“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü”
Tədbir “Ata Ruhuna Pənah gətirmişik!” səcdəsi ilə başladı. Sonra “Ailə”nin Yükümlüsü Nurtəkin Atalı “Ailə Günü” tədbiri haqqında bilgi verdi. Öz halından və gördüyü Ocaq işlərindən danışdı. Ruhani işgüzarlıq baxımından Atanın vəfatından sonra əməllərin dayanmadığını, Ocaq əməllərində sabit bir xəttin olmasını Ruhani Aqibətimizin yaranması ilə bağlı olduğunu bildirdi. Eləcə də Ata-Evlad vəhdəti haqqında fikirlərini dilə gətirdi: “Bir var Ataya heyrət etmək, sevmək, bir də var, Atanı öz ömründə yaşatmaq, daxildən ruhani vəhdəti hiss etmək. Bunlar fərqlidir. Atanın vəfatından sonra Ocağa bağlılığımız, keçirdiyimiz görüşlər, – İnamı xalqa çatdırmaq məsuliyyəti və fərəhi bu vəhdəti qurdu… İnsan Ruhunu yaratdıqca, göstərdiyi ruhani boy qədər vəhdət yaranır”.
Nurtəkin Atalı Ocaqçılar arasındakı münasibətin ülviliyi, bir-birinə heyrəti Ocağın əsasını yaradır dedi: “Heyrət nə zaman doğur, o zaman ki, başqası məndə olmayanı aşkarlayır. Heyrət başqasına münasibətdə həsədi ləğv edir. Gerçəkləşən ülvi münasibətin mənasına inanıram və o münasibətin ətrafa işıq saçacağına inanıram. Ruhani heyrət ruhani bağlılıq yaradır…”
Ulusəs Atalı Ataya Səcdə edərək sözünə başladı: “Ocağın gördüyü işlər – gün-gündən daha fərəhli mərhələyə keçir. Ruhani işgüzarlıq ruhani ucalıq yaradır. Bu ayda özümdə belə bir hal hiss eləyirəm ki, Ocaq yeniləşir və təzədən başlayır. Ocaqda uca halın yaşantısını görürəm. Tədbirlərimizin yüksələn istiqamətdə getməsini görürəm”. Ulusəs Atalı son zamanlarda Ocağın arxivini araşdırdıqca həyata keçirdikləri Ocaq əməllərinin (istər ruhani, istər yaradıcı, təşkilati) daha zəngin olduğunu, ruhani hünərin ciddiləşdiyini vurğuladı. 33-cü ilin Ata Ayını özünün halında təzələnmə kimi dəyərləndirdi. Ocaq tarixinə nəzər salarkən Atanın vəfatından sonra Soylu Atalının misilsiz hünər göstərdiyini qeyd etdi: “İçdən gələn, fitrətdən gələn və o dövrdə heç kəsin bacarmadığı bir hünər. Bu hünəri ilə o, özünün Ocağın Ruhani yükünü daşımağı bacaran Şəxsiyyət olmasını təsdiq elədi. “Ocaq Yükümlüsü” məzmununu yaratdı. Bununla Soylu Atalı əslində Ocağı bir Qurum kimi yenidən qurdu. Hətta Ocağın yüksələn xətt üzrə yerişinə nail oldu…
Mən Soylu Atalının bu əlçatmaz Hünərini Bizim vəhdətimizin qurulma və yaşama qarantı kimi qiymətləndirirəm. Bu, tükənməyən bir məsələdir. Bu vəhdət Asif Atanın arzuladığı Ata-Evlad vəhdətinin təməlidir. Ocağın Ruhani Qurum kimi var olmağının təməlidir. Ata-Evlad vəhdti o zaman baş tutar ki, Evladlararası münasibətlər Evlad vəhdəti səviyyəsinə qalxmış olsun. Bu gün bu vəhdət Soylu Atalının timsalında Ocağı ikinci dəfə sönməkdən qurtardı.
… Ataya, Amala, Ocaq Məramına, Ocağın təməl prinsiplərinə yad olan fikirlər üzərində özünü Ocağa bağlı saymaq mümkün deyil. Bu, səhvə aparan yoldur, – Şərə xidmət yoludur. Soylu Atalının ikinci dəfə sönməyə qoymadığı Ocaq bir daha sönməyəcək. Çünki Soylu Yükümlüyündə Evlad vəhdəti gerçəkləşmişdir”.
Yasin Türksoy: “Ulusəs xanıma təşəkkür edirəm ki, Ata-Evlad münasibətinin aliliyini, Evladların vəhdətini izah elədi və Soylu Atalının bu vəhdətin yaranmasındakı ləyaqətini hamımızın əvəzimizə ifadə elədi.
Fikirlərimdə vətən-millət dərdində çəkişmə-bərkişmə inkişafı gedir. Son vaxtlar içimdə İnam Atanın Ruhani yol, Ruhani cəmiyyət ideyalarının ümummilli yaşama çevrilməsi haqqında, onları dərk eləmək yönündə axtarışlardayım. Ocaq ruhuna yaxın və bu ruhda böyüyən, yetişdirilən musiqiçilərin araya-ərsəyə gəlməsi yönündə təşəbbüslər axtarışındayam. Həyatımızın bütün sahələrində özünəyadlaşma gedir. İmkan verməməliyik günü-gündən artan özgəlik özümlüyümüzü öldürsün. Azərbaycanın dərdlərinin sağalması İnam əməllərindən başlayır. Başqa yol yoxdur. Bu yolda hər birimiz əlimzidən gələni etməliyik. Atamız var olsun!”
Günev Atalı Ataya Səcdə ilə sözünə başlayaraq dedi ki, Atanın kitablarını hər vaxt oxuyur, ömrünə çevirməyə çalışır. Eləcə də bu ədəbiyyatları yaymaqla məşğul olur: “O halla yaşayıram, ömrümə hopdururam, onunla var oluram. Hər an o ideyalar mənim ürəyimdə boy atır və məni də yaradır. Kamillik artır. Kamilləşmə Amallaşma tələb edir.
Kamilləşdikcə xalqlaşma ehtiyacı yaranır. Həqiqəti bilmək və demək. Xalqlaşmada hər dəfə yeni pilləyə addım atıram, topluma yanaşma tərzim yetkinləşir. Mənə bölgədə Babək də, Nəsimi də, hətta Kefli İsgəndər də demişlər. Bunlar Amalın o bölgədə varlığını ifadə edir. Cəmiyyətin ironiyası da bizi təsdiq edir. Əgər qarşındakına həqiqəti deyə bilmirsənsə, gəlib sənə heyrətlə qulaq asmırlar. Sullar nədən yaranır? Beş kişi yığışıb nə danışmalıdı? Məgər görmürsünüz dünyamız darmadağın olur? Məgər görmürsünüz bəşəriyyətin mənəviyyatı çökür? Sən kimsən? Neyləyəcəksən tənha? Diqqətlərini tarixə yönəldirəm. Bəs yetim İsa neylədi? İnsana sevgi, mərhəmətçilik öyrətdi, təkcə. Cavabsız suallar var, buna cavab axtaraq. Nə qədər ömrümüzü faydaçılığa vermək olar? Bəşər niyə bu günə qalıb? Çünki xalq xalq ola bilmədi. Fərd fərd ola bilmədi. İnsana nisbi Allahlar verdilər. 7-ci əsrin düşüncəsi, təfəkkürü ilə yaşatdılar. Onun istiqamətini, yönünü özündən nə qədər uzaqlaşdırdılar…
Təsadüfən keçmiş Ocaqçılarla görüşdüm. Hər biri deyir ki, mən Ocaqla yaşayıram. Deyirəm deyin ki, rəğbətçiyəm, Ocağın dostuyam. Ocaq Qurumdu, Birlikdi, fərdi məsələ, özfəaliyyət dərnəyi deyil. Ulusəsin nitqi mənə dünyanın bütün haraylarından gözəl görünür. O qədər güc alıram ki. Bu halı Ocaq yaradıb. Qaynamasam qaynatmayacam. Böyüməsəm böyütməyəcəm. Ocaq xüsusi bir hadisədir. Ata deyir, Özüylədöyüş qurtaran yerdə insanlıq qurtarır. Xeyir olmayan yerdə şər olur. İşıq olmayan yerdə qaranlıq olur. İşığı yaratmaq lazımdır…
33-il Ata Ayında mən fərəhlə bəyan edirəm ki, məbədin tikintisi davam edəcək. Qürur hissi keçirirəm. Bünövrəsi, özülü tökdüyümüz məbədin sənədləri hazırdı.
Ata ilə Örənqalada görüşlər olmuşdu. O vaxt dülgər dəzgahının arxasından durub gələn bir kəndçi kişi içini elə tökdü ki, Ata dedi, Ocağa Məcnun gəldi. O Məcnun bu gün Atanın etimadını doğruldur…
İnzibatçılıq vardı əvvəllər Ocaqda. Ocağın bugünkü halından hədsiz dərəcədə qürur duyuram. Soylu haqqında deyilən fikirlərə gəlincə, o fikirlər mənim içimin sevinci, sevgisidir. Soylu ilə münasibətimiz Nurtəkinin bənzətdiyi Şəms-Rumi münasibətinə çox doğmadır. Bunu görürlər…
İşlərin öz yoluna düşməsində Elana çox ciddi söykəkdi. Birlikdə səfərlərə çıxmaq fikrindəyik. Bu kənddən, o kəndə. Qapını üzümüzə bağlayan da olacaq, açan da. Söyən də olacaq, sevən də. Tarixi ötmək gərəkdi. Dəyərlərimiz var. Tarixdən yuxarı söz deməyəcəksənsə, əlac tapmayacaqsan.
Nurtəkin Atalı Günevin fikirlərinə münasibət bildirərək qeyd etdi ki, Evladların vəhdəti yaranıb. Kim qıra bilər mənim içimdəki Günevi. Sarsılmaz inam, güvən budur. Ocağın varlığı da budur”.
Nəsibə xanım tədbirdə iştirakından fərəh aldığını söylədi. Özünün xalqlaşma uğurlarından danışdı.
İnamlı Atalı Ataya Səcdə edərək sözünə başladı. Ocağa gəlişi haqqında danışdı: “Ocağadək doğru-dürüst həyatçı olmamışam, məişətçi, maddiyyatçı, həyatsevər olmamışam, nə də Amalçı olmamışam. Anlamırdım, bacarmırdım, həyatın dediklərini rədd edirdim, amma əvəzi də yox idi. Soylu Atalı məni bu zülmdən qurtardı, Ocağa gətridi. Mənim özümə baxışım dəyişib. Çirkabdan arınmağa çalışıram…
Mütaliəm artıb. Beynimi o qədər mənasız şeylərlə doldurmuşam ki. Müqayisə edirəm indi, Atanı oxuduqca. Amal nədir, Həyat nədir? Həyata gəlirsən ki, gedəsən. Amala gəlirsən ki, qalasan. Mənim qalmaq imkanım varsa, niyə də qalmayım?! 35 illik ömrümün üstündən qələm çəkirəm. Asan deyil. Həyat doğma görünür, ondan ayrıla bilmirik.
Adamla kamillik arasında məsafə əsr qədər görünür. Kamillik insanın ali səviyyəsidir. Ali səviyyəyə yetmək üçün çox şeylər tələb olunur. İlk növbədə insan özüylədöyüşdə qalib gəlir, özünü tapır, özümləşir və heç bir kənar qüvvə onun halına təsir edə bilmir. Həyatdan və cəmiyyətdən tam olaraq ayrıla bilir. İçindəki bütün naqisliklərdən, – həsəddən, qorxudan, şərdən, zordan, maddiyyatçılıqdan, xudbinlikdən, balacalıqdan, kindən, paxıllıqdan və s. azad olmaqdır kamillik. İnsaniliyin təsdiqidir. Kamillik – görünən və görünməyənin dərk edilməsidir. Kamillik həyat üzərində tam qələbədir. Onun fərqindəyəm ki, yolçusu olduğumuz Amal bizləri kamilliyə aparır. Həyat isə cahilliyə doğru.
Həyatdakı münasibətlərdən fərqli olaraq Evladların bir-birinə münasibəti safdır, birüzlüdür və təmənnasızdır. Bu ülvi münasibət Amalın tələbidir. Bunun əksi amaldaşlar arasında nifaqa, bölücülüyə gətriib çıxara bilir. Təsadüfi adamlar Evlad olmurlar. Evladlar seçilmişlərdir. Onalrı böyük Amal, böyül aqibət birləşdirir, – qatqısız, filansız. Onlar gerçəkliklə barışmayıb həqiqət yolçusu olublar. Bu müqəddəs yolun yolçuları mindən, milyondan biridir. Daxilində həyat çirkabı gəzdirən, Evlad ola bilməz. Evladlıq oyun deyil, yoldur. Əzablı, şərəfli yoldur. Evladlar arasındakı doğmalıq cismani doğmalıqdan fərqli doğmalıqdır. Bu doğmalıq safdır, qatqısızdır, təbiidir. Deyilən hər bir kəlmə daxildən gəlir, qəlbdən gəlir. Yüz ölçülüb bir biçilir. Keçmişdə baş verənləri yada salıb ürək bulandırmaq istəməzdim, amma görünür Evladlar arasında içindəki balacalığı öldürə bilməyənlər də varmış. Ocaqda belə hallar yolverilməzdir. Evladlararası münasibət bugünədək yaşanmamış münasibətdir. Bunun qədrini bilmək lazımdır…
Burada bir haşiyə çıxmaq istəyirəm: – Atanın Ocağında ortaya çıxan çatışmazlıq təəssüf doğurur. Bununla belə, heç nə Ataya və Ocağa olan böyük inamı sarsıda bilmir.
İnamlı Soylu Atalı haqqında fikirlərini bölüşdü: “Soylu mənim üçün məbuddur. Atanı Şərqdə doğan ikinci günəş hesab elədim. Günəş şərqdə doğur qərbdə batır. Qərdə nə batmır ki?! Bütün yaxşı dəyərlər hamısı Qərbdə batır. Soylu Asif Atadan sonra mənim üçün Atanın qoyub getdiyi canlı günəşdir”.
Soylu Atalı “Ailə Günü” tədbirnin anlamı haqqında danışaraq qeyd etdi ki: “Ailə Günü”nün əsas tələbi Evladın özünü yaratması və ruhani boy göstərməsidir. Ocaqda çox Ailələr yaranıb və dayanıb. Adamlara elə gəlir ki Ocağa gələn Evlad dərhal arınır, kamil olur. Amma Ocaqda elə tələblərlə qarşılaşırsan ki, bütün için alt-üst olur. Ya bu tələblərə yetməlisən, ya getməlisən… Bizim həqiqətə xidmət eləməyimiz, yəni Atanın dediklərini həyata keçirməyimiz borc deyil, aqibətdir. Borcu yerinə yetirməyə də bilərsən. Amma aqibəti yaşamaya bilməzsən. Bu yöndə sən elə düşünməməlisən ki, bu yükün altına girdiyin üçün borclusan, məhkumsan. Ona görə deyil. Sən insansan. Sən içindəki heyvandan xilas olmalısan. Tələb budur. Dünyanı qurdun, qurmadın sən insan kimi içindəki heyvandan xilas olmalısan. Atanın başlıca tələbi budur. Sən içindəki heyvandan xilas olandan sonra başlayır dünyanın gözəlləşməsi. Gerçək dünya insanların münasibətidir. İnsani münasibətlər ucadırsa, insanidirsə, dünya gözəldir. İnsani münasibətlər qeyri-insanidirsə, əlbəttə, dünyanın insani ahəngindən danışmaq mümkün deyil. Bu cəhətdən adamlar hər şeyi bu dediklərimizdən qıraqda axtarırlar. Asif Ata hər şeyi insanda axtardı. Fərq ondadır.
Amallaşma – Atanın kitabını oxuyub öyrənməkdir. Məsələ kitabı elə-belə oxumaq deyil, kitabın dediyi məzmunu öyrənmək və onu yaşamaqdır. O məna nədən ibarətdir? Sənə deyiblər ki, dünyanı transsendental qüvvə yaradıb. Göylər səltənətinin hökmdarı yaradıb bir baxışla. Bir gün bu dünyanı yaradıb, bir gün də dünyanı sənin əlindən alacaq. Kitab sənə düşünmək imkanı yaradır ki, düşün, bu dünyanı sənə müvəqqəti olaraq yaradıb veriblərsə və nə vaxtsa əlindən alacaqlarsa, sən elə təbii varlıq kimi yaşa. Təbii varlıq heyvan deməkdir. Biz isə deyirik, dünya o deyil. İnsanılq gözümüzlə gördüyümüz cismani vücud deyil. Məna görünəndən çox dərindədir. O dərinliyə endikcə olmaq və yaşamaq istəyirsən”.
Soylu Atalı Ocaq Bayrağındakı Atanın rəsminə aid suallara yönəlik fikirlərini bölüşdü: “İnsanlığın da örnəyi var, onun halını yaradan var. Bayrağa nə şəkil vurum? İnsan içindəki insani həqiqəti tanımır. Həqiqəti tanımadığı üçün başının üzərində insan rəsmini görmək istəmir, vahimələnir. İnsanı məbuda çevirməkdən qoxma. Uydurma, amma göylərə qaldırmaqdan da qorxma. O kəs ki, özünü yaradır, o kəs ki, əzabda yoğrulur, ona məbud deməkdən qorxma…
Ataya səcdə edirəm, yəni içimdəki insana üz tuturam. “Mütləqlə Səhər təması”nda biz deyirik – Məndəki Qorxunu məndən al, Məndəki Həsədi məndən al… Bu haray – məni o əlamətlərdən təmizləyir. Ondan müqəddəslik yaradıram. Bu müqəddəslik İnsanda, millətdə, bəşərdə var olacaq. İnsanı sevməkdən qorxurlar insansızlar.
Əl-Qəzali deyir ki miskin, zavallı insanın qapısı birbaşa cənnətə açılır. Mən miskin olamq istəmirəm. Qüdrətli olmaq istəyirəm, amma Nitşe qüdrəti yox. Özündəki inamı, idrakı, mənəviyyatı, iradəni aşkarlayan. Dünyanın Dünyalıq mənasını dərk edən, İnsanın ali xilqət olduğunu dərk edən, bilən, vicdan əsasında yaşayan, vicdana yetmək üçün özündə güc tapan, iradə, başlanğıc tapan qüdrət. Nitşe insanı vicdanın başının üstündən o tərəfə keçirir. Asif Ata insanı vicdanın qapısını acır, icinə daxil olur, üstündən atlanmır.
Amalımız təzə xalq yaratmaqdır. Əvvəllər özümlə bağlı iddialıydım, indi Amalımla bağlı iddialıyam, cünki bu yol dönməzdir, əvəzsizdir. Ona gəldim çıxdım. Asif Ata bu xalqın daxili imkanlarının təzahürüdür. Babək fərəhi, sığmazlığı, əyilməzliyi mahiyyətcə özünü Atada tapdı. Hürufilik Atada var. Xalq budur. Xalq yeni biçimdə yeni dəyərlərini tapacaq”…
Oqtay Hacımusalı: “Biz bir araya gələndə deyirdik, nə yazıq ki, ərəbə, farsa inteqrasiya elədikcə öz kimliyimizdən uzaqlaşmağımız başladı. Özümüzdən uzaqlaşdıq, fərqli yönlərə getdik. Bir renesans lazım idi, yeniləşmə lazim idi. Özümüzə qayıdış lazim idi. Özümüzə qayıdanda biz böyük oluruq…
Fəlsəfə fikir məktəblərini kimlər formalaşdırır – biz özümüz formalaşdırırıq, ziyalılar formalaşdırır. Kütlə formalaşdırmır. Hər şeyindən keçən 5-6 nəfər formalaşdırır və ondan sonra artıq oturuşur və kütlə onun arxasınca getməyə məcbur olur, cünki qurtuluş, nicat ordadır. Yeniliyə başlanğıcda qəbul etmirlər, sonra dəb halını alır, sonra isə tam oturuşur. Bəlkə də müəyyən mənada doğru başa düşmürəm. Bu gün Asif Ata düşüncəsi özümüzə qayıdışın başlanğıcıdır. Türkün özünə qayıdışı, bəşərilik ordadır, insanlaşır və insanlaşdırır. “Titrə və özünə dön. Özünə dönəndə böyük olursan”. Belə bir toplumda əsrlər sonra Azərbaycandan ər oğlu ərin “İnsanlaşın –İnsanlaşdırın” deməsi təəccüblü deyil. Genetik bir yaddaşdır…
“Müqəddəs Oxuma” hissəsində Asif Atanın “İnam Fəlsəfəsi” kitabının davamı oxundu.
“Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsi ilə “Ailə Günü” başa çatdı.