Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” Törəni

Ocaq Günsırası ilə 20 Xəzan Ayı, 46-cı ildə (oktyabr, 2024) “Uluyol-Hünər” Ailəsi “Ailə Günü” Törəni keçirdi. Ocaq quralları yerinə yetirildikdən sonra Ailə yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Ay içində oxuduqlarım, araşdırdıqlarım olub. Onları sizinlə bölüşmək istəyirəm.

Həyatla görüş, həyatı anlamaq bəzən kədər yaradır insanda. Bu günümüzdə adamların etdikləri, dünyanın durumu, millətin durumu kədər yaradır. Çıxılmazlığa düşür adam sanki bir anlıq – gerçəklik çıxılmazlığına. Bəzi olaylar isə adamı tamam inamsızlığa sürükləyir. Sevgisizlik, dəyərsizlik, gələcəyə inamsızlıq. İnsanı ideala inam xilas edir. Çıxılmazlıqda  çıxış yolu görmək, kədərə üstün gəlmək. İnsan idealla,  ideala yetməklə xilas olur.
Bəzən söhbət edəndə adamlar elə danışırlar ki, elə bil, biz bu həyatda yaşamırıq. Biz yaşayırıq, gerçəkləri də görürük. Ancaq çıxış yolunu da görürük. Heç nəyi inkar etmədən, olmalı olanı içində yaratmaq gərək. Ata deyir, dostun xəyanət etsə də, dostluğa inamın itməsin. Bu anlamda yaşamaq üçün gerçəkdən də güclü olmaq gərəkdir. Çünkü olmayanı yaratmaq üçün özündən başlamalısan.
Mən amalı aqibətimə çevirmişəm. Ancaq bəzən ondan uzaqlaşıb, bəzən yaxınlaşmaq bütöv aqibət deyil. Həyat qayğılarına özümü vermişəm ayrı-ayrı anlarda, amalçı kimi yaşamağa çalışmışam. Daha çox özümü suçlamışam, suçladıqca da özüm öz gözümdən düşmüşəm. Özümə qarşı tələbim olub, ancaq o tələbi yerinə yetirməyə inadım və inamım yetməyib. Özünü suçlamaq özünə inamsız yanaşaraq, özünü gözdən salmaqdır. Özünə tələb isə özünü sevərək böyütməyə çalışmaqdır. Heç nə asan deyil. Ən böyük sevgi mənim özümdən gəlməlidir. Ruhumla bağlı uyumlu şəkildə yaşamaq, ən birinci özünə dayaq, dəstək olmaq gərəkdir. Ən başlıcası isə getdiyim yolda dayanmamaq.
Bəzən olaylarda ilişib qalıram niyəsini anlamaq üçün. Adamlar adamlığın tələbində, istəyində yaşayırlar, İnsanlığın tələbində deyil. Toplumdan bəzən haqq-ədalət istəmək də yersizdir. Toplumu haqq-ədalət mənasına yetirmək üçün isə çalışmaq gərəkdir. Hansı yöndən düşünsən, İnsanilik gərəkliyinə gəlib çıxırsan. Sorumluluğu onda daha yaxşı anlayıram.
Atanın bir sözü var – ya Mütləq, ya heç nə. Qəti şəkildə qoyur məsələni. Ya ağ var, ya qara. İmtina mütləqiliyinə yetmək üçün seçim qəti olmalıdır. Qarşıda qoyulan məqsədə getmək üçün yanlış yollardan, əməllərdən imtina gərək. Yüksək düşüncəyə yetmək üçün yanlış düşüncədən imtina gərək. İmtinanı biz dahilərin, qəhrəmanların ömründə gördük. Son ana qədər ideyalarına sadiq qalan dahilər imtinaları ilə böyüklüklərini təsdiq etdilər. İmtinaları ilə öz özlərini, ömürlərini təsdiq etdilər. Gözü göydə olanın yerlə işi olmaz. İşığı seçən qaranlığa dönməz. Həqiqəti dərk edirsən, Mütləq anlamına çatırsan. Hər zaman həqiqət o qədər dəyərləşir insanın ömründə, anlayırsan ki, onu qorumaq, yaşatmaq üçün adiliyindən imtina eləməlisən. Özün olaraq qalmaq üçün, fərəhini qorumaq üçün keçici olandan imtina eləməlisən. İmtina ölçüdür, yoluna yaramayan nə varsa, güzəşt etmədən sərgilənən durumdur. Özünə inamın mütləq səviyyəsini qorumaqdır  imtina. Özü olmamamaq qorxusunu qəti şəkildə dəf etməkdir imtina. Qorxu elə bir şeydir ki, onun çalarları çoxdur. Qorxu adamı çox şeylərə bağlayır. Bəzən ruhunun əl-qolunu bağlayır. O qorxunu necə öldürmək olar? Mənaya, həqiqətə yetməklə. Yetərkən də ruhsuzluğa endirən nəsnələrdən imtina etməklə. Özümlü olmaq, özümlüyə yetmək böyük gücdür. İçində həqiqəti yaşadırsansa, yalanı tam öldürməlisən.
Yazıya gələn düşüncələrim azdır. Atanı oxuduqca son yaşadığım olaylara, həyata baxışım daha da aydınlaşır.
Bu ayda mənim ardıcıl xalqlaşmalarım olub. Sosial şəbəkə üzərindən ardıcıl bir neçə adamla söhbətlərim olub. Gənc Türk Yazarlar Birliyinin tədbirində iştirak elədim, bəzi insanlarla söhbət elədim, buraxılış verdim, günsıra verdim. Onların bəziləri ilə söhbətlərimiz davam edir. Yasin Türksoyla yaxın bölgələrdən birinə səfərə çıxdıq. Gənclər evinə, Kitab Evinə, muzeyə  getdik, söhbət etdik. Ali məktəb qarşısında bəzi tələbə gənclərə buraxılış, günsıra verdik, bəzi tələbələrlə söhbətim davam edir. Bu ay xalqlaşma fərəhim var.
Gənclərlə görüşdə bir şeyi anladım, gənclər Asif Atanı tanımırlar. Bu, əslində böyük sorumluluqdur, nə qədər iş görməliyik ki, gənclər Asif Atanı tanısın.

Günev Atalı (Ataya Səcdə edib Bayrağı öpür – N.A.):  Atayla təmasda olanda o sənə yeni bir əhval gətirir. Sözünün, düşüncənin təsdiqini Atadan alırsan. İnsanda çox böyük bir əhval və təpər yaradır. Şər – qarşında aciz görünür.
Son çağlarda Mopassandan oxumuşam, eynilə bizim Mirzə Cəlilin hekayələrinə  bənzəyir.
Öz dövrünün eybəcərliklərini hekayələrində göstərir.
Füzulinin “Leyli Məcnun”unu oxumuşam. Mən onu cavan vaxtı oxumuşdum. İndi bu yaşımda oxuyanda cavan vaxtımda, o odlu-alovlu vaxtımda görmədiyim məqamları görürəm. Elə əhvallar görürəm, heyrətdən tüklərim qabarır. İnsanın nə qədər içsəl böyüklüyü olar ki, elə bir böyük əsər yaradar. Adi bir ərəb əfsanəsini böyük türk oğlu Füzuli göylərə qaldırdı. Düzdür, ilk yazar, ilk “Leyli Məcnun”u bizim böyük Nizami yazmışdı, ancaq zirvəyə Füzuli qaldırdı. Çünkü orda duyğusallıq, idrak çox yüksək səviyyədədir. Nizamidə bir az həyatı şeylərin, yanaşmaların etkisi var, ancaq Füzulidə elə zirvədən gedir ki, söhbət. Ona görə mən onu cavanlıqda anlaya bilməmişəm, eşq hekayəsi kimi oxumuşam. Qəzəl janrına vurulmuşdum, çoxlarını da əzbərləmişdim. Ancaq indi orda gördüklərimi o vaxt görməmişəm. İnamlı qardaşım da deyir ki 70 yaşında “Leyli Məcnun”u oxumaq adamdan nə tələb edir. Əhval məsələsi var burda, böyüklük məsələsi var.
Kamilləşməyimlə bağlı özümdə yeni-yeni fədakarlıqlar aşkarlayıram. Kamilliyə dəlalət edən hallar. Bayaq vurğuladım, şər gözümdə çox kiçilib. Heç ağlımın ucuna da gəlmir ki, kimləsə qarşılaşanda mən Atanın ideyalarını, düşüncələrini, nizamı pozulmuş bir dünyanın səbəbini və əlacını göstərəndə kimsə ona etiraz etsin. Etiraz edən olar, onu mən elə gözəl qarşılayıb, elə gözəl yerində həqiqəti verə bilirəm ki, bu da mənim kamilliyimdən yaranır.
Atanın sonevini təmir elədik. Qardaşımız Bilən vəsaitin əsas hissəsini maddi olaraq ödədi. Soylu qardaşla orda 4 gün qaldıq, təmir etdik.
