünəsən. Oxuyuram, düşünürəm, düşündüklərimi yazıram, düşündüklərimi, yazdıqlarımı başqalarına çatdırıram, başqalarına deyirəm. Belə bir gedişdə mən yaşayıram, var oluram. Bax, amal, əqidə budur, Ocaq budur. Özünü qurursan, işıq yaradırsan içində, işıqlanırsan, işıqlandırırsan, işığını qırağa saçmaq istəyirsən.
İnamlı Atalı: Soylu, bunlar nəzəriyyə, bir dünyabaxış, bir amal kimi bizim düşüncə özüylə döyüşümüzdə var. Hər Ocaqçı başa düşür ki, mənim fiziki varlığım əsas deyil. Baxmayaraq ki, toplum fiziki varlıqla insanı qiymətləndirir. Bəzən isə həyatdakı sosial səviyyəsi ilə insanı qiymətləndirir. Məni düşündürən odur ki, bu düşündüyümüz o daxili məni biz necə gerçəkləşdiririk?! Orta məktəbdə oxuyanda müəllimlərimizin nəsihətləri vardı, böyüyə hörmət edin. Bizim atalar sözlərimiz, nağıllarımız vardı, qəhrəmanlıq dastanlarımız vardı, oxuyardıq, onlara bənzəmək istəyərdik. Nəzəri şəkildə olan biliklərimizi həyatda necə gerçəkləşdirək, həyatda rastlaşdığımız olaylara necə reaksiya verək ki, orda həqiqət olsun?! Addımbaşı nöqsanlarla üzləşirik, addımbaşı günahlarla üzləşirik, reaksiya verə bilmirik. Ya qorxuruq, ya çəkinirik, ya mənasız sayırıq, ya özümüzü kiçiltməkdən çəkinirik. İndi bizim bəlli bir xəttimiz var. Məsələn, Soylu qardaşım işə gedir, işdə özünün əhatəsi var, onlarla məşğuldur. Soylu adi adam deyil, Ocağın başındadır, sorumluluq daşıyır. Ancaq adi adam gedir işə, toplumla üzləşir, məcburən orda bəlli məsələlərə bulaşır. Çünkü bu günkü həyatın tələbidir bu. Başqa gedişat yoxdur. Mən müəllim işləyəndə nə elədiksə mümkün olmadı, rüşvətin qabağını ala bilmədim.
Bir dəfə gəldilər məktəbə cərimə kəsdilər, getdilər. Yığıldıq ki, bu nə deməkdir, bizi adam yerinə saymırlar. Etiraz etdik, dedik biz heç nə verən deyilik. Məktəbə komissiya tökdülər, yoxladılar. Könüllü yalvardıq ki, pul veririk, ancaq dərinə getməyin. Aldılar, özlərini qəhrəman kimi də apardılar. Biz orda məğlub olmuş kimi olduq. Dediyim odur, insanda ruhani keyfiyyətlər var, insan onları xəyalən düşünür, ancaq əməli cəhətdən həyata necə keçirir. Öz həyatımızı elə quraq ki, Soylu kimi, digər bacı-qardaşlarımız kimi olaq. Ancaq bizdən umanlar da var, qardaşlıq münasibətləri var. Ancaq tam təcrid olmuş bir həyat yaşamaq olmur. Bu da mənə hələ tam aydın olmayıb. Biz toplumda bu etkini yarada bilirik, ya yox. Deyək ki, siz mənim yaşadığım kəndə gəldiniz. Günev qardaşım birinci dəfə gələndə belə bir fikir söylədi ki, taksi sürücülərinə yaxınlaşıb soruşduq ki, bizi onlara apara bilərsənmi. Günev qardaş deyir, gördüm sənin adını hörmətlə qarşıladılar. Ancaq toplumun mənə hörməti nə üçündür?! – Onun üçündür ki, harasa gedəndə onun yol pulunu vermişəm, yaxud da hardasa bir güzəşt eləmişəm. Ona görə onun gözündə olmuşam yaxşı adam. Təkcə bu keyfiyyətlərlə alınmır. Dediyim odur, həyatda öz yaşam tərzimizi elə qurmaq ki, həm bu ruhani keyfiyyətləri düşüncəmizdə yaşadaq, həm də gerçəkləşdirməkdə özümüzə arxayın olaq. Ən çox düşündüyüm özüylədöyüşdür.
Soylu Atalı: Günəş yerə işıq saçır. Yerdə Günəşin işığından adam da bəhrələnir, ayı da bəhrələnir, gül-çiçək də bəhrələnir, siçan-siçovul da bəhrələnir. Günəşin işığı yerdə həm də yaranışa səbəb olur, fotosintez prosesi gedir. Eyni halda, Günəş yeri işıqlandırır, biz hər şeyi öz rəngində, öz biçimində görürük, hər şeyə də öz adında, öz anlamında qiymət veririk. Tutaq ki, siçan, ya da ayı deyir, mənə Günəş gərək deyil. Günəş də deyir, sənə gərəyəm, ya gərək deyiləm, özün bil. Mən işığımı salıram, götürsən də özün bilərsən, götürməsən də. Günəş işığını salmaqdan usanmır. İnsan Günəşdir, Günəş kimi olmalıdır. Bayraqda Atanın şəkli niyə Günəşin içində verilib, bu çox böyük bir rəmzi məna daşıyır. İnsan özünün daxili ucalıqlarını kəşf edir, üzə çıxarır, işığa çevrilir. Birdən kimsə yolun qırağı ilə getdiyi yerdə dönüb yola çıxır, ya da tutaq ki, mən maşın sürürəm, evə çatıram, sms gəlir ki, 90 km/saatlıq yolda 101-lə getdiyinizə görə sizə cərimə yazılıb. Mən də aparıb onu ödəyirəm, ödəməliyəm. Bu cür yanlışlar qaçılmazdır, həmişə olacaq. Ya məsələn, hansısa idarə sənədi mənə vermək üçün iki manat istəsə verəcəm. Kimə şikayət edim, dövlət var?! Ancaq mənim apardığım iş odur, gələcəkdə bu olmasın, dövlətin başında insan olsun, toplumun içində insan olsun, qayda-qanun olsun. Buna çalışırıq. Qanunsuzluq, haqsızlıq bu gün var, sabah olmasın. Mən rüşvət almıram, dünya dağılsa da, almayacam. Ona görə mən rüşvət alınan yerə də getmirəm. Gedib orda da işləmirəm ki, kimsə deməsin səni bura qoymuşam, gəl mənim haqqımı ödə. Deməli, mən rüşvət almayacam, mən ədalətsizlik eləməyəcəm, mən yalan danışmayacam. Ancaq rüşvət alana rüşvət verəcəm. Yalan danışana yeri gələndə deyəcəm ki, sən yalan danışırsan, çıxıb gedəcəm. Özü bilər. O məndən ayrılandan sonra yenə gedib aldadacaq, özü bilər. Ancaq mən deyirəm, aldatmaq olmaz. Yenə deyəcəm, mən Günəş kimi işığımı salmaq istəyirəm, doğrularımı işıq kimi salmaq istəyirəm. Kimsə o işıqdan aydınlanmağa, bəhrələnməyə çalışacaq, kimsə də yarasa kimi gizlənəcək, özü bilər. Bax, bizim işimiz budur. Biz topluma da bunu öyrədirik, topluma ədalətin, həqiqətin gərək olduğunu öyrədirik. Necə ediriksə, necə yaşayırıqsa onu öyrədirik. Bizim də hədəfimiz odur, biz ölçü yaradırıq. Bu ölçü hər yerdən görünəcək, görünür də. İndi deyək ki, Asif Ata belə yaşayıb, İnamlı da belə yaşayır. Bu İnamlı ilə Asif Ata göydən düşməyib axı. Bu xalqın içindən çıxıb. Bu yaşaya bilirsə, o biri də yaşayacaq. Yetər ki, biz onu işə salmağa, hərəkətə keçirməyə çalışaq. Bunu min il demək gərəkdir. Usanmadan demək gərəkdir. İllərin bir ilində bizim həqiqətlərimiz, bizim ölçümüz xalqın həyat tərzində əsas aparıcı ölçüyə çevriləcək. Bu olacaq, buna biz inanırıq, bunu doğru sayırıq. Buna görə də mübarizə aparırıq. Bu işin bir cəhətidir.
İkinci, biz deyirik, Ocaq işindən fərəhlənirik. Niyə fərəhlənirik, məsələn, görürəm mənim bir amaldaşım mənim arzularıma uyğun yaşayır, mənim arzularıma uyğun bir əməl elədi. Bu, fərəh yaradır. O anı yaşayıram. Özüm içimdə eybəcərlikləri qırağa qoyuram, toplumda hər yerdə insanca davranıram. Bu mənim özümün özümdən razı qalmağımdır. Bu içimdə fərəhə çevrilir, mən bunu yaşayıram. Toplumda nə alınır, nə alınmır, bu ayrı məsələ, öz içimdə alınır axı. Öz ömrümdə alındırdığımla yaşayıram, onunla fərəhlənirəm. Gələcəkdə də toplum bizim ömrümüzlə fərəhlənəcək. Atanın dediyi kimi: “Dünya hərcayidir, sən hərcayi olma. Dünya dağılsa da sən hərcayi olma”. Yəni bunu belə də demək olar, dünya rüşvət alır, sən rüşvət alma. Dünya dağılsa da, sən rüşvət alma. Eləmə. Dünya dağılsa da, dünyanın elədiyini eləmə. Mən eləməyəcəm. Mən əyməyəcəm, əyilməyəcəm. Kim edərsə özü bilər. Ona görə deyir, “bir mən vardır məndə məndən içəri”. Heç kimi biz qıraqdan ayaqda tuta bilmərik. İçində olmalıdır. Ona görə insanlara içəridən dikəlmək, içəridən qurulmaq, içəridən yaşamaq yollarını öyrədirik, izhar edirik.
İnamlı Atalı: Soylu qardaşım, gözəl dedin. Bizim başqa yolumuz da yoxdur. Biz amalın başına yığılmışıqsa, Ocaqçıyıqsa sənin dediyin yol bizim həyat tərzimiz olmalıdır, bizim qarşımızdakı üfüq olmalıdır, mayak olmalıdır. Biz hələ xırda məsələləri deyirik, elə məsələlər var, bütövlükdə millətin kökünə balta çalır. Adi bir halı deyim, bizim 44 günlük müharibəmiz oldu. Sonra bir polkovnik dedi ki, biz iki dəfə az itki verə bilərdik, bizim savaşımız 20 günə də bitə bilərdi. Məcbur edirlərmiş ki, erməninin sayını az de, minalanmış əraziləri tam göstərmə. Dediyim odur, orda nə qədər balalar öldü. O balaların hər biri bir ailənin işığı idi. O ailələr söndülər, əyildilər, sındılar, yıxıldılar. Millətimiz çox pis durumdadır. Mən başa düşürəm, nə olur olsun, bizim yolumuz budur. Sənin sözün var, başqa işlərlə məşğul olan başqa qurumlar, partiyalar var. Qoy onlar da öz işlərini görsünlər. Onlara biz maneçilik də törətmirik, günahlandırmırıq da. Həyatda mümkün olan mübarizə üsulları ilə nələrinsə qabağını ala bilirlərsə alsınlar. Bizim öz yolumuz var. Ocaq elə bir iş görür ki, başqa yol mümkün deyil. Başqa yol gedib nisbiyə dayanır. Hardasa fərqli bir yolla gedirlər, ancaq qısa müddətdən sonra gəlib yenə bu yolun özünə çıxacaqlar. Sənin dediyin qaydada Ocaqçıyıqsa bizim öz yolumuz var, insanlar içində ağac-ağac bitmək, fərd-fərd yığışmaq, bu işıqlı deyimləri üzə çıxartmaq, onların dairəsini yaratmaqdır bizim işimiz. Ona görə də səninlə tam razıyam.
Soylu Atalı: Biz bilirik ki, indiki rejim bu qədər amansızdır, bu qədər Allahsızdır, bu dəyişməlidir. Onu da bilirik ki, bunu dəyişən ondan bir azacıq az allahsız olacaq, bir azacıq az vicdansız olacaq. Biz də deyirik, heç olmasa üç adamımız ölməsin, iki adamımız ölsün. Bununla da hələlik barışırıq. Ancaq bilirik ki, bu çıxış yolu deyil. Qoy bu işi görənlər bunu bizdən qıraqda eləsinlər. Biz də təməl ideyalarımızı gerçəkləşdirməklə, yaşatmaqla, yaşamaqla uğraşaq. Biz də istəyərik, kaş elə bir üsul olaydı, bu üsulla insanları toparlamaq, çox şeyi dəyişmək mümkün olaydı. Mən deyərdim eybi yox, gedək buna, qoy yolumuz gözləsin, sonra gələrik. Elə bir şey yoxdur. İnsan içindən dəyişməsə yenə Allahsızlıq eləyəcək. İnsan içində Allahını, vicdanını diriltməsə beş əvəzinə üçünü öldürəcək, yenə də öldürəcək. Ona görə bizim arzularımızdən, istəklərimizdən asılı deyil gerçək gedişlər. Ona görə bizim ayrı yolumuz yoxdur.
Bilən Atalı ( Ataya səcdə edib, Bayrağı öpür -G.A.): Son vaxtlar Soylu bəyin “Düşünməyin İnam ölçüsü” kitabını oxuyuram, düşünürəm. Həmişə Soylu bəyə sual verirdim, insan niyə satılır, niyə heç kim vətən, millət haqqında dərindən düşünmür. Bu kitabı oxuduqca, bu sualların cavabını özüm üçün aydınlaşdıra bilirəm. Bu da Atanın ideyalarına bağlıdır. İnsan ruhani varlıqdır. Özündə İnam, İdrak, Mənəviyyat, İradə gəzdirir. İnsan buna yetəndə, özünə bərabər olanda şəxsiyyətə çevrilə bilər. Kamil insan olar.
Hər kəs Allahı çağırır. Ancaq Allahlıq çağırmaqla oluşmur ki. Sən öz əməlində, sözündə Allahlı olmalısan. Soylu bəyin kitabları Asif Atanın ideyaları ilə bağlıdır. Ona görə bu kitabları oxuyanda Asif Atanı daha dəqiq anlamaq olur.
Bu yaxınlarda Ucar rayonundan olan bir müəllimlə söhbət aparmışam. Göyçayın özündə də söhbət apardıqlarım var. Uyğun vaxt olsa görüş təyin edəcəm.
Atanın “özümlük” sözü ilə bağlı deyim, mən həmişə düşünürdüm ölkədə ədalətsizlikdir, çıxış yolu yoxdur. Hər yerdə rüşvət, əyrilik baş alıb gedir. Heç kim adamı başa düşmür. Bir doktor tanışım var, deyir, peyğəmbər deyib, belə yerdən uzaqlaş, başqa məmləkətə köç. Məndə də belə düşüncələr yaranmışdı. Ocağı tapandan sonra düşüncələrim aydınlaşdı. Heç mən axtardığım şeylər dünyada yoxdur. Fiziki mənada var, ruhani mənada yoxdur. Ona görə Ocağa borcluyam. Çalışıram qüsurlarımın üzərində işləyim, özüm olum. Millət olmaq da bundan keçir. Kimsə düzəlmir özü bilər, mən özüm düzəlməliyəm, özüm insan kimi yaşamalıyam. Mən işdə çox şeyi yoluna qoyuram. Ancaq ruhaniyyat tamam başqa şeydir. Təkcə işin düzgünlüyü, kiməsə kömək eləməklə olmur. Bundan daha böyük işlər var qarşıda. Gələcəyə çox inanıram.
Atamız Var olsun!
Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Keçən Ailə Günündən üzü bu yana, həmişəki kimi, amallaşma yönündə kitab oxumuşam. Son vaxtlar Soylu bəyin “Sözün Doğrusu” kitabını oxumaqla davam edirəm. Bir dənə də qıraq ədəbiyyat oxumuşam. Düşüncələrimi toparlaya bilmədim, gələn Ailə Günlərimizin birində hazırlayıb bölüşəcəm. Son vaxtlar saytımızda Atanın Mütləqə İnam bitiyindən ardıcıl yazılar paylaşıram, hər dəfə də yazıları yenidən oxuyuram. Bu özü mənim halımı yaxşı etkiləyir. Atanın kitablarının hamısını oxumuşam, ancaq təkrar qayıtmağa ehtiyac duyuram. Əsas da hansısa qıraq ədəbiyyat oxuyandan sonra daha çox istəyirəm bunu. Çünkü hər dəfə yenidən qayıdanda, elə bil, yeni nələrsə açılır mənim üçün. Bəzən Atadan bir cümlə oxuyuram, baxıram ki, bu cümlə qıraq ədəbiyyatdan oxuduğum hansısa bir olayın izahıdır. Oxuyub düşündükcə qısa qeydlər etmişəm, onları bölüşəcəm.
Ölkələrin yenilməzliyi silahlarla qorunur. Daha çox öldürücü silaha sahib olan, daha çox insan qırğını törətmək imkanı olan güclü, qalib sayılır. Bu nəyin qalibiyyətidir?! Bəşəriyyətin varlığı belə silahla qorxu altına alınırsa, bu əslində hər şeyin insana bağlı olmasının təsdiqidir, istər yaxşı anlamda olsun, istər pis anlamda. Ata deyir: “Silah Ruha təslim olacaq. Çünkü silahı yaradan insandır”. Azğınlıq, şöhrətpərəstlik, tamah insanları qurbana çevirib dünyanı qana bürüyürsə insan xilası nədə axtarmalıdır?! – Əlac insanın özündədir.
****
Atanın bir deyimi var: “Fərd yetişib xalq olur”.
Quruculuq hər bir fərdin ömründən başlayır. Fərdin özünü qurması, özümləşməsi ona məqsədinin nə olduğunu, dünyanın nə olduğunu, ömrünün gərəkliyini anladır. Fərdin ömrü gözəlliklərlə dolur, dünya ilə doğmalaşır, Mənanı tanıyır, ona can atır. Xalq da Mənadır, xalq hər bir fərdin qurulan ömründə var olur, qurulur, özümlüyünə qovuşur.
****
Merac – insanın Allaha qovuşma, onunla bir olma ehtiyacının gerçəkləşməsi idi. Məhəmməd bu haqqı tək özünə tanıdı. Bu haqqı hər bir insana anlada bilmədiyi üçün insan Allaha inanmadı, Allahdan ayrı düşdü.
****
Fərdin özünə etirazı onu imtinalara götürür. Bu imtinalar onun ardınca ayrı-ayrı fərdlərdə də dəyişiklik yaradır. Bəzisinin cəsarətini böyüdür, bəzisində addım atmaq həvəsi doğurur, bəzilərinə isə addım atmağın gərəkliyini göstərir. Beləcə, bu hallar topluma yansıyır, günün birində xalqın zülmə etirazı baş verir.
****
Özünüdərk – içində Allahı axtarmağı, onu yaratmağı bacarmaqdır.
****
Müxalif olmaq – insanın haqqı, ədaləti axtarmaq, onu bərpa etmək üçün ayağa qalxması, mübarizə aparmasıdır. Ədaləti bərpa etməyin yolu böyük güclərə qarşı dayanmaqdan keçirsə, insanın zora əl atması zəruridirmi?! – Zorun qələbəsi də elə şərin qələbəsi deməkdir. Bununla ədalət bərpa olunmur. Haqsızlığın, ədalətsizliyin qarşısına zorla çıxmaq, əslində bir-birinə qarşı çıxanların daha da azğınlaşmasına, zorun yaşamasına səbəb olur.
****
Bəlkə xoşbəxtlik – ürəyinə dərd adlı yükü götürərək sonsuzluğa doğru addımlamağı bacarmaqdır. Dərdsiz ürəklə ömür dəyərsiz nəsnəyə çevrilər. Dərdsiz ürəklər xoşbəxtliyə, əbədiliyə can atmanın nə olduğunu duymaz. Dərdsiz ürəklə insan cismanini görər, onu arzulayar, əldə edər, ancaq xoşbəxtlik adlı uca duyğudan çox uzaq qalar.
Duymağı bacaranlar üçün qovuşma cismanilikdən daha uca anlam daşıyır. Dərdi ürəyin yükünə çevirə bilmək insanı xoşbəxtliyin sonsuz üfüqlərinə ucaldar. Dərdli ürəklər əl-ələ verib sonsuzluğa, əbədiliyə doğru yol alanda qovuşma xoşbəxtliklə sonuclanar. İnsan sevir, heyrətlənir, heyrət etdiyini sonsuzluğun özü sayır. O isə Əbədi Yolun yolçusudur. Əslində onlar hər ikisi əbədilik yolçusudur. Biri bu yolda yürüməklə, digəri isə onun yanında olmağa, ona qovuşmağa can atmaqla…
Qeydlərim bu qədər. Bir də özünü təhlillə bağlı bir neçə söz demək istəyirəm. Ən çox çalışdığım odur, vaxtımı düzgün dəyərləndirim. Düzdür, oxumağa həvəsim çoxdur, ehtiyacım da var. Ancaq bəzən görürəm, əlavə şeylərə çox vaxt itirirəm. Hər gün oxumağa vaxt ayıraram, ancaq son vaxtlar görürəm ki, təkcə oxumaqla hər şey əldə etmək olmur. Yəni yeri gələndə düşüncələrimi ifadə etməkdə, bildiklərimi deməkdə çətinlik çəkirəm. Özümü ifadə etmək çətinliyi yaşayıram o anda. Bu bir yandan onunla əlaqəlidir ki, mən insanlarla az ünsiyyətdə oluram. Belə halları, xalqlaşma əməli artdıqca yoluna qoymaq olar. Bu yəqin ki, irəlidə düzələr.
Bəzən hansısa kitabı oxuyuram, gözəl düşüncələrim yaranır, özümü həvəsli hiss edirəm, özümə inanıram, düşünüb yazıram, yaza bildiyim üçün daha da özümə inamım artır. Ancaq kitabdan ayrılandan sonra, nə zamansa bu düşüncələri ifadə etmək gərək olanda həmin həvəsi, həmin coşqunu tapa bilmirəm özümdə. Mən fikir verirəm, Soylu bəylə bəzən sıradan bir məsələ haqqında danışırıq, ancaq ona amalla bağlı bir sual verəndə həmin anda səsinin tonu dəyişir. Onun bildiyini, inandığını necə həvəslə, coşquyla çatdırdığı səsindən duyulur. Məndə bu alınmır. Bəzən olur, kiminləsə ünsiyyətdə nələrisə demək olar, ancaq həmin anda demirəm. O demək deyil ki, kimdənsə çəkinirəm, sadəcə demək həvəsim olmur. Düşünürəm, bu halımla ciddi döyüşməli olacam.
Bir də Atanın qonuda qoyulan deyimi ilə bağlı düşüncələrimi qeyd etmişəm, onu oxumaq istəyirəm:
Hər bir insanın dünyaya doğuluşu həyata bəxş olunan bir gözəllikdir əslində. Hər bir insanın ömrü dünya üçün önəmlidir. Hər insan öz ömrü ilə bir qatqı verir dünyaya, həyata. Ancaq insan özündən, özümlüyündən ayrılmanın acı sonuclarını yaşamaqdadır. Dünya nə qədər insan əli ilə xarabalığa çevrilsə də, həyat davam edir. Nə qədər qırğınlar, müharibələr olsa da, səma öz ucalığında, sonsuzluğunda qalmaqda, Günəş öz işığı ilə həyat saçmaqdadır. Bu dünyanın gözəlliyi mahiyyətcə insandır, dünyanın gözəlliyini aşkarlayan da insandır. Ancaq dünyadan sürətlə insan əksilir, əksildilir. Həm də bu, faciəvi şəkildə insanın öz əlilə yerinə yetirilir. Bunu heç bir başqa qüvvə etmir, məhz insan edir. İnsan artıq etinasız şəkildə bu acı sonucları sıradan bir olay kimi izləməkdədir. İnsan dünyaya, gözəlliyə, insana yiyə çıxa bilməyəcək qədər gücsüzdür. Maddiyyat, şöhrətpərəstlik, tamahkarlıq insan ömrünü üstələyir. İnsanlar müqəddəsliyə yad olurlar. Onu axtarmaq istəmirlər, ömür müqəddəsləşmir. İnsanın özümlüyünə qovuşması özünü təsdiq etməsidir. İnsan özüylə barışmayanda, döyüşəndə, bir addım biolojilikdən qırağa çıxanda müqəddəsliyə doğru yol alır. Bu, inamlı yaşamaq deməkdir. Bu, həm də İnamla yaşamaq deməkdir. İnsan bununla var olur, dünya da bununla gözəlləşir. Özünü təsdiq – özümlüyünə qovuşmaq, onu ömründə yaşatmaq və ömürlərə ötürməkdir.
Atamız Var olsun!
Soylu Atalı: Biz Ocaq olaraq, aydın bir hədəf peşindəyik. Qıraqdan görənlər deyirlər ki, bu Ocaqçıların dərdi-səri dindir, Allahdır. “Din pisdir, din gərək deyil” deyib dururlar. Biz onlara çox aydın bir həqiqəti başa salmağa çalışırıq ki, bizim ayrıca din adlı fobiyamız yoxdur. Biz niyə deyirik din olmasın, İnam olsun?! – Çünkü din qoymur insan kamilləşsin. Din Allahla insanı ayırır. Biri göylərdə, biri yerin qaranlığında. Allahla insan ayrılır, bəs yaxşı, onda insanın kamilləşməsi nə deməkdir?! – İnsanın kamilləşməsi Allaha qovuşmaqdır. Deyirsən yox, Allah uzaqdadır, göydədir. Atanın tərifinə görə isə Allah insandadır, İnsan içində Mütləq gəzdirir. Öz içində gəzdirdiyi Mütləqlə doğmalaşmalı, ona yetməlidir. Həmin o Mütləq olanla insanın birliyi yarananda dünyanın məzmunu, mənası dəyişəcək. Gediş tamam dəyişəcək. Çünkü insan həqiqətlərə vaqif olacaq, insan sirlərə yetəcək. Buna görə də biz deyirik, sən insanın yolunu kəsirsən. İnsanın yolunu kəsdiyi üçün deyirik ki, zərərlidir, gərəksizdir. Biz istəyirik dünya düzəlsin. Sən insanın yolunu kəsirsən, qoymursan kamilləşsin. Kamilləşəndə dünya düzələcək. Deyirsən, gərək deyil, dünya onsuz da fanidir. Axirət dünyası var, onun üçün də ağıllı davranmaq, çoxlu ibadət eləmək bəs edir. Buna görə biz insanlara aydın həqiqəti deyirik. Sənin içində həqiqət var, Mütləq var. Ona qovuşmasan, onu tanımasan, onu dərk eləməsən əməllərin doğrulmayacaq, ədalətin olmayacaq. Ədalət Mütləqdədir, Mənadadır. Ədalət də, doğruluq da sənin Mütləq Mənandadır. Onu aşkara çıxart. Məsələ budur. Din də bu yolda ona əngəl olur, qoymur. Deyir, insan balacadır, Allah böyükdür, uzaqdır. Ona görə biz də deyirik, din getməlidir. Dünya necə düzələcək, – insan Allahla Bir olanda, Allahla insanın birliyi aşkarlananda , yəni insan öz daxilindəki Mütləqə yetəndə. Onda dünyada yaşamın ölçüsü dəyişəcək. Burda qeyri-adi bir şey yoxdur. Burda böyük bir nəzəriyyə filan açmırıq. İnsan özündə İnsanlıq adlı Məna daşıyır. Onun adı Allahdır, onun adı Mütləqdir. Ona yetməlidir insan. Onun yolunu kəsmə, insanın kamilləşməsi Allahla Bir olmasıdır. İnsan kamilləşməsə dünya düzəlmir. Dünyanın gözəlliyi insanın kamilliyindən keçir. Bizim bütün Ocaq tədbirlərimiz bizə bu həqiqətləri öyrədir, bu həqiqətlərə qovuşdurur, bu həqiqətlərin çeşidlərini, həryönlü sirlərini bizə öyrədir. Biz də Ocağın bizə öyrətdiklərini topluma deyirik.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə “Ailə Günü” sona yetir.
Qar Ayı, 44-cü il.
(Yanvar, 2023.)