Xəbərlər

“Uluyol-Hünər” Ailəsinin VIII “Ailə Günü” toplantısında deyilmiş fikirlər

SAM_9863Asif Atanın – İnam Atanın
Mütləqə İnam Ocağı

 “Uluyol-Hünər” Ailəsinin 36-cı il, VIII
“Ailə Günü” toplantısında deyilmiş fikirlər

 Ata-Ocaq Günsırası ilə 27 Xəzan Ayı, 36-cı ildə (oktyabr, 2014) Asif Ata Ocağının “Uluyol-Hünər” Ailəsi VIII “Ailə Günü” toplantısını keçirdi. Mərasim quralları yerinə yetirildikdən sonra Ailənin Yükümlüsü Nurtəkin Atalı Ataya səcdə ilə sözünə başladı: Ay ərzində müxtəlif Ocaq işləri görmüşəm. Əməl baxımından ayım zəngin olub. Öncə düşündüklərimi bölüşmək istəyirəm:

Son vaxtlar fərdi münasibətlər haqqında düşünmüşəm. Bir məqama toxunum: keçən dəfə İnam Evində tədbir otağını hazırlayarkən Göylü stolun üstündən atılası bir kağızı mənə verib dedi ki, bunu at. Mən də dedim ki, özün at da. Sonra isə pis oldum. Düşündüm ki, atsaydım nə olasıydı ki. Bu münasibətimdən bir şeyi anladım ki, ayrı-ayrı fərdlərlə münasibətdə mənim yaşım hər zaman yadımdadır. Göylü məndən yaşca kiçikdir-filan fikri ağlıma təsir edir. Bu fikir sorumluluq (məsuliyyət) yaradırsa, gözəl. Ancaq hardasa özünü üstün görməklik varsa, doğma­lığa ziyandır. Nə zaman ki münasibətdə yaş üstünlüyü, təcrübə üstünlüyü ağılda qorunacaq, doğma­lıq alınmaz.

Bir dəfə Atanın, görüşlərin birində, dediyi bir fikri (kitablaşdırılmış) yazıdan oxumuşdum ki, “müəllim tələbəyə birinci salam versə, dünya dağılmayacaq ki”. Bu da elə o məsələdir, müəl­limin özünü üstün görməsindən irəli gəlir…

İndi isə qeydlərimi oxuyum:

xxx

Özünün yaxşı cəhətlərinə doğma, pis cəhətlərinə düşmən olmaq gərəkdir. Ancaq bu cəhətlərdən dost hansıdır, düşmən hansı –bu sınırı aydınlaşdırıb döyüşmək doğrudur.

xxx

Əməlin yetkinləşməsi – Əməlin qaynağı olan Əqidəyə eşqin artmasıdır. Eşq artdıqca əməl də artır, yetkinləşir. Əməl ruhani tələbata çevrilir.

xxx

Başqasını incitməklə, ziyan verməklə öz içindəki insanlığa qəsd edirsən, insanlığı öldürürsən. İnsanlığa inam azalır, yox olur, dünya balacalaşır, əksilir. İç dünyanın darlığı, balacalığı dışarı­dakı dünyanı da daraldır, balacalaşdırır, qaranlıqlaşdırır. Başqasına əl tutursan, sevindirirsən, qayğısını çəkirsən, içindəki insanlığı böyüdürsən, böyüyürsən. İnsanlığa inam artır, dünya böyüyür, işıqlanır. İçin böyüklüyü dünyanı da böyüdür, işıqlandırır.

xxx

SAM_9863

Adamın eşqi artdıqca, içində arıldıqca, durulduqca təbiətə üzünü tutur, təbiəti ilahiləşdirir. Adam təbiət üzərində ağalıq etmək istədikcə, təbiətdən istifadə elədikcə təbiət adiləşir. Təbiətə doğmalıq – özümlüklə doğmalıqdır. İçindəki təbiəti dərk etməsən, qıraqdakı təbiət sənə yadlaşacaq.

xxx

Ata deyir ki: “Tanrıçılıq – Bu Dünyanı sevdi, ona görə də “O Dünya”ya ehtiyacı olmadı”.

 

Bu dünyanı sevən, bu dünya üçün çalışan – bu dünyada qalır. O dünya üçün çalışan, o dünyanı sevən dünyasızlaşır.

xxx

Dünyanın dərdini bilənlər dünyanın dərdi qədər sorumluluq daşıyırlar.

xxx

Aqibət – yaşamaqla yaşatmaq arasındakı ülvi bağlılıqdan yaranır. Yaşadığına yetirmək– yükün, sorumluluğun, fərəhin, sevgisin halından yaranır.

Adamın “o dünyaya” həm də ona görə ehtiyacı oldu ki, Adam nağıllarla yaşamaq istəyir bu dünyada. Nağılı ömrə gətirmək gərəkdir, dünyanı nağıla çevirmək yox. Ömrü yoxluğa aparan nağıl – xülyadır.

xxx

İqtisadiyyatı dünya standartına uyğunlaşdırırlar.

Mədəniyyəti dünya standartına uyğunlaşdırırlar.

Millətləri “dünya standartına” uyğunlaşdırırlar.

Millət standartlaşdıqca dünya dağılır…

 

Bir neçə kəlmə də Ailə Günündə qoyulan qonularla bağlı. İndiki halımda tənqid haqqında daha rahat danışa bilərəm. Öncələr tənqidi qəbul etməyim daha çətin olurdu, nəinki indi. Əlbəttə, tənqidi qəbul eləmək çətindir. Əməlimdə hansısa səhv cəhət varsa və ya kimsə mənim səhv cəhətimi deyirsə, bunu qəbul eləmək çətindir. Lakin sonralar məndə belə bir fikir yarandı, o şey ki mənə irad kimi deyilir, o, aradan qaldırılmalıdır. Ölçü odur ki, o səhv aradan qaldırılsın. Ona önəm verirəm. Mənə daha çox irad tutub Yükümlümüz, o iradların sayəsində mən bu səviyyəyə gəlib çatmışam. O iradlar olmasaydı, mənim özümü görməyim, özümü qurmağım, özümü yetirməm də olmazdı. İndi də bəzən Ocaq Yükümlüsünün sərt iradlarından inciyirəm, ancaq onda da özümü ona hazırlayıram ki, əməldə səhv var, bu, düzəlməlidir. Mən şəxsi duyğularıma hesablamalı deyiləm. O əməl tam yetkin şəkildə həyata keçməlidir. Ocaq Yükümlüsünü də narahat edən odur. Bəzən diqqətsizliyimdən səhvlər edirəm. Ancaq o ölçüylə iradı da qəbul edirəm. Başqasını tənqid etmək yönündə isə çatışmazlığım olur. İrad bildirəndə böyütmə səviyyəsində – doğmalıqla, sevgiylə demək lazımdır. Mən isə münasibətimdə bəzən bunu unudur, sadəcə demək istədiyim səhv cəhəti deyirdim. Bunda da münasibət zərər çəkir. Ölçü odur ki, həm doğmalığı qoruyaq, həm də doğmamda səhv cəhət görməmək istəyimi doğmalıqla ona çatdırmaq. Belə bir ruhani vəhdətdə demək lazımdr sözü. Bu yöndə tam deyiləm, ancaq özüm üzərimdə işləyirəm. Öz səhvlərimi də aydın görürəm. Tənqid gərəklidir. Bəzən elə şeylər var ki, özüm onu görə bilmirəm. Kimsə bunu görməkdə mənə yardım edirsə, bunu mən nuşcanlıqla qəbul eləməliyəm. Ocaq Yükümlüsü deyir ki, “xəncəri” qırağa qoyun. Söz deyiləndə mənəmlik qabağa düşür, halbuki daha çox ruhaniyyat üstə köklənmək lazımdır. Tənqid ona görə deyilir ki, səhv var. O deyilirsə, sevgidən deyilir, onu məndə görməmək üçün deyilir. Bu mənada özümü araşdırıram. Daha dərindən araşdırmağımın gərəkliyini bilirəm.

Başqa bir mövzumuz – Ocaq Yükümlüsünə münasibət məsələsidir. Bu mövzunu niyə qoydum? Bəzən olur ki, Soylu Atalıya deyirəm, işə gedəndə bizə gəlsin, gedişatı qəbul eləsin. Və başqa işlər də olur. Bunun özü get-gedə adiləşir. Təbii ki, biz doğmayıq, bir-birimizə söz deyə bilərik. Ancaq məhz Ocaq Yükümlüsünü buyurmaq baxımından münasibətləri adiləşdirmək olmaz. Çünki ali münasibəti içində yaratmasan, məhz Ocaqdakı aliliyi qorumaq da mümkün deyil. Ocaq Yükümlüsünün qayğısı, yükü çoxdur. Eyni zamanda Ocağın öndəri kimi ruhani münasibətə layiqdir. Ona qarşı ruhani münasibətə içində yetmək lazımdır. Burda özümdə qüsur görürəm, ən adi şeylərdə qırağaçıxmalar olur. Münasibətin aliliyini qorumaq gərəkdir. İkinci bir tərəfdən, Ata deyir ki, “Ata Sözü Mütləqdir”. Bu, təbiidir ki, Ataya aiddir. Bu gün cismani olaraq Ata yoxdur, Ocağın Ruhani nizamı üçün, bu söz Ocaq Yükümlüsünə də aid olmalıdır. Onun sözünə də mütləq yanaşmaq gərəkdir. Məsələn, gedişatı bəzən internetlə göndərirəm. Ancaq “Gedişat Yazısı”nı, fiziki olaraq, üz-üzə təqdim eləmək gərək, Ocaq Yükümlüsü onu oxuyub qəbul edir. Ocağın ən sıradan işinə belə, bu cür yanaşma var idi. Bu olmadıqca, adiləşmə baş verir. Ocaq Yükümlüsünə münasibəti qorumaq hər birimizin borcudur. Bu əslində Ocaq mühitinin yaranması deməkdir. “Ailə Günü” toplantısı ondan ötrüdür ki, biz bunu müzakirə edək. Bunlara öz içimizdə diqqət yetirməliyik. Hər söhbətdə, hər əməldə diqqət yetirilməyəndə münasibət adiləşə bilir.

SAM_9866

İnamlı Atalı Ataya Səcdə ilə sözünə başladı: Öncə Amallaşmamla bağlı demək istəyirəm. Atanı oxuyuram. Son yarım ildir, sistemli şəkildə oxuyuram. 7-ci Bitiyə çatmışam. Bu Bitiqlərdən özümləşdirmələrim çox olub. Hesab edirəm ki, Ocaqçı birinci Atanı öyrənməlidir, sonra başqa ədəbiyyatı. Ata bizim ölçümüzdür.

Bu ay Atanı oxuya bilmədim. “Uluyurd Aqibəti – Bütöv Azərbaycan” kitabını başlamışdım, bitirə bilmədim. Səbəblərdən biri bu idi ki, Atanın Bitiqləri çap olundu. Ocaq Yükümlüsü tərəfindən məsləhət olundu ki, Bitiyin birinə ön sözü mən yazım. Düzü, ağlıma gəlməzdi ki, mən bəşəriyyətin böyük Bitiyinə ön sözü yaza bilərəm. Buna həm sevindim, həm də məsuliyyət yükü qoyuldu boynuma. Öncə çəkindim ki, bu yükü boynuma götürə bilmərəm. Mənim gücüm hara, Asif Atanın Bitiyinə ön sözü yazmaq hara. Mən “İçdən Yaranma” və “Hüquqdan Haqqa” Bitiqlərini iki günə bitirdim. İkisindən də yazdım, çıxarış elədim daha doğrusu. Sonra bəlli oldu ki, mənim yazdığım yazı ön sözə uyğun deyil. Daha çox kitabdan çıxarış eləmişəm. Təxminən köşə yazısı kimi alınıb. Düzü, pərt oldum ki, belə bir tarixi fürsəti əldən qaçırdım. İstəyərdim ki, Asif Atanın Bitiyində ön sözüm olsun. İçimdə bunun qüruru və fərəhi vardı. Söz yox, həm də şöhrətsevərlik var idi ki, Atanın Bitiyində niyə də adım getməsin. Bu işim alınmayanda məndə halsızlıq yarandı bu ay. Oxudumsa da, fikrim dağınıq oldu. Sanki kökdən düşdüm. Odur ki, Ocağa yarayacaq əməlim olmadı. Ancaq Atanın, dediyim kimi, iki Bitiyini oxudum və özüm üçün götürdüyüm çox şey oldu. Onları burda deməyə hazırlaşmamışam.

Kamilləşmə əməlimlə bağlı deyim ki, halım əsasən maddi qazanc əldə etməklə bağlı olub. Ocaq işlərimizdə maddiyyata ehtiyacımız var. Ancaq ruhaniyyatla məşğul olmayıb maddiyyat dalınca qaçanda adam daha çox maddiyyatçılıq təsirinə düşür. Maddi məsələlərdə Ocaq işinə dəstək ola bilməməyim bu ay məni çox üzüb.

Xalqlaşma işində də fəal olmadım. Bu ay hələ bir qapı döyməmişəm. Nə orta məktəbə, nə kitab evinə nə də başqa yerə getmişəm. Bunun hamısı sanki mənim pərtliyimə səbəb olub ki, nə ruhani borcumu verə bildim, nə də maddi borcumu. Heç olmasa öyrəndiyimi belə, demək gücündə olmadım. İş mühitimin daha çox öz təsiri altına almağı məni daha çox ağrıdır. Ocağın maddi ehtiyacının çox olduğu bir vəziyyətdə gərginləşirəm.

Tənqid məsələsinə gəlincə, nə qədər ki, Atanın tələbinə yetməmişik, Ocaq Yükümlüsü tərəfindən tənqid olunsaq doğrudur. Tənqiddən nəticə çıxarana qədər tənqid olunmalıyıq. O tənqid də Ocaqçının böyüməsinə xidmət edir. Bu, siyasi bir  təşkilat tənqidi deyil. Balacalıq üzərində qurulmur. Ocaqçının kamilləşməsinə xidmət edir bu tənqid. Özünü görə bilməməsini göstərir bu tənqid. Onun Ocaq mühitindən qıraqda qalmasını göstərir. İrad bildirmələr Ocaqçıya hava-su kimi lazımdır. Soyluda baş sığallama yoxdur. Atanın bir sözü var deyir ki, “Vaxtilə ziyalının başını kəsirdilər, çünki baş var idi. İndi başı sığallayırlar, çünki baş yoxdur, saç var”.

Soylu Atalı: Mən tənqid deməzdim, böyüdən tələb deyərdim. Tənqid deyəndə başqa cür səslənir. Elə çıxa bilər ki, bizim mühitimiz tənqidçilik mühitidir. Əslində isə bizdə böyük ehtiyatlılıq var, tənqidə-filana çox ehtiyatla yanaşırıq. Gileyçilik və aşırı tənqidçilik Ocağın ziyanınadır. Ruhani tələbkarlıq ayrı bir səviyyədir. Yəni anlayışa öz adıyla yanaşmağımız doğru olar.

İnamlı Atalı: Ocaq Yükümlüsü bizim qarşımızda lap elə adına tələb deyək, tələb qoyursa, nəyi pisdir? Deməli, bizdə Ocaqçılıq qüdrətini görür. Bizim gələcəyimizdə onu görürsə ki, bizdən Ocaqçı olacaq, lap tənqid olsa belə, bunu anlamaq gərəkdir.

Biz hamımız hər şeyi Soylu Atalıdan gözləyirik. Düzü, həmişə düşünmüşəm ki, niyə Ocaqçılar arasında münasibət Soylu Atalıya gəlib dirənir. Soylu Atalıdan qıraqda Ocaqçılar arasında müansibət Ocağa uyğundurmu? Mən elə düşünürəm ki, tam uyğun deyil. Ayrı-ayrı Ocaqçının bir-birinə qarşı küskünlüyümü deyim, laqeydliyimi deyim, mənəmlikmi deyim, olur. Hamının Soylu Atalıya münasibəti əladır. Baxmayaraq ki, bu da tam Ata tələbinə uyğun deyil, ancaq bugünkü cəmiyyətin halıyla tutuşduranda Ocaq seçilmiş, qutsal insanların ünvanıdır. Ancaq deyək ki, Soylu Atalı sabah yoxdur, Ocağa o yükü çiyninə alacaq fərəhli ürəklər gərəkdir axı. Soylu Atalının yerini doldura biləcək şəxsiyyətlər olmalıdır. Biri mən özüm. Hər kəsimiz düşünməliyik. Münasibətlərimiz indikindən çox yüksək olmalıdır.

Nurtəkin Atalı: Mən bir səbəbini deyim, İnamlı. Bilirik ki, Soylu qardaşımız gün ərzində demək olar ki, hamıyla danışır. Mənimlə danışır, hər hansı iş haqqında. Eləcə də, Göylüylə, səninlə, ya başqa Ocaqçılarla. Son vaxtlarda mənim Güntayla ünsiyyətim artıb. Güntay gəlir, kitab aparır, gələndə də otururuq, söhbət edirik, söhbətdən o da, mən də fərəhli ayrılırıq. Bir yerdə iş görəndə açılır ruhani münasibət. Münasibət yol gedəndə, söhbət edəndə, hər hansı bir işi görəndə açılır. Bir yerdə olanda onun yaxşısını da, çatışmayan cəhətini də görürsən. Get-gedə arılır, durulur, uyğunlaşır, doğmalaşır. Yoxsa tədbirdən-tədbirə, ayda bir dəfə görüşəndə münasi­bət artmır. Söhbət eləmək, imkan tapıb görüşmək gərəkdir. Soylu qardaşımız xaraktercə qaynar adamdır, getsin-gəlsin, iş görsün, əlaqə saxlasın. Ocaq işi görmək lazımdır deyə hamıyla əlaqə saxlayır, hamını da yönləndirir, onda da münasibət sıx olur, doğma olur.

Soylu Atalı: Bir çaları da mən artırım. Əgər hər biriniz aktiv şəkildə Atanı öyrənərsinizsə, Atanı da, Amaldaşınızı da, bir-birinizi də öyrənərsinizsə, sizdə fikir formalaşar. Fikir formala­şarsa, içində elə bir fərəh yaradar ki, o fikri ya evində olasan, ya işdə, ən azı görüşə bilməsən də, zəng edib bölüşərsən. Yaxud da gedirsən, xalqlaşma işi görürsən, yaxud kitab hazırlayırsan, yaxud başqa iş görürsən, içinə bir fərəh seli dolur axı, onu bölüşmək istəyirsən. Bunun üçün içindəki təpəni aş, o təpə mane olur, aş onu. Sənin Soyluya, İnamlının Nurtəkinə münasibətində zəif çalar varsa, deyək ki, hansısa bir fikri bölüşmək üçün Nurtəkinlə söhbət səni çəkmir, ona demirsən, başqasına demək istəyirsən. Elə yox. Bəlkə də o anda fərəhini ən çox səni o qədər də cəlb etməyənə zəng elə bölüş. Onun halındakı soyuqluğu aradan qaldır. Çox çətin məsələdir. Bunu özüm də asan bacarmamışam. Yadındadır, Nurtəkin, dönə-dönə sənə demişəm, bir az halını dirilt. Üzünə baxıram, üşüyürəm. Buz kimi üzün var, söz deyə bilmirəm sənə. Sözüm elə bil gedib soyuq kürəyə dəyir. İsit ürəyimi, bir az yaxınlaşım sənə. Münasibətdə elə çalarlar da olub axı. Özümdə də olub – itələyici anlar da olub. Hər kəs bu halı yaşaya bilər. Bəs kamilləşmə nədir? Kamilləşmə o deyil ki, tədbirdən tədbirə gəlib deyəsən ki, özümdən narazıyam, inanıram ki, yaxşı olacaq… Bu, kamilləşmə deyil. Kamilləşmə həmin addımı atmaqdır. Addım at, ərit o buzu, səni üşüdür. Və s.

Belə məsələləri tədbirdə yaxşı edirsiniz, çözürsünüz.

İnamlı Atalı: Mən ən pis vəziyyətimdə belə, Soylu Atalının zəngindən özümə gəlirəm. Dediyim səbəblərdən dolayı bəzən halım yaxşı olmur, düşünürəm ki, zəng edib Soylu Atalıya nə deyim. Onsuz da uğurum yoxdur. Özümü və onu niyə aldadım. O anda Nurtəkinə də, Göylüyə də, Üstünə də zəng edə bilərəm. Soylu Atalı öz adını haqq edib doğruldub artıq. Bəlkə də Ata sağ olsaydı, Soylu Atalının səviyyəsinə çox səvinərdi. İnsanın istənilən halında Soylu Atalının hər bir sözü böyüdür. Mən hansısa Ocaqçını qınamıram, özüm də eləyəm. Demirəm ki, mən sözümlə kimisə böyüdürəm. Mən özüm bəlkə də daha çox kobudam. Məsələ burasındadır ki, Soylu Atalı həm Ocaq Yükümlüsü kimi bu yükü apara bilir, əlaqə saxlaya bilir, ruhaniliyi qoruyur, həm də insanın qanadı sınanda ona fərəh verib qanadlandıra bilir. Mən demirəm ki, başqasına zəng edəndə elə söz deyəcəklər ki, qanadım qıırılacaq. Soylu Atalının sözü doğrudur ki, elə o anda başqasına zəng eləmək lazımdır ki, münasibət yaransın. Sabah Soylu Atalı olmayanda o yük yerdə qalmasın.

Bu gün Müsavat başqanlığı uğurunda mübarizə gedir. Onlardan birinin müsahibəsində oxudum, deyir ki, bizi mənəvi qələbə deyil, maddi qələbə maraqlandırır. Çünki hakimiyyətə gələcəyik…

Ona görə başçı olmaq istəyənlər çoxdur. Ancaq Ocaq Yükümlüsü yükünün altına girmək istəyən varmı? Təşkilatın başına gələn adamın işi oturub sadəcə əmr vermək, qazanc yığmaq ola bilər. Ocaq Yükümlüsü ayrı işdir. Ruhani baxımdan ən böyük əzabın altına girməkdir. Bu gün də Ocaq Yükümlüsü yükünün altına girib çəkmək istəyən insan mində bir ola bilər. Çünki on illərin çəkə bilmədiyi bir yükü Ocaq Yükümlüsü gözümüzün qabağında götürüb üzərinə. Həm işlədiyi dövlət işini yola verir, həm ailə işini, həm Ocaq işini. Hər zaman iş başında, Ocaqçıların yanında. Məişətdən üstün bir həyat yaşayır Soylu Atalı.

Ocaq Yükümlüsünə münasibəti bu kimi məsələləri görüb də doğrultmaq mümkündür. Bir qoşunun başında olmaq asandır, Ocaq Yükümlüsü olmaq çətindir. Sərkərdə düşməni döydürür,  Ocaq Yükümlüsü özünü döyür. Öz üzərində qələbə çalır, bütün Ocağın da işini görür, bizim də işimizi görür. Çapın da dalınca o gedir. Ən xırda işin dalınca da gedir. Bu gün mənim imkanlarımdan qat-qat yüksək olan bir şeydir. Soylu Atalının qüdrətinə aiddir ki, yayda, yazda, payızda, qışda, istidə, soyuqda Qədimyurda gedir. Hər ay pul xərcləyib gedir, “Ailə Günü”nü keçirir. Yorğunluğa baxmır, yuxusuzluğa baxmır, gecə işləyir, səhər durub gedir. Soylu Atalı özünü oda-suya atır, işin çətinini öz çiyninə götürür… Ocaq Yükümlüsü haqqında görünənlərin yalnız bir qismini dilə gətirdim. Arzu edirəm ki, biz Soylu Atalıdan aldığımız örnəklə daha da qabağa gedə bilək. Ocağı böyük hünərlər yaşadacaq.

SAM_9874

Ulusəs Atalı Ataya Səcdə ilə sözünə başladı: Çoxdandır Ailə Günlərində, Ocaq tədbirlərində söz demirəm. Bu çox acınacaqlı, mənfi bir haldır. Bilirəm ki, söz deməyəndə hər dəfə bir addım geri düşürəm. Söz deməməyimin səbəbi odur ki, Ocaq haqqında az düşünürəm. Düşüncələrim başqa tərəfə yönəlib. Sözümün səviyyəsi də Ocağa layiq olmayanda utanıram. Bugünkü mövzular elə qoyulub ki, mənim hazırlığım olub-olmamasından asılı deyil. Haqlı olaraq Ocaq Yükümlüsünə münasibətdən danışırıq. Müzakirə olunası mövzudur.

Burda iki Soylu Atalı var – biri sıradan Ocaqçı, bir də Ocaq Yükümlüsü. Təbii ki, belə olmamalıdır. Onu kim eləyib, bilmirəm. Soylu Atalı özümü eləyib, ya biz eləmişik? Biz ondan hər şey tələb edirik, hər şey istəyirik. Özü də həmin işləri görür. Ocaq Yükümlüsü kimi onları eləməməliydi. Biz də ondan ummamalıydıq. Bunu ora apar, onu bura gətir… Mən ayırmaq istəmirəm, ancaq Yükümlünün öz yükü var. O, həm öz yükünü götürür, həm də başqalarının yükünü daşıyır. Təbii ki, bizdə də ona münasibət ikili olur. 4 il qabaq Ocaq Yükümlüsü haqqında yazı yazmışdım. Orda Yükümlü haqqında öz fikirlərimi söyləmişdim. 4 ildə mənim fikirlərim daha üstün olmalıydı. Üstündür də, sadəcə olaraq, bu gün onu ifadə eləmək, həm də yazıya köçürmək iqtidarında deyiləm. Məni narahat edən odur ki, Soylu Atalı Ocaq Yükümlüsünə aid olandan daha çox yük götürür. Məni bu narahat edir, ancaq mən heç bir şey edə bilmirəm. Bu mənim ona münasibətimdə mənfi cəhət deyil, əksinə, daha çox üstünlük tərəfi var. Hərtərəfli olması onun yüksəkliyidir, böyüklüyüdür, bütün yüklərin altına girmək cəsarətidir. O şey ki, mən eləməliyəm, onu Soylu Atalı edir. İçdən xəcalət çəkirəm. Soylu Atalıya hamımızın münasibəti yüksəkdir. Bu dediklərimi düzəldə bilsək, daha yaxşı olar.

Tənqid məsələsi ilə bağlı. Baxır kim səni tənqid edir və niyə tənqid edir. İnsan nəyə görə tənqid oluna bilər? Ya bu işi bilə-bilə edir, ya da bilməzlikdən. Mən nəyisə edirəmsə, demək günah görmürəm ki, edirəm. Tənqid olunanda mən ona mənfi reaksiya da verəcəm. Çünki mən onu pis cəhət görmədiyimə görə edirəm. Pis cəhəti bilə-bilə edirəmsə, əlbəttə, yaxşı deyil.

Nurtəkin Atalı: Məsələnin başqa çalarları da var. Deyək ki, səndə kobudluq var, mənə qarşı kobud davranırsansa, mən sənə necəsə irad bildirməliyəm. Hər şeyi bilməzliyin üzərinə atmaq doğru olmaz.

Ulusəs Atalı: Adi davranışımızda ola bilsin halım yaxşı deyildi, hirsimi tökdüm. Onu da tənqid eləməkdənsə, qəbul eləməyi üstün tuturam. Qəbul etmək daha yaxşıdır, nəinki onun üzünə vurasan ki, kobud davrandın.

Nurtəkin Atalı: O hal dəfələrlə təkrar oluna bilər. Sən isə özündə, davranışında kobudluq hiss etməyə bilərsən. Sən özünə haqq verirsən, deyək ki, əsəbi olmusan. Təbii ki, konkret səndən, məndən getmir söhbət. Ümumi münasibət necə olmalıdır, onu çözürük.

Soylu Atalı: Bir var hansısa bir məqama münasibət, Ulusəs onu nəzərdə tutur. Əlbəttə, məqama  reaksiya verməmək də olar. Nurtəkin isə xarakterə münasibətdən danışır. Yəni bir məqamda hirslənərsən, anlayaram və susaram. Amma xarakterdə kobudluq varsa, onunla döyüşmək gərəkdir. Başqası yox, fərd özü.

Ulusəs Atalı­: Xırda şeylərə tənqidi qırağa qoyaq. Bir də var ki, Amal üstündə tənqid. İnsan bilsə ki, düz düşünmür, elə düşünməz, düz düşünər. Fikirləşir ki, düz düşünür, qavrama, düşünmə qabiliyyəti normaldır. Ona desən ki, sən düz düşünmürsən, o düşünər ki, mən nəyinsə xətrinə eləmirəm ki. Burda təmənna yoxdur.

Soylu Atalı: O, tənqid deyil. Tutaq ki, mən nəyəsə mövqe bildirəndə yanılmışam. Mən bilmirəm yanlış  olduğumu, amma sən bilirsən ki, mən yanlışam. Sən durub mənə yön verirsən, düzəliş verirsən, bu, tənqid deyil. Yön veməkdir, yönəltməkdir. Bir də var Ocağa, ideyaya zərər verən mövqe sərgiləmək və bu mövqedə sərbəst olmaq. Yəni şəxs danışır, ancaq məsuliyyət hiss eləmir. Əlbəttə, ona imkan vermək olmaz ki, necə gəldi Amal haqqında danışsın. Yüz ölç, bir biç məsələsi var.

Ulusəs Atalı: Yenə məqamlar var idi ki, sənin kəskin etirazına səbəb olurdu. Yəni bu durumu necə izah etmək olar?

Soylu Atalı: Məqamlar ola bilər. Ocağa zərər verən məqam varsa… Atanın sağlığında mərasimdə elə yanlış söz söylənirdi ki, siz bilirsiniz, ad hallandırmayaq. Ata çox kəskin mövqe bildirirdi ki, filankəs, sən yenə başladın. Çünki bir məqam deyildi. Artıq bu, ümumi işə ziyan verən xarakter məsələsidir. Bilirsən necədir, bir çox hallarda polemika yanlış mövqeni aradan qaldırmır. Bəzən kəskin mövqe sərgiləmək gərək olur. Xəbərdarlıq eləməli olursan ki, sən bu sahəni öyrənməmisən, bilməmisən, amma danışırsan, Ocağın ideyasına, prinsipinə zərər verirsən.

Burda bu gün Ata işini aparanlar oturub. Burada Ata işini aparanlar deyil, Ata işini öyrənənlər və ya istənilən şəxslər otura bilər. Burda Ocaq haqqında danışanların hər biri onlar üçün ölçüdür. Dinləyən bilmir ki, Ocaqla bağlı Ulusəs bunu burda yanlış dedi, Soylu yanlış dedi, deyək ki, İnamlı düz dedi. Bunu Ocağı bilən bilir. Ona görə ciddi mövzularda diqqətli olmaq gərəkdir. Bilmədiyin məsələ haqqında mülahizə yürütmək doğru deyil. Ata deyir öyrəndiyin qədər de, bildiyin qədər danış…

Ulusəs Atalı: Nurtəkin vurğuladı ki, münasibət iş birliyindən yaranır. Düzdür, biz bir Amala qulluq edirik, ancaq bu Amalın yolunda iş də görmək lazımdır, onda yaranır münasibət. Məsələn, mən Göylüylə tədbirdən tədbirə görüşürəm, iki aya yaxındır, bir dəfə də telefonla danışmamışıq. Yaxud o gün İnamlı mənə zəng edir, mən düşünürəm ki, ona nə deyim, mənim sözüm yoxdur axı.

SAM_9879

Soylu Atalı: Bu məqamı yaxşı vurğuladın. Bu, təkcə sənin zərərin deyil, Ocağın zərəridir. Biz buna nə bəraət verməyək, nə də bunu tənqid eləməyək. Ancaq bu halın özünü deyək. Bəraəti də yoxdur, tənqid eləmək də ağırlıq gətirə bilər. Bəlli hadisə səndə elə mürəkkəb dəyişiklik yaradıb ki, bu dəyişikliklər əsnasında sənin mövzun yoxa çıxıb. Əvvəllər ən çox fikir bölüşdüyüm adam sən idin, istər telefonda, istər canlı. İndi birtərəfli, ancaq sənin dərdini bölüşürük, ayrı mövzu yoxdur. Mən Soyluyam, o ağrını, acını anlayan və sinirməyi bacaran adamam. Ancaq gəl görək, istər Ocaqda, istərsə də Ocaqdan qıraqda hər kəsmi bu mövzuda səninlə saatlarla danışmaq istəyər, yaxud hər kəs buna borcludurmu?! Bu da bir cür mürəkkəblik yaradır. Burada biz anlamağa çalışaq, nə tənqiddən, nə də bəraətdən danışmayaq, indi onun yeri deyil. Biz taleni qarğaya bilmərik ki, tale belə gətirdi, Ulusəs hər gün eyni şeylərdən gileylənməlidir, hamı da işini qırağa qoyub onu dinləməlidir. Biz Ocağıq, belə şeylər düşünə bilmərik. Biz iş başındayıq, heç kimi kiminsə şəxsi qayğıları ilə yükləmək olmaz. Bu cəhət özü düşündürücüdür. Bu baxımdan düşündürücüdür ki, bir vaxtlar tanıdığın, bildiyin bir mərhələ vardı, səviyyə vardı, onu yenidən görmək arzusu var, ancaq bilmirəm ki, onu yenidən necə görüm. Belə bir həsrət də var. Bu həsrət sənin özündə daha çoxdur… Belə-belə şeylər də ünsiyyətin formalaşmamasına gətirib çıxarır. Göylünün də götürdüyü yük var. Göylü özünü Ocaq üçün çox yükləyib. Ancaq mən, hətta Ocaq üçün belə, özünü aşırı yükləməyi arzulamıram. Yük aşırı olanda sıxıntılar yaşada bilir. Bu da mənə ağrı gətirir. Mən asan müşahidə eləmirəm. Həm istəyirəm ki, Ocaq üçün o işlər görülsün, həm də sevdiyim adamların yükün altında təntiməsini istəmirəm. Yükün altına girməsini istəyirəm, məhv olmasını istəmirəm. Məhv olmadan eləmək mümkündürmü? Hər kəsin xarakterik bir ağrısı, çətinliyi ümumi münasibətlərdə bir məsafə saxlayır. Bu məsafəni yarmaq, aradan qaldırmaq üçün razıyam ki, həm birgə iş görmək, həm də fərdi iş görmək olar. Birgə iş görmək, deyək ki, mən İnamlı ilə birgə gedib görüş keçirirəm, bu, birgə iş görməkdir. Özüm tək gedirəm, bu fərdi iş görməkdir. Mən tək gedirəm, axşam İnamlıya zəng edib ona hesabat verirəm, fərəhimi bölüşürəm. Bu da doğmalaşmaq üçün səbəbdir. Kitab oxuyursan, düşüncən əmələ gəlir, onu kiminləsə bölüşmək istəyirsən. Bu da ünsiyyət üçün yaxşı səbəbdir. Ötən dəfə Nurtəkinlə bölüşürəm, deyirəm ki, hara baxıramsa, Atanın ideyasını görürəm. Bir misal deyim. İş yerimdə otağımızın qabağında balaca yaşıl bəzək kolunu kəsib 40 sm uzunluqda saxlayıblar. Kökü durur. Hüqonu oxuyurdum. Bayıra çıxıb havamı dəyişəndə gözümə sataşdı. Ağlıma fikir gəldi ki, ağacın qol-budağını kəsib doğrayıblar. Ancaq təzədən qol-budaq əmələ gəlir. Ancaq adamın qol-qıçını kəsərsən, yenidən qol-qıç əmələ gəlmir. Xəstəlikdən də kəsilə bilər, hansısa döyüşdən də. Qolun-qıçın kəsilməsindən yaranan əzab var. O əzab onda yeni ruh əmələ gətirir, yeni ruh yaranır. O, həmin əzabın mahiyyətini dərk eləyir. Eyni zamanda həyatın anlamını dərk eləyir. Çünki yeni ruh yaranıb. Demirəm ki, anlamaq üçün mütləq əzab olmalıdır. Ancaq əzabsız həyat mümkün deyil. Qəribədir, əzab insana nələrisə sanki anlatmaq üçün gəlir. Əzab olmasa, insan anlamır. Əzab mənadan gəlir. İşgəncə əzabını demirəm, qaçılmaz əzablar olur… Bax, yenidən yaranma, yaxud yeni ruh o deməkdir ki, təbiət özündə dirçəliş imkanını itirmir. Bu, Asif Atanın “Dünyanın Mənası Dünyadan böyükdür” ideyasıdır. Qarşısıalınmazdır inkişaf. İnsan üçün bu, böyük nikbinlikdir.

Baxırsan, bu gün dünyanın üzərinə qara bulud kimi qan dalğaları axır. Vahimələnirsən, dəhşətə gəlirsən, bu nə həyatdır. Ancaq bu bircə məqamı ki, görürsən, bircə məqam bütün fəlakətlərin hamısını kölgədə qoyur, sənə izah edir ki, Dünaynın Mənası Dünyadan artıqdır, inkişaf qarşısıalınmazdır, ölmə, qorxma, bədbinləşmə. Asif Atanın fəlsəfəsi odur.

SAM_9877

Yasin Türksoy: Ocaq tədbirlərindən bəhrələnirəm. Deyilən fikirlərdə, polemikalarda daha çox açılımlar olur, indi onları daha çox tuturam. Daha çox doğma gəlir, düşündürür, yeni yol açır. Yeni bir üfüq yaranır, elə bil ki, dolursan. Gəlib yaxşı bir məqama yetirəm. Mənanı görmək, mənanı tutmaq – yaxşı bir hal yaranır. Nurtəkin danışanda burda belə bir sual yarandı. Sözünü kəsməmək üçün yazdım ki, sonda Ocaq Yükümlüsündən soruşam. Nurtəkin deyir, Ata tələbi var  “Ata sözü mütləqdir”. Davam edir ki, Ocaq Yükümlüsünün də sözü mütləqdir. Zaman uzaqlaş­dıqca, gələcəkdə Ocaq Yükümlüləri eqoistlikdən, bilməzlikdən Ocaqçılara yanlış bir iş tapşırarsa, sözü mütləq olmalıdırmı?

Soylu Atalı: Yasin, o, Ocaq Yükümlüsü olmur onda. Ocağın içində kimsə belə bir yükün altına girirsə, o, özünü dəyişir, yaxud dəyişməlidir. Yaxud da o, Ocaq Yükümlüsü olana qədər özünü dəyişir. Qıraqdan da görünür ki, o, nə qədər özünü dəyişib, nə dərəcədə Yükə layiqdir. O, yükün altına layiq olmadan girsə, sən razı olmayacaqsan. Əgər Ocaq Yükümlüsü Yükə layiqdirsə, onun  ləyaqətini yaşayırsa, dərk edirsə, onun sözünü mütləq qəbul eləmək lazımdır. Elə olmasa, onda Ocaq yaşamayacaq. Sən inanırsan, qəbul edirsən ki, o, Ocağın Yükümlüsüdür, ruhaniyyatla bağlı nala-mıxa vurmur. Heç kimin qıraq mövqeləri burda diktə edilmir. Bu, sözün həqiqi mənasında insani mahiyyət üstə yaşayan birisidir və o xətti yürüdür. Ocaqçılar  Yükün altına hamılıqla girmir ki. Ancaq hər kəs Yükü götürəni görür, tanıyır. Böyük məsələləri burda oturanların hər biri bilməyə bilər. Eyni dərəcədə bilməməyi bir ayrı, onu ifadə eləmək, yaxud ondan hətta daha sadə səviyyələri ifadə eləməyi bilməyə bilər. Ancaq hər kəsin ağlı var, görür ki, bu adam necə davranır. Çünki hər kəsin içində o məna var. Güzgü var, ölçü var. Onu biz o adamlar haqqında deyə bilərik ki, görməyə gözü yoxdur, o bu mühitin adamı deyil, təsadüfi adamdır, küçədən keçəndir. Burda oturmağı bacaran adam o deməkdir ki, yaxşını görə bilir, doğrunu görə bilir, ifadə eləyə bilməsə də. Ümumi prinsipi bilirsən axı sən. Bu, düzmü yaşayır, səhvmi yaşayır. Düzmü yönəldir, səhvmi yönəldir. Bu sənin ağlına çatır. Əlbəttə, sən inanırsan, sevirsən, gedirsən, getdikcə münasibət ülvi bir mərhələyə gəlib çıxır. Ocağın Yükümlüsü eqoist olsa, ağa olsa, ağzına gələni danışsa, “mən hər şeyəm, sən heç nəsən” prinsipi ilə davransa, bəri başdan sənin doğma münasibətin olmayacaq, nəinki sən onun mühitinə gələsən, nəinki sən onun sözünü mütləq sayasan. O vaxt Ocaq Yükümlüsünün sözünü mütləq qəbul eləmək olar ki, Ocaq Yükümlüsü Ataya layiqdir. Ataya layiq olmasını bilmək üçünsə Atanı öyrənmək lazımdır. Həqiqəti əzbərləmək yox, həqiqəti öyrənmək.

İnamlı Atalı: Ocaq Yükümlüsünə sualım var. Təbii ki, Ocağa gələn sıradan bir adam olmur. Heç kim küyə düşüb Ocağa gəlmir. Zamana, şəraitə, mühitə, bugünkü gedişata, xurafata etiraz eləyənlər gəlir. Seçilib gəlir. Ona görə də say artımı azdır. O baxımdan bura sual yazdım: Zamana, şəraitə, mühitə, cəmiyyətə, xurafata etiraz edib də Ocaqçılıq aqibətini yaşayanlar arasında münasibət bəlkə biz istədiyimiz dərəcədə yaxın yox, bir az məsafəli olmalıdır. Bəlkə hər bir Ocaqçının öz baxışı olduğundan münasibəti sərbəst olsa doğrudur?

SAM_9884

Soylu Atalı: Hər kəsin öz baxışı olmur. Hər kəsin öz yanaşması ola bilər, baxışı ola bilməz. Baxış birdir, Atanın dediyidir. Yanaşma doğru olaraq da fərqli ola bilər, yanlış olaraq da. Yanaşma doğru ola bilər, ancaq yenə də fərqli ola bilər, özünəməxsusluq baxımından. Ancaq yanlış olsa, nəinki fərq, hətta təzad təşkil edəcək. Bizim münasibətlərimizdə, baxışlarımızda təzad yoxdur xoşbəxtlikdən. Fərqlər var yanaşmalarda…

Mən sizin Ailə Gününüzdə bu məsələnin belə qoyulmasını istəmirdim. Tənqid haqqında mövzu qoymusunuz. Tənqid çox həssas məsələdir. Hər kəs hər kəsi necə gəldi tənqid eləməli deyil. Çox ölçüb-biçməlisən. Elə ölçüb biçməlisən, fikirləşməlisən ki, sənin münasibətin, deyək ki, Yasinlə, İnamlı ilə, Nurtəkinlə o qədər həssasdır ki, hər hansı duruma tənqidi yanaşmağın bu həssas durumu daha da mürəkkəbləşdirə bilər. Ona görə tənqid çox ehtiyatlı məsələdir. Maksimum dərəcədə tənqidə az getmək gərəkdir. İrad tutmaq da tənqid demək olmamalıdır. Ya da bir-birinə iradvari bir şey deyəndə hədsiz dərəcədə ehtiyatlı olmaq lazımdır. Yüz ölçüb bir biçmək lazımdır. Onu sevgiylə elə demək lazımdır ki, qarşındakının qəlbini qanatmayasan. Və o həssas durumu mürəkkəbləşdirməyəsən.

Bir vaxtlar Ocaqda olanlar deyirdilər ki, “adımızı Ocaqçı qoymuşuq, tənqidi qəbul edə bilmirik. Bəs onda niyə biz Ocaqçıyıq”. Sonralar mən buna belə cavab verdim. Dedim ki, əgər ortada irad varsa, o iradı doğuran səbəb var. O iradı doğuran səbəb – yetkin olmayan səviyyələrdir. Yetkin olmayan səviyyə var ki, irad ortaya çıxır. Kamil, yetkin səviyyə olacaqdısa, heç irad da ortaya çıxmayacaqdı. Yəni kamil səviyyə ortaya irad faktını çıxartmır. Ocaqçı sayılsan da, hələ Ocaq səviyyəsinə yüksəlməmisən axı. Necə gəldi tənqid elə və yaxud iradı necə gəldi asan qəbul elə. Elə deyil. Yetkin olmayan adamın gücü də azdır. Tənqidi də qəbul edə, həzm edə bilmir. Ona görə sillə kimi üzə çırpmaq ki, mən sənə irad bildirəcəm, sən də qəbul elə. Yox, onda doğmalıq yaranmaz.

Sonra, özünü başqasının yerinə qoymaq lazımdır. Əgər özünü başqasının yerinə qoya bilsən, onda çox həssas və incə olacaqsan. Mənəviyyata ziyan verməyəcəksən.

Sonra,“özüylədöyüş” ideyamız var bizim. Davranışların hamısını özündən başlayaraq özünü döymək lazımdır. Hər kəs özünə eyni dərəcədə irad bildirsə, görəcəksən ki, qarşıdakını suçlamağa ehtiyac qalmır. Hər kəs özünü döyür və o döyüşü də elə gözəl ifadə edir ki. Məsələn, mən görürəm ki, İnamlı özünü döyür. Elə döyür ki, mən onu döysəm, ondan həm zərərli olacaq, həm də çox zəif səslənəcək. Çünki o qədər özünü gözəl təhlil edir ki, özünü görür ki. Özünü görə bilmirsə, ümumi sözlərlə yetərlənirsə, özüylədöyüş adına ümumi fikirlər səsləndirib özünü aldadırsa, o başqa. Ancaq özünü aldatmadan sağlam yöndə özünü araşdıra bilirsə, qıraqdan ona irad bildirmək, tənqid eləmək doğru deyil. Bu, kobud səhv olar. Bu, Asif Ata fəlsəfəsinin və “özüylədöyüş” ideyasının tələbinə uyğun deyil.

Davranış və münasibət. Hər kəs özündə axtarmalıdır ki, mənim davranışım, jestim, səsimin tonu, danışıq üslubum nə dərəcədə ruhanidir. Ruhanidirmi, yoxsa ictimaidirmi? Cəmiyyətçi­dirmi? Onu fərd özü özündə aşkarlayıb tanıya bilsə, qiymətləndirə bilsə, sürətlə ruhaniləşə bilər. Ən çətin şey əsəblərə hakim olmaqdır. Ağlına çatır, bilirsən ki, filan şey yaxşıdır, filan şey pisdir. Filan cür davranmaq yaxşıdır, filan cür davranmaq pisdir. Bu ağlına çatır, bilirsən. Ancaq əməldə məqam gələndə əsəblərinə hakim ola bilmirsən. Özünü idarə edə bilmirsən. Əsəblərinə hakim olmağı bacarmaq, təmkin məsələsi çox önəmlidir. O anda zəiflik içinə gəlib qıcıqlandırır­sa, əsəblərini boğ. Hay-küylə məni boğma, içindəkini boğ. Səni səndən ayıranı boğ, məni boğma. Onda görəcəksən ki, tamam yeni mərhələyə qalxırsan, yeni səviyyəyə qalxırsan. Təkcə Amaldaşların deyil, qıraqdakıların da gözündə ucalırsan. Hər kəsin sənə münasibəti dəyişir. Fərd ömrünü necə qurursa, özünü necə ifadə edirsə, münasibət də elə formalaşır. Nadan olaram, kobud olaram, ağına-bozuna baxmaram, davranışımın, sözümün yerini bilmərəm, hər kəsin mənə münasibəti pis olacaq…

Amaldaşın sənin üçün zəif xarakterlidir, güclü xarakterlidir, yaxud sənə münasibəti yaxşıdır, zəifdir, bundan asılı olmayaraq, sən Amaldaşına sayğılı davranmalısan. Amaldaşın şəxsiyyətinə sayğılı yanaşa bilmirsən, özünə sayğılı yanaşmalısan. Özünə sayğı duymalısan ki, necə gəldi davranmayasan, kobud olmayasan. Ola bilər ki, Ocağa bir nəfər gələr, səninlə onun münasibətində əyilmə olar. Hansısa səbəbdən, indi onu izah eləməyə ehtiyac yoxdur. O sənə əsas vermir ki, sən ona qarşı kobud davranasan, artıq-əskik deyəsən, içində elə duyğu bəsləyəsən ki, üzündə də ifadəsini tapa, özünü göstərə, içini daim gərgin saxlaya. O halı içinə yaxın qoyma, özünə sayğı duy. İçini gərgin saxlama. İçində ilan var, mənəviyyatını çalır. Sən də ətrafa zəhər qusursan. İçində tülkü var, mənəviyyatını aldadır, sən də ətrafa qarşı hiyləgərlik, kələkbazlıq edirsən. İçində canavar var mənəviyyatını parçalayır. Sən də ətrafa kobud, qaba münasibətlər sərgiləyirsən. Bu nədir? Bu azadlığı itirməkdir, ölçünü itirməkdir. Xoşbəxtliyi itirməkdir. Mən “bədbəxt və xəstə” misalında izah edirdim onu. Bədbəxtə kim qulluq edir, xəstəyə kim qulluq edir… Xoşbəxtlik odur ki, içindəki ilandan, tülküdən, canavardan çıxandan sonra için arılır, durulur, azad olur. Sənin xoşbəxtliyin içinin azadlığıdır. İçində xoşbəxt olanda heç kəsə münasibətində kobudluq olmaycaq. Kiməsə sevgin yüksək, kiməsə sevgin zəif ola bilər. Ancaq sən birinə yüksək sevgini nümayiş etdirib o birinin gözünə soxmursan, o birini əzmirsən. Onu aşağılamaqdan, alçaltmaqdan ötrü buna yaxşı münasibət sərgiləyim, bu da paxıllansın, ölsün elə, qısqansın. Bu,Ocaq məntiqi deyil, ruhani məntiq deyil. Məhz sən fərqi hiss elətdirmədiyin üçün, hətta sənin yaxşı münasibətdə olmadığın adamın da sayğısını, sevgisini qazanırsan. Belə dəyişir müansibət.

Yasin Türksoy: Siz burda yaxşı məqama toxundunuz. Əsasən kamillik örnəklərindən misal çəkəndə, deyir ki, sən yaxşılıq elə, qoy özlüyündə sarsılsın. İçində olan zəif keyfiyyətləriylə pis olsun.

Soylu Atalı: İçində naqis duyğuyla həmrəysən. İçindəki naqisliklə həmrəy olursan mənə qarşı. İçindəki naqisliklə həmrəy olma, mənimlə həmrəy ol. Onda içindəki naqislik çıxıb gedəcək işinin dalınca, mən qalacam. Sən ruhani mənada başqalaşacaqsan. Bizim aramızda gözəl, doğma, ülvi münaibət yaranacaq. Bəşəriyyətin ehtiyacı olan da bu münasibətdir. Ata ona görə deyir içindəki ilanı öldür, tülkünü öldür, canavarı öldür. Adamlar buna bədii ifadə kimi baxır. Elə deyil. Bu həqiqətdir. Onda sənin ülvi münasibətin yaranacaq. Bəşəriyyətin yönü, halı dəyişəcək. Ata onu izah edir. Yoxsa gəlişiyaxşı söz məsələsi deyil. Bu baxımdan öz üzərində işləməyi artırmaq lazımdır. Həm öz üzərində işləməyi artırmaq lazımdır, həm də onu ifadə eləməyi artırmaq lazımdır. Ailə Günlərində demək lazımdır, qorxmaq lazım deyil.

Keçən dəfə özüylədöyüş gündəliyimi iş yerimdə yazırdım. İş yoldaşım da məni izləyir, sayğıyla baxırdı. Mən də onun həvəsini gördüm, dedim ki, istəyirsən yazdığımı sənə oxuyum. O da oxu dedi. Oxuyuram özümlə bağlı döyüşümü, görürəm ki, diqqətlə qulaq asır. Sonra deyir ki, mənim sizə hörmətim böyüdü. Adam necə özünü döyər, özü də yazar? Bu yazı qalır axı. Deyirəm ki, istəmirəm içimdə məni səksəkəli edən nəsə qalsın. Sən, ya başqası, ya sabahkı nə düşünəcək, ondan qorxum yoxdur. Çünki mən özümdə həqiqi bir səviyyə görmək istəyirəm. Özümlə tamamilə səmimi olmaq istəyirəm. Özümlə doğma və doğru olmaq istəyirəm. Ona görə də içimdəkini tanımaqdan və tanıtmaqdan qorxmuram. İçimdəkinə deyirəm ki, qıraqdakı da səni görür. Onların da nifrəti səni yandıracaq. Bunların baxışı birləşib sənə deyəcək ki, rədd ol get içimdən. Belə bir gözəl haraydı. Özünü qurmağın, özünü doğrultmağın gözəl harayıdır. Düşünmək, yazmaq və ifadə eləmək. Onda görəcəksən ki, 5 nəfərin içində nə qədər gözəl struktur bağlılığı yaranıb. Onu heç nə qopara bilməz. Heç bir güc. Əsas onun yaranması üçün bunlar zəmindir. Ocağın gücü 10 dəfə artacaq. Sevgidən böyük güc yoxdur. İnamdan böyük güc yoxdur. İnsana nə qədər böyük impuls verir. Ən çətin anların olar, yıxılıb dizin-dizin sürünərsən, ancaq Amaldaşlarına olan sevgin, inamın içində elə bir güc yaradacaq ki, heç yanında olmasa da, içində elə bir ilahi gücə çevrilir ki, bütün çətinlikləri yenirsən. Mən bunu fəlsəfi ibarə kimi demirəm, yaşadığım hal kimi deyirəm. Yaşamışam mən bunları. Bu qədər əməldən əmələ, hünərdən hünərə qoşuram, bu, təkcə mənim özümə inamım deyil, həm də Ocaq mühitindəki gözəl əməllərə, gözəlliklərə, gözəl üzlərə, gözəl əhvallara görədir. Nə qədər siz ayrı-ayrılıqda özünüzü bəyənməsəniz də, mən sizdə daha böyük keyfiyyətlər, gözəlliklər görürəm. Ona vuruluram. Mən heç bir vaxt qəlbimə qıymıram ki, sizlərdə naqis cəhət axtarım, əsəbləşim, içimi tar-mar edim. Mən elə şeyə getmirəm. Əksinə, gözəl şey axtarıram ki, içimin gücü artsın.

Ulusəs Atalı: Dünən “Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısında Soylu Atalı danışır, mən təsadüfən Göylüyə baxdım. Elə gözəl üzünün ifadəsi var idi ki. Soylunun sözlərindən təsirlənmiş üzü var idi. Mən Göylüdən gözümü ayıra bilmirdim. Soylu danışdıqca onun sözləri elə bil Göylünün üzündə cilalanırdı, yerini tapırdı. Təsəvvür edin, mən danışam, Göylünün, ya başqasının üzündə elə ifadə olsun, mən uçaram. Soylu deyir ki, mən sizdən qüvvət alıram, sizdən fərəhlənirəm. Doğrudan da o cür ifadədən insan fərəhlənər.

Soylu Atalı: Sizin halınızdan, harayınızdan kitab yazılmalıdır. Yaşadığınız ömür var. Nə qədər ayrı-ayrı ötəri qüsurlar olsa da, siz cəmiyyətdən yüksək yaşayırsınız. İçiniz cəmiyyətdən yüksəkdir. Sizin ömür yolunuz var, sizin fədakarlığınız var. Sizin özünüzü həsr eləməyiniz var axı. Cilalayın, qədrinizi bilin, ömrünüz yarandığı kimi, ömrünüzün kitabı da yazılsın, yaransın. Ömrünüzdəki gözəlliklər, fədakarlıqlarınız, düşüncələrinizin qaymağı kitab səhifələrinə yazılıb sabahkıların əlinə getsin…

SAM_9887

Sonra Nurtəkin Atalı “Ailə Günü” mərasiminə ruhani hədiyyələr təqdim etdi: 35-ci ilin “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin “Ailə Günü” toplantılarını əks etdirən kitablar və son tədbirlərin görüntü diskləri Ocaqçılara bağışlandı.

 “Müqəddəs Oxuma” hissəsində “Təməl” Bitiyini oxuyarkən Asif Atanın “Mənəviyyat imkandan artıq olur” fikrini Ocaq Yükümlüsü şərh etdi: …Burda mənəviyyat bəlli fərdin mənəviyyatı kimi götürülmür, ümumi anlamda götürülür. Ümumi mənəviyyat mənim mənəvilik imkanımdan yüksəkdir həmişə. O ölçüdür. Məndə mənəvilik imkanı məhdud da ola bilər. İmkan sonsuzluq deyil ki. İmkan hədd deməkdir. İmkan – bu qədərdir deməkdir. İmkanım filana çatır. Mənəviyyat isə imkan qəlibinə sığmır. Ondan çox böyükdür.

Ailə Günü “Ata Ruhunu ürəyimizdə aparırıq!”, “AtamızVar olsun!” səcdəsilə sona yetdi.

 

Yağış Ayı, 36-cı il. Atakənd.

(noyabr, 2014. Bakı.)

AAO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir