Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı
“Uluyol-Hünər” Ailəsinin
“Ailə Günü” toplantısında deyilmiş fikirlər
Ocaq Günsırası ilə 25 Şölə Ayı, 37-ci ildə (iyun, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə Günü”nə başlanıldı. “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı. O, öncə Ocaq Yükümlüsü Soylu Atalının “Ailə Günü”nə uğurlamasını oxudu:
Mütləqim, Müqəddəsim, ulu peyğəmbərim
Asif Ataya – İnam Ataya ali səcdəylə!
“Uluyol-Hünər” Ailəsinə uğurlama
Ürəyinizdə Ata Günəşi olsun, istəkli Amaldaşlarım!
Gerçəklik bütün anlamlarda Ocağın dediklərinə, istəklərinə uyğun deyil. Nəinki uyğun deyil, qarşıdır. Ocaqçının bu cür qarşı olma sürəcində çalışmaları davamlı, dayanıqlı, özünü kamilləşdirmə yönündə olmalıdır. Bu nədəndən gərək Ocaqla gerçəkliyin başqalığını (fərqini) hər anlamda özünə aydınlaşdırmağı bacarasan. Bu nə deməkdir? Bu o deməkdir, gerçəkliyin halından, gedişindən baxsan, nə gerçəkliyin özünü dərk edə bilərsən, nə də Ocağın istəyini, tələbini. Gərək Ocağın ideyalarını hər an özünə açasan, aydınlaşdırasan. Arxayınlaşmayasan, deməyəsən hər şeyi bilirsən. Onda gerçəkliyi Ocaq açısından görə biləcəksən. Heç bir olay göründüyünə tən (bərabər) deyil. Hər bir olayın arxasında onu doğuran, yanlış, ya da doğru anlam olur. Biz, Ocaq olaraq, gerçəkliyin toplumda yaratdığı uyumsuzluğa, nizamsızlığa vərdiş edə bilmərik. Vərdiş eləsək, ruhani savaş (mübarizə) apara bilmərik. Hər bir olay toplumun düşüncəsini, dözümünü özünə uyğunlaşdırır. Ocağın başqalığı (fərqi) ondadır: Ocaq heç bir olaya, gedişə, gerçəkliyə uyğunlaşmır. Hər an gələcəksəl düşünür, hər an insanın, ulusun gələcəyinin indikindən qat-qat yüksəyə qalxmasını, daha doğrusu, qalxmalı olduğunu özünə deyir, çalışmalarını da bu yöndə sürdürür. Ömür bu tələbdə qurula bilər yalnız. Ruhani yetkinlik bu çalışmalarda nizamlanar, işə keçə bilər. Mən istəyirəm Amaldaşlarım bu başqalığı bütün sürəclərdə (daim) düşünsün, Ata ilə dünyanın ideya baxımından başqa (fərqli) olduğunu, bir daha vurğu edirəm, özünə anlatsın. Onda Ocaqçının ruhani gücü artar, xalqa çağırış eləmək etkisi yeni aşamaya çıxar.
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Atamız Var olsun!
24 Şölə Ayı, 37-ci il. Atakənd.
(iyun, 2015. Bakı.)
Nurtəkin Atalı: Bu ay mən Atanın “Əxlaq” kitabını oxuyub bitirmişəm. Doğrudur, Atanın elə kitabları var, bir aya oxumaq mümkündür. Bu il Atanın kitablarını ardıcıl oxumağı gözə almışam. Son bir yeddicədə (həftədə) Atanın kitabını oxudum, bəzi fikirlər də yazmışam. Ardıcıl oxumaq mənə çox yaxşı etki göstərdi.
Bu ay keçən aydakına baxanda Ocaq işlərim az olub. Ancaq gün içində, anım olan kimi, Ocaq işləri görürəm. Ardıcıl oxuyanda o düşüncələrin içində oluram. Hara baxıramsa, o düşüncələr yönündə sonuc çıxarıram, o halda oluram. Düşüncələrimi Ata nizamlayır. Bəzən olur, nəyəsə üz tutanda, ya olayın içində olanda onun etkisində olursan. Atanı oxuyanda isə oxuduğun fikirlərin ortamında olursan. Bu da mənə yaxşı etki göstərir. Uğurlamada da Ocaq Yükümlüsü vurğulayır: bəzən adama elə gəlir, bilir.
Doğrudan da, ümumi anlamda elə şeylər var, onu bilirsən. Ancaq sonsuzluq anlamını hər dəfə özüm üçün üzə çıxardıram. Düşünürəm, Ocaq işləri görsəm də, Amallaşmaya hər gün çağ ayırım. Çünkü ardıcıl oxuma düşüncəmi aydınlaşdırır, itiləşdirir, ruhani halımı kökləyir.