Beyləqandakı İnam Evi bizim maddi ölçüdə çox yüksək bir məbləğ olan vəsaitlə müəyyən işini gördüm. Demək olar, tamamlanıb, bir işi qalmayıb. Əgər fasadı ağartmaq işini nəzərə almasaq, iş tamam bitib, tam hazırdır. Bu işləri görmüşəm. Atagün adında bir kitab hazırladıq. Qardaşıma, bacılarıma bu kitabın korrektəsi, redaktəsi üçün minnətdaram. Özümün gücümdən yuxarı idi bu iş.Onların sayəsində bu işi sonlandırdıq. Ocaqçılıq yolu, ruhani bioqrafiya kimi yazılıb kitab. Hər hansı bir Ocaqçının Asif Ata həqiqəti ilə yanaşı qarşısına saysız-hesabsız əngəllər çıxır, bunları necə aşmışam. Bu həyatımda baş verən şeylərdir, bunu bir məcmuu halında,Yükümlümüzün israrlı təkidindən sonra yazdım. Bu ağlıma çatdı ki, gərəkli olan bir kitab olacaq. Ocağa yaxınlaşan bilsin onu nələr gözləyir. Əngəlləri necə aşmaq lazımdır. Bəlkə bugünkü durumumdan deyirəm, çətin heç nə görmürəm. Həmin məqamların özündə də belə o əhvallar mənə güc verirdi, o əngəllər mənə güc verirdi. İslamın qatı bir regionunda İnam Məbədini giriş tik, qaldır. Bu əməlli-başlı döyüş bayrağı qaldırmaqdır. Bu, hər hansı bir odada oturub yazmaq deyildi, bu əməlli-başlı bayraq qaldırmaq idi. Böyük bir ərazidə böyük bir bağ salmaq üçün orada Atanın ilk dəfn olunduğu yerdə məbəd qaldırmaq, Atanın İnam Evini qaldırmaq. Mən ilk Ocağa gəldiyim gün Ataya söz vermişdim öz əllərimlə bu məbədin tikintisini tikməyə. Çox yaxşı da oldu ki, o alındı. O alınmasaydı, Ataya verdiyim söz niskil kimi ürəyimdə qalardı.“Atagün” kitabını da – mənim adım Günevdir, Atanın Günevi mənasında, bir də elimizi-obamızı, Beyləqan ərazisini biz Atagün adlandırmışıq. İlk Ruhsal Ailəmiz də orda “Atagün”Ailəsi olubdu. Ona görə kitabın da adını belə seçmişik. 10-15 günə çap olunar.
Qırx-əlli il öncə Şamaxını əl-ələ verib gəzdiyimiz bir dostumun telefon nömrəsini əldə etdim. Ona zəng elədim, vaxtilə müəllim işləyib, indi təqaüddədir. O mənə dedi, mən sənin görüşünə bir  Beyləqanlı ilə gələcəm. O da mədəniyyət işçisidir. Vədələşdiyimiz yerdə görüşdük, çəkilib bir tərəfə söhbət etdik. Onlar Atanı tanıyırdılar, eşitmişdilər. Ancaq yarımçıq bilirdilər. Onlara Atanı deyən adam tam deyə bilməmişdi. Atanı adi bir filosof kimi, peyğəmbərliyə iddialı bir insan kimi tanımışdılar. Ancaq Atanın peyğəmbərliyini də açmaq lazımdır – nədədir onun peyğəmbərliyi? Peyğəmbərlik elə-belə söz olaraq fars sözüdür. Xəbər gətirən, yeni bir təlim gətirən mənasındadır. Ancaq biz Asif Ataya “Ata” deyirik, anlam baxımından biz ona peyğəmbər deyirik. Peyğəmbərlik funksiyasını, missiyasını Ata götürüb çiyninə. Dünyanın nizamını, yönünü dəyişmək. Çünkü mövcud təlimlər bəşərin nizamını ayaqda saxlaya bilmir. Bu dərin tələbdən, ehtiyacdan yarandı Asif Atanın dünyaya gəlişi. Asif Ata dünyanı öyrəndi, gördü ki, türkün dünyanın münasibəti ögeydi. Azərbaycanın heç adı yoxdur dünya tarixində. Ancaq dünya mədəniyyətinə Azərbaycan qədər böyük mədəniyyət verən olmayıb, türk qədər böyüklük verən olmayıb. Ata görüb ki, türkün özünün özünə yanaşmasında qüsurlar var, özünü sevməmək, başqasına yarımaq. Başqa düşüncəyə daha çox qulluq elədi, nəinki özünə, nəinki öz dəyərlərinə yiyəlik elədi. Asif Ata “Azərbaycanımız-Azərbaycanlığımız” dəyərlər sistemini müəyyənləşdirdi. Bizi xalq edən bu dəyərlərdir. Bu dəyərləri də yaşatmaq üçün nə etmək lazımdır?
Hər gün mənim xalqlaşma işim olur. Bir gənclə söhbətim oldu. Dövründən, zamanından gileylənəndə dedim ki, biz təkcə gileylənmək yox, həm də səbəbini, əlacını axtarmalıyıq. Bu söz onu tutdu ki, nə demək istəyirsiniz? Onunla söhbətə başladım, ədəbiyyat verdim. Çox böyük heyrətlə  “nə yaxşı ki, belə bir fəlsəfə var, nə yaxşı ki, Ata belə bir İnam yaradıb”. Ancaq deyəndə ki, gəl əl-ələ verək bir oturaq, 2 saatlıq söhbət edək, buna vaxt tapmır. Bugün onu bura dəvət eləmək istədim, ancaq qəti əminəm, sözüm yerə düşəcəkdi. Bu kimi insanlar hər gün rastlaşdıqlarımızdır. Meyil var, heyrət də var. Ancaq illərlə yığılıb qalan ətalət varki, o ətalətin pozulması üçün  insanın özü-özünü dərk etməsi gərəkdir. Mən dünyanın ən gözəl nemətini sənə göstərə bilərəm. Ən gözəl düşüncəni suna bilərəm. Özündə əgər ona doğru addım atmaq yoxdursa, özündə ondan tutmaq, yapışmaq yoxdursa, mənim əlim havada qalacaq. Xalqlaşmada mənim gördüyüm heyrət var, sevinir, inanır, ancaq evindən çıxa bilmir. Bir evindən çıx, bu dağın o biri tərəfinə keç, sözümüzü deyək. Mən Şamaxının o dağ silsilələrində qapı döymüşəm. Görməzə-bilməzə olmayıb, sadəcə soraq eşidib fəlsəfə fakültəsini bitirən məktəb direktoru ilə görüşmüşəm. Ədəbiyyat götürüb, gedib onun qapısını döydüm. Görüşdük, söhbətlərimiz çox yaxşı oldu, sonra ailə üzvləri toplaşdı söhbətin şirinliyinə. Orda bir neçə evə elə getdim. Getdikcə də ümidim artırdı. Bu millət elə-belə deyil axı. Bu millətin dərinliyi var.
Orda bir abidə qururdular. Soruşdum “kimdir”, dedilər unudulmuş bir şəxsiyyətdir. Türk sufilərinin mürşüdü olan Ömər Sultan Avaxınlı. Türkiyə mətbuatında belə bir yazı gedibdi. Türk tədqiqatçıları, Azərbaycan tədqiqatçıları axtarıblar bu ərazidə, burda belə gedib ki, Məlhəm kəndindən yuxarıdakı dağ silsilələrinin ətəyində yaşayıb bu adam. Ancaq hardadı bilinmir qəbri. Bütün pir deyilən sonevlikdə qəbirləri qazıblar həmin kənddə. Daş kitabə çıxıb. Mən o tikintidə işləyənləri yığmışam, yaxşı söhbət aparmışam. Bir fikir verin, İnsanlığın yoluna öz həqiqətilə işıq saçan bir kəsi 650 ildən sonra torpağın altından dartıb çıxardıb, onun işığını göstərirlər. Böyük heyrətlə dinlədilər, onlara da ədəbiyyat payladım. Çox belə söhbətlərim olub.
İmtina mütləqiliyi haqqında düşüncələrim. İmtina haqqında Budda öz sözünü deyib. Tarix öz sözünü deyib. Ancaq Buddanın imtinasını biz yetərli saymırıq. Asif Ata yetərli saymayıb. Buddanın imtinası Nirvana səviyyəsində, yəni bütünlüklə həyatın istəklərindən əl götürüb, çəkilib bir mağarada, hansısa bir yerdə saflaşmaq. Bu da belə bir imtina. Ancaq Asif Atanın imtinası başqa bir məsələdir. Birinci növbədə, özündəki şərdən imtina. Əgər özündəki şərdən imtina edə bilmirsənsə, nə cəmiyyətdəki şərdən imtina edə biləcəksən, nə dövlətdəki şərdən. Ola bilməz ki, bu həqiqətlə sənin işığın ətrafına düşməyə. Ola bilməz ki, səni öyrənməyələr, bilməyələr və gedib Asif Ataya çıxmayalar. Bu mümkün deyil.
Mütləq sevdalı ömürlər. Belə düşünək ki, 2 gənc bir-birini sevir, aşiqdirlər. Sən desən ki, hardasa qırıla bilər, səni az qala öldürərlər. Ancaq görürsən 2 aydan sonra o sevgidən əsər-əlamət yoxdur. Dedi-qodu, niyə? Çünkü sevgi mütləq deyil. Sevgi mütləq deyil, özündə nifrət imkanı gəzdirirdi. Dostluq mütləq deyildi, özündə düşmənçilik imkanı gəzdirirdi. Məqam gələndə o imkan çıxırdı üzə. Bu açıdan mütləq sevdalı olmaq gərəkdir.  Bunun üçün yeganə yol Asif Ataya üz tutmaq, Asif Atanı öyrənmək, adilikdən çıxmaq, şəxsiyyətə çevrilmək, öz gözündə ucalmaq. Öz gözündə ucalacaqsansa, cəmiyyətin də gözündə ucalacaqsan. Bunun üçün birsifətli Mütləqçilik gərəkdir.
Atamız Var Olsun!

İnamlı Atalı (Ataya Səcdə edib Bayrağı öpür – N.A.): İdeyaya nə vaxt ehtiyac duyulur? Fəlsəfi fikirlərə cəmiyyətin ən qarışıq, ən pozulmuş vaxtında ehtiyac duyulur. Belə  durumda insanlar ortalığa çıxır, ideya yaradır. Xalq arasında bunu yaymağa çalışırlar. Böyük əksəriyyəti də başa düşülmədən dərisinə qədər soyulub, aradan qaldırılıb. Çıxış yolunu necə görmək lazımdır ki, yenidən səhvə yol verilməsin. Cəmiyyət yağışdan çıxıb yağmura düşməsin, öz yolunu düzgün tapsın, bəşəriyyət  tarix boyu elə eyni yolu keçməyəcək ki? O, mütləqçilik yoluna gəlib çıxaracaq. Mütləqə İnam dünyabaxışı böyük bir səviyyə ortalığa qoyur. İnsanlik çox nəhəng bir tələbdir. Bu tələb olunmasa, cəmiyyət  də düzəlməyəcək. Heç zaman düzəlməyəcək. Bu tələb cəmiyyət içərisində nə cür qəbul olunur. Cəmiyyət düşüncə dairəsi dar olduğundan, müəyyən ideyalarla insanlar yükləndiyindən, bu ideyalardan qırağa çıxa bilmədiyindən insanilik anlayışını ağır qəbul edirlər. Günev qardaşımız yanğıyla, ehtirasla elə izhar elədi, biz onu burda başa düşürük. Ancaq bu cür izharlar cəmiyyət arasında duyulmur, qəbul olunmur. Nə mənada? O mənada ki, camaatın durumu bu gün ancaq onun məişətinə, güzəranına yönəlib. Bunları başa düşmək onlar üçün çətindir. Bizim də məqsədimiz odur ki, xalqımızın, millətimizin arasında bu ideyanı yayaq.İnsanların ürəyinə hopdura bilək. Cəmiyyətin səviyyəsini qaldırmaqla xilasına nail olaq.
Sizə bir yazımı oxumaq istəyirəm.
Qanında el məhəbbəti,canında Vətən eşqi olan soydaşlarım!
Ürəyinizdə Günəş olsun!
Baxanda, biz – sadə insanlar hamılıqla çətin yaşayırıq. “Dözüm” sözünün şərin dilindəki ironik mənasında deyil, hərfi mənada bundan da çətininə dözərdik. Ancaq ki, bunun Ədalətin tələbindən doğduğuna inansaydıq.”El ilə gələn dərd toy-bayramdır” – deyib babalarımız. Ancaq ki, “dəvənin ovsarını eşşəyin quyruğunda” görməsəydik.
Hər birimiz həyatımızda yalanların, haramların, idarəçiliyimizdə isə rüşvətin, monopoliyanın, korrupsiyanın, saxtakarlığın, tayfabazlığın əzablarını çəkirik. Bununla belə, o Vətən övladları təqdirəlayiqdir ki, yalnız məişəti ilə, gün-güzəranı ilə yetərlənmir, cəmiyyətimizin düzəlməsi, insanımızın azadlığı, millətimizin həqiqi müstəqilliyi üçün düşünür, çabalar göstərir. Yazırıq, şikayət edirik, sosial şəbəkələrdə deyirik, tənqid edirik, ara-sıra tətil edirik, özlüyümüzdə mübarizə bildiyimiz bütün üsullara əl atırıq. Ancaq heç nə dəyişmir,cəmiyyət də, şərait də öz diktəsində qalır. Belə çıxır ki,biz “düşmənin dəyirmanına su tökürük”. Ona demokratiya görüntüsü veririk. İnsanlarımızın isə qulaqlarında “döyənək” yaradırıq, içindəki əzabları hay-həşirdə püskürüb sakitləşir, yuxuya dalır. Bəzən şər özü də bu üsula əl atır. Əsasən, bəzi deputatların diliylə də özünü açıb-tökür, ictimai qəzəbin “köpünü” alır. Hamı hər şeyi bilir, əməli həyatda isə heç bir dəbəriş yoxdur.
İnsanlarımızdan əvvəlcədən üzr istəyirəm, kobud da çıxsa, bəlli misallardan çəkmirəm ki, bəlkə kimlərdəsə bir təsir oyada-deyirəm. Deyir,bir molla bir keşişdən soruşur: Ay keşiş,rəsmi arvadlarımdan başqa, iki-üçünü də siğə etməsəm (islam buna icazə verir) dözəmmərəm. Siz arvadsız necə qalırsınız? Keşiş cavab verir ki, biz də dözmürük, özümüzü sağa-sola çırpırıq, görürük ki, heç nə yoxdur (xristianlıqda “müqəddəslərə”evlənmək qadağandır) sönürük, susuruq, dözürük.
Azadlıq ərməğan verilmir, pay verilmir. Onu qazanasan gərək. Necə?
Qol-qıç zamanı keçmişdə qaldı, insanlarımız da, millətimiz də itirdi, “başqalarına yaradıq, özümüzə yox”. Elm-texnika əsri də gözümüzü qamaşdırmasın, o da yaramır. Ən azı, Ermənistana nəzərən qalib ölkəyik. Hanı? Təkcə həssas yerimiz olan qazilərimizi götürək, dolanışıqdan ötrü özlərini yandıranlar var, ölkənin aşıb-daşan sərvətini isə, müftəxorlar dədə malı kimi həzm-rabedən keçirirlər. Biz isə inciməkdən, deyinməkdən o yana çıxa bilmirik. Deyirsiniz ki,nə etmək olar? Bizdə parazitlik oturuşmuş sistemdir. Sistemə qarşı da sistemli döyüş gərəkdir. Bizdə də o alınmır, tək-tək mübarizləri də şərləyib susdururlar.
Deyirik ki, 90-cı illərin əvvəlində ki, bu sistem yox idi. Ondakı mübarizə üsulu bu sistemi yetirdi. İndiki mübarizə üsulumuz o zamandakından nə ilə fərqlənir? Əminliyimiz var ki, bu mübarizəmiz qələbə çalsa belə, onu Xalq Cəbhəsinin 90-cı illərdəki aqibəti gözləmir? Hələ xarici müdaxilələr  də istisna deyil. Mənim igidlərimizin bu günkü mübarizəsinə kölgə salmaq fikrim yoxdur.Başa düşürəm ki,bu gün aldığımız nəfəsdə də borclu çıxmırıqsa, onların hesabınadır. Sözüm ondadır ki, bütün bu mübarizələrimizlə yanaşı, bir böyük mübarizə də fikirləşək ki, geriyə dönüş olmasın.
Bu günün ən populyar ideyası-demokratiya, bazar iqtisadiyyatı, azad rəqabət tələbləridir. Bəşər bunların da sınağından çıxıb. Qan-qada isə azalmayıb. Bir sistemdə ki, təbəqələşmə, rəqabət, maddiyyatçılıq, cəhalət qalacaqsa, ondan nə insana, nə də millətə nə azadlıq, nə də müstəqillik gözləmə.
Bəs belə isə,biz nə istəyirik?
Biz deyirik ki, insan düzəlməlidir. İnsan düzəlməsə, heç nə alınmayacaq.Ən gözəl sistem belə İnsanlığı olmayanın əlində zamana bənddir.
İnsanlıq olsaydı…Hələ müftəxor sülaləni pozulmuş zümrə kimi bir yana qoyaq. Adi insanlara nə deyirsən? Məsələn,ənənəvi saxtakarlığın son deputat seçkisində, komissiyanın tərkibində olub, özünü qazi kimi təqdim edən birisi, bülletenlərin topa ilə qutuya salınmasına etiraz edən jurnalistin üstünə bağırmasının məsuliyyətini başa düşərdi. “İlana zəhər verən kərtənkələ”liyi özünə sığışdırmazdı. Dediyinə görə, hələ qazi ola-ola.Canavar arıq quzuya süd verir ki, kökəldib yesin. Quzu da elə bilir ki, onu bəsləyirlər. Sən kimə,necə və nədən ötrü…?
İnsanlıq olsaydı…Cəbhə hakimiyyətdən yıxılarkən şər: sizin hər on qoruyucunuzdan doqquzu mənim adamım idi – deyə bilməzdi. Mən başa düşürəm, bu təxribat söz də ola bilər, ancaq hər halda etibar, inam da olmalıdır. Yalmanmayan,yaltaqlanmayan, aldanmayan, satmayan, satılmayan etibarlı, inamlı insanlar olmalıdır. Bu da özü-özünə başa gəlmir.Onu yaratmaq gərək.Necə?
Biz balaca ölkəyik. Ənənəvi qaydalarla azadlığımızı, müstəqilliyimizi tam olaraq qura bilmərik. Böyük ölkələr dünyanı çalxalamaqla özlərindəki demokratiyanı, bazarı qismən tarazlıqda saxlaya bilirlər. Bizə tam olaraq müstəqillik imkanını, yəni bizdən mənimsədiklərinin qədərində bizə də mənimsəmək imkanı verməzlər.
Bu səbəbdən də biz, Böyük mübarizəmizdə qeyri-adi Yol seçməliyik! Qədimliyimizə bir balaca ekskursiya edək. Babəklərimiz, Nəsimilərimiz əfsanə deyil, keçmiş də deyil. Bu dəyərlərimiz Mübariz İbrahimov, Polad Həşimov və Qarabağ müharibəsinin minlərlə qəhrəmanlarımızın simasında yeniləndi, üzə çıxdı. Deməli,əsrlər boyu başımızın çəkməyinə baxmayaraq, millət olaraq potensiyamız yaşamaqdadır. Bu səbəbdən də Böyük işlər görməkdən qorxmaq lazım deyil.
Bu gün insanımız o qədər sıxıntı içindədir ki, “insanilik” dedikdə əsəblərinə toxunur. Müftəxorlar o qədər hədəqədən çıxıblar ki,insanlarımız xilaslarından çox,qisas düşünürlər.Onlar deyirlər: İnsanlıq – mərhəmət deməkdir, insaf deməkdir, ədalət, saflıq, doğruluq, halallıq, ləyaqət, mənəviyyat deməkdir. Bu sözlər ən çox o adamlara gərəkdir ki, onlar İnsanlıq qarşısında qara çəpərdir. “İnsanlıq” ən çox o məxluqlara yönləndirilməlidir ki, xalqın malına, canına siçovul sürüsü kimi daraşmasınlar. Biz adi insanların onsuz da belə imkanları yoxdur.
Bax burda, “Kərəmi ağlamaq tutur”. İmkanınız olsa necə, sizə təkliflər gəlsə, necə? Təmizliyinizi qoruya bilərsinizmi? Yaxud indiki halınızda olanlarla bir araya gələ bilərsinizmi? İnsana mane olan nədir?
Əvvəlcə görək düşüncəmizdə bir yana çıxa bilirikmi? Təbəqəsiz, rəqabətsiz, yağısız bir cəmiyyət təsəvvür edə bilirikmi?
Biz deyirik, insan özünü nə qədər bioloji, sosial varlıq kimi görərsə, heç nə alınmayacaq. İnsan nə qədər özünün Əzəli Mahiyyətinə – Ruhani-mənəvi varlığına üz tutmayıbsa, heç nə alınmayacaq. Bu hal da heç bir mübarizə ilə, söz ilə başa gələn deyil. Bunun üçün ideya lazımdır, məktəb keçmək, Yol getmək lazımdır.
Fərəhliyik ki, belə bir məktəb, belə bir Yol Bakımızda yaranmışdır. Biz nəinki özümüzə qayıda bilərik, bütün Şərqə, bəşərə müəllimlik də edə bilərik. Bu utopiya deyil. Bizim kökdən gələn,bu gün də imkanımızda yatıb qalan belə bir potensiyamız var. Sadəcə yuxudan oyanmağımız gərək.
   Bəşəriyyət bütün ideyaları sınaqdan keçirib. Sosializm, kapitalizm, dinlər  hamısı gəldi, aradan çıxdı getdi. Nə düzəldi? Qan-qada azaldı? Yox, azalmadı. İnsanilik ideyası da insanlara niyə çatmır? Ona görə çatmır ki, insanları elə günə qoyublar ki, millətin başı ancaq öz məişətinə, balaca işlərinə qarışsın. Biz onu o həyatdan qopartmaq istəyirik. Böyük bir mübarizə səviyyəsinə qaldırmaq istəyirik.
Qardaşımızın, bacımızın izharı adamın qəlbindən hay verir. Bu izharlar çörək dərdində olan insana çatmır, çünkü onun beynindəki abu-hava tamam başqadır. Ancaq biz də istəyirik ki, həmin çörək dərdində olan insanların səviyyəsi dəyişsin. Ailələşmə yolu seçmişik. Mütləqə İnam dünyabaxışının yayılması üçün. Asif Atanın qoyduğu xətt bu cürdür. Bu kütləvi şəkildə mümkün deyil. Fərd-fərd, tək-tək insanları, hansısa ürəyində hardasa qığılcım olan  insanları yörəmizdə toplayıb çevrəmizi genişləndirməklə, bütün millətimizi ailəyə çevirmək üçün millətimizi ailə tələbləri əsasında qurub yaratmaq. Bizim istəklərimiz budur.
Atamız Var olsun!

Göytəkin Atalı (Ataya Səcdə edib Bayrağı öpür – N.A.):Ailə Günümüzün tələbatına uyğun olaraq, Amallaşma,Kamiləşmə, Xalqlaşma hesabatına başlayım. Tolstoyun son dönəmlərdə iki kitabını oxumuşam –“Etiraf” və “Sergi ata”. Bu kitabları bir il öncə oxumuşdum, ancaq mənə elə gəlir ki, bir az tələsik oxumuşdum, yenidən oxumaq ehtiyacı duydum. Kitabı oxuduqca düşüncələrimi qeyd eləmişəm, bəzilərini şifahi, bəzilərini də yazılı şəkildə demək istəyirəm. Son dönəmlər daha ciddi düşünməyə çalışdığım “ölüm nədir” sualına cavabla bağlıdır. Bu suala qayıtmışam, sərbəst olaraq rahatlıqla qorxusuz düşünmüşəm. Bu da mənim düşüncələrimin necə dəyişildiyini göstərir. Çünkü həmişə bu məsələ mənim üçün qorxu və müəmmadan başqa bir şey deyildi. Mənə sadəcə bir şey bəlli idi ki, ölümü unutmamaq. Ölümdən sonrakı həyatı da unutmamaq, daim xatırlamaq. Mən elə bilirdim, insan üçün ən tutarlı səbəb bu ola bilər ki, doğru yol tutsun.
Ancaq özüm bu cür düşüncədə olmağıma baxmayaraq, bu mənim özümdə də həmin müəmmanı, qorxunu aradan qaldırmırdı, əksinə, qorxunu bir az da artırırdı. Daha da irəlilədikcə mən anladım ki, ölüm insanlar üçün nəinki bir ibrətdir, ölüm özünü, həyatı dərk eləməyən insanlar arasında elə ortam yaradır ki insanlar öz riyakarlıqlarını, ikiüzlülüklərini ortaya qoyurlar. Anlayanda ki, bu çıxış yolu deyil, istər ölümü düşünmək, ya ölümdən sonrakı həyatı düşünmək çıxış yolu deyil, müəmma bir az da artırdı. Ancaq indi düşünürəm bu qorxu ilə yaşamaq ölümün olması gerçəkliyini dəyişdirmir. Ölümün var olmağını qəbullanıb, onu yox edə bilməmək üzərində yaşam qurmaq, ömrü yaratmaq  gərəkdir. Əslində ölümü, ölümdən sonrakı həyatı daim xatırlamaq, yadda saxlamaq şərt deyil.Ölümün nə olduğunu anlamaq üçün daha geniş düşünmək, həyatı anlamağa, dərk etməyə çalışmaq gərəkdir. Bir də bu məsələni, buna bənzər digər məsələləri aydınlaşdırmağa çalışanda, insana həm qıraqdan gələn düşüncələr, həm də şüurunda daşıdığı toplumun düşüncəsi, ən yaxın çevrəsində olan insanların düşüncəsi təsir edir. Ən böyük təsiri də inam məsələsi göstərir. Əgər inanc məsələsi sağlamdırsa, insan bu aydınlaşdırmalar yoluna düşüb həqiqətə yaxınlaşır. Əgər yalan varsa, daşıdığı inancda o get-gedə həqiqətdən uzaqlaşmağa başlayır. Əvvəllər bu məndə belə idi.
Həyatını ədalətin, mərhəmətin, xeyirxahlığın tələblərinə uyğun quran, yaşayan insanlar  ölümü olmalı bir şey kimi qəbul etməyi bacarırlar. Özləri dərk etməsələr belə, bunlar insanı mənaya doğma edir. Həyatın axarı da budur. Ədalət, mərhəmət üstə yaşayan insan – gələcəyə işıq salandır. İnsanı dünyanın mənasına və yaşamağa inam yaşadır. Bu inamı ədalətin, mərhəmətin nə olduğunu dərk etmək və yaşatmaq möhkəmləndirir. Məhəbbəti, ədaləti, mərhəməti unutmaq –  yaşamağı insanın gözündən salar. Yaşatmaq isə insana həyatın mənasını dərk etdirər. İnsanın ürəyində kök salan şübhə və inamsızlıq mənfi duyğuları gec-tez üzə çıxarır. Get-gedə insan içini özünə meydan edən şöhrət, ağalıq, paxıllıq hissi mərhəməti, sevgini aradan qaldırır. Bu zaman heç bir dua və itaət insanın özünə, o cümlədən Allaha inamsızlığını bərpa edə bilməz. İllərlə edilən ibadət, göstərilən itaət, tərki-dünyalıq bəzi duyğuları, məsələn, şöhrət –duyğuların öldürülməsi üçün bəs etmir.
Rahiblik və İnsanlıq. Hər iki yol insanı mənəvi kamilliyə çağırır. Ancaq rahiblik insanı müqəddəsləşdirə bilmir. Çünkü insanın bütün duyğuları insanlarla münasibətdə üzə çıxır. O duyğuların insanlarla qarşılıqlı münasibətdə olunduğu anda ələ alınması gərəkdir. Rahiblik tərki-dünyalığı önərir. İnsanlıq isə insanlarla sıx münasibəti və özüylədöyüşü. Rahib bu dünyanın gözəlliyindən və insan sevgisindən məhrum olaraq, ömrünü başa vurur. İnsanlıq yolunu seçən isə dünyanı, həyatı, gözəlliyi dərk edərək örnək ömür yaradır.

