Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”ndə deyilmiş fikirlər

"Uluyol-Hünər" və "Ulufərəh"Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”ndə deyilmiş fikirlər

 Ocaq Günsırası ilə 25 Köçəri Ayı, 36-cı ildə “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” mərasimi keçirildi. “Ailə Günü” “Ata Ruhuna pənah gətirmişik!” səcdəsi ilə başladı. Nurtəkin Atalı “Təbiət­dəki Mütləqlə Gündüz Təması”nı və “Ataya Günorta Rica”sını söylədi. Sonra isə Ataya Səcdə ilə sözünə başladı. Öncə o, Ocaq Yükümlüsü Soylu Atalının Ailəyə verdiyi uğurlama sözünü oxudu:

Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim
Asif Ataya – İnam Ataya ali səcdə ilə!

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”nə uğurlama

 Çağdaş dünya bir ömür yalanla doludur. Hər kəs həyatın gedişatına dünyanın yalanlarından baxır. Münasibətlər yalan tələbindən doğur. Gələcəyə yalan tələbindən baxılır. Heç kim həqiqət axtarmır. Çünki yalanla dolu dünyada həqiqəti axtarsan belə, tapa bilməzsən.

Yalanlaşan dünyada umudsuzlaşan insan nəsli böyüyür. Umudsuz insan qutsallığa inanmaz. İnsanlığın əbədiliyi haqqında deyilən sözə də bel bağlamaz.

Ocaq yalanlarla dolu dünyanın ahənginə uyuşmur. Dünya Ocağın yeriməsinə yol vermir. Həm də Ocaq və dünya təzadından umud becərilməsinə inanılmır. Bu durumun doğru tərəfini Ocaqçıdan başqa kimsənin qiymətləndirə bilməsi mümkün deyil. Ona görə də Ailəçinin üzərinə düşən böyük məsuliyyət, ondan hər an özünü ötmək tələb edir. Özünü ötməyən Ailəçi yalanla dolu dünyaya etki göstərə bilməz. Tərsinə, özü yalanların dövrəsində gələcəksizləşər və Ocağı itirər. Ailəçi davamlı olaraq İnam yüksəkliyinə qalxmalı və Həqiqət dərinliklərinə enməlidir. Onun ömrünün bundan başqa anlamı və gedişatı olmamalıdır.

 Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

 Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü

24 Köçəri Ayı, 36-cı il. Atakənd.

 

Nurtəkin Atalı: Hər “Ailə Günü” önəmlidir, özəldir. Ocaq mərasimləri, bayramları da özəldir. “Ailə Günü”ndə etiraflar, özünü görmə, başqasını görmə var. Bu da özünə və Amaldaşlarına doğmalaşmanı artırır. Tələblərə nə qədər bütöv yetməsəm də, “Ailə Günü” tədbirləri məni kökdən düşməyə qoymayıb. “Ailə Günü”nə hazırlaşanda ay ərzində yaşadığım düşüncələri, duyğuları, əməlləri hesabat verməli olduğuma görə ayıma qiymət verirəm, deməli, yaşamıma qiymət verirəm.

İl ərzində Amallaşmam – Ata kitablarını oxusam da, mütaliəm ardıcıl olmayıb. Hər keçən ay ərzində oxumuşam, tədbirlərə hazırlaşmışam. Ancaq nizamlı və ardıcıl olmayıb. Ancaq nə oxumuşamsa, anlamım dərinləşib, ölçüm dəqiqləşib. Nizama və ardıcıllığa yetsəm, uğurlarım daha da çoxalar.

Kamilləşməm. Bu ildə özümü tanımam artıb, bir addım irəlidəyəm. Ayrı-ayrı Ailə Günlərində etiraflar etmişəm. Özümü görmə aydınlaşıb. Ancaq mütləq tələbə yetməmişəm, buna görə də özümlə barışmıram. Ocaq Yükümlüsü özünə yanaşmasında güzəştsizdir. Özümü onunla tutuşdursam, görərəm ki, mən onun kimi özümə güzəştsiz yanaşmıram. Öz idrak gücümdən tam istifadə etmirəm. Hər kəsin olduğu kimi mənim də qayğılarım var. Ancaq heç bir qayğı bəraət üçün nədən ola bilməz.

Xalqlaşmam – tək-tək yazışma və virtual deyilən ünsiyyətləri nəzərə almasaq, olmayıb.

Amallaşma, Kamilləşmə və Xalqlaşma – bunlar bir-birinə bağlıdır. Bunlarla eyni səviyyədə yaşayanda uğurların sayı-hesabı olmaz. İl ərzində çoxlu əməllərim olub ki, fərəhim də təməlini ordan alıb. Vaxtımı dəyərləndirib, halımı zənginləşdirib əməllərim. Ocaq əməlləri Soylu Atalının tələbləri və quruculuğu ilə keçir. Hal uca, zəngin və fərəhli olmayanda Ocaqçılarla da söz tapa bilmirsən. Əməl, fərəh, yeni düşüncə söhbətin açarıdır, doğmalığın artmasıdır.

Elə bilirəm ki, Yeni İldə xalqlaşma əksikliyini doldurmalıyam və Amallaşma, Kamilləşmə əməlim bütövləşməlidir.

??????????

İndi ayrı-ayrı yazılarımı oxuyum:

xxx

Adamlar cəmiyyətdən ədalət gözləyirlər. Doğrudur, cəmiyyət ədaləti qorumalı və təsdiq etməlidir. Ancaq indiyə qədər həmişə tərsinə olub. Cəmiyyət ədalətlini, həqiqətçini cəzalandırıb. Cəmiyyət ölçüsünə, quralına dayana bilmir ədalət. Ona görə də ədaləti cəmiyyətdən gözləmək doğru deyil. Ədalət tək-tək ömürlərdə yaşayıb, ləyaqətli, həqiqətçi insanların ömründə cəmiyyətlə döyüşüb və cəmiyyətin həqiqətdən uzaq olduğunu göstərib. Məhz təklərin timsalında Ədalət, Həqiqət yaşayıb.

İndiki çağda adamlar Ədalətə umud edirlər. Umud yaxşıdır. Ancaq umud əmələ çevril­məyəndə bədbinlik yaranır və Ədalət, Həqiqət yerini tapmır.

xxx

İnsan özünə inama çatanda başqasına qarşı inamsızlığı aradan qalxır. İnanır ki, başqası da İnamsızlığını ötəcək. Onun ötməsinə yardımçı olur, yol göstərir. İnam dözümlə, sevgiylə, qayğıyla birləşir və birləşdiyi üşün yol göstərir.

xxx

İnsan həyatının elə aşaması var ki, o aşama arzular və xəyallar dünyasında olur. Əsasən gənclik dövründə. Onun ruhunun və idrakının halından asılı olaraq, arzular, xəyallar da formalaşır və bunların həyata keçməsi üçün addımlar atır. Bəzən qayğılar arzuları üstələyir, bəzən zaman sürətlə keçir, arzular gecikir. Ondan adam bədbinləşir, umudsuzlaşır. Hər bir yaşda arzulamaq və arzuların olması gözəldir. Arzunun da yönü, yolu olmalıdır. Həyata bağlı arzular ödənməyə də bilir, yarıda qala da bilir. Amalla bağlı arzular adamı hər zaman nikbinliyə doğru aparır. Şəxsən mən onlarla yaşayıram, yol qoyuram. Bu arzular mənim ömrümdə tam həyata keçməyə də bilər, ancaq mən yol qoyuram və bunun özü elə nikbinlikdir. Varlığımı o yolda, o arzularda təsdiq edirəm. Arzuların Amallaşması daha çox nkbinlik gətirir.

Qonumuz var ki, “Amal Yükünü daşımaq –  Özümlüyünü yaratmaqdır”.