Ata fikri: “Əxlaq həyatüstü həyat yaradır”.
Böyük ideyalarla yaşamaq – həyatdan üstünlükdür. Həyat böyük ideyalar tələb etmir. Bioloji yaşamın qaydaları, gərəkliyi, yaşamaq uğrunda savaşı ilə adamın ömrünü doldurur. Bu doluluq adamın gözünü bağlayır. Amal adamı biolojilikdən ayırır, gözünü açır. Onsuz da insan bioloji olaraq yaşayır, ancaq ömrünü böyük ideyalara bağlamaq – insanı fərəhə çatdırır, ömrü ölümsüzləşdirir. Həyatda hər şey sonludur, bitəndir, olanağa (imkana) sığandır. Amalda insan olanaqsızlığı (imkansızlığı) ötür, sonsuzluğa çatır.
Ata fikri: “Əxlaq – İnama Məqsəd kimi baxmaqdır.
İnamı vasitəyə çevirmək – Əxlaqsızlıqdır”.
Biz İnama ömrümüzdə Məqsəd kimi baxırıq. Ömrümüz dəyişir, yetkinləşir.
Din İnamı araçıya (vasitəyə) çevirir. Doğrudan da əxlaqsızlıq yaranır. Dünyaya qaranlıq yayılır.
Ata fikri: “Əxlaq – Mütləq İnam hökmü tələbidir”.
Mən bunu oxuyanda düşündüm, niyə hökm? Çünkü özünə zor eləmədən, özünün qarşısına kəskin tələb qoymadan ciddi sonuca varmaq olmur. Məndə bəzən olur, deyirəm, sabahdan başlayaram, sabah edərəm. Özünə kəskin tələb kimi qoyanda, onu yerinə yetirəndə adamın özünün özündən xoşu gəlir. Özünə inanır, ömrünü yetirir.
xxx
Adam gah doğru danışır, gah yalan. Harda necə özünəyarar bilirsə, elə davranır. Ancaq özünə qarşı başqasının yanaşmasının yalnız doğru olmasını istəyir.
Gah doğru, gah yalan davranmaq özünə qarşı da haqsızlıqdır, başqasına qarşı da. Həqiqətçi olmaq – özünün özünə qarşı yanaşmasının, inamının yaranmasıdır, eləcə də başqasına qarşı yanaşmanın doğrulmasıdır.
xxx
Kimsə bədbincəsinə danışanda qarşıdakı adam daha da bədbinləşir. Çünkü onun da içində bədbinlik oturub. İnamla danışanda qarşıdakı adamın içində nəsə tərpənə bilər. Ancaq umuda, özünə inama, nikbinliyə yetmək özüylə döyüş tələb edir. Umudsuzluqdan çıxanda özünə də, həyata da, dünyaya da yanaşma dəyişilir.
Ata fikri: “Əxlaq – Hünər tələbidir.
Əxlaqlı yaşamaq – Hünər istəyir.
Həyatdan üstün yaşamaq – Hünər istəyir, Gərgin, Çətin, Davamlı, Ağır Ruhani əməl istəyir”.
xxx
İnsan İdrak yolu, İnam yolu gedir. Doğmalıq – kədəri, fərəhi bölüşmək gərəkliyindən, istəyindən yaranır. Yeni düşüncəni, duyğunu bölüşürsən, işıqlanırsan, işıqlandırırsan, doğmalaşırsan.
xxx
Bilimin (elmin) uğurları dünya üçün qorxuya çevrilib.
Dinin yayılması dünya üçün qorxuya çevrilib.
Texnikalaşma, sənayeləşmə dünya üçün qorxuya çevrilib.
Adam özü dünya üçün qorxuya çevrilib. Çünkü Adam Adamlığında qaldıqca qorxunun növləri artır, qapsamlılığı (miqyası) böyüyür.
Adam insanlaşmalıdır, İnsanilik yeni nizam gətirsin dünyaya, qorxular yox olsun.
xxx
Quldarlıq aradan qalxmayıb, başqa biçimə keçib. Çağdaş sürəcdə (dövrdə) Adamın özünü almasalar da, ömrünü alırlar.
xxx
Adam yaltaqlığından utanmır, yaltaqlığıyla öyünür, çünkü yaltaqlığının “özünəyararlığını” (bəhrəsini) görür.
xxx
Həvəslə yol getmək olmaz, eşqlə yol getmək olar.
Həvəslə dünyanı dəyişmək olmaz, eşqlə dünyanı sarsıtmaq olar.
Həvəs adamı yarı yolda qoyar, eşq məqsədə qovuşdurar.
xxx
Yüklənmək gərəkdir, gücünün hara kimi yetdiyini görəsən, gücünü artırasan.
xxx
Həyatdan bərk yapışanlar həyatı sevdirə bilmədilər. Çünkü həyat sonda onları yoxluğa sürüklədi. Ölümədək olan ömür elə ölümlə sonlandı.
Amal üstə yaşayanlar, Amal üstə özündən keçənlər Amalı sevdirə bildilər. Amal üstə yaşayanın əzabı da sevildi, fərəhi də sevindirdi, əlçəkməsi (imtinası) inandırdı, özündənkeçməsi heyrətləndirdi. Amal onlara ölümsüzlük verdi.
xxx
Dünyanın çağdaş mənzərəsini görən, anlayan İnsanlaşma tələbinin gərəkliyini də anlayar.
Adamın yaşamını görən, anlayan İnsanlaşma tələbinin gərəkliyini anlayar.
xxx
Adam özünə uduzanda həyata uduzur, dünyaya uduzur, gedişə uduzur.
Adam özünə qalib gələndə həyata qalib gəlir, dünyaya qalib gəlir, gedişə qalib gəlir.
Özünə uduzanda həyat dəyişmir, dünya dəyişmir, gediş dəyişmir.
Özünə qalib gələndə həyat dəyişir, dünya dəyişir, gediş dəyişir.
xxx
Günü ruhani əməllərlə doldurmayanda həyat boşluqla onu doldurur.
Bu ay bizim iki səfərimiz oldu. “Ata Sonevini Ziyarət Günü” törəni Ağstafada keçirildi, “Xəlqilik” Bayramı təbiət qoynunda. Səfər – ruhani halın yönləndirilməsidir, eləcə də gerçək durumun yönləndirilməsidir. Törən keçirdik, söz dedik, özümüzdə hal yarandı, yörədə hal yarandı. Sorumluluğumuz artdı, ruhani halımız yeniləndi. Özümüzü yenidən gördük, bir-birimizi yenidən gördük. Doğmalaşdıq, Ocaqlaşdıq.
“Ata Sonevini Ziyarət Günü” törəni mənim ruhani halımı yenilədi. Hər dəfə ora gedəndə özümün Ata qarşısında sorumluluğumu bir daha anlayıram, yükümü anlayıram.
Bayram səfərinin gerçəkləşməsi Üstünün önərisi, hazırlaması ilə bağlı idi. Törənə qatılanların halının köklənməsi, qıraq şeylərə yayınmaması, toplaşdığımız qonuya düşüncələrin yönəldilməsi – Ocaq Yükümlüsünün ruhani yönləndirməsini bir daha gördük. Ağrılarımızı, fərəhimizi, düşüncələrimizi bölüşdük, halımız yeniləndi. Bayramın keçirilməsinin asan bir olay olmadığını da gördüm.
Göylünün ruhani hazırlamaçılığını ayrıca vurğulamaq istəyirəm. Baxışları özünə çəkmədən, hər şey hazır, yerindəymiş kimi oldu. Biz nə ediriksə, əmək qoyuruq, ürək qoyuruq, ordan uğur çıxır, gözəl düşüncələr yaranır.
Ailə Gününün qonusu – “Ocağı aqibətimə çevirməkdə mənə əngəl olan nədənlər”lə bağlı nə deyə bilərəm?! Belə düşünürəm, mənim ən böyük əngəlim özüməm. Çünkü anlayıramsa həyat nə deməkdir, ortam nə deməkdir… Atanın fikri var: imkansızlıqdan imkan yaratmaq gərəkdir, bunları anlaya-anlaya Ocaq əməllərini edə bilmirəmsə, əngəl özüməm. Ancaq özümün qarşıma tələb qoyanda edə bilirəm. Suçu qayğıların boynuna atmaq olmaz. İşi sabaha qoymaq qüsurum var. Çalışıram, bunları aradan qaldıram.
İnamlı Atalı: Bu ay Atamızın ikinci bitiyini – “Mütləqləşmək – Var olmaq” bitiyini oxuyuram. Çağım çox azdır. İş, ev işləri iki aydır çağımı alır. Tam açıla bilmirəm onlardan. Olanağım (imkanım) olanda Amallaşıram. Ordan gəldiyim sonuclar da var. Atanın elmi, təcrübi, ruhani idrakla bağlı deyimləri üzərində düşündüm. Ata deyir: elmi idrak dağı görür, ancaq dağın vüqarını görmür. Çayı görür, çayın nəğməsini görmür. İnsanı görür, insandakı Mütləqi görmür.
Mənim gəldiyim sonuc nədir? Dünya Atayadək ən çox elmi idrakla uğraşıb. Din idrakı da, elmi idrak da dünyanın anlamını göstərə bilmədilər. Elmi idrak olayı görür, olayı doğuran mənanı görmür. Elmi idrak qazanccıllığa dayanır. Nə edirsə qazancını güdür. Heç bir şeyi umacaqsız eləmir. Hər şeydə öz marağını güdür. Dünya da bu marağın qurbanına çevrilir, insan da. Bizim yaşadığmız dünyada hər bir şey pulla ölçülür. Heç kim heç kimə bir yumurtasını belə qarşılıqsız vermir. Çünkü elmi idrak elə bir iqtisadi ortam yaradıb, hər bir şey alınıb-satılır. İnsanın mənliyi belə, alınıb-satılır. Çünkü elmi idrak insandakı genişliyi, mənəvi kamilliyi, inamı, iradəni görsəydi, ondakı yerə-göyə sığmayan mahiyyəti görə bilsəydi, dünyanın bugünkü gedişi belə olmazdı. İnsana başqa yandan baxardı, verdiyi qiymətə görə insanın ölçüsü-biçisi olardı. İnsan bugünkü kimi qiymətsiz olmazdı. Dünyanı kapitalistləşdirməkdə, pulçuluğa qulluq eləməkdə elmi idrakın etkisi çox oldu. Bu gün də onun acısını, ağrısını insan çəkir. Çünkü insan heç bir an elmdən yuxarıda tutulmayıb, elmin qulu kimi tutulub. Elm insana qulluq eləməliykən, insan elmə qulluq edib. Qarşılığında elm dirçəlib, insan itib. Bu gün qlobal istilikləri yaradan, elmin “uğurları”dır. Süni isti, süni soyuq, süni virus, süni xəstəlik yaradırlar. Bura qədər ruhani idrakın olmaması elmi idrakın zərər verməsinə gətirib çıxardı. Ruhani idrak dirçəlsəydi, dünya bunca dağıdıcı qüvvələrin basqısına uğramazdı. Bunca savaşlar olmazdı. İnsan ruhani varlıqdır, insanın ruhaniliyi elm tərəfindən təsdiq olunmayıb. Bu gün xalqımız, planetin yarısı oruc tutur. Televiziyada aparıcı deyir: Ramazan ayı milli dəyərlərimizdən biridir. Ramazanı milli dəyər sayır. Onda mən özüm özümü sorğuladım: Ramazan bizim dəyərimizdirsə, bəs dəyərlərimiz nədir?!
Ata deyir: elmi idrak heçdir. Elmi idrak dünyanı dağıdandır, dünyanı heç gözündə görəndir. Elmi idrak gözlə görünəni görür, gerçəkliyi görür. Ancaq mahiyyəti, mənanı görmür.
Əgər ruhani idrak elmi idrakdan daha çox qabağa getsəydi bugün Ramazanı milli dəyər kimi sunmazdılar.
Xalqlaşma ilə bağlı, son iki ayda çox gecikmişəm. Mənim yaxşı planlarım var idi. İşim məni çox geri qoydu. Gözə aldığım səfərlər var idi, gedə bilmədim. Mənim Ocaq işində yürümək istədiyim, can atdığım xalqlaşma işidir. İçdən yaranır məndə bu. Ancaq qayğılar məni bu istəkdən alır.
Həyatdan tam qopmaq da olmur. Bəlkə ona görə dahilərin ailəsi olmur. Bu kimi şeylər mənə daha çox əngəl olur. Maddiyyat, gəlirin azlığı, çıxarın çoxluğu. Bu şeylər son iki ayda ayağımdan geri çəkib. Kamilləşə bilmirəm, gerçəkliyi görürəm, ötə bilmirəm, həqiqəti görürəm yetə bilmirəm, ortama bağlanıram. Özümdən yuxarıya qalxmağıma çox əngəl olur. Bununla bağlı çox danışmaq istəmirəm.
Atamız Var olsun!
Nurtəkin Atalı: Dahilərin ailə məsələsinə toxundun. Doğrudur, tarixdə ideya adamının ailəsi çox halda uğursuz olub. Atada da alınmadı, çünkü qadını həyatçı, məişətçi qadın idi. Ancaq tarixdə, məsələn, həyat yoldaşının dalınca Sibirə gedən qadınlar olub.
Düzdür, bizim ailəmiz var, məişət qayğılarımız var. O qayğılar çözümünü tapmalıdır, bizdən asılı olan nə varsa, onu yerinə yetrməliyik. Ancaq hal baxımından bizdə ailə də, dostluq da, qohumluq da, hər bir şey Amala tapınmalıdır, Amala yönəlməlidir. Onsuz da bu sorunun içindəsən, onsuz da bunu çözürsən, onsuz da işləyirsən. Bir də var, bütün düşüncəni qapdırırsan həyata.
Soylu Atalı keçənlərdə misal çəkdi, deyir qız oğlanı sevirsə, nə iş görür-görsün, ağlı ondadır, inək sağır, ya nəsə iş görür, ancaq ürəyi işdə deyil. Ürəyi verməmək gərəkdir.
Mən elə özümdən götürürəm. Bəzən Uluyol elə rahatsızlıq yaradır, mən deyirəm, onsuz da mənə olanaq saxlamır iş görəm. Ancaq özümü kökləyəndə, gözüm onda olsa da, düşüncəm başqa yerdə olur, yəni Ocaqda olur. Bəzən elə yaxşı sonuclara gəlirəm də.
Mənim xarakterimdə belə hal var: oxumağım, düşünməyim üçün tam küysüzlük olmalıdır, mənə əngəl olan heç nə olmamalıdır. Ancaq bu ortam bütün gün içində olmur. Bununla belə, ruhaniliyə köklənəndə qayğılar didib-parçalamır adamın içini. Yenə deyirəm, onsuz da çözürsən o qayğıları da. İşləyirsən də. İndi neyləyəsən, Azərbaycan bu gündədir. Sıradan həyat qayğılarını aylıq ödəmək olmur. Ancaq hal baxımından Amala köklənəndə həyata da, gedişə də başqa cür baxırsan.
İki il öncə biz Ağstafaya – “Ata Sonevini Ziyarət Günü” törəninə gedəndə, törəndən sonra sən (İnamlı–N.A.) parka yığılıb oturan insanlarla Soylu Atalının görüşünü təşkil elədin. O baxımdan uğurlu təşkilatçılığın var. O insanlardan mən telefon nömrələri götürmüşdüm. Bu il gedəndə onları aradım, həmin insanlar bizimlə birgə törənə qatıldılar. Onlardan biri axşam mənə zəng edib deyir: mən hələ də o tədbirin etkisi altındayam, təşəkkürünü bildirdi bizlərə.
Uğurlu xalqlaşma işlərin olub. Özünün dediyin kimi, son aylarda zəifləyib, bu isə fərəhinə də etki göstərir. Diləyirik bu halı ötəsən.
Ulusəs Atalı Ataya səcdə ilə szöünə başladı: Mən hazırlaşmamışam yenə. Ancaq qonu ilə bağlı bəzi fikirlərimi demək istəyirəm. Bu, hamıya özgündür (aiddir). Mənə daha çox. Mən İnamlının da, Nurtəkinin də dedikləriylə razılaşıram, nə olur-olsun, yenə də öz payıma deyirəm, yenə yer var. Nurtəkin də onu deyir, oxumaq üçün küysüzlük gərəkdir. Mən də o xasiyyətdəyəm. Mən bir işi tam görmək istəyirəm, başqa işlər əngəl olmasın. Mən bu halı uzun çağlar yaşamışam. İstəyirdim Atanı, 24 saatın az kəsimini çıxmaqla, oxuyum. Doğrudan da bir eyforiya halı idi. Mən bu halı yaşamışam, bu halım üçün darıxıram da. İndi mən özümdən də ağır yükün altındayam. Ancaq bu, özünə haqqvermə deyil. Gün içində 2-3 saat ayıra bilərəm. İş də görə bilərəm. Ancaq deyirəm, bu qayğılardan qurtarım, arı bir halla, arı duyğularla, mənə əngəl olmayan koşullarla Ocaqçılığımı göstərim. Özüm də anlayıram, belə koşullarla Ocaqçılıq alınmaz. Ancaq yenə də…
Bu qonu mənə yaxın bir qonudur. Çünkü əngəl insana elə özüdür. Bəs “Özüylədöyüş” nəyə görədir? Özünün yaratdığın əngəli qırağa qoymaq gərəkdir. Həyatın sənə basqısı var, günü-gündən də azalmayacaq, artacaq. Gözləyim, basqı azalsın, sonra nəsə edim, olmayacaq. Sadəcə bir şey var, əngəli özün özünçün yaradırsan, onu qaldırmaq gərəkdir.
İnamlı Atalı: Əslində əngəlsiz Ocaqçı olmur. Əngəl olmayan yerdə Ocaqçı nəyə gərəkdir?! Ata niyə Ocağı yaratdı? Əngəllər olmasaydı Ocaq yaranmazdı. Biz əngəllərlə üz-üzə duraraq Ocaqdayıq. Ocağın tələblərinə yetməliyik. Əslində mənim çağım çox olur. Sadəcə işdən gəlirəm, halsızlıq olur. Əlim qalxmır, Atanın kitabını götürəm oxuyam. Halım kökdə deyil. Fikirləşirəm, özümü zorlasam, düşünə biləcəm, yazı da yazacam.
Haqsızlıq var, hamımız bunu görürük. Biz də elə buna görə döyüşürük, toplum dəyişilsin. Kapitalizm getsin, yerinə ruhaniyyat gəlsin.
Ayaz Şıxalıoğlu: Bu dövlət sənə əmək haqqı yox, yemək haqqı verir.
İnamlı Atalı: Mən Atanın bitiyini oxuyuram, yaxşı düşüncəyə gəlirəm, birdən maddi qayğılar qarşıma durur, düşünməyə qoymur, – axşam çörək almalıyam.
Ayrı- ayrı aşamalarda mən sorunları itələyirdim, indi yığılıb hamısı üstümə gəlir. Ona görə də evdə qalan günümü xalqlaşmaya ayıra bilmirəm. Ruhaniyyat cəhətdən zərər edəndə heç maddiyyatım da düzəlmir, sorunlarım da çözülmür. Bayaq dedim, hər gün evdə iki saat çağım olur. İki saata Ocaq işi görmək də olar, düşünmək də. Ancaq o iki saatım elə ağır, anlamsız şeylərlə yüklənir, gərgin düşünməli oluram. Bunları düşünməsəm də olmur.
Nurtəkin Atalı: Bütün Azərbaycan çətin gündədir. Xəstəsi əlində qalır, dərman almağa pulu yoxdur. Biz o ağırlığı, çətinliyi bilirik, ancaq ondan üstün olmağı da bilməliyik. Atanın ömrünü oxumaq gərəkdir. Atanın son bircə ilini görmüşəm, evində olmuşam. Bir ildə də Atanın məişəti düz-əməlli olmayıb. Soylu Atalıdan asılı olub çox şeylər. Atanın evinin olmayan, dostlarının da üz çevirdiyi günləri olub. Çox balaca bir evdə, bir çarpayı, bir stol sığışan evdə kitablarını yazıb. Ata deyirdi, mənim şəkillərim o çağlar çəkilməli idi, üzüm alışıb-yanırdı.
Özünü Atanın çətinliklərilə tutuşduranda görmək olar əngəlləri necə ötmək gərəkdir.
Ulusəs Atalı: Mənim üçün də, İnamlı üçün də işıq söhbəti olsaydı, bizi sıxıb-boğan, əzib-tökən sorunları qırağa qoyardıq. İndi qoya bilmirik. Mən şəxsən heç cür qoya bilmirəm. Mənə elə gəlir, yükümü qırağa qoysam hər şey yas olacaq. Mən qoya bilmirəm. Sanki mənə verilib, bunu daşımalıyam. Elə şeylər var, elə öz-özündən çözülür. Bir var düşünürsən, düşüncə səni qaldırır, bir də var düşünürsən, düşüncə adamı yerə basdırır. İnsan gərək üstün olmağı bacarsın. Yaşadığı həyatdan, yükləndiklərindən də üstün olsun.
Nurtəkin Atalı: Biz Ocaqçıyıq, hər birimiz bu yolu anlayaraq gəlmişik. Hər bir Ocaqçı qayğısının dalınca gedərsə, Ocağı kim yaşadacaq? Biz böyük ideyalardan danışırıq. Böyük ideyalar asanlıqla həyata keçməyəcək ki. Bütün Azərbaycan elə fikirləşir, iqtisadiyyat düzəlsə, hər şey düzələcək. İqtisadiyyat düzəlsə də, hər şey düzəlməyəcək. Çünkü o hal olmayacaq, o düşüncə olmayacaq. Gərək özünü kökləyə biləsən. Özünü kökləyəndə qarşılaşdığın hər bir şeyə baxışın da dəyişəcək.
Ulusəs Atalı: Mən Ocağa gələndə tamam özgür bir adam idim, bilirdim hara gəlirəm. Mən seçim eləmişdim, düz seçim eləmişdim. Ancaq sonralar üstümə elə yük düşdü, dəyişdi. Belə gətirdi.
Nurtəkin Atalı: Belə gətirdi, sən özünü tamamilə o qayğılara verdin, düşüncə baxımından da, fiziki baxımdan da. Bu qüsur idi, özünü tamamilə verdin. Özünü tamamilə verməli deyildin.
Ulusəs Atalı: Buna görə də güc gərəkdir.
Nurtəkin Atalı: Özüylədöyüş də ondan ötrüdür.
Elqala: Bəs Soylu Atalı necə eləyib?
Nurtəkin Atalı: Soylu Atalının, 3 körpə ilə kirayədə qala-qala, çox çətin günləri olub. Mən o ailəyə yaxın olduğum üçün bilirdim. Evində ərzaq belə olmadığı günləri olub. Ancaq başqası onun çətinliyini bilmirdi. Çünkü Soylu Atalı o halla yaşamırdı. O, hər an Ocaq əməllərində, görüşlərində, söhbətlərində idi. Deməli, özünü kökləmək, yenə də özünü Amal üstə qurmaq gərəkdir.
Ayaz Şıxalıoğlu: Əgər Elqala bu sualı veribsə, özü də cavabını bilir. Deməli, Soylu Atalı sorunları özü çözür, o, özü üçün sorunları yaratmır. Biz ancaq özümüz yaradırıq. Biz deyirik, işə gedirəm, çağımı iş alır. O birinin başqa qayğısı var. Bu birinin aylığı azdır. Bütün bunlar var deyə özünü Ocağa verə bilmirsən. Mənim də çətin günlərim olub. Ancaq bu gün pis yaşayıramsa, pis düşünüm, yaxşı yaşayıramsa, yaxşı düşünüm söhbəti olmayıb. Necə varam, elə də düşünürəm.
Ulusəs Atalı: Mən Elqalanın sualını özüm üçün düşünürəm. Ata söhbəti var, Soylu Atalı söhbəti var, bizim söhbətimiz var. Bayaq dedik, Ata deyirdi, mənim şəklim o çağlar çəkilməli idi. Yəni hansısa bir pillə, sınır var. O sınırı keçirsən, o an bu qayğılar səni çox aparmır. Ata o səviyyəyə qalxmışdı, o sınıra çatmışdı. O, qayğılarda özü üçün özgür idi. O qayğıları içinə çəkmirdi, düşüncəsinə yükləmirdi. Onun içindəki od-alov qayğıları yandırırdı. Soylu Atalı da o səviyyəyə çatıb, qayğıları yandırıb, qayğılardan özgürdür. Mənim isə qayğıları yandıran gücüm yoxdur. İçimdəki alov o dərəcədə deyil ki. Məgər Soylu anasına baxmırmı, ya gəlib burda mənim bacımla uğraşmırmı, ya da başqa qayğılar, mənimkilərlə də uğraşır. Eyni halda öz alovu ilə Ocağı yandırır. Özü də yanır, Ocağı da yandırır. Gərək o düşüncəni, səviyyəni özündə yaradasan.
Nurtəkin Atalı: Ata deyir, zamandan üstün olmaq gərəkdir, ortamdan, mühitdən üstün olmaq gərəkdir. Mühitdən üstün necə olursan? Pulla üstün ola bilməzsən. Halla, düşüncə ilə üstün olursan. Özünü ideyaya elə kökləyirsən ki. Onsuz da nəsə yeyirsən, yeməlisən geyməlisən, işləyirsən, ruhani tələblər elə yön alır, yemək kimi gərəkliyini duyursan. Kökdən düşməmək üçün də Atayla hər an bir olmaq, düşünmək gərəkdir. Özünü böyük insanlarla tutuşdurmaq gərəkdir. Ata ilə, Soylu ilə tutuşdurmaq. Mən hardayam, nə haldayam? Ata deyirdi, mənə qorxudan salam vermirdilər. Hələ biz o cür təklənməmişik, o hala yetməmişik. Mən demirəm maddi məsələləri çözməyək. Əgər ailə qurmuşuqsa, onun sorumluluğunu daşıyırıq.
Ancaq onu beynimizə yük etmirik. Yolumuzu gedirik, qayğıları da çiynimizə alıb gedirik.
`
Üstün Atalı: Əslində Nurtəkin mənim demək istədiklərimi dedi. Qonu ilə bağlı deyim: bizim yolumuz asanlıqla aqibətə çevrilməyəcək. Asanlıqla adamların içinə yeriməyəcək. Ancaq mən öz ömrümdə əngəl elə özümü görürəm. Mənim xalqlaşmamda da əngəl özüm oluram, kamilləşməmdə də, amallaşmamda da. Bu an mənim üzərimdə ağır yük yoxdur. Mənə qıraq bir etki, basqı yoxdur. O etkiləri özüm özümə yaradıram. Məişət qayğıları ilə, özümü məişətə verməklə.
Ata ilə, Soylu Atalı ilə bağlı danışıldı. Mənə elə gəlir, burda oturanların heç birinin həyatı asan olmayıb. Hamının ömründə çətin anlar olub. Məsələn, Nurtəkinlə Göylü kirayələrdə qalırdılar. Öyrənci hazırlayırdılar, corab sexində işləyirdilər, bununla birlikdə Ocaq səfərləri edirdilər. Çoxlu Ocaq işləri görürdülər. Onların o məqamda halını saxlayan səfərlər idi.
Ömrümü Ocağa verəndə halım yüksəlir, ömrümü məişətə verəndə halım enir. Ocağa verəndə qazanırsan. Mən elə düşünürəm, Ocaqda olan indiki Ocaqçılar elə bir səviyyədə, elə bir durumdadırlar, bu aşamanı keçməlidirlər, hardasa keçiblər də. Mən söhbət edəndə deyirəm, Azərbaycanın yaxın gələcəyi üçün yaxşı heç nə gözləmirəm. Bundan da pis şeylər gözləyirəm. Ola bilər, sabah heç yol gedə bilməyək. Bu onu güllələsin, o bunu vursun, adamlar azğınlaşır. Adamların ağlında vətəni qurmaq, vətəni sevmək yoxdur. Onların ağlında yarışlardır, ev qurmaq, məişət qurmaqdır. Əslində elə olmalıdıri, ailə də qurulsun, ev də qurulsun, xalq da.
Söhbətin gedişində ağlıma gəldi, birdən elə oldu, məni işdən çıxardılar. Onda mən necə olaram? Sizi inandırım halım dəyişmədi. Mən Ocaqçılarda elə hal görürəm, daşdan da çörək çıxaracaq, Ocağı da yaşadacaq. Hər birində elə hal görürəm. Bundan az ağılla, bundan az iradəylə böyük çətinlikləri keçmişiksə, bundan sonra da keçəcəyik.
Ayaz Şıxalıoğlu: Sizlərlə söhbətdə mən sevinirəm. Burdakı qonu ilə bağlı cavabı da dediniz – insan elə özü özünə əngəldir. Özü özünə sorun yaradır. Əgər insanın canı sağdırsa, bu, böyük xoşbəxtlikdir. Ağrıyanda heç nəyi görmüsən. Ancaq sən bilirsən, sağlamsan, düşüncən də sağlamdır, mənəviyyatın da sağlamdır. Buna sevinmək gərəkdir. Mən bunu aqibətə çevirim yox, bu elə mənim aqibətimdir. Mən belə doğulmuşam, belə düşünürəm, evdə də belə tərbiyə olunmuşam.
Həyatda yük də daşıyacam, faciələr də baş verəcək, sevincli günlər də olacaq. Həyat olduğu üçün bütün bunları başa düşəsən, dərk edəsən gərək. Hədəf odur, mən nadan ömrü yaşamıram. Mənim ömrüm budur. Mən bunda yanılmıram. Düşüncəmdə yanılmıram. Özümü həlak eləmirəm. Məni içimdə böyük saxlayan da budur.
“Don Kixot”u oxumaq istəyirəm. Həcmcə böyükdür, səbrim çatmır oxuyam. Mən istəyirəm, xırda olsun, tutumlu olsun. “Don Kixot”la bağlı yazı oxudum. O, Tolstoyunku kimi ciddi əsər deyil. Don Kixot istəyir haqqı bərpa eləsin, haqsızı öz yerində oturtsun. Haqqı çatan adam ona yetsin. Köhnə cəngavərlər kimi bir arıq ata minib, onun silahdaşıyanı da var, çıxıblar dünyada haqsızlığa qarşı savaş aparmaq üçün. Birdən gözüm yaşardı. Gülürəm. Mən niyə gülürdüm, niyə gözüm yaşardı?! Bu insan nə böyük insandır. Hər bir insanın içərisində, Asif Ata deyir Mütləq var. Bir var insanın bundan sorağı olur, bir var olmur. Sorağı olmayan nadan da gedir elə. Bunun içində bu var. O istəyir haqqı adamlara versin. Döyüşdüyü obyektin böyüklüyünü bilə-bilə döyüşə gedir. Burda o insanlıq var. O haqsızlığa qarşı vuruşmaq istəyi var. O, dəbilqə yerinə başına cam qoyur. Bunları oxuyanda gülürsən. Onsuz da o, gedib heç nəyə yetməyəcək. Haqqı bərpa edə bilməyəcək. Ancaq sevinirsən, bu haqq deyilən bir şey ölmür. İnsanın içində var, yaşayır. İnsan da buna meyillidir. Onun möcüzəsi ondadır, neçə yüzillərdir bu yaşayır. Bizim içimizdə də o var. O Don Kixotluq var. Toplumda da nələrəsə bizim gücümüz çatmayacaq. Ancaq bizim ideyamız çox güclüdür. Gedişə qarşı biganə ola bilməzsən. Sən insansan. Biz də ona gedirik. Bu, bizim ömrümüzdür, aqibətimizdir. Başqa cür ola bilməz. Var olun.
“Qutsal Oxuma” tələbinə görə “Hallar” Bitiyi oxundu.
“Ailə Günü” törəni “Ata Ruhunu Ürəyimzidə aparırıq!”, “Atamız Var olsun!” səcdəsiylə sona yetdi.
Şölə Ayı, 37-ci il. Atakənd.
(iyun, 2015. Bakı.)