Ocaq Günsırası ilə 29 Yağış Ayı, 45-ci ildə “Uluyol-Hünər”Ailəsi “Ailə Günü”nü keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Ailə Günündə xoş gördük hər birinizi. Bu aydakı yaşantımla bağlı danışmaq istəyirəm. Amallaşmam az olub, özümlə üzləşdiyim hallar daha çox olub. Sağlıq problemlərim var, bu da mənə özümə vaxt ayırmağa əngəl olur. Kitab oxuyuram, içinə girə bilmirəm. Nəsə oxuyanda da, düşünəndə də anlayıram ki, mənə qalan, mənə dəyər qatan da elə bu düşüncələrdir.
Hər zaman içimdə qorxularla yaşadım. Uşaqlıqda atamdan-anamdan,oxuldakı müəllimlərdən. Bəzən oxulda yoxlama gələcək, yoxlama işi olacaq deyə, bir sürü şeylərdən qorxdum. Qorxu dəhşətli dərəcədə canıma yerimişdi. Hətta dinə inandığım çağlarda göyə baxmaqdan da qorxurdum. Gördüyüm hər şey mənə ilk anda qorxu duyğusu aşılayırdı. Eşitdiyim nələrsə də yenə qorxu yaradırdı. Ocağa qədər, toplumsal açıdan, nümunəvi biri idim ailə, toplum qarşısında. Mən bu buzu Ocağa gələndə əritməyə başladım. Ocağa gələndə hara gəldiyimi bilmirdim, ancaq bir şeyə əmin idim. Bura mənim yerimdir. Məni anlamayacaqlar, mən özümü anlamağa başlayandan sonra. Mənə inanmayacaqlar, mən özümə inanandan sonra. Məni sevməyəcəklər mən özümü sevməyə başlayandan sonra. Ata deyirdi, inkar ən böyük təsdiqdir. Biz inkarın ən böyüyünü toplumda, təsdiqin ən böyüyünü ruhumuzda yaşadıq. Qorxu niyə yaranır,- bəlirsizlikdən. Bir çox yarımçıq işlərim var, bəzən hər hansı işə başlayıb yarımçıq qoymağım da məni olduqca pis etkiləyir.
Yolun, əməlin əvvəlini görən sonunu da görməyi bacarmalıdır. Görə bilmirsə, deməli, aydın deyil. Deməli, hələ tam inanmır. Sonu bilməyə də bilərsən, gələcək haqqında təxmini açıqlama vermək olar, ancaq gələcəyə inamdan əsla vaz keçmək olmaz. Çünkü o inam bugünkü addımı yaradır. İndi də o qorxularla qarşılaşıram. Bəzən dəhşətli rahatsızlıq gəlir. Düşünürəm, Ocaq olmasaydı, necə aşardım, təsəvvürümə gətirə bilmirəm. Rahatsızlığı da yaradan özüməm. Qorxunu böyüdən inamsızlıqdır. Nəyə inam bəsləyirəmsə, o böyüyür. Həyat qarşıma əngəllər çıxarmaqla məni özümdən uzaqlaşdırmağa çalışır. Mən əngələ odaklananda özümü unuduram. Özümü unutmayanda əngəli aşıram. Nəyə üstünlük verməyim həlledicidir. Özünü yaratmaq, özünü ötmək imkanını həyat yaratmır, Amal yaradır. Düşünürəm, doğrudan da, çox böyük bir sorumluluq qarşısındayam. Ata deyir, insan özünü tam ifadə eləməlidir. Bizim üçün, doğrudan da, aydın, bəlirgin bir yol var. Əgər mən o xəzinədən, o yoldan bəhrələnə bilmirəmsə, öz imkanlarımı tam aça bilmirəmsə, burda yenə də mən özümü suçlayıram. Mənim 50 yaşım var, bu yaşımda sağlıq problemləriylə bu qədər uğraşıramsa, 10 ildən sonra mənim halım nə olacaq? Ona görə də özümə qarşı sorumluluğu artırmağım gərəkdir. Çünkü nə qədər Amalla bir oluram, o hər şeyə təsir edir – əməldə, halda, günün necə keçirilməsində.
Bu ay ara-sıra xalqlaşma işim olub, bir iş yoldaşımla söhbət eləmişəm. O qədər yaxşı söhbət alındı ki. Adamın üzünü heyrət bürümüşdü, bunu görəndə düşündüm, mən xalqlaşma fərəhimi daha da artıra bilərəm. Daha çox insanları heyrətləndirə bilərəm. Hədsiz dərəcədə xalqlaşma sevinci üçün darıxdım. Demək, iş görmək, irəli durmaq gərəkdir.
Atamız Var olsun!
Günev Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatım. Atanın “Adamlıq – İnsanlıq” əsərini oxudum. Mən Ocaq ədəbiyyatını çox oxumuşam. Ancaq hər dəfə müəyyən qeydlər aparıram. Bir az yığcamlaşdırıram özüm üçün. Əsas yadımda qalan hissələri, daha çox etkiləyən hissələri, bir neçə səhifə yazmışam. Onu oxumaq istəyirəm:
Adam ölümlüdür, insan ölümsüz. Həyat adamı öldürür, ölümə xidmət edir.
Həyat heyvana yarayır, adama yarayır, – insana yaramır.
Adam törəyir, insan yetişir. Adamlıqda Səhlləşmək təhlükəsi var. O, insan olmayanda heyvan olur. İnsandan başqa hər kəs adamdır. Adamda yırtıcılıq, xain, həris yaşayır, erkək-dişi yaşayır.
Mənəmlik – adam məğrurluğu, Mənlik – insan məğrurluğudur.
Adamın tülkü dövrü, canavar dövrü, ilan dövrü, qoyun dövrü olur. İnsanın təkcə İnsanlıq dövrü olur.
Heyvan təbiətin yaratdığı, Adam həyatın övladı. İnsan ruhun övladıdır. Adamın dərisini soymurlar, çarmıxa çəkmirlər, tonqalda yandırmırlar. Adamı insan saymırlar.
Adam bəd ayaqda qaçır, varidata alçalır, mənsəbə uyur, şəhvətə şirnikir. İnsan olmaq üçün adamı ötməli, ruha yüksəlməlisən. Doğum, həyat, ölüm kimdir? Amallaşma, sabahlaşma, Mütləqləşmə, məzmun. Adam məzmununa çatmır, içində qalır. İnsan məzmununa çatır.
Təbiət yer yaratdı, göy yaratdı, insan yarada bilmədi. Xoşbəxt olmaq üçün insan olmaq gərəkdir. Adam xoşbəxtliyi bilmir. İnsan olmadan xoşbəxt olmaq mümkün deyil.
Adam birliyindən cəmiyyət düzəldirlər. O da uçub başlarına tökülür. İnsan olmaq üçün heyvanlıqdan imtina etmək gərəkdir.
Adam həyata yüksəlir, insan həyata enir.
(Bu cümlə əvvəl məni çaşdırmışdı, necə yəni həyata yüksəlir. Sonra özüm üçün düşündüm, təhlil elədim, mənə çatdı, adamın yuxarı başı yüksələ bildiyi həyatdır. İnsan həyatla hesablaşanda həyata enir).
Adam heyvandan fərqləndikcə insanlaşır. İnsan həyatında heyvandan seçilməmək təhlükəsi var. Adam inamında inamsızlıq var. İdrakında idraksızlıq var. Mənəviyyatında mənəviyyatsızlıq var. İradəsində iradəsizlik var. Adamlıq natamlıqdır. İnamlı, İdraklı, Mənəviyyatlı, İradəli olmaq üçün İnsan olmaq gərəkdir. İnsanlıq tamlıqdır.
Bir insani qayğı var – insanlaşmaq.
Faciədə adam məğlub olur, insan qələbə çalır. Tarix buna bəs qədər sübutlar göstərib. Xoşbəxt adam olmur. Xoşbəxt insan olur…
Kamilliyimlə bağlı – tək bir cümlə ilə bunu deyirəm: – İçimdə insan bulağı cağlamaqdadır. Bu məni çox fərəhləndirir.
Xalqlaşma ilə bağlı işlərim çox olur. Tək-tək olmaqla, xeyli sayda adamlarla söhbətlər aparmışam. Bir neçəsinə ədəbiyyat da bağışlamışam. Boşa gedən cəhdlərim də olub. Əslində bu boşa getməni mən boşa getmə deməzdim. Söz verib sözünün arxasında durmayan insanlarla cəhdlərim alınmadığından boşuna kimi qələmə vermişəm. Ancaq bu boş deyil. Hər cəhdin özü bir istəkdir, uğur demək olmasa da. Hər halda xalqlaşma yönündə bir cəhddir. Usanmamışam, əzmim azalmır, artır.
Ata sözü –“Vicdan insanı əyrilikdən, zalımlıqdan, harınlıqdan, haramlıqdan qoruyur”. -Bəşərin tənəzzülünə səbəb vicdan səviyyəsinin geriləməsi olub. Mənəviyyatın qurulmasında vicdan duyğusunun xüsusi etkisi var. Vicdanın səsini eşidə bilməyən özünə yad olur. Həqiqətdən, ədalətdən uzaq düşür. Əyriliyini hər kəsdən gizlədə bilərsən. Vicdandan qaçmaq isə mümkünsüzdür. Çünki o sənin özünsən. Onsuz qırılarsan, qürurun yenilər. Öz gözündən düşərsən, yenilərsən. Zalımlıq vicdansızlıqdır, – Yırtıcı ömür yaşamaqdır. Harınlıq hərislikdir, – Vicdanı mənən daşqalaq etməkdir.
Haqqı, ədaləti saymamaq – cismani münasibətlərdə qalmaqdır. Qarın üçün bütün mənəvi ölçülər bir heçdir. Haramlıq bütün milli-bəşəri dəyərlərə arxa çevirməkdir. Ən ibtidai tələbdə insana olan adi münasibətdə belə, heç bir etik qaydaları gözləməməkdir. Adam cismani tələblərini ödəmək üçün bütün vasitələrə əl atır. Oğurluq, əyrilik, rüşvət, yalan, çeşid-çeşid pisliklər onun həyat tərzinə çevrilir. Özüylə döyüş – vicdan tələbidir. Şərdən qorunmaqdır, kamilləşməkdir, var olmaqdır. Vicdan hakimliyi ömrün qutsal dəyərlərə soykənməsi, mövcudluqdan yüksəyə baxmasıdır.
Ey bəşər övladı, vicdanı eşit ki, qürurlu yaşayasan. Başın əyilməsin, üzün kölgələnməsin. Bu yolda sənə uğurlar diləyirəm.
Atamız Var olsun!
Göytəkin Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Amallaşma yönündə hər gün oxumağa davam edirəm (İndi qıraq ədəbiyyatları oxuyub düşünməklə Ocağı öyrənirəm). Son oxuduğum Hüseyn Cavidin “Peyğəmbər” əsəridir. Əsəri tam oxuyub bitirməmişəm. Ancaq yenə də ilkin düşüncələrimi paylaşmaq istəyirəm. Əsərdə ilk başlarda peyğəmbərlik dönəmini izləyirəm. Ona qarşı çıxanlara usanmadan dözür, doğru yola dəvət edir. Hər nə qədər ona qarşı çıxsalar da, onda olan usanmazlıq insanlarda heyrət yaradır. Özündə bu halı yaratmaq, hər kəs ona qarşı gəldiyi halda, toplumu saymadan söz demək asan deyil. Onun özünün də içində çəkişmələr gedir. Nə qədər iradəli olmalısan ki, içində gedən çəkişmələrə baxmayaraq, həm o çəkişmələrdən qalib ayrıla biləsən, həm də topluma, beləcə, usanmadan söz deyə biləsən. Bütün bunları oxuduqca ən çox düşündüyüm özüylədöyüş məsələsidir. İçdə gedən çəkişmələrdən ayrılmaq insanı necə usanmaz, necə qüdrətli edir. Artıq qıraqda nə baş verirsə versin, insanı yolundan döndərə bilmir.
Əsərin hələ oxuduğum hissəsini nəzərə alsaq, mənim üçün ən önəmli etkisi ondan ibarətdir, məni mübarizəyə inandırır. Yəni hansı dövr olur-olsun, istər indiki dövr, istər keçmiş dönəmlər, hər dövrün özünəxas çətinlikləri olur. Bütün bu çətinliklər də insana bağlıdır. Çarəsi də bağlıdır insanın özünü dəyişməsinə, özünü yaratmasına. Burda isə ən böyük, önəmli məsələ inamdır. Toplumu və dünyanı dəyişə bilmək insanın özünü dəyişməsindən, özünü yaratmasından başlayır. Kitabın sonrakı hissələrində isə yenə də eyni şəxs haqqında oxuyuram, ancaq sanki birdən-birə başqa bir adamdan söhbət gedir, yəni peyğəmbərlik dönəmi bitir, hökmdarlıq dönəmi başlayır. Ona tabe olanlara rəğbət bəsləməyə başlayır, kitabda deyildiyi kimi. Burda məni düşündürən bir məqam var, onu da demək istəyirəm. Peyğəmbərlik dönəmində o, insanları sarsıdırdı özünün usanmazlığı ilə, səbri ilə, insanlara qarşı tövrünün dəyişməməsi ilə. Bu onun özündə yaratdıqları idi, yetdiyi idi. Hansı ki, insanlarda müsbət dəyişikliklər yaradırdı. Onu qəbul edirdilər, onu qəbul edən insanların içində də müqəddəslik axtarışı, müqəddəsliyə meyil özünü göstərirdi. İkinci dönəmə isə hökmdarlıq dönəmi deyək. Yenə də ona tabe olurdular, daha doğrusu, məcburən tabe olurdular. Bu zorun etkisi idi. İnsanları müqəddəslikdən uzaqlaşdırırdı, köləyə çevirirdi. Bunu izlədikcə yenə də bir insan ömrünün dəyişməsini, bu dəyişimin insanların ömrünə etkisi barədə düşünürəm. Bu əsəri oxuduğum hissədə inqilab və intibah mövzuları üzərində də düşünürəm. Atanın bu barədə dediklərini bir daha qayıdıb oxumaq istəyirəm.
Kamilləşmə hesabatımla bağlı. Kamilləşmə hesabatımda bu dəfə yaxşı şeylər demək istəyirəm. Bunları “Gündəliyim”də qeyd etdiklərimlə deyirəm. Aylıq hansı qeydlər eləmişəmsə, bunun üzərində Kamilləşmə hesabatımı qururam. Baxıram lap əvvəl tədbirdə vurğuladığım məsələlər vardı. Tədbirlərin birində içimdə çökmə halımla bağlı danışmışdım. Keçən tədbirimizdə vurğuladığım bəzi məsələlər vardı. Son çağlar özümdə bu hallara rast gəlmirəm. Bununla bağlı çox nikbinəm. Həvəssizliyi davamlı oxumağım, davamlı çalışmağım aradan qaldırıb artıq. Hər gün nələrsə oxumağa, nələrsə qeyd etməyə köklənmişəm. Nələrinsə üzərində düşünməyə və aydınlaşdırmağa köklənmişəm. Nikbinəm, həm də ona görə ki, amallaşma yönündə davamlı oxumağım artıq öz nəticəsini göstərməyə başlayıb. Tədbirlərimizin birində vurğulamışdım, ətraflı nəyinsə haqqında düşünə bilmirəm. Düşünməyə başlayanda gərginləşirəm. İstədiyim sonuca çata bilmirəm, axıra qədər düşünə bilmirəm. Hətta qeyd edə də bilmirəm. Artıq son dönəmlər görürəm ki, bu cür hallar daha izlənilmir. Ona görə özümə daha çox inanmağa başlamışam.
Xalqaşma əməlimlə bağlı: Ay içində 2 adamla söhbətləşmələrim olub. Biri Ocağımızın rəğbətçisi Nigardı. Biz ruhaniyyat və onun insan həyatında rolu, Ruhaniyyatın insan həyatında yaratdığı dəyişikliklər, bu dəyişikliklərin onun çevrəsində olan insanlara yansıması haqqında söhbət etdik. Eləcə də, tamamilə məişətə bağlanan ömür, məişətə bağlanan ömrün insan həyatında əmələ gətirdiyi dəyişikliklər, onun çevrəsində olan insanlara mənfi etkiləri haqqında danışmışıq.
Bizə yaxın olan bir xanımla söhbət etmişəm. Onunla söhbətimizin qonusuda insanın içində olan mənfi duyğularla bağlı olub. Onun həm insanın özünə, həm də insanlararası münasibətə göstərdiyi etki. Konkret olaraq kin, nifrət, qəzəblə bağlı danışmışıq. Bu cür qonulardan sonra özüylədöyüş ideyasına gəlib çıxmışıq. Onunla bağlı da söhbətimizi davam etdirmişik.
Bir də qısa olaraq, Ailə Günündə qoyulan qonuya düşüncələrimi demək istəyirəm. Əslində din də insanı bu sadalananlardan qorumağa çalışır, ancaq nə ilə qorumağa çalışır – Allaha tapınmaqla, hansısa kitaba inanmaqla. İnsan ona sunulan, özündən qıraqda olanlara tabe olmalıdır. Bu da müsbət sonuc vermir. Bunun səbəbi nədir?! Bayaq Amallaşma hesabatımda bura gəlib çıxmaq istəyirdim. Amallaşma hesabatımda dedim, insanlar peyğəmbərin peyğəmbərlik etdiyi dönəmdə də sarsılırdılar, hökmdarlıq etdiyi dönəmdə də. Ancaq fərq onda idi ki, birincidə heyrətdən sarsılırdılar, bu onların həyatında müsbət dəyişikliklər yaradırdı. İkincidə isə qorxudan tabe olurdular. Bu qorxu onların içində ən pis duyğulara yol açırdı. Onlar mütiləşirdilər, köləyə çevrilirdilər. İçləri getdikcə kin, nifrət yuvasına dönürdü. Bu açıdan yanaşsaq, insanın özünü sorğulaması, özünə dönməsinin önəmi aydınlaşır. Kölələşən, mütiləşən insan, hökmdar qarşısında yalana həqiqət dediyi kimi başqalarının qarşısında da eyni davranışları sərgiləyir. Mahiyyətcə hər ikisinə münasibətdə içində olan qorxunun etkisi ilə hərəkət edir. Dinlər insanı bu yoldan çəkindirə bilmədi, çünkü qorxudan ayırmadı.
Atamız Var olsun!
İnamlı Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.): Bu dünyada insan ya gərək dəli ola, ya da dahi. Dəlinin də öz dünyası var, dahinin də. Hər ikisi öz dünyasında rahat, azad yaşaya bilirlər. Aralıq mövqe tutanlar yarımçıq olurlar, atalar da deyib,“dad yarımçıq əlindən”. Yarımçıq insanların ruhu tam olmur. Özümə uyğun fikirləşib bu sözləri deyirəm. İnsan haqqında düşünəndə, birinci, onun fərdi, şəxsi varlığı göz önünə gəlir. Millət səviyyəsində inamı, sonra da bəşər övladı olması. Millətini tanımayan, tanımaq istəməyən, ya da görmək istəməyənin insanlığına inanmaq olmaz. Bu da insanın özündən asılı olur. İnsanın dünyaya baxışı hansı aşamadan keçir, – birincisi, öz fiziki mövcudluğudur, sonra onun sosial mövcudluğudur, bir də ruhani mövcudluğudur. Baxırsan cəmiyyətə, dövləti qiymətləndirir, insanın sağlığının qeydinə qalır, etkisini göstərir, ancaq insanı böyütmürlər. Zalımlıqla, vəhşiliklə məşğul olan bir varlıq böyüdürlər. İnsanlar zəhmətiylə övlad böyüdür, ona ruh vermir. Bir var insanın təbiətə, cəmiyyətə baxışı. İnsan təbiətdə gözəlliklər görür. Biz onu çox sadalamışıq, məsələn, dağda vüqar görür, gülün-çiçəyin gözəlliyini, zərifliyini görür. Bunların hamısı Mütləqin nişanələridir, insanın ruhunu oxşayır. Eyni zamanda dünyada, doğada dağıdıcı qüvvələr də var, zəlzələlər, fırtınalar, təbii fəlakətlər – bunlar söküb-dağıdır. Ancaq insan nə dünyadan inciyir, nə də doğadan. Çünkü bunları təbii qəbul edir. Ancaq insana, cəmiyyətə gələndə isə bunları təbii qəbul etmək olmur. Qarşıdakı insandan insanlıq gözləyirsən. Sən qarşıdakı insana insanlıq göstərirsən, ondan da insanlıq gözləyirsən. Cəmiyyətə də insanlıq münasibətilə yanaşırsan, qarşılıq gözləyirsən. Bunların da insanlıq imkanları var. Ona görə mənim halımda, bu səpkidən yanaşanda, insanlardan, cəmiyyətdən bəlli qədər umacaqlarım, küsmələrim olur. Ancaq sonra düşünürəm, bu yazıq cəmiyyətdən nə gözləyirsən axı. Onu bu vaxtacan kim insana böyütdü ki?! – Bayaq bacılarım da danışdı – qorxu hissi, dinin verdiyi. Din nə verir? Belə ruhla tərbiyələnən cəmiyyətdən nə gözləmək olar?! Bunları da doğal qəbul edib inciməyə dəyməz. Ocaqdan qıraqda nə gözləyirik ki?! – Bizim bütün gözləntilərimiz Ocaq yönündədir.
Qaldı millətə münasibət. Bizim millətimizin dəyərləri, qədimliyi həmişə uca olub. Ancaq bunlar da ayrı-ayrı pərdənin adı ilə yaşanır. Bu dəyərləri kütləvi insanlar yaratmayıb, ayrı-ayrı insanlar yaradıb. Millətimizin dəyəri kimi, şərəfi kimi nəsildən nəslə ötürülüb, gəlib bizə çatıb. Ancaq indi Asif Ata var, onun Ocağı var. Ocaq cəmiyyətdə inam yaratmaq üçün məktəbdir. Mən özümü bu yöndə kökləməyə çalışıram.Qıraq-bucaqdan inciməyə dəyməz. Mənim əlimdə əsasım var, Mütləqə İnam kimi baxışım var. Ocaq kimi yurdum, yuvam var. Sizin kimi bacı-qardaşlarım var. Əl-ələ verib millətimizi Ocaqlaşdırmalıyıq. İnam əsas məsələdir…
Atamız Var olsun!
Soylu Atalı (Ataya səcdə edib, Bayrağı öpür – N.A.):Ailə Gününün əsas məqsədi Ocaqçının Amallaşma, Kamiləşmə, Xalqlaşma hesabatıdır. Amallaşma – Atadan nə öyrəndim, Atanı necə öyrəndim, dünyadan öyrəndiklərimlə Atanı necə öyrəndim, – bu sorulara cavab verir. Biz dünyanı bilik əldə etmək üçün öyrənmirik. Məsələn, böyük ədəbiyyatlar oxuyuruq, fəlsəfə oxuyuruq, dühaları oxuyuruq. Bunları ona görə oxumuruq ki, biz onlarla bağlı, ya da onların düşüncələri ilə bağlı bilik əldə edək. Biz ona görə oxuyuruq ki, onlar araçılığı ilə Asif Atanı dərk eləməyimizə yardımçı olaq, Atanı dünya ilə tutuşduraq. Asif Atanı toplumumuza vermək üçün yeni çabalar göstərək, zəhmətlər çəkək. Düşünə bilək, dəyişə bilək. Özümüzü də, özgələri də. Amallaşmağımızın canı odur – (mütaliə) oxu. Atadan başlayıb dünyanın ən böyük ədəbiyyatlarını oxumaq. Özünüdərk yolu, dünyanı dərk yolu.
İkinci, kamilləşmə hesabatı. Yəni əgər biz normal insan kimi yaşamaq istəyiriksə, əgər biz içimizi bütünlüklə heyvani doğadan ayırmaq istəyiriksə, o zaman Asif Atanı öyrənə-öyrənə onun tələblərinə yüksəlməliyik. Yəni içimizdəki çatışmazlıqlarla döyüşməliyik. Onları ömrümüzdən silməliyik. İçimizdə balacalıq saxlamamalıyıq ki, bizə əngəl olmasın. Biz içimizdə səksəkə saxlamalı deyilik. Əgər içimizdə hər hansı bir səksəkə saxlayarıqsa, o zaman biz yeni dünyabaxışı topluma suna bilmərik. Topluma öyrədə bilmərik. Gərək bizim həm bilgimiz olsun, həm də dilimiz olsun.
Biz, Asif Atanın Ocağı olaraq, toplumu İnsanlaşmağa çağırırıq. Özümləşməyə, xalqlaşmağa çağırırıq. Çağırmaq üçün biz özümüz gərək İnsanlaşaq. Biz özümüz gərək xalqlaşa bilək. Bu baxımdan deyirəm, gərək bizim dilimiz olsun. Bu bizim kamilləşmək yönümüzdür, yəni yetkinləşmək, insanlaşmaq. Özünün mahiyyətinə üz tutmaq, özündəki insani keyfiyyətləri üzə çıxarmaq, insani dəyərləri tanımaq, ona Doğmalaşmaq, nəinki doğmalaşmaq, həm də qovuşmaq. Bu bizim özüylədöyüş əməlimiz adlanır. Özünü yaratmaq. Özünü yaratmağın da yolu nədən keçir?! – Dediyim kimi, içində gərək səksəkə saxlamayasan. Nə deməkdir içində səksəkə saxlamayasan?! – Əgər sən içində bir əngəl saxlayırsansa, o zaman sənin öz qarşında gözün kölgəli olacaq. Sözün olmayacaq deməyə. Çağırmağa səsin, nəfəsin olmayacaq. Bu, Asif Atanın çox əsaslı şəkildə, bizim qarşımıza qoyduğu tələbdir. Peyğəmbərlər insanların qarşısında tələblər qoydular. Ancaq o tələblərin bir çoxlarına özləri əməl eləmədilər. İkinci, peyğəmbərlər bir sıra tələblər qoydular insanların qarşısına, insanlar özümləşə bilmədilər. Özlərindən ayrıldılar. Nə yazıqlar ki, özlərindən uzağa getdilər. Çünkü insanı özüylə yox, hər şeylə, özündən qıraqdakı qüvvələrlə üz-üzə qoydular. İnsan özündən qıraqdakı qüvvələrlə üz-üzə qaldığında onlardan qorxdu, özünü balaca gördü. Çünkü peyğəmbərlər insanlara onlardan qıraqdakı qüvvələri çox qorxunc göstərdi. İnsan bu qorxunc göstərilərin qarşısında toparlana bilmədi. Özünü anlaya bilmədi, Dünyanı sevə bilmədi. Dünya gözündən düşdü. Dünyanı sevən insan öz gözündən düşə bilməz. Çünkü dünyanın mənası insandadır. Bunu ifadə etmək üçün insan içində azad olmalıdır. İçində özünə əngəllər yaratmamalıdır. Şəxsi həyatımla bağlı filan yanlışı eləmişəm, birdən bunu bilərlər, birdən görərlər, birdən eşidərlər – belə bir səksəkə yaranır. Doğru addım atmırıq, içimizdə belə bir səksəkə yaranır, başlayırıq gizlənməyə. İçimizdə gizləndiyimizə görə, səksəkəli yaşadığımıza görə azadlığımızı itiririk. Həqiqətləri sevirik, ancaq həqiqətlərlə öz aramıza böyük hasarlar hörürük. Böyük sınırlar qoyuruq. O hasarları, o əngəlləri aşıb həqiqətə qovuşa bilmirik. İçimizdə yaratdığımız əngəllər, hasarlar bizim həqiqətə yolumuzu bağlayır. Ona görə biz həqiqəti ucdan-bucaqdan tanıyırıq, sevirik, ancaq qovuşa bilmirik, həqiqətləşə bilmirik. Burda iki məsələ var. Biz özümüzün həyatımızı cəmiyyətin baxışına, başqalarının baxışına hesablamalı deyilik. Burda yenə önəmli bir məntiq çıxır. Həyasız adam da öz yaşamını cəmiyyətin baxışına hesablamır, Yüksək ideallarla yaşayan insan da. Biz yüksək ideallarla yaşayan insan olaraq, özümüzü cəmiyyətin baxışlarına hesablamalı deyilik. Yəni dünən, sırağagün, o biri gün hansısa yanlışlar elədik, yanlış addımlar atdıq, cəmiyyət düzeyində aşağı yaşadıqsa, bunlardan qorxaraq içimizdə yüksəyə qalxmaq meylindən daşınmalı deyilik. Heç nəyə baxmadan içindəki səksəkədən çıxmaq gərəkdir. Kim nə düşünür, düşünsün, özü bilər, mən dünənki deyiləm, – belə bir qətiyyət qoymaq gərəkdir ortaya. Otuz il, otuz beş il bundan qabaq kim idim, indi kiməm, – bunu özüm deyirəm, göstərirəm sizə. Öncələr mən də toplumun ayrı-ayrı çatışmayan keyfiyyətlərini daşıyırdım. Məsələn, kobudluğum da vardı, eqoizmim də vardı. Çox şeylərim vardı. Zaman-zaman onlardan özümə əngəl yaratmışdım. Bunlardan açılmağa çalışdım, yetdim. Bu addımlar içsəl azadlığa gətirib çıxarır. Hamı azadlıq-azadlıq deyir, ancaq azadlığı dərk etmir. Bizim içərimizdə biologiya var. Yəni xarakterimizdə, mahiyyətimizdə yox. Bizim mahiyyətimizin adı İnsanlıqdır. O mahiyyətə qovuşmuşuqmu, o mahiyyətə bərabər yaşayırıqmı, yaşamırıqmı, – bu ayrı məsələ. Biz özümüzdə İnsanlıq adlı mahiyyət daşıyırıq. Ancaq cismani ömrümüzdə bioloji xarakter daşıyırıq. Bioloji xarakterdə heyvanilik olur. Yalan olur, hiyləgərlik olur, yırtıcılıq olur, kobudluq olur, əyrilik olur, şöhrətsevərlik olur, xudbinlik, xudpəsəndlik i.a. Az, ya çox. Heç kim deyə bilməz, məndə olmur. Biz gerçək olaraq bioloji varlığıq. Hər bir bioloji varlıqda bu adını çəkdiyim keyfiyyətlər az, ya çox mənada olur. Birində çox olar, aşırı olar, gözə girər. Birində az olar, görünməz. Ancaq özü görə bilər. Bu cür keyfiyyətlər bizim xarakterimizdə uzun sürə oturduğunda biz azadlıqdan danışa bilmərik. Bizim mənəviyyatımıza içimizdəki tülkü, canavar hökm edirsə, azadlıqdan danışa bilmərik. Əgər bizim içimizdə kin varsa, qəzəb varsa, paxıllıq, xudbinlik varsa, bunlar ola-ola, azadlıqdan danışa bilmərik. Azadlıq bunlardan qurtarmaq deməkdir.
İçində o adını çəkdiyim keyfiyyətləri islah edirsən, sıradan çıxarırsan, ortadan qaldırırsan, o zaman sənin ömrün, həyatın yenidən başlayır. O zaman sən bioloji varlıqdan ruhani varlıq düzeyinə keçirsən. Mənəvi varlıq düzeyinə keçirsən. Yəni sənin canın, cismin bioloji olsa belə, sənin davranışın, düşüncən, sənin münasibətlərinin hamısı mənəvi olur. Mənəviyyat üstə olur. Azadlıq məsələsi budur. Yəni bizim özüylədöyüşümüzün canı, tələbi budur. İçində azad ol, səksəkəli olma.
Hər şeyə qarışırıq, – evimin içində, niyə filan şey belə getdi, filan şey niyə belə oldu, qonşumda niyə filankəs belə düşündü, mənim haqqımda belə danışdı. İş yerimdə filankəs belə addım atdı, – bunları o qədər deyirik, o qədər bunları yığırıq ki, bu qalaqlanmış xofların, basqıların altında dikəlib göylərə baxa bilmirik. Özümüz ola bilmirik, insanlaşa bilmirik, mahiyyətimizə qovuşa bilmirik. Biz həyata necə gəlmişiksə, o cür də gedirik. Ölüb heç oluruq.
Ata deyir, bəşər övladı dünyaya məxluq kimi göz açır, adam kimi böyüyür, insan kimi yenidən doğulur. Məxluqun vətəni yoxdur, vicdanı yoxdur, məxluq qarından oluşubdur. Tamahdan, şöhrətdən başqa bir şey deyil. Adam kimi böyüyür, – yəni bayaq adını çəkdiyimiz bütün pis keyfiyyətləri özündə daşıyır. Eyni halda, yaxşı cəhətləri də daşıyır. Adam ziddiyyətlidir. Onda məxluq da var, insan da var. Ona görə Ata deyir, Adam vətənini sevir, ancaq vətəni üçün əzaba qatlaşmır. Həqiqəti sevir, ancaq həqiqət üçün əzaba qatlaşmır. Ancaq İnsan kimi yenidən doğulur, yəni öz xarakterini mahiyyətinə uyğun şəkildə qurur. Xarakterini bütün yanlışlardan, cılızlıqlardan təmizləyir. Mənən yeni bir insan ortaya çıxır. Dünənkindən heç nə qalmır. Yenidən doğulur. Xristianlığın tarixində belə bir olay var. Maria Maqdalena adlı düşük bir qadın olur. İsanın ona insani münasibəti ilə Maqdalenanın ömrü dəyişib. Maqdalena, haqqında nə deyilməsindən asılı olmayaraq, uzun çağlar arı-duru yaşayıb, heç bir eybəcərliyə enməyib, axırda ona səcdə ediblər.
Adamlığın ən pis cəhəti nədir?! – Bu qadın yeni mənəvi bir düzeyə qalxıb, öncəki çatışmazlıqlarından heç nə saxlamayıb, fəlsəfi anlamda yenidən doğulub. Ancaq adamlar, cəmiyyət, çoxluq olaraq, öncələr onu hoydu-hoyduya götürürlər, bu adam filan əməllərin yiyəsi olmayıbmı deyə. Hər kəs öz içinin durumu ilə, cılızlığın gözüylə baxır. Mariya onların baxışına enmir, öz uca ömrünü yaşayır, özünü pis anlamda deyil, toplumun baxışını yaxşı anlamda dəyişir. Toplum eybəcər yaşadığı sürəcə yaxşılığın yolunu bağlamağa çalışır, onu təftiş edir. Bu gün dövlətlər həmin funksiyanı yerinə yetirir. Alçaqcasına, zəlilcəsinə, murdarcasına. İnsanların 15-20 il bundan qabaq həyatında nə baş verirsə, onları kompromat kimi toplayıb dəyişməsinin yolunu bağlayır. Sən mübarizə adamına çevrilmək istəyirsən. Xalqın üçün, vətən üçün addım atmaq istəyirsən, çəkir səni dala, topladıqlarını soxur gözünə ki, sən bu olmusan. Bunu səpərəm xalqın gözünün qabağına. Səni heç edərəm… Gərək bundan qorxmayasan. Deyəsən get səp. Bu gün o eybəcərliklə yaşamırsansa, o eybəcərlikdən uzaqlaşıbsansa, həyatını, mənliyini doğruldubsansa, qoy getsin səpsin. Belə bir qürur gərəkdir. Belə bir mənlik gərəkdir. Vüqar gərəkdir insana. Asif Ata ona çağırır. Ona görə Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı bütünlüklə insanın varoluşuna – təsdiqinə hesablanmalıdır.
Son çağlar oxuduğum kitablar var. O kitablarla bağlı çox düşünürəm. Çox da yazıram, qeydlər aparıram. Bu yazılardan, bu qeydlərdən yəqin ki, bir kitab alınacaq. Mən hər gün insanla bağlı düşünürəm. Hər an insanı kəşf etməyə çalışıram. Təkcə toplumda deyil, həm də öz üzərimdə. Yanlışım, əyrim, düzüm, nəyim varsa, hər zaman gözdən keçirirəm. Özümə qarşı çox sorumlu davranıram, yük altındayam. Təkcə yük altında olduğuma görə yox, ona görə ki, insanam. İnsan olaraq düşünürəm ki, dünya nədir, necədir, özü bilər. Toplum nədir, necədir, özü bilər. Necə yaşayır, özü bilər. Mən heyvan kimi yaşamaq istəmirəm. Mən insan kimi yaşamaq istəyirəm. Bizdən qıraqda bəzi düşüncə yönləri var. Onlar insanı göründüyünə bərabər götürürlər.Yadınızdadır, Oğuz Türk adlı Güney Azərbaycan kökənli şəxs, mənimlə “Allah – din” qonusunda debata çağrılmışdı. Mən deyirəm, dinlər insanı aşağı duruma saldı. İnsan özünə bərabər yaşamır, yalmanır, yaltaqlanır, simasızlaşır filan. O da deyir, İnsanlıq elə budur. Adam başa düşmür, əgər insanlıq bizim gördüyümüzə, göründüyünə bərabərdirsə, o zaman sən niyə ədalət axtarırsan?! Ədalətsizlik edirlər, doğal yanaş, mübarizə aparma. Niyə barışmırsan?! Ona görə qəbul eləmirsən ki, ədalət yoxdursa, insan özündən ayrılıb. İnsanlıq yoxdur deməkdir. İnsanlıq yoxdur deyə mübarizələr var. İnsanlıq bərpa olunsun, bərqərar olunsun deyə mübarizə var. Yox, əgər elə heyvan da insanlıqdırsa, onda niyə mübarizə aparırıq?! Bütün məsələ budur. Belə doktrinalar var, belə ideyalar var, belə yanlışlar var. Asif Ata onları qamçılayır, ifşa edir. Öyrədir ki, gözün doğaya baxanda orda gözəlliklər axtarırsan, gözəlliklər görürsən. Nə bilirsən doğadakı o gözəllikdir, niyə gözəllikdir?! Çəmənlik, çiçəklik görəndə adamın ürəyi açılır. Deyirsən necə gözəldir. Nədən bilirsən gözəldir?! Çünki gözəlliyin sənin içində qaynağı var. Qaynağından baxırsan ona. Qaynağından baxdığın üçün gözəl görünür. Əgər içində gözəlliyin qaynağı olmasaydı, yəni ideal olmasaydı, nədən biləcəkdin gözəldi. Elə biləcəkdin eybəcərlikdir. Bax bütün məsələ odur. İnsanın içində hər bir gözəlliyin, aliliyin qaynağı var İnsanlıq adında. Asif Ata çağırır, ona yetin. Onda görəcəksiniz dünyada insani münasibətlər necə bərqərar olur. Gözəlliklər dünyadakı münasibətlərə necə sarılır. İnsan fərəhlənə bilir, sevinə bilir, xoşbəxt ola bilir o zaman. Bunlar yoxdur deyə insan bədbəxtdir. Əgər sizin dediyiniz kimi, adamdakı eybəcərliklər İnsanlıq adlanırsa, adamdakı əyriliyi, tülkülüyü, canavarlığı, yaxşılığı, gözəlliyi bir yerdə İnsanlıq sayırsansa, onda nə var hər şeylə barış, mübarizə aparma. Çünkü mübarizə nəyisə dəyişmək deməkdir. Bir şey dəyişilirsə, deməli, o mahiyyət deyil, üzdəkidir, dəyişilməsi gərəkən ötərilikdir. Mahiyyət sabit olandır, ölçüdür, tərəzidir. Məsələ odur. Ata deyir, Adamlıqdan çıxmaq gərəkdir, insanlığa qovuşmaq gərəkdir. Adamlıq azdır. Adamlıq ziddiyyətlidir, qarışıqdır, onda yaxşı da var, yaman da. Onda gözəl də var, eybəcər də. Onda ali də var, bəsit də. Hər şeyi qarışıb onun. Ona görə “dad yarımçıq əlindən”. Bəşəriyyət İnsanın özünə qovuşmamasının, Adam qalmasının, ziddiyyətli qalmasının ağrısını yaşayır, ona görə insan xoşbəxt ola bilmir. Bəşər haqqında ali, ülvi, gözəl şeylər sərgiləyə bilmirsən. Mübarizələr buna qulluq eləmir. Mübarizələr boşuna gedir. Bir ölkədə, bir dövlətdə ədalətsizlik var, murdarlıq var, eybəcərlik var, qıraqda da bunu sadalamalar var. Nə qədər istəyirsən de. Çıxış yolu nədir?! Neyləyək bəs?! – Əgər insan öz yerində olsa, xalq yaranar. Xalqın isə başına nadanlar, murdarlar, ədalətsizlər gəlib onu yönətməz. Ona görə Ata deyir “İnsanlaşın – İnsanlaşdırın. Bəşərin qurtuluşu İnsanlaşmaqdadır”. Biz də ona qulluq edirik. Dünyada nə baş verirsə versin, hansı yöndə mübarizə gedirsə getsin, özü bilər.
Biz heç kimə əngəl olmuruq. Ancaq deyirik, mübarizə aparan insanların özü İnsan olmasa, onların mübarizələrinin sonucu olmayacaq. Özləri şəxsiyyətə çevrilməsə, özləri içindən təmizlənməsə, özləri insanlaşmasa, heç bir mübarizə istənilən effekti verməyəcək. Ədalət bərqərar olmayacaq. Ayrı-ayrı tərbiyəli adamların, yaxşı adamların olması azdır. Satmayan, satılmayan, yenməyən, yenilməyən, sağlam düşüncəli, ləyaqətli insanlar gərəkdir.
Çox adam deyir, mənim yaxşı olmağımla dünya düzələcək?! – Yaxşı ol, görəcəksən necə olur. Sən kamil ol, gör nələr dəyişəcəkdir. Dünya sənin varlığından başlayır, onu görəcəksən. Hər kəs özündən sorumludur. Hamı deyir, bir mənimlə nə olacaq?! Gəlin, hamımız deyək, tək mənim düzəlməyimlə dünya nə olacaq?!– “Mən”lər birləşib xalq olacaq.
Bizim hesabatlarımızın biri xalqlaşma adlanır. Biz xalqa Asif Atanın sözünü çatdırmaq istəyirik. Səfərlər edirik, insanlarla görüşlər keçiririk. Onlarda insana inam yaratmağa çalışırıq. İnsana inanmasan, qurulmayacaq, yaranmayacaq. İnsan da birinci sən özünsən, səndən başlayır. İnanmasan özün qurulmayacaqsan. İnsana inam əslində özünə inamdır. Ata deyir, içində yanlışların, qüsurların, xəbisliklərin nə varsa, onlara qarşı amansız ol. Ancaq özünə qarşı inamsız olma. Amansızlığın qoy özünütəsdiqə gətirib çıxarsın. Sən buna inanasan, amansızlığın özünütəsdiqə gətirib çıxaracaq. Xalqlaşma hesabatımızın əsasında bu durur. Topluma nə dedim, nə deyə bildim, Atadan hansı hikmətləri çatdıra bildim. Bir söz dedin, bəsdir. Hökm deyil, min söz deyəsən. Birini demək belə uğurdur. Tələsməklə quruculuq olmur. Dağın zirvəsinə qalxanda heç bir ağıllı adam yüyürməz. Bizim yolumuz yüksəkliyədir, daim zirvələrə doğrudur. Çətinliyə doğrudur. İki gün Atadan bir şey öyrəndik, o saat “bu dünya niyə düzəlmir” deyə sonuc aranmaz. Bu qədər topluma söz deyirik, heç eşitmirlər deyib sonuc gözləsən inamın sarsılar. Belə düşünmək o deməkdir, sən özün üçün dəyişməyə başlamamısan. Ən böyük sonuc insanın başlamağıdır. Ən böyük sonuc sənin öz içində özünü tapmağındır. Ondan sonra başlayır hər şey.
Mənim bu gün Ailə Günündə deyəcəyim sözüm bu qədər. Sözümü Ataya səcdə ilə bitirirəm. Ataya səcdə Şəri yenməkdir. Çünkü insanı Atada tapdıq. İnandıq ki, insan dəyişə bilər.
Atamız Var olsun!
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə Ailə Günü sona yetir.
Səsdən sözə çevirdi: Nurtəkin Atalı
Köçəri Ayı, 45-ci il.