Kamilləşmə hesabatımla bağlı. Özümlə bağlı Tolstoyun 2 kitabını oxuyarkən düşünmüşəm. Orta bəzi məsələlər vardı mənim düşüncəmə yön verən. Mənim özüm üçün ağlımda qarışıqlıq yaradan bəzi məsələlər var. Bunları bilirəm, ancaq bildiyimə baxmayaraq, bunları tam sorğulamaqdan, aradan qaldırmaqdan qaçıram. Bəlkə də bu ona görədir ki, mən həmin məsələlərin, həmin sorunların həllinin hansı cavaba dayandığını bilirəm. Ancaq bunu bilmək bəs eləmir, burda addım atmaq aşamasına keçmək gərəkdir. Bu addım atmaq məsələsini də mən təkcə qıraq təsirlərə bağlamıram, həm də mənim özümə bağlı bir məsələdir. Daha dəqiq desək, iradə zəifliyinə bağlı bir məsələdir. Bayaq Günev əmi dedi, şər öz gözümdə kiçilib. Mən hələ özüm üçün bunu deyə bilmirəm. Sorunlar çox böyük görünür gözümdə. Doğrudur, bu bir yandan sorumluluq artırır. Ancaq sorumluluqdan sonrakı aşama da var. Addım atmaq iradəyə bağlı məsələdir.
Özüylədöyüş qeydlərimdən onu deyə bilərəm, son zamanlar davranışlarımda daha çox özümü sorğulamışam.Toplumun içində davranışlarımda bəzi qüsurlar var. Davranışlarımın çoxunda özümün  fərqli olduğunu göstərmək çabası var. Doğrudur, öncələr də Ocağa yanaşmamda belə bir şeylər var idi. Hətta məni Ocağa bağlayan da bu olmuşdu – bacara bildiyini sübut etmək çabası. Ancaq sonradan Ocağın nə olduğunu anlayandan sonra belə şeylər aradan qalxdı Ocağa münasibətimdə. Ancaq toplum içində hələ də davranışlarımda belə olduğunu görürəm. Ümumiyyətlə, Ocağa qədər yanlış davranışlar, duyğularım vardı. Bunlar sanki Ocağı daha dərindən anlamağa hazırlayıb məni. Ocaq onu yaşatdıqca, nə demək olduğunu anladıqca dərk olunur. Bu dərk etməyə yol açan da əsas özünü görmədir. Zamanında görmədiyim, fərqinə varmadığım yanlışları indi görə bilirəmsə, burda artıq nə dərəcədə görə bilməyim elə nə dərəcədə irəlilədiyimi göstərir.
Belə bir qonumuz vardı  –  Mütləq sevdalı ömürlər – Amal Yoluna çevrilənlər. Bununla bağlı nə demək istəyirəm. Günev əminin kitabı ilə bağlı. Kitab həcmcə kiçik olsada, orda yer alan önəmli məsələlər var. Təbii ki, baş vermiş hadisələrin kiçik qismi orda yer alıb, ancaq bununla belə bu  hadisələrdə onun necə bir ömür yaşadığı aydın goz önündədir. Mən o anda hadisələrin baş verdiyi anları tam olaraq heç təsəvvür də edə bilmirəm, çünkü onda orda olmamışam. Ancaq məni heyrət bürüyür. Çünkü aşılan sorunların, çətinliklərin arxasında heç vaxt pozulmayan təmkin, usanmazlıq dayanır.
İnam elə bir qüvvədir ki, ən çətin durumda belə insanı güclü edə bilir. Bütün bu usanmazlıq, təmkin isə insanın inam əsasında özündə yaratdıqlarından doğur. Sözümün əvvəlində də bayaq dedim, toplumun, çevrənin etkisi böyükdür insana. Ancaq ən böyük etki inanc məsələsidir. İnsanı həqiqətə doğma edən, yaxınlaşdıran da bu məsələdir. Bu gün insanların çoxusu ciddi sorunlarla üz-üzədir. Məişət sorunları ilə üz-üzədirlər. Hər kəsin üzündə də bədbinlik ifadəsi, danışığında aqressiya var, gərginlik var. Ancaq Günev əmidə bu cür çətinliklər, əngəllər fərəhli bir hal yaradıb. Ruhani bir üz ifadəsi formalaşdırıb onda. Çünkü onun mübarizəsi həm də onun özünü yaradıb. Sevgini var edib. Bu  sevgi, fərəh əhvalı,  daimi nikbinlik əhvalı da onun üçün ən böyük mükafatdır. Günev əmiyə uğurlar dilirəm, davamlı olsun.

Ağa Cəfərli: Mən sizə məni özünüzə yaxın bildiyinizə görə təşəkkür edirəm. Soylu bəylə bu məsələləri danışmışıq. Nədənsə ehtiyac hiss etdim ki, iştirak edim. Əvvəllər  Keşlədə, sonra İçərişəhərdə, Nurtəkin xanımın “Beşikbaşı” mərasimində də olmuşam. Ordan bir reportaj yazmışam. Reportajı bəlkə 200 min nəfər oxumuşdu.  Asif Ata haqqında o vaxt balaca bir yazı yazmışdım, o da bəyənilmişdi. O vaxt yəqin ki, məişət qayğılarının təsiriylə, təzyiqiylə iş-gücə daha çox vaxt sərf olunduğuna görə, Asif Atanın yazdıqlarını daha diqqətli, daha sistemli şəkildə öyrənə bilməmişdim. Ancaq birdən-birə, doğrudan da, məndə belə bir ehtiyac yarandı ki, Asif Ata yaradıcılığına yenidən müraciət edim.Təşəkkür edirəm Soylu bəyə, mənə kitabları çatdırdı. İki kitabı oxumuşam “Mütləqə İnam” və“Yetməli Olduğunuz” bitiqləri. Nəzərdə tutulub daha 4 kitabı oxumaq. “Yetməli Olduğunuz” kitabında mən özüm üçün lazım olan sualların cavabını tapdım, çox sevindim ki, bu sualların cavabı var. Asif Ata dövlətlə bağlı, cəmiyyətlə bağlı, dinlə bağlı fikirlərini çox yaxşı şəkildə orda ifadə edib. Soylu bəylə danışmışıq bu haqda. Mənə birinci vacib o idi ki, vəhy məsələsi. O mətnlər çox böyük enerji ilə yazılıb, çox böyük coşğu ilə yazılıb. Mətnin enerjisinin olduğuna şəxsən məni inanıram ki, mətndə enerji deyilən bir şey var, o enerjini, o gücü mən o mətnlərdə hiss etdim. O enerjini hiss edəndə kitab məni çəkir aparır. Elə istəyirəm ki, gedim axırına çıxım söhbətin.
Hələ iş-güc var deyə, qalan dörd kitaba müraciət edə bilməmişəm, ancaq yaxınlarda dörd kitabı da bitirəcəm.Fikrim var Asif Ata haqqında böyük bir material hazırlayım. Qismət olsa, sizin də məsləhətlərinizlə, dəstəyinizlə böyük bir material hazırlayaq. Saytların birində də o materialı dərc etdirərik. Həmişə Soylu bəy deyir ki, mən ziyalılardan gözləyirəm. Uman yerdə küsmək məsələsi var. Ziyalılardan inciyirəm ki, niyə mövqelərini ortaya qoymurlar. Oxuyandan sonra tam dəqiqliyi ilə anladım ki, Soylu bəy nə demək istəyir. Belə bir böyük xəzinə var, belə böyük əsərlər var. Hələki, ortada bizim ziyalılarımızın mövqeyi yoxdur. Halbuki bizi narahat edən sualların cavablarını çox aydın şəkildə alırıq. Enerjili şəkildə yazılmış mətndən alırıq. Asif Ata bizim böyük hesab elədiyimiz, ciddi saydığımız mətləbləri izah edir.
Əslində ordakı sadəlikdə böyüklük var. Sadəliyin böyüklüyüdür o. Bu da Asif Atanın özündə olan güc ilə, enerji ilə bağlıdır. İçindəki enerjini o mətnə tökə bilib.
Bayaq danışdınız, Asif Atanın ideyalarını xalqa çatdırmaq məsələsi, gördüyünüz işlər. Asif Atanın kitablarını oxuyanda səs yazısı yazmışdım. Dostlarıma atmışdım o səsləri, gördüm ki, çox böyük maraqla qarşılanır. Nurtəkin xanım dedi ki, gənclər Asif Atanı tanımır. Ola bilər. Bir şair dostumuz var, ucqar bir kənddə qalır. Ona səs yazısı atanda o mənə dedi ki, mən Asif Atanın fikirlərini oxumuşam, düşüncələri ilə tanışam. Mənim dayım oğlu Atanın fikirlərini oxuyub. İmtinadan danışdınız. O həmişə Asif Atanın bir fikrini deyir. Deyirki, insanları imtinasından tanıyıram. O düşüncəni dayım oğlu hardasa oxuyub, deyir ki, həyatda o fikir mənə çox kömək olub, insanları o standartla qiymətləndirirəm deyir. Mənim üçün ölçüdür. Mən insanları imtinasından tanıyıram. “Kulis”də işləyəndə də mən hiss edirdim ki, insanlar Asif Atanı tanıyır. Xalamın yoldaşı ilə təsadüfən söz düşdü, o dedi ki, mən kitabxanada olanda Asif Atanı görürdüm kitabxanadan çıxmır, hamıdan qabaq gəlirdi, hamıdan gec çıxırdı. Gecəyə qədər orda oturub yaradıcılıqla məşğul olurdu. İnsanlar az da olsa Asif Atanı tanıyırlar, ancaq mənə elə gəlir ki, məsələ nədir. Hazırlıqsız adamın Asif Atanı oxuyub başa düşməyi çox çətin məsələdir. Çünkü onun atdığı daş, zərbə deyək, birbaşa bünövrədir. İnsanların onu qəbul etməyi çətin məsələdir. Çünkü dinlə bağlı, Allahla bağlı, dövlətlə bağlı çox sərt, sərrast fikirləri var. Cəmiyyətlə bağlı çox sərt, sərrast fikirləri var. Demirəm çox hazırlıqlı adamam, ancaq heç olmasa bir 3-4 kitab oxumalısan ki, sonra Asif Atanı oxuyasan, nəsə başa düşəsən, nəsə anlayasan, bir az da yəqin ki, insanın içi ilə bağlı olan bir şeydir. Gərək insanın içində etirazçılıq olsun, Atanı başa düşəsən. Bu mənada çətindir, ancaq işləmək lazımdır. İnsanlara kitabları çatdırmaq lazımdır. İnanıram ki, bu şeyləri yəqin ki, edirsiniz. Mən özüm üçün deyim ki, çox şad oldum yenidən Asif Ata yaradıcılığına müraciət etmək. Yenidən  Soylu bəylə, sizlərlə bir araya gəlməyə. Sizin Ailə Gününüzdə iştirak eləməyə şad oldum, hər birinizə təşəkkür edirəm, sağ olun. Bizdə sovet quruluşundan bəri məktəb yaratmış, yol yaratmış  filosof mənim yadıma gəlmir. Bu baxımdan da önəmlidir ki, Pifaqorun məktəbi olub, tələbələri var idi. Mən daha çox məktəb yaratmış adamları, öz məktəbi olan adamları filosof hesab edirəm. Bu açıdan Asif Atanın məktəb yaratmağı çox önəmli məqamdır. Yaxşı ki, siz bu işləri görürsünüz.İnsanlaşın –İnsanlaşdırın düşüncəsinin həyata keçməsi üçün, Ocağın fəaliyyəti, Ocaqdakı insanların fəaliyyəti önəmlidir. Hər birinizə uğurlar diləyirəm.

Güvən Sevilmiş: Mən Asif Ata haqqında internetdə rast gəlmişdim. Elə bilirdim ki, Güney Azərbaycandandır. Çünkü ordan olanlardan eşitmişdim. Sizin sayənizdə daha yaxından tanımaq imkanım oldu. Belə insanlar Türk Dünyasına gərəkdir. Belə dəyərlər gərəkdir. Gəncləri tanış etmək gərəkdir.

Ülvi bəy: Söylənən fikirlər çox maraqlıdır. Mənim üçün yeni oldu. Bədii kitablar oxuyuram. Burdakı düşüncələr də məni etkilədi. Mən əvvəldən türkçülüyə maraqlı olmuşam. Həmişə maraqlı olub ki, biz türkləri birləşdirən bir dəyər olmalıdır. Sizləri tanımaq mənim üçün çox xoş oldu. Bu haqda araşdırma aparmaq istərdim.

Soylu Atalı (Ataya Səcdə edib Bayrağı öpür – N.A.): Bir az bilgi vermək xarakterində danışmaq istəyirəm. Asif Ata Ocağının toplantılar üslubu var. Ocağın mərasimləri var, törənləri var. Törənlər Ocaqçıların qatqısı ilə olur. Bir də Ocağın Atadan sonrakı dönəmdə bayramlarını biz gerçəkləşdiririk. Bu bayramlar da çox maraqlı bir məzmun daşıyır. Məs, İnsanilik Bayramı. Bu bayramlarla bağlı bilgi verəcəm. Nəyə görə bu bayramların adını mən çəkirəm.
Bu gün bütün xalqlarda müxtəlif çeşid bayramlar var. Bu bayramların çoxu dini xarakterdədir, çoxusu da siyasi xarakterdədir. İndi çağımızda çox eybəcər bir gediş formalaşıb. Özünüz də görürsünüz, Qadınlar günü, kişilər günü, qocalar günü, uşaqlar günü, sevənlər günü – hər şey. Çox pis oyundur.Gündəlik insanın başını qatmaq, insanların ağzına saqqız atmaqdır. Bu gün qızlar günüdür, qızları təbrik edək. Müəllimlər günüdür, onları təbrik edək. Bunlar olduqca eybəcər, düşünülmüş oyunlardır. İnsanların başını qatmaq məqsədi güdür, insanları qlobal düşüncələrdən ayrı salır.Ona görə belə şeylərə “yox” deyirik. O vaxtlar “Xural” qəzetində bir kampaniya aparırdılar,  –  Sevənlər günü.  Mən ona qarşı bir yazı yazdım, orda İlham Tumas var, götürüb yazıb ki, Ata Günü. Ata Günüylə Sevənlər günü eyni şey deyil. Sən nə üçün Valentinlə Asif Atanı eyniləşdirirsən? Doğrudanmı bu qədər bəsit düşünürsən?Axı sənin yaratdığın Sevənlər günü – İlhamla Fərizəni guya gündəmdə tutmaq məqsədi güdürsən, ancaq bu dünyada Valentin gününə alternativ yaradırsan.Həsən keçəl, keçəl Həsən – bu bir oyundur. Dünyanın başına bir corab var, dünyanın içində gedən bir oyun var, bu oyunu gətirib milliləşdirməyə çalışırsan. Gərək deyil axı, sən millətin öz dəyərlərinə üz tut, millətin içində dəyər yarat. Oyunlardan dəyər yaranmaz axı? Oyunlardan insan ilham ala bilməz. Oyunlardan insan təpər alıb ayağa qalxa bilməz, sən onun başını qatırsan. Başqatma prosesidir bu. Nəyə görə deyirəm bunu? İnsanilik Bayramı. Asif Ata insana anlatmağa çalışır ki, sənin içində böyüklük var. Asif Atanın dediyi əslində min illərin o tayından süzülüb gələn bilginin bir məzmundakı yeni bir etki ilə ortaya çıxmasıdır. İnsan daxilində Mütləq gəzdirir. Nədir o Mütləq? Quruluşlar insanı bizə necə sunur? – Bir varlıq kimi, bioloji varlıq kimi. İmkan vermirlər ki, biz insanı tanıyaq, biz özümüzü tanıyaq. Sosial varlıq gödənə bağlı varlıqdır, məişətə bağlı varlıqdır.Sosial varlıq üçün hər şey qıraqdan gözlənilir. Sosial varlıq özü üçün özünün varlığını yaratmır. Sosial varlıq ədalətin nə olduğunu bilmir. O ədalət istəyir, ancaq ədalətin nə olduğunu bilmir. Kimdən istəyir ədaləti? Ədaləti ayaqlayanlardan. Ədaləti ayaqlayanlardan, haqqı ayaqlayanlardan haqq istəyirsən, ədalət istəyirsən. Necə verə bilər onu ayaqladığı halda? Ona görə Asif Ata məktəbi gərəkdir. Asif Ata deyir ki, ədalət sənin içindədir.  Aşkarla onu üzə çıxar, sənin içindədir. Bununla bağlı son kitabımda mən bəzi şeylər yazmışam. Bəzi məqamlar deyim. Dində deyirlər ki, islamda hər an Allahı düşün, Allahı xatırla. Əgər sən hər an Allahı düşünüb, Allahı xatırlayarsansa, onda pisliklərdən uzaq durarsan.  Müsəlman nə edir? Müsəlman səhərdən-axşama təsbeh fırlayır, sübhanallah, sübhanallah. Onun beyninə yeridiblər ki, sən bir gündə min dəfə “sübhanallah” desən, sən düşürsən avtomatik cənnətə. Allahı hər an xatırlamanın yönünə, səmtinə baxın. Sən gedib düşürsən hara – cənnətə. Sübhanallah deməklə, təsbeh çevirməklə sən Allahı xatırlamırsan, sən özünün cənnətini xatırlayırsan. Sən özünə gərək olan tamahının arxasınca, nəfsinin arxasınca gedirsən. Ancaq bizim böyüklərimiz bizə nə öyrədir? Bizə öyrədir ki, allahı xatırlamaq hər an ədalətli olmaq deməkdir. Hər an xeyirxah, mərhəmətli, doğruçu, dürüst olmaq deməkdir.Əgər sən hər an bunu edə bilirsənsə, Allah sözünü xatırlamağa gərək yoxdur. Çünkü bu dediyim keyfiyyətlər Allah dediyim məcmuya bağlıdır.O sənin içindədir, –  ədalət, xeyirxahlıq, mərhəmət sənin içindədir. Ona getməyin gərəkdir, onun üzə çıxarmağın gərəkdir. O zaman nə baş verir? Biz niyə istəyirik bunu? Bir məktəb yaransın. Niyə? Dünyanı idarə edən kimdir? Bu gün dünyanı yönətən siyasətdir. Siyasət necə yönətir dünyanı? Ədaləti öldürərək, əxlaqı öldürərək, həqiqətləri öldürərək yönətir və siyasət kapitalizm deyilən bir quruluşun nəzəri imkanların hamısını istifadə edir. Kapitalizm antiinsani bir quruluşdur. Kapitalizmdə həqiqət yoxdur, insanilik yoxdur. Pul var, puldan başqa həqiqət yoxdur. O pul ki, insanın varlığını bütünlüklə məhv edir. Biri var zərurətdir, mən gedərəm çörək alaram, bir var sən bütün varlığını pul üzərində qurursan. Bütün baxışlarını pul üzərində qurursan. Bu zaman sən öz növündən olan insanların heç birini gözə, nəzərə almırsan. Hər kəs onun cibinə girməyə çalışır, onu cibindən talamağa çalışır, onun haqqını yeməyə çalışır. Bunların hamısı niyə var? Ona görə var ki, insan özünü tanımır. Dünya baxır, insanı özünə tanıtmır, deyir sən Allahın qulusan. Qul psixologiyasından qurtara bilmir, quldarlıq quruluşunun psixologiyasından. Qul azad deyil, şüur azad deyil. Allahın qulunda şüur azad deyil. Onun üzərində qorxu var, xof var. Heç nəyi sevmir, heç nəyi dəyərləndirə bilmir, heç nəyi qiymətləndirə bilmir. Bu insan içindən aşkarlana bilməz, bu insan böyük ola bilməz. Bizim böyük şəxsiyyətlərimiz kamil insan ideyası verir. Nə deməkdir kamillik? Quldan kamil olarmı? Cahildən kamil olarmı? Geri zəkalının gödəniyyətdən başqa, qarnından başqa həqiqəti yoxdur. Onun varlığı yalnız ona bağlıdır. Belə olan halda biz dünyada ədalət axtarırıq. Kim verəcək  ədaləti? Hamı başdan-ayağa ucdantutma Allahsızdır, hamı vicdansızdır, hamı ədalətsizdir. Mütləqlik ölçüsünə baxın. Niyə? Niyə Mütləqlik ölçüsü? Niyə mütləq olan? Nisbi olan doğrultmur özünü.  Nisbi ədalətliyəm, bir az ədalətliyəm. Mən ondan bir az üstünəm, ona baxanda mənim atama rəhmət. Sadəcə bu var, ölçü yoxdur axı. Ancaq bununla belə insanlar heç nə ilə razılaşmır. İnsanlar ölkədə baxırsan nə qədər ədalət verirsən, heç biri ilə razılaşmır. Nəyə görə razılaşmır? Çünkü insanda təhtəlşüur həqiqət deyilən bir ölçü var. Ədalət bu deyil, xeyirxahlıq bu deyil, vicdan bu deyil. Nədir bəs? Onu bilmir. İdeal deyilən bir şey var, ideal ədalət deyilən bir şey var. Biz hər şeyi o ideal ədalətlə tutuşdururuq. Onda bilirik ki, bu düz eləmir. Bu ədalət tam ədalət deyil. İnsanın özünü tanıması üçün, içdən aşkarlaması üçün onun gözünü açmaq gərəkdir. Öyrətmək gərəkdir. Kim öyrədəcək? Siyasi partiyalar bununla məşğul deyil ki. Heç bir təşkilat bununla məşğul deyil. Hamısı çıxarlarla məşğuldur. Yazılarımın birində yazmışam. Bu gün kapitalizmlə döyüşən yoxdur, kapitaistlərlə döyüşürlər. Kapitalizm uğrunda döyüşürlər. Niyə o, niyə mən yox. Bir şər başqa şərlə döyüşür. Ortada şər qalib gəlir. Ata ona görə Mütləqlik ölçüsü gətirib. Ya hər şey, ya heç nə. Ya bəlkə adam düşünər ki, burda qaradan, ağdan başqa rəng də var, qırmızı, göy də var. Məsələ burdadır ki, Asif Ata qırmızı, göyü harda axtarır? Elə məsələlər var ki, orda gerçəkdən 2 rəng var. Məsələn, ədalət. İki rəng var ağ-qara. Ya ədalətli olmalıdır, ya da olmamalıdır. Ya var, ya da yoxdur. Yarımçıq, orta-filan yoxdur. Atalar deyib, qanana da qurban, qanmayana da. Dad yarımçıq əlindən. Yarımçıqdan hər şey gözlə. Bilmirsən qarşındakı eybəcərliklə çıxacaq sənin qarşısına, yoxsa gözəlliklə. Çünkü onun içində həm eybəcərlik, həm də gözəllik var. İkisi də yarımçıqdır, ikisi də azdır.
Ona görə də Asif Atanın Mütləqilik ölçüsü. Bu Mütləqilik ölçüsü də yerdən çıxmayıb, göydən düşməyib. Türkün törələri olub. O törələri oxuyanda mən inanmırdım. İnanmırdım ki, bu törələr bu cür ideal ola bilər? Asif Ata deyirdi ki, biz milli dövlət quracağıq, bu xalqı istədiyimiz kimi yönətəcəyik. Ancaq sən saydığını say, gör fələk nə sayır. Elə ki, sovet DTK-sı Asif Atanı izləməyə başladı, yanında-çevrəsində olan hər kəs dağıldı getdi, heç kim qalmadı, tək qaldı. Onda dedi ki, düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq. Asif Ata onda dedi ki, insan içindən dəyişməsə, onunla yol getmək mümkün deyil. Onunla xalq olmaq mümkün deyil, millət olmaq mümkün deyil.
Mən burda heç kimi aşağılamaq istəmirəm. Suçlamaq, qınamaq istəmirəm. Asif Ata hər şeydir, o birilər heç kimdir, demək istəmirəm. Burda gerçək həqiqətlərlə biz üz-üzə qalmışıq, biz millət olmaq istəyirik. Formalaşmağımıza nədir əngəl olan? Biz bu əngəlləri bəlirləməsək, bilməsək, onlarla mübarizə apara bilmərik. Burda əsas şərt nədir? Şərtləri bəlirləmək də hər şey deyil. Şərtləri bəlirləyirsən, millət olmağıma əngəl olan filan-filan məsələlər var, bunların ortadan qalxmasına əngəl olan nələr var, içimdə əngəllər var. Dışında əngəllər var, içimdə əngəllər var – qorxu var, nisbi millət sevgisi var, nisbi  dövlət sevgisi var, bütün nisbiliklər mənim böyük əngəlləri ortadan qaldırmağıma mane olur.
İnsanlar düşünürlər, deyirlər indi fəlsəfə dönəmi deyil. Bu cür məktəb dönəmi deyil. Hay-həşirdir, camaat acından ölür, siz də başlamısınız məktəb belə gəldi. Mən də deyirəm o zaman min il də gözləyin. Növbəti aşamada nə zaman ağlınız başınıza gələcək, bu məsələləri sıfır nöqtəsindən tərpətməyə girişəcəksiniz. Ancaq biz deyirik, sıfır nöqtəsindən indi tərpətmək gərəkdir. İndi başlamaq gərəkdir, indi olmaq gərəkdir. Çünkü bizim insanımız mənliyini itirib, bunu biz deməliyik. Niyə itirib? Min ildir türk deyə bir qövmün özünə xas heç bir şeyi yoxdur. Biz işğal olunduq. Qaçılmaz məsələlər var dilə gətirək. Bizim hər birimizin adımız, soyadımız ərəb-farsdır. Ad-soyad kimlik bildirir. Bunun altında mənim kodlarım var, bu kodlar bağlanıb. Özgəçilik bu kodu bağlayıb. Kimlik kodumun içinə girib özümü tapa bilmirəm, özümü dərk edə bilmirəm. Bunun başında ruhaniyyat məsələsi durur, birinci olaraq. Ruhani məsələ,  siyasi məsələ sonrakılardır. Birinci şərt ruhaniyyat məsələsidir. Ölçü çünkü ruhaniyyatdır. İnsan ruhani varlıqdır, mənəvi varlıqdır. Birinci xətt odur. Biz milli kimlik şurumuza dönə bilmirik. Bizə hər şeyi qıraqdan verirlər. Mədəniyyətimizi, adımızı, soyadımızı, dilimizi.
Yusuf Akçuranın “Türkçülüyün tarixi” kitabını oxudum. Böyük bir əsər yazdım ki, türkçülük siyasi proses deyil, türkçülük ruhani dəyərdir. O kitabı oxuyanda dəhşətə gəldim ki, Osmanlı türkçülüyü nə günə qoyub. Hamısının içinə kim girdi – Avropa. Avropa qızlarını verdilər, onlardan doğulanları hazırladılar, yerinə gətirdilər. İlkin Osmanlının sonrakı dönəmlərinin hamısında degradasiya ola-ola getdi, sonucda gəldi fəlakətli bir uçurum. Atatürk güclə xilas etdi. Saraylara daşıdılar ərəbçilik şüurunu, hərəmxanaçılığı. Elitar mədəniyyət faktoru fars dilinin, ərəb dilinin hakim olması. Ayrıca bir Osmanlı dili icad etmişdilər. Osmanlı dili hibrid ərəb-farscadan düzəldilmiş bir dil idi.Orada bizim şair Mehmet var idi, türkoloji türkçülər-filan. Onlar dildə türkçülük boşuna deməmişdilər, çünkü gerçəkdən orda hər şey zədə götürmüşdü. Hamısı nəyə görə – özgələşmə fəlakətinə görə. Hər şeyi sənin əlindən alıblar. İndi elə yapışmışıq özgəçilikdən, əlimizdən qoymaq istəmirik. Əlindən qoymağa çalışırsan, vurub başını yarır, sənə qarşı çıxır, səni suçlayır yadlıqlarda. Onların millət adını ortaya çıxarır, o millətçilik adına bağıranları ortaya çıxarır, sən qalırsan kölgədə. Sən həqiqətin peşindəsən, sən millətin peşindəsən, onlar boğazdan yuxarı millətin başının altına yastıq qoyurlar. Millətin başının altına yastıq atırlar ki, bunlar sözün həqiqi anlamında millətləşmə prosesini dərk etməsinlər, bu sürəcə başlamasınlar.
Dəfələrlə mətbuatda bunları yazmışam. Bu gün ortalıqda Böyük  Britaniyanın türkçülüyü var, rusun türkçülüyü var, Amerikanın türkçülüyü var, hətta İranın türkçülüyü var, Türkiyənin türkçülüyü var Ərdoğanın timsalında. Ancaq Asif Atanın türkçülüyü yoxdur ortalıqda.  Asif Atanın türkçülüyü gərəkdir. Çünkü Asif Atanın türkçülüyü bəşəriyyətə dayanır. İmperializmə söykənmir,  şovinizmə söykənmir, yadlığa dayanmır, burada özünü təsdiq həqiqətləri var. Ona görə deyirik, insan nədən başlamalıdır. “İnsanlaşın – İnsanlaşdırın” çağırışı ona görə var. Əgər sən içindən azad olmasan, sən nə xalq ola bilərsən, nə millət ola bilərsən, nə dövlət yarada bilərsən, nə də ədaləti bərqərar edə bilərsən. İçindən azad olmaq gərəkdir. İnsanın içində heyvan var, bioloji varlıqdır. Özünün ruhani kimliyini dərk eləmədiyinə görə içindəki heyvanla yaşayır, onun tələbləri ilə yaşayır, onun buyruğunda yaşayır. Tülkülük var, canavarlıq var, ilanlıq var. Bununla bağlı mən yazmışam ki, insanın azadlığı içindəki həmin heyvanlardan qurtulmasıdır. İçindəki heyvandan qurtulmayan insandan heç nə gözləməməlisən. Nə millətə dəyər yaradar, nə millətin dəyərini sevər, nə millətin dəyərini qoruyar. Zamanı gələndə əsl millətçi sağlam alimi atar gilyotinin altına. Başını verər ora, verir də. Bu gün birinə bir ödül göstərirsən, hər şeyi atır ayaq altına. Birinin döşünə medal taxırsan, birinə 3 otaqlı ev verirsən, hər şeyi atır ayaq altına. Onun bu vaxta qədər bağırdığı millətçilik-filan şüar olur, hava olaraq uçub gedir.
Asif Atanın bayramları var. Birinci bayram İnsanilik Bayramıdır. İnsanın içində İnsanilik həqiqəti var, o həqiqətə yetməlidir, onu aşkarlamalıdır, özünü tanımalıdır, dərk eləməlidir. Milli kimliyinə qovuşmalıdır, bunu bayram eləməlidir. Bayram edirsənsə, bunu bayram elə.Valentini niyə bayram edirsən ki, sənin şüurunu oyunlara çəkir, o şey ki, səni özündən ayırır. O şey səni özünə bağlayır, səni yetirir, yaradır, onu bayram elə.
Xəlqilik Bayramı – bunun adına millətçilik bayramı da demək olar. Ata deyir ki, xalq azad, sağlam fərddən əmələ gəlir, bunlar olmasa xalq yoxdur. Toplum var, əhali var. O millət demək deyil.
Niyə deyir  Şərqilik Bayramı Asif Ata? O, heç vaxt dünyaya ögey münasibət bəsləməz, şərq-qərb deyə. Ancaq Ata burda sırf kriteriyalarla çıxış edir.Şərqdə çox ciddi insani məsələlər ortaya gəlib, fəlsəfə, ədəbiyyat, poeziya, humanizm – bunlar hamısı insana gərək olan, insanı insan edən ideyalardır ki, Şərqdə daha çox yaranıb. Qərbdə əqliyyətçi, rasional daha çox yaranıb. Ona görə deyir ki, Batı Doğu dəyərlərindən ayrılıqda bəşəriyyətə gərək deyil. Şərqdə yaranan dəyərləri bayram edirik, onları Ocaq əsasında yenidən dirçəltmək, yenidən yaratmaq, onu bayram etmək gərəkdir.
Sonuncu – Bəşərilik Bayramı. Atanın mübarizə xətti nədir – İnsanlaşma, Millətləşmə, bizdə türkləşmə, başqa xalqlarda başqadır. Məsələn, Ata istəyər ki, ingilisdə ingilis millətçiliyi olsun, şovinist millətçilik olmasın, imperialist millətçilik olmasın. Milli dəyərləri əsasında, bəşərilik əsasında, İnsanlıq əsasında formalaşan millətçilik olsun. Turan imperiyası-filan bağırmalar –bunlar türkçülüyün zərərinədir. Bozqurd işarəsi göstərirlər. Bəşəriyyət indi ayrı aşamaya başlayıb. Biz təzədən totemizmə qayıdırıq min illər dala. Onu Avropa gətirdi. Dünəndə, bu gün də Avropanın vəhşi türk ideyası var, ona diriltməyə çalışır, niyə vəhşi türk.  Deyir türklər o qədər dəhşətdir ki, özlərini canavara bənzədirlər. Bu da ondan qaynaqlanır. Şüur yeniliyə getməlidir, yeni dəyərlər yaranmalıdır, o tarixdə qaldı. Qəbul edirəm, ancaq tariximizdir. Bütün xalqların hamısının tarixində olubdur totemizm dönəmi. Totemizm dönəmi deyil, indi təfəkkür dönəmidir, idrak dönəmidir, mənəviyyat dönəmidir, texnoloji gəlişmələr dönəmidir.Yenə də totemizmə qaytarırlar ki, biz yeniliklərdən, gəlişmələrdən dala qalaq. Bu başqa bir cəhalətdir.
Sovetlər dağlandan sonra güclü türkləşmə sürəci başlaya bilərdi. Totemizmi islamla qarşı-qarşıya qoydular.Totemizm islamı qaldıra bilməz. Üzdə proses gedir, böcək işığı var. Əsl işığı əldə etmək yerinə, bizə böcək işığı verirlər. Böcək işığı ilə yetərlənirik. Sovetlər dağlandan 32 il keçib, 32 ildə “mən türkəm, mən türkəm”  bağırtısından başqa bir dəyər göstərin mənə. Yoxdur, bağırtılardan başqa ortada bir fakt yoxdur. Bu bizi birləşdirməyib. Birləşdirsəydi,Ərdoğan hakimiyyətdə oturmazdı. Biz yeni aşamaya keçməliydik. Mənəviyyat, təfəkkür sistemində biz türkləşməli idik. Orda biz türkləşməli idik. Tanrıçılığın bəzi qaynaqlarda 40 min il tarixi deyilir. Bəzi qaynaqlarda 15 min, bəzi qaynaqlarda 9 min il. Yaxın gələcəyi götürək. Yeddi min il onun tarixi səmavi göyel dinlərdən daha qabağadır.Göytanrıçılıq klassik dəyərimizdir. Onun yaxşı cəhətləri əsasında biz inkişaf etməliyik. O, tarixdə qalıb, keçmişdə qalıb.O, bizlə bir yerdə çağımıza gəlib çatmayıb. Gəlişə-gəlişə. O, öz köhnəlikləri ilə qalıb orda. Onu biz öz həyatımıza tətbiq edə bilməyəcəyik. Ən qədim çağlarda animizm deyilən dünyagörüş olub. Şamanizm animizmin ən ibtidai qalığıdır. Bu gün onu məqsədyönlü daşıyırlar içimizə. Şamanizm avantüradır. Bu gün bizə şamanizm gərək deyil. Bu gün bizə Babəkin qəhrəmanlığı gərəkdir, ləyaqəti gərəkdir, Babəkin at belində döyüşməsi gərək deyil, o qaldı 9-cü yüzildə. Bu gün bizə Nəsiminin ilahi hikmətlərinə qoşulmamız gərəkdir.
Asif Ata deyir, “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”.Böyük təfəkkür sistemidir bu. Böyük idrak bunu ortaya gətirdi. Bunu ağla gətirən dünyanın harasında olsa, çoxdan göyə qaldırmışdılar. “Düşündük, daşındıq, Ocaqlaşma yolu tutduq”. Bu, bizim düşüncəmizin açarıdır. Milli-ulusal qurtuluşumuzun açarıdır. Bunu bir çox yazılarımda sübut edirəm. Mən Asif Atanı kor-koranə, gözüyumulu sırımaq istəyində olmamışam, soydaşlarımı çağırıram ki, öyrənin. Gəlin, birgə araşdıraq, öyrənək, sağlam ələşdiri qoyun ortaya. Biz içimizdə olanları, dəyərlərimizi öyrənmirik. Nə qədər ki, öyrənməyəcəyik, nə qədər ki, biz öz çağımızda olanlara barmaqarası baxacağıq, o zaman biz millətləşməyəcəyik. O üzdən araşdıraq, öyrənək.

“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız Var olsun!” səcdəsilə törən sona yetdi.

Səsdən sözə çevirdi: Nurtəkin Atalı.

Qar Ayı, 46-cı il.

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir