Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” törəni

Asif Atanın Mütləqə İnam Ocağı 30 Od Ayı, 45-ci ildə (30 iyul, 2023) “Uluyol-Hünər” Ailəsinin aylıq “Ailə Günü” toplantısını gerçəkləşdirdi. Ailə Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Ay içində olan duyğularımı, düşüncələrimi bölüşmək istəyirəm. Bu ay Atadan oxumuşam, qeydlər edib düşünmüşəm. Ocaqla bağlı işlərim olub, tədbir kitablaşdırmışam. Bu ay iki nəfərlə xalqlaşmışam. Biri iş yerində olub. Gənc adamdır, onunla söhbət etdim. Atanı eşitməyib, tanımırdı. Günsıra bağışladım, ordan söhbət saldım, ideyalarımız haqqında danışdım. Söhbətimiz davam edəcək. Sonra Nərgiz adlı bir xanımla Ocaq haqqında, din haqqında düşüncələrimizi bölüşürük. O da bizim düşüncələrimizi qəbul edir.
İndi isə qonu ilə bağlı yazdıqlarımı oxumaq istəyirəm.
İnsan dünyaya gəlir, toplumda yaşayır. Bəlli yol var; oxumaq, təhsil almaq, sənət yiyəsi olmaq, ailə qurmaq. Bu daim belə olub. Görünən odur, adamın ömrünə hər şey etki göstərir, zor göstərir. Dövlət zor göstərir, din zor göstərir, toplum zor göstərir. Onlar qovduqca adam da qaçır. Bu basqı elə sunulur xalqın sanki qəbul etməkdən başqa çarəsi qalmır. Zor çıxılmazlığı yaranır. Zoru böyüdən zora əyiləndir. Zoru yaşadan, yaradan qorxudur. Dövlət gücü ilə, din cəhənnəmi ilə, Allah cəzası ilə qorxudur. İdealsızlığı dəhşətli olay sayıram. Xalqın üzərində oyun gedir. Özgələşmək üçün hər şey var. Fərdi özgələşdirən, özündən, özümlüyündən ayıran, özünə yadlaşdıran toplum var. Ana dilini ikinci dərəcəli sayır, öz dəyərlərini bilmir, bilmək istəmir, alimi yaltaq, heysiyyətsiz, başda oturandan başlayaraq hər kəs özündən vəzifəcə aşağı olanı aşağılayır, əzir. Güzəran, məişət çətinliyi adamları aqressiv, acıqlı edib. Hər kəs də aqressiyasını özündən aşağıdakına tökür. Adamın nisbiliyi onu  rəqabətə, ləyaqətsizliyə hər cür aşağılığa sövq edir. Adam öz ömrünü yaşamır. Milli-insani idealı, ölçüsü, əqidəsi olmayan heç bir kəs öz ömrünü yaşamır. Adam döyüşmür, tabe olur. Yalanı həqiqət sayır. Adamı özündən başqa hər şey formalaşdırır. Ata deyir, özündən başla, özünü yetir, yarat, özünün bağbanın ol, aqibətini özün yarat, özün yaz. İdealın olsun, əqidən olsun, ölçün olsun. Adamın ömrü işıqlandıqca ətrafı da işıqlanır, qıraqdakı dünya adamı qorxudur, ta ki özü öz içindəki dünyasını yaratmayınca. Adamın Allaha inanmağı Allaha nə verir, mənə nə verə bilər. Mənimlə Allah arasında bağlılıqdan, inamdan dünyaya işıq düşübmü?! Xristianlığın, İslamın döyüşləri, din zoru, basqısı göstərir ki, bu inamdan dünya işıqlanmır. İnam –insanın inandığını ömründə yaratmasıdır, ona qovuşmasıdır. Mən Mütləqə inanıram, Mütləqə yetmək üçün özümlə döyüşürəm, Mütləqə qovuşuram, Mütləqli yaşayıram. Yörəmizə baxsaq, necə Allaha inanıb Allahlı olanlar var. O necə görünür, ədalətlimi yaşayır, yalansızmı yaşayır, mənəvi ölçüyləmi yaşayır?! – Yox, bunları görmək olmur. Atanın  belə bir düşüncəsi var:
“Mənəvi Azadlıq ölçüsü – İşıqçılıq
İctimai azadlıq ölçüsü – Təbəqəsizlik
Siyasi Azadlıq ölçüsü – Qəyyumsuzluq”…
Həyatı dərk edirsən, bütün ziddiyyətləri, münaqişələri, basqıları görürsən, kədərlənirsən. Amalı, Mütləqi düşünürəm, nikbinləşirəm. Yaşamaq, yaratmaq həvəsi, eşqi, yanğısı gəlir. Anlayıram ki, Mütləqə qovuşmaq özündən yüksəyə qalxmaqdır, həyatdan yüksəyə qalxmaqdır. Bu qonu ilə bağlıdır. Düşündüklərim bu qədər.
Atamız Var olsun!

İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Amallaşma, Kamilləşmə, Xalqlaşma işi bizim demək olar ki, həmişə diqqətimizdə olan işdir. Ancaq mən Amallaşma ilə çox uğraşıram. Bəzi yazılar yazmaq cəhdim olub. Qardaşımızla bu istiqamətdə gözəl, mənalı, ürəkaçan, demək olar ki, dünyada bəlkə də tək-tək rast gəlinən bir hal yaşadıq. Gözəl qonumuz oldu, düşüncə bölüşdük. Kamilləşmə məsələsi, özüylədöyüş mənim ən ağrılı yerlərimdən biridir. Bu sözü bir neçə dəfə mərasimlərimizdə təkrar demişəm. Duyğudan çox məntiqə, idraka, ağıla üstünlük verirəm, –  Özüylədöyüş üçün bir meyar, bir yol özümçün seçə bilim. Dünən dəftərimə bir düşüncəmi yazdım. Mənim özümdən qıraqda heç kəsi qınamağa haqqım yoxdur. O mənada ki, özümdə hələ bu yaşımda səhvlər, günahlar yaşayırsa, bu səhvlərin, günahların düzəlişi özümdən asılıdırsa, bu yaşa qədər bunları mən aradan qaldıra bilməmişəmsə qırağı günahlandırmağa mənim haqqım yoxdur. Ancaq bu xalq mənim xalqımdır, bu millət mənim millətimdir, bu vətən mənim vətənimdir. Onun hər ağrısı, acısı mənim ürəyimi ağrıdır. Bu hala da biganə qala bilmirəm. Dünən qardaşımla bu barədə geniş söhbətimiz oldu. Mən bu dünyabaxışımız haqqında düşünürəm, qabaqlar da belə ideyalar olanda bunu nizamlayıblar ki, boş xəyal dünyası olmasın. Bir halda ki, Mütləq mənim içimdədir, mən öz içimi çək-çevirə salmaqla Mütləqi öz içimdə tapmalıyam. Bu iç nə deməkdir?! – Bu mənim özümdən qıraqdakı dünyaya münasibətimdə üzə çıxır. İnsanlara, təbiətə, gələcəyə, vətənimizə münasibətimdə üzə çıxır. Bunlar hamısı gerçək olaylarda üzə çıxır. Mən Soylu ilə danışanda həmişə elə ruhlanıram, onun məntiqi o qədər güclü olur, dediyi mənə çatır. Ancaq bir az qırağa gedəndə deyirəm yox, mən öz iç dünyamda, həyatımda Mütləqi çıxarmalıyam üzə. Həyat nədir, bu olayların içində bəlli bir an, bəlli bir məqam baş verir ki, insan o duyğunun, düşüncənin ali səviyyəsinə qalxır. İnsan öz həyatında bu halları, bu məqamları artırmalıdır. Rastlaşdığı olaylarda elə münasibət göstərməlidir ki, o münasibətlərdən Məna çıxsın. Dünən qardaşım mənə çox haqlı irad tutdu ki, mən həyat hadisələri ilə çox yüklənmişəm. Lap açığı deyim, kiçik bir işdə balaca rüşvət verərək öz həyati məsələmi həll etməyi bacararamsa, onu özümə sığışdırmamışam. Pulum olanda rüşvəti vermək məna ağır gəlib. Kimdir mənim qarşımda oturan məmur. Elə inanmışdım hansısa mübarizə üsulu ilə mən hardasa nəyisə çözə bilərəm. Ancaq gördüm ki, onsuz da o rüşvətin neçə qatı məndən çıxıb illərlə də vaxt alacaq. Bu mənim vaxtımı, zehnimi, düşüncəmi əlimdən alıb bəlli mənada. Öncələr, Ocağın ilk illərində biz çox göylə gedirdik, həyat məsələlərində özümüz özümüzə təlqin edirdik halları. Görünür ki, o halla bağlı bəzi məqamları mən əldən buraxmışam.
Xalqlaşma işim ara-sıra olub. Bir cavan oğlanla iki dəfə bir araya gəlmişik  gözəl söhbətlərimiz alınıb. Bir nəfər də vardı, ona kitab da vermişdim. Bir-iki gün öncə anladım ki, mənimlə görüşdən qaçır. Ona ümidim vardı, ilk baxışdan məni yaxşı etkiləmişdi. Ancaq görünür belə deyilmiş. Bu hallar da  gözlənilən bir şeydir. Ancaq adama ağır gəlir, təhsilli, düşünən insanın belə etməyi… Mənim sözüm bu qədər.
Atamız Var olsun.

Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Amallaşma yönündə “Qutsal Quruculuq” bitiyindən “Yol” əsərini oxumuşam, təkrarlamışam. Əsərin özündən öncə “Ön söz” kimi Ocaq Yükümlüsünün yazdığı çox yaxşı kökləyir insanı. Onu oxuyanda güc alıram, tam köklənirəm əsəri başlamağa. O hala girirəm. “Yol” kitabı Ocağa, Ataya, insana, fəsəfəyə, sənətə yönəlik Atanın görümüdür. İndi əsas məqsəd Atanın yaratdığı Yol – Mütləqə İnam əsasında, Mütləqə İnam Bayrağı altında xalqı həmin hala çağırmaq, yönləndirmək gərəkdir. Birinci öz ömründə, sonra xalqla təmasda.
Kamilləşmə ilə bağlı. Həmişə özümə sual verirəm, bəzən mənə qarşı iradlar da olur, Nurtəkinin də iradı olur, haqlı iradlar olur.  Hələ tam mənası ilə mənə çatmayan iradları da yenə də saxlayıram ki, bəzi məsələləri mənə çatan şəkildə çözərəm. Ancaq qardaş-bacı iradını qəbul edirəm, həzm də eləyirəm. Mənə ləzzət verir o hal, çünkü aramızda qapalı nəsə yoxdu.
Xalqlaşma məsələsi qonusunda həmişə daha ürəklə, daha cəsarətlə danışıram. Çünkü o auditoriyanı yarada bildim. Həmişə arzu edirdim ki, tanışlarım olsun, onlarla ünsiyyətim davam eləsin. Çünkü birdən-birə bu boyda həqiqəti vermək də olmur. İndi belə bir fürsət yaranıb. Hal-hal, addım-addım,  məqamı gəldikcə söhbət edirəm. 15 nəfərdən çoxdur. Qaxdan, Şəkidən, Cəlilabaddan, Borçalıdan, Şamaxıdan olanlar var. Hərəsi bir bölgəyə gedir, yayılır deyilənlər. Öncə amalımızı bir düşüncə şəklində deyirdim. Sonra Atanın adını çəkdim, kimdir, nə üçün bu düşüncəyə  gəlib, hansı təhsil yolu, hansı ömür yolu keçib. Bu sualarla başladıq, sonra yeni suallar yarandı. Suallardan sonra əsil məcrasına düşdü söhbətimiz. İndi vaxtaşırı görüşürük. Bir gün getməyəndə darıxırlar. Ocaq bizə çox şey öyrədib, hardan sual verirlərsə cavab verə bilirik. Doğrudan da, toplum heç nə bilmir. Mən özüm Ocaqda özümü ən az bilən sayıram. Ancaq toplum elə gündədir gözünü yumub birbaşa qəbul edir deyilənləri. Ancaq dəyişmək gərəkdir. Elə ki, iki gün getmirsən görürsən elə həminki xoşagəlməz münasibət var, yersiz zarafat, lağlağı var. Bir-birlərinə elə zarafat edirlər adamın tükü ürpənir, qulaqlarını yumub qaçmaq istəyir ordan. Mən gedəndə sağ olsun yığışdırırlar belə şeyləri. İşlədiyim yerdə də bir neçə nəfər var, orda da söhbət edirəm. Getdiyim yerdə, qonaq olduğum yerlərdə hər hansı bir məsələyə münasibət bildirirəm, söhbət edirəm. Bəziləri var, görürəm rusca danışır, bununla da fəxr edir. Ona başa salıram ki, sən övladına öz dilini yadlaşdırırsan. Qoy təhsil alsın, hansısa dil bilsin, danışsın, bu yaxşıdır. Ancaq sən bütün ünsiyyətini övladınla yad dildə yaradırsansa sən özgəlik yaradırsan. Bundan yaxşı bir münasibət, söhbət yaranır, Ocağın dediklərini çatdırıram.
Qonuya münasibətimi deyim. Bütün toplum maddiyyat uğrunda yarışdadı. Bilirik maddiyyat nə qədər gərəklidir, bunu heç kim inkar eləmir. Ancaq maddiyyatçılığın özü var, bütün ömür boyu daha çox, lap çox yığmağa  çalışanda orda artıq insanlıq  dayanır. Orda heyvanlıq irəli keçir. Qamarlamaq, daha çox yığmaq. Tələbatın qədər yığ,  kim deyir yemə, içmə. Birinin neçə yerdə evi olur. Bu millətin yağının qarşısına çıxan oğulları da bu gün bir tikə çörəyə möhtacdır. Balasına bir tikə çörək verə bilmir, əsəbdən, qəzəbdən özünü yandırır. Belə bir ortamda insanın ruhani, gözəl, pak duyğuları qanad çalarmı?! – Çalmaz. Ona görə ortam, toplum bu səviyyədə daha çox heyvanlığı özündə biruzə verir. Ona görə insanın özünə inamsızlıq məsələsi meydana gəlir.
Söhbətlər edirsən, düşüncələrini deyirsən. Dünən söhbətdə mənə deyirlər sənin  dediyin bu yaxın zamanda baş tutan sevda deyil. Tarixdən deyirəm, İsanın dedikləri özündən nə qədər sonra yayıldı. Zərdüşt özü birbaşa gəlmədi ki. Özü də heç Zərdüşt haqqında bilgiləri yoxdur, Babəki tanımırlar, Qorquddan xəbərləri yoxdur. Elə-belə adlarını eşidiblər. Əksəriyyəti də təhsillidi. İçlərində təhsilsiz mənəm. Deyir yüz il sonradan sənə nə var. Əqidə nə olduğunu, böyüklüyün nə olduğunu, insanı insan edən halları toplum qiymətləndirə bilmir. Toplum bugünün mövqeyindən çıxış edir. Yüz il bundan sonra da olsa, axı kimsə bunu başlamalıdı. Hələ mən başlamışamsa özümü xoşbəxt sayıram. Yəni başlayanın arxasınca gedənlərdən biri də mənəm. İnsanın sevdikləri var, tarixdə ideal sayırsan, hansısa qəhrəmanı, ya filosofu, peyğəmbəri, ya ayrı-ayrı şəxsiyyətləri. Onların çəkdiyi əzablar var. Bunu bilir insanlar. Ancaq heç vaxt bu əzabları çəkmək istəmirlər. Ömrüm sevdiklərimin ömrünə bənzəyir deyirdi Ata. O sözü işlədirəm, üzlərdə heyrət görürəm. Əqidə adamı bu gün çəkdiyi əziyyətin barını, bəhrəsini dərməlidir. Ancaq heç bir dahilik öz dövründə qiymətləndirilmir. Hansı böyük düşüncəlinin, hansı filosofun, hansı peyğəmbərin öz sağlığında dediyi olub?!
Atamız Var olsun.

Ömürtay Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.): Ümumiyyətlə, ruhanilik, ruhani yaşamaq haqqında düşünürəm. İşdə Atanın kitablarını oxuyuram. Dünyaya Atanın dedikləri ilə baxmaq istəyirəm. Gəlirlər, baxırlar, deyirlər bu neçənci əsrin kitabıdı. Bəziləri deyir oxuduğun sənə pul gətirirmi. Söhbət edirəm işdə insanlarla. Baxıram maddi gəlir gətirməyən heç bir söhbətə vaxt sərf eləmək istəmirlər, qulaq asmırlar. Söhbətə başlayan kimi bəhanə edirlər getməliyəm, iş gecikir. Ayrı vaxt bütün günü otururlar. Düzdü, maddi çətinlik var. İnsanlarda bu gedişatı düzəltmək üçün davamlı şikayət var, ancaq nəsə bir iş  görmək məsələsinə gələndə hamı özünü qırağa çəkir. Gözləyirlər ki, kimsə bunlardan ötrü qıraqdan bir iş görsün, hər şeyi hazır edib əlimizə versin, biz də bundan faydalanaq. Heç kim öz əlini daşın altına qoymaq istəmir. Şirkətə qarşı, işə qarşı bir kin var. Düşünürlər dolanışıq azdır, bunun günahını şirkətdə, istismarda görürlər. İşə qarşı insanlarda kin, qəzəb yaranıb. İstəyirlər vursunlar, dağıtsınlar, səhlənkarlıq edirlər. Yenə də mühiti özlərinin  korladıqlarını çoxları başa düşmür. Düşünür ki, qıraqda düzələnlər olsa mən də düzələrəm. Baxırsan əslində bütün bu yaranan vəziyyət öz-özünə yaranmır, bunu yaradan insanlar özləridir. Burda yenə Asif Atanın düşüncəsinə gəlirik, insan öz daxilini, mənəvi aləmini düzəldəndən sonra bu onun ətrafında da, işində də, hər bir şeydə daxili aləm təzahür edəsidir. Ancaq çox adam bunu başa düşmür, hər şeyi qıraqdan gözləyir, özündə günah görmür. Həqiqətən də bu gün gedişata baxanda Atanın  düşüncəsinin  nə qədər doğru olduğunu görürük. İnsanlar bəlli səviyyəyə çatır, maddiyyat da əldə edir, görürsən ki, yenə dayanmaq istəmir. Daha çoxuna, daha çoxuna getmək istəyir. Bu da onları qəzəbli,  kinli, saldırğan edir. Yəni demək istədiyim odur, bu dəqiqə ruhaniyyatla bağlı, ruhani yaşamaqla bağlı insanların fikri yoxdur. Olanlar var, çox azdır təəssüf ki. İnsanlarla oturub söhbət edirsən, dünya nədir, nə deyil. Görürsən  hərəsinin bir düşüncəsi var, biri din nöqteyi-nəzərdən izah edir, biri başqa. Söz danışırsan sənə qulaq asmış kimi görünür. Ancaq əslində qulaq asmır, sənə verəcəyi cavabı düşünür öz düşüncəsinə, öz aləminə görə. Ona görə biz bir-birimizi dinləyə bilmirik. Dinləmə əsnasında dinləməkdən çox ona verəcəyimiz cavabı düşünürük. Heç kim öz düşüncəsindən qırağa çıxmaq istəmir, heç kim həqiqətləri görmək istəmir. Çox az adam görmək istəyir. Deyəcəyim bu qədər. Atamız Var olsun.

Bilən Atalı (Ataya səcdə edib, Bayrağı öpür – G.A.):Son vaxtlar Soylu Atalının “Söz İşığı” kitabını oxumağa başlamışam. İş yerimdə, demək olar, hər gün insanlarla söhbət edirəm. İnamlı bəy də, Günev bəy də deyir, ali təhsilli adamlar başa düşmürlər. Yaxın vaxtlarda deputat Vahid Əhmədov az da olsa xalqın xeyrinə nəsə danışmışdı. Yardımlıdan olan tarix elmlər doktoru ona deyir ki, Vahid müəllim sizin nəyiniz çatışmır. Burdan belə nəticə çıxır, diplom, ali təhsil məsələsi insani məsələləri həll etmir.
İnsanların əqidədən dönməsi məsələsi var, əqidəni dəyişməsi var. Bunları da düşünürəm. Ancaq mən özümçün bəlli bir xətt bəlirləmişəm. Elə şeylər var, onları qəbul eləməyəcəm. Mümkün deyil. Elə şeylər var, onlardan keçmək olmur. Bir adam səhv edirsə bağışlaya bilmirəm. Bir şeyi söz vermişəmsə, onu çalışıb edirəm. İnsanların çoxu yalandan tanınır, danışır, üzə gələndə gizlənirlər. Ona görə mən çəkilmişəm qırağa. Ocaqda da hər şey aydınlaşır. Artıq qıraqda kiməsə inanmıram, özüm düşünməyə, araşdırmağa çalışıram. Mübarizəmi bu yöndə aparmağa çalışıram. Asif Atanın yaratdığı bu dünyabaxışın üstünlüyü ondan ibrətdir ki, insan özüylə döyüşür. İnsan özüylə döyüşməsə satılar da, əyilər də. Çünkü ölkədə insana aid bir şey yox dərəcəsindədir. Bunu oxuduğum yerdə də, məktəbdə də, işləyəndə də görməmişəm. Kimsə nəyisə deyirsə belə olmalıdır, belə getməlidir prinsipi var. Ona görə düşünürəm çıxış yolu Mütləqə İnam dünyabaxışıdır. Asif Atanın dediyi, yaratdığı dünyabaxışıdır. Həm ölkə üçün, həm dünya üçün bundan başqa çıxış yolu yoxdur.
Atamız Var olsun.

Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür): Amallaşma yönündə Emili Brontenin “Uğultulu təpələr” əsərini oxuyuram. Kitabda toplumdan tamamilə uzaq şəraitsiz təpələrdə yaşayan bir ailə və burada baş verən ailəiçi münasibətlərdən söhbət gedir. Eyni zamanda rahat yaşamın, hüzurun bu cür yerlərdə olmasını düşünən, bu təpələrdə məskunlaşmağı qərara alan bir şəxsdən söhbət gedir. Ona görə kitab üzərində ilk düşüncələrim bundan ibarət oldu, insan özünü cəmiyyətdən ayrılmaqlamı qorumalıdır? Özünü necə yaratmalıdır? Özünü yaratmaq cəmiyyətdən tamamilə uzaqlaşdıqda mümkün olurmu? Cəmiyyətdən uzaqlaşma özünü yaratmada nə kimi rol oynayır? Mühit, ortam özü bu kimi məsələlərdə nə kimi rol oynayır? Kitabı oxuduqca ilk baxışdan gizəmli görünən bu insanların yaşam tərzinə, şəraitinə diqqət etdim. Gördüm ki, sosial ilişkilərdən nə qədər uzaq yaşasalar da, bu az sayda insanların da arasında eynən cəmiyyətin arasında yaşayan insanlarda olan sorunlar davam edir. Ailə içində də yenə eyni sorunlar.  Oxuduqca daha da aydınlaşır ki, zamandan, yaşadığı ortamdan asılı olmayaraq, həyatı durmadan, inadla çətinləşdirən insanın içində daşıdığı o mənfi duyğulardır. Bu insanların da həyatı eynən o birilərində olduğu kimi içlərində olan mənfi duyğularla məhv olur. Bir-birinin qəzəbinə, qərəzinə qurban gedir ömürləri. Deməli, insan özü cəmiyyətdən uzaqlaşsa da, tamam başqa şəraitdə yaşasa belə o, cəmiyyətin bütün qüsurlarını öz içində daşıyır. İnsanlararası münasibət, özünü yaratmaq, insanlararası münasibətdə müsbət nələrəsə varmaq cəmiyyətdən uzaqlaşmaqla olmur. Bu sırf insanın daxili duyğularına, özünü dəyişdirməsinə bağlı olan məsələdir. Bir də mən mühitdən, ortamdan danışdım. Kitabı oxuduqca dediyim məsələlər yadıma Atanın insanla bağlı tərifini salır.
Əsəri oxuduqca əsərin daha bir qəhrəmanını izləyirəm. Uşaqlıqdan hər kəs tərəfindən dışlanan, özünə inamsızlaşdırılan, çox kiçik yaşlardan insana nifrəti yaranan, insanlığa inamı itən birindən söhbət gedir. Bu onun içində uşaq yaşlardan getdikcə artan mənfi duyğulara yol açır. Yaş olaraq böyüdükcə bu daha ağır aşamalara keçir. Daha iyrənc planlarla özünü göstərir. Böyüdüyü günlərdən başlayaraq bir qıza sevgisi olur, o sevginin sayəsində tamamilə mənfi duyğuların etkisi altına da düşmür. Sevgisi hardasa onu bir az çəkindirir… Hələ oxumağa davam edirəm. Bəzən sualların cavabını özümə tam izah edə bilmədiyim üçün burda da deyə bilmirəm. Oxuduğum kitablarda əsərin qəhrəmanlarının həyatını, duyğularını təhlildən irəli gələn suallarım olur. Yazıçı həyatın çətinlikləri qarşısında zərbə alan insanları həyata bağlaya biləcəkmi, onu yaxşılaşdıra biləcəkmi? Qəhrəmanını bütün zorluqların qarşısında yenilən deyil, insan olaraq yetişdirməyi bacaracaqmı, yarada biləcəkmi? Oxuduğum ədəbiyyatlarda görürəm ki, daha çox insanı mühitin, şəraitin yetişdirdiyi kimi qəbul elətdirməyə çalışırlar. Həyatı da elə o cür olduğu kimi qəbul elətdirməyə çalışırlar. Bunun əsasında dünyanı da necə var elə qəbul elətdirməyə çalışırlar. Bu məsələni düşünəndə suallar yaranır. İnamın insan həyatında rolu nədir, İnamda dünyaya, həyata, insana yanaşma necə olmalıdır, bu yanaşma insanı hara çağırır kimi suallar məni yenidən düşündürür. Atanı daha dərindən düşünməyə çağırır…
Kamilləşmə barədə. Ayrı-ayrı sualların təhlili məni daha ciddi suallarla üz-üzə qoyur. Bəzən gerçəkdən elə olur sanki bir xaosun içərisinə düşürəm. Düşünürəm ki, necə də qarışıq suallardır. Nədir bu həyat mənim üçün, mən nə üçün çalışıram və nə qədər çalışıram. İnam məni yetişdirir, böyüdür, dəyişir. Təbii ki, ona bağlandığım dərəcədə məni böyüdür. Bu mənim insanlara münasibətimdə də özünü göstərməlidir. Mənim ən çox sorğuladığım budur ki, bu durumumu qoruyub saxlaya bilirəmmi? Əgər bilmirəmsə, burada mənə əngəl olan şöhrət məsələsi, məncillik məsələləri önə keçir. Mən bu durumda özümü təsdiq eləməyə çalışıram. Mütləq cəsarətləmi çalışıram, mütləq əzmləmi çalışıram? Bu cür suallar üzərində də düşünürəm və hər dəfə fərqli suallar yarandıqca onları qeyd eləyib cavab verməyə çalışıram. Bəzən də sualların, qarışıqlığın yaratdığı nələrisə qeyd edirəm, mənə elə gəlir ki, mənim qeyd elədiklərim axtarışlardır yazıya köçürmüşəm. Ancaq bir müddətdən sonra mən sakit halda onu oxuyanda görürəm burda mənim həm axtarışlarım, çabalarım yer alır, həm də ki nəsə bir ümid görünür. Sanki mən nəyin necə olacağını hal-hazırda eləyə bilməsəm də, nəyi necə eləmək lazım olduğunu bilirəm. Bu məni inamın insana yetirdikləri ilə bağlı bir daha düşündürür.
Düşündüklərim bu qədər.
Atamız Var olsun.

Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür): 30 Od Ayı, 45-ci il Günsıramızda “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”ndə söz demək üçün Ataya səcdə edib Bayrağımızı öpürəm. Bu qaranlıq dediyiniz dünyada yayın yarıqızmar, yarıtozlu bir günündəbir araya gəlmişik. Bir araya niyə gəlmişik, əslində bizi bura söz gətirib. Biz söz eşitməyə, söz deməyə gəlmişik. Dediyimiz sözün gücünü bəlirləməyə gəlmişik. Eləcə də eşitdiyimiz sözün ömrümüzdə yarada biləcək etkilərini bəlirləməyə gəlmişik. Söz insanlarıyıq, sözün başına toplaşmışıq. Söz çox böyük nemətdir, həm də çox böyük qüdrətdir. Ancaq kimin dilində?!Həyat qaranlıqdır. İnamlı da, Bilən də, Ömürtay da deyir, heç kim filan şey olmaq istəmir. Heç kim ruhaniyyatçı olmur, özünü görmür, doymur maddiyyatçılıqdan. Bunlar doğrudur. Olmaması üçün nə gərək. Günəş yerə işıq saçır. Sizcə günəş heç düşünürmü ki, yerdə kim onun istisindən bəhrələnəcək, ya bəhrələnməyəcək. Ya da yerdəkilər, Günəş işığını saçarkən, gözləyirmi ki, Günəş işıq saçaydı, biz  ondan bəhrələnəydik. Düşünmür, təbii bir proses gedir. Günəş öz işığını saçır, bizim planetdə oluşum baş verir. Yaranış baş verir, dəyişiklik baş verir. Bir an  Günəş olmasa planet sönər. Yəni planet olmaz, yaşamaz. İndi biz deyirik həyat qaranlıqdı, neyləyək, işıq olmayaqmı, işıq olmaqdan bezəkmi?! Qaranlıq qaranlıqdır, sən də işıq ol. Öz işıqlığında davam elə. Sən öz işığını sal. Biz necə işıq salırıq məsələsi var.  Mən bir az obrazlı dillə danışıram, düşüncələrim çatsın deyə. Baxın, biri var batereyanın işığı, biri var Günəşin işığı. Batereyanın işığı da işıqdır, ancaq batareyanın işığı bir ya beş nəfərin yoluna  işıq salar. Ancaq Günəş bütün bəşəriyyətin. Biz batareya olmalı deyilik, biz Günəş olmalıyıq. Biz Günəş kimi olandan sonra bizim sorunumuz qalmır. Bizim,“insanlar niyə belədir, niyə olmur, niyə olmaq istəmir” deyə sorunumuz qalmır.
Sonra, qardaşımıza deyirlər,“sənə nə yüz il sonradan”. Onu deyənin o sorunuvar, qardaşımızın o sorunu yoxdur ki, “yüz il sonradan mənə nə” desin. Ona görə Günəş-işıq məsəlini çəkirəm. Günəşə deyə bilməzsən, yüz il bundan sonradan sənə nə. Günəş yüz il bundan sonra da öz işığını salacaq. Axı kamil insan da yüz il bundan sonra işığını salır. Kamil insanın işığı sönmür, kamillik sönmür, başa çatmır. Buna görə Ocağın həqiqəti bizdən nə tələb edirsə, ona daha ayıq baxmalıyıq. Mən istəyirəm söhbətimi burda gedən söhbətlərin üzərində quram, öz artırmalarımı da edəm.
Amallaşma. Asif Atanı öyrənmək. Asif Atanı öyrənmək mənim dəfələrlə yazdığım, dediyim bir şeydir. Asif Atanı özündən də öyrənə bilərsən, dünyadan da. Yəni başqa dühalardan da öyrənə bilərsən. Necə öyrənə bilərsən?! Yazıçı var, şair var, tarixçi var, ruhaniyyatçı var,  filosof var, daha kimlər var, bunların hər biri axtarışdadır. Söhbət böyük yaradıcılıqdan gedir. Bunların hər biri özünün ideala baxışını ortaya qoyur, özünün estetikasını yaradır. Hər birinin fərdi estetikasında genel, bəşərə özgün olan mənzərələr var. Biz hər bir yaradıcının bireysəl (fərdi) estetikasına giririk, bəşəriyyətdə bunun etkisini axtarırıq, əksini axtarırıq. Görək biz bunun estetikasında şərə xas, xeyirə xas nə tapacağıq. Biz şərə xas şeyləri mücərrəd havada axtara bilmirik, insanlarda axtarırıq, insanların yaradıcılığında, münasibətlərində axtarırıq. Bu  zaman biz bəşərə xas olan hansı keyfiyyətləri yaradıcının düşüncəsində, fərdi estetikasında, ideala baxışında görə bilirik. Onu necə aydınlaşdırır, deyir?! Biz onu ağlımızda Asif Ata ilə tutuşdururuq. Bu nə qədər deyir, nə deyir, Asif Ata nə deyir, hara qədər deyir. Bu bizi hara çağırır, Asif Ata hara çağırır?! Belə bir tutuşdurmalar gedir ağlımızda.  Burada biz, çox vaxt Asif Atanın işinə kömək görürük. O kömək bizim ağlımızda, mənliyimizdə formalaşır. Dünyanı oxuyuruq,  o yaradıcılardan bəhrələndiyimiz, götürdüyümüz bir şeylər bizə yön verir ki, biz də Asif Atanın işini qabağa aparaq. Ona görə Asif Atanı başqalarından da öyrənmək olar, özündən də. Bu baxımdan,  Amallaşma işində böyük ədəbiyyatları oxumaqda, araşdırmaqda, düşünməkdə bir yanlışlıq yoxdur. Daim Atanı oxuyarsan, onun öz çapında, ölçüsündə çox şeylər də əldə eləyərsən. Ancaq yaşamın çox fərqli nişanələri var, yaşamın əyrisi, doğrusu, enişi, yoxuşu var. Bütün o çalarlarda, o mənzərələrin hamısında biz həyatın gedişlərini izləyirik. Bizə Asif Atanın öyrətdiyi həyatın mənasından baxırıq. Onda biz mənanın özünü daha yaxşı aydınlaşdıra, daha yaxşı görə bilirik. Bütün hallarda yalnız mənanı oxuya bilməzsən. Mənanın özünü oxumaqla bəzən Mənanın əksini, əks sədasını, təzahürünü oxuyursan, görürsən. Bu, çox gözəl, sistemli yanaşma olur.
Vurğulanan məsələlər var, gəldilər türkləri darmadağın elədilər, nə bilim nə. Türklər daha geniş arealda yerləşmişdilər, məskunlaşmışdılar, güclərini birləşdirmədilər. Çünkü islam bir ideologiya olaraq, onu əlində bayraq edənlərin basqın elədiyi yerlərə güclə gedirdi.  Onların aydın hədəfi, məqsədi var idi. İdeologiya odur, aydın hədəfi, məqsədi var. O, aydın hədəfinə, məqsədinə doğru yürüyür. Basqıya uğrayanların aydın hədəfi yox idi, ideologiyası yox idi, dirəniş gücü yox idi. Bir topludur, kütlə birliyidir. İdeologiya birliyi deyil, güc, qüdrət birliyi deyil. Ona görə Ata deyir, İnsanlaşın, insanlaşdırın. İnsanlaşan həm də özünün mənsub olduğu bir toplumun özünüqoruma sistemini yaradır, özünüqoruma sistemini qoruyur. Onlara kim hardan, necə basqın eliyə bilirsə bilsin, dirənə bilirlər. Misal çəkmişik, Gəncə xanının Rusiya xanına qarşı döyüşünü. Başqa xanlıqlar boyun əydi, təslim oldu, Rusiyanın vassalına çevrildi. Ancaq Gəncə xanlığı çevrilmədi. Niyə, Gəncə xanının içində həmin özünü qoruma sisteminin  həqiqəti var idi. O bilirdi Rusiyanın qarşısında tab gətirmək mümkün deyil. Ancaq dirəniş göstərdi, yox olmasına dirəniş göstərdi. Özünüqoruma sistemi odur. O insanı buna nə vadar eləmişdi?! – Hədəfi var idi. Vətən üçün, millət üçün oluşan bir hədəfi var idi. Ölümünə qədər dirəndi. Onunçün güc qıraqda deyildi, öz içində idi. Onun ideologiyası, əyri ya doğru olmasından asılı olmayaraq, güc yarada bilir. Çünkü hədəf yaradır. İndi bununla bağlı başqa bir misal demək istəyirəm. Mən son vaxtlar borçalılılarla oturub söhbətlər elədim. Təkcə borçalılılarla yox, Borçalı qonusuna bağlı olan adamlarla da. Bunların halında, içində, istəyində nə gördüm?! – Yerə-göyə sığmayan bir inamsızlıq, yerə-göyə sığmayan bir qorxu, cəsarətsizlik. Borçalıda partiya sədri var, ona deyirəm, mən çağırıram, mübarizəyə inandırıram. Çünkü mən mübariz adamam, addımı dala qoyan deyiləm. İşin sonucundan asılı olmayaraq, mən meydanı boş buraxan, meydandan qaçan adam deyiləm. Ancaq bunlar niyə gəlmir?! – Əgər ortaya əlli min dollar qoyub desən hesab var, çoxları qaçıb gələr. O partiya sədrinə deyirəm, sən bizi,- Borçalı soyluları orada siyasi baxımdan təmsil eləməlisən. Təmsil eləmək keyfiyyətinə yüksəlməlisən. Nələrin var yaxşıdır, nələrin çatmır yaratmalısan. Bu adamı qəbul eləməyən adamlar da var, biri deyir, kobudluğu var, biri deyir, özündən razılığı var, biri deyir, çox danışır. Deyirəm, bunların hamısı bəhanədir, sadəcə sizin hədəfiniz yoxdur. Sizin hədəfiniz olsa bunları deməzdiniz. Bayaq dedim, islam bir ideologiyadır, ideologiya kimi saldıranlarda güc yaradırdı. Mən Fazil Əliyevi ideal saymıram. Nəinki onu, heç birini ideal saymıram. Ancaq o bu gün bu meydanda var, mübarizə aparır, söz deyir. Biz də onun addımına dəstək vermək yerinə, birimiz deyirik qaşı əyridir, birimiz deyirik qolu, ayağı əyridir… Sizin hədəfiniz yoxdur, hədəfi olan elə deməz. Lider istəyirsən, bunun ayağından dartma. Eybi yox, qoy bir az kobud olsun. Elə kobud olan həm də cəsarətli olur. İdeal axtarırsınız, idealı özünüzdə yaradın, çıxın meydana, başqasına qulp bağlamayın.
İndi bu söhbətdən sonra yenidən qayıdıram Ocaq qonusuna. Biz millət olmaq istəyirik. Yaxşı eləyirik. Millət olmaq üçün hansı addımları atırıq, nə yaradırıq, nəyə qulluq edirik?! – Birinci, toplumu başdan ayağa yıxıb sürüyürük. İkinci, özümüz yeri-göyü titrədə bilmirik. Ancaq millət olmaq istəyirik, necə olaq?! Bax bu sualın cavabını axtarmalıyıq. “Niyə” sualları veririk, bu millət niyə toparlanmır, niyə əmələ gəlmir, niyə bunu eləmir. Suallar yetərincədir, aşıb daşır. Məni qayğılandıran, rahatsız edən də odur ki, biz bu niyə suallarının cavabını toplumun özündə axtarmayaq, özümüzdə axtaraq. Mənim Soylu olaraq, Ocaqçılığım çox qabağa gedib. Ancaq bir neçə faiz qalır, mən istədiyim bütövlüyə yetəm. Bununla belə, bu  bir neçə faiz, bəlkə də yüzilə bərabərdir. Bunu elə-belə obraz xətrinə demirəm. Mən yazmışam, Tolstoyla Asif Atanın arasında bir addım yol var, bu bir addım min ilə bərabərdir. Atanın özünün sufilərlə hürufilərə yönəlik dediyi sözdür bu. Mən dediyimi izah edirəm, min ilə bərabər nə deməkdir. Nəyə görə min ilə bərabərdir?! Bunun çox sadə bir ifadəsi var. Tolstoy zəngindir, idrak adamıdır, duyğu selidir. Mən Tolstoyu oxuyanda düşünürəm, görəsən onda bu boyda duyğu hardandır?! Yerin-göyün bütün çalarları duyğu şəklində axıb dolub bunun içinə. Bəs o məsafə nədir?! O məsafə odur ki, Tolstoy özündən min il öncə yaranan xristiyanlığa tapınır, ancaq Asif Ata özünün dünyabaxışını ortaya qoyur. Onlar arasında min il məsafə odur. Bax,“mənim bütövlüyümə bir neçə faiz qalır”məsələsinə bu açıdan baxmaq olar. Çünkü umduğum olandan sonra mənim üçün yer-göy titrəyər. Bütün dünyanın gözü, qulağı məndə olar. Deməli, deyilsə, ya da tam deyilsə, mən özümün yetmədiyimdə görürəm onun səbəbini. Mən onu demək istəyirəm, bizim qınağımızın əsas hədəfi kimdir, – özümüz. Sözümün başına bir də qayıdıram, deyəsən Taqor deyib, “Yalançının dilində həqiqət inandıra bilməz”. İndi bunu bir az tutuşduraq. Bizim hər birimiz hal adamlarıyıq, doğruçu adamlarıq. Ancaq yeri göyü titrətmə varmı, mənim qəlbimi də inandıra bilirmi. İnandıra bilmir. İnandıra bilmirsə suç məndədir. Toplum niyə yüksək deyil, çünkü görmür, bilmir, anlamır. Mən görürəm, mən bilirəm, mən anlayıram. Anlayanda, görəndə, biləndədi suç. Görməyənə göstərmək gərəkdir. Yüz il, min il oda işığa çevrilməklə, od-alov olmaqla. Yalnız od-alov yandırır, işıqlandırır. Mən bununla Ocağı günahlandırmaq düşüncəsində deyiləm. Sadəcə olaraq, o suallara cavab verməyə çalışıram, toplum niyə qalxmır, niyə olmur. Bayaq Günevin dediyi məsələ. Günev yüz il sonraya hesablayır işini, o isə deyir, yüz il sonradan sənə nə. Yüz il bundan sonra mənə“nə çatacaq, çatmayacaq” deyə bir şey gözləmirəm. Mən hansısa ödül gözləmirəm. Mənim bugün yaşadığım yüz ildən sonra sənin, o birinin ömründə olacaq. Mən yüz il səndən qabaq çatmışam ona, sən məndən yüzil sonra çatacaqsan. Biz də istəyirik, yüz il sonra sən də çatasan, sənin balan, sənin nəvən çatsın. Bu gələnəyə çevrilir. Ruhaniyyat odur. Ruhaniyyat gələnəyə çevrilmə deməkdir. İnsanlığın, insani prinsiplərin yaşam gələnəyinə çevrilməsidir. Ruhaniyyat ayrı şey deyil. Buna görə mərasimdə filan dedyimiz söz, etdiyimiz çıxış hər zaman bizi düşündürməlidir. Məsələn, Nurtəkin deyir, Amallaşma yönündə Atadan bəzi şeylər oxudum. Kamilləşmə belə. Xalqlaşmada iki adamla söhbət etmişəm. Bu hesabat deyil. Bununla sən gözləyirsən ki, toplum sarsılacaq sənə qulaq kəsiləcək?! Bunlarla heç kim sənə qulaq kəsilməz. Atadan oxumusan, göstər görüm nə oxumusan?! Məktəbə gedirsən, deyirsən, triqonometrik funksiyanı oxumuşam. Deyərlər, nə öyrənmisənsə onu de. Demirsən, iki yazırlar. Oxumuşam, ancaq bunu deyə bilmirəmsə, topluma mənim sözüm çatmır. Bax, Ocağın da ikisi odur. Xalqa mənim sözüm çatmır.  Mən Atanın hər kitabına “ön söz” yazmışam. Bu gün də o məzmunu hər gün, hər yerdə deyirəm. Ancaq çox az sayıram. Oxuyursan, oxuduğunu göstər, ondan nə yaratmısan, onu  göstər. Bağbana soruşarsan nə yaratmısan, əlindən tutub səni bağçasına aparar. Qulluq elədiyi ağacları,meyvələri sənə sunar. Bunu yaratmışam. Mənim bağım budur. Hər birimizin bağında olan məhsulu becərib ortaya qoymalıyıq əzizlərim. Ortaya qoymalıyıq ki, toplum onun nə olduğunu bilsin, toplum inansın, ayağa dursun. Biz öz gücümüzü doğru qiymətləndirməliyik. Burada söhbət qınamaqdan getmir, öz gücümüzü doğru qiymətləndirməkdən gedir. Biz Ocağı qoruyuruq. Yaxşı qoruyuruq, ancaq yaxşı vermirik. Bu da nədə özünü göstərə bilir, – biz xalqın arasına çıxırıqmı?! – Az-az çıxırıq, epizodik çıxırıq. Məsələn, mən çox çıxıram, Günev də çıxır. Ancaq yenə də olduqca azdır. Biz bir əlimizdə heybə, bir əlimizdə əsa qapı-qapı gəzmişikmi, çıxmışıqmı?! Eləsək, bizim o fədakarlığımızın özü bizə nizam verəcək, qatqı göstərən tapacaq. Biz davamçı yaradacağıq.
Mən bir məsələni özümçün götür-qoy elədim. Bilirsiniz, Fizulinin Leyli-Məcnunu ərəb nağılıdır. Ancaq ərəblərin yazdığı Leyli-Məcnun Füzulinin yazdığı Leyli-Məcnun deyil. Füzulinin yaratdığı Leyli-Məcnun ilahi bir zirvədir. Nədə özünü göstərir, Füzulinin Leyli-Məcnununu oxuyursan, sanki bütün bəşəriyyətin sevgi, eşq odu ikicə adamın arasında bölünüb. Ayrı heç kimdə eşq atəşi yoxdu, bu iki nəfərin arasında bölünüb. Günlərin bir günü, Məcnun başa düşəndə ki, Leyli iradəsizdi, başa düşür ki, Leyli eşq atəşini, odunu qəlbində daşıya bilmir. Bütövlükdə eşq odunu, atəşini öz qəlbinə yükləyir. Ona görə çöllərə düşür. Leylinin çevrəsində olanlar Məcnunu bəndələşdirə bilmədilər. Onun çevrəsində olanların Alllahının bəndəsinə çevrilmədi Məcnun. Məcnun çöllərə düşdü. Ürəyinə yüklədi o atəşin eşqi. Getdi çöllərdə ceyrana, marala, gülə-bülbülə yoldaş oldu.
Həm də burda gözəl bir şey var.Bu, Füzulinin özünün gəldiyi nöqtədir. Məcnun bəndə ola bilmədi. Allahın qarşısında diz çöküb eşq atəşindən uzaqlaşmadı, təbiətə pənah apardı. Əslində bu türkün panteizmi idi. Gəlib ora çıxdı. Heç bir vaxt o, eşq odundan, atəşdən xilas ola bilmədi. Mən özümlə bağlı düşünürəm, Ocağın odunu, eşqini, alovunu bütün ürəyimə yükləyə bilmişəmmi, nə qədər yükləmişəm, bölürəmmi, bölmüşəmmi, azdırmı?! Onunla tutuşdururam bir az da özümü. Bunlar nədir, ola bilər çox adamlara Məcnun məsələsi fantaziya, mücərrəd bir şey kimi görünə bilər. Bizim bu halımız da topluma elə görünə bilər. Nəsə deyərsən, deyər bunun ağlı çaşıb, bu nə danışır. Burda bir fantaziya etkisi yarada bilər. Biz nə dediyimizi, nə demək istədiyimizi özümüzə aydınlaşdıranda görürük, biz özümüz üçün fantaziya deyilik. Nəsimi, Nəimi fantaziya idimi?! Nəsimi “Fəzl həqq” deyib dağlara, çöllərə düşəndə fantaziya idimi?! Rahatlığı yox idi, çöllərə düşüb haray çəkirdi. Ya da Bəbək, həmin aqibəti yaşayırdı. Rasim Qaracanın məktubuna mən cavab yazmışam. Elə onların adını çəkmişəm. Yazmışdı, Asif Ata böyük alimdir, nə bilim nə. Siz onun 90-cı illərdə gəldiyi qənaətlərə baxmayın, onun ruhu sarsıntılar keçirib,ona görə özünü peyğəmbər elan elədi. O sarsıntıların görsənişi idi. Yəni xəstə bir ruhun təzahürüdür demək istəyirdi. Mən yazmışdım ki, Rasimlərin ağlı ilə məsələlərə yanaşsaq, o zaman Babək də havalanmışdı, Nəsimi də havalanıb “Fəzl-həqq”,“ən-əl-həqq” deyirdi, o biri də. Yəni Azərbaycanın bütün dəyərləri havalanmaqdan yaranıbmış onların balaca ağıllarına görə. Qanmır, öz milli dəyərlərinə arxa çevirir, onun üçün milli dəyərlər yoxdur, qəlbinə yükləməyib. Atəş yox, heç balaca qığılcım da yoxdur ürəyində öz dəyərlərindən, öz milli kimliyindən.Onları qorumaq uğrunda mübarizə ləyaqətindən balaca bir qığılcım da yoxdur ürəyində. Ona görə elə asan danışır. Ya da, Asif Atadan qorxan sovet imperiyasıdamı havalanmışdı ki, bu havalanandan bu dərəcədə qorxurdular. Ədəbiyyat tənqidçisindən bu qədər qorxarlar?! Ədəbiyyat tənqidçisi ədəbiyyatın sorunlarını çözür, həll edir, imperiyanı sarsıtmır. Ədəbiyyat tənqidçisindən necə qorxurdu ki, ona antimarksist, antisosialist, antikommunist, pantürkist etiketləri yapışdırmışdılar. Fərqinə varmır axı. Çünkü ləyaqətinin gücü yoxdur, ziyalılığı yoxdur, mənliyinin gücü yoxdur. Fərqinə varmır, o boyda imperiya (SSRİ) ədəbiyyat tənqidçisindən niyə qorxur.Onun yaratdığı dünyabaxışdan qorxurdu, ideolojidən qorxurdu. Onun yaratdığı dünyabaxış insan yaradır, millət yaradır, dünya yaradır, yeni bir sivilizasiya, yeni ortam yaradır. Sənin sosializminin üstündən xətt çəkir. Bunu gördüyü üçün qorxurdu, bunu gördüyü üçün o etiketləri vurmuşdu. Ocaq bütün bunlar deməkdir. Ocaq əzab deməkdir, əziyyət deməkdir, kədər deməkdir, fərəh deməkdir, mübarizə deməkdir. Ocaq olmaq istəyirsənsə bunları yaşamalısan. Bunları biz epizod kimi yaşamırıq, yaşamamalıyıq.Biz bunu davamlı yaşayırıq, davamlı yaşamalıyıq. Ürəyimizin gücü onda artır, idrakımızın gücü onda artır, yenilməzliyimiz onda artır. Onda biz dünyadan üstün oluruq. Dünya bizim dediyimiz səviyyəyə çatmır, ideala tən olmur. Özünü idealla tutuşdurmaq, özünü böyük amallarla tutuşdurmaq Ocağı yaşadır, yaradır. Özünü toplumla tutuşdurmaq, toplumda axtarmaq, toplumdan küsməklə dünya dəyişmir, gerçəklik dəyişmir. Onda biz toplumla öz aramıza hardasa bir bərabərlik işarəsi qoyuruq. Topluma bərabər olan toplumu dəyişə bilməz. Atanın  fəlsəfəsinin də canı budur.
Atamız Var olsun.

İnamlı Atalı:Çox sağ ol, qardaş. Çox gözəl məntiqlə izah etdin. Ancaq nə üçün ola bilmirik. Mən özümdən deyirəm, mənim doğrudan da gücüm çatmır. Mən istəyirəm çevrəmdə olan beş-on adamdan bir-iki nəfər tapıla, bir yerdə güc gələk. Ona görə yaxınlardan, çevrədəkilərdən, ürək qızdırdıqlarımızdan umuruq. Əlbəttə, mənim gücüm Ata qədər, Soylu qədər deyil.

Soylu Atalı: Mən də onunçün deyirəm, bizim içimizin yönü bütöv şəkildə özünü ifadə edirmi?! Əgər eləyirsə, sorun yoxdur, eləmirsə, deməli, sorun bizdədi.

İnamlı Atalı: Düzdür, sən dediklərin mənim qəlbimdən hay verir. Zərrə qədər də orda başqa şey axtarmıram. Sadəcə deyirəm, sən deyən səviyyəyə hər birimiz qalxsaq, deyək ki, hər birimiz Nəsimi olsaydı indiyə dünyanı düzəltmişdik. Bəli,  davamçılar mütləq yaranmalıdır.

Soylu Atalı: Biz Ocağın həqiqəti ilə, hikməti ilə elə birikməli, elə dolmalıyıq ki, örnək verə bilək. Ümid verməyi bacarmalıyıq, qırmamalıyıq. Mən həmişə niyə belə danışıram, çünkü birincisi belə olmalıdır, ikincisi, bizi az sayda olsa da, içimizdən də, qıraqdan da izləyən gənclər var. Biz bunu yazıya çeviririk, bizi dinləyən adam bizim çıxışlarımızdan ümidini itirməməlidir, nikbinlik tapmalıdır. Təkcə sözümüzlə deyil, həm də ömrümüzlə. Biz, Ocaq nədir, necədirsə onu verməliyik. Biz nəyik, necəyiksə azdır, çox artmalıyıq. Hədəf odur…

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə “Ailə Günü” başa çatır.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir