Ata-Ocaq ilsırası ilə 2 Od Ayı, 34-ildə “Uluyol-Hünər”in Ailə Günü keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsi ilə toplantı başlandı. Ailənin Yükümlüsü Nurtəkin Ataya Səcdə ilə sözünə başladı. O, son zamanlarda Ocaq ədəbiyyatı və Ocaqdan kənar ədəbiyyatlar oxuduğunu qeyd etdi. İdeal haqqında qoyulan mövzu üstə fikirlərini bölüşdü: “Ata fikri “İdeal – Mütləqilik əsasında qurulan Yaşamaq, Düşünmək, Duymaq Tərzidir”. Həm yaxşı, həm pis, həm ümid, həm bədbinlik, həm ucalıq, həm də alçaqlıq. Bu təzadlar dünyasında yaşayır insan. Gerçəklik var, olan var, lakin olanla barışmayan, gerçəklikdən üstün olmağa səsləyən – İdeal tələb var. Olandan, gerçəklikdən doğan kədər və olmalıya doğru arzular seli, çağıran yollar, ümid və inam var.
Adamlar hər zaman monotonluqdan şikayətlənirlər və monotonluğu hadisəylə, başqa birisinin və ya birilərinin varlığıyla dəyişmək istəyirlər. Amma monotonluq – arzunun, əməlin, ümidlərin, özünə inamın və müəyyən yolun olmamasından doğur. Yer dəyişməklə monotonluq dəyişmir, çünki hara getsən özünü, içindəki dünyanı aparırsan. Günlərin rəngi düşüncələr yetkinləşdikcə aydınlanır, şəkillənir, şəffaflaşır. İdeala yetmək arzusu arzu olaraq qalmayanda, əmələ keçəndə daxili inkişaf yolu bəlirlənir.
Ocağa qədər özümə suallarım olurdu ki, niyə mən məhz mənəm, niyə mənim görünüşüm də, səsim də, düçüncələrimdə məhz belədir? Niyə mən çox gözəl, çox xüsusi deyiləm?! Ümumiyyətlə, xüsusilik nədədir?
Özünü tanımaq, özünün nə istədiyini bilmək hələ “yolun başlanğıcına qədər olan yoldur” (Soylu Atalı). “Mütləqə İnam” kitabında “İdealla söhbət” bölümü var. Orda İdeal İnsana deyir ki: “Mən sənin hüdudsuz arzularından doğuram. Arzuların sonsuzdur, kamildir, ülvidir, ancaq hissiyyatın, mənəviyyatın, idrakın hələ naqisdir, adidir, nöqsanlıdır. Sən qədim olsan da, özünü tapmamısan, özünə çatmamısan, özünün ali imkanlarından uzaqsan. Sənə sığmazlıq, ruhanilik, müqəddəslik bəxş olunub, ancaq sən onları indiyə qədər tam aşkara çıxara bilməmisən”…
Atanın dediyi kimi, ruhaniliyi, müqəddəsliyi aşkarlamaq üçün İdeala inam və ona doğru özüylədöyüş yolu getmək gərəkdir. Özüylədöyüş yolu – həyat tərzi yaradır. Qüsurlardan arındıqca, özünə inam artır, İdeala yetmək tələbi artır, vəhdət yaranır. “Yalnız kamil olan – həqiqidir” Ata fikrində deyildiyi kimi, bunu özüm üçün hər zaman təsdiq edirəm. Özümlə (adiliyimlə) barışanda özümdən ayrıldığımı görürəm və özümlə barışmayanda, özümlə döyüşəndə fərəhimin necə artdığını hiss edirəm. Hər addım başqa addıma yol açır və addımlar yol yaradır.
Yenə də Ataya qayıdıram: “Mütləqə İnam”dan “İnsan möhtəşəmliyi”: “Həqiqət görməmək və həqiqətə inanmaq! İnsan görməmək və insana inanmaq! Aldanmaq və aldatmamaq! Gözəllərdə yanılıb gözəlliyə inanmaq! Dostlarda yanılıb dostluğa inanmaq! Bütlərdə yanılıb Mütləqə inanmaq!.. Qadında yanılıb qadınlığa inanmaq! Kişidə yanılıb kişiliyə inanmaq! Bugündə yanılıb, Sabaha inanmaq!”
Bu, İnamdır. Elə ki, imtinayla yol açıb özüylədöyüşə başlayıram, o zaman İnam, İdeala İnam mənim üçün mayak olub. Və bu mayakın işığını gücləndirən, onu sönməyə qoymayan da özüylədöyüşüm olub.
İdeal əlçatmazlıq demək deyil. İdealla mənim aramda həyat tələbləri, gerçəklik durur. Həyat arzuları sönükləşdirir, inamı söndürür, “mən hər şeyəm” deyir. Həyat tələbləri zəruridir, lakin bu, məqsədə çevriləndə, ideal əlçatmaz olar. Ruhani tələblərdir bizi mənliyimizə yetirən, yolumuzu müəyyən edən.
xxx
İdeala səsləniş
Sənə həsrət çəkirəm. Çox uzaqlardasan. Gözüm görməsə, əllərim toxunmasa da, uzaqlığın qədər ruhuma yaxınlığını hiss edirəm. Amma bu anda həsrətin daha doğmadır. Çünki səndən uzaqlığım əzabı, işgəncəni, soyuqluğu, yalnızlığı və sənin dəyərini, varlığından doğan fərəhi, ümidləri, istini, bəxtiyarlığı özündə birləşdirir. Həsrətimin boyu qədərdir sevgimin ucalığı, əzabı qədərdir vüsala yetmək ümidim. Sənə doğru gəlirəm. Çünki bütün yollar səndən başlanır. Səni səsləyirəm, çünki sözlərim yalnız sənin üçündür. Məni gözləyəcəyini bilirəm. Çünki arzularım, ümidlərim, inamım məni azdırmaycaq, sənə qovuşduracaq.
xxx
Fərq. Bir var qisməti, taleni yük kimi yaşayanılar, bir də var yükü özünün taleyi kimi yaşayanlar. Biz ikincilərik.
xxx
Vətənimiz parça-parça. Ruhumuz da bütöv deyil.
Dəyərlərimiz öyrənilmir, qorunmur, yadlaşır. Ruhumuz da yadlaşır.
Dilimiz yad sözlərlə bəzənir, başqa dillə əvəz olunur, aşağılanır, unudulur.
Ruhumuzla da dil tapmırıq. İnamımız naqisdir, özümüzü özümlüyümüzə tapşırmırıq, zamana, mühitə, şəraitə tapşırırıq.
İdrakımız bilgi səviyyəsində qalır, İnamımızla vəhdət yaratmırıq.
Mənəviyyatımıza inanmırıq, vicdanımızın hakimliyinə deyil, Allahın hökmünə sığınırıq. Hər şeydən təmənna umuruq.
İradəmiz gərəksizləşir, zamanla, həyatla dil tapırıq. Dilsizləşirik, ayaqlaşmaq istəyirik, axsaq oluruq. Ruhumuzu da şikəst edirik. Ruhumuz dirilsə, ömrümüz də dirilər. Ruhumuza doğmalaşsaq, millətimizə da doğmalaşarıq, bütövləşərik. Ruhumuz dirilsə, sabahımız da yaranar”.
Nurtəkin Atalı ay ərzində keçirdiyi görüşlərdən də danışdı. Və bu görüşlərin verdiyi məsuliyyəti və fərəhi vurğuladı.
Ocaq Yükümlüsü Soylu Atalı:: “Ocaq tədbirlərində söz demək fərqlidir. Başqa tədbirlərdə adam öz bildiklərindən danışır. Bizdə sözyaşamaq deməkdir, Yaşadığımızı deməkdir. Ocaqçı üçün prinsipial bir məsələdir ki, o nə deyir. O, yaşayıbsa deyir. Biz ruhani intibah həyata keçirirk. Biz bütün taleyimizi buna bağlamışıq. Bizim üçün həyatın ana xətti Amaldır. Ona görə də yaşamaq haqqında hər an düşünmək gərəkdir. Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən hesabat verilməlidir. Bir çox baxışlardan fərqli olaraq bizdə insanın əsas məqsədi özünü, həyatı daxildən dəyişməkdir. İdeala doğru öz ömrünü dəyişməkdir. İnsan İdealı özü üçün müəyyən etməlidir, – İdeal nədir ki, mən öz ömrümü dəyişməliyəm. Kamilləşmənin İdeala doğru tələbi özüylədöyüş əsasında gerçəkləşir. Fərdin özünü yaratması, özünü tanımağından başlayır. Bu, Mütləqə İnam fəlsəfəsinin əsas xətlərindən biridir, – Özünü tanımaq. Hər kəs gizlənir – əksəriyyət. Toplumun 99%-i gizlənir. Nadir adamlar var ki, gizlənmir, səmimiyyətə dayanır. İnsanlar ilk olaraq gözün gördüyünə əsaslanırlar. Gözünün gördüyü əsasında təsəvvürləri formalaşır. Gözün yaratdığı təsəvvürlərdən fərqli olaraq, adamın düşüncəsinin, daxili görümünün fərqli olaraq yaratdığı təsəvvürlər var. Doğrudur, təsəvvürlərlə baxmaq, başqa sözlə, daxili gözlə baxmaq ənənəvi bir şey deyil. Təcrübə yox, ənənə yox, hər bir insandan tələb edə bilməzsən ki, sən gözün gördüyünü öt, Ruhunla bax. Nəticə etibarilə o baş verir ki, insanlar davrananda, yaşayanda başqalarının yaratdığı təsəvvürlərlə hesablayırlar özlərini. Başqalarında təsəvvür yaratmaq üçün necə davranmalıyam, – İçim nədirsə, o gizlənir. İçimdə balacalığımı, xudbinliyimi gizləmək zorunda qalmamalıyam. Yaşadığımız həyat sanki səhnəyə çevrilir. Biz həyatı yaşamaqdan çox rol kimi ifa edirik. Belə davranmaq lazımdır,baxırlar və s. Əgər insan öz içində həqiqətə yetərsə, mənliyini tanıyarsa, o öz qarşısında məsul olur. Mən vicdan əsasında yaşamalıyam, çünki insanam. Ədalət prinsipləri ilə yaşamalıyam, ləyaqət prinsipləri ilə yaşamalıyam.
İnsanın özü qarşısında cavabdehliyi yoxdur. Başqaları qarşısında gizlənmək zorunda qalır. Özüyləqdöyüş fəlsəfəmiz insanı bu fəlakətdən qurtarmalıdır. Asif Atanın “İnsanlaşın – İnsanlaşdırın” harayı buna dayanır. Mütləq səmimiyyət, mütləq doğruluq, dünya nə çalır çalsın, ətrafa hesablama içini. Buradan nə çıxır ortaya? İnsan özünü öz durumuyla, indiki durumuyla, toplumun baxışıyla deyil, Mütləqlə, İnsaniliklə müqayisə eləməlidir. İnsan özünü İnsaniliklə müqayisə edəndə tamam başqa mənzərə açılır, başqa hal yaranır. Bütün fəlakətlər ki, yaşayırıq, istər dini, siyasi doktrinalar bu fəlakəti bizə niyə yaşadır, çünki heç biri insana gərək olmaq haqqında düşünmür. Özü öz içində tam azadlığa çıxmır. Ona görə də bizə təqdim və təlqin olunan hər şey bizi həyat aktyoruna çevirir. Ona görə bu gün bəşəriyyətözünə yad yaşayır, öz mahiyyətinə, insani tələblərinə arxa çevirdiyi üçün. Millət dediyimiz ayrı-ayrı fərdlər deməkdir. Ayrı-ayrı fərdlərin bütövlükdə baxışı ondan kənarda yaranan mühitə görə hesablanır. Mühit doğru deyil. Mühitin qəlibinə girmək də gərək deyil. Mühiti dəyişmək gərəkdir. Adamların ağlına sığmır ki, üç-beş nəfərlə mühit necə dəyişir?! Bilirsən, necə dəyişəcək -sən dediyimizi istiqamətdə, özünlə doğrusansa, səmimisənsə, özünü tanıyırsansa, hansı mühitdə olmağından asılı olmayaraq, yarandığın kimi olacaqsan. O mühitin bəsitliyinə enməyəcəksən. Burada sənin mühitə daxil olmağın yeni ahəng yarada bilər. Bütün bəşəriyyətin tarixində ayrı-ayrı şəxsiyyətlər ki, özünə doğma yaşayıb, o hal mühitə təsir göstərib. Demirəm ki, mühiti tam dəyişib. Mühiti dəyişmək üçün, əlbəttə, fərdin fərdi keyfiyyətlərindən başqa dərin məsələlər var ki, bunlar da zəruridir. Fərdin dərin keyfiyyətləri hansı ideyaya söykənir, hansı meyarla yaşanır, aşkarlanır, bu, ümumi mühitin açarına çevrilir, doğrudan da. Bugün bütün hallarda düşüncə bir şeyə yönəlir. Elm inkişaf edir. Tərəqqi sanki son zirvələrinə çatıb. Amma hərkəsin şüurunda, psixologiyasında bir fikir hakimdir, ya o həqiqətən bunu bilir, ya da altşüur dedikləri şeydə bir fikir peyda olur ki, mən heç bir şeyi dəyişə bilmərəm.Siyasi mənada da bu belədir, dini mənada da. Fatalizm, Qismətlə barışmaq. Guya başqa tələblərlə yaşayanlar, başqa tələblərlə baxanlar dini fatalizmi qəbul eləmir. Amma onunla söhbət edəndədeyirlər ki, sən neyləyə bilərsən ki, nəyi dəyişə bilərsən ki?! Müasir düşüncəli adamdır, təhsilli, savadlıdır. Özünəməxsus təfəkkür imkanları var, amma deyir ki, sən nəyi dəyişə bilrəsən ki?! Bu eləonun ağlında, şüurunda fatalizmin oturuşması deməkdir. Min illərdir insan axtarır, -həyatda ideal yoxdursa, harda ideal var?!İdealı öz ömrünə gətir, öz ömründə yarat. Buna sənin imkanın var. Mərdlik yoxdur, öz ömründə yarat. Niyə axtarırıq orda-burda? Asif Atanın tələbi odur. İçində yarat-çat-yet, imkanlarını aşkarla. İdeal məsələsi insana bağlıdır,ondan kənarda deyil. Dünyanın mənası dünyadan kənarda deyil, onun özündədir. Onun nizamı, ahəngi göylər səltənətində idarə olunmur.Böyük bir nikbinlik var burada. Bunu bəşəriyyətə vermək ciddi ömürlər istəyir”…
Soylu Atalı Amallaşma, Xalqlaşma haqqında da danışdı: “Öz içində aşkarladığın, tapdığın keyfiyyətlər, həqiqətlər Xəlqi məna daşıyır. Xalqdan gələndi, onu xalqa verirsən. Öyrəndiyin qədər öyrətmək. Xalq bizim əbədiliyimizdir. Biz fiziki olaraq ölürük, xalq qalır. Və nəyimiz var, onda yaşayır. Ölməzlik deyilən həqiqət var, ömrün məqsədi ona yetməkdir”…
Ocaq Yükümlüsü son işləri haqqında danışarkən dedi ki:“Bu ay xüsusilə zəngin oldu. Toplumda müəyyən bir nizamın olduğu düşünülür. Sənin yerişin, işlərin papağı günə yandırmaq kimi qəbul olunur. Xalqlaşma işi mənim üçün təsdiq deməkdir. Mən o təsdiqə doğru gedəndə özümü var görürəm.
Borçalıda Vüsal bəylə görüşdüm. O, gənclər təşkilatı ilə görüş təşkil etdi. Ordakı söhbətimdə də vurğuladım ki, mənim üçün Azərbaycan müəyyən olmalıdır. İnam əsasında bütövləşmiş bir xalq görürəm. Borçalı deyəndə nə başa düşürüsünüz? Özünüz üçün nə müəyyən eləmisiniz? Deyir ki, biz burada mədəni muxtariyyat istəyərdik. Onlara dedim ki, burada görüş təşkil edin, mənəvi-ruhani maarifçilik etmək istəyirəm. Mən Borçalını Azərbaycanın bir hissəsi, ümumilikdə Türk Dünyasının bir hissəsi sayıram. İstər mədəniyyəti baxımından, istərsə etnoqrafik, ya tarixi baxımından. İstənilən milli yön fərdlərin içindəki istəklərlə oluşur. Heç kim (kənar qüvvələr) istəmir ki, Borşalı Azərbaycanın tərkib hissəsi olsun Bəs Borçalı özü istəyrimi? İstəmirsə, onda Qarabağdan da əlini üz. Sonra Bakıdan da əlini üz. Gedə-gedə üz. İnsanların içində Vətən obrazı olmalıdır. Balaca Azərbaycan obrazı ilə millət ola bilməzsən.
Bəzən sadə borçalıların söhbətində Azərbaycana qarşı nifrət hiss edilir, söyüş hədəfinə çevrilir Azərbaycan. Sevilən nədir? Sevilən Məşhəd, Kərbəla, Məkkədir. Avropa, Amerika, Almaniyadı. Örnək də odu. Vətənin nədir, kim sahib çıxacaq onun ləyaqətinə. Nə vaxt yaradacaq, nəyi ilə yaradacaq?!Asif Atanın Dünyabaxışı bu suallara cavab verir, biz də usanmadan öz sözümüzü deməliyik. Sevgi öz içimizdən başlayıb. Ordan getməlidir.
“Uluyol-Hünər”Ailəsinə uğurlar diləyirəm, illərdir ki yol gəlir. Daim yeni səviyyə başlamalıdır. Adına layiq uğurlar ortaya gətirməlidir”.
Nurtəkin Atalı Ocaq Yükümlüsünün səfərini kutladı və məqsəd haqqında fikirlərini bölüşdü: “Bəzən elə adamlarla görüşürük ki, nə istədiyini bilmir, amma təşkilatı var. Bizə deyirlər ki, sizin yol uzun yoldur. Amma tez nəticə almaq mümkün deyil. Mən nə istəyirəm və nəyə nail olmaq istəyirəm – baxılmalı məsələ budur”.
Soylu Atalı: “Yol məsələsi belədir ki, biz həyatın bütün istiqamətlərini ruhani fəaliyyətlə məhdudlaşdırmaq fikrində deyilik. Atanın ruhani fəaliyyəti onları məhdudlaşdırmır, stimul verir. Ata “Uluyurd Hərəkatı” kitabında nə deyir – Hərəkat yaranmalıdır. Bu xalq 50 ilə, ya 100 ilə dəyişir. Bu elə məsələlərdir ki, xalqın bütün yönlərdə qırıldığı nöqtələri bərpa edir. Milli strategiya haqqında da biz düşünürük. Milli strategiyanı müəyyən edən ana xətt var. Bu, xristianlığın qoynunda, ya da ərəb baxışı ilə yaranmaz. Avropada hansısa dəyərdən bəhrələnə bilərik. Amma sən millət olaraq özün öz yaradıcılığını ortaya qoymalısan. Milli strategiya odur. Tutuquşu olmaq olmaz. Kölgə olmaqla nə yarada bilərsən?! Biz bütün hərəkətləri məhdudlaşdırmırıq. Biz deyirik ki, Güney Azərbaycanda Uluyurd Hərəkatı başlamalıdır, bunun üçün Milli İdeoloji lazımdır, Konsepsiya lazımdır,İdeya lazımdır, bunun arxasınca gedən sağlam ürəklər lazımdır. Millətə yönəlik, onun gələcəyinə yönəlik mən nə istəyirəm – vahid xətt. Hər kəsin estetik baxışı ola bilər, amma böyük Milli məsələlərdə vahid baxış yaranmalıdır”.
Nurtəkin Atalı Şölə Ayındakı (iyun) tədbirlərlə bağlı danışdı. Qeyd etdi ki: “Şölə ayında Ocağa gəlişimin16 ili tamam oldu, doğrudur, bununla bağlı hesabat hazırlasam da, tam əhatə etmədim.Düşünəndə ki, mən necə ömür yaşamışam, düşünəndə ki, 16 il mən eyni yolla gəlmişəm, bir yola bağlanmışam,içimdən fərəh gəlir ki, bu yola bağlıyam, gedirəm, sona qədər də gedəcəm. Atadan sonra yola bağlılığım Soylu Atalı vasitəsilə artdı, qırılmadı. Və əməllərim, fərəhlərim məni insan olaraq yetkinləşdirdi. Mən deyə bilirəm ki, Ocaq tələbiylə xarakter olaraq özümü yarada bildim. Bu yaxınlarda bir adamla söhbətimdə mənə dedi ki, çox iddialı danışırsan. Mən öz iddiamı bilirəm və bilirəm ki, bu iddianın arxasında varlığımla, ruhumla dururam.
Şölə Ayının 5-i Asif Atanın ölümünün ildönümüdür. Atadan cismani ayrılığımızın 15 ili tamam oldu. O ziyarəti də bütün sanbalı və məzmunu ilə yaşadım. Orda kədər və vüqar vardı.Və hər mərasim ciddi məktəb olur. Hər zaman özümüzü Atanın hüzurunda hiss edirik, amma orda uca bir hal yaşayırıq.
“Xəlqilik”Bayramımız da fərəhli, məzmunlu keçdi. Ocaq dostları ilə bayramdan sonra söhbətlərimiz davam etdi. Hər kəs öz ruhunu paylaşır və sanki ümumi bir süfrəyə qoyulur və hər kəs də ondan bəhrələnir. Bayramlarımızda fərqli bir fərəh halını yaşayır adam.
Atagün Elində“Ailə Günü” tədbirimiz – 30 Şölə Ayında oldu. Biz – Göylü, Üstün və mən Atagün Elinə getdik. Soylu isə oraya Borçalıdan gəlmişdi. Ailə Günü toplantısında özümüzdən başqaGünev qardaşın kəndindən olanlar da də iştirak etdi. Onlardan birinə biz Elxas adını vermişik. Günev orada illərdir ki, haray çəkir. Ardıcıl İnama çağırmaq və davamlı söhbətlər İnamın zəruriliyini adamlara yetirir. Ümumən, Günevin özünün varlığı, orda İnam Evinin tikintisi – bunlar həmişəlik işlərdir”.
Nəsibə xanım:“Mən neçə illərdir ki, Ocaq tədbirlərində iştirak edirəm. Ocaq tədbirlərindən, əməllərindən çox fərəhlənirəm. Son aylarda Ocaq Evladları daha çox hünər göstərirlər. Elə ki, Evladlar, onların əməllərinin sürəti azalır, elə bilirəm mən dayanmışam, elə ki, sürətlənirlər, elə bilirəm bu işləri mən görürəm. 6 ildir ki, Ocağın dostuyam, gözümün qabağında Nurtəkinin fərəhinin artdığını görürəm. Mən onda sıcrayış görürəm. Ocağın bugününü, gələcəyini onda görürəm. Təbrik edirəm. Səni həmişə belə görüm. Ocağın işi bütün millətin işidir. Mən harda olsam söhbət edirəm. O gün söhbətimdə bir nəfər dedi ki, təki sizin kimi qadınlarımız çox olsun. Bu, mənim borcumdir, öz balalarım kimi hər kəslə söhbət edirəm”.
Ayaz Şıxalıoğlu: Mən Asif Ata haqqında düşünəndə bir fikir gəlir ağlıma – Asif Ata bütün bəşərin canında ağrı kimidir. Bütün bəşər yatmışsa da, o ağrı kimi Asif Ata oyaqdır…”
Sadiq Elyer tədbirə gəlişindən məmnunluğunu bildirdi. Ocaq Evladlarını tanıdığını və sayğısını ifadə etdi. Soylu Atalının çıxışını təhlil edərək bildirdi ki, onun fikirlərindəki bir çox məqamlara qatılır. Danışanların hər birini dinlədiyini və düşündüyünü vurğuladı. Eyni halda bölüşmədiyi məqamları da qeyd etdi.
Ocağımızın rəğbətçiləri Şəhriyar və Səbuhi tədbirdə iştirakdan məmnunluq bildirdilər və uğurlar dilədilər.
Tədbir “Ata Ruhunu Ürəyimizdə aparırıq!”, “Atamız var olsun!” səcdəsi ilə sona yetdi.
Od Ayı, 34-il. (Atakənd)
(iyul)
p style=”text-align: justify;”