Həyatda çox yüklər var. Həyat qayğıları, Ailə qayğıları, tutduğun vəzifə və b. Elə yük var ki, özü adamın çiyninə düşür, istəsən də, istəməsən də bağlanmış kimi daşımalısan. O yükün gətirdiyi qayğılarla yaşamalısan. Soylu Atalı deyir ki, yükü içindən yaradıb alırsan çiyninə. Amalçılar məhz yükü içindən yaradıb çiyninə alanlardır. Yurdumuzun dərdindən, ağrısından, sabahı üçün rahatsızlığımızdan, həyəcanımızdan yaranır yükümüz. Bir insan olaraq necə yaşamağımız, gələcək soylarımızın necə yaşaması düşüncəsindən yaranır yükümüz. Yükə görə yaranır İnamımız. İnamımızın, idrakımızın, Mənəviyyatımızın, İradəmizin yetkinləşməsiylə yükümüz də dərinləşir, ağırlaşır. Həm də nikbinləşir. Nə qədər anlayırsan, o dərəcədə yaşayırsan. Nə qədər yaşayırsan, o qədər yük daşıyırsan. Çünki yük daşımaq yüklə yaşamaqdır, yükə doğmalaşmaqdır, çulğalaşmaqdır.

-Özünü nə qədər sevirsən?

 – İnandığım qədər.

-Özünə nə qədər inanırsan?

 -Özümə tələbim qədər.

-Yurdunu nə qədər sevirsən?

 -Yüküm qədər.

-Yurduna nə qədər bağlısan?

 -Yükümə bağlandığım qədər.

-Sabahını nə qədər düşünürsən?

-Yükümün davamlı olması qədər.

Yük – Özümlüyümüzü qurur. Ocağın tələbləri bizi özümüzü qurmağa, özümüzlə döyüşməyə yönəldir. Əməldən əmələ, görüşdən görüşə, hünərdən hünərə aparır bizi. Amal fərəhindən dadan daha dayanmır. Daha yüksək fərəhə, özümləşməyə doğru təkan verir, güc verir.

xxx

İnsan nəyəsə cəlb olur, cəzb olur. Cəlb olunmaq – onun içindəki düşüncənin, niyyətin aşkarlanmasıdır. Sanki özünə yol tapır düşüncəsi və cəlb olunduğunun arxasınca gedir. Əsasən gənclərə aiddir. Yolsuzluqdan hər şeyə gedirlər.

Cəlb olunmursa, deməli, o insanın konkret yönü var, qibləsi var. Yolu, ölçüsü olanı, yoluna bağlı olanı yolundan azdırmaq olmaz.

 

 

xxx

İnsan İdraka yetəndə ona idrak yiyəlik edir, zaman yox, şərait yox, cəmiyyət yox. Adam idraka yetmədiyi üçün Allah ona yiyəlik edir. İnsanın özünə yiyəliyi onun haqqıdır. Din, cəmiyyət bu haqqı insanın əlindən alır, Amal insanı bu haqqa çatdırır. Adamın inamı onu Allah ağalığına tapşırır, İnsanın inamı onu Aqibətinin yiyəsi olmaq haqqına yetirir. Ocaqçı kimi yaşamaq – aqibətinin yiyəsi olaraq yaşamaqdır.

Ulusəs Atalı

Ulusəs Atalı Ataya Səcdə ilə sözünə başladı: Hər bir Ailəçi Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı verməlidir. Bunlar yoxdursa, ay ərzindəki halını, duyğularını deməlidir. Bu ay mənim üçün ağır keçdi. Həyat məni ağır yükləmiş, sərt desək, imtahana çəkir. Məni Ocaq düşüncələrindən ayırır. Ocaq düşüncələrindən ayırdıqca adam, təbii ki, zəifləyir, həyatın onun üzərində qoyduğu yükə də çətinliklə dözür. Bu ay yaşadığım, daha doğrusu, məcbur olduğum həyat qayğıları pik səviyyəyə çatdı. Mənim bütün fiziki gücümü verdiyim bir məsələ axıra çatdı, bütün əziyyətim, elə bil ki, boşa çıxdı. Mənə doğma olan bacım həyatdan getdi. Bu boşluğu özümdə çox hiss edirəm. Bilirəm ki, bu boşluğu ancaq Ocaq qayğılarıyla, əməlləriylə doldura bilərəm. Hələlik bu, alınmır. Mənim varlığımı təsdiq edən mənbə ancaq Ocaqdır. Umud eləmək ki, vaxt keçəcək, bu boşluq dolacaq, bu olmayacaq. Ocaq əməlinin arxasınca fərəh gəlir, güc gəlir. Həm fiziki güc, həm mənəvi güc gəlir.

Çox maraqlı müşahidə elədim bacımla bağlı. İnsan öz düşüncəsiylə nə qədər güclü olur. Onun düşüncəsi, özünü yönəltməsi, mən deyərdim, hüdudsuzdur. Həm müsbət mənada, həm mənfi mənada. Həyata münasibəti, həyatla mübarizəsi çox önəmlidir. Mənim bacımda bu, mənfi tərəfə yönəlmişdi, özünə hökm vermişdi ki, mən gedirəm, yaşamaq gücüm yoxdur. O, tərsinə də qərarverə bilərdi ki, mən yaşayıram, yaşamalıyam, bunun üçün də mübarizə aparmalıyam. Bunun üçün də çabalar ortalığa çıxmalıydı. Demək istədiyim odur ki, insan idrakı çox hüdudsuzdur. İnsan özünü hansı səmtə yönəldirsə, idrakını hansı yola qoyursa, o yolda o, yaşayır, o yolda o, var olur. Soylu Atalının sözünü qeyd eləmək istəyirəm ki, həyatda belə var olmaq üçün özünü ötmək tələbinə yetməliyik. Özünü ötmək sözdə asan gəlsə də, çox çətin bir əməldir. Mənim duyğularım elə bil ağırlaşıb. Fiziki gücüm azalıb. Mən bilirəm ki, ondan çıxmaq üçün özümü ötməliyəm. Varlığımı təsdiq eləmək üçün özümü ötməliyəm. Özümü ötmək üçün isə əməl ortaya qoymalıyam. Özümə qayıtmalıyam. Umud edirəm ki, bunu bacaracağam və Ocaqla bağlı əməllərə sahib olacağam. Atamız Var olsun!

Nurtəkin Atalı: Ocaqda bu ayın önəmli bir hadisəsi oldu – Elmira xanıma keçirilən “Yas Mərasimi”. Bir şeyi deyim ki, mənim anam öləndə evdə cəmiyyət qaydası ilə yas keçirildi, İnam Evində isə Ocaqçıların və Ocaq dostlarının qatqısı ilə Ocaq ölçüsündə “Yas Mərasimi” keçirildi. Cəmiyyətin keçirdiyi yasda bədbinliyin, anlayışsızlığın, həşirin içində mənim ruhum nə qədər dağılırdısa, Ocağın keçirdiyi “Yas Mərasimi”ndə ruhum dirçəlirdi, tamlanırdı, bütövlənirdi. Mən anladım ki, insana verilən ən böyük qiymət Ocaqdadır ki, gedənin haqqında ağırlama sözü deyirsən, onun dəyərini verirsən, doğrudan da, onu urvatlandırırsan. Mən zaman keçdikcə içimdə bir daha bunun qiymətini anladım, zaman-zaman Ocağın verdiyi o halı yaşadım. Hər dəfə o tədbirin halında yaşadım, orda deyilənləri yaşadım. Anam öləndən 3 gün sonra mərasim idi. Mərasimin özündə mənə elə güc gəldi ki. Orda dediyim söz yadımdadır, nə yaxşı ki, mənim yolum var və mənim ürəyimə nə dərd gəlsə, mən onu qucaqlayacam və yolumu gedəcəm. Mən hər zaman sevinirəm ki, yolum var. Bəzi məqamlarda özəllikcə.

Sənin ömrünə də ard-arda həyat yükü gəldi və sən bir bacı kimi bu yükü çəkə bildin. Böyük hərflərlə “bacı” deyilə bilər sənin haqqında. Sonda da sən bacı kimi ləyaqətini ortaya qoydun və Elmira xanımı urvatla yola saldıq. Yaşadıqca aşama-aşama hər şey gəlib öz yerini tapacaq. Yolumuzun olması bizi bir çox şeylərdən qoruyur. Həyatın ağrılarına dözməyi, onu ötməyi öyrədir bizə. Sənin Ocağa bağlılığın görünür. Hər mərasimdə, tədbirdə söz deməsən də, ondan ruh aldığın bəllidir. Elə olub ki, mən özümdən razı olmamışam, ancaq özümü Ata qarşısında hiss eləmişəm, Atanın mənə inamı həmişə ağlımdadır. Yaxşı ki, Soylu Atalı Atanın İnamını bizə verə bilir. Bizim içimizdə özül yaradıb artıq, biz o özülün üzərindəyik. Bu da bizim xoşbəxtliyimizdir. Mən əminəm, sən ki, deyirsən özünü ötmək, bu çətinliklərə baxmayaraq sən onu yetirəcəksən. Başqa yol da yoxdur. Doğrudan da, dərdini ötməlisən, içində əritməlisən. Sənin halın Ocaqçılar üçün də önəmlidir. Bizdən daha çox Ocaq Yükümlüsü tələb edir, ancaq özümüzün özümüzdən tələbimiz artmalıdır.

Ulusəs Atalı: Soylu Atalı mənə deyəndə ki, Ocaq qaydası ilə yas Mərasimi keçirək, bu, sənin haqqındır. Mən düşündüm ki, bu, bacımın da haqqıdır, hərçənd ki, o, Ocaq İnamlı deyildi. Mən bacımın haqqını da, öz haqqımı da yerinə yetirdim.

??????????

Türkel Atalı Ataya Səcdə ilə sözünə başladı: “Ailə Günü”nün tədbirlərini kitablaşdırarkən bəhrələndiklərimi, düşündüklərimi öz “Ailə Günü”müzdə deyəcəm. Mən “Uluyol-Hünər” Ailəsinin və “Atagün” Ailəsinin “Ailə Günü” tədbirlərini oxuyuram, ancaq birbaşa canlı iştirak eləmək, onlarla birgə fərəh almaq başqadır. Oxuyanda da özümü o tədbirin içində hiss edirəm. Tədbir sanki mənə söz deyir. İçimdə söz yaradır, hal yaradır. Öz Ailə Günümüzün tədbirlərini oxuyuram. Öz hesabatıma bir daha nəzər salıram, Amaldaşlarımın çıxışlarını bir daha oxuyuram. Öz hesabatımı oxuyanda görmüşəm ki, çox vaxt həyat qayğılarımı bölüşmüşəm. Özüylə döyüşüm yoxdur. Bu tədbirləri oxumağım məni bitkinləşdirir və nə deyəcəyimi hazırlayır. Əgər “Ailə Günü”ndə söz deyirəmsə, çalışmalıyam ki, fərəhli halım üstə daha çox söz deyim.

Bu günlərdə bir müşahidəm oldu. Bir dostumun yanında oldum, o, pul dəyişməklə məşğul idi. Onunla pul dəyişmə məntəqəsinə də getdim. Adamların halına baxdım, ancaq pul, pul, pul. Onların üzünə baxdım, görürəm ki, bezmirlər, iyrənmirlər. Mən özümün adamlardan fərqimi gördüm, nə qədər fərəhləndim buna. Mən Amallı yaşayıram, ona görə fərqlənirəm. Ona görə də Amalın qədrini bilirəm. Bəzən boşluq yaşayıram, ancaq barışmıram. Ayın axırı da gələndə söz deyə bilmirəm. Tədbirə gəlmək isə kökləyir məni. Həyatiliklə döyüşmək üçün mənə güc verir. Sizin tədbirdə qonaq kimi iştirak eləsəm də, sizlərdən biri kimi, özümü Ailəyə bağlı kimi hiss eləyirəm. Yenə deyirəm, tədbirləri oxuyanda nə qədər dəyərli fikirlər oxuyuram, hiss eləyirəm ki, idrakımı artırır, canlı olaraq iştirak isə birbaşa halıma, düşüncələrimə təsir edir. Atamız Var olsun!

Ulusəs Atalı: Tədbirləri dinləmək çox şey verir. Dinləyirsən və yenidən yaşayırsan o düşüncələri, halları. Mən öncələrdə dinləyirdim tədbirləri və bəhrələnirdim.

“Müqəddəs Oxuma”: “Təməl” kitabından hissələr oxundu. “Ümidin təməli – İradədir” yönündə fikir bölüşmələri oldu.

“Ailə Günü” Ata Ruhunu Ürəyimizdə aparırıq!” səcdəsi ilə sona yetdi.

 

Günəş Ayı, 37-ci il. Atakənd.

(mart, 2015. